вторник, 3 июля 2012 г.

Ə.N. əs-Səədi. Təfsir. II c. 6.125-6.141 ayələr

Ə.N. əs-Səədi. Təfsir. II c. 6.125-6.141 ayələr


 (6.125) “Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam (dini) üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki (sıxıntının şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!”

Fövqəluca Allah bu ayədə qullarına nəyin xoşbəxtliyin və doğru təlimin əlamətləri olduğunu, nəyin isə bədbəxtliyin və yol azmanın əlamətləri olduğunu izah edir. İnsanın sinəsi İslam üçün genişləndikdə, onun qəlbi iman nuru ilə işıqlanır, etiqadının ziyalanması sayəsində canlanır, rahatlıq tapır və sakitləşir. Belə insan xeyirxahlığa məhəbbət hissi ilə yanaşır, saleh işləri həvəslə yerinə yetirir, onları etməkdən məmnunluq duyur və onları özünə əlavə yük saymır. Bütün bunlar ona dəlalət edir ki, Allah onu artıq doğru yola yönəltmiş, ona yardım göstərmiş və onu ən düzgün yolla aparır.
Allah insanı azdırmaq istəyərsə, onda onun sinəsi sıxılmış və daralmış olur. Onu başqasından fərqləndirən əlamət – qəlbinin imanı, bilikləri və etiqadı özündə yerləşdirməyə qabil olmayacaq dərəcədə daralmasıdır. Onun ürəyi şübhələr və ehtiraslar burulğa-nına o qədər qapılır ki, yaxşılıq ona daxil ola bilmir. O, artıq xeyirxah addımlar atmağa yaramır. O, sıxılmış və narahatdır, sanki bu adama göyə qalxmaq tapşırılıb və o, bu tapşırığı yerinə yetirməkdə acizdir. Bunun səbəbi isə düzgün imanının olmamasıdır. Məhz imansızlıq insanları Allahın cəzasına düçar edir, çünki kafirlər mərhəmət və xeyirxahlıq qapılarını öz qarşılarında özləri bağlayırlar.
Bu meyar tamamilə qərəzsizdir və bu müddəa qətiyyən dəyişməzdir. Sədəqə verənlərin və təqvalı olanların, ən yaxşı sözü qəbul edənlərin ən asan yolunu Allah həmişə daha da asanlaşdırır. Allah xəsis olanın və Ona ehtiyacı olmadığını güman edən adamın, ən yaxşı sözü yalan sayan adamın ən ağır yola düçar olmasını isə asanlaşdırır.

 (6.126) “Bu, Rəbbinin doğru yoludur. Biz ayələrimizi düşünüb anlayan bir camaat üçün artıq müfəssəl izah etmişik”.

Bu yol birbaşa Allaha doğru aparır və Onun şəfqətli yurdu ilə sonuclanır. O Öz şəriətini və hökmlərini izah edir, xeyirlə şər arasına sədd çəkir, lakin heç də hamı bu açıqlamaları başa düşməyə nail ola bilmir. Bunu, təkcə bilik əldə edib ondan faydalanaraq zikr edən insanlar anlamağa nail olurlar. Allah onlar üçün çox qiymətli əvəz və gözəl mükafat hazırlamışdır və buna görə sonra belə deyilir:

 (6.127) “Onları Rəbbinin yanında əmin-amanlıq Yurdu  gözləyir. Allah onların gördüyü işləri himayə edəndir (və ya gördükləri yaxşı işlərə görə Allah onların dostudur)”.

Cənnət Əmin-amanlıq Yurdu adlandırılmışdır, çünki orada nöqsanlardan, yanlışlıqlardan, xətalardan, qəm, kədər və həyatı zəhərləyən şeylərdən əsər-əlamət belə yoxdur. Cənnətdə alınan zövq mükəmməl və pakdır. Onları sözlə təsvir etmək mümkün deyil və heç kim qəlb, ürək və bədən üçün oradakından daha gözəl səadət arzulaya bilməz. Möminlər orada ürəklərinin istədiyi və gözlərinin dikildiyi hər şeyi ala biləcəklər və orada əbədi qalacaqlar. Onlara, işlərini sahmana salan, barələrində qayğı çəkən və bütün işlərdə onlara üstünlük verən, Ona tabe olmaqda onlara kömək göstərən, Onun məhəbbətinə layiq olmağa imkan yaradan Allah himayədarlıq edəcəkdir. Onlar öz Himayədarının mərhəmətini qazanmaq ümidi ilə həyata keçirdikləri saleh əməlləri sayəsində bu himayədarlığa layiq görülürlər. Onlar, öz Himayədarından üz çevirənlərə və öz nəfslərinə tabe olanlara qətiyyən oxşamırlar, çünki Allah şeytana imkan vermişdir ki, onlara qələbə çalıb, dinlərini və dünya həyatını məhv etsin.


 (6.128) “(Allah insanları və cinləri) toplayacağı gün (Qiyamət günü) belə buyuracaq: “Ey cin tayfası, artıq insanların bir çoxunu yoldan çıxartdınız”. Onların (cinlərin) insanlardan olan dostları deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik (şeytanlar bir sıra batil şeyləri insanlara gözəl göstərdikləri üçün insanlar onlardan faydalandıqlarını zənn edərlər. Cinlər, şeytanlar isə insanları özlərinə tabe edə bildikləri üçün onlardan öz qərəzli məqsədləri naminə istifadə edərlər) və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!” (Allah) buyuracaq: “Sizin düşəcəyiniz yer atəşdir. Allahın istədiyi (vaxt və ya sonradan İslamı qəbul edib nicat tapan kimsələr) istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!” Şübhəsiz ki, Rəbbin Hikmət, Elm Sahibidir!”

Fövqəluca Allah, yolundan azmış və başqalarını da azdırmış bütün insanları və cinləri bir yerə toplayacağı Həmin gün insanları azdıran, şəri onlara gözəl qiyafədə göstərən və onları günah işlətməyə məcbur edən şeytanları qınayacaqdır. Onlara belə deyiləcək: “Ey cin yığnağı! Siz insanların çoxunu azdırıb yoldan çıxartdınız. Necə oldu ki, siz Mənim qadağalarımı pozmağa və Mənim elçilərimə kobudcasına itaətsizlik göstərməyə cəsarət etdiniz? Siz qullarımı Rəbbin yolundan çəkindirərək və onları Cəhənnəm yolu ilə apararaq Mənə qarşı döyüşməyə cürət etdiniz? Bu gün siz Mənim lənətimə layiq görüldünüz və qəzəbimə nail oldunuz və sizin hər biriniz kafirliyinin və ətradakılara vurduğunuz zərərin ağırlığından asılı olaraq cəzalandırılacaqsınız. Siz törətdiyiniz əməllərinizi doğrulda bilməyəcəksiniz və özünüzə sığınacaq tapa bilməyəcəksiniz. Heç kim sizə havadar çıxmayacaq və heç kim yalvarışlarınıza cavab verməyəcək”.
Bu dəhşətli gündə şeytanların nəsibinə necə dəhşətli cəza, böyük rüsvayçılıq və məşəqqətli əzab düşəcəyini anlamaq çətin deyil. Onların insanlardan olan əlaltılarına gəldikdə isə onlar özlərini doğrultmağa cəhd edəcəklər, lakin onlara bəraət verilməyəcəkdir. Onlar deyəcəklər: “Biz və cinlər bir-birimizdən istifadə edirdik. Cinlər bizim onlara tabe olmağımıza və ibadət etməyi¬mizə, onları ucaltmağımıza və onlardan himayə edilməyimizi istəməyimizə razıydılar. Biz isə cinlərin sayəsində bəzi nöqsanlı arzuları¬mızın həyata keçməsindən razı idik. Biz cinlərə ibadət edir, onlar da bizə ximət edir və bəzi maddi nemətləri əldə etməkdə bizə kömək göstərirdilər. Biz inkar edə bilməyəcəyimiz günahlar edirdik. İndi isə törətdiyimiz əməllərə görə cavab verməli olacağıq. Bizimlə istədiyin kimi rəftar et, Öz hökmünü ver. Biz öz xeyrimizə heç bir dəlilə malik deyilik və bəraət qazana da bilmərik və bizə təkcə Sənin qərarını və hökmünü gözləmək qalır”.
Bu sözlərdə mütilik və özünə rəhm hissi doğurmaq arzusu nəzərə çarpır. Lakin artıq olduqca gec olacaqdır və buna görə Allah ədalətli və qərəzsiz hökm qəbul edərək, onları Cəhənnəmdə əbədi cəzaya məhkum edəcəkdir. Bu hökm Onun ilahi müdrikliyinin və elminin nəticəsi olduğu üçün bu ayənin sonunda Allah Özünü Müdrik və Bilən adlan¬dırır. Onun biliyi bütün varlığı əhatə edirsə, Onun ən ali müdrikliyi də hər şeyi öz¬ün¬də təcəssüm etdirir.

(6.129) “Beləliklə, qazandıqları günahlara görə zalımların bəzisini digərinə düçar edərik” .

Biz pozğunluq törədən şeytanlara insanlardan olan əlaltıla¬rını idarə etməyə və onları yoldan çıxarmağa imkan verir və həm də qazandıqları və can atdıqları şeyə görə onları dostluq bağları ilə bir-birinə bağlayırıq. Bu minvalla, Bizim qərarımıza uyğun olaraq, Biz bəzi zalımlara digər zalımları idarə etmək, onları cinayət törətməyə sövq etmək, onları buna dəvət etmək, yaxşı əməllər etməsinə mane olmaq, onlardan uzaqlaş¬dırmaq imkanı veririk.
Bu – Allahın ən dəhşətli cəzalarından biridir. Bu, ağır nəticə-lərə səbəb olur və böyük təhlükədən ibarətdir. Lakin buna görə məsuliyyət zalımlara aiddir, çünki onlar özləri özlərinə zərər vurmuş və özlərinə qarşı cinayət törətmişlər. Fövqəluca Allah əbəs yerə buyurmayıb ki: “(Ey Peyğəmbər!) Sənin Rəbbin (haqsız yerə) bəndələrə zülm edən deyildir!” (Fussilət, 41/46).
Bütün bu deyilənlərdən aydın olur ki, əgər qullar çoxsaylı zalım əməllər etdikdə, şərəfsizlik yaydıqa və öz vəzifələrini yerinə yetirmədikdə, hökuməti idarə etməyə zalım insanlar gəlir və onlar öz xalqlarını dəhşətli cəzaya məruz qoyur, onları hüquqlarından müstəbidcəsinə məhrum edirlər və onları törətdikləri bədbəxtlik-lərdən dəfələrlə daha ağır müsibətlərə düçar edərək, Allah və Onun qulları qarşısında vəzifələrini yerinə yetir¬məkdən boyun qaçırırlar. Həm də bu zaman onlar buna görə mükafat almırlar və hətta buna ümid də etmirlər. Əgər qullar möminliyə nail olur və haqq yola yönəlirlərsə, onda Allah onların hökmdarlarının əməllərini islah edir, zalım hökmdarın yerinə hakimiyyətə ədalətli və insaflı dövlət rəhbərləri gəlir.


(6.130) “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidik!” (Peyğəmbərlər bizə pis işlərimiz barədə xəbərdarlıq etsələr də, biz onlara qarşı çıxıb günah işləməkdə davam etdik. Biz indi hər cəzaya layiqik). Dünya həyatı onları aldatdı və onlar kafir olduqları barədə öz əleyhlərinə şəhadət verdilər.
(6.131) “Bu, (peyğəmbərləri göndərmək) ona görədir ki, Rəbbin məmləkətlərin əhalisini, onlar qafil ola-ola (özlərinə peyğəmbər gəlmədiyi üçün dini vəzifələrini bilməyib icra etmədikləri halda) zülmlə məhv etməyi özünə rəva bilməz!

Allah haqdan üz döndərən və onu inkar edən bütün şeytanları və insanları qınayacaqdır. O, onların azğınlığını özlərinə izah edəcək və yolunu azmışlar günahlarını etiraf edəcəklər. O, onlara xatırladacaq ki, elçilər onlara Onun hökmləri və qadağaları, mömin əməllər və şər əməllər, faydalı vədlər və sərt təhdidlər olan və təfsilatı ilə açıqlanmış aydın ayələr gətirirdilər. Elçilər onları Qiyamət gününün yaxınlaşması barədə xəbərdar edir və bəyan edirdilər ki, Həmin gün xilas olmaq, uğur əldə etmək təkcə Allahın hökmlərinin yerinə yetirilməsi və haramlardan çəkinilməsi sayəsində mümkün ola biləcəkdir. Elçilər öyrədirdilər ki, bu hökmlərin yerinə yetirilməməsi bədbəxtlik və böyük ziyanla nəticələnəcəkdir.
İnsanlar və cinlər bunu etiraf edəcək və boyunlarına alacaqlar ki, bu dünya öz nemətləri, gözəllikləri və zövqü-səfası ilə onları o dərəcədə aldatmışdır ki, onlar ümidlərini ona bağlamış, ondan məmnun olmuş və Axirətə laqeydlik göstərmişlər. Onlar özlərinə qarşı şahidlik edəcək və kafir olduqlarını boyunlarına alacaqlar. Onlar ittihamı özlərindən kənarlaşdıra bilməyəcəklər və onda bütün məxluqlar, hətta kafirlər özləri Allahın ədalətliliyinə əmin olacaqlar. O, onları işgəncəli cəzaya məhkum edəcək və buyuracaq: “...Sizdən əvvəl gəlib-getmiş (kafir) cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!...” (Əraf, 7/38).
Onlar eyni günahları işlətmiş, yer üzündəki qismətlərindən eynilə zövq almış və yalan boşboğazlıqlar etmişdilər və buna görə də onlar əsil ziyana uğrayacaqlar. Məgər Səadət diyarına düşmək imkanından məhrum olmaqdan da boyük ziyan ola bilərmi?!! Cəhənnəmin bütün sakinlərinin ziyana düşəcəklərinə baxmayaraq, onların ziyanının ölçüsündə çox böyük fərqlər olacaq.

          (6.132) “Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr (müxtəlif mükafatlar və cəzalar) vardır. Rəbbin onların nə etdiklərindən qafil deyildir!”

Hər bir cinayətkar öz cinayətlərinə uyğun gələn pilləni tutacaq və buna görə az günah işlədənlər qatı cinayətkarlarla eynu səviyyədə olmayacaqlar, aldadılmış sadəlövh insanlara isə kafirlərin başçılarına verilən cəza, verilməyəcək. Cənnət bağlarına daxil olanların hamısının uğur əldə edəcəyinə baxmayaraq, belə fərqlər Cənnət sakinləri arasında da olacaqdır. Təkcə Allah bilir ki, onların mükafatları bir-birindən nə qədər fərqli olacaq, lakin onların hər biri öz Himayədarının hədiyyələrindən məmnun qalacaqdır.
Biz isə Fövqəluca Allaha dua edirik ki, bizi, Öz yaxın, seçilmiş və sevimli qulları üçün hazırladığı ən yüksək Firdövs cənnətinin sakinləri etsin. O, Öz məxluqlarının əməllərinə laqeyd yanaşmır və onlardan hər birini Ona dəqiqliklə məlum olan əməllərinə və niyyətlərinə uyğun olaraq hökmən mükafatlan¬dıracaqdır.


(6.133) “Rəbbin heç bir şeyə (heç bir bəndənin ibadətinə) möhtac deyildir, mərhəmət sahibidir. İstəsə, sizə başqa bir qövmün nəslindən (zürriyyətindən) gətirdiyi kimi, sizi də məhv edib yerinizə dilədiyini gətirər”.
(6.134) “Sizə vəd edilən (qiyamət günü), şübhəsiz ki, gələcəkdir. Siz onun qarşısını ala bilməzsiniz!”

Allahın qullarına xeyirxah əməllər etməyi və onlara yaramaz hərəkətlərdən çəkinməyi əmr etməsi onlara göstərdiyi mərhəmətinin təcəssümüdür. O, bunları insanların öz mənafeləri xatirinə etmişdir, çünki O, Özünəbəs və yaratdıqlarına Ehtiyacduymayandır. İtaətkarların mütiliyi Ona heç bir fayda vermədiyi kimi, itaətdən çıxanların itaətsizliyi də Ona heç bir zərər vurmur.
Ey insanlar! Əgər Allah istəsə, sizi məhv edər və sizi başqa xalqların nəslindən yaratdığı kimi, sizin yerinizə də istədiklərini xələfləriniz edər. Sizdən əvvəlkilər kimi, sizə də bu dünyanı hökmən tərk edəcəyiniz və sələflərinizin onu sizə qoyub getdiyi kimi, sizin də onu varislərinizə verəcəyiniz məlumdursa, onda siz niyə bu dünyaya daimi məskəniniz kimi yanaşırsınız? Niyə siz Yeri özünüzün daimi yaşayış məskəni seçir və unudursunuz ki, o, həyatınızın son mərhələsi deyil, aralıq məntəqədir? Niyə unudur-sunuz ki, irəlidə istənilən nemətlərlə zəngin və hər cür qüsur və nöqsanlardan xali olan bir diyar vardır?
Həmin o diyar üçün ilk və sonrakı nəsillər səy göstərmiş və ilk möminlər və onların ardıcılları oraya getmişlər. Orada olduq¬dan sonra insan əbədi həyat və daimi yaşayış əldə edir, ən çox arzu etdiyi məqsədinə çatır və ən müqəddəs istəyinin icra edilməsinə nail olur ki, bu istəyin yanında yerdə bütün digər arzu və xəyallar əhəmiyyətsizdir. Allaha and olsun ki, orada ürəyin istəyə, gözlərin görə biləcəyi və yarışanların bir-biri ilə adı ilə yarışdıqları hər şey bir yerdə toplanmışdır. Orada insanlara ləzzət və həzz verən, çoxlu sevinc gətirən, ruhu və bədəni oxşayan nemətlər hazırlan¬mışdır. Orada insanlar qeybi Bilən Allahın yaxınlığında olacaqlar. Allaha and içirəm ki, ağıllı insanın səy göstərməsi ancaq belə səxavətli hədiyyələrlə bağlanmaq və onun yeganə arzusu Cənnətin ən yüksək pillələrinə çatmaq olmalıdır. Bundan azı ilə qane olanların qisməti necə də mənhusdur! Faydasız sövdəyə üstünlük verənlərin ciddi-cəhdləri necə də mənfurdur!!
Qoy haqdan laqeydliklə üz döndərənlərə o Aləm çox uzaqda təsəvvür edilməsin! Allahın vəd etdiyi mütləq gələcəkdir və o zaman onlar Ondan qurtula, Onun verəcəyi cəzadan yayına bilməyəcəklər! Onların taleyi – Onun əlindədir və onlar Onun hökmlərindən asılıdırlar.


 (6.135) “(Ey Elçim! Qüreyş kafirlərinə) de: “Ey camaatım, əlinizdən gələni edin. Mən də (öz vəzifəmi) yerinə yetirirəm. Axirət Yurdunun aqibətinin kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!”

Ey Elçi! Sən möizələrinlə həmqəbilələrinə müraciət edərək onları qarşıda nələrin gözlədiyini onlara bildirmişsən. Sən onlara hansı vəzifələrin həvalə edildiyini də açıqlamışsan, lakin onlar sənə itaət etməkdən imtina ediblər, öz istədiklərinə üstünlük verərək, uydurulmuş “tanrılarına” ibadət etməkdən əl çəkməmişlər. Buna görə də onlara de: “Ey mənim həmqəbilələrim! Necə bilirsiniz, eləcə də edin, razı qaldığınız əməlləri törədin. Mən isə Allahın hökmlərini yerinə yetirəcək və Onun rizasını qazanmağa çalışaca¬ğam. Siz çox tezliklə Son məskənin kimə qismət olacağını biləcəksiniz”.
Bu vəhy Allahın misilsiz ədalətinin dəlilidir. O, əməlləri edənlər arasında olan fərqi göstərmiş və onların əvəzini ədalətli dəyərləndirmə ilə əlaqələndirmişdir. O, bir eyhamın bəsliyinin mümkün olduğu halda, fikri birmənalı şəkildə bildirmir, çünki tamamilə aydındır ki, gözəl sonluq həm bu dünyada və həm də ölümdən sonra təkcə təqvalı qullarının aqibəti olacaqdır.
Son məskən təkcə onlara qismət ediləcəkdir, çünki elçilərin dəvətindən üz çevirən hər kəsi çirkin sonluq gözləyir. Hətta əgər zalım insana dünya nemətlərindən həzz almaq mümkün olsa da, o heç vaxt uğur qazana bilməyəcək, çünki o, onsuz da məhv olacaqdır. Allah ona möhlət verir və O, onu bir dəfə elə yaxalayacaq ki, o artıq həmin vəziyyətdən canını daha qurtara bilməyəcəkdir.


 (6.136) “(Müşriklər) Allah üçün Onun yaratdığı əkindən və davardan pay ayırıb öz (batil) inanclarına görə: “Bu, Allahın və bu da (Allaha) şərik qoşduğumuz bütlərin!” – dedilər. Onların bütləri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə bütlərə çatardı. Onların verdikləri hökm necə də pisdir!”

Fövqəluca Allah Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) inkar edən müşriklərin əməlləri haqqında xəbər verir və bu əməllər onların axmaqlığını, yüngülməcazlığını və hədsiz nadanlığını təsdiq edir. Mərhəmətli və Fövqəluca Allah onlardan ancaq bir neçəsini sadalayır ki, müşriklərin azğınlığını nəzərə çapdırsın, insanları onlardan qorunmalarına yönəltsin və izah etsin ki, belə axmaqların Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) gətirdiyi haqqa qarşı çıxmaları, heç vəchlə bu haqqın əhəmiyyətini azaltmır. Müşriklər, ümumiyyətlə, layiq deyillər ki, onların sözlərinə görə kimsə haqdan dönsün.
Müşriklər əkinlərinin və mal-qaralarının bir hissəsini Allah üçün, başqa bir hissəsini də öz “tanrıları” üçün təyin edərdilər. Halbuki Fövqəluca Allah qulları üçün mal-qaranı Özü təkbaşına yaratmış və onları ruzi ilə təmin etmişdir. Bu davranışları ilə müşriklər bir dəfəliyə iki, hətta üç təhlükəli günah işlədirdilər. Birincisi, onlar belə hesab edirdilər ki, əkinin və mal-qaranın bir hissəsini Allahın payı kimi təyin etdikdə, Ona lütfkarlıq göstərirlər, çünki belə qurbanlar, onların rəyinə görə, vacib olmayan ianələrdir. İkincisi, onlar müşriklərə rusi verməyənləri, onların əkin və mal-qarasının yaradılmasında iştirak etməyənləri Allaha şərik qoşurdular. Üçüncüsü, onlar ədalətsizcəsinə rəftar edərək, Allah üçün təyin olunmuş paya xüsusi əhəmiyyət vermirdilər. Onlar bu payı hətta öz “tanrıları” arasında bölə də bilərdilər. Eyni zamanda müşriklər öz “tanrılarına” ayırdıqları payın qayğısına qalırdılar. Onlar onu ciddi-cəhdlə qoruyur və heç vaxt o payın bir hissəsini belə Allah üçün ayırmırdılar.
Müşriklər taxıl və meyvə məhsullarını yığarkən və ev heyvanlarından Rəbbin bəxş etdiyi bala artımı alarkən, onlar bu neməti iki yerə bölürdülər. Bir hissəni Allah üçün ayıraraq onlar güman edirdilər ki, O, bu qurbanları onlardan qəbul edir, – amma o da məlumdur ki, Allah təkcə səmimi qəlblə Onun üçün ayrılmış qurbanı qəbul edir və Ona şərik qoşanların əməllərini rədd edir. İkinci hissəni onlar öz bütləri və heykəlləri üçün təyin edərdilər.
Əgər Allah üçün ayırdıqlarının bir hissəsi öz “tanrıları” üçün təyin etdiklərinə qarışardısa, onlar onu Allahın payına qaytarmaz-dılar. Onlar buna əhəmiyyət verməyərək, deyərdilər: “Allahın bunlara ehtiyacı yoxdur!” Əgər, əksinə, “tanrılarına” həsr etdikləri hissədən bir qisim Allahın payına qarışardısa, onda müşriklər onu geriyə qaytarardılar və deyərdilər: “Bizim tanrılarımız kasıbdır və biz onların payını geri qaytarmalıyıq”.
 Allaha həsr olunan qurbanlardan daha çox məxluqlara həsr olunmuş qurbanlara böyük səylə, səmimiyyətlə və qayğıkeşliklə yanaşan insanların yürütdüyü mühakiməsi gör nə dərəcədə yaramaz və ədalətsiz idi!!
Belə bir rəy var ki, bu kərim ayə Fövqəluca Allahın dediyi: “Mən bütün şəriklər arasında Mənə şərik qoşulmasına qətiyyən ehtiyac duymayanam və kim ki, Mənə bir şeyi şərik qoşarsa, Mən də onu o şərikiylə təklikdə qoyaram” kəlamının əks olunduğu səhih hədislə  şərh edilmişdir.
Bu ayənin mənası ondadır ki, müşriklər bütlərinə ayırdıqları qurbanları vasitəsi ilə bütün ciddiyyətləri ilə onlara yaxınlaşmaq istəyirdilər və buna görə də onlar Allaha çatmırdı. Müşriklərin Allah üçün ayırdıqları qurbanlar da Ona çatmır, müşriklərin “tanrı¬larına” qismət olurdu, çünki O, belə qurbanlara ehtiyac duymurdu və Ona şərik qoşan¬la¬rın əməllərini qəbul etmirdi.

 (6.137) “Beləcə, (onların şeytanlardan və cinlərdən ibarət olan) ortaqları müşriklərin bir çoxuna onları məhv etmək və dinlərinə qarma-qarışıqlıq salmaq məqsədilə övladlarını öldür-məyi yaxşı bir iş kimi göstərdilər. Əgər Allah istəsəydi, bunu etməzdilər. (Ey Elçim!) Onları da, uydurduqları yalanları da başlı-başına burax!”

Müşriklər o dərəcədə düşüncəsiz və azğınlaşmış insanlardılar ki, onların şərikləri – kafir başçıları və şeytanlar – onları uşaqlarını öldürməyin məqsədəuyğunluğuna əmin etmişdilər. Onlar dilənçiliyə düşməkdən qorxaraq öz uşaqlarını və rüsvayçılıqdan ehtiyat edərək doğulmuş körpə qızlarını diri-diri basdırırdılar. Müşriklər onları məhvə sürükləyən, dinlərini qarışıqlığa salan və onları ən yaramaz cinayətlər törətməyə yönəldən şeytanlar tərəfindən aldadılırdılar.
Bu şəriklər, müşriklər üçün onların günahlarını, onlar o günahları ləyaqətli əməl sayana qədər, bəzəməkdə davam edirdilər. Əgər Allah istəsəydi onlara belə davranmağa mane olardı və valideynlərə uşaqlarını öldürməyə imkan verməzdi. Lakin Allah Özünün ilahi müdrikliyinə əsasən, onlara öz istədikləri kimi hərəkət etməyə imkan və möhlət verir ki, onlar daha da dərin azğınlığa düşsünlər və öz işlərinə xüsusi əhəmiyyət verməsinlər. Məhz buna görə Allah onları öz yalançı düşüncələri ilə tənha buraxmağı və buna görə kədərlənməməyi əmr edir. Həqiqətən, onlar Ona qətiyyən zərər vura bilmədilər.

(6.138) “(Müşriklər) öz (batil) iddialarına əsasən: “Bu davarlar və əkinlər haramdır, onları bizim istədiklərimizdən (bütlərə xidmət edən kişilərdən) başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır”- dedilər. Elə heyvanlar da vardır ki, (onları kəsərkən) Allahın adını çəkməzlər. (Müşriklər) bütün bunları (Allahın əmri deyə) Allaha iftira yaxaraq edərlər. Yaxdıqları iftiraya görə (Allah) onların cəzala-rını verəcəkdir”.

Müşriklərin cəfəngiyat baxışlarına bir bidət də onların ev heyvanları haqqında uydurduqları idi. Allah insanlara istənilən ev heyvanından istifadə etməyə, onlardan yeməyə və müxtəlif məqsədlər üçün tətbiq etməyə yol vermişdi. Lakin müşriklər öz arzularına əsaslanaraq, yeni qanunlar və hətta heyvanlara və əkinəcəklərə dair yeni istilahlar icad etmişdilər. Onlar bəzi ev heyvanlarını və bəzi əkinləri, özlərinin yeməyə icazə verdiklərindən başqa qalan bütün insanlar üçün haram elan etmişdilər. Bu zaman onlar inandırıcı sübutlara deyil, ancaq öz istəkləri və qüsurlu mülahizələrinə istinad edirdilər.
Bəzi heyvanlara təkcə minməyi və yük vurub daşımağı haram edir və onları “hami” adlandırırdılar. Bir başqa heyvanı, üstündə Allahın adları çəkilmədən, ancaq Allahdan başqa ibadət etdikləri bütlərin adını xatırlayaraq qurban kəsirdilər. Bu zaman onlar iddia edirdilər ki, onlara bu cür etmək Allah tərəfindən əmr olunmuşdur, lakin onların sözləri utanmazcasına söylədikləri yalan idi. Allah Onun adından yalan uydur¬duqlarına, uydurma “tanrılara” ibadətə yol verdiklərinə və halal şeyləri yeməyi və istifadə etməyi haram etdiklərinə görə əvəzini onlara mütləq verəcəkdir.

(6.139) “(Müşriklər) həmçinin: “Bu heyvanların qarınların-dakı balalar yalnız kişilərə məxsusdur (halaldır), onlar qadınla-rımıza haram edilmişdir”- dedilər. Əgər (bala) ölü doğularsa, (kişilər və qadınlar) ona (onu yeməyə) ortaqdırlar. (Allah) onlara (bu yalan) vəsflərinin (dəyərləndirmələrinin) cəzasını verəcəkdir. Şübhəsiz ki, O, Hikmət, Elm Sahibidir!”

Onların cəfəng baxışlarına aid etdikləri şeylərdən biri də kişilər üçün halal saydıqları halda, öz qadınlarına bəzi heyvanların balalarını yeməyi haram etmələridir. Onlar deyirdilər ki, əgər heyvanın balası diri doğulubsa, kişilərin yeməsi üçün halal, qadınların yeməsi üçün isə haramdır. Bala ölü doğulduqda isə, onun ətini yemək həm kişilər və həm də qadınlar üçün halal sayılırdı.
Allah onlara halalı haram saydıqlarına, haramı da halal elan etdiklərinə, Onun qanununu pozduqlarına, yeni qanunlar uydur-duqlarına və bu qanunları Ona aid etdiklərinə görə mütləq əvəzini verəcəkdir. O, Öz müdrikliyi əsasında onlara möhlət və imkan vermişdir ki, belə azğın baxışlara etiqad etsinlər. Bunlar Ona çox yaxşı məlumdur, çünki heç bir şey Ondan gizlədilə bilməz. Ona müşriklərin törətdikləri və yalandan Onun adına çıxartdıqları hər şey Ona bəlliydi. Lakin buna baxmayaraq, O, onlara sağlamlıq və ruzi bəxş etməyinə fasilə vermirdi.


(6.140) “Səfehlik üzündən anlamadan öz uşaqlarını öldürən və Allahın onlara verdiyi ruzini (müqəddəs saydıqları heyvanları) Allaha iftira yaxaraq haram edənlər, şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar (haqq yoldan) azmış, doğru yolu tapa bilməmişlər”.

Allah müşriklərin düşdüyü ziyan haqqında xəbər verərək onların düşüncəsizliyini ifşa edir. Onlar dinlərindən, uşaqlarından və ağıllarından məhrum oldular. Sağlam təfəkkür əvəzində şərəfsiz axmaqlıq və azğınlıq onların ayrılmaz keyfiyyətinə çevrildi. Allah Öz mərhəməti sayəsində onlar üçün ruzi kimi hazırladığı nemət-lərdən onlar həzz almağı özlərinə haram etdilər. Onlar Onun nemətini rədd etdilər və bununla da qane olmadılar. Onlar Allahın halal elan etdiyi neməti haram adlandırdılar. Bu zaman onlar Allaha müdhiş böhtan atdılar və elə yalan danışmağa cəsarət etdilər ki, bunu ancaq inadkar kafirlərdən gözləmək olardı. Müşriklər dərin azğınlığa qərq oldular və öz çoxsaylı təşəbbüslərində doğru yol ilə yönəldilmədilər.

 (6.141) “Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!”

Allahın halal etdiyi ev heyvanlarına və əkinlərə müşriklərin bəslədiyi münasibəti xatırlatdıqdan sonra, O, bildirir ki, əkinlər və ev heyvanları qullara verilən nemətdir və buna görə insanlar onunla əlaqədar olan maddi vəzifələrini yerinə yetirməlidirlər.
Allah cürbəcür ağaclar və müxtəlif bitkilərlə dolu bağlar yaratmışdır. Onların bəziləri qəfəsəlidir və bunların sayəsində ağacların budaqları onlara sarmaşaraq yerin üstünə ucalır, digərləri qəfəsələrə ehtiyac duymur, çünki o ağacların möhkəm gövdələri bunu gərəksizləşdirir, digərləri isə sürünən bitkilərdir. Bütün bunlar onu göstərir ki, bağlar olduqca böyük faydalar verir və məhz Fövqəluca Allah qullarına qəfəsələrdə  ağac əkməyi öyrətmişdir.
O, bir yerdə bitən və eyni sudan qidalanan xurma ağacları və dənli bitkilər xəlq etmişdir, lakin onlar dad-tamına görə bir-birindən üstün və ləzzətlidir. Bütün bitkilərin arasından Allah xurma ağaclarını və dənli bitkiləri xüsusilə ayırıb fərqləndirmişdir, çünki onlar daha çox xeyir verir və əksər insanlar üçün əsas qida məhsuludur. O, həmçinin zeytun və nar yaratmışdır ki, ağacları bir-birinə çox oxşayırsa da, meyvələri həm formaca və həm də dadına görə fərqlənir.
Allah bu meyvəli bağları nə üçün yaratmışdır? Sanki bu suala cavab olaraq, O, bəyan edir ki, onları qullarının istifadəsi üçün yaratmışdır. İnsanlar xurmanı və taxılı yemək üçün istifadə edə bilər və məhsulu yığdıqları gün verməli olduqları borclarını ödəməlidirlər.
Burada söhbət becərilən bitkilərdən götürülən məhsulun ən az həddinə uyğun olaraq ödənilən zəkatdan gedir. Allah taxıl məhsulunun zəkatını yığım günü ödəmək hökmü vermişdir, çünki bu müddətin gəlib çatması bütöv bir ilin keçməsinə bərabərdir. Bundan başqa, kasıblar və ehtiyac içində olanlar məhz bu günü səbirsizliklə gözləyirlər və həm də bu gündə kəndlilər vacib zəkatı asanlıqla ödəyə bilirlər, çünki onlar məhsuldan verməli olduqları bir hissəni özlərinə qalacaq hissədən çətinlik çəkmədən ayıra bilirlər.
Sonra Allah yeməkdə ifrata varmağı, yediyindən artıq yeməyi, kəndlinin zəkat verəcəyi məhsulun da bir hissəsini yeyəcəyinə qatmasını qadağan edir. Allah zəkat verəndə də ifrata varmağı və onu vacib olduğundan artıq verməyi və bununla özünə, ailəsinə və borc götürdüyü insanların haqqına zərər vurmağı qadağan edir. Sadalanan bu əməllər Allahın qadağan etdiyi israfçılıqdır. O istəmir ki, qulları belə hərəkət etsinlər. Əksinə, belə əməllər Allahın nifrətinə səbəb olur.
Bu ayədən həmçinin aydın olur ki, müsəlmanlar meyvələrdən və taxıl bitkilərindən zəkat verməlidirlər. O zəkatı bir il keçdikdən sonra deyil, məhsulun yığımı günü verilməlidir. Bu növ mülkiyyətin məhsulundan zəkat bir dəfə verilir və hətta bundan sonra həmin məhsul anbarda bir neçə il qalsa da, həmin yığıma görə təkrar zəkat verilmir, çünki Allah hər məhsuldan ancaq yığım günü ödəməyi əmr etmişdir. Bu qaydadan istisna ticarət üçün təyin olunmuş meyvə və taxıla aiddir.
Bu ayədən həmçinin aydın olur ki, əgər təbii fəlakət nəticəsində meyvə və taxıl məhsulları yığım vaxtınadək tələf olduqda məhsulun sahibi (məhsul onun səhlənkarlığı üzündən itirilməmişsə) zəkatın ödənilməməsinə görə məsuliyyət daşımır. Ayədən həm də belə bir nəticə çıxır ki, zəkatın ödənilməsi vaxtı çatanadək xurma və taxıldan yeməyə icazə verilir və özü də, məhsulun yeyilən hissəsi zəkatın ölçüsünün müəyyənləşdirilməsində nəzərə alınmır, çünki o, yığım dövrünə qalan məhsuldan ödənilir. Məhz buna görə, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) məhsul yığımı vaxtı onu dəyərləndirmək, ödəniləcək zəkatın ölçüsünü müəyyənləşdirmək və məhsul sahibinin yığımadək yeyə biləcəyi və ya başqalarına paylaya biləcəyi zəkatın üçdə bir və ya dörddə bir hissəsini özlərinə saxlamağa icazə vermək üçün zəkatı müəyyənləşdirən səlahiyyətli şəxslər göndərərdi.







[1] Ayənin tərcüməsinin mətni redaktə edilmişdir. F.S.
[2] İmam Müslim, Zühd, 46;  İbn Macə, Zühd, 21; Tirmizi, Təfsir 18, surə 6. Tərc. F.S.

[3] Nazik tellərdən hörülmüş qəfəsşəkilli çəpər, sipər və s. sarmaşan bitkilər, ağaclar onlara dolaşaraq yerdən qalxır. F.S.

Комментариев нет:

Отправить комментарий