TƏFSİRİN
müəllifinin ön sözü
müəllifinin ön sözü
Həmd olsun
Allaha ki, halalı haramdan, xoşbəxt insanları bədbəxtlərdən və həqiqəti
yalandan fərqləndirən Furqanı Öz quluna nazil etmişdir!
Allah Öz mərhəməti
ilə onu bütün insanlar və xüsusilə də təqvalı möminlər üçün kamil Təlimat
etmişdir ki, onlar küfr, itaətsizlik və cahillik azğınlığından iman,
dindarlıq və bilik işığına çıxa bilsinlər.
Allah
Quranı qəlblərin şəfası etmişdir ki, onun sayəsində insanlar şübhələrdən və
ehtiraslardan xilas olur və yüksək amallar uğrunda əqidə və bilik əldə edirlər.
Bununla yanaşı Furqan müxtəlif fiziki xəstəliklərdən, mərəzlərdən və ağrılardan
da şəfa vericidir.
Ona şübhə
etmək olmaz, çünki onun hekayətləri, hökmləri və qadağaları ən böyük həqiqətdir.
Bu, Mübarək Kitabdır; onda çoxsaylı nemətlər, dərin biliklər və ecazkar sirlər
vardır. Bu dünyada və Axirətdə təkcə onun hökmlərinə və nəsihətlərinə riayət
etməklə əmin-amanlığa və xoşbəxtliyə nail olmaq mümkündür.
Allah
bildirmişdir ki, Quran əvvəlki Səma Kitablarını təsdiq edir və qoruyur. Onun
doğruluğunu təsdiq etdiyi ilahi mətnlər gerçəkdir. Əgər Quran onları təkzib
edirsə, onda o mətnlər qəbulolunmazdır, çünki Quran özündən əvvəlki Kitabların
hər birinin əsas mahiyyətini əks etdirir və onları tamamlayır.
Fövqəluca
Allah buyurur: “Allah onun vasitəsilə lütfünə nail olmağa can atanları əmin-amanlıq
yoluna yönəldir” (Maidə, 5/16). Quran Səadət Yurduna aparır, ona aparan
yola nur saçır və ona can atmağa çağırır. O, həmçinin əzab-əziyyətlər Yurduna
aparan yolu izah edir, ondan çəkindirir.
Fövqəluca buyurur: “Bu, Müdrik və Hərşeyibilən tərəfindən ayələri
aydın ifadə edilmiş və sonra müfəssəl izah olunmuş bir Kitabdır” (Hud,
11/1). Allah onun ayələrini tamamilə mükəmməl şəkildə izah etmiş və onlara
qüsursuz görkəm vermişdir. O, onları elə izah etmişdir ki, həqiqəti yalandan,
doğru yolu isə azğınlıqdan ayırd etmək mümkün olsun. Bu, aydınlaşdırılması
istənilən şübhəni aradan qaldırır, çünki o, Müdrik və hər şeydən Xəbərdarolan
Rəbb tərəfindən yerinə yetirilmişdir. O (Pak və Müqəddəs) yalnız doğru
danışır, ancaq yaxşı işlər görməyi və ədalətli olmağı əmr edir, dinə və məxluqların
maddi həyatına zərər vuran şeyləri qadağan edir.
Fövqəluca
Allah Qurana and içir və onu şan-şöhrətli adlandırır. Bu vəsf onun keyfiyyətlərinin
əzəmətinə və üstünlüyünə dəlalət edir. Bunun səbəbi Quran ayələrinin dərinliyində
və mənalarının böyüklüyündədir. Allah onu Xatırlatma adlandırır, çünki o,
ilahi biliklərinin, gözəl əxlaqlılığın və mömin əməllərin yadda saxlanmasına
yardım edir və həmçinin ondan qorxanlar üçün nəsihət rolunu ifa edir.
Fövqəluca
buyurur: “Həqiqətən, Biz Quranı ərəb dilində göndərdik ki, siz onu başa
düşə biləsiniz” (Yusuf, 12/2). O, ərəb dilində nazil edilmişdir ki, biz
onu anlayaq və dərk edək. Allah bizə əmr etmişdir ki, onun üstündə düşünək və
onun dərinliklərində gizlənən biliklərə nail olaq. Quran üzərində düşünmək –
hər hansı bir nemətə açar, bilik və sirlərə nail olmağın vasitəsidir. Öz
Kitabını möminlər üçün nəsihət və şəfa, mərhəmət və nur, izah və xatırlatma,
ibrət və nemət, habelə doğru təlimat və müjdə etdiyi üçün Allaha həmd olsun!
Əgər insan bunu başa düşsə, ona aydın olacaq ki, öz əməlləri üçün məsuliyyət
daşıyan hər bir kəs Quranın mənalarının dərk edilməsində və onun yolu ilə getməkdə
kəskin ehtiyaca malikdir. Bax elə buna görə, Allahın qulları səy göstərməli
və əllərindən gələni etməlidirlər ki, Quran ayələrini öyrənsinlər və başa
düşsünlər. Onlar bu məqsədə ən qısa yolla nail olmağa can atmalıdırlar.
Görkəmli
ilahiyyatçılar Quranın çoxlu təfsirlərini yazmışlar. Onların bir qismi
uzun-uzadı izahlara dalır və əksər hallarda müzakirə edilən məsələlərin çərçivəsindən
tamamilə kənara çıxırdılar. Digərləri o dərəcədə qısa yazırdılar ki, ancaq
ayələrin lüğəti mənalarını araşdırmaqla qənaətlənir və onların mənalarına
diqqət yetirmirdilər.
Bizim nəzərimizə
görə, təfsir müəllifinin əsas vəzifəsi ayələrin mənalarını izah etmək,
sözlərin lüğəvi mənaları isə bu məqsədə nail olmağın ancaq vasitəsi
olmalıdır. Şərhçi mətni və ayənin mənasını nəzərdən keçirməli və onu başqa
oxşar ayələrlə müqayisə etməlidir. O anlamalıdır ki, bu ayələr bütün
insanları, alim və ya nadan, şəhərli və ya köçəri olmasından asılı olmayaraq,
doğru yola gətirmək üçün nazil edilmişdir.
Ayələrin mətnləri
üzərində düşüncələr və Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun)
həyat tərzini, bu ayələr nazil edildiyi anda onun öz səhabələri və düşmənləri
ilə qarşılıqlı münasibətlərini bilmək bu ayələrin mənalarını başa düşməyə imkan
verən mühüm amillərdən biri idi. Bu amil, əgər ərəb dili ilə bağlı olan müxtəlif
elmlərə bələd olmağı da ona əlavə etsək, daha qabarıq şəkildə özünü biruzə
verir.
Əgər insan
onlara malikdirsə, onda o, ancaq Quran ayələrinin mətni və əhəmiyyəti,
onlardan hansı nəticələrin əldə ediləcəyi və onların hansı mənaları kəsb edəcəyi,
məna və məzmuna görə nəyə dəlalət etmələri üzərində dərin düşüncələrə
dalmalıdır. Əgər insan səy göstərərsə, əmin olacaqdır ki, Rəbb Öz qullarından
olduqca daha Səxavətlidir, axı O, onların qarşısında, insanın özünün müstəqil
dərk etməyə qabil olmadığı Quran biliklərinə və sirlərinə qapıları mütləq
laybalay açacaqdır.
Xaliq mənə
və mənim qardaşlarıma lütfkarlığını əta etmiş, bizə icazə vermişdir ki, öz
imkanlarımız daxilində Onun Böyük Kitabını öyrənək. Mən isə, əldə etməyə nail
olduğum və Allahın mənə əta etdiyi biliklərə istinad edərək Quranın şərhini
yazmağı qərara aldım ki, onları əldə etmək istəyənlər üçün onlar xatırlatma
olsun, onları başa düşməyə cəhd göstərənlərə nemət olsun və doğru yolla getmək
istəyənlərə kömək olsun. Bundan başqa, bu kitabın yazılmasına mənə təkan verən
bu biliklərdən bəzilərinin itirilməsinin mümkün ola biləcəyidir.
Bu zaman mənim
yeganə məqsədim vəhylərin mənalarının açıqlanmasıydı. Mən sözlərin və ifadələrin
təhlili ilə, yuxarıda qeyd etdiyim səbəblərə görə, məşğul olmamışam. Bundan
başqa, Quran təfsirçiləri bu məsələni o qədər məharətlə işləmişlər ki, onların
ardıcıllarına əlavə etməyə bir şey qalmamışdır və qoy Allah bütün müsəlmanların
adından onlara xeyir nəsib etsin!
Mən Allaha
təvəkkül edirəm və ümid bəsləyirəm ki, O, mənim üçün bu vəzifəni asanlaşdırsın
və mənə arzu etdiyimə nail olmağa razılığını versin, çünki insanlar Onun
yardımı olmadan arzuladıqlarına nail ola bilməzlər. Mən Ondan xahiş edirəm ki,
bu əsəri Öz Mübarək Üzü qarşısında səmimi və bütün insanlar üçün faydalı etsin,
axı O – Səxavətli və Alicənabdır! Ey Allahım, salavatını Muhəmməddən əsirgəmə!
Qeyd
Bu təfsiri
tərtib edərkən mən hər bir ayənin mənə aydın olan mənalarını, hətta mən onların
haqqında artıq xatırlamış olsam da, bir daha göstərmişəm. Bununla qane
olmayaraq, mən onları hər dəfə oxşar ayələrin şərhində təkrarlamışam, çünki
Allah Öz Kitabını tez-tez təkrarlanan ayələr adlandırmışdır. Əsərdə hekayətlər,
tarixlər, hökmlər və digər faydalı məlumatlar təkrarlanır və bunda böyük bir
hikmət vardır. Allah bütöv Quran üzərində düşünmək hökmü vermişdir ki, bu da
bilikləri artırmağa, ruhani və fiziki əmin-amanlığın əldə edilməsinə və bütün
işləri səliqə-sahmana salmağa imkan verir.
ƏBDÜRRƏHMAN İBN
NASİR
ƏS-SƏƏDİ
MÜƏLLİFİN TƏRCÜMEYİ-HALI
(Bir tələbənin qələmindən)
Müəllifin adı əş-Şeyx Əbu Abdullah Əbdürrəhman b. Nasir b. Abdullah
b. Nasir Ali Səədidir, Təmim qəbiləsindəndir. Əl-Qasım bölgəsinin şəhərlərindən
biri olan Uneyzə şəhərində 12 Muhərrəm 1307-ci hicri tarixində (1890) dünyaya
gəlmişdir. Onun cəmisi dörd yaşı olanda anası vəfat etmiş, üç ildən sonra isə
atası dünyasını dəyişmişdi. Uşaq yetim böyümüş, lakin mükəmməl tərbiyə
almışdı. Onun kəskin ağlı və biliklər əldə etməyə olan böyük arzusu ətrafdakıların
diqqətini cəlb etmişdi.
Atasının ölümündən sonra, o,
Quranı öyrənməyə və onu əzbərləməyə başladı. On bir yaşında olarkən, o artıq
Quranı bütövlüklə gözəl tərzdə əzbər bilirdi. O, doğma şəhərinin alimlərindən
şəriət elmlərini öyrənir və Uneyzəyə gələn şəxslərin mühazirələrinə gedirdi.
Öz səyləri sayəsində hər bir şəriət elmini yaxşıca mənimsəməyi bacardı və
onun iyirmi üç yaşı tamam olanda o, şəriət elmlərini başqalarına tədris etməyə
başladı. Buna baxmayaraq, o, biliklərini dərinləşdirməkdən əl çəkmir və
vaxtını boş keçirmirdi. Hicri 1350-ci ilədək o, artıq öz şəhərinin görkəmli
alimlərindən biri olmağa nail olmuşdu, gənc tələbələr isə ancaq onun
şagirdləri sırasına düşməyə can atırdılar.
Müəllifin müəllimlərindən bəziləri
İlk dəfə ona Müqəddəs Quranı öyrədən müəllimi şeyx İbrahim b. Həməd
b. Casir olmuşdur. Əbu Abdullah müəlliminin Muhəmməd Peyğəmbərin (s.ə.s.) hədislərini
gözəl bilməsindən həmişə vəcdə gəlir və onun təqvalılığından və habelə
yoxsullara göstərdiyi məhəbbətindən və rəhmdilliyindən tez-tez danışardı. O,
xatırlayırdı ki, bir dəfə soyuq qış günlərinin birində şeyxin yanına bir
kasıb gəlmişdi. Həmin gün müəllimin əynində iki köynəyi vardı və onlardan
birini çıxarıb, həmin şəxsə hədiyyə etdi, baxmayaraq ki, özü varlı adam
deyildi, o köynəyə özünün də ehtiyacı var idi. Allah ona rəhmət etsin!
Əbu Abdullahın digər müəllimi, ona İslam fiqhini, ərəb dilini və
digər elmləri öyrətmiş şeyx Muhəmməd b. Əbdülkərim əş-Şibal idi. Uneyzə şəhərinin
sabiq hakimi şeyx Salih b. Osman ona tövhiddən, Quran təfsirindən, fiqhin əsasları
və qanunlarından və həmçinin ərəb dilindən dərs demişdi. Öz biliklərinin ən
çoxunu məhz ondan əldə etmişdi və o ölənə qədər, onu getdiyi bütün yerlərdə
müşayiət edərdi.
Bunlarla yanaşı o, şeyxlər Abdullah b. Ayidin, Səəbə əl-Kuveycirinin,
Əli əs-Sənaninin və Əli ən-Nasir Əbu Vadayın yanında da təhsilini artırmışdır.
Sonuncu ona hədis elmini, altı əsas hədis toplusunu və bir çox digər hədislıri
öyrətmiş və onu müvafiq şəhadətnamələrlə təltif etmişdi.
Onun müəllimləri arasında məşhur alim Muhəmməd b.
Əbdüləziz əl-Muhəmməd əl-Məəni də olmuşdur ki, o, ona Uneyzədə dərs
demişdir. Şeyx Muhəmməd əş-Şənqıti onun doğma şəhərinə gəldikdə isə, o, onun
Quranın şərhinə, hədis və terminologiyası haqqında elmə və həmçinin ərəb
dilinin qrammatikasına və morfologiyasına həsr olunmuş mühazirələrində
iştirak etmişdir.
Onun xoşxasiyyətliliyi haqqında
Əbu Abdullah çoxsaylı gözəl keyfiyyətlərə malikdi və olduqca təvazökar
adamdı. O, uşaqlar və qocalarla, varlılar və kasıblarla rəftarında özünü
çox sadə aparardı. O, vaxtının bir hissəsini onunla söhbət etmək istəyənlərə
sərf edərdi və bu söhbətlər isə həmişə dini səciyyə daşıyardı. O, dini və
ictimai məsələləri müzakirə etməyi sevərdi və qonaqları onun söhbətlərindən
və xütbələrindən özləri üçün faydalı nəticələr çıxarardılar. Hətta onun adicə
söhbətləri belə çox vaxt dini məclislərə çevrilərdi. O, müxtəlif insanlarla
ümumi dil tapmağı bacarardı və həmişə söhbətləri üçün elə mövzular seçərdi
ki, onlar müsahiblərinə həm bu həyatda və həm də Axirət həyatı üçün fayda gətirə
bilərdi. Adamlar ona bir mübahisəni həll etmək üçün müraciət etdikdə, o, elə
bir ədalətli qərar çıxarardı ki, hər iki tərəfi razı salardı.
Şeyxin kasıblara, ehtiyacı olanlara və imkansız müsafirlərə
rəhmi gələrdi və öz imkanları daxilində onlara kömək əlini uzadardı.
Münasib şərait yarandıqda, o, xeyirxahlıq etmək istəyən insanları ehtiyacı
olanlara yardım göstərməyə çağırardı. O, həqiqətən namuslu, saf qəlbli, təmiz
və başladığı hər hansı bir işi vicdanla yerinə yetirən bir insandı. Onu
haqlı olaraq ən savadlı və ən ağıllı insanlardan biri sayırdılar. O, öz əlaçı
tələbələrinin təfəkkürünü itiləşdirməkdən ötrü onların arasında tez-tez
müzakirələr aparardı və hətta dini mətnləri yaxşı əzbərləyənlər üçün mükafat
təyin edərdi.
O, tələbələrinin sonrakı dövr üçün təlimini davam
etdirməkdən ötrü zəruri olan faydalı kitabları seçərkən onların özləri ilə
tez-tez məsləhətləşərdi. Həm də bu zaman, o, şagirdlərinin əksəriyyətinin
rəyinə üstünlük verər, rəylər bərabər olduqda isə, özü qərar qəbul edərdi. Heç
vaxt onun məşğələləri, hətta onlar uzun müddət davam etsə də belə, tələbələrini
usandırmazdı, çünki dərsində iştirak edənlərin hər biri keçilən mövzulardan
məmnun qalardılar. Allah, bizə və bütün iman sahiblərinə öz vaxtımızı ən
yaxşı istifadə etməkdə və puç olmayan xeyirxah əməllər ehtiyatı qazanmaqda
yar olsun!
Onun dərin bilikləri haqqında
Şeyx İslam hüququnun əsasları və hökmlərinə hərtərəfli bələd idi.
Öz müəllimlərinin getdiyi yolu davam etdirərək, o, gəncliyində Hənbəli
fiqhi təliminin tərəfdarı idi və bu dini məktəbin bir-neçə aliminin əsərlərini
əzbərləmişdi. Elə o vaxt İslam fiqhinə həsr etdiyi bir əsər və rəcəz
ölçüsündə, təxminən 400 beytdən ibarət şer yazmışdı. O, həmin əsərinə qısa şərh
tərtib etmiş, amma sonralar onu nəşr etdirməmişdi, çünki o əsər onun əvvəlki
baxışlarını əks etdirirdi.
O, üzün müddət İbn Teymiyyənin və onun şagirdi İbn əl-Qeyyimin və həmçinin
çoxsaylı digər müəlliflərin əsərlərini öyrənmişdi. Tövhid sahəsində, Quran təfsirində,
şəriət hüququnda və digər faydalı elm sahələrində dərin biliklər əldə edərək,
o, ancaq Hənbəli təlimi baxışlarına istinad etməyi tərk etdi və yalnız müqəddəs
mətnlərə əsaslanan rəyləri üstün tutdu. Buna baxmayaraq, o, bir sıra ifrata
mübtəla olan şəxslərdən fərqli olaraq, ənənəvi fiqh məktəblərinin tərəfdarlarına
heç vaxt həqarətlə yanaşmazdı. Allah bizə də həmişə doğru yol tutmaqda kömək
olsun!
O, Quranın təfsir edilməsi sahəsində böyük yüksəkliklərə nail oldu və
bir sıra müxtəlif təfsirləri öyrəndi, bu ecazkar elmi mənimsəyərək, Quranın
bir-neçə cilddən ibarət gözəl şərhini yazdı. Bu əsər xüsusi hazırlıq görülmədən
yazılmışdır, çünki müəllifin nəinki daha geniş və təfərrüatlı şərh yazmaq
üçün və hətta başqa əsərlər yaratmaq üçün də kifayət qədər vaxtı yox idi. O,
çox vaxt ayələri birbaşa dərsdə hazırlıqsız təfsir edir və şagirdlərinə Quran
ayələrinin mənasını və faydasını açıqlayırdı. O, ayələrin əsil mənalarını dərk
etməyə, onların əsasında çoxlu faydalı nəticələr çıxarmağa nail olmuşdu və
məhz buna görə onun dinləyiciləri heç vaxt müəllimlərinin susmasını istəmirdilər,
çünki onun nitqi valehedici, dəlilləri və nəql etmə üsulu isə inandırıcıydı.
Onun mühazirələrində iştirak edən və ya onunla birlikdə şəriət məsələlərini
müzakirə edənlər onun hərtərəfli dərin biliklərinin şahidi olurdular. Eyni
fikri onun əsərləri və fitvaları ilə tanış olan hər bir şəxs haqqında demək
olar.
Müəllifin əsərləri
1. “Mərhəmətli və Rəhmli olandan asanlaşdırma” Müqəddəs
Quranın təfsiri. Bu kitab üzərində iş 1344 h. ilində bitirilmişdir.
2. “Hənbəli məktəbinin istifadə etdiyi bütün kitablarını tamamlayan
şəriət hüququnun təfsiri”. Bu əsər nəşr olunmamışdır.
3. “Ən qısa və yüngül yolla şəriət hüququnu öyrənən ağıllı və sağlam
düşüncəli insanlar üçün təlimat”. Suallar və cavablar formasında tərtib edilmiş
bu kitab “Mətbəət ət-tərəqqi” nəşriyyatı tərəfindən 1365-ci hicri ilində Dəməşqdə
müəllifin vəsaiti hesabına nəşr edilmişdir və pulsuz paylanmışdır.
4. “İslamın üstünlüklərinin qısa izahlı incisi”. Bu
kitab “Mətbəət Ənsar əs-Sünnə” nəşriyyatında 1366-ci hicri ilində çap edilmişdir.
5. “Dövrə uyğun gələn faydalı xütbələr”. Şeyx öz şəhərində xütbə
demək haqqına malik olduqdan sonra, o, hər cümə və bayram günlərində öz
zamanına uyğun olan və insanların başa düşməsinə ehtiyac duyduqları mühüm məsələlərə
aid xütbələrlə çıxış etməyə çalışırdı. Sonralar o, bu xütbələri toplayaraq öz
vəsaiti hesabına əvvəlki kitabla birlikdə “Mətbəət Ənsar əs-Sünnə” nəşriyyatında
çap etdirmiş və pulsuz paylamışdır.
6. “Quranın təfsirinin gözəl prinsipləri”. Bu kitab da “Mətbəət
Ənsar əs-Sünnə” nəşriyyatında 1366-cı hicri ilində nəşr olunmuş və pulsuz
paylanmışdır.
7. “Dinin, onun daşıyıcılarının və ardıcıllarının əl-Kuseyminin
iftiralarından qorunması”. Bu kitab “Dar əl-Kutub əl-Ərəbiyyə” nəşriyyatında
Hicazda məşhur olan şeyx Muhəmməd Əfəndi Huseyfanın ianəsi hesabına 1366-cı
hicri ilində nəşr edilmişdir.
8. “Açıq və aydın həqiqət və ya peyğəmbərlərin və elçilərin tövhidinin
təfsiri”.
9. “İnandırıcı və qənaətbəxş izah”. Bu kitab şeyx İbn əl-Qeyyimin “ən-Nuniyyə”
adlı qəsidəsinə yazılmış şərhdir.
10. “Müsəlmanlar arasında qarşılıqlı köməyin zəruriyyəti və dini
mübarizə məsələsi”. Son üç kitab Qahirədə “əl-Mətbəə əs-Sələfiyyə” nəşriyyatında
müəllifin vəsaiti hesabına nəşr olunmuş və pulsuz paylanmışdır.
11. “Tövhidin məqsədləri haqqında sağlam söz”. Bu kitab
Misirdə “Mətbəət əl-İmam” nəşriyyatında
şeyx Əbdülmöhsün Əbu Battının ianəsi hesabına 1367-ci hicri ilində nəşr olunmuşdur.
12. “İslam hüququ prinsiplərinin qısa izahı”. Nəşr olunmamışdır.
13. “Quranın təfsirinin mahiyyəti haqqında Bəsirətlidən yüngülləşdirmə”.
Bu kitab “Mətbəət əl-İmam” nəşriyyatında müəllifin və bir qrup xeyriyyəçinin
ianələri hesabına nəşr olunmuş və pulsuz paylanmışdır.
14. “Çiçəklənən bağlar”. Bu kitab ilk dəfə olaraq “Mətbəət əl-İmam” nəşriyyatında
çap olunmuşdur.
Şeyxin çoxsaylı yazılı qeydləri və onun Uneyzə və digər vilayətlərin
sakinlərinin suallarına verdiyi cavabları qorunub saxlanılmışdır. Bundan
başqa, onun əlinə düşmüş müxtəlif kitabların kənarlarında qeydlər vardır.
Onun üçün yazmaq heç bir çətinlik törətmirdi və buna görə də onun çoxlu
fitvaları və əsərləri böyük topludan ibarətdir. O, məşhur İbn Əbdülqavinin
poetik əsərinin üzünü köçürmüş və ona şərh yazmaq niyyətində idi, sonra bunun
çətin olacağı qərarına gəldi və onu “əl-İnsaf” kitabı ilə birləşdirdi və
onları öz əli ilə köçürmüşdü ki, insanlar asanlıqla oxuya bilsinlər. Bu əsəri
xatırlatdığımız şerlərə şərh kimi adlandırmaq olardı, lakin biz bunu onun əsərlərinə
aid saymadıq.
Əsərlərini yazarkən şeyxin ən ali məqsədi bilikləri
yaymaq və haqqa dəvət etmək idi və buna görə də o, hər cür imkandan istifadə
edərək, əsərlərini nəşr etdirməyə çalışırdı. O, bunların vasitəsilə
keçici dünyəvi nemətlər əldə etməyə və varlanmağa can atmırdı. O, kitablarını
pulsuz paylayır ki, bütün biliklər arzu edənlərə faydalı olsun. Qoy Allah
İslam və bütün müsəlmanların adından ona savab versin, bizi isə ancaq
xeyirxah əməllər işlətməyə yönəltsin!
Şeyxin vəfatı
Öz həyatını bütünlüklə elmə həsr edərək, Əbu Abdullah Əbdürrəhman
b. Nasir əs-Səədi 69 yaşında vəfat etdi. Bu, onun doğma şəhərində 1376-cı h.
(yeni təqvimlə 1957-ci) ildə baş verdi. Allah ona rəhmət etsin!
ƏSƏRƏ TƏQDİMAT
YAZAN
GÖRKƏMLİ
İSLAM ELM XADİMLƏRİ
Şeyx Muhəmməd b. Saleh əl-Useyminin
TƏQDİMATI
Həmd yalnız Allaha məxsusdur.
Peyğəmbərimiz Muhəmmədə, ailəsinə, səhabələrinə və Qiyamət gününədək
xeyirxahlıqda onların ardınca gedənlərə salavat və salam olsun!
Sonra, dəyərli şeyximiz Əbdürrəhman b. Nasir əs-Səədinin (Allah ona
rəhmət etsin)“Teysirul-Kərimur-Rəhman fi Təfsiri Kəlamul-Mənnan” adlı əsəri
özünə xas bir çox xüsusiyyətlərinə görə Quran təfsirlərinin ən yaxşılarından
biri hesab edilir.
Bu Təfsir aşağıdakı xüsusiyyətlərə malikdir:
onun yazılmasında müəllif hər kəsin başa düşə biləcəyi asan və aydın
ifadələrdən istifadə etmişdir;
oxucunun fikrini yayındıran və vaxtını aparan, düşüncə üçün heç bir
faydası olmayan lüzumsuz uzadılmalardan və əlavələrdən çəkinilmişdir;
xatırlanmasına zəruri ehtiyac duyulan əsaslı ziddiyyətlərdən başqa,
digər ixtilaflı məsələlərə toxunulmamışdır. Kitabın bu xüsusiyyəti oxucunun
fikrini müəyyən bir məsələ üzərində cəmləşdirməyə imkan verir;
sifətlərlə bağlı ayələrdə Allahın hökmləri ilə ziddiyyət təşkil edən
təhrif və yozmalardan qaçınaraq, sələf metoduna əsaslanılmışdır;
ayələrin nişan verdiyi fayda və hökmlərdən çıxarılan nəticələrə
dair incəliklər barədə; xüsusilə, bu özəllik “Sad” surəsindəki Davud (ə) və
Süleyman (ə.) hekayətlərində və “Maidə” surəsində dəstəmaz alınması ilə
bağlı ayədə daha bariz şəkildə özünü göstərir. Müəllif bu ayədən əlli hökm
çıxartmışdır;
bu əsər təfsir və gözəl əxlaqa dair təlim-tərbiyə vasitəsidir. Bu,
“Əraf” surəsinin “Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et
və cahillərdən üz döndər”[1] ayəsinin təfsirində aydın görünür.
Məhz bu özəlliklərinə görə, Quran təfsiri əldə etmək istəyən hər kəsə
öz kitabxanasında bu qiymətli təfsir üçün yer ayırmasını tövsiyə edirəm.
Fövqəluca Allahdan bu kitabın müəllifinə və onu oxuyanlara yararlı
olmasını arzu edirəm. Həqiqətən, O, Çoxsəxavətli və bərəkət Sahibidir. Muhəmməd
Peyğəmbərə, ailəsinə, səhabələrinə və Qiyamətə qədər onların ardınca gedənlərə
salavat və salam olsun!
Muhəmməd əs-Saleh
əl-Useymin
15 ramazan
1416-cı hicri ili
Abdullah b.
Əbdüləziz b. Aqil əl-Aqilin
(əsərin ingilis tərcüməsinə yazılmış)
MÜQƏDDİMƏSİ
Bismilləhirrəhmanirrəhim!
Həmd Allah məxsusdur!
Sonra, Şeyx Səd b. Fəvvaz əs-Sumeyl yanıma gələrək, böyük alim,
şeyximiz Əbdürrəhman b. Nasir əs-Səədinin (Allah ona rəhmət etsin) Təfsirindən
bəzi nümunələr gətirdi.
Bu əsərin təshih edilmiş əlyazmasını əldə etdikdən sonra, onu yenidən
nəşr etdirmək istəyini bildirdi.
Əsərin orijinalını tədqiq edib ən düzgün, müəllifin yazdığı xüsusiyyətləri
aşkar etməyi, hədislərin nömrəsi və ilk rəvayətçilərinin üzə çıxarılmasını da
nəzərə alaraq, nöqsanlı ola biləcək halları və həm də daha əvvəlki nəşrlərdə
gözdən qaçmış çatışmazlıqları aradan qaldıracağına söz verdi.
Mən də bu mübarək təşəbbüsünə
görə ona təşəkkürümü bildirib, uğur qazanması üçün dua etdim.
Şübhəsiz ki, Fövqəluca Allah bu təfsirin müsəlmanlar tərəfindən qəbulunu
təmin etmişdir.
Bu təfsir Ərəbistanın Şərəfli Quran radiosu ilə
hər gün iki dəfə yayımlanır, məscidlərdə camaata oxunur və alimlərin elmi silsilələrində
tədris edilir. Bu təfsir dəfələrlə nəşr edilməsinə baxmayaraq, təəssüflə
qeyd etmək lazımdır ki, xətalardan və tədqiqatçıların (əvvəlki ərəbdilli nəşrlərdə[2])
artırmalarından xilas olmamışdı.
Bu kitab təfsirlərin ən faydalısı və ifadələrinin asanlığı ilə, ən
yaxşı başa düşülənidir.
Bu təfsir aydın mənalarla ifadə edilmiş, anlaşılması çətinlikdən və
İsrail əfsanələrindən uzaq, düzgün danışmaq və həqiqəti söyləmək baxımından
müşkül olana toxunmayan və ixtilaflardan bəhs etməyən bir kitabdır. Bu
kitabın göstərilənlərdən daha əhəmiyyətli olan bir xüsusiyyəti də, onun sifət
ayələrini sələfin metodu əsasında, yozumdan uzaq formada şərh etməsidir. Bəhs
edilən nəticələrə və digər mənbələrə müraciət edilmədən ayədə olan faydaların
yerindəcə xatırlanması, növbəti bir özəllik kimi, öncə deyilənlərə ayrıca
olaraq əlavə edilir.
Bu əsərin gözəl əxlaqdan, Peyğəmbərin (s.ə.s.) şəriət hökmlərindən xəbər
verməsi özü-özlüyündə qənaətbəxş bir məsələdir. Bütün bunlar asan və aydın sözlərlə
ifadə edilmişdir. Bu kitab hər kəsin anlaya biləcəyi bir səviyyədə olduğuna görə,
elm öyrənmək istəyənlərin istifadə edə biləcəyi bir mənbədir. Şübhəsiz ki, bu,
yaradılması çətin, başa düşülməsi isə asan olan bir kitabdır. Uzun zaman idi
ki, bu kitabın tərcümə edilməsini, xüsusilə də ingilis dilinə çevrilməsini arzu
edirdim və buna görə Allaha dua etdim. Ümid etmək olar ki, Allah bu kitabı
oralarda faydalı edər.
Bu əsər İslam dini ilə tanışlığın çox təsirli bir vasitəsidir.
Müvəffəqiyyət Allahdandır!
Abdullah b.
Əbdüləziz b. Aqil əl-Aqil
Şeyx Bəkir
b. Abdullah Əbu Zeydin
MÜQƏDDİMƏSİ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Həmd təkcə Allaha məxsusdur! Peyğəmbərlərin sonuncusuna, ailəsinə,
səhabələrinə və onların yolu ilə gedən və Sünnəyə sarılanlara salavat və salam
olsun!
Sonra, burada yazdığım nə müqəddimə, nə də təqdimatdır. Təkcə tərif
və xeyrə işarə edən bir yazıdır.
Bu hadisə barəsində təəssüratımı oxucularla bölüşmək istəyirəm.
Təxminən hicri 1380-cı illərdə bəzi xeyirxah insanların Şeyx Əbdürrəhman
b. Nasir əs-Səədinin[3] (Allah ona rəhmət etsin) 8 cilddən ibarət
“Teysirul-Kərimur-Rəhman fi təfsiri Kəlamil-Mənnan” adlı təfsirini tövsiyə
etdiklərini eşidirdim. Bu təfsir digərlərindən aşağıdakı xüsusiyyətlərinə
görə seçilməkdə idi:
Bu kitab, etimad göstərilən və onda sələflərin yolu əks olunan bir əsərdir.
O, səhih bir əsərin və doğru-düzgün anlayışın qısa xülasəsini asanlıqla özündə
əks etdirir.
Bu kitab alimlər üçün xatırladan və elmə yeni gələnlər üçün isə öyrədəndir.
Daha sonra digər alimlərin və elm öyrənən tələbələrin də məhz bu
kitabı xüsusi olaraq tövsiyə etdiklərini
eşitdim.
Şeyx Əbdürrəhmanın oğlu Abdullah (1405 ö.) mənə atasının aşağıdakı əsərlərini
hədiyyə etmişdi:
Teysirul-Lətifil-Mənnan fi Xülasəti Təfsiril-Quran;
əl-Qəvaidul-Hisan li-Təfsirul-Quran;
Fəvaidu
Mustənbata min qissati Yusuf əleyhissalam.
Bu üç kitabı oxudum və sətirlərində bu təfsirə yönəltmələr
tapdım. Müxtəlif vaxtlarda bu təfsirdən istifadə edirdim. 1418-ci ildə bir
qrup dəyərli alimin hazırladığı “ət-Təfsirul-Müyəssər” adlı kitabın Mədinədə
olan Mushafuş-Şərif Kral Fəhd Nəşriyyat Cəmiyyətinin çap etdiyi nüsxəsinin
son araşdırmalarını apardığım vaxtlarda, bəhs edilən təfsirin İbn Cərir ət-Təbəri
(310 ö.) və Səədinin təfsirlərinə çox böyük etimadla yanaşdığını gördüm. Bundan
sonra Səədinin təfsirinə rəğbətim və istəyim daha da artdı.
Səədinin
digər məziyyətlərindən biri də onun İbn Teymiyyə və İbn Qeyyimə (Allah onlara
rəhmət etsin) xüsusi münasibət bəsləməsi və kitabını onlardan əxz etdiyi
faydalı seçmələrlə bəzəməsi idi.
Səədi
ayələrdən məharətlə nəticələr çıxararaq kitabını asanlaşdırıb bizə təqdim
etmişdir.
Məsələn,
“Bəqərə” surəsinin “Deyin: “Biz Allaha, bizə nazil olana ... iman gətirdik...”
(136-cı) ayəsi[4] və “Maidə” surəsində keçən dəstəmazla bağlı 6-cı ayə[5] dediyimizə ən gözəl nümunədir.
Xüsusilə
peyğəmbərlər haqqında hekayətlərin sonunda qiymətli və faydalı nəticələr
çıxarmışdır... Əhzab surəsinin bir ayəsində[6] bu incə və lətif mövzuya belə toxunulmuşdur: “Onlardan
bir dəstə demişdi: “Ey Yəsriblilər![7]: Din qardaşlığını və İslam bağını
atıb millətçilik çığır-bağırı salmaq cahillik əlamətlərindəndir".
Mən belə faydalı nəticələr çıxaran başqa birisini hələ görməmişəm.
Bu ayə, milliyyətçiliyin İslama aid
olmadığını bildirən daha üç ayəni də ehtiva edir.
Dərin
biliyindən və bu sahədəki yetərli imkanlara malik olmasından bəhs etdikdən
sonra, onun gözəl həyat tərzinə nəzər salaq. Onun tərcümeyi-halında nümunəvi
olması, itaətətkarlığı, xeyirxahlığı və yaxşılığı, doğruçu və sağlam düşüncəli
olması üzə çıxır. Onun tərcümeyi-halında əksini tapmamış bir hadisə:
Məkkə
xəzinələrindən olan Siddiqə kitabxanasının sahibi Şeyx Əbdürrəhim Sadiq əl-Məkkinin
(1408 ö.) mənə izah etdiyinə görə, o, Şeyx Səədinin namaz qılmasının şahidi
olmuş, onun xuşusunu və Allaha bağlılığını bildirən şeylər görmüşdür. Alimlər
Şeyx Muhəmməd Həmid əl-Faqinin də (1379 ö.) Əhməd Şakir (1377 ö.) haqqında da
belə dediyini rəvayət edirlər:
“Namazı
tam xuşu içində, Allaha müti halda Əhməd Şakir kimi qılan bir adam görməmişəm”.
Biz də
bu böyük müfəssir alimin Şeyxülislam İbn Teymiyyənin (Allah ona rəhmət etsin)
bu sözünə uyğun əvəzini almasını diləyirik:
“Lədunni
elminə[8] gəlincə, şübhəsiz ki, Fövqəluca Allah təqva sahibi olan dostlarının və saleh
qullarının qəlbini, xoşlanmadığı şeylərdən təmizlənmələri və sevdiyi şeylərə
riayət etmələrinə görə, başqalarının qəlbini açmadığı bir tərzdə, açar”.
Bu isə,
Əlinin (Allah ondan razı olsun) dediyi: “...Allahın Kitabı barədə quluna
verdiyi anlayış istisna olmaqla...” və bu əsərdə olduğu kimidir: “Bildiyinə
əməl edən insana, Fövqəluca Allah bilmədiyinin elmini də verir”.
Quranda
bu məsələyə bir çox ayələrdə toxunulmuşdur. Belə ki, Allah buyurur:
“...Əgər
onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar
üçün daha xeyirli və daha mükəmməl
olardı ...və onları doğru yola yönəldərdik” (Nisa, 4/66,68).
Ayrıca
olaraq Fövqəluca Allah Onun əmrlərini yerinə yetirənləri doğru yola
yönəldəcəyini bildirərək belə buyurur:
“Allah
Onun razılığını axtaran şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir,
onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir” (Maidə, 5/16).
“Doğru yolla gedənlərə gəldikdə isə, onlara hidayətini artırar və onları
təqvalı olmağa müvəffəq edər” (Muhəmməd, 47/17).
“...Onlar
Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq” (Kəhf, 18/13).
“Bu,
insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yolu göstərən rəhbər və mərhəmətdir” (Casiyə, 45/20).
“...Bunlar
Rəbbinizdən gələn aşkar dəlillər, iman gətirən bir camaat üçün doğru yolu göstərən
rəhbərlik və mərhəmətdir” (Əraf,
7/203) ... (əl-Fətava, 13/245)”[9].
Bu təfsir
haqqında yazımı qələmə alarkən yadıma Şeyx Əbdürrəhman əd-Dəvsəridən (1399
ö.): “Təfsirçidə axtarılan ən əhəmiyyətli şərt nədir?” – deyə soruşduqda,
dediyi: “Qəlbi Quranla rahatlıq tapandır” kimi verdiyi cavabı düşdü.
Mən,
Şeyx Səədidə də bu şərtin olmuş olduğuna inanıram və, həqiqətən, onun dilindən
belə mənali çeşmələr axmışdır. Bu isə Allahın fəzilətindəndir.
Allah
ona əvəzini versin!
Beləliklə,
deyilmişdir ki: “Quranın mənasını təkcə təmiz qəlblilər anlaya bilərlər. O qəlblər
isə təqva sahiblərinin qəlbidir” (Bax: əl-Fətava, 13/245).
Fövqəluca Allah Nəcdli alim Səədiyə bu sahədə ilk əsər yazanlardan
olmasına görə xeyirlər versin. Mən Nəcdli alimlər arasında Quranı bu gözəllikdə
tam təfsir edən daha bir başqasını tanımıram.
Həqiqətən
də, Fövqəluca Allah bu təfsirin müsəlmanlar arasında qəbul edilməsini və yer üzünün hər tərəfinə yayılıb dəfələrlə nəşr edilməsini nəsib
etmişdir.
Kitabın bəzi nəşrləri:
1. Misir Sələfiyyə mətbəəsi çapı. Kitabın bir hissəsi içindəki
çatışmazlıqlarla birlikdə Şeyxin yaşadığı dövrdə nəşr edilmiş, qalanı isə vəfatından
sonra tamamlanmışdir.
O zamanın mətbəə və nəşriyyat şərtləri çərçivəsində bu nəşrdə bəzi kəlmələr
və cümlələr çıxarılmış və nöqsanlar yaranmışdır.
2. Muhəmməd Zuhri ən-Nəccarın tədqiqatı ilə Riyad Səəudiyyə çapı.
Bu şəxs nəşri kitaba aid olmayan əlavələrlə korlamışdır. Onun ardınca tələbəsi
yazdığı “Kəşfus-sitar an telfigi və talikin-Nəccar” adlı kitabında onu tənqid
etmişdir.
3. Birinci və ikinci əsas götürülərək çap edilən nəşrlər.
4. Daha sonra düzəlişlər verilərək Nəccarın əlavələrindən təmizlənmiş
nəşrlər çap edilməyə başlandı.
5. Əlimizdə olan bu nəşr iki xüsusiyyətilə önə
çıxır. Birincisi, edilmiş yanlışlıqların və nöqsanların təshih edilib düzəldilməsi.
İkincisi isə, Nəccarın əlavələrindən təmizlənərək və iki əlyazması tutuşdurularaq,
başlıqlara ayrılmış mövzular və faydalar mündərəcatı yaradılmışdır. Bu nəşrin
əsas götürülməsi və qardaşlarımız tərəfindən müəyyən edilən düzəliş və mülahizələr
naşirlərə təqdim edilməlidir ki, növbəti çaplarda nəzərə alınıb düzəldilsin.
Bacarıq Allahdandır!
Şeyx Bəkir
b. Abdullah Əbu Zeyd
8 şəvval 1421-ci hicri ili
Ərəb ifadələri və terminlərinin izahlı
lüğəti
Ad – ad camaatı qədim xalqdır. Müasir Yəmənin Hadramaut adlı yaşayış məntəqəsində
yaşayardılar, Nuh peyğəmbərin (a) nəslindəndirlər. Onlar Hud peyğəmbəri (a) qədd
etdilər. Özləri-nin inadkarlıqlarına və zalımlıqlarına görə, başlarının
üstündə yeddi gecə və səkkiz gün fasiləsiz tüğyan edən qasırğalı küləklə məhv
edildilər.
Ayə – (a)
Quran surələrinin ibarət olduğu nisbətən
müstəqil misralar; (b) möcüzə; (c) əlamət; (ç) ibrət.
Bahirə – İslamaqədərki ərəblər
tərəfindən sitayiş edilən süd verən dişi dəvə. Əgər dişi dəvə ardıcıl olaraq
on dəfə dişi bala doğardısa, bütpərəst ərəblər onu “Saibə” adlandırıb ona
sitayiş edərdilər. Bundan sonra o yenə də bir dişi bala doğsaydı, onda onu
bahirə adlandırardılar və ona anası ilə bərabər sitayiş edərdilər. Bütpərəstlər
onun qulağının yarısını kəsər, ona minməz, üstündə yük daşımaz, yununu
qırxmaz və südünü ancaq qonağa verərdilər.
Beyət ər-Ridvan – Osman ibn Affanın qureyşlilər tərəfin-dən öldürülməsi
xəbəri Məhəmməd Peyğəmbərin (s.ə.s.) səhabə-lərinə çatdıqda, onlar Xudeybiyyədə
bir ağac altında razılıq andı, yəni ölənə qədər sədaqətli qalmaq andı içmişdilər.
Bu hadisə hicri tarixinin 6-cı ilində baş vermişdi.
Beyt əl-Məmur – yeddinci səmada bilavasitə Kəəbənin üstündə yerləşən
məbəddir. Hər gün onu yetmiş min mələk ziyarət edir və onlardan heç biri
Qiyamət gününə qədər bir daha oranı ziyarət edə bilməyəcəklər.
Beytulharam
– Məkkədə Kəbənin olduğu sahədəki məscidin
adı. Ona haram deyilməsi ona hörmət, sayqı göstərmək və qayğı ilə yanaşmaqdan
ötrüdür.
Beytulməmur
– Baxılan, qulluq edilən ev. Kəbənin üst
tərəfində olan bir yerdir. Başqa adı “Durahdır”. Fövqəluca Allah Quranda
Beytulməmura and içir və bununla onun yüksək dəyərə malik olduğu aşkar olur.
Bədr – Məkkədən 150 km cənubda yerləşən bir yerdir. İslam
tarixində müsəlmanlarla kafirlər arasında ilk irimiqyaslı döyüş keçirilmiş yerdir.
Bəkkə – Məkkə.
Bərzəx – əngəl, iki şey arasındakı pərdə,
maddi aləmlə ruhi aləm, yəni ölümdən sonra Qiyamətə qədər qalınacaq aləm və ya
qəbir aləminin adı. Bərzəx kəlməsi Quranda üç yerdə keçir. Məsələn, “O,
qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu. Onların arasında maneə
vardır, onu keçə bilməzlər” “بَيْنَهُمَا
بَرْزَخٌ لَا يَبْغِيَانِ” (Rəhman,
55/19-20).
Cəhənnəm – Axirətdə günahkar qulların əbədi qalacağı əzab
məskəni
Cəhim – Cəhənnəm
Cənnət əl-Xuld – əbədiyyət bağı, Cənnətin adlarından biri
Cənnət əl-Məva – sığınacaq-bağ, Cənnətin adlarından biri
Cənnət ən-Nəim – Səadət bağı, Cənnətin adlarından biri
Cibt
– (a)
Allahdan başqa sitayiş edilən şeylər;
(b) cadugərlər və baxıcılar
Cihad – (a) Allah yolunda
aparılan müharibə; (b) Fövqəluca Allahın adını şərəfləndirmək məqsədilə
göstərilən istənilən səylər. Cihadın bir neçə forması var. Müsəlman dövlətinin
təh-lükəsizliyinə qəsd edən və İslamın yayılmasına maneə yaradan kafirlərlə
mübarizə hərbi yolla aparılır. Özlərini müsəlman kimi göstərən münafiqlərlə
cihad müsahibələr, onlara həqiqi biliklərin çatdırılması vasitəsilə aparılır.
Şeytanla və insanın öz nəfsi ilə apardığı cihad da mövcuddur.
Cin – Uca Allahın oddan yaratdığı məxluqlar yer üzündə insandan
çox əvvəl yaşamışlar və indi də yaşayırlar. Onların arasında da müsəlmanlar
və kafirlər mövcuddur. Sonuncuları şeytan və ya iblis adlandırırlar. İnsanlar
bəzən cinləri görə bilirlər. Allahın qadağan etdiyinə baxmayaraq, bir sıra
cadugərlər və baxıcı-falçılar onlarla əlaqəyə girirlər.
Cizyə – müsəlman dövlətinin himayəsi altında yaşayan qeyri-müsəlmanlardan
alınan vergi və ya can vergisi
Ehram – Həcc ziyarəti zamanı geyilən tikişsiz ağ rəngli
örtünmə geyim. Namaz qılanın və ya həccə gedənin mərasimə başladığı hal.
Adi hallarda icazə verilən bəzi hərkətlər, ehram geyilən zaman qadağan
edilir. Namaz qılan ehram vəziyyətinə təkbirat-əl-ihram adlanan “Allahu
Əkbar!” kəlməsini dedikdən sonra girmiş hesab olunur. Zəvvar isə ehramını
geydikdən və ziyarətə başlamaq niyyətini səslə söylədikdən sonra ehram vəziyyətini
alır. Zəvvarın mərasim geyimi tikilməmiş iki parça materiyadan ibarət olur:
bir parçası izar adlanır ki, qurşağa sarınır; ikinci parçası isə örtük kimi
beldən yuxarı çiyinə atılır, çiyini və qarın nahiyyəsini örtür.
Etikaf – ibadət məqsədilə bir müddət məsciddə
qalmaq.
Ədn – Ədəm, Cənnətin adlarından biri.
Əl-Hicr – Hicr, Səmud camaatının yaşadığı Məkkə ilə Təbuk
arasında yerləşən yer adıdır
Əl-Kövsər – bolluq çayı, suyu süddən ləzzətli və baldan şirin
olan Cənnət çayı. Onun ətirli rayihəsi müşkün xoş iyindən də gözəldir. Onun ətrafında
dəvə boynuna oxşayan uzun boyunlu gözəl quşlar uçuşur.
əl-Lat – Taifdə yerləşdirilmiş və sakif qəbiləsinin ilahiləşdirdiyi
ərəb bütpərəstlərinin ən məşhur bütlərindən biridir. O – ağ qaya üzərində
tikilmiş və örtüklə örtülmüş və ətrafına çəpər çəkilmiş məbəddir. Bu bütün
(büt) xidmətçiləri var idi. Əl-Muğira ibn Şöbə və Əbu Sufyan ibn Hərb Muhəmməd
Peyğəmbərin (s.ə.s.) əmri ilə bu bütü dağıdıb yandırdılar. Sonralar həmin yerdə
məscid tikdilər.
əl-Mədinə –
Səudiyyə Ərəbistanında şəhər. Muhəmməd
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) məscidi orada yerləşir.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) və onun səhabələri məhz
bu şəhərə hicrət (köç) etmişlər. İslamdan əvvəlki zamanlarda şəhər Yəsrib
adlanardı.
əl-Məqam əl-Mahmud
– Məhşər (toplanış) günü yarış meydanı
olacaq tərifəlayiq bir yerdir. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və
salamı olsun!) orada bütün bəşəriyyət üçün şəfaətçi olacaq və Allahdan xahiş
edəcək ki, insanlara öz yerlərindən tərpənməyə icazə versin.
əl-Mərvə – Məscidulhəramın şərq hissəsində yerləşən
iki təpədən birinin adıdır. Zəvvarlar onların arasında mərasim qaçışı yerinə
yetirirlər.
əl-Məscid əl-Əqsa
– Qüdsdə yerləşən və zəvvarların ziyarət
etməsinə icazə verilən üçüncü ziyarətgahdır. Bu məsciddə namaz qılarkən
qazanılan savab, Məkkədəki Məscid və Mədinədəki Muhəmməd Peyğəmbərin (ona
Allahın salavatı və salamı olsun!) Məscidi istisna olmaqla, başqa məscidlərdə
beş yüz dəfə namaz qılanın savabına bərabərdir.
əl-Məscid əl-Həram
– Məkkədə Kəbənin yerləşdiyi Məscidulhəram
məscidi. Bir sıra xəbərlərə görə onda qılınan namazın savabı digər məscidlərdə
qılınan yüz min namazın savabına bərabərdir.
əl-Məscid əl-Nəbəvi
– Mədinədə Muhəmməd Peyğəmbərin (ona
Allahın salavatı və salamı olsun!) məscididir. Peyğəmbər (ona Allahın salavatı
və salamı olsun!) Məkkədən Mədinəyə hicrət edən kimi onun tikintisinə
başlanmışdır. Onda qılınan namazın savabı, Məkkədəki Məscidulhəram və Qüdsdəki
əl-Əksa məscidləri istisna olmaqla, başqa məscidlərdə qılınan min namazın
sayına bərabərdir.
əl-Məşərülhəram
– Müzdəlifə vahəsində yerləşən və mühafisə
olunan yerdir. Orada sübh namazını qıldıqdan sonra zəvvarlar Allahı zikr
edirlər.
Əl-Uzza – bütpərəst ərəblərin ilahiləşdirdikləri və Məkkə ilə
Taif arasında Nəhl adlanan yerdə yerləşdirilən ən məşhur bütlərindən biridir.
Ənsar – İslamı qəbul etmiş və Muhəmməd Peyğəmbərin (ona
Allahın salavatı və salamı olsun!) sədaqətli silahdaşları olmuş Mədinə sakinləri.
Onlar Məkkədən və başqa şəhərlərdən gələn mühacirləri evlərinə qəbul edərək,
onları zəruri əşyalarla təmin edirdilər.
Ərafat – Məkkədən 25 km aralıda yerləşən vahə. Zül-hiccə ayının
doqquzuncu günü zəvvarlar orada qalırlar.
Ərəfə – zül-hiccə ayının doqquzuncu günü zəvvarların bir
hissəsi həcc mərasimi ayinlərini yerinə yetirdikləri zaman, digər müsəlmanlar
oruc tuturlar.
Əs-Səfa – Məscidülhəramın şərq
hissəsində yerləşmiş iki təpəlikdən biri. Zəvvarlar onların arasında ənənəvi
qaçış keçirirlər.
Ət-Taif – Məkkənin
yaxınlığında yerləşən şəhərdir.
Əykə – Misirdən səksən keçid uzaqlıqda yerləşən yerin adı
idi. Orada Şüeyb Peyğəmbərin (ə.) xalqı yaşayırdı. O, bu adını ərazisində
çoxsaylı qalın meşəliklər və kolluqlar olduğuna görə almışdı.
Fey – döyüşsüz əldə edilən qənimət; döyüşçülər arasında
bölünür. Onun beşdə bir hissəsi müsəlman hökmdarın sərəncamında qalır,
qalan beşdə dörd hissə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı
olsun!) qohumları (Haşimin və əl-Mütəllibin nəslindən olanlar), yetimlər,
kasıblar və ehtiyac içində olan müsafirlər arasında paylanır.
Fərz – dini baxımdan yerinə yetirilməsi
vacib və məcburi olan. Şərəfli Quranda bir çox ayələrdə keçən bu sözün bundan
başqa mənaları da vardır.
Firdous – (a) Cənnətin adlarından biri; (b) Cənnətin mərkəzi
və ən yüksək hissəsi.
Hami (Ham) – (Bahira sözünə bax!)
Heyz – aybaşı.
Həcc – Məkkəyə edilən böyük ziyarət
Həcc əl-İfrad – bu ziyarət zamanı zəvvar ancaq həcc məqsədi ilə
ehrama girir
Həcc əl-Kiran – bu ziyarət zamanı zəvvar ehrama girib, həcc və ya
kiçik ziyarət (ümrə) etməyi niyyət tutur.
Həcc ət-Təməttu – bu ziyarət zamanı zəvvar əvvəlcə ümrə etmək niyyəti
tutur və bundan sonra ehramdan çıxıb, daha sonra həcc ziyarətinə başlayır
Hədis – Muhəmməd Peyğəmbərin (s.a.s) dediyi, etdiyi və ya bəyəndikləri haqqında onun səhabələrinin
rəvayəti. Hədislər onları nəql edən ravilər
(bax) silsiləsindən və mətndən ibarətdir. Hədisin səhih və etibarlı
olması onu nəql edən ravilər silsiləsinin etibarlılıq dərəcəsindən və hədisin
mətninin Quran ayələrinə və digər mötəbər hədislərə uyğun gəlməsindən
asılıdır.
Hənif – tövhid, təkallahlıq tərəfdarı
Hicrət –
(a) müsəlmanların dini səbəblərə görə,
İslama düşmənçilik edən ölkələrdən, təhlükəsiz yerlərə köçüb getməsi; (b)
Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) səhabələrinin
Efiopiyaya (Həbəşistana), sonra da Mədinəyə köçməsi; (c) Muhəmməd Peyğəmbərin
(ona Allahın salavatı və salamı olsun!) Məkkədən Mədinəyə köçməsi ilə (ç)
xristian erasının 622-ci ilinə uyğun gələn müsəlman təqvimi başlanır.
Hidayət – maarifləndirmək, doğru yol göstərmək, rəhbərlik etmək,
azğınlıqdan xilas edilib İslamın nurlu yoluna yönəlməkdir.
Hudeybiyyə – Məkkənin 16 kilometrliyində Ciddəyə gedən
yolda yerləşən yer adıdır. Hicri tarixinin 6-cı ilində orada Muhəmməd Peyğəmbərlə
(ona Allahın salavatı və salamı olsun!) müsəlmanları şəhərə buraxmayan və
onları kiçik ziyarət etməyə qoymayan məkkəlilər arasında sülh müqaviləsi
bağlanmışdı
Hur əl-İn (Huri)
– hurilər, Adəmin nəslinə aidiyyəti olmayan,
qeyri-adi gözəlliyə malik və işıqlı fonda xüsusilə seçilən iri qara gözlü Cənnət
sakinləridir.
Hüneyn – Məkkə ilə Taif arasında yerləşən vahə. Orada hicri
tarixinin 8-ci ilində müsəlmanlarla çoxallahlılar (müşriklər) arasında
irimiqyaslı döyüş olmuşdur
Xəlil – ən sevimli insan. Qəlbdə, bütün varlıqlardan daha
çox tək ona məhəbbət bəslənir. Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və
salamı olsun!) bu məhəbbətlə sevdiyi bir kimsə yox idi. Çünki onun qəlbində ən
çox yer tutan və məhəbbət bəslədiyi Fövqəluca Allah idi. Allahın sevimli
qulları isə Muhəmməd Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) onun
ulu babası İbrahim əleyhissalam idi.
Xumus – hərbi qənimətlərin
beşdə bir hissəsi. Bu bir hissə yenə də beş hissəyə bölünür və sonra onun beşdə
bir hissəsi müsəlman hökmdarının əlində qalır, qalan beşdə dörd hissə, isə
Quran bölgüsünə uyğun olaraq, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və
salamı olsun!) qohumları (Haşimin və əl-Mutəllibin zürriyyəti), yetimlər,
kasıblar və ehtiyac içində olan müsafirlər arasında paylanır.
İbrahim məqamı
– oğlu İsmail ilə Kəbəni tikdikləri zaman
İbrahim peyğəmbərin (ə) üstünə çıxdığı daşdır.
İxlas – bir şeyi saflaşdırmaq, arıdılmış (təmizlənmiş)
vəziyyətə gətirmək. Qəlbi saflaşdırmaq, gəlir və şöhrət məqsədi daşımayan,
daxilən, riyakarlıq etmədən səmimi sevgi və məhəbbətlə yerinə yetirilən ibadət,
işi nümayiş etdirmək üçün görməmək. Sırf Allah rizasını düşünmək və bu niyyətlə
hərəkət etmək, təkcə Allah xatirinə ibadət etmək.
İlliyyun – (a) möminlərin əməllərinin yazıldığı kitab; (b)
yeddinci göy.
İsrail – Yaqub peyğəmbər (ə).
Kəbə – İbrahim və onun oğlu İsmail peyğəmbərlər (Onlara Allahın
salamı olsun) tərəfindən ucaldımış kub formasında daş tikili. O, Allaha ibadət
etmək üçün Yer üzündə tikilən ilk məbəd olmuşdur. Bütün müsəlmanlar namaz
qılarkən üzlərini ona doğru çevirirlər və hər il milyonlarla insanlar müsəlmanların
yaşadıqları ölkələrdən Məkkəyə gələrək onu ziyarət edir və qədim ibadətgahın
ətrafına dolanırlar.
Kəffarə – səhvən və ya məcburiyyət qarşısında işlədilən
günahın bağışlanması üçün şəriətə uyğun olaraq verilən sədəqə və ya tutulan
oruc.
Kənz – sahibi yığdığı pullardan, qızıl-gümüşdən zəkat verməkdən
boyun qaçırdan xəzinə.
Qaib – haliyyədə (hal-hazırda), üzdə,
aşkarda olmayan, gizlidə qalan, hissiyyat orqanları ilə dərk edilə bilməyən,
müşahidədən kənarda qalan hər şey.
Qiblə – Namaz qılınarkən və bir sıra digər ibadət ayinlərinin
icra edildiyi vaxtlarda müsəlmanların üzlərini çevirdikləri Məkkə şəhərindəki
Məscidülharamda yerləşən Kəbə tərəfə olan istiqamət.
Qureyş – Muhəmməd Peyğəmbərin (s.a.s) mənsub olduğu ərəblər
arasında ən məşhur və hörmətli qəbilələrdən biri.
Leylət
əl-Qədr – əzəmət və ya qismət gecəsi, Ramazan ayının sonuncu on günündən,
həftənin tək gününə düşən bir gecə. Müqəddəs Quranda deyilir ki, bu gecə,
belə gecənin olmadığı min aydan üstündür, yəni, əgər mömin bu gecə ərzində
Allaha ibadətlə məşğul olarsa, o, min ay ərzində Allaha edəcəyi ibadətə görə
qazanacağı mükafatdan daha böyük mükafat qazanar.
Lə İlahə iləllah – təkallahlığın sübutu
və şəhadətidir. O, “Allahdan başqa Allah yoxdur” deməkdir. Allah – ibadət və ilahiləşdirmənin
yeganə obyektidir. Müsəlmanlar Fövqəluca Allahdan başqa heç kimə ibadət
etmirlər. Çünki təkcə O (Pak və Müqəddəs), ilahi xilqətlər yaratmağa qadirdir
və həqiqi Allaha məxsus kamil sifətlərə malik olan da yalnız Odur. Müsəlmanlar
bütlərə, ulduzlara, müqəddəslərə, peyğəmbərlərə və yaxud mələklərə ibadəti
rədd edirlər. Çünki bütün bu saydıqlarımız yaradılmışlardır və onlar Xaliqə,
Yaradana möhtacdırlar. O (Pak və Müqəddəs) isə yenilməz Qüdrət Sahibidir və
heç kimə və heç nəyə möhtac deyildir.
Lakin
bu şəhadətə iman gətirmək və müsəlman olmaq üçün səkkiz (ya da yeddi) şərt
yerinə yetirilməlidir. Bunlarsız tövhid şəhadəti kimsəyə fayda verməz. Bunlar
– (1) bu, şəhadətin mahiyyəti haqqında bilikdir ki, o, nadanlıqla bir araya
sığmaz; (2) bu, şəhadətin doğruluğuna iman gətirməkdir ki, şəkk gətirməklə bir
araya sığmaz; (3) bu, qəlblə və ağızla şəhadətin qəbul edilməsidir ki, onun
sözlərini deməkdən boyun qaçırmaqla bir araya sığmaz; (4) bu, şəhadətin bütün
tələblərinə mütiliklə tabe olmaqdır ki, Allaha və Onun Peyğəmbərinə (s.ə.s.)
asi olmaqla bir araya sığmaz; (5) bu, şəhadəti dilə gətirərkən təbii olan səmimiyyətdir
ki, yalanla bir araya sığmaz; (6) bu, şəhadətə bəslənilən məhəbbətdir ki, təkallahlığa
qarşı kinlə və ikrahla bir araya sığışmaz; (7) bu, Allahdan başqa hər şeyə
qarşı ibadət etməkdən əl çəkməkdir.
Lövhi-Məhfuz – ərəbcə “qorunan lövhə” deməkdir. Yaradılışdan
Qiyamətə qədər olacaq hər şeyin yazıldığı ilahi bir Kitabdır. Lövhi-məhfuz
Allahın elmi və sifətləri ilə bağlıdır. Onun qorunan, hifz edilən kimi
adlandırılmasının səbəbi onda yazılmış ilahi məlumatlara hər hansı bir
müdaxilənin mümkün olmaması, onların də-yişdirilməsinin imkansızlığı və mütləq
mühafizə altında olmasıdır.
Makka
– Məkkə – Səudiyyə Ərəbistanında şəhərdir. Müsəlmanların ən mühüm müqəddəs
yeri olan Kəbə bu şəhərdə yerləşir. Onun əsası İsmail peyğəmbər (ə.) dövründə
qoyulmuşdur. Muhəmməd Peyğəmbər (s.a.s.) də orada anadan olmuş və İslamı
yaymağa başlamışdır.
Manna – şehdən əmələ gələn bal kimi kitrə.
Mehr – nikahla əlaqədar olaraq nişanlının
adağlısına verdiyi cehiz, maddi mükafat.
Mədyən – (a) Mədyən Şueyb peyğəmbərin
(ə.) xalqının yaşadığı şəhərin adıdır; (b) mədyənlilər Mədyən ibn İbrahimin nəslidir,
Şueyb peyğəmbəri (ə.) inkar və rədd etdiklərinə görə Allah tərəfindən məhv
edilmişlər.
Mənat – bütpərəst ərblərin əl-Aus və əl-Xəzrəc
qəbilələri tərəfindən ilahiləşdirilmiş və Məkkə ilə Mədinə arasındakı Kudeyda
adlı yerdə qoyulmuş ən məşhur bütlərindən biri. Məkkə fəth edilən ildə Əli ibn
Əbu Talib (Allah ondan razı olsun!) Muhəmməd Peyğəmbərin (ona Allahın
salavatı və salamı olsun!) əmri ilə bu bütü dağıtmışdır.
Mənsux – ləğv edilmiş Quran ayələri və ya dini
hökmlər. Quranın üç növ ləğv edilmiş ayələri mövcuddur:
Birincisi,
ayədə verilən göstəriş ləğv edilir və ayə özü Quranın mətnindən çıxır. Bu qayda ilə
Fövqəluca Allah yad qadının əmizdirdiyi uşağa öz döşündən on dəfə doyurana qədər
süd verməsi ilə süd qohumluğunun yaranması haqqında hökmünu ləğv etmişdir.
İkincisi, ayədə olan hökm saxlanılır, amma ayə Quran mətnindən
düşür. Beləliklə, Fövqəluca Allah beş dəfə tam əmizdirmədən sonra süd
qohumluğu yaranması barədə xatırlatma olan ayəni və habelə zinakarlıq etmiş
evli kişi ilə ərli qadını ölənədək daşlamaqla edam etmək haqqında ayəni də ləğv
etmişdir.
Üçüncüsü,
ayənin tərkibində olan hökm ləğv edilir, amma ayə Quranın mətnində saxlanılır. Bu qayda ilə, vəsiyyətnamə haqqında
ayə və Quranın bir sıra digər hökmləri ləğv edilmişdir.
Quran ayələri
və Muhəmməd Peyğəmbərin (s.ə.s.) əmrləri Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!)
məhz yaşadığı dövrdə Fövqəluca Rəbbin iradəsi ilə ləğv edilmişdir və Muhəmməd
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) vəfatından sonra dəyişdirilə
bilməz.
Möhkəmət – aydın məzmunlu və qüvvədən düşməmiş dini
hökmlərdən ibarət olan Quran ayələridir.
Muəlləfat əl-Kulub – Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı
və salamı olsun!) İslamı yenicə qəbul edib müsəlman olmuş şəxslərə
onların imanını möhkəmlətmək üçün verdiyi sədəqə.
Muhacirun –
(a) 8-ci əsrdə Məkkə fəth edilənə
qədər, digər şəhərlərdən və vilayətlərdən Mədinəyə köçmüş (hicrət etmiş) Muhəmməd
Peyğəmbərin (s.a.s.) səhabələridir; (b) İslama düşmən münasibət bəsləyən ölkələrdən
öz əqidəsini qorumaq məqsədilə hicrət edən müsəlmanlardır.
Mütəşabihat
– (Hərfi mənada – bir-birinə bənzəyənlər)
Quranın mənası qapalı olan, bir sıra fərqli mənalar verən, təfsirində çətinlik
çəkilən ayə və kəlmələr. Bunların cəminə mütəşabihat deyilir. Ayələrin əsil
mənasını onları şərh etməklə başa düşmək olur. Allahın sifətləri, Qiyamətin
durumu, Cənnət nemətləri, Cəhənnəm əzabı və s. haqqındakı ifadələr bu qəbildən
olan mütəşabihlərdir. Məsələn, bir ayədə (Zumər, 39/23): “Allah Sözün ən
gözəlini – bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi” deyilərək,
Quranın bütövlükdə mütəşabih olduğu bildirilir. Burada mütəşabih sözü oxşar,
bənzər mənasında işlədilmişdir. Quranın Ali-İmran surəsində isə ayələrin
aydın və mütəşabih olmaqla iki qismə ayrıldığı göstərilir: “Quranın bir
qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın əsasıdır. Digərləri isə mənası
aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və
istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər.
Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə
deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə
ancaq ağıl sahibləri dərk edərlər” (Ali-İmran, 3/7).
Müttəqi – Allahdan qorxan və mömin müsəlmandır. O, Fövqəluca
Allah qarşısında qorxudan günah işlətməkdən boyun qaçıran və Rəbbinə bəslədiyi
məhəbbət xatirinə xeyirxah əməllər edəndir.
Müzdəlifə – Ərəfat və Mina
arasında yerləşən vahədir. Zəvvarlar Zül-hiccə ayının onuncu gecəsi orada
gecələyirlər.
Nar – (a) od; (b) Cəhənnəmin adlarından biri.
Nəsux – daha əvvəlki dini hökmləri ləğv edən,
qüvvədən salan Quran ayəsi və ya dini hökm.
Ramazan – müsəlman Ay təqviminin doqquzuncu ayıdır. Bu ay ərzində
müsəlmanlar fərz (bax) oruc tuturlar.
Bu ayda Mübarək Quranın nazil edilməsi başlanmışdır və Böyük Bədr döyüşü baş
vermişdir. Bu ayın son ongünlüyünün günlərindən biri Qədr gecəsi
adlandırılmışdır.
Rəqim – ya yer
adıdır, ya da mağarada üç yuz il və bir də doqquz (il) yatmış gənclərin adı həkk olunmuş daşdır.
Rəss – Rəss Səmud yaşayış məskənlərindən birinin adı və ya
Yamamada bir şəhərin adı, ya da ki, Azərbaycanda bir quyunun adıdır. Hədislərdən
birində nəql edildiyinə görə bu quyulardan birinə Allahın peyğəmbərlərindən
birini atıbmışlar. Belə bir rəy də var ki, bu ad “Yasin” surəsində əhvalatı yad
edilən bir xalqın yaşadığı məskənin adıdır.
Roma – Əsfər ibn Roma ibn Əys ibn İshaq ibn İbrahimin nəsilləri
olan vizantiyalılar və başqa xalqlardır.
Ruhullah – Muhəmməd Peyğəmbərin
(ona Allahın salavatı və salamı olsun!) səhabələri və ilk müsəlman
ilahiyyatçıları “Allah” sözünün təyin olduğu iki söz birləşməsi arasında fərq
qoyardılar: (a) söz birləşməsində təyin edilən söz canlı şəxs olduqda və ya
cansız əşya olduqda. Məsələn, Beytullah (Allahın Evi); Rasulullah (Allahın
Elçisi); Abdullah (Allahın qulu); Ruhullah (Allahın Ruhu). Bu və başqa belə
ifadələrdə təyinolunan söz Fövqəluca Allah tərəfindən xəlq edilmişləri
bildirir. “Allahın Ruhu” ifadəsi onu Allahın yaratdığını, onun Ona məxsus
olduğunu bildirir. Bu adla Allahın peyğəmbıri İsa (ə.) çağırılır. Onu
yaradan zaman Allah buyurmuşdur: “Ol!” və peyğəmbər qeybdən yaranmışdır.
Eynilə bu qaydada Adəm peyğəmbərin (s.) də ruhu xəlq edilmişdir; (b) söz birləşməsində təyinolunan söz keyfiyyət bildirəndə, məsələn:
elmullah (Allahın elmi); Həyatullah (Allahın həyatı); Kəlamullah (Allahın
nitqi); Zatullah (Allahın mahiyyəti). Bu və digər belə ifadələr Fövqəluca Allaha
xas olan ilahi keyfiyyətlərini əks etdirir.
Rükət – namazın qiyamdan,
rükudan və iki səcdədən ibarət olan bir hissəsidir.
Rüku – qabağa əyilmə, namazda qiraətdən
sonra yerə paralel şəkildə önə əyilmə, fiqh istilahıdır. Rüku namazın rüknlərindən
(vacib ünsürlərindən) biridir və fərzdir (məcburi vacib olandır). Rükuda əllər
dizlərə qoyulur. Namazda tam rükuya getməyən şəxs (ayaq üstə dayanmaya yaxın olarsa)
rükuya getmiş sayılmır, əyilməsi rüku vəziyyətinə yaxın olduqda isə bu
sayılır. Camaatla namaz qılarkən imama rükuda çatan şəxs ayaq üstə “Allahu Əkbər”
deyərək rükuya gedir.
Sabiun – səbailər (Səbalılar) İraq ərazisində yaşayan xalq,
tək Allaha ibadət edərdilər, Zəburun hökmlərini yerinə yetirərdilər və nə yəhudilərə,
nə də xristianlara aid deyildilər.
Saibə – ardıcıl olaraq on dişi dəvə balalayan və buna görə ərəb
bütpərəstləri tərəfindən sitayiş edilən dişi dəvədir. Bütpəsətlər onu sərbəst
buraxır, onu minmir, onunla yük daşımır, yununu qırxmır və sdünü də ancaq
qonağa verirdilər.
Səb əl-Məsani – Tez-tez təkrarlanan yeddi Quran ayəsi və ya surəsi.
“əl-Fatihə” surəsi (“Quanı açan”) və ya yeddi ilk uzun Quran surələri.
Səbailər – Mübarək Quranda yəhudi və xristianlarla bir yerdə
adı çəkilən bir xalqdır. “Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və səbailərdən
Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz
Rəbbi yanındadır...” (Bəqərə, 2/62).
Səəy – əs-Səfa və əl-Mərv təpəlikləri arasında həccdə
qaçış mərasimi və kiçik ziyarətlə bağlı bir ənənədir.
Səir – Alov, Cəhənnəmin adlarından biri.
Səqər – Cəhənnəmin adlarından biri.
Səlsəbil – Cənnət bulağının adı.
Səmud – səmudlular, Təbuk
və Məkkə arasında yerləşən bir sahədə yaşamış qədim bir xalqdır. Onlar Allahın
Peyğəmbəri Salehi (ə) rədd etmişdilər və buna görə amansız bir səslə məhv edilmişdilər.
Siccin – (a) günahkarların əməllərinin yazıldığı kitab; (b)
yer kürəsinin ən aşağıda olanı.
Sidrət əl-Müntəha – Son hüdud şanagülləsi (lotos – göldə bitən çiçəkli
bitki). Yeddinci göydə bitən ağac belə adlanır. O, bu adını ona görə alıb ki,
yerdən gedən və Allahdan nazil olan hər nə varsa, ona qədər gedib çatır. Belə
bir ehtimal var ki, onun belə adlandırılması yerdən və yeddi göydən yuxarıda
olması və yaradılmışların bilik səviyyəsinin tükənməsi onunla bağlıdır. Bu məsələ
ilə əlaqədar digər rəylər də mövcuddur.
Sirat – (a)
yol; (b) Cəhənnəmin üstündən salınmış
körpünün adıdır. Qiyamət günü adamlar onun üstündən keçib getməlidirlər.
Bu körpü tükdən nazik və qılıncın tiyəsindən itidir. Onların üstündə
qarmaqlar sallanmışdır ki, günahkar insanları qamarlayıb Cəhənnəmə
atacaqdır.
Sur – Qiyamət saatı gələn anda böyük mələklərdən
biri olan İsrafil əleyhissalamın üfürüb səsləndirəcəyi bir vasitə. Şərəfli
Quranda surun necəliyi açıqlanmamışdır. Peyğəmbərimizin (s.ə.s.) hədisində isə
onun “buynuzabənzər bir alət” olduğu bildirilir.
Surə – (a) Müqəddəs Quranın müstəqil hissələri; (b) yüksək
məqam. Quran hissələri – Məkkə və Mədinə surələrinə bölünür. Qurani Kərimin
114 müstəqil hissəsinin hər birinə verilmiş ad, yüksək rütbə, dərəcə, mövqe,
şan, şöhrət, gözəl bina, binanın bir hissəsi və ya mərtəbəsi, divar hörülməsində
işlədilən daş, kərpic, nişanə və ya əlamət mənasında da işlədilən bir kəlmə.
Sünnə – (a) Muhəmməd
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yolu. “Peyğəmbərin
yolu” adı altında onun əməlləri, davranışı, kəlamları, əmrləri və b.; (b) məcburi
olmayan və yerinə yetirilməməsinə görə müsəlman üçün cəza nəzərdə
tutulmayan göstəriş və tövsiyələri.
Sünnə – yol, gedilən yol, təbiət, şəriət, üz,
Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) sözü,
əməlləri, rəftarı, davranışı, bəyəndiyi şeylər, əməllər, hərəkətlər, qoyduğu
qaydalar. Ərəb dilində cəm halında “sünən” adlanır.
Şəfaətçi – bir adamın bağışlanmasını istəyən şəxs,
başqası üçün yalvaran, dua edən.
Tağut – (a)
Fövqəluca Allahla yanaşı ilahiləşdirilən
və ibadət olunan hər hansı bir məxluq; (b) Allahın haram buyurduqlarına
riayət etməyən günahkar; (c) şeytan və iblis; (ç) cadugərlər və baxıcılar; (d)
insanları aldadan və Allahın şəriətinə zidd olan qanunlar qəbul edən kafirlər
və (e) büt yerləşdirilən bina.
Təbuk – Mədinədən 700 km şimalda yerləşən şəhər
Təqva – Allah qorxusu.
Təsnim – Allaha yaxın olan qulların içdiyi Cənnət çeşməsi
Təvaf – Kəbənin ətrafına dolanmaq adəti. O, Qara daşın səviyyəsində
başlanır və qurtarır və yeddi dairədən ibarət olur.
Tövhid – ibadətdə, hökmranlıqda, gözəl adlara və
sifətlərə malik olmaqda Fövqəluca Allahın təkliyini təsdiq etmə.
Tubba – Yəmənin Xumeyri hakimlərinin titulu.
Uhud – Mədinədə məşhur dağdır. Onun yaxınlığında hicri təqviminin
3-cü ilində Məkkə bütpərəstləri ilə müsəlmanlar arasında irimiqyaslı döyüş
baş vermişdir.
Ümrə – Məkkənin kiçik ziyarəti.
Vəhy – gizli danışıq, işarə etmə, əmr etmə,
ilham vermə, pıçıldama, məktub yazma, elçi göndərmə, tələsdirmə, səs çıxarma.
Fövqəluca Allahın bilavasitə və ya başqa Özünəməxsus üsullarla Öz əmrlərini
peyğəmbərlərinə bildirməsi mənasında bir Quran istilahıdır.
Vəsilə – ardıcıl olaraq beş doğumda on dişi bala
verən qoyun. Ərəb bütpərəstləri belə qoyuna sitayiş etməyə başlayırdılar.
Bütpərəstlər onun ətini yeməyi ancaq kişilərə icazə verirdilər.
Yəsrib – Nurlu Mədinənin İslama qədərki
adı.
Zəkat – varlı müsəlmanlar tərəfindən hər il ödənilən
var-dövlətin bir hissəsidir. O, qoyulmuş qayda-qanunlara müvafiq olaraq müəyyən
dərəcələrə bölünmüş adamlardan alınır.
Zəqqum – Cəhənnəmin ən dərinliyində bitən ağacdır, meyvələri
İblisin başına bənzəyir.
Zül-Qərneyn – hakimiyyəti bütün yer üzünə yayılmış qədim dünyanın ən böyük
hökmdarlarından biri. O mömin və təqvalı
(bax) bir insan idi və Uca Allahın mərhəməti sayəsində bir müddət insanları
Yəcuc-Məcüc qəbiləsinin əlindən xilas etmişdi. Allahın bu mömin bəndəsi əl-Kəhf
surəsində xatırlanır.
[1] Əraf, 7/199.
(F.S.)
[2] Əbdürrəhman əs-Səədinin
vəfatından sonra qərəzli və təhrif edilmiş nəşrlər nəzərdə tutulur ki, rus
dilindən tərcümə etdiyimiz və Azərbaycan dilində çap etdirdiyimiz bu nəşr həmin
nöqsanlı nəşrlərdən uzaqdır. Bu iddiamızın dəlili Şeyx Bəkir b. Abdullah Əbu
Zeydin müqəddiməsinə əsaslanır F.S.
[3] Hicri 1376-cl
ildə vəfat etmişdir. F.S.
[4] Ayənin şərhi: “Bu və buna bənzər
ayələr, insanların iman gətirməli olduqları nə varsa, hamısını əhatə edir.
Bilməliyik ki, iman gətirmək dedikdə, əsas dini baxışlarda əqidə möhkəmliyi nəzərdə
tutulur və bu, ruhun və bədənin etdiyi əməllərlə təsdiq olunur. Bu ifadədən
belə anlamaq olar ki, iman, imanın bir hissəsi və nəticələrinin biri olan saleh
əməllərin hamısını özündə birləşdirir. Əgər iman Quran ayələrində ayrıca xatırlanırsa,
o həmişə İslamı və saleh əməlləri bildirir, əgər təkcə İslam qeyd olunursa,
onda o, həmişə imanı və əməlisaleh nəzər nöqtələrini əks etdirir. Əgər onlar
ikisi birlikdə yad edilirsə, onda iman adı altında qəlbdə olan etiqad, İslam
adı altında isə, açıq şəkildə həyata keçirilən saleh əməllər nəzərdə tutulur.
Eyni şeyi imanın saleh əməllərlə yanaşı xatırlandığı ayələr haqqında da demək
mümkündür”. Tərc. F.S.
[5] Bu ayənin şərhi
də yuxarıdakı (Bəqərə, 2/136) kimi böyük məharət və bacarıqla verildiyi üçün,
onu burada göstərməyi lazım bilmədim. Tərc. F.S.
[6] Şeyx Əbu Zeydin dəqiqləşdirmədiyi bu ayə Əhzab surəsinin 13-cü ayəsidir.
Tərc. F.S.
[7] Mədinəlilər.
F.S.
[8] Qeybə aid
elmlərdən biridir. Tərc. F.S.
[9] Burada İbn
Teymiyyədən gətirilən sitat sona yetir. Tərc. F.S.
Комментариев нет:
Отправить комментарий