TƏRCÜMƏÇİNİN IV CİLDƏ YAZDIĞI
ÖN SÖZÜ
Bismillah! Aləmlərin Rəbbi Allaha həmd
olsun! Onun sonuncu Elçisi Muhəmməd Peyğəmbərə, onun ailəsinə, səhabələrinə və
sadiq davamçılarına Allahın salavatı və salamı olsun!
Sonra, bu qısa ön sözümdə möhtərəm
oxucularımızın gözlədiyi əs-Səədi Təfsirinin 4-cü cildinin tərcüməsinin,
Allahın köməyi ilə, sona çatması haqqında xəbərlə onları sevindirmək istəyərək,
bu növbəti cilddə görülə biləcək bir sıra yeniliklər, təşəbbüs və özəlliklər
haqqında, kitabın şərhini oxumağa başlamazdan öncə, məlumatlandırmaq
niyyətindəyəm. Hər bir əsəri mütaliə etməzdən əvvəl oxucunun onun məzmunu
barədə yığcam bir təsəvvürə malik olmasının xeyli əhəmiyyəti və faydası
vardır. Xüsusilə bu əsərin adi bir bədii oxu vasitəsi deyil, bütün kainata və bəşəriyyətə
aid fundamental məsələləri özündə əks etdirən Quran kimi fövqəladə əhəmiyyətə
malik və misilsiz bir möcüzələr mənbəyinin Təfsirinin olması, ona dair ərsəyə
gətirilən hər hansı yazının ancaq faydalı olmasını tələb edir. Bu baxımdan
mən çalışmişam ki, tərcüməmlə bərabər bir sıra yol verilən təşəbbüslər, apardığım,
cüzi sayıla biləcək, araşdırmalar barədə, az da olsa, oxucuya məlumat verim
və əsərin oxucularının tərcüməçi ilə saxladıqları qarşılıqlı əlaqələrdən irəli
gələn məsələləri nəzərə çatdırım.
Həmd olsun Allaha!
Hər şeydən öncə bir tövsiyəm var.
Hörmətli oxucu qardaş və bacılar, əlinizə
aldığınız dəyərli əsərləri, xüsusi ilə də bu Quran şərhinin tərcüməsini
oxuyarkən mütləq onun mətnində ayrı-ayrı sözlərə əlavə edilmiş iqtibas
indekslərinə (izahedici saylara) xüsusi diqqət yetirin. Bu rəqəmlər sözün, söz
birləşməsinin və ya bütövlükdə cümlənin digər mənbələrdən əxz edilmiş daha
geniş açıqlanmasına, hadisənin tarixinə, əhəmiyyətinə və bir sıra digər məziyyətlərinə
(səhifəsonu xəttin altında) işarə etmək üçün nəzərdə tutulmuşdur. Əksər
hallarda bu səhifəsonu izah və iqtibaslarda olduqca mühüm əlavə məlumatlar
verilir ki, bunu oxucular, bəzən, nəzərdən qaçırır və oxumadan, ötürürlər.
Xüsusilə, siz bu rəqəm-indekslərə tərcüməmizin bu və bundan sonrakı cildlərində
daha tez-tez rast gələcəksiniz.
Sonra, ilk növbədə, bir qədər dördüncü
cildin özəlliklərindən bəhs etmək istəyirəm.
İslam elmi aləmində Quranın tanınmış dərin
bilicisi, müfəssiri, şəriət alimi mərhum
Əbdürrəhman bin Nasir əs-Səədinin Fövqəluca Allahın Kitabına həsr etdiyi bu
Təfsirin əhəmiyyəti və faydaları haqqında əvvəlki cildlərin ön sözlərində və
giriş hissələrində məşhur İslam elm xadimlərinin rəylərinin verildiyini nəzərə
alaraq, bu hissədə ancaq, qeyd etdiyimiz kimi, konkret məsələlərdən söz açacağam.
Bunlardan ən birincisi, bu cilddə türkiyəli alimlərin “Quran heç tükənməyən möcüzə”
adlı kitabından əxz etdiyimiz elmi-tədqiqat fəaliyyəti nəticələrindən
istifadə edərək, bəzi hallarda səhifəsonu xəttinin altında bir sıra zəruri
izahlar verməyimizdir. Oxucular tərcüməçinin bu sahədə məqsədini düzgün başa
düşsünlər deyə, bildirməliyəm ki, Quranın ciddi elmi tədqiqatını aparan və onda
Allahın möcüzələrinin varlığını aşkar və təsdiq edən müsəlman alimlərinin
nailiyyətləri Allahın Kitabını daha yaxşı anlamaqda oxucuya əlavə kömək
olacaqdır. Bu cilddə səhifəaltında qeyd olunan izahlar Quran ayələrində və müəllifin
şərhində verilmiş müddəalara ya aydınlıq gətirir, ya da mövzu ilə bağlı yeni
Quran möcüzələrini nümayiş etdirir və bu, düşünürəm ki, oxucuda Allahın Son
Kitabına olan məhəbbəti və imanı bir daha artıracaq, dəvət üçün isə əlavə dəlil
vasitəsinə çevriləcəkdir.
Əlbəttə, mən bu qısa ön sözümdə “Quran
heç tükənməyən möcüzə” adlı əsərdən götürülmüş bütün nümunələrin xülasəsini
vermək fikrində olmasam da, Quranda 19 sayının möcüzəsi haqqında kiçik
bir təfsilatı verməyə məcburam. Tədqiqatçılar (əsər Türkiyə Respublikasındakı
“Quran Elmi-Araşdırmalar Mərkəzinə” məxsusdur, nəşr olunma tarixi 2005-ci
ildir) qeyd edirlər ki, “Qurandakı 19 sayının yaratdığı möcüzə bir çox
yönləri ilə başa düşülməsi asan, lakin təkrarlanması mümkün olmayan bir
sistemdir... “Riyaziyyat Allahın Kainatı yaratdığı bir dildir”. Bu,
Qalileyin məşhur ifadəsidir. Qurandakı riyazi möcüzələrlə, Fövqəluca Allahın
Kainatı xəlq etməklə bağlı istifadə etdiyi dildən, insanlara bir Təlimat kimi
nazil etdiyi Quranda da istifadə etdiyinin şahidi oluruq. Bu möcüzənin bizə öyrətdiyi...
Kainatın Yaradıcısı, yaradılmağımızın səbəbi, öldükdən sonra yaşayacağımız
haqqında bir elmdir. Sadaladığımız bu mövzular Quran ayələrində öz əksini
tapıb açıqlanmışdır”. (Həmin mənbə, səh. 356). Sonra alimlər bildirirlər
ki, tədqiqatlarının məqsədi Quranın dəyişdirilməzliyini və təkrarlanmasının
(yəni onun bənzərinin yaradılmasının) mümkün olmadığını və bunun insan təfəkkürünün
fövqündə olduğunu sübut etməkdir. Quran möcüzələri insana həyatın təməl məsələlərində
nəticələr çıxartmağa dəlillər verir.
Fövqəluca Allah bir çox hallarda nazil
etdiyi ayələrini dəlillərlə dəstəkləmişdir. Lakin bu vəhyləri inkar edən
baxışların sahibləri dəlillərə də inkarçı məntiqi ilə yanaşmışlar. Quranda
deyilir:
“... Elçiləri onlara açıq-aydın dəlillər
gətirdilər. Onlar isə daha öncə yalan hesab etdiklərinə görə iman gətirmədirlər.
Allah kafirlərin qəlblərini beləcə möhürləyir” (Əraf, 7/101);
“Cahillər dedilər: "Bəs nə üçün
Allah bizi danışdırmır, yaxud bizə bir ayə gəlmir?" Onların əcdadları da
elə onlar kimi danışırdılar. Onların qəlbləri bir-birinə oxşayır. Biz, dəlillərimizi
yəqinliklə inanan bir xalqa bəyan etmişik” (Bəqərə, 2/118).
Allah Öz dəlillərini insanlara layiqincə
göstərir. Allahın dəlillərinin kafirlərin
arzuladıqları: “Allah görünsün”, “Mələklər göydən yerə ensinlər” kimi
olacağını onların gözləməsi əbəsdir. Allah, dəlillərini anlamaq niyyəti
olanlar üçün onları aydın şəkildə nazil etmişdir. Bu gün elm dünyada mühüm bir
yer tutmaqdadır. Elmlərin əsasını isə riyaziyyat təmsil edir. Elmi sahələrin ən
etibarlı istinadgahları riyazi hesablamalarla müəyyən edilir. Ən qatı şəkkaklar
belə riyazi hesablamaların nəticələri qarşısında təslim olur və gerçəyi təsdiq
etməyə məcbur qalırlar. Fövqəluca Allah bəşəriyyətə göndərdiyi Quranı da,
Kainatın planını çəkdiyi riyazi dillə yazdığını artıq insanlara
aşkar etmişdir. Beləliklə də, O (Pak və Müqəddəs Olan), Qurandakı riyazi möcüzələrlə
bu Müqəddəs Kitabın doğruluğunu, etibarlılığını isbat edir. Bu riyazi möcüzələrin
ən mühüm rəmzi və meyarı 19 sayıdır. Bu rəqəm Quranın dəyişməzliyini isbat
etmək, onun Allahın möcüzələr toplusu olduğunu göstərmək üçün bir dəlildir və
meyardır. Allah Quranda 19 ədədinin möminlərin imanını qüvvətləndirəcəyini
qeyd etmişdir (Müdəssir, 77/31).
Sonra tədqiqatçılar
qeyd edirlər ki, “Quranda 19 sayı möcüzəsinin olmasından bəhs edərkən,
kəlmələrin, ayələrin və surələrin 19-la və 19-a bölünən ədədlər sırası ilə
bağlı olduğunu bildirdikdə, ən çox eşitdiyimiz suallardan biri – niyə məhz 19
ədədini əsas götürmüşsünüz deyə, sual vermələridir. Bunun cavabını bu surədən
əxz etmək olar. Quranda sıra nömrəsi 74 olan Müdəssir surəsinin 30-cu ayəsi
belədir: “Bunda on doqquz vardır[1]”.
Həmin surənin 31-ci ayəsi isə 19-un funksiyalarını göstərir. Beləcə, 19 ədədi,
Quranda əks olunmuş funksiyalarına diqqətin cəlb edildiyi yeganə rəqəmdir
(saydır). Allah Quranda bu sayı seçmiş və onu Quranda heç bir ədədin vurğulanmadığı
qədər nəzərə çarpdırmışdır. 19 və ona qalıqsız bölünən saylar Quranın,
mühafizəsi ilə əlaqədar, şifrələnmiş sisteminin əsasıdır. Quranda xüsusi önəm
verilən bu ədədə bölünənlərin sayı Allahın bu Kitabında bir çox kodlaşdırılmaların
olduğuna dəlalət edir. Bir neçə nümunə göstərməklə fikrimizi yekunlaşdıraq.
“Allah Birdir = 19”.
Quranın ən əsas məqsədi bəşəriyyətə Allahın Vahid olduğunu bəyan etməkdir.
Allahın tək Allah olması Quranda “Vahid” kəlməsi ilə verilmişdir. Vahid
sözünün riyazi dəyəri isə 19-dur. Riyazi dəyər dedikdə, əbcəd sayı nəzərdə
tutulur[2].
Bundan başqa, “Vahid” kəlməsi Quranda Allahın adı kimi tam 19 dəfə
istifadə edilmişdir.
Kafirlərin Quran üçün (Müdəssir surəsinin
25-ci ayəsində): “Bu ancaq bir insan sözüdür” demələrindən sonra 31-ci
ayədə 19-un kafirlər üçün bir fitnə olduğu göstərilir. Göründüyü kimi, 19 ədədi
Quranın insan sözü olması iddiasına qarşı yönəldilmiş misilsiz bir cavabdır.
Bir ədəd və bir cavab... Lakin eyni zamanda bu ədəd şübhələri yoxa çıxararaq,
qətiyyətlə elmə inanılmasını təmin edir. 19 möcüzəsi kəşf edilməmişdən öncə
bu inanılması mümkün olmayan bir şey idi. Bu möcüzənin aşkar edilməsi üçün
1400 ildən çox bir dövrün keçməsi lazım gəlmişdi və vaxtı çatdıqda Müdəssir
(“Gizlənən”) surəsinin içində gizlənən möcüzə aşkar edildi. Bundan sonra,
Quranın insan sözü olduğunu söyləyənlərə bu möcüzənin cavab verməsi, möminlərin
və Kitab verilənlərin qəti biliyə inanmalı olması və şübhələrin aradan
qalxması və niyə 19-un vəzifələrindən Müdəssir surəsinin 35-ci ayəsində: “Bu
doğrudan da böyüklərdən biridir”[3], deyə bəhs edilməsi
anlaşılmaqdadır.
Ön sözümdə 19 ədədi haqqında, ilk nəzərdə,
belə geniş məlumat verməyimin səbəbi dördüncü cildin ayə və şərhləri ilə əlaqədar
“Quran heç tükənməyən möcüzə” kitabından Quranın daha da şərəfləndirilməsi və
ucaldılması, ona məhəbbətin, etimadın artırılması xatirinə iqtibaslar verməyimdən
irəli gəlmişdir.
“Qurandakı 19 koduna ilk dəfə 1974-cü
ildə diqqət yetirilmişdir. Daha sonra bir çox tədqiqatçıların iştirakı ilə
Allahın Kitabındakı sistemlə bağlı bir-çox möcüzələr aşkar edilmişdir. Müdəssir
surəsinin sıra nömrəsi 74-dür və 19 ilə 74-ü bir-birinin ardınca düzdükdə
alınan ədəd bu möcüzənin kəşf edilməsi tarixidir.
Bu möcüzənin tapıldığı tarix Muhəmməd
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Məkkədən Mədinəyə hicrəti
ilə başlayan təqvimdə 1393 il idi. Məlum olduğu kimi İslam Peyğəmbərinə (ona
Allahın salavatı və salamı olsun!) Quran hicrətdən on üç il öncə vəhy edilməyə
başlamışdı. Yəni bu möcüzə Quranın vəhy edilməyə başlamasından tam 1406 il
sonra kəşf edilmişdir. Yaxşı, bu 1406 nəyə işarədir? Möhkəm dayanın! 1406 = 19
x 74-dür. İndi sizə kiçik bir nümunə verirəm:
19 möcüzəsinin kəşf
edilmə tarixi
|
1974-cü il
|
19 möcüzəsində 19 və
onun keçdiyi 74-cü surənin rəqəmlərinin ard-arda yazılması
|
19-74
|
Quranın vəhyindən
neçə il sonra bu möcüzə kəşf edilmişdir?
|
(1406 il) = 19 x 74
|
Qurandakı saylarla bağlı möcüzəyə işarə
edən Müdəssir (Gizlənən) surəsinin özü başdan başa say möcüzələri ilə
doludur. 19 rəqəmini və Müdəssir surəsinin sıra nömrəsini ard-arda qoyduqda
da 1974-cü il, yəni möcüzənin kəşf edildiyi il alınır. İndi Quranı inkar etməyə
cəhd göstərənlər, onu insan sözü sayanlar buna nə deyəcəklər? Təsadüfmü!?
Yaxşı, Quranın nazil olmasından sonra keçən 1406 il eynilə 19 ədədi ilə 74-ün
bir-birinə vurulmasının cəmini verir. Yaxşı, bəs inkarçılar buna nə deyəcəklər?
Yenə təsadüf... Doğrudanmı 19 möcüzəsinin kəşfi tarixinin Müdəssir (Gizlənən)
surəsində kodlaşdırılmış olduğuna dair verəcəyimiz əlavə müdhiş dəlillərə
inkarçılar yenə də mi “təsadüf” deyəcəklər? Müdəssir surəsinin ilk iki ayəsi
belədir:
1. Ey gizlənən,
2. Qalx və xəbərdar et!
74. Müdəssir, ayələr 1-2.
Surənin ilk ayəsi gizlənənə (müdəssirə)
müraciətdir və ikinci ayə artıq qalxmaq vaxtının gəldiyini və ondan xəbərdarlıq
etməyə başlamasını tələb edir. Bax bu iki ayə (təbii ki, burada ərəb əslindən
bəhs edilir) cəmi 19 hərfdən ibarətdir. Ayələrin say dəyərləri (əbcəd hesabı)
neçədir? Eşitdikdə inanmağa çətinlik çəkə bilərsiniz. Bu iki ayənin əbcəd ədəd
dəyəri tam 1974-dür. Mənanın, riyaziyyatın və möcüzənin gerçəkləşməsinin
bir-birinə belə uyğun gəlməsi, görün, nə qədər mükəmməldir!!! Həmd olsun
Fövqəluca Allah! Təkcə O, bu mükəmməlliyi yaratmağa Qadirdir!
Müdəssir surəsinin ilk ayələrindən
başlayaraq 19 möcüzəsi bütün Quranı sarmaqdadır. Peyğəmbərimizə (s.ə.s.)
Quranın nazil edildiyi dövrdə 19 möcüzəsinin insanlar tərəfindən kəşf ediləcəyi
tarixini də Müdrik Allah göstərmişdir. Surənin ilk ayəsi 74.1 kimi göstərilir.
Say möcüzəsi baxımından əhəmiyyət kəsb edən – bu ayədən başlayaraq Quranın
sonuna qədər 741 ayə vardır və 741 (19 x 39) = a bərabərdir. Həmin surədə
Quranın insan sözü olduğunu söyləyən adamın “Səqərə” atılacağı göstərilir.
27-ci ayədə “Səqər nədir, bilirmisən?” – deyə soruşularaq, “Səqərin” mənası
açıqlanır. Daha sonra, Səqər - hər şeyi qapsayan və insanlara mənzərələr
göstərən bir cəza kimi tərif verilir. Tədqiqatçı alimlərin bildirdikləri kimi,
bu cəza Cəhənnəm ola biləcəyi kimi, onun kafirlərə verilən cavab olaraq 19 sayı
olduğunu da düşünmək olar. Çünki Cəhənnəm hər şeyi əhatə edən, insanlara törətdiklərini
göstərən bir özəllik olduğu kimi, 19 sayının da bütün Quranı riyazi bir sistem
kimi daxildən gizlicə əhatəyə alıb mühafizə edən, mənzərələr təqdim etməklə
möcüzəsini göstərən və, beləliklə, kafirlərin “Bu sadəcə bir insan sözüdür”
iddiasına cavab verən bir özəlliyi vardır. Səqərə bu iki mənadan hansı birinin
verilməsindən asılı olmayaraq, 31-ci ayədə 19 sayının vəzifələrinə diqqət yönəldildiyi
üçün, nəticə dəyişməz qalır. Bütün hallarda “səqər” sözü 19 sayı baxımından əhəmiyyətli
kəlmədir və Quranda 4 dəfə təkrarlanan bu sözün 3-ü Müdəssir surəsindədir. Bu
surədə “səqərin” üç dəfə keçməsinin riyazi qaydada kodlanmasının şahidi
oluruq. Müdəssir surəsində “səqər” sözü 26, 27 və 42-ci ayələrdə keçir. Bu üç
ayənin cəmi – 95-dir (19 x 5). Ayrıca bunların riyazi (əbcəd) dəyərlərinin
cəmi 1900 edir. 1900 həm (19 x 100)-ə bərabərdir, həm də bu 3 ayənin riyazi dəyəri
ilə Müdəssir surəsinin sıra nömrəsi olan 74-ü toplasaq, yenə 19 möcüzəsinin
iyirminci əsrdə tapılması tarixi alınır[4].
Möhtərəm oxucu qardaş və bacılar! Mən
düşünürəm ki, sağlam düşüncəyə malik hər bir insan bu möcüzənin Haqqın özündən
gəldiyini dərk etməyə qabildir.
Bununla 19 möcüzəsi haqqında izahı
bitirməliyəm, çünki bütöv bir sanballı elmi əsəri bu ön sözümdə, maraqlı da
olsa, daha geniş şərh etməyə imkan məhduddur.
Bununla əlaqədar oxuculara Quranın kəşf
edilən digər bir əsas məsələsi “Bismillah” ifadəsi ilə bağlıdır. Quranın
oxucularının nəzərini cəlb edən və “Bismilləhirrahmənirrahim” kimi ən çox
oxunan “Bismillah” ifadəsidir. Deyə bilərəm ki, dünyanın ən çox təkrarlanan
söz birləşməsi olan “Mərhəmətli və Rəhmli Allahın adı ilə” söz tərkibini
ifadə edən – Bismillahdır. Bismillah Quranın hər surəsinin əvvəlində verilmiş
və 114 dəfə, yəni, 19 x 6 =114 dəfə təkrarlanmışdır.
Lakin 9-cu Tövbə surəsi istisnadır.
“Bismillah” ilə əlaqədar olan xarüqəladə
xüsusiyyətlər araşdırıldıqca, genişlənməyə meyl edir. Müdəssir surəsinin
30-cu ayəsində keçən “Üzərində 19 vardır” ifadəsinin əlamətlərindən
biri də, gəldiyimiz qənaətə görə, Bismillahdır. Bismillah (ərəbcədə) 19 hərfdir.
O, Qurandakı surələrin üstündə yazılır və Quranın dəyişmədiyini, riyazi kodunu
və riyazi möcüzəsini göstərir. İndi isə, bu bir sözün 19 kodu ilə bağlı öz
daxilində törətdiyi möcüzələri nəzərdən keçirib araşdıraq. Bu söz bu dünyada və
Quranda ən çox təkrarlanan və həmçinin dünyanın ən xarüqəladə bir kəlməsidir.
Bismillaha aid olan sözləri və bu sözlərin riyazi dəyərini (yəni əbcəd
hesabını) araşdıraq.
NN
|
Sözlərin hərfləri
|
Hərf sayı
|
Riyazi dəyər
|
Cəmi
|
1
|
Bə,
Sin, Mim
|
3
|
2,
60, 40
|
102
|
2
|
Əlif,
Lam, Lam, Hə
|
4
|
1,
30, 30, 5
|
66
|
3
|
Əlif,
Lam, Re, Ha, Mim Nun
|
6
|
1,
30, 200, 8, 40, 50
|
329
|
4
|
Əlif,
Lam, Re, Ha, Ye, Mim
|
6
|
1,
30, 200, 8, 10, 40
|
289
|
|
Cəmi
|
19
|
-
|
786
|
Bismillahın Allahın adlarını əmələ gətirən
hissəsinin riyazi dəyəri 19-a bölünənlərdir.
Allah
|
Əl-Rahman
|
Əl-Rahim
|
Cəmi
|
66
|
+329
|
+289
|
=
684 (19 x 36)
|
Bismillahın tamından çıxan 19 koduna
bağlı riyazi möcüzələr çoxdur. Bunların ancaq bir qismini göstərək:
1. 19 hərfdən əmələ gələn Bismillahın
sözlərindəki hərflərin hərf sayını hər sözün sıra nömrəsindən sonra yazmalı
olsaq, əldə edəcəyimiz 8 rəqəmli sayı 19-a tam bölünəndir:
13 24 36 46 = 19 x 19 x 36686
2. Birinci nümunədəki sözlərin hərf
saylarının yerinə onların riyazi dəyərlərinin cəmini yerləşdirək. Hər sözün
sıra nömrəsindən sonra o sözün riyazi dəyərinin cəmini qoysaq, əldə edəcəyimiz
15 rəqəmli say 19-un tam bölünəni olacaqdır:
1 102 2 66 3 329 4 289 =
19 x 5801401752331
3. İkinci nümunədəki sözlərin riyazi dəyərlərinin
cəmi yerinə hər hərfin ayrı-ayrı riyazi dəyərlərini yerləşdirək. Nümunəmizin
ilk sözünün riyazi dəyərinin cəmi olan 102 yerinə, o sözdəki üç hərfin
riyazi dəyəri olan 2, 60, 40 saylarını qoyaq. Nəticədə əldə edəcəyimiz 37 rəqəmlik
say 19-a tam bölünəndir (Bu bölmələri uzun sayların hesablamalarını apara bilən
kompüter proqramında yoxlaya bilərsiniz. Amma maraqlıdır ki, görəsən inkarçılardan
Muhəmməd Peyğəmbərin (s.ə.s.) 1400 il bundan əvvəl belə bir proqramı kəşf
etdiyini iddia edənlər tapılacaqmı?):
12 60 40 2 1 30 30 5 3 1 30 200 8
40 50 4 1 30 200 8 10 40 = 19 x ... .
Bir sözlə desək, tədqiqatçılar bu nümunələrin
sayını 10-a qədər davam etdirmişlər və sonuncu nəticədə ağlasığmaz bir say
alınmışdır ki, o da tam qalıqsız 19-a bölünür. Tədqiqatçıların yazdıqlarına
görə bu ilahi kəlməsini araşdıran digər alimlər (Abdullah Arık “Mümkün olanların
fövqündə” adlı ingilis dilində olan kitabında və b.) “Bismillah” ifadəsinin öz
içində görünən riyazi sistemi daha da dərin və davamlı tədqiq etmişdir. Lakin
bu uzun rəqəmlərin araşdırılması bəzi insanları yora bilər deyə, onu
uzatmıram və oxuculara bir daha bildirmək istəyirəm ki, Təfsirin tərcüməsinin
IV cildinin ön sözündə bu əlavə izahatları və örnəkləri verməyimin əsas məqsədi
– Allahın Kitabına olan inamı daha da möhkəmlətmək və bu minvalla, iman gətirməkdə
tərəddüd edənlərə yeni elmi dəlillər təqdim etməkdir. Doğru yol göstərən isə
təkcə Allahdır. Bundan başqa, həm Quran tədqiqatçılarının, həm də bəndənizin
onların bu Önsözdə bəzi elmi faktlarını iqtibas etməyinin ən başlıca məqsədi əlbəttə
ki, bu dəlillərlə Quranın sabitliyinin, mükəmməlliyinin, dəyişdirilməzliyinin
möhtərəm oxucularımıza əyani şəkildə təqdim etmək istəyindən irəli gəlmişdir.
Bir nümunə də gətirmək məcburiyyətindəyəm. Bəqərə surəsinin iki ayəsinə
(2/23-24) və onların elmi axtarışlardan hasil edilən şərhinə diqqət yetirin:
(2.23)
“Əgər
qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona
bənzər bir surə gətirin və Allahdan savayı bütün şahidlərinizi köməyə
çağırın!”
(2.24)
Əgər siz
bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan
və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin.
Quranın riyazi möcüzələri ilə bağlı
bölmələrini oxuduqca, onun tək bir surəsinin belə təqlid edilə bilməyəcəyini
daha yaxşı anlayacaqsınız. Quranın hər bir surəsinin özü və onun daxilində
keçən bir çox mübarək kəlmələri (tədqiqatçılar ancaq yaxın günlərədək gerçəkləşdirilən kəşflərə əsaslanaraq
“bir-çox” ifadəsini işlədirlər. Lakin onların qənaətinə görə, Quranın riyazi
möcüzəsinin araşdırılmaları dərinləşdirildikcə və genişləndirildikcə, hər kəlmənin
belə riyazi ahəngdarlığa malik olması aşkar ediləcəkdir) riyazi açarla
kilidlənmişdir. Əgər Quranın təkcə bir surəsini belə kənara qoysanız, 19
sisteminə görə 19 x 6 = 114 olan Quranın surələrinin sayı, bu surənin kənara
qoyulması ilə tam pozular. Bu şərəfli surədə “bir gün (yəvm”) sözünün iki dəfə
keçdiyini nəzərdə tutsaq, Quranda 365 dəfə keçən “bir gün (yəvm)” sözü beləcə
363-ə düşəcəyinə görə riyazi möcüzə pozulacaq. Sonra, deyək ki, bu surədə 3 dəfə
“dünya”, 1 dəfə “Axirət” sözlərinin keçdiyini düşünsək, onda bu sözlərin hər
ikisi birlikdə bir-biri ilə bağlı olaraq 115 dəfə keçir. Bu surə Qurandan
çıxarılarsa, “dünya” sözünün təkrarı 112-yə, “Axirət” sözünün təkrarı isə 114-ə
düşər və riyazi ahəng pozular. Bu misal bütün surələrə xasdır. Hər hansı bir
surənin Qurandan çıxarılması Quranın bütün riyazi sistemini pozacaqdır. Beləliklə,
Quranın hər bir əlahiddə surəsi onun tamının dəyişməz və mütləq bir parçasıdır.
Bir surə tam Quran deməkdir. Quranın riyazi möcüzəsinin tamı o biri surələrinin
varlığını zəruri edir. Daha sonra tədqiqatçılar qeyd edirlər ki, heç şübhəsiz
ki, Quran surələrinin mükəmməlliyi və riyazi möcüzələrinin həcmi bu gün kəşf
edilənlərdən daha çoxdur.
Bu ecazkar İlahi düzülüş ona dəlalət edir ki,
Quranda nəyinsə olmaması, götürülməsi və ya gizlədilməsi kimi iddialar necə də
mənasız və əsassızdır!
Yuxarıda qeyd etdiyim əlavələrdən
başqa, tərcüməmizin dördüncü cildinin özəlliklərindən bəhs edərkən, dəyərli
oxuculara mütləq göstərməliyəm ki, əvvəlki (I-III) cilidlərlə müqayisə edilməli
olarsa, bu cilddə əsərin müxtəlif yönlərinə aid müəyyən fərqlər tapmaq mümkündür.
İlk növbədə bu, kitabın lüğət tərkibi, yeni ifadələr və terminologiya ilə
bağlı özəlliklərdə özünü göstərməkdədir.
Adı yadımda olmayan təcrübəli bir mütərcim
yazıb ki, hər hansı ciddi tərcüməçi çoxcildli fundamental əsərləri çevirib,
cilidlərini tək-tək və ayrı-ayrı vaxtlarda nəşr etdirirsə, onların işlənməsində
və oxuculara çatdırılmasında müəyyən fərqlər mütləq olmalıdır. Bu, təbii ki,
Əbdürrəhman əs-Səədinin böyük həcmli Quran Təfsirinə də şamil edilə bilər.
Məhz bu cildin ayələrini bütövlükdə gənc
alim Elmir Quliyevin ərəbcədən rus dilinə çevirdiyi Quran tərcüməsindən birbaşa
çevirmiş və bu çox məsuliyyətli işi öz üstümə götürməkdə ancaq Fövqəluca
Allahın lütfkarlığına sığınmış, haqqı yanıltmamaq, ayələrin tərcümə mətnində
yabançı ifadələrə (yəni əlavə sözlərə) yol verməmək üçün bütün müasir imkanlardan,
Allahın köməyi ilə, geniş yararlanmağa, ayələrin mətnini dönə-dönə yoxlayıb,
son dərəcə çoxsaylı və müxtəlif mənbələrdən və üsullardan istifadə etməklə,
çarpaz araşdırmağa, müqayisə edib, tutuşdurmağa çalışmışam ki, ayələrin Azərbaycan
dilinə tərcüməsi mümkün olduqca əsli mətnə yaxınlaşsın.
Qeyd etdiyim kimi, Quran ayələrinin rus
dilindən tərcüməsinə istinad etməyimi qısaca əsaslandırmaq istəyirəm.
Doğrudan da həmyerlimiz gənc alim E. Quliyevin Quranı ərəbcədən birbaşa rus
dilinə tərcümə etməsini rusdilli insanlar üçün çox gözəl bir nemət adlandırmaq
olar. Bu tərcümə, həqiqətən, ona qədərki Quran tərcümələrindən öz sadəliyi,
anlaşıqlı olması və özündən əvvəlki bir sıra xətalardan xali olması ilə
seçilir və mənim Əbdürrəhman əs-Səədinin Şərhinin tərcümə edilməsi üçün onun
çevirisindən inamla istifadə etməyim heç də təsadüfi deyil. E. Quliyevin tərcüməsində
ayələrin mətninə müdaxilə (hərçənd bəzi əlavə sözlər kursivlə yazılaraq fərqləndirilir)
mümkün qədər azaldılmışdır. Bu, mənə görə ən vacib şərtlərdən biridir. Ölkəmizdə
ərsəyə gətirilmiş Quran tərcümələrinin əksəriyyətində ayələrə, yəni Allahın kəlamlarına
birbaşa tərcüməçi sözünü əlavə etmək, sanki normal bir hal şəklini almışdır (Bu
təkcə bizdə deyil). Bəzi tərcüməçilərimiz, ayəni oxucuya, guya daha anlaşıqlı
çatdırılması üçün ona əlavə söz, söz birləşmələri və hətta bütöv cümlələr
qoşurlar. Özü də, əksər hallarda, ayəyə əlavə edilən sözlər ya nağıl tərzli
hekayətlərdən iqtibas edilir, ya da tərcüməçinin öz “əfsanəvi” yaradıcılıq
çağının bəhrəsindən törəmiş olur (digər hallar da istisna deyil). Hətta, bəzən
bu əlavələr, oxucunu açıq-aşkar mətnin əsli mənasından uzaqlaşdırır. Mən əyani
misal çəkib şəxsiyyətlərə toxunmaq istəmirəm, çünki bu əlavələr qəsd-qərəzlə
edilən yanıltma deyil, sadəcə, ənənəvi olaraq bir dildən və ya bir tərcümədən
digərinə adlayan yayılmış ifadələrdir (Etiraf edirəm ki, bəzən kimisə incik
salmamaq üçün lap “Ezop dilində” yazmağa məcbur olursan). Yeganə bir misal
(belə hallar, ümumiyyətlə, az deyil). Mən onu bu ön sözün 3-cü səhifəaltı
qeydində göstərmişəm. Ona ciddi diqqət
yetirin. Müdrik Allah o ayəni nazil edərkən 19 kəlməsini çox böyük bir möcüzəyə
- Quranın özünümühafizəsi mexanizminin əsas meyarına işarə etdiyi halda, tərcüməçilərimiz
onu bu konkret təyinatdan yayındırmış, mühüm bir ilahi mesajın mənasını
qeyri-iradi olaraq pərdələmişlər. Əgər bunu etməsəydilər və ayəni olduğu kimi,
əlavəsiz versəydilər, necə də anlaşıqlı və həqiqətə yaxın olardı.
Təfsirin bu cildinin sətiraltı qeydlərində
istifadə etdiyim tədqiqat səciyyəli materiallar haqqında yuxarıda verdiyim kəsə
məlumatdan sonra bir neçə mülahizəmi, bu cildə məxsus digər özəllikləri
oxuculara bildirmək yerinə düşərdi.
Təfsirin I cildində: dörd surə - Fatihə,
Bəqərə, Ali-İmran və Nisa surələri;
Təfsirin II cildində də: dörd surə -
Maidə, Ənam, Əraf və Ənfal surələri;
Təfsirin III cildində: səkkiz surə - Tövbə, Yunus, Hud, Yusuf, Rəd, İbrahim,
Hicr, Nəhl surələri;
Təfsirin hazırkı IV cildində isə yeddi
surə - İsra, Kəhf, Məryəm, Taha, Ənbiya, Həcc və Muminun surələri verilmişdir.
Bu ön sözümdə əhəmiyyətli bir izah – müəllif
şərhlərinin mətni daxilində verilən Quran ayələrinin fraqmentarlığı ilə
bağlıdır. Açığını desək, əvvəlki hissələrdə mən buna xüsusi diqqət
ayırmamışdım və tərcüməsini əxz etdiyim mətndə istifadə olunan ayələrin, ədəbiyyatımızda
qəbul olunmuş standartlarına görə, əvvəlində, daxilində və ya sonunda üç nöqtədən
ibarət boşluqlara rast gəlmədikdə, onları eyni ilə çevirirdim ki, bu da öz növbəsində
oxucularda yanlış təsəvvür yarada bilərdi. Adətən, bizim bəzi oxucularımız,
müəllifin mətnlə əlaqədar istənilən ayənin ancaq müəyyən bir hissəsini
iqtibas etməkdə haqlı olduğunu bilmədən, tərcüməçiyə irad tutmağa çox meyl
göstərirlər. Çox vaxt şərh olunan mətn hər hansı ayədən ancaq müəyyən fraqmenti
tələb edir, yəni, burada ayə tam şəkildə, oxucuya məlum olan tərtibdə deyil,
ixtisar edilmiş formatda verilir ki, bu, ədəbiyyatda normal üsuldur. Amma
kifayət qədər təcrübəyə malik olmayan oxucu bunu tərcüməçinin ayəni tam
çevirməməsi, natamamlığı və s. ilə əlaqələndirərək şikayətlənir. Oxucu ayəni əzbər
bildiyindən və ya onu Quranla yoxladığına görəmi, onun doğrudan da natamam olduğunu
görür və onda şübhə və narazılıq yaranır. Məhz belə hallara mən Təfsirin 4-cü
cildində qətiyyən yol verməməyə çalışmışam. Burada iki məqam var. Ən
birincisi, müəllifin və ya tərcüməçinin yol verdiyi nöqsandır ki, o fraqmenti
iqtibas edərkən, onu tələb olunan formada tərtib etməmişdir. Düzgün tərtib
edildikdə, fraqmentin başlanğıcına və sonuna (əgər ayə tam əks etdirilmirsə),
mütləq üç nöqtə işarəsi qoyulmalıdır və hörmətli oxucu da bu nöqtələri gördükdə
bilməlidir ki, burda ayənin, necə deyərlər, “qanuni” şəkildə iqtibas edilmiş
müəyyən bir parçası, hissəsidir. Belə olduqda, oxucuda şübhə yeri qalmır. Mən
deyərdim ki, bu gün gənc yazarlarımız və tərcüməçilərimizin bir qismində bu
qaydalara, bəzən, etinasız yanaşma halları özünü büruzə verir. Təsəvvür
edin ki, sadəcə olaraq, üç nöqtə qoyulmaması nəticəsində oxucu tərcüməçini
savadsızlıqda, bacarıqsızlıqda və daha başqa “günahlarda” ittiham edir. Bəzən
oxucu, qismən, haqlı da olur. Bu qeydlərimlə mən həm mütərcimlərimizə və həm
də hörmətli oxucularımıza diqqətli olmalarını tövsiyə edirəm.
Bu cildin materiallarının tərcüməsi və
tərtibatı üzərində işləyərkən oxucularımızın mənə birbaşa müraciət etməsinin
xeyli faydalı olduğunu qeyd etmək istəyirəm. Əvvəla onu deyim ki, I-III
cildlərin hər birinin ön sözündə mən oxuculara müraciət edərək, ilk dəfə
olaraq Azərbaycan dilinə tərcümə olunub, geniş oxucu kütləsinə təqdim edilən
bu əsər, onun tərcümə keyfiyyəti və digər xüsusiyyətləri haqqında, həmçinin
oxucuların kitabla əlaqədar arzu və fikirlərini bildirmələrini xahiş etmişəm
və bu məqsədlə ayrı-ayrı vaxtlarda nəşr olunmuş cilidlərin hamısında telefon
nömrəmi və elektron ünvanımı neçə-neçə yerdə göstərmişəm. Öz dəyərli təklif və
təshihlərini, az da olsa, göndərənlər var və özü də mənim heç tanımadığım və
görmədiyim adamlar arasında... Çox olmasalar da var. Allah onlara kömək olsun və
onların elmini daha da artırsın! Onlardan Elşən Zaməddinovu xüsusilə qeyd etmək,
ona bu yazımda, fürsətdən istifadə edib, dərin minnətdarlığımı bildirmək istəyirəm.
Həqiqətən, Elşən Zaməddinov könüllü surətdə çox dəyərli bir təşəbbüs göstərmiş,
Təfsirin I cildini diqqətlə oxuyaraq, bəzi vacib təkliflər irəli sürmüşdür.
Onun xüsusi səyi sayəsində, nəzərdən qaçan bir sıra qüsurlar və texniki çatışmazlıqlar
aşkar edilmiş, onların təhsis edilməsi üçün tədbirlər hazırlanmış və
oxuculara çatdırılmasından ötrü paylanmışdır. Müşfiq qəsəbəsi sakini Sahil də
3-cü cildin bir müddəasına dair öz dəyərli (“dilənçi”- “miskin” sözü ilə
bağlı) təklifini bizdən əsirgəməmişdir.
Əbdürrəhman əs-Səədinin bu çox dəyərli
təməl əsərinin tərcüməsi üzərində işləyərkən mənə mənəvi dayaq olan və məni
unutmayıb, işimin gedişi ilə maraqlanan Yaşar, Fazil, Zakir, Səməd, Qasım kimi
elmə qiymət verməyi bacaran dostlarıma və adlarını çəkmədiyim bir çox digərlərinə
bu əsərin tezliklə ərsəyə gətirilməsinə daima maraq və mənəvi qayğı göstərdiklərinə
görə səmimi təşəkkürümü bildirirəm! Qoy Allah onların əcrini artırsın!
Bu son qeydlərimdən
məqsəd – bütün oxucularımın əs-Səədi Təfsirini diqqətlə oxumasına, müəllifin
çıxartdığı nəticələri üzərində dərindən düşünməsinə, bunları öz yaxınlarına
da izah etməsinə və, imkan olduqca, tərcüməçinin elektron ünvanına (odersalafi@gmail.com)
öz rəyini bildirməsinə nail olmaq üçün insanlarda maraq və təşəbbüs oyatmaqdır.
Gəlin unutmayaq ki, Fövqəluca Allah insanların misqal qədər (və ondan da az)
olan xeyirxah əməllərinin hesabını ən gözəl qaydada aparır ki, vaxtı çatdıqda
(ya bu, ya da Axirət həyatında) əvəzini ədalətlə versin.
Bir qeydim də 19 möcüzəsi və onun
1974-cü ildə kəşf edilməsi barədədir.
Diqqət yetirin! Müdriklər Müdriki Fövqəluca
Allah Quranı nazil etməzdən öncə onun hansı əsrdə və hansı ildə misilsiz dəlillərlə
bir daha təsdiq olunacağını da xariqüladə və ecazkar tərzdə planlaşdırmışdır.
Niyə bəs nə səhabələrin dövründə, nə də onlardan sonra onların ardıcılları
olan tabeinlərin və sonuncuların ardıcıllarının dövründə bu kəşf üzə
çıxarılmamışdır? Cavab çox sadədir. O insanların Muhəmməd Peyğəmbərdən (s.ə.s.)
sonra da Qurana bəslədikləri etiqad yüksək səviyyədə və mükəmməl olmuşdur.
Zəmanəmizin 1974-cü ilinin ehtiva edildiyi bəşəriyyətin mütləq əksəriyyəti isə
Qurana iman gətirməkdən çox uzaq idilər. Sonsuz Mərhəmət və Rəhm Sahibi Fövqəluca
Allah insanlara Qiyamətin yaxınlaşması ilə əlaqədar Özünün bir nemətini də bəxş
etməklə onlara yaxınlaşan dəhşətli Son (Kainatın Onun əli ilə bükülüb məhv
ediləcəyi), Məhşər günü haqqında xəbərdarlıq etmişdir ki, insanlar küfrdən
– daşa, ağaca, hər hansı məxluqa inanmaqdan əl çəkib, tək Ona, Vahid Allaha ibadət
etsinlər və bununla Qiyamət vəhşətindən xilas olub, Əbədi Səadət Yurduna – Cənnətə
qovuşa bilsinlər.
Həmd olsun Mərhəmətli və Rəhmli Allaha!
O (Pak və Müqəddəs Olan), Ona və Onun
elçilərinə iman gətirən möminləri Öz İlahi Dərgahında Əbədi Səadətə
qovuşduracaqdır. Təbii ki, buna iman gətirməyənlər küfr sahibləridir ki,
onların da məskəni çılğın alovlu Od saçan Cəhənnəmdir.
FƏRAHİM QURBANOV
25.10.2009
[1] Burada qeyd etmək yerinə düşərdi
ki, Quran ayələrinin mətninə əslində olmayan söz və ifadələrin əlavə edilməsi qəti
yolverilməzdir. Həmin (30-cu) ayənin həm Azərbaycan dilindəki və həm də türk
dilindəki bir sıra tərcümələrində 19 ədədindən sonra “mələklər”, “gözətçi mələklər”
kimi sözlər və s., guya izah etmək məqsədilə, ayəyə əlavə edilmişdir. Əslində
isə bu əlavələr ayəni aydınlaşdırmaq, izah etmək əvəzinə, onu yanıltmış və
Allahın ayəyə qoyduğu mənadan nisbətən uzaqlaşdırmışdır. Ayədə açıq-aşkar 19 ədədindən
söz getdiyi halda, onun mənası pərdələnmişdir. Məhz bunu nəzərə alaraq mən rus
dilindən tərcümə etdiyim Səədi Təfsirinin bu cildində ayələri də rus dilindən tərcümə
edərək ərəb əsli və türk çevirmələri ilə yoxlamağı daha üstün tutdum. İnşallah əsərin
əvvəlki cildlərinin yeni nəşrində bu özəlliklər tam nəzərə alınacaqdır. F.S.
[2] Bax: “Quran heç tükənməyən möcüzə”, səh. 361. F.S.
[3] Təəssüflər olsun ki, bu
açıq və aydın ayənin (“Bu doğrudan da böyüklərdən biridir”) mənası Azərbaycan
dilinə edilmiş Quran tərcümələrində açıq-aşkar təhrifə yol verilmiş – bir
çeviridə “(Cəhənnəm) böyük bəlalardan biridir”, digərində isə “Doğrudan
da o Cəhənnəm ən böyük fəlakətdir” kimi “tərcümə” edilmişdir. Mən
Quranın otuza yaxın türk dilinə
çevrilmiş tərcümələrini araşdırdıqda, bunların böyük əksəriyyətində 19 əvəzinə,
Cəhənnəmin nəzərdə tutulduğu fərz edilərək çevrilmiş, ancaq ingilis dilinə
çevrilən iki tərcümədə bu ayəni çevirənlər “Cəhənnəmdən” uzaq olmuşlar. Görünür
ana dilimizdəki tərcümələr də yanılmışların təkrar edilməsindən qaçına bilməmişlər.
F.S.
[4] Qurandakı
xarüqəladə 19 sayının daha çoxsaylı digər
özəlliklərindən məlumat almaq istəyənlər “Quran heç tükənməyən möcüzlər” adlı
elmi-tədqiqat əsərinin 368-369-cu səhifələrinə müraciət edə bilərlər. F.S.
Комментариев нет:
Отправить комментарий