вторник, 3 июля 2012 г.

Ə.N. əs-Səədi. Təfsir. II c.7.27- 7.45 . ayələr



 Ə.N. əs-Səədi. Təfsir. II c.7.27- 7.45 . ayələr



                                     ﮘﮙﮚ                   ﮡﮢ                  

(7.27) “Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə gös­tər­mək üçün libaslarını soyundurub valideyninizi (Adəm və Həv­vanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yol­dan çıxartmasın. Şübhəsiz ki, o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirmə­yən­lərin (kafirlərin) dostları etdik”.

Ey Adəmin nəsilləri! Şeytan itaətsizliyi gözləriniz qarşısında bər-bəzəkli göstərir, sizi günah işlətməyə çağırır və itaət etməməyə ruhlandırır. Ona tabe olmayın, çünki o, sizin ulu valideynlərinizi Cənnətdən məhz bu üsulla çıxartmağa nail olmuşdu. Şeytan onları yüksək mövqelərindən məhrum etmiş və onları çox aşağı pilləyə salmışdı. İndi isə o, bu qayda ilə sizinlə davranmağa cəhd göstərir. O, sizi rahat buraxmır və əlindən gələni edir ki, sizi tovlayıb yoldan çıxartsın. Buna görə ondan çəkinin, onunla müharibə apa­rın və şeytanın sizə yaxınlaşa biləcəyi yolları yaddan çıxarmayın.
Həqiqətən, şeytan və cinlərdən olan iblislər yorulmadan sizi müşayiət edirlər və sizi elə yerlərdən müşahidə edirlər ki, orada onları görə bilmirsiniz. Onlara ancaq kafirlər lazımdır, çünki imanın yoxluğu – insanın iblislərə yaxınlığının rəhnidir. Fövqəluca Allah bu barədə belə buyurur: “Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (İnsanların Allaha şərik qoşmalarının əsas səbəbi onların Şeytana itaət etmələri, Şeytanı özlərinə dost, havadar seçmələridir!)” (Nəhl, 16/99-100).

                   ﯕﯖ             ﯜﯝ                

(7.28) “(Şeytanla dost olanlar) ədəbsizlik (bütpərəstlik adəti üzrə Kəbəni çıl­paq təvaf) etdikləri zaman: “Atalarımızı belə gördük. Bunu bizə Allah əmr et­miş­dir” - deyirlər. (Ey Peyğəmbərim!) De: “Allah ədəbsizlik (yaramaz işləri) əmr et­məz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?”

Fövqəluca Allah müşriklərin yaramaz vəziyyəti haqqında xəbər verərək bildirir ki, onlar günah işlədərək deyirdilər ki, bunu etməyi onlara Allah tapşırmışdır. Onlar Kəbənin ətrafını lüt təvaf edər və digər çox çirkin hərəkətlərə yol verərək, deyərdilər: “Atalarımız belə edərdilər və Allahın Özü belə etməyi buyurub”. Onların iddiasının birinci hissəsi doğru idi, amma ikinci hissə müdhiş bir yalan idi. Onların yalanını ifşa etmək üçün Fövqəluca Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, belə desin: “Allah iyrənc hərəkətlər etməyə əmr vermir. Allahın kamilliyi və müdrikliyi alçaq hərəkətlər törətməyə hökm verməklə bir araya sığmaz, bu, istər sizin alçaq əməllərinizlə və ya digər günahlarla bağlı olsun. Doğrudanmı siz Allah haq­qında bilmədiyiniz şeyləri danışacaqsınız? Bundan da dəhşətli böhtan ola bilərmi?”

       ﯨﯩ                   ﯲﯳ               
(7.29) “De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdədə (namaz vaxtı) üzünüzü (bütlərə deyil, Ona tərəf və ya qibləyə) tutun. (Allah) dini yalnız Ona məxsus edərək ibadət edin. Sizi (yoxdan) yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!”

Allah zalımlıq etməyi buyurmaz. O, Ona ibadətdə və məxluqlarla qarşılıqlı müna­sibətdə ədalətliliyə riayət etməyi əmr edir. O, buyurur ki, insanlar həmişə Ona doğru can atsınlar və ibadət mərasimlərinin yerinə yetirilməsində səy göstərsinlər. Xüsusilə, bu namaza aiddir, çünki hər bir müsəlman onu qəlbi və vücudu ilə qılmalı, hər cür nöqsan və diqqətsizlikdən çəkinməlidir. O, həmçinin əmr edir ki, Ona şərik qoşulmadan səmimiy­yətlə müraciət edilsin. Bu hökm həm insanın dua üçün Allaha müraciə­tinə və həm də Ona ibadət vasitəsi olan namaza şamil edilir. Əgər insan Ona namaz vasitəsilə ibadət edirsə, bundan mənfəət güd­məməlidir. Bu halda insanın yeganə məqsədi Allaha ibadət və Onun mərhəmətini qazanmaq olmalıdır.
Allah insanları ilk dəfə yaratmış və onları öldükdən sonra hökmən dirildəcəkdir, çünki məxluqları yaratmağa qadir olan, onları hökmən yenidən də yarada bilər. Şübhəsiz ki, təkrar yaratmaq, ilk dəfə yaratmaqdan daha asandır.

           ﯽﯾ  ﯿ                       

 (7.30) “(Allah) insanların bir qismini doğru yola yönəltdi, onların bir qismi isə (haqq yoldan) azmağa layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə havadar tutmuşdular və özlərinin doğru yolda olduqlarını güman edirlər”.

Allah insanların bir qismini, onlara müvafiq əməllər işlətməkdə yardım göstərərək və onların yolu üstündəki maneələri aradan qaldıraraq, doğru yola yönəldir, digərlərini isə azdırır, çünki onlar özlərini azğınlığa salan və məhvə məhkum edən əməllər törədirlər. Onlar Allahı qoyub şeytanları özlərinə havadar və köməkçi tuturlar. Məlumdur ki, kim belə edirsə, mütləq açıq-aşkar azğınlığa düşür.
Onlar özləri Rəhmanın himayəsindən boyun qaçırır və şeytanın hamiliyinə üstün­lük verirlər. Buna görə onlar Allahın yardımından məhrum edilirlər. Allah onların taleyini özlərinə həvalə edir və onlar nəhəng bir ziyana düşmüş olurlar. Lakin buna baxmayaraq, onlar elə güman edirlər ki, doğru yolla gedirlər, axı dünya onların gözündə artıq tərsinə çevrilmişdir və onlar qərara almışlar ki, həqiqət – yalan, yalan isə həqiqətdir.
Bu Quran ayələri dini hökmlərin və qadağaların Allahın müdrikliyinə tabe olma­sını və qulların mənafelərinə xidmət etməsini təsdiq edir. Fövqəluca Allah xəbər verir ki, O, heç vaxt sağlam təfəkkürə zidd olan yaramaz əməllər törədilməsinə hökm vermir, çünki O, ədalətə riayət edilməsini və səmimi olmağı əmr edir.
Bu ayələr həm də onu sübut edir ki, insan düz yola təkcə Allahın mərhəməti sayəsində gəlir, azğınlığa isə, O, onu Öz köməyindən məhrum etdikdə, düşür. Bu isə, insan öz nadanlığı üzündən şeytanı özünə havadar götürdüyü və onu azğınlığa məhkum edən əməllər törətdiyi vaxt baş verir.
Bu ayələr həm də ona dəlalət edir ki, əgər azmış adam doğru yolla getdiyini hesab edirsə, bu ona heç də bəraət qazandırmır, çünki o düz yola gəlmək imkanına malik olduğu halda bunu etmir. Onun öz düzgünlüyünə əminliyi onun zalımlığının nəticəsidir, çünki o özü doğru yolu tapmaqdan boyun qaçırır.

                            ﭜﭝ                 


(7.31) “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libas­larınızı[1] geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!”

Adəmin nəsillərinə libas nazil etdikdən və onlar onun sayəsində öz lüt bədənlərini örtdükdən sonra, Fövqəluca Allah insanlara əmr edir ki, özlərinin ayıb yerlərini fərz və əlavə namazlar zamanı da örtsünlər. Ayıb yerlərinin örtülməsi insan bədənini bəzəyir, onların açıq olması isə onu eybəcərləşdirir.
Başqa bir şərhə görə, bu ayədə zinətləriniz sözü altında təmiz və gözəl libaslar nəzərdə tutulmuşdur. Deməli, müsəlman namaz qılan zaman nəinki örtülməli yerlərini örtməli və həm də çirkaba və nəcisə bulaşmamış təmiz və gözəl paltar geyməlidir.
Sonra Allah insanlara Onun məxluqlarını təmin etdiyi halal və təmiz nemətlərdən yeyib-içməyi əmr edir. Lakin bu zaman həddi aşaraq, orqanizmə zərər verə bilən çoxlu ərzaq sərf etmək və ya çox bahalı və zərif yeməli şeylər, içkilər və paltar almaq və yaxud haram məhsullardan yemək olmaz. Allah israfçı adamları sevmir, çünki israfçılıq Onun qəzəbinə səbəb olur və orqanizmə və insanın rifahına ziyan vurur və bəzi hallarda isə insanı vacib sədəqə vermək imkanından məhrum edir.
Bir sözlə, bu gözəl ayə ləzzətli xörəklərdən və içkilərdən istifadə etməyi əmr edir, yemək və içməkdən boyun qaçırmağı qadağan edir və bunların istifadə edilməsində israfçılığı yasaqlayır.

                     ﭭﭮ                      ﭸﭹ                   ﭿ 

 (7.32) “(Ey Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuş­dur?” De: “Bunlar dünyaya iman gətirənlər üçündür (lakin kafirlər də onlardan istifadə edə bilərlər), Qiyamət günündə (Axirətdə) isə yalnız möminlərə məxsusdur”. Biz ayələrimizi anlayıb-bilən bir xalq üçün belə ətraflı izah edirik”.

Fövqəluca Allah bu ayədə ləzzət alınmasından Onun icazə verdiyi nemətlərdən istifadə olunmasını haram elan edən günah­kar­ları qınayır. Cürbəcür gözəl libasları geyməyi və hər cür yeməklərdən və içkilərdən istifadə etməyi kim haram etmişdir? Allahın Öz qullarına əta etdiyi şeyləri insanlara haram etməyə kim cəsarət edir? Allahın qoymadığı məhdudiyyətləri qoymağa kim cəsarət edir?!
O, qullarına hər növ nemətlərdən zövq almağa və Ona daha yaxşı ibadət etmək üçün o nemətlərdən istifadə etməyə icazə vermişdir. Lakin onlardan istifadə etmək ancaq möminlərə icazə verilmişdir, çünki Allah bildirmişdir ki, dünya həyatında nemətlər onlar üçün təyin edilmişdir, Axirətdə isə bu nemətlər müstəsna olaraq təkcə onlara məxsus olacaqdır. Axirətdə heç kim möminlə­rin alacağı zövqünə şərik ola bilməyəcək.
Bu ayədən məlum olur ki, günah işlətmək üçün nemətlərdən istifadə edən kafirlər onlardan istifadə etmək haqqına malik deyillər və buna görə cəzalandırılacaqlar. Qiyamət günü başlandıqda onlar istifadə etdikləri bütün dünyəvi nemətlər haqqında sorğu-sual ediləcəklər. Allah ayələrini bilik sahiblərinə belə izah edir, çünki təkcə onlar Onun izahlarından faydalana bilirlər və qəti bilirlər ki, bu ayələr Allah tərəfindən nazil edilmişdir. Onlar ayələrin üzərində düşünür və onların mənasını dərk edirlər.

                                                                                 

(7.33) “De: “Rəbbim yalnız aşkar və gizli alçaq işləri (zina etmək, lüt gəzmək və s.), hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur”.

Bu ayədə Allah bütün səmavi şəriətlərdə haram edilmiş günahkar əməlləri etməyin haram olunduğunu bildirir. O, çirkin əməllərə qurşanmağı (buraya nifrət doğuran ağır günahlar – zina­karlıq, homoseksuallıq və başqa bənzər günahlar aiddir) qadağan etmiş­dir. Çirkin əməllər sırasına açıq-aydın bədən hərəkətləri ilə törədilən əməllər və qəlbdə törədilən gizli əməllər daxildir. Sonunculara təkəbbürlülüyü, özündənrazı qalmanı, şöhrətpərəst­liyi, münafiqliyi və digər belə günahları aid etmək olar.
Bundan başqa, Allah, insanın Onun qarşısında yerinə yetirməli olduğu vəzifələrinə laqeyd yanaşmaqla bağlı olan günahlara yol verməsini və beləliklə özünü cəzaya məhkum etməsini qadağan etmişdir. O, insanların həyatına, əmlakına və namusuna qəsd etməyi də haram etmişdir. Bir sözlə, insanlara Allah qarşısında və Onun qulları qarşı­sında öz öhdəliklərini pozmaq bütün hallarda haram edilmişdir.
İnsanlara barəsində Allahın heç bir dəlil nazil etmədiyi çoxallahlığa etiqad etmək qadağan olunmuşdu. Əksinə, nazil edilmiş ayələr təkcə Ona ibadət etməyin zəruriliyini təsdiq edirdi. Bu ayədə Allaha şərik qoşma dedikdə Onunla bərabər yaradılmışlara sitayiş etmək nəzərdə tutulur. Yəqin ki, bu həm də nümayişkərana ibadətə, Allahdan savayı başqasının adı ilə and içməyə və kiçik şirkin digər təzahürlərinə də aiddir.
İnsanlara həmçinin məlumatları olmadığı halda Allahın adları, sifətləri, əməlləri və hökmləri haqqında danışmaq qadağan olunmuşdu. Bütün hallarda bunu etmək qəti surətdə qadağan edilmişdi, çünki belə cinayətlər həm insana və həm də cəmiyyətə ziyan vurur. Onları etdikdə insan zalımlıq girdabına düşür, Allah qarşısında öz vəzifəsini kobudcasına pozur, məxluqların haqqına qəsd edir və Onun dinini təhrifə uğradır.

    ﮠﮡ             ﮧﮨ         

(7.34) “Hər bir ümmətin (əzəldən müəyyən edilmiş) əcəl vaxtı (ölüm, tənəzzül və ya əzaba düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) nə geri qalar, nə də irəli keçə bilərlər!”

Allah Adəmin nəsillərini yerə endirdi, onları orada yerləş­dirdi və onlar üçün müəyyən bir müddət müəyyənləşdirdi ki, onu nə yaxınlaşdırmaq, nə də uzaqlaşdırmaq mümkün deyil. Nə bütöv xalqlar, nə də ayrı-ayrı insanlar buna qadir deyillər.
                  ﯕﯖ                                          ﯨﯩ             

(7.35) “Ey Adəm oğulları! Sizə içərinizdən peyğəmbərlər gəlib ayələrimi söyləyən zaman Allahdan qorxaraq pis işlərdən çəkinib özlərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!”
(7.36) “Ayələrimizi yalan hesab edib onlara təkəbbürlə yanaşanlar isə cəhənnəmlikdirlər və onlar orada əbədi qalacaqlar!”

Allah Adəmin nəsillərini Cənnətdən çıxartdıqdan sonra, onlara elçilər göndərdi və Kitablar nazil etdi ki, onları sınaqdan keçirtsin. Elçilərə həvalə olunmuşdu ki, Vəhyləri insanlara oxusunlar və şəriət hökmlərini onlara izah etsinlər.
Allah bu barədə xatırlatdıqdan sonra, Allahın elçilərinin çağırışına cavab verən­lərin üstünlüyü və həmçinin onların çağırışına cavab verməkdən boyun qaçıranların ziyana düşməsi haqqında xəbər verir. Kim bütpərəstlikdən, ağır günahlardan və kiçik xətalardan çəkinirsə və Allahın haram buyurduğu bütün şeylərdən özünü qoruyursa, kim qəlbən və bədən hərəkətləri ilə saleh əməllər işləyirsə, o, başqalarının qorxduğu, məşum hadisələrdən ehtiyat etməyə bilər və keçmişdə törətdiklərinə görə kədərlənməyə bilər. Həqiqətən də, əgər insan qorxu və kədərdən mühafizə edilirsə, onda o, tam əmin-amanlıq, xoşbəxtlik və əbədi uğur əldə etmişdir.
Allahın ayələrini təkəbbürlə inkar edən günahkarlar isə qəlbən onlara iman gətirməkdən və bədənləri ilə itaət etməkdən boyun qaçırdıqlarına görə mütləq Cəhənnəm əzabkeşləri olacaq və orada əbədi qalacaqlar. Onlar öz Rəbbinin ayələrinə etinasız yanaş­dıqlarına və onları inadkarcasına inkar etməkdə davam etdiklərinə görə unudulacaq və əbədi işgəncəyə məruz qoyulacaqlar.

                             ﯷﯸ          ﯽﯾ  ﯿ          ﰂ ﰃﰄ  ﰅﰆ           ﰋﰌ                         

(7.37) “Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Kitabda (Lövhi-məhfuzda) yazılmış qismətləri onlara çata­caq­dır. Nəhayət, elçilə­rimiz (göndərdiyimiz mələklər) canlarını almaq üçün yanlarına gəldikdə: “Allahdan başqa ibadət etdiyiniz bütləriniz harada­dır?” – deyincə: “On­lar bizi qoyub qaçdılar!” – deyə cavab verə­cək və öz əleyhlərinə, kafir olduqlarına şahidlik edəcəklər”.

Allaha böhtan atanlardan, Ona şərik qoşanlardan, Onun qüsurları olduğunu deyənlərdən və Onun heç vaxt demədiyini Onun adından danışanlardan da günahkar adam yoxdur. Öz Rəbbinin haqqı izah edən və doğru yolu göstərən aydın ayələrini yalan adlandıranlardan daha günahkar bir adam yoxdur.
Onlar yerin gözəlliklərindən zövq alır və onlar üçün Lövhi-məhfuzda müəyyən edilmiş yer nemətlərindən istifadə edirlər, lakin bu onlara heç bir fayda verməyəcəkdir, çünki uzun sürməyən zövq alma uzunmüddətli cəza ilə əvəz ediləcəkdir.
İnsanların canını almaları tapşırılmış mələklər onların yanına gələrək, onları qınayacaqlar: “Əvvəllər səcdə etdiyiniz bütlər və heykəllər indi haradadır? Sizin onların köməyinə ehtiya­cı­nız olduğu an gəlmişdir. Onlar sizə fayda verə biləcəklərmi və ya sizi şərdən müdafiə edə biləcəklərmi?” Günahkarlar belə cavab verəcəklər: “Onlar yoxa çıxdılar və bizi Allahın cəzasından heç qurumadılar”.
Onlar özləri özlərinin əleyhinə şəhadət verəcəklər və zalım olduqlarını və həqarətli, sonsuz cəzaya layiq olduqlarını etiraf edəcəklər.

                            ﭝﭞ             ﭣﭤ                                   ﭴﭵ                      

(7.38) “(Allah Qiyamət günü onlara) buyuracaq: “Sizdən əvvəl gəlib-getmiş (kafir) cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!” Hər tayfa girdikcə (özündən əvvəlki) dinda­şına və tayfadaşına (onu doğru yoldan azdırdığı üçün) lənət oxuyacaq. Nəhayət, hamısı birlikdə orada (Cəhənnəmdə) toplan­dığı zaman sonra gələnlər (tabe olanlar) əvvəl gələnlər (tabe olduqları) barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat Cəhənnəm əzabı ver! (Allah) buyura­caq: “Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!”

Mələklər kafirlərə deyəcəklər: “Sizdən əvvəl yaşamış cin və insanlarla birlikdə Cəhənnəmə girin! Siz eyni əməlləri etmişsiniz, kafirliyə etiqad etmiş və təkəbbürlü olmuşsunuz və buna görə də sizin hamınız Cəhənnəmdə rüsvay olmağa, məhvə və əbədi cəzaya layiqsiniz”.
Hər dəfə bir xalq Cəhənnəmə düşəndə, o, ona qohum olan xalqı lənətləyəcək. Fövqəluca Allah buyurur: “(İbrahim onlara) dedi: “Sizin Allahı qoyub bütləri tanrı qəbul etmə­yiniz yalnız dünyada (dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa (məhəb­bətə) görədir. Sonra da Qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz Cəhənnəm odu olacaq, özünüzə də (Allahın əzabından qurtarmağa) kömək edən kimsələr tapılmayacaqdır!” (Ənkəbut, 29/25).
Nəhayət, hamısı bir-birinin ardınca Cəhənnəmə girib orada toplanacaqlar. Onların arasında ilk və sonrakı nəsillərin nümayən­dələri, rəhbərləri və onların müti ardıcılları olacaqdır. O zaman öz rəhbərlərinin ardınca itaətkarlıqla gedən günahkarlar onları azğın­lığa aparanlardan Allaha belə şikayət edəcəklər: “Ey Rəbbimiz! Bizi yoldan çıxaran onların, öz çirkin cinayətlərini bizim gözümüz qarşısında bər-bəzəkli göstərmələri oldu. Onların Cəhənnəm əza­bını ikiqat artır!” Allah isə belə buyuracaq: “Hər biriniz öz qismə­tinə düşən cəzanı alacaqdır!”

    ﭿ                                 

(7.39) “Əvvəl gələnlər isə sonrakılara: “Sizin bizdən heç bir üstünlü­yünüz yoxdur. (Biz sizi günah işlərə məcbur etmədiyimiz, əksinə, siz onları könüllü surətdə gördüyünüz üçün hər ikimiz eyni əzaba düçar olmalıyıq). Buna görə də qazandığınız günahların cəzası olaraq dadın əzabı! – deyə­cəklər”.

Kafirliyin öndərləri onların ardınca gələnlərə deyəcəklər: “Siz heç nə ilə bizdən yaxşı deyilsiniz. Biz birlikdə azğınlığa düşmüş və bizi cəzaya məhkum edən günahlara birlikdə yol vermişik. Sizi bizdən üstün edən nədir? Öz əməllərinizlə layiq olduğunuz əzabı dadın!” Buna baxmayaraq kafirliyin öndərləri və rəhbərləri sözsüz ki, onların yolu ilə itaətkarlıqla gedən günahkarlardan daha dəhşətli cəza alacaqlar. Bu isə müsəlman alimlərinin və rəhbərlərinin, onların saleh davamçılarına nisbətən daha gözəl mükafat alacaqları kimidir.
Fövqəluca Allah buyurur: “Törətdikləri fitnə-fəsada görə (insanları) Allah yolundan döndərən kafirlərin əzablarının üstünə bir əzab da artıracağıq!” (Nəhl, 16/88).
Bu və digər oxşar ayələr Allahın ayələrini inkar edən kafirlər əbədi əzab çəkəcək­lərinə dəlalət edir. Amma şübhəsiz ki, onların cəzalarının həddi törətdikləri cinayətlərin, inadkarlıqlarının, zalım­lıq­larının və yalanlarının ağırlığından asılı olacaqdır. Bu dünyada bir-birilərinə bəslədikləri məhəbbət və qayğıkeşlik Qiyamət günü­nün başlaması ilə düşmənçiliklə və qarşılıqlı lənətləmələrlə əvəz olunacaq.

                                                 ﮟﮠ          
(7.40) “Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz (əməlləri, duaları qəbul olunmaz, ruhları göyə qalxmaz) və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara (müşriklərə və kafirlərə) belə cəza veririk!”

Fövqəluca Allah bu ayədə Onun ayələrini rədd edənlər və onlara iman gətirməkdən boyun qaçıranlar üçün hazırlanmış cəza barəsində xəbər verir. Onlar aydın və inan­dırı­cıdır, lakin kafirlər təkəbbürlə özlərini ayələrdən yüksək tutur və onlardan irəli gələn hökmləri rəhbər tutmaqdan imtina edirlər. Bundan başqa, onlar ayələri yalan adlandırır və onlardan üz döndərirlər. Buna görə onlar xeyirli sonluğa olan ümidlərini itirəcəklər.
Onlar öldükdə səma qapıları onların ruhları qarşısında açılmayacaq. Mələklər onlarla birlikdə göyə ona görə qalxacaqlar ki, Allahın dərgahına daxil olsunlar və xahiş edəcəklər ki, səma qapılarında keçməyə icazə verilsin, lakin onlara rədd cavabı veriləcək. Dünya həyatında onlar Allaha iman səviyyəsinə qalxa bilmədilər, onu dərk edib, sevə bilmədilər və buna görə də ölümdən sonra onlar Onun yanına qalxa bilməzlər. Həqiqətən, əvəz həmişə işlədilmiş əməllərə uyğun gəlir.
Bu ayədən aydın olur ki, səma qapıları Allahın hökmlərini itaətkarlıqla yerinə yetirən və Onun ayələrinə iman gətirmiş möminlərin ruhu qarşısında taybatay açılacaqdır. Onlar Onun dərgahına qalxa və ora – Allahın icazə verəcəyi yerə girə biləcəklər. Onlar Onun yaxınlığından zövq ala və Onun lütfkarlığını qazana biləcəklər.
Quran müddəalarından biri olan Cəhənnəmdə əzab çəkən­lər, dəvə iynənin deşiyindən keçdikdə, Cənnətə girəcəklər ifadə­sinə gəldikdə isə bu bir hadisəni digər bir misli görünməmiş hadisə ilə bağlamağın nümunəsidir. Dəvə ən iri heyvanlardan biridir, iynənin dəliyi isə ən kiçik və ən dar məxluqdur. Nəzərə alınsa ki, dəvə heç vaxt iynənin dəliyindən keçə bilməz, onda Allahın ayələrini inkar edən kafirlər həmçinin heç vaxt Cənnətə girə bilməzlər. Fövqəluca Allah belə buyurur: “Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımla­rın heç bir köməkçisi yoxdur!” (Maidə, 5/72). Allah tez-tez günah işlədənləri və yol verilən sərhəd­ləri pozanları belə cəzalandırır.

            ﮫﮬ          
(7.41) “Onlar üçün Cəhənnəmdən (Cəhənnəm odundan) döşək və üstlərinə örtmək üçün (atəşdən) yorğan vardır. Biz zalımları belə cəzalandırırıq!”

Cəhənnəm döşəkləri və yorğanları oddan olacaqdır və cəza zalımları hər tərəfdən əhatə edəcəkdir. Allah özləri özlərinə zalım­lıq edənləri belə cəzalandırır. Bu layiqli cəza olacaqdır, axı Rəbb Öz qullarına heç vaxt əziyyət vermir.

                   ﯚﯛﯜ   ﯝﯞ      ﯡﯢ 

(7.42) “İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar!”

Zalımların cəzalandırılacağı haqqında xəbər verdikdən sonra Fövqəluca Allah itaətkar möminlərin mükafatlandırılacağını bildi­rir, çünki onlar tamamilə səmimi olaraq iman gətirirdilər və xeyirxah əməlləri bədənlərinin bütün üzvləri ilə həyata keçirirdilər. Onlar özlərini iman və saleh əməllərlə gözəlləşdirirdilər. Onlar yaxşılığı qəlbən və bədən hərəkətləri ilə etməklə yanaşı dinin vacib hökmlərini yerinə yetirir və haram edilmiş şeylərdən çəkinirdilər.
Bu ayənin ümumi mənasından belə güman etmək olar ki, Cənnət sakinləri bütün vacib və qeyri-vacib saleh əməlləri yerinə yetirirdilər, lakin Allahın qulu bir sıra hallarda əməllərdən bəzilə­rini icra etmək qabiliyyətinə malik olurlar və buna görə Allah buyurur ki, O, insana onun imkanlarından artıq vəzifə həvalə etmir və onu daşıya bilməyəcəyi yüklə çətinliyə salmır. Bu isə o deməkdir ki, insan öz imkanlarının yol verdiyi qədər xeyirxahlıq etməlidir və o, digər müsəlmanların bacardığı, lakin onun yerinə yetirməyi bacarmadığı bəzi vacib hökmlərə görə məsuliyyət daşımır. Fövqəluca Allah buyurur: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər...” (Bəqərə, 2/286);
“(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı...” (Həcc, 22/78);
“Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun” (Təğabun, 64/16).
Bax buna görə vacib hökmlər onu yerinə yetirməyə qadir olmayan insan üçün məcbu­riliyini qaldırır və məcburiyyət qarşı­sında günah əməl işlətmiş insan üçün həmin əməli günah sayılmır.
Doğru imana malik olan və xeyirxah əməllər edən müsəlman­lar mütləq Cənnət sakinləri olacaqlar və oranı heç vaxt tərk etməyəcəklər. Onlar hətta başqa bir məskən haqqında heç arzu da etməyəcəklər, çünki onlar Cənnət bağlarında hər cür nemət­lərdən zövq alacaqlar və bundan daha gözəl bir şeyi heç təsəv­vürlərinə belə gətirə bilməyəcəklər.

                   ﯬﯭ                                ﯺﯻ        ﯿ  ﰀﰁ                         

(7.43) “Biz onların (Cənnət əhlinin) ürəklərindəki kin-kü­durəti çəkib çıxarda­rıq. Onların (qaldıqları yerin) altından çaylar axar. Onlar (Rəbbinin bu lütfünü gördükdə) deyərlər: “Bizi bura gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz özümüzə doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər!” Onlara: “Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət bu­dur!” – deyə müraciət ediləcəkdir”.

Bu ayə Allahın Cənnət məskunlarına bəslədiyi mərhəməti­nin dəlilidir. O, onların ürəklərini kin-küdurətdən və başqaları qarşısında üstün görünmək istəyindən təmizləyə­cək və bunun sayəsində onlar bir-birilərini pak və səmimi məhəbbətlə sevən qardaşlar olacaqlar. Fövqəluca Allah buyurur: “Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər” (Hicr, 15/47).
Allah Cənnət sakinlərinə elə bir iltifat göstərəcək ki, onlar­dan hər biri öz səadətinə sevinəcək və elə hesab edəcək ki, bundan daha gözəl xoşbəxtlik, sadəcə olaraq, mümkün deyil. Cənnət sakinləri qarşılıqlı paxıllıq hissindən və ədavətdən xilas ediləcək­lər, çünki buna heç bir səbəb olmayacaq. Onların ətrafında çaylar axacaq ki, məcralarını Cənnət sakinlərinin istədiyi istiqamətdə dəyişəcəklər. Onlar istəsələr o çayları öz imarətlərinin arasından yönəldəcək, ya da istəsələr öz yüksək saraylarına və ecazkar bağlarına tərəf döndərəcəklər. Bunlar – yatağa[2] ehtiyacı olmayan kiçik çaylar və həddi-hüdudu olmayan zövq və səfadır.
Möminlər Allahın onlara bəxş etdiyi iltifatını öz gözləri ilə gördükdə, ucadan deyəcəklər: “Həmd olsun bizi bu səadətə qovuş­duran Allaha! O, bizə mərhəmət göstərərək qəlblərimizi imanla doldurmuş və bunun sayəsində etdiyimiz yaxşı əməllər bizi bu məkana gətirmişdir. O, bizim imanımızı və xeyirxah əməllərimizi qoruyub saxlamış və bu məqsədə çatmağa bizə yardım etmişdir. Bizə görə bildiyimiz və görə bilmədiyimiz saysız-hesabsız nemət­lər bəxş etmiş Alicənab Rəbbimiz necə də gözəldir! Əgər O, bizi doğru yola yönəltməsəydi, biz o yolu özümüz öz gücümüzlə keçə bil­məzdik. Bizim imkanlarımız o yoldan sapmamağa kifayət etməzdi və biz bu yolda Onun bizə hədiyyə etdiyi Haqq Təlimi və elçilərinin yolu ilə getməkdə bizə göstərdiyi köməyi  sayəsində dayana bildik. Allahın elçiləri, həqiqətən, haqqa dəvət edirdilər”.
Elçilərin öncədən bildirdikləri Cənnət nemətlərindən zövq alaraq, möminlər ən ali iman sahibi olacaqlar. Onlar qəti bilirdilər ki, elçilərin sözləri həqiqət idi, lakin indi onlar buna özləri əmin olacaqlar. Onlar deyəcəklər: “Biz gördük və elçilərin vəd etdiklə­rinin hamısının doğruluğuna bir daha əmin olduq. Biz əmin olduq ki, onların sözləri – sübhə doğurmayan və ya çaşqınlıq yaratmayan sarsılmaz həqiqətdir”. Belə olduqda, onlar ehtiramla səslənən tərif sözlərini eşidəcəklər: “Budur varisi olduğunuz Cənnət! Bu torpaqlar artıq sizin malikanələrinizdir, kafirlərin məskəni isə Cəhənnəm oldu. Siz bu yerlərə öz saleh əməllərinizə görə layiq görüldünüz”.
Mömin İslam ilahiyyatçılarından biri demişdir: “Cənnət sakinləri Cəhənnəmdən Allahın bağışlaması sayəsində xilas olacaq, Cənnətə Onun mərhəməti sayəsində girəcəklər, lakin oranın mülkiyyətini öz saleh əməllərinə müvafiq bölüşəcək və varis olacaqlar. Bütün bunlar Allahın mərhəmətinin təzahürüdür. Bu həm də Onun mərhəmə­tinin ən ali təzahürü olacaqdır”.

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ   ﭖ  ﭗ  ﭘ  ﭙ  ﭚ  ﭛ  ﭜ   ﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢﭣ  ﭤ  ﭥﭦ  ﭧ  ﭨ  ﭩ  ﭪ   ﭫ  ﭬ  ﭭ  ﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲ  ﭳ      ﭴ  ﭵ    ﭶ  ﭷ  ﭸ  ﭹ ﭺ 
         (7.44) “Cənnət əhli Cəhənnəm əhlinə müraciət edib: “Biz Rəbbimizin bizə vəd etdiyini (Axirət nemətlərini) haqq olaraq gördük. Siz də Rəbbinizin sizə vəd etdiyini (Cəhənnəm əzabını) gerçək olaraq gördünüzmü?” – deyə soruşacaq. Onlar: “Bəli!” – deyə cavab verəcəklər. Elə bu zaman onların (hər iki dəstəsinin) arasında bir carçı (İsrafil və ya cənnətdəkilərdən biri): “Allah zalımlara lənət eləsin!” – deyə səslənəcək”.
          (7.45) “O kəslər ki, insanları Allahın yolundan döndərər, onu (Allah yolunu) əyri hala salmaq (əymək) istəyər və Axirətdə də inkar edərlər!”


Möminlərin və günahkarların onlar üçün təyin olunmuş məskənlərə girəcəklərini və Allahın elçilərinin öncədən xəbər verdikləri və Səma Kitablarının bəyan etdikləri mükafatların və cəzaların həqiqiliyinə əmin olduqlarını xatırlatdıqdan sonra Fövqəluca Allah xəbər verir ki, Cənnət sakinləri Cəhənnəmdə əzab çəkənlərə müraciət edəcəklər: “Bizə deyilmişdi ki, iman və saleh əməllər sayəsində biz Cənnət bağlarına layiq görüləcəyik və biz doğrudan da Cənnətə düşdük və bizə vəd edilən hər şeyi öz gözümüzlə görüb doğruluğuna əmin olduq. Siz də kafirliyə və itaətsizliyə görə sizə bütün vəd edilənlərin doğru olduğuna əmin oldunuzmu?” Onlar belə cavab verəcəklər: “Bəli, biz də Allahın vədinin doğruluğuna əmin olduq”.
Tamamilə bütün məxluqlar Allahın vəd etdiyinin həqiqili¬yinə əmin ola biləcəklər və heç kim buna şübhə edə bilməz. Kimin sözü Allahın sözündən daha doğru ola bilər? İnsanlar Onun sözünün doğruluğuna şübhə etməkdən əl çəkəcəklər və Onun vədinin gerçəkliyini öz üzərlərində hiss edəcəklər. Bax, məhz onda möminlər sevinəcək və şadlıq etməyə başlayacaq, kafirlər isə hər cür xeyirxahlığa bəslədikləri ümidlərini itirəcəklər və etiraf etməli olacaqlar ki, onlar həqiqətən dəhşətli cəzaya layiqdirlər. Bu etiraf baş verdiyi zaman carçı Cənnət sakinlərinə və Cəhənnəm əzabkeşlərinə car çəkib xəbər verəcək ki, bundan sonra zalım günahkarların üzərində Allahın lənəti bərqərar olacaq. Onlar hər cür nemətlərdən və gözəlliklərdən sonsuzluğa qədər uzaq olacaq¬lar, çünki Allah əvvəlcədən onların qarşısında Öz mərhəmətinin qapılarını açmışdı, lakin onlar zalımcasına rəftar etdilər, onlardan üz çevirdilər, doğru yolla getməyi rədd etdilər və hətta ətrafların-dakıları da bundan çəkindirdilər. Onlar özləri azğınlığa düşmüşdülər və bir çoxlarını da yoldan sapdırdılar.
             Fövqəluca Allah istəyirdi ki, insanlar doğru yolla getsinlər, onlar isə onu təhrif etməyə cəhd göstərirdilər və insanlara o yolu tapmaqda maneçilik göstərirdilər. Bununla yanaşı onlar Axirət həyatına iman gətirməyi rədd edirdilər. Məhz ona inanmama, cəzalanacaqla¬rın¬dan qorxmamaqları və mükafat alacaqlarına ümid bağlamaları onları düz istiqamətdən çıxmağa və öz günahkar ehtiraslarına uymağa təhrik etdi. Əgər kafirlər lənətə layiq görülür-lərsə, onda möminlər Allahın mərhəməti sayəsində saysız-hesabsız nemətlərlə mükafatlandırılacaqlar. Bu ayənin mənası budur.

 



[1] Burada Z. Bünyadovun və V. Məmmədəliyevin tərcüməsində verdiyim ayənin ərəbcəsində “zinətlərinizi”  sözü “gözəl libaslarınızı” ifadəsi ilə verildiyi üçün ayənin çevirisi ilə şərhin mətni arasında, ilk nəzərdə, müəyyən uyuşmazlıq hiss oluna bilər ki, bunu nəzərə almaq lazımdır. F.S.
[2] Burada çayın bir sahilindən digər sahilədək olan quru yatağı, məcrası (axdığı təbii ərazi) nəzərdə tutulur. F.S.

Комментариев нет:

Отправить комментарий