TƏRCÜMƏÇİNİN
İKİNCİ CİLDƏ SÖZÖNÜ
Həmd olsun Allaha, aləmlərin Rəbbinə! Hikmətlərinin
bənzərsizliyi ağıllara qalib gələn, dəlillərinin ecazkarlığı məfkurələri
heyran qoyan, möhtəşəm sənətinin xarüqəladə özəllikləri inkarçı kafirlərə
üzrxahlıq etməyə imkan yeri qoymayan, ayələri bəşəriyyətə “Allahdan başqa
heç bir tanrı yoxdur” müjdəsi verən Müqəddəs Allaha həmd olsun! O Allah ki,
Onun Özünə bərabər ola bilən nə bir tayı, nə Ona bənzəyə biləcək bir oxşarı və
nə də Ona köməkçi ola biləcək şəriki var! Onun nə övladı, nə valideyni, nə zövcəsi,
nə də misli var! O, hər şeyi qəhr edən ilahi gücü ilə müstəbidləri qəddini əyməyə
Məcburedəndir! O, Əzəməti və Qüdrəti qarşısında zalım və qəddar padşahların zəlil
günə düşdüyü, heybəti qarşısında bütün fironların vahimə içində səcdəyə
qapıldığı, xəlq etdiklərinin hamısının, öz istəklərindən asılı olmayaraq,
Ona itaət etdikləri Tək Allahdır! Əziz və Cəlil Allah bu barədə belə buyurur: “Göylərdə
və yerdə olan məxluqlar da, onların kölgələri də səhər-axşam istər-istəməz
Allaha səcdə edir” (Rəd, 13/15).
Fövqəluca Allahın bəşəriyyətə bəxş etdiyi ən böyük
nemətlərindən biri Quran və onu Allahın Özünün mühafizə etməsidir. Allahın
Peyğəmbəri Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) ümməti üçün
hazırladığı və onu şərəfləndirdiyi ən əhəmiyyətli fəzilətlərindən biri də
Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi Vəhyi – Quranı
qoruması və himayəsi altına almasıdır. Qüdrətli Allah Quranı müsəlmanların Peyğəmbərinin
(ona Allahın salavatı və salamı olsun!) həqiqi peyğəmbər olmasına bir dəlil
etmiş, ona verdiyi üstünlüyü açıq şəkildə bildirərək, onu təkzibolunmaz dəlilə
çevirmişdir. Böyük Allah bu Quran ilə Öz Elçisini (ona Allahın salavatı və
salamı olsun!) yalançı və iftiraçılardan fərqləndirmiş və bunun sayəsində
möminləri də inkarçı kafirlərdən və müşriklərdən, Ona şərik qoşanlardan
qabarıq şəkildə ayırmışdır. Müdrik Allah elə bir Quran nazil etmişdir ki,
yer üzündə yaşayan bütün cinlər və insanlar bir yerə toplaşıb bütün səylərini cəm
etsələr də, onun bənzərini, əsla yaza bilməzlər. Sonsuz Lütf Sahibi Allah
Quranı möminlər üçün qaranlıqları nurlandıran bir günəş, şübhələri yoxa
çıxardan bir aydınlıq, azğınlığa aparan yollarda həqiqəti göstərən bir rəhbər,
qurtuluşa və hidayət yoluna yönəldən bir bələdçi etmişdir. Həmçinin, Mərhəmətli
Allah Özünün bir ayəsində belə buyurur: “Allah, Onun rizasını arayan şəxsləri
bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən
nura çıxarır və düz yola yönəldir” (Maidə, 5/16). Bəsirətli Allah heç vaxt
yatmayan gözləri ilə Quranı qoruyub saxlayır, onu dağıdılmaz qalası
ilə əhatə edir. Zamanın, qərinələrin keçməsi ilə o əsrarəngiz qalanın
sütunları möhkəmliyini itirməz, qüdrət əlamətləri yoxa çıxmaz. Allahın və Onun
Elçisinin (ona Allahın salavatı və salamı olsun!) ehkamlarına riayət edənlər
heç vaxt doğru yoldan sapmazlar.
Müqəddəs Quran möminlərin mübahisəyə düşdükləri
anda ona sığındıqları, müsibətə uğradıqları zaman içinə çəkilib qorunduqları
istehkam, şeytanın vəsvəsəsinə qarşı müdafiə olunduqları yenilməz qaladır. Şərəfli
Quran möminlərin baş əydikləri yeganə hakim və müraciət etdikləri ən qəti
hökmdür. Möminlər öz arzuları ilə Müqəddəs Qurana möhkəm sarılır və bununla
özlərini təhlükələrdən xilas etmiş olurlar.
Ey Allahım! Sən məni Quranın aydın və mütəşabeh,
halal və haram, ümumi və xüsusi, yığcam və təfərrüatlı, nəsx və mənsux, asan və
çətin ayələrinin bu – şeyx Səədi təfsirini gözəl tərzdə ana dilimizə çevirməyə
müvəffəq et və bu təşəbbüsümü uğurla sona çatdırmağı mənə nəsib et! Allahın
Son Elçisi və Peyğəmbəri Muhəmmədə, ailəsinə və səhabələrinə salat və salam
olsun!
Ey Allahın qulları! Allah sizə rəhm etsin! Bilin
ki, öyrənilməsi üçün səy göstərilməyə layiq olan və mənimsənilməsi ilə məqsədə
çatılan, əldə edilməsi ilə insana Allahın razılığını qazandıran şey Qurandır.
Onu oxuyan çoxlu xəzinələr əldə edər və böyük mükafatlara sahib olar. O, elə
bir Kitabdır ki: “Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O,
Müdrik və Tərifəlayiqolan tərəfindən nazil edilmişdir” (Fussilat,
41/42). Görkəmli alimin bu Təfsiri də Müqəddəs Qurana layiq hüsntəvəccöh,
vurğunluq və məhəbbətlə yazılmışdır.
Möhtərəm oxucu!
Kitabın birinci cildindən təkrarladığım[1]
giriş hissəsindən sonra, növbəti cildə
yazdığım ön sözümdə sizə bir sıra yeni qeydlərimi çatdırmaq niyyətindəyəm.
İlk öncə görkəmli İslam alimi və mütəfəkkiri, Quranın yüksək istedada malik təfsirçisi
Şeyx Əbdürrəhman əs-Səədinin ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə etməyə cəsarət
göstərdiyim bu əsərinin, bundan öncə çevrilmiş dildəki bir sıra xüsusiyyətlərini
nəzərinizə çatdırmaq yerinə düşərdi. Bunun səbəbi həmin əsəri ərəbcədən rus
dilinə tərcümə etmiş mütərcim haqqında oxucu kütləsinə məlumat vermək və onun ərəb
dilinə bələd olmayan müsəlmanlar üçün necə böyük və tərifəlayiq savab bir iş
gördüyünü nəzərə çatdırmaqdır.
İlahiyyatçı Elmir Rəfail oğlu Quliyev Şeyx Əbdürrəhman
əs-Səədinin bu əsərini ərəbcədən rus dilinə tərcümə etməzdən əvvəl, özünün qeyd
etdiyi kimi, həmin dilə əvvəlcə Müqəddəs Quranı tərcümə etməli olmuşdur. Bu
gün rus dilində mövcud olan Quranın bütün məna tərcümələri arasında həmyerlimizin
işini ən uğurlu və ən mükəmməl hesab etmək olar. Məhz belə bir Quran tərcüməsi
hörmətli E. Quliyevə bu ecazkar təfsirin də tərcümə edilməsi üçün geniş
imkanlar yaratmışdır.
Elm aləmində çox təriflənən bu qiymətli təfsiri
bir çox digər təfsirlərdən fərqləndirən cəhət, onun bir sıra özünəməxsus müsbət
məziyyətlərinin olmasıdır. Bu xüsusiyyətlərin bəziləri haqqında əsərin müxtəlif
nəşrlərinə tanınmış görkəmli şəxsiyyətlər tərəfindən yazılmış müqəddimələrində
qeydlər edilmişdir. Bunlardan bəzilərini mən Azərbaycan dilinə tərcümə
etdiyim bu əsərə əlavə etmişəm. Xülasə halında demək olar ki, bu təfsirin aşağıdakı
özəl xüsusiyyətləri onu digər təfsirlərdən qəti fərqləndirir:
Şeyx əs-Səədi təfsirində Quranın nazil edilməsi məqsədilə
əlaqəsi olmayan lazımsız söz təhlillərinə, şəriət hüququ (fiqh) üzrə mübahisəli
məsələlərə və fəlsəfəçiliyə yol verilməmişdir;
əlinizdəki Təfsir bir sıra müfəssirlərin xilas ola
bilmədiyi İsrail əfsanələrindən[2]
nümunələr əxz etməmişdir;
o, nə oxucunu bezikdirici dərəcədə uzun, nə də məqsədi
tam çatdıra bilməyəcək dərəcədə qısa deyildir;
təfsir bir çox elmi, əxlaqi və tərbiyə səciyyəsi
daşıyan faydalara malikdir;
bu Təfsirdə Şeyx əs-Səədi xüsusilə peyğəmbərlərin
Quran hekayətlərindən çox əhəmiyyətli, hikmətli və həyatda rəhbər tutulması
vacib olan nəticələr çıxarmışdır;
hər şeydən daha əhəmiyyətli olan odur ki, bu Təfsir,
bidətə və fəlsəfəçiliyə aludə olmuş kəlamçıların hər cür pozğun təhriflərindən
uzaqdır.
Şeyx əs-Səədi (Allah ona rəhmət etsin) uluhiyyət
tövhidi, rububiyyət və sifət tövhidi üzrə və bütün digər əqidə məsələlərində
Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun!) kəramətli Sünnəsinə sadiq olan yaxın zaman alimlərindən
biridir. Bir sözlə desək, bu Təfsir, İslam əqidəsi haqqında istinad edilməsinə
layiq və zəruri olan bir əsərdir.
Onu da deyim ki, bu məşhur təfsirin Azərbaycan
dilinə tərcüməsi təbii ehtiyacdan doğmuşdur. İyirminci əsrin 90-cı illərinin əvvəlində
Azərbaycan xalqı ilk dəfə olaraq müasir ana dilimizdə Fövqəluca Allahın Müqəddəs
Quranı ilə böyük alimlərimiz Ziya Bünyadov və Vasim Məmmədəliyevin sanballı tərcüməsi
sayəsində tanış olublar. Sonrakı illərdə bu tərcümə bir sıra təshihlərlə dəfələrlə
nəşr olunaraq oxuculara təqdim edilmişdir. Müqəddəs Quranın daha bir sıra digər
şəxslər tərəfindən edilmiş tərcümələri də nəşr olunmuşdur. Sevindirici haldır
ki, son illərdə yüksək dini təhsil almış gənc islamşünaslar da bu çox mühüm bir
sahədə Allahın dininə və xalqımıza öz töhfələrini verməyə təşəbbüs göstərirlər.
Məhz bu özəl şərtlər dinimizin əsas Kitabının geniş
və asanlaşdırılmış şərhini də müsəlman oxucularımıza və İslam dəyərləri ilə
maraqlanan digər insanlarımıza Azərbaycan dilində çatdırmağa imkan yaratmışdır.
Buna görə
Şeyx Əbdürrəhman əs-Səədinin “Səxavətli və Mərhəmətli Allahdan gələn
asanlaşdırma” adlı Quran təfsiri olan sanballı çoxcildlik əsərinin dilimizə tərcümə
edilməsi – mənə görə mənəvi tələbat, Allahın rizasını qazanmaq üçün Onun dini
naminə bir töhfə və azərbaycandilli insanlar üçün isə onların İslamı dərindən
mənimsəmələrinə yeni bir vəsilə olması niyyətindən irəli gəlmişdir. Təbii ki, çətinlikləri
asanlaşdıran yalnız Allahdır. Həmd olsun Allaha, aləmlərin Rəbbinə!
Əziz və möhtərəm oxucu!
Müqəddəs Quranın təfsirini sizə Azərbaycan dilində
tam aydın və asan başa düşülən şəkildə çatdırmasını, bizi uğur yoluna yönəltməsini
və bu kitabı həm bu dünyamız və həm də Axirətimiz üçün faydalı və savab vasitəsi
etməsini Müdrik və Qüdrətli Allahdan rica edirəm.
Fövqəluca Allahın qullarına bəxş etdiyi ən böyük
nemətlərindən biri də fikri ifadə və izah etmə qabiliyyətidir. Allahdan
arzum budur ki, bu tərcümənin gözəl və aydın oxunaqlı şəkildə insanlarımızla
qovuşması üçün mənə Öz yardımını əsirgəməsin.
Mərhəmətli Allah qullarını, öz fikirlərini düzgün
ifadə etmək qabiliyyəti baxımından, bir-birindən fərqli yaratmışdır. Mərhəmət
Sahibi, bu barədə belə buyurur: “...birinizi digərinizin fövqünə dərəcə -
dərəcə qaldıran Odur...” (Ənam, 6/165). Fövqəluca Allahın möhtərəm şeyx
Əbdürrəhman əs-Səədiyə gözəl istedad və qabiliyyət bəxş etməsi sayəsində görkəmli
təfsir alimi Quranın bu şərhini son dərəcə aydın və tezqavranılan formada
yazmışdır. Onu orijinaldan deyil, ikinci dildən tərcümə etmək böyük məsuliyyət
və mən deyərdim ki, cəsarət tələb edirdi. Bu keyfiyyətlərin az da olsa bir
qismini mənə əta etməsi üçün Alim və Mərhəmətli Allaha dönə-dönə dua etmiş və
Onun lütfkarlığına bel bağlayaraq tərcüməyə böyük həvəslə başlamışam və qısa
müddət ərzində əsərin ilk cildi hazırlanıb nəşr edilmiş, indi isə artıq ikinci
cild Onun sayəsində sevgili oxucularımıza təqdim olunur.
İnsanı ucaldan Allah Müqəddəs Quranda güclü ifadə
bəxş etdiyi şəxslərin dilsiz və acizlərdən üstün olduğunu bildirərək: “Onlar
zinət içində böyüdülən və çəkişmə zamanı aydın danışa bilməyənlərdir...” (Zuxruf,
43/18) deyə, sonuncuları səciyyələndirir. Əbdürrəhman əs-Səədi məhz Allahın
üstün tutduğu və yüksək qabiliyyət bəxş etdiyi insanlardandır. Onun təfsirini
ərəbcədən məharətlə çevirmiş Elmir Quliyevin tərcüməsini Azərbaycan dilində
ifadə edərkən kifayət qədər çətinliklərlə və hələ dilçiliyimizdə sabitləşməmiş,
dini ədəbiyyat istilahlarının tam alışılmamış tərəfləri ilə rastlaşmalı
oldum. Bunlar, əsasən, ilk növbədə Hərşeyiəhatəedən Allahın ad və sifətlərinin
dilimizdə hamının başa düşə biləcəyi formada verilməsi ilə bağlı idi.
Oxucuların diqqətindən, ehtimal ki, belə yeni söz və ifadələr yayınmayacaq, ola
da bilsin ki, hamıya eyni təsiri
bağışlamayacaq və bəzən isə, lap qeyri-adi görünəcək. Lakin tərcüməçinin ana
dilinə ilk dəfə çevrilən bu cür monumental əsərlərdə yeni sözlər işlətməyə məcbur
olması, məncə, təbii bir haldır, elmi-təcrübi baxımdan özünü müəyyən dərəcədə
doğruldur. Yeni termin və istilahlar süni sözyaratma üsulu ilə deyil, Allahın ərəb
dilində Onun Özü tərəfindən bəyan edilən kəlamlarından irəli gələn və Azərbaycan
dilinə gətirilməsi vacib olan tələbatdan doğmuşdur. Bu ön sözümdə də həmin
nadir ifadələrdən işlədilmişdir. Bundan başqa, öncədən qeyd etdiyim kimi,
şeyx Əbdürrəhman əs-Səədinin bu təfsirinin tərcüməsinin gerçəkləşdirilməsi
bir sıra obyektiv səbəblərlə əlaqədar idi. Belə ki, bu əsərin Azərbaycan
dilinə tərcüməsi, onun əsasını təşkil edən Quranın özünün ana dilimizə edilən tərcüməsi
ilə bilavasitə bağlıydı və Təfsiri tərcümə etmək üçün, ilk növbədə, qarşımızda
Quranın dilimizdə mövcud olan tərcümələrinin onun fundamental prinsipləri ilə
üst-üstə düşməsi problemi dayanırdı. Fərqlərin dərinliyinə varmadan, demək
yerinə düşür ki, ərəbcədən Azərbaycan dilinə həyata keçirilən həm əvvəlki
Quran tərcümələrində bir sıra təshihlərin edilməsi və həm də yeni nəşrlərin və
tərcümələrin işıq üzü görməsi və bəzi cüzi hallarda isə mənim, Allahın rizası
ilə, E. Quliyevin rus dilinə tərcümə etdiyi “Müqəddəs Qurandan” («Священный
Коран», Mədinə nəşri, Səudiyyə Ərəbistanı Krallığı, 1423-cü hicri ili) bəzi
fraqmentləri sərbəst tərcümə etməyim bir sıra çətinliklərin aradan qalxmasını
şərtləndirdi və Təfsirin tərcüməsinə yol açdı. Allah Hərşeyibiləndir, Onun icazəsi
olmadan heç nə baş vermir. Gerçəkləşən hər şey Onun hökmünə əsaslanır.
Təfsirin rus dilindəki mətnindən (А.Саади,
«Толкование священного Корана», М. «Умма», 2 cilddə[3],
2006) etdiyim tərcümə, onun quruluşunun və məzmununun tamlığı baxımından,
heç bir dəyişikliyə uğradılmamış, ixtisara yol verilməmiş və əsas mətn olduğu
kimi tərcümə edilmişdir. İşin gedişində paralel olaraq Türkiyədə türk dilində nəşr
olunmuş “Səədi Təfsiri” əsərindən (Abdurrahman b. Nasir es-Sadi,
“Tefsirus-Sadi”, Quraba, 2006, 5 cilddə) də istifadə edilmişdir. Bu xüsusiyyətlər
orijinalın tərcümə edilmiş dildə asan anlaşılmasını təmin edən özəlliklərdəndir.
Digər bir səciyyəvi hal kimi, (bunu çox əhəmiyyətli hesab edirəm) Təfsirin rus
dilinə tərcüməsi zamanı İslam dininə xas olan və bütün İslam və qərb ölkələrində,
demək olar ki, eynilə (tərcümə edilmədən) istifadə edilən bir sıra ərəb İslam
istilahlarının, rus dilindəki tərcümədə sərbəst qarşılığı verildiyi halda, mən
onları, Allahın rizası ilə, dilimizdəki ənənəvi formalarında işlətməyi məqsədəuyğun
saymışam.
Bundan əlavə, yuxarıda qeyd etdiyim kimi, Təfsirin
rus dilindəki mətni tərcümə edilərkən türk mətnindən də lazımınca
yararlanmışam ki, bu da əsərin orijinalına yaxınlığı daha da artırmışdır. Tərcümə
etdiyim rus dilindəki mətndə terminologiya ilə bağlı bir sıra digər özəlliklər
mövcud idi ki, mən, Allahın yardımı ilə, onları, qeyd etdiyim kimi, öz fərdi
üslubuma müvafiq olaraq, artıq gerçəkləşdirmişəm və sevgili oxucularımıza təqdim
edirəm.
Sonuncu qeydim Təfsirdə Müqəddəs Allahın adlarının
yazılışı ilə əlaqədardır. Əzəmətli və Müdrik Allahın adı bu tərcümədə şəxs əvəzlikləri
ilə ifadə olunduqda böyük hərflərlə yazılır. İslam Peyğəmbərinin (ona Allahın
salavatı və salamı olsun!) “Allahın Elçisi” adı və yazılışda ancaq Allahın son
elçisinin nəzərdə tutulduğu şərəfli “Peyğəmbər”, “Elçi”, “Allahın Elçisi” adları
da böyük hərflə yazılır. Lakin Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və
salamı olsun!) adının şəxs əvəzlikləri ilə ifadə olunması böyük hərflərlə işarə
edilməmişdir və bunun səbəbi – böyük hərflərlə yazılan şəxs əvəzliklərinin bu
çeviridə yalnız Allaha məxsus edilməsindədir.
Tanınmış alimlərimiz (mərhum) Ziya Bünyadovun və
V. Məmmədəliyevin Quranın tərcüməsindəki ad və sifətlərin yazılışı ilə onların
Təfsirin Azərbaycan dilində verdiyim mətnindəki yazılışları arasında müəyyən forma
fərqləri mövcuddur ki, bunlar, mənim Müdrik Allahın ad və sifətlərinin Ana
dilimizdə xüsusi olaraq sabitləşdirilməsi təşəbbüsümlə bağlıdır. Bu mülahizənin
oxucuların nəzərinə çatdırılmasının səbəbi, bu sahədə müxtəlif yanaşmaların və
adlandırılmaların geniş istifadə edilməsidir ki, onlara bu ön sözümdə aydınlıq
gətirməyi vacib sayıram.
İkinci cilddə verilməsi zəruri olan bir sıra digər
vacib izahlar sətiraltı qeydlərdə öz əksini tapmışdır və onların bəzilərinin bu
ön sözdə göstərilməsini məqsədəuyğun sayıram.
Beləliklə, həmin qeydlərin bir qismi ümumiləşdirilmiş,
digərlərinin isə hər birini ayrıca göstərməyi
üstün tuturam, çünki onların hər biri konkret mahiyyət kəsb edir.
-
Təfsirin
quruluşu haqqında. Əvvəlcə Quran ayəsinin ərəbcəsi, onun altında isə ayənin Azərbaycan
dilinə tərcüməsi verilir. Bundan sonra isə Təfsirin tərcüməsi gəlir.
-
Ayələrin
tərcüməsi üçün Z. Bünyadov və V. Məmmədəliyevin tərcüməsi əsas götürülmüşdür.
Lakin Təfsirin ərəbcə yazıldığını və bu zaman ayələrin orijinal əslə əsaslandığını
nəzərə alaraq, əsas müəllif mətninə dəyişikliklər və əlavələr etməmək və bilərəkdən
təhrifə yol verməmək xatirinə Quran ayələrinin Azərbaycan dilinə çevirisi qismən
və nadir hallarda isə rus mətninə əsasən (türk mətnləri ilə tutuşdurulmaq şərtilə),
tam redaktə edilmiş və zəruriyyət yarandığı hallarda isə ayənin tərcüməsinin
mətni bütövlüklə tərəfimizdən yenidən tərcümə edilmişdir.
-
Ayələrin
tərcüməsində verilmiş tərcüməçilərə məxsus əlavə izahlar mətnlərdən, ehtiyac
olmadığına görə, əksər hallarda çıxarılmışdır və bəzi hallarda isə səhifəaltı
(dib) yazıları kimi verilmişdir.
-
Bəzən
tərcümə mətninə edilmiş tərcüməçi əlavələri orijinal ayə və ona müvafiq
yazılmış şərhlə heç vəchlə uyuşmur, əhəmiyyətli dərəcədə fərqlənir. Belə hallarda
ayəni tərcümə etdiyim dildə verilmiş mətndən yenidən çevirməyə məcbur olmuşam.
Təbii ki, ayələrin çevirisi böyük səbr və səylə mövcud mənbələr üzrə yoxlanmış,
müqayisə və təhlil edildikdən sonra, Azərbaycan dilindəki variant üzərində
dayanılmışdır. Bu faktlar nadir deyil. Bütün bunları səhifəaltı qeydlərdə “Tərc.
F.S.” ya da, sadəcə, “F.S.” (Fərahim Sələfi) kimi vermişəm.
-
Nümunə
üçün qeyd edim ki, bir ayənin tərcüməsi belə verilmişdi: (5.55) Ayənin Azərbaycan
dilində olan tərcüməsində rast gəldiyim variant: “Sizin haminiz ancaq
Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır
və rükuda olduqları halda zəkat verirlər”. Ayənin ərəb mətni isə belədir:
ﯥ
ﯦ ﯧ ﯨ
ﯩ ﯪ ﯫ
ﯬ ﯭ ﯮ
ﯯ ﯰ ﯱ
ﯲ
-
Təbii
ki, bu mətndə “rükuda olduqları zaman zəkat verirlər” ifadəsini axtarmağın mənası
yoxdur!
Mən
isə ayənin tərcüməsini rus dilində verilmiş mətnə və, təbii ki, ərəb mətninə
daha uyğun şəkildə çevirdim və aşağıdakı izahı sətiraltında belə vermişəm: “(5.55)
“Sizin Himayədarınız Allah, Onun Elçisi, namaz qılıb zəkat verən və rükuya gedən
möminlərdir”. Ayənin fərqli tərcüməsi mənimdir. Z.B. və V. M. tərcüməsi belədir:
“Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri
və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər”(?).
Ayənin son, kursivlə verilən fraqmenti namazın huşu ilə qılınması tələbinə uyğun
olmadığı üçün, anlaşılmazdır, yəni, şəriət tələblərinə müvafiq olaraq, namaz
qılan zaman gözün səcdə yerindən çəkilməməsi tələb olunduğu halda, rükuda zəkat
vermək” (həm də nəzərə alaq ki, bu, tərcüməçilərin ayəyə əlavəsidir)
qeyri-təbiidir. Ayənin orijinalında, gördüyünüz kimi, belə bir söz və ya söz
birləşməsi də yoxdur. Təfsirin mətnindən də aydın olur ki, ayədə “rüku halında zəkat vermək” ifadəsi ilə bağlı şərhə yer
verilməmişdir. F.S.”.
Başqa
müəlliflərdən, əsərlərdən gətirdiyim sitatlar, mənbələri göstərilməklə, səhifəaltı
qeydlərdə verilmişdir.
Bu
və buna bənzər uyğunsuzluqlarla bağlı müvafiq izahlar səhifənin sonunda, xəttin
altında F.S. hərfləri ilə işarə olunmuşdur.
Möhtərəm oxucu!
Hər bir əsərdə nəzərdən qaçan müəyyən nöqsanların
olması mümkündür. Təkcə Müdrik Allahın Kitabı nöqsansızdır. Odur ki, bu tərcümədə
hər hansı bir gözəçarpan və əhəmiyyət kəsb edən xəta ilə rastlaşsanız, acizanə
xahiş edirəm ki, nöqsanlar barədə, zəhmət də olsa, növbəti nəşrlərdə nəzərə
alınması üçün qeyd və təkliflərinizi yazıb aşağıda göstərilən elektron poçtuma yollayasınız.
Lütfkar Allahdan bu tərcüməmi Öz xatiri üçün və
qullarına, onların xeyri üçün, sevdirməsini arzu edirəm!
FƏRAHİM
SÜLEYMAN OĞLU
QURBANOV (FƏRAHİM
SƏLƏFİ)
Mob.
634.38.78
e-mail:
odersalafi@gmail.com
[1]
Birinci cilddəki önsözün qismən təkrarlanmasının zəruriliyi hər cildin
ayrı-ayrı vaxtlarda nəşr edilməsi və önsözdə bütövlükdə əsərin bütün cildlərinə
məxsus açıqlamaların verilməsi ilə əlaqədardır. F.S.
[2] İsrail
əfsanələri – qədim İsrail qaynaqlarından götürülmüş yazılı və ya şifahi rəvayət
edilən hadisə və hekayətlərdir. İsrail Quranda öz əksini tapmış on iki yəhudi nəslinin
atası olan Yəqub peyğəmbərin (əleyhissalamın) adı və ya ləqəbidir. Yəhudilər bəni-İsrail
(İsrail oğulları) kimi tanınırlar. İbranicə olan “İsrail” sözü “isra” (“qul”) və
“İl” (Allah) sözlərinin birləşməsindən törəmişdir və “Allahın qulu” mənasını
ifadə edir. Bəzi təfsirlərə salınmış “İsrail əfsanələri” adlandırılan hekayətlər,
bu sözün lüğəvi mənasının nəyə dəlalət etməsindən və, ümumiyyətlə, yəhudi,
xristian və digər dinlərə məxsus mədəniyyət izləri kimi, yaxşı və ya pis məqsədlə
uydurulmasından asılı olmayaraq, Allahın Elçisi Muhəmmədə (ona Allahın salavatı
və salamı olsun!) və onun səhabələrinə və onlardan sonrakı nəsillərə aid edilən
hər cür xəbərlərdən ibarətdir. Bu əfsanələri təkcə yəhudi mədəniyyətinin
qalıqları kimi ifadə etmək yanlış olardı Qeydlər “Şamil İslam Ensiklopediyasından
(Türkiyə Respublikası internet nəşri) əxz edilmişdir. Tərc. F.S.
[3] Rus
dilində iki irihəcmli cilddə olan əsər türk dilində hər biri yeddi yüzdən artıq
səhifəlik beş cildə yerləşmişdir. Ehtimal edirəm ki, Azərbaycan dilində 6 və ya
7 cild həcmində olacaq inşallah! Tərc. F.S.
Комментариев нет:
Отправить комментарий