вторник, 3 июля 2012 г.

Ə.N. əs-Səədi. Təfsir. II c. 7.67-7.89 ayələr


 Ə.N. əs-Səədi. Təfsir. II c. 7.67-7.89 ayələr





ﯼﯽ     ﯿ                                
 (7.67) “(Hud) dedi: “Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!”
(7.68) “Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm”.

Hud səfeh adam deyildi. Əksinə, o, ağıllı elçi və həqiqi rəhbər idi. O, demişdi: “Ey mənim xalqım! Mən – səfeh deyil, aləmlərin Rəbbinin elçisiyəm. Mən Onun hökmlərini sizə çatdırıram. Mən sizə ürəkdən xeyirxahlıq arzulayır və etibarınızı qazanıram. Siz isə mənim nəsihətlərimi sözdə və əməldə qəbul etməyə və bütün qulların Rəbbinə itaət göstərməyə borclusunuz”.

                   ﭢﭣ                            ﭯﭰ              

(7.69) “Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq (xəbərdar etmək) üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi (yer üzünün varisləri etdi), sizi xilqətcə (onlardan) daha qüvvətli (üstün) etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!”

Niyə siz qətiyyən təəccüb doğurmayan bir şeyə heyrət edirsiniz? Allah sizə öz aranızdan olan və məziyyətlərini çox yaxşı bildiyiniz elçi göndərmişdir. O (ə), sizə xeyriniz üçün olan şeyləri xatırladır və sizi, sizə xeyir gətirən işlər görməyə çağırır, siz isə buna heyrətlənir və onu rədd edirsiniz.
Yadınıza salın ki, Allah sizi Nuhun (ə) xalqının yerinə gətirdi. Ona həmd edin və minnətdarlığınızı bildirin! O, sizə imkan verdi ki, Onun elçilərini yalançı sayan və sonra məhv edilib kökləri kəsilən xalqların torpaqlarına varis olasınız. O, istəyirdi ki, bundan sonra işlərinizin necə gedəcəyini görsün. Sizdən əvvəlkilərinizin etdiyi kimi, kafirli­yinizdə inad göstərməkdən çəkinin ki, onları haqlayan cəza sizə də nəsib olmasın.
Allahın sizə neməti kimi bəxş etdiyi böyük qüvvəti, güclü qəddi-qaməti və çevikliyi xatırlayın. Onun saysız-hesabsız səxavətlərini unutmayın və əgər siz onları hafizənizdə saxlayaraq, Ona minnətdarlıqla cavab verib vəzifələrinizi yerinə yetirsəniz, onda müqəddəs məqsədinizə nail olmağı bacarar və hər hansı xoşagəlməz və qorxunc şeylərdən xilas olarsınız.
Hud öz həmtayfalarından olanlara öyüd-nəsihət verirdi, onları düz yola yönəldirdi və tövhidə etiqad etmək hökmü verirdi. O (ə) onları əmin etməyə çalışırdı ki, xalqının etibarlı və sadiq məsləhətçisidir. O (ə), öz xalqını, onlardan əvvəlkiləri yaxalamış və onları da yaxalaya bilən Allahın cəzası barədə xəbərdar edirdi. O (ə), Allahın fasiləsiz olaraq onlara əta etdiyi nemətləri və ruzini onlara xatırladırdı. Lakin xalqı ona (ə) itaət etmədi və onun (ə) öyüd-nəsihətlərinə qulaq asmadı.
                 ﭿ  ﮀﮁ                           

(7.70) “Dedilər: “Sən bizə yalnız Allaha ibadət etməyimiz və atalarımızın tapındıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlar- dansansa, bizi qorxutduğunu bir gətir görək!”
                 
Kafirlər göstərmək istəyirdilər ki, onlar onun (ə) öyüd-nəsihətlərindən heyrət- lə­niblər və heç vaxt ona (ə) itaət etməyəcəklər. Onlar deyiblər: “Doğrudanmı sən bizim yanımıza gəlmişsən ki, biz bir Allaha ibadət edək ata-babalarımızın ibadət etdikləri bütlərdən əl çəkək?” Allah onları rüsvay etsin! Onlar hökmlərin ən mühüm və əlasını onların ata-babalarının getdiyi yolla müqayisə etməyə cəsarət etdilər. Onlar şərik qoşmadan Tək Allaha ibadət etməkdənsə, yollarını azmış atalarının pərəstiş etdikləri müşrikliyə və bütpərəstliyə etiqad göstərməyi üstün tutdular. Onlar öz peyğəmbərini (ə) yalançı sayaraq dedilər: “Əgər sən doğrudan da düz danışırsansa, qoy onda sənin bizi qorxut­duğun şey bizim başımıza gəlsin!” Onlar öz zərərlərinə olaraq Allahdan onlarla Onun peyğəmbəri (ə) arasında olan mübahisəni həll etməyi xahiş etdilər. 

              ﮑﮒ                          ﮞﮟ               

(7.71) “(Hud) onlara belə dedi: “Artıq Rəbbinizdən sizə bir əzab və qəzəb gəlməsi vacib oldu. Sizin və atalarınızın verdiyi adlar barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar barədə heç bir dəlil endirməmişdir. Gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”  

Hud demişdi: “Rəbbinizin cəzası və qəzəbi sizə mütləq yetişəcəkdir. Siz bundan qaça bilməyəcəksiniz – çünki bunun əlamətləri artıq üzə çıxmışdır və cəza müddəti artıq, demək olar ki, başlamaqdadır. Siz mənimlə olmayan bir şey barəsində nə əsasla mübahisə edirsiniz? Siz, əslində qətiyyən ilahi sifətlərə malik və tamamilə ilahiləşdiril­məyə layiq olmayan bütləri tanrı adlandıraraq, onlardan ötrü mənimlə höcətləşirsiniz. Allah onlar barəsində heç bir dəlil nazil etməmişdir və əgər onlar həqiqi ilahlar olaydılar, Allah bunu hökmən təsdiq edərdi. İlahlarınızın gerçəkliyini təsdiq edən dəlillərin olmamağı onların uydurma və qüsurlu olmasını təsdiq edir. Allah bütün hökmləri, xüsusilə də, onlardan ən mühümlərini inandırıcı dəlilləri və sübutları vasitəsilə izah etmişdir ki, bunlar nəzərdən qaçırıla bilməz. Siz də, mənim xəbərdar etdiyim, sizi yaxalayacaq cəza saatını gözləyin və mən də sizinlə birlikdə gözləyirəm”.
O (ə), cəzadan qorxanların gözləməsi ilə, Allahın köməyinə və mükafatına ümid bəsləyənlərin gözləməsi arasındakı fərqi xüsusilə vurğulayır. Tamamilə az bir vaxt keçdikdən sonra, Allah bu iki insan qrupu arasında Öz hökmünü verdi.  

                   ﮯﮰ    ﯓ ﯔ    

(7.72) “Beləliklə, onu (Hudu) və onunla birlikdə olanları Öz mərhəməti- mizlə xilas etdik. Ayələrimizi yalan hesab edib iman gətirmə­yənlərin isə kökünü kəsdik”.  

Allah Öz mərhəməti sayəsində Hudu və onunla birgə iman gətirənləri xilas etdi. O, onlara imana gəlməyə yardım göstərdi və onlar iman ilə Onun mərhəmətinə və qurtuluşa nail oldular. Onun ayələrini yalan hesab edən kafirlər isə tamamilə məhv edildilər. Onlar çox sərt cəzaya düçar edildilər və heç kimə ondan canını qurtarmaq müyəssər olmadı. Allah onların üstünə bəhrəsiz külək­lər göndərdi və onlar qarşıya çıxan nə vardısa toz-torpağa çevirir­di. Kafirlər həlak edildilər və səhərə qədər onların yaşayış məskən­lərində bomboş evlərdən başqa heç nə qalmamışdı. Bax gör nəsihət verilənlərin sonu necə oldu! Həqiqəti onlara çatdırdılar, lakin onlar ona itaət etməkdən boyun qaçırdılar. Onlara iman gətirmək hökmü verildi, amma onlar rədd etdilər və buna görə də onların sonu – ölüm, rüsvayçılıq və şərəfsizlik oldu!
Fövqəluca Allah buyurur: “Və, beləliklə, dünyada da, Qiyamət günündə də lənətə uğradılar. Bilin ki, Hud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Hudun tayfası Ad (Allahın mərhəmətindən) kənar (uzaq) oldu”[1] (Hud, 11/60).  Bu surədə Allah həmçinin bildirmişdir ki, Ad xalqı qəti surətdə iman gətirməyi rədd etmiş və inadkar kafirlər və təkəbbürlü şərəfsizlər adına layiq görülmüşlər. 
    
      ﯙﯚ                   ﯣﯤ            ﯩﯪ          ﯯﯰ            ﯵﯶ                    

(7.73) “Səmud tayfasına da qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın Allahın torpağında otlasın, ona pislik etməyin, yoxsa çox şiddətli bir əzaba düçar olarsınız!”

Səmud – Hicr adlı yerdə və onun ətrafında yaşamış məşhur bir qəbilə idi[2]. Bu yer Ərəb yarımadasının Hicaz regionunda yerləşirdi. Allah Səmud camaatına onların özlərindən olan Salehi peyğəmbər göndərdi. O (ə), onları Tək olan Allaha iman gətirməyə və ibadət etməyə çağırdı və həm də Ona tay və şərik qoşmağı qadağan etdi. Onun (ə) təbliğatı onun qardaşları-elçilərin təbliğa­tına oxşayırdı. Onların hamısı bir və tək Allaha ibadət etməyə çağırırdılar və izah edirdilər ki, qulların Ondan başqa tanrısı yoxdur.
Saleh demişdi: “Siz heyrətamiz bir hadisənin şahidi oldunuz ki, o, təkcə səma möcüzəsi ola bilərdi, axı insanlar belə xariqüladə bir şey yaratmağa qadir deyillər. Budur əzəmətli dişi dəvə və onu, həqiqətən də, “Allahın dəvəsi” adlandırmaq olar. Bu ad onun şöhrətini və üstünlüyünü xüsusilə vurğulayır. Şübhəsiz ki, o, böyük bir möcüzədir”.
O (ə) dedi: “... Bu, dişi bir dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir! Ona heç bir pislik etməyin, yoxsa Böyük günün əzabı sizi yaxalayar!” (Şuəra, 26/155-156)
Səmudluların böyük bir quyusu var idi və o, bu gün də “dişi dəvə quyusu” kimi məşhurdur. Allah bildirmişdi ki, onlar həmin quyudan suyu növbə ilə içsinlər: bir gün onun suyunu dişi dəvə içirdi və həmin gün səmudlular onun südünü içirdilər; o biri gün isə quyunun suyunu səmudlular içirdilər. Dəvəyə isə həmin vaxtda sərbəst hərəkət etməyə icazə verilirdi. Buna görə Saleh (ə) dedi: “Dəvəyə imkan verin Allahın torpağında otlasın, axı o, sizin işinizi onu yemləməklə çətinləşdirmir! Onu kəsməyin və ona pislik etməyin ki, dəhşətli bir cəza sizə düçar olmasın!”

                                        ﭡﭢ                       

 (7.74) “(Allahın) sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını oyub, evlər qurduğunuz yer üzündə yerləş­dirdiyi vaxtı xatırlayın. Allahın nemətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!”

Unutmayın ki, Allah sizi yerin canişini təyin etmişdir və bunun sayəsində siz dünyəvi nemətlərdən zövq alaraq istədiyinizə nail olursunuz. Siz yeri Allahın həlak etdiyi Ad xalqından irs almışsınız və onların varisisiniz. Allah sizə yer üzündə hakimiyyət vermiş və istədiyiniz hər şeyi əldə etməyi öyrətmişdir. Siz düzənliklərdə və ovalıqlarda saraylar inşa edir və dağları çapıb evlər tikirsiniz. Allahın nemətlərini xatırlayın və Onun sizi ruzi və qüdrətlə təmin etdiyini unutmayın və yer üzündə günah işlər və şərəfsizlik törədərək, fitnə-fəsad yaratmayın. Həqiqətən, günahlar və itaətsizlik insanlarla canlanan evləri ölü səhralara çevirməyə qadirdir.
Məhz buna görə səmudluların yaşayış yerləri boş qalmışdı. Onların evləri və mağaraları bizim günlərimizə qədər saxlanılmışdı və onlar dağlar yerlərində durduqca, mövcud olacaqlar.

                  ﭳﭴﭵﭶﭷ ﭸﭹ      ﭼﭽ    ﭿ                                       

(7.75) “Saleh tayfasının (iman gətirməyi) özlərinə sığış­dırmayan təkəbbürlü başçıları içərilərindən iman gətirən əlsiz-ayaqsız yoxsullara üz tutub: “Siz Salehin, doğrudan da, Rəbbi tərəfindən göndərilmiş (bir peyğəmbər) olduğunu bilirsi­nizmi?” – deyə soruşdular. Onlar: “Bəli, biz onunla göndərilən hər bir şeyə (bütün dini hökmlərə) inanırıq!” – deyə cavab verdilər.
(7.76) “(Təkəbbür üzündən iman gətirməyi) özlərinə ar bilənlər: “Sizin inan­dığınıza (Salehin peyğəmbərliyinə) biz inanmırıq!” – dedilər.

Saleh peyğəmbərin (ə) tayfasının iman gətirməyi özlərinə sığışdırmayan təkəb­bürlü başçıları və zadəganları öz aralarından olan zəif və köməksiz möminlərə: “Doğrudanmı Saleh Rəbbi tərəfindən göndərilmişdir? Bəlkə o – yalançıdır?” – dedilər. Saleh peyğəmbərin (ə) əlsiz-ayaqsız kasıblarının heç də hamısı haqq dini qəbul etmə­mişdilər və buna görə tayfa başçıları ancaq onlardan iman gətirənlərə müraciət etmişdilər. Onlar belə cavab vermişdilər: “Biz Vahid Allaha  iman gətirmişik və Onun bütün hekayətlərini, hökmlərini və qadağa­larını doğru hesab edirik!” Belə olduqda, təkəbbürlü zadəganlar dedilər: “Biz isə sizin iman gətirdiyinizə inanmağı rədd edirik!” Lovğalıqları onları haqqa boyun əyməməyə sövq etdiyi halda, onların zəif tayfadaşları haqqın qarşısında müti oldular.
                                       

(7.77) “Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): “Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlər­dən­sən­sə, bizi qorxutduğunu (bizi təhdid etdiyin əzabı) gətir görək!” – dedilər”.    

Saleh (ə) öz camaatını xəbərdar etmişdi ki, onlar bəd niyyətlə Allahın dəvəsinə toxunsalar onlara əzablı bir cəza düçar olacaqdır. Bu xəbərdarlığa baxmayaraq, onlar özlərinin Rəbbinin hökmünə təkəbbürlə itaətsizlik göstərərək, dişi dəvəni kəsdilər. Lakin Onun hökmlərinə təşəxxüslə laqeyd yanaşanlar çox sərt intiqamı mütləq dadacaqlar. Allahın çoxsaylı başqa xalqları layiq görmədiyi cəzaya onları məruz qoymasında təəccüblü heç bir şey yoxdur.
Onlar nəinki kobud cinayətə yol vermişdilər, həm də Allahın onları cəzalandıra bilməyəcəyini bildirmişdilər. Onlar öz günahlarına əhəmiyyət vermir və hətta onlara görə fəxr edirdilər. Onlar belə dedilər: “Ey Saleh! Əgər sən doğrudan da Allah tərəfindən göndərilmişsənsə, qoy onda bizi qorxutduğun cəza başımıza gəlsin!” O (ə) buna cavab olaraq dedi: “Daha üç gün yurdunuzda yaşayıb kef çəkin. Bu elə bir vəddir (sözdür) ki, yalan çıxmaz!” (Hud, 11/65).

ﮞﮟﮠ  ﮡﮢ ﮣ                                   

(7.78) “Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular)”.
(7.79) “(Saleh) onlardan üz döndərib belə dedi: “Ey cama­atım! Mən sizə Rəbbimin əmrini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nə- sihət verənləri sevmirsiniz!”

Zəlzələ günahkarları sarsıtdı və onlar diz çökdülər. Allah onları məhv edərək köklərini kəsdi. Cəza onları haqlayan anda Saleh peyğəmbər (ə) onlardan üz çevirdi. Onlar artıq məhv edil­dikdən sonra isə, o (ə), tənə və qınaqla onlara müraciət etdi: “Ey mənim qəbilədaşlarım! Axı mən Allahın mənim vasitəmlə sizə göndərdiyi bütün xəbərləri sizə çatdırdım. Mən mümkün olan hər şeyi etdim ki, siz doğru yola yönələsiniz və haqq dini qəbul edəsiniz. Lakin siz sizə xeyirxahlıq etmək istəyənləri xoşlamadınız. Siz səmimi qəlbli xeyirxahların sözlərini rədd etdiniz və lənətə gəlmiş şeytana qulaq asdınız”.
Bir çox şərhçilərin rəyinə görə, Salehin (ə) dişi dəvəsi möhkəm və hamar qaya parçasından yaradılmışdı. Səmudlular peyğəmbərdən (ə) möcüzə göstərməsini tələb etdikdə, qayanın bir parçasından, orada toplaşanların gözü qarşısında, sanki doğuş ağrıları çəkirmiş kimi, bir dişi dəvə çıxdı. Kafirlər dəvəni kəsəndə yanında bir bala dəvə də varmış. O, üç dəfə bağırmışdı və bu zaman qarşıdakı dağ aralanmış və bala dəvə oraya girmişdi. O zaman Saleh (ə) öz qəbilədaşlarına dedi: “Sizə cəmi üç gün vaxt verilmişdir. Cəzanın yaxınlaşması əlaməti – birinci gün üzlərinizin saralması, ikinci gün – qızarması, üçüncü gün isə qaralması olacaqdır”. Hər şey onun irəlicədən dediyi kimi baş verdi.
Bu hekayəni İsrail oğulları rəvayət etmişdilər, lakin yəhudi­lərə məxsus belə ifadələri Allahın Kitabını təfsir edərkən xatırlamaq lazım deyil. Quran ayələri onun etibarlılığını təsdiq etmir. Bundan əlavə, əgər o, səhih olsaydı, Fövqəluca Allah onu hökmən xatırladardı, çünki bu hekayə qəribə möcüzələr və ibrətamiz nəsihətlərdən ibarətdir. Fövqəluca Allah ona laqeyd yanaşmaz və o barədə susmazdı, çünki bilirdi ki, əhvalat etibarsız rəvayətçilər vasitəsilə bizə çatdırılacaqdır. Bundan başqa, Quran ayələri bu hekayətlərin bir hissəsini təkzib edir, çünki Saleh peyğəmbər (ə) öz qəbilədaşlarına demişdi ki, onlar hələ üç gün öz mənzillərində kefə baxacaqlar. Onlara üç günlük qısa müddət ərzində kef çəkmək imkanı verilmişdi ki, ondan sonra onlar bir daha həzz almayacaq və kef çəkməyəcəkdilər. Peyğəmbərin (ə) yaxınlaşmaqda olan cəza və onun əlamətləri haqqında öncədən verdiyi xəbəri eşidən və günbəgün onun (ə) peyğəmbərliyinin gerçəkləşməsinə əmin olan insanlar belə bir vaxtda həyatdan necə həzz ala bilərdilər? Onlar necə həzz ala bilərdilər ki, artıq üzlərinin saralması, qızarması və qaralması onların cəzalandırıl­masının tərkib hissəsinə daxil idi? Məgər bunlar Quran mətnlərinə zidd deyil? Həqiqətən, Müqəddəs Quran – elə bir doğru Təlimdir ki, insanların başqa bir şeyə ehtiyac duymaması üçün o, bəs edir.
Sözsüz ki, biz Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) Qurana heç vaxt zidd gəlməyən istənilən səhih hədislərini məmnuniyyətlə qəbul edirik. Bundan başqa, Quran özü bizə səhih hədisləri rəhbər tutmaq üçün hökm verir: “...Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin...” (Həşr, 59/7).
Bundan əvvəl biz artıq demişdik ki, Quranı yəhudi əfsanə­lərinə əsaslanaraq şərh etmək olmaz. Əlbəttə, əgər onların etibar­sızlığı açıq-aydın deyilsə, onda onları rəvayət etmək olar. Belə olduqda, biz onları nə təsdiq edə, nə də inkar edə bilmərik. Lakin Allahın Kitabı şübhə altına alına bilməz və buna görə yəhudi əfsanələrini onun şərhi ilə birləşdirmək olmaz.

                                 

 (7.80) “Lutu da. Bir zaman o öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmə­diyi həyasızlığı sizmi edə­cəksiniz?”

Ey Muhəmməd! Qulumuz Lutu (ə) da xatırla! Biz onu (ə) öz xalqı arasında təbliğat aparması üçün göndərdik. O (ə), onlara tək Allaha ibadət etməyi buyurmuş və onlara qədər heç bir xalqın törətmədiyi çirkin cinayətlər törətməyi qadağan etmişdi. O (ə) demişdi: “Sizin əməlləriniz o dərəcədə iyrənc və qorxuncdur ki, qalan bütün çirkin əməlləri ötüb keçmişdir. Əvvəllər heç kim belə etməyə cəsarət göstərməmişdi”.
Homoseksuallıq özlüyündə ən mənfur cinayətdir və onun daha da çirkinliyi Lut camaatının bu günah hərəkəti ilk dəfə başlaması və başqaları üçün yol açması olmuşdu. Daha sonra Fövqəluca Allah onların cinayətinin mahiyyətini izah edir:

               ﯩﯪ             
  (7.81) “Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsi­niz. Siz doğrudan da, həddi aşmış bir tayfasınız!”

Niyə siz Allahın sizin üçün yaratdığı qadınları rədd edir­siniz? Siz onlarla insan təbiətinə uyğun olaraq öz şəhvətinizi qane edə və həzz ala bilərsiniz. Bəs niyə siz kişilərlə üfunətli və iyrənc nəcisin ifraz edildiyi ən çirkin və natəmiz orqanlardan birinin vasitəsilə cinsi əlaqəyə girmək istəyirsiniz? Həqiqətən, insanlar, nəinki ona bu minvalla toxunmaq və ya yaxınlaşmaqdan, hətta onun adını çəkməyə belə utanırlar! Amma siz Allahın qoyduğu hədləri aşırsınız və qaba günahlar törətməyə cəsarət edirsiniz.

ﭑﭒﭓﭔﭕﭖ                  

(7.82) “Tayfasının cavabı: “Onları (Lutu və ona tabe olanları) məmləkəti- nizdən çıxarın, çünki onlar təmiz adamlardır!” – deməkdən başqa bir şey olmamışdı”.

Lutun kafir tayfadaşları dedilər: “Qovun onları öz şəhəriniz­dən! Onlar təmiz və günahsız olmaq istəyirlər!” Onlar deməyə bundan ağıllı bir söz tapmadılar. “Onlardan (möminlərdən) yalnız yenilməz Güvvət Sahibi, şükrə Layiqolan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar” (Buruc, 85/8).

ﭠﭡﭢﭣﭤﭥ ﭦﭧ 

(7.83) “Biz onu və ailəsini xilas etdik. Yalnız arvadı həlak oldu”.

Allah Luta (ə) əmr etdi ki, gecənin qaranlıq pərdəsi altında ailəsini şəhərdən çıxarsın, çünki sübh çağı onun xalqı cəzasını alacaqdır. O (ə), ailəsini şəhərdən çıxartdı, təkcə onun arvadı cəza­landırılanların arasında qaldı.

     ﭪﭫ              
 (7.84) “Onların üstünə yağış (kibrit və atəşlə yoğrulmuş əzab yağışı) yağ­dırdıq. Bir gör (Allaha asi olan, peyğəmbərləri inkar edən) günahkarların axırı necə oldu!”

Allah kafirlərin üstünə bişirilmiş qaynar gil kəsəkləri yağ­dırdı və onların yaşadıqları yerləri alt-üst etdi. Həqiqətən, bu canilərin sonu ölüm və əbədi şərəfsizlik oldu.
ﭲﭳﭴﭵﭶﭷﭸﭹ             ﭿﮀ           ﮅﮆ                             ﮓﮔ                

 (7.85) “Mədyən tayfasına da qardaşları Şüeybi göndərdik. O onlara belə dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini azalt­mayın. Yer üzü düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu sizin üçün xeyirlidir!”

Mədyən vaxtilə məşhur bir tayfa idi və Allah onların öz qo­hu­mu Şüeybi (ə) onlara göndərmişdi. O (ə), onları tək olan Allaha ibadət etməyə, Ona şərik qoşmamağa, ticarət zamanı insanları çəkidə və ölçüdə aldatmamağa, başqalarının haqqı olan əmlakı vaxtında qaytarmağa və günah işlətməklə və cinayətlər törətməklə yer üzündə fitnə-fəsad yaymamağa dəvət etmişdi.
Əgər insan Allahın iradəsinə tabe olaraq və Ona yaxınlaş­mağa can ataraq günahlardan çəkinirsə, bu ona olduqca böyük faydalar gətirir. Halbuki insanın günahlar törətməsi, Qüdrətli Rəbbin quluna qəzəblənməsinə və onu Cəhənnəm odunda cəzalan­dırılmağa məhkum etməyə səbəb olur.

ﮜﮝﮞﮟﮠﮡﮢ              ﮩﮪ           ﮯﮰ               

(7.86) “Hər yolun başında əyləşib Allaha iman gətirənləri qorxudaraq Onun yolundan döndərməyin, onu əyməyə çalışmayın. Xatırlayın ki, bir zaman siz çox az idiniz, amma O sizi çoxaltdı. Bir görün fitnə-fəsad törədənlərin axırı necə oldu!”

Yollarda pusqu quraraq yolçuları hürküdüb, təhdid etməyin. Düz yolla getmək istəyənlərə mane olmayın və öz istəklərinizə uyğun olaraq Allahın yolu haqqında yanlış təsəvvür yaratmağa cəhd göstərməyin. Siz də başqa insanlar kimi Allahın Öz qullarına göstərdiyi yola hörmətlə yanaşmalısınız ki, Onun lütfkarlığını qazanasınız və Onun rəhmət məskəninə düşə biləsiniz.
Allah düzgün yolu göstərərək, sizə böyük lütfkarlıq etmişdir və siz onunla getməlisiniz, insanları o yola dəvət etməlisiniz və onu qorumalısınız. Sizə o yolu kəsmək və adamları ondan çıxart­maq yaraşmaz, çünki belə hərəkət Allahın mərhəməti əvəzində nankorluğun təzahürü və Ona qarşı düşmənçilik olardı. Sizə bu doğru və ədalətli yolu təhrif etmək  və onunla gedən şəxsləri pis­ləmək olmaz.
Allahın xalqınızın sayını artırmaqla və sizə zövcələr, nəvə-nəticələr, sağlamlıq bəxş etməklə sizə göstərdiyi lütfkarlığını xatırlayın. O, sizi nə taun, nə də digər xəstəliklərlə sınağa çəkmədi ki, sıralarınız seyrəlməsin. O, üstünüzə sizi məhv edə bilən düşmənlər də göndərmədi və sizi yer üzünə səpələyib pərən-pərən salmadı. Əksinə, Öz mərhəməti sayəsində O, sizi vahid bir xalq etdi və sizə saysız-hesabsız nemətlər və çoxsaylı nəsillər bəxş etdi.
Şüeyb (ə) onlara bu sözlərlə öyüd-nəsihət verirdi, lakin bax gör o yaramaz canilərin sonu necə oldu! Onlar vəhdəti – parçalanmalarla, çoxsaylılığı – tənhalıqla  əvəz olundu! Onlar şan-şöhrətə layiq görülmədilər. Bu dünyada nəsibləri – lənətlənmə, Qiyamət günü isə şərəfsizlik və rüsvayçılıq olacaqdır.

                                           ﯧﯨ             
 (7.87) “Əgər sizin bir qisminiz mənimlə göndərilən (dini hökmlərə) inanmış, bir qisminiz isə inanmamışsa, Allah ara­mızda öz hökmünü verincəyə qədər səbr edin. Axı O, hökm verənlərin ən yaxşısıdır!”

Sizdən bəziləriniz mənimlə göndərilənə iman gətirdilər, lakin əksəriy­yətiniz imandan boyun qaçırdılar. Buna görə, Allah aramızda hökm çıxarana qədər hələlik səbir edin. Həqiqətən, O – hakimlərin Ən Yaxşısıdır. O, haqlı olanlara hökmən kömək edər və azğınları cəzalandırar.

                                      ﭢﭣ                   

(7.88) “Tayfasının (iman gətirməyi) özlərinə sığış­dır­mayan təkəbbürlü əyanları: “Ey Şüeyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkəti- mizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” – dedilər. Belə cavab verdi: “(Dininizə) nifrət etdiyimə görəmi?”

Öz istədiklərini yerinə yetirən və həyatdan ləzzət alan varlı adamlar və tayfa başçıları peyğəmbərin (ə) təbliğ etdiyi haqqın onların arzuları ilə üst-üstə düşmədiyini gördükdə onu təkəbbürlə rədd etdilər və Şüeybə (ə) və ona iman gətirmiş öz zəif saydıqları həmtayfalarına dedilər: “Ey Şüeyb! Əgər siz dininizdən əl çəkmə­səniz, biz səni və sənin ardınca gedənləri şəhərdən qovacağıq!”
Onlar özlərinin qeyri-adi gücündən istifadə edərək haqqın əleyhinə çıxdılar. Onlar dinin hökmlərini, əhd və vəzifələrini qəbul etmək istəmədilər. Onlar təkcə öz istəklərini yerinə yetirir və öz uzağı görməyən və onları bu naqis qərarı qəbul etməyə təkan vermiş ağıllarına istinad edirdilər. Buna görə onlar peyğəmbəri (ə) təhdid edərək, möminləri bütpərəst dininə qayıtmadıqları halda, şəhərdən qovacaqları ilə hədələmişdilər.
Şüeyb, onların iman gətirəcəyinə ümidini itirməyərək, onları doğru yola gəlməyə çağırırdı. Amma iş belə gətirdi ki, onlar onu, özlərinə tabe olmadığı halda, doğma torpağından qovmaqla hədələdilər. Axı o (ə), möminlərlə birlikdə bu torpaqda yaşamağa daha çox haqlıydılar. Fasiqlərin sözləri onu (ə) o dərəcədə heyrət­lən­dirdi ki, onlara belə dedi: “Doğrudanmı siz istəyirsiniz ki, biz sizin yalançı dininizə nifrət bəsləməyimizə baxmayaraq, onu qəbul edək? Ona nifrətimizin səbəbi onun yalançı və yanlışlığının bizə məlum olmasıdır. Sizin dininizi ancaq ona meyl edənlərin arasında təbliğ etmək olar. Lakin dininizə etiqad etməyi insanlara qadağan edən və ona etiqad edənləri ifşa edənlərə siz necə belə bir dinə gəlməyi təklif edə bilərsiniz?!!”



[1] “(Ərəb tarixində iki Ad tayfasının adı çəkilir. Biri Hudun tayfası Ad, digəri isə Adul–İrəmdir ki, ona Zatul–İmad da deyilir. Onları bir-birindən fərqləndirmək üçün burada birinci Ad qəbiləsi Hud qövmü adlandırılır)”. Dırnağa alınmış və iki mötərizə arasında olan bu iqtibas Müqəddəs Quranın Ziya Bünyadov və Vasim Məmmədəliyev tərəfindən tərcümə edilmiş variantında həmin ayənin bilavasitə mətninə əlavə edilmiş izahdır. Mən ayənin ərəb mətni ilə yaxınlığına riayət etmək məqsədilə, həmin əlavəni Quran ayəsinin çevrilmiş mətnindən çıxarıb burada ayrıca verməyi məqsədəuyğun saydım.  F.S.
[2] Hud peyğəmbərin (ə) vəfatından sonra Səmudun törəmələri Şimali Ərəbistan ərazisində məs- kunlaşdılar. Özlərinə imarətlər, saraylar tikdilər. Daşları yonub heykəllər düzəltdilər. Evlərini və saraylarını bu heykəllərlə bəzədilər. Səmud xalqı Allahın Təkliyi etiqadını yadırğayıb, Ona şərik qoşdular və heykəltaraşların hazırladığı bütləri özlərinə tanrı saydılar. Bu xalqın içində əxlaq və fəzilət baxımından ən üstünü olan Salehə qırx yaşında Allah peyğəmbərlik verdi. Mənbə: İqra-2, elektron proqram, “Peyğəmbərlər tarixi” bölməsi (Türkiyə Cümhuriyyəti). F.S.    

Комментариев нет:

Отправить комментарий