вторник, 3 июля 2012 г.

Ə.N. əs-Səədi. Təfsir. II c. 6.94-6.108 ayələr

Ə.N. əs-Səədi. Təfsir. II c. 6.94-6.108  ayələr




 (6.94) “Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimiz (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz. Artıq sizin (vaxtı ilə) öz aranızda Allahın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi görmürük. Artıq aranızdakı (rabitə) qırılmış və (Allaha şərik) iddia etdikləriniz (bütlər) də sizdən (uzaqlaşıb) qeyb olmuşdur”. 

Bərzəx aləmində zalımların aqibətini xatırladaraq, Fövqəluca Allah xəbər verir ki, Qiyamət günü onlar tamamilə tək-tənha qalacaq və büsbütün var-yoxdan çıxıb səfalətə uğrayacaqlar. Onlar ailələrindən və cah-cəlallarından, uşaqların­dan, mühafizəçilə­rindən və köməkçilərindən məhrum olacaqlar. Onlar ilk dəfə xəlq edildikləri kimi Allahın qarşısında dayanacaqlar. Onlar tamamilə lüt olacaqlar, çünki insan var-dövləti və digər nemətləri, bunun üçün zəruri əməlləri yerinə yetirdikdən sonra doğulduqdan sonra əldə edir. Həmin gün qullar dünyada malik olduqları yaxşı və yaramaz əməllərindən başqa nə varsa itirirlər, çünki Axirət həyatında insanın taleyini müəyyənləşdirən məhz onun əməlləri olacaqdır. Onun əmin-amanlığı və ya bədbəxtliyi, sevinci və ya kədəri, məmnunluğu və ya əzab-əziyyəti  o əməllərdən asılı olacaqdır. Həmin əməllər fayda və zərər verəcək, məhzunlaşdı­racaq və şadlandıracaqdır. Yerdə qalan nə varsa, o cümlədən, zövcələr, övladlar, əmlak və yoldaşlar insan həyatında təsadüfi anlar və əldə edərək itirdiyi nemətlər olacaqdır.
Allah müşriklərə deyəcək: “Siz Bizim hüzurumuzda tama­­milə tək-tənhasınız. Biz sizə nemətlər vermişdik, lakin siz onları arxanızda qoymuşsunuz və indi Biz öz Rəbbinizə şərik qoşduğu­nuz havadarlarınızı sizin yanınızda görmürük”.
Müşriklər Allaha şərik qoşaraq, Onunla bərabər mələklərə, peyğəmbər­lərə, saleh insanlar və başqa məxluqlara ibadət edirlər. Bütün qulların bütövlüklə Ona məxsus olmasına baxmayaraq, müşriklər Ona ibadət etmək əvəzinə onlara sitayiş edirlər. Onlar özlərini zalımcasına aparırlar, çünki onların hamısı – Allahın qullarıdır və ancaq tək Ona ibadət etməliydilər. İbadət ayinlərini yaradılmışlara həsr edərək müşriklər Uca Yaradan və Hökmdarla onları bir pilləyə qoyurlar və buna görə Qiyamət günü onları amansızlıqla qınayacaqlar.
Onlara deyiləcək: “Biz Allaha qoşduğunuz havadarlarınızı sizinlə yanaşı görmürük. Sizinlə şərikləriniz arasındakı əlaqələriniz qırılmışdır və heç kim sizi müdafiə etməyəcək və sizə yardım göstərməyəcək. Ümid bəslədiklərinizin hamısı sizi tərk etmişlər. Siz öz əməllərinizdən xeyir götürəcəyinizə, əmin-amanlıqda olacağınıza, xoşbəxtliyə və xilas olacağınıza inanırdınız, çünki şeytan sizə təmtəraqlı gələcək vəd etmiş və onu qəlbinizdə bər-bəzəkli göstərmişdi. Siz onun vədlərini öz dilinizlə tələffüz edir və bu yalana valeh olurdunuz, halbuki o yalan heç bir əsasa söykənmirdi. Lakin artıq indi siz hər şeyin tərsinə əmin oldunuz və başa düşdünüz ki, siz özünüz özünüzü itirmisiniz, ailənizdən və var-dövlətinizdən məhrum olmusunuz”.
 
(6.95) “Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan (ölü yumurtadan diri toyuq, diri toyuqdan ölü yumurta yaradan) Allahdır. Budur Allah! Axı siz Ondan (haqq olan Allahdan) nə cür döndəri­lirsiniz?”

Fövqəluca Allah burada Özünün kamilliyidən, hakimiyyəti­nin əzəmətindən, qüdrətinin hüdudsuzluğundan, rəhminin əhatəedilməzliyindən, alicənablığının hərşeyi ehtiva etmə­sin­dən və yaratdığı məxluqlara qayğıkeşliyindən bəhs edir.
Allah toxumu və çəyirdəyi cücərməyə məcbur edir. Bu, insanların əkdiyi və Allahın çöllərə və səhralara səpib yaydığı bütün toxumlara aiddir. O, müxtəlif növlərə aid və müxtəlif görünüşdə olan və hər cür fayda verən taxıl və digər bitkilərin toxumlarını çatladıb cücərdir. O, xurma və digər meyvə ağaclarının çəyirdəyini cücərdir. Bu, toxumdan və çəyirdəkdən çıxan məhsulları yeyərək zövq alan insanlara, ev heyvanlarına və bütün digər heyvanlara böyük fayda verir. Onlar meyvələrdən qidalanmaq üçün istifadə edir və Allahın müəyyən etdiyi qaydada onlardan hər cür fayda əldə edirlər. Bu minvalla O, onları heyrətləndirən və ağıllı insanları məftun edən Öz səxavətinin və yaxşılıqlarının təzahürünü göstərir. O, onlara Özünün ən kamil istedada, nəhayətsiz müdrikliyə malik olduğunu göstərir və bunların sayəsində insanlar Onu dərk etmək və ancaq tək Ona ibadət etmək imkanı qazanırlar. Onlar əmin olurlar ki, O – Həqiqi Allahdır, qalan bütün başqa tanrıçalara ibadət etmək isə yalan və faydasızdır.
Allah canlı məxluqu spermanın bir damcısından yaratmaqla ölünü diriyə çevirir, yumurtadan toyuq çıxarır, toxumdan və çəyirdəkdən isə taxıl və ağaclar yetişdirir. Sonra O, canlını cansıza çevirir – sünbüllərdən və ağaclardan toxum və çəyirdək çıxardır, toyuqları yumurtladır. Burada ölü dedikdə, inkişaf edib böyüməyən və canı olmayan şeylər nəzərdə tutulur. Allah bu məxluqları Özü təkbaşına yaradır və onları idarə edir. O – Rəbdir və bütün yaradılmışlar Ona ibadət etməlidirlər. O, aləmlərin qayğısına qalır, Öz səxavətini onlara bəxş edir və mərhəməti sayəsində onlara ruzi verir. Bu mükəmməl keyfiyyətlərə malik olan Tək Allaha ibadət etməkdən boyun qaçıranlar gör nə qədər aldadılıblar ki, fayda verməyən və də nə zərər vurmayan, nə ölümə, nə də dirilişə sahib olmayan kəslərə ibadət edirlər.
 
 
(6.96) “(Gecənin zülmətindən) səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı (vaxt üçün) bir ölçü vasitəsi edən də Odur. (Bütün) bunlar yenilməz qüvvət sahibi, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür)”.

Məxluqların nə ilə qidalanmasını xatırlatdıqdan sonra, Allah buyurur ki, Öz mərhəməti sayəsində O, qulları üçün yeri məskunlaşdırdı və onların ehtiyacı ola biləcək hər şeyi yaratdı. O, işığı və qaranlığı və onların məxluqlara verdiyi böyük faydasını yaratdı. O, toxum və tumları yararaq cücərdir, yerin səthində hər şeyi çulğalayan gecə qaranlığını ziyalandırır. O, sübh şəfəqi ilə tədricən qaranlığı parçalayır və o tamamilə yox olduqda onu parlaq işıq əvəz edir. Məxluqlar isə öz xeyirləri üçün işləmək, ruzi əldə etmək, öz dininin və dünyasının qayğısına qalmaq imkanı əldə edirlər. Lakin bununla yanaşı onlar rahatlığa və istirahətə ehtiyac duyurlar. Amma gün davam etdikcə və hava işıqlı olduqca mükəm­məl istirahət etmək mümkün olmur. Buna görə Allah istirahət üçün gecəni təyin etmişdir. Bu zaman insanlar evlərinə dönür, mal-qara tövlə-axuruna qayıdır, çöl heyvanları da öz kahalarına girir, quşlar yuvalarına qonur və onların hər biri istirahət etmək imkanı tapır. Sonra Allah qaranlığı işıqla əvəz edir və bu qayda ta Qiyamət gününədək davam edəcəkdir.
Allah günəşi və ayı da ona görə yaratmışdır ki, insanlar illərin hesabını apara və vaxtı müəyyən edə bilsinlər. Bunun sayəsində onlar Allaha ibadətin və bir-birilərinin qarşısında öhdəliklərinin vaxtını dəqiq müəyyən edə bilirlər. Əgər günəş və ay olmasaydı, əgər onlar bir-birilərini əvəz etməsəydi, insanların əksəriyyəti vaxtı bilməzdilər. Ancaq onların bəziləri çox böyük səylərin nəticəsində dəqiq vaxtı təyin edə bilərdi və onda qullar onların yaşaması üçün zəruri şeylərdən məhrum olardılar.
Xatırlatdığımız qayda – Qüdrətli və Alim Allahın qoyduğu qaydadır. Onun qüdrəti o dərəcədə əzəmətlidir ki, xəlq edilmiş bu nəhəng yaradılmışlar belə Ona mütidir. Onlar Allahın hökmünə tabe olaraq itaətkarlıqla hərəkət edir. Onlar Onun qoyduğu məhdudiyyətləri keçmir, müəyyən olunmuş vaxt hədlərini aşmır və geriyə də qalmır. Onun biliyi bütün aşkar və gizli olana, birinci və sonuncu olana aiddir və həm də Allahın biliklərinin hüdud­suzluğunun xeyrinə olan dəlillərdən biri də Kainatda bərqərar olan ecazkar tarazlığın mövcudluğudur. Bu qayda öz mükəmməlliyi, müdrikliyi və onlara verdiyi fayda ilə məxluqların ağlını məəttəl qoyur.


 (6.97) “Suyun və qurunun zülmətində (yolunuzu) düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik”.

Allah ulduzları yaratmışdır ki, insanlar onların vasitəsilə quruda və dənizdə, yolu azanda onu tapa bilsinlər. Onların sayəsində insanlar öz məqsədlərini güdərək yer üzündə səyahətə çıxır, ticarət səfərlərinə yollanır və gəzib dolaşırlar. Bəzi ulduzları ilin hər vaxtında görmək olur, çünki onlar səmada öz vəziyyətlərini dəyişmirlər. Digər ulduzlar daima hərəkət edir və təcrübəli səyahətçilər onların hərəkət istiqamətini bilir və onlara müvafiq cəhətləri və vaxtı təyin edirlər.
Bu və buna bənzər digər ayələr sübut edir ki, şəriət səma cisimlərinin yerləşməsini və hərəkətini öyrənməyə icazə verir və bu sahəyə həsr olunmuş elm astronomiya adlanır. Bu da onunla izah olunur ki, müvafiq biliklər olmadan insanlar ulduzlara görə yolu düzgün təyin etmək qabiliyyətinə malik deyillər..
Allah Öz ayələrini edərək bir sıra ayələri digərlərindən fərqləndirir, onları biliyi olanlar üçün daha anlaşıqlı və aydın edir. Quran ayələri məhz belə insanlara müraciət edir və onlardan layiqli cavab gözlənilir. Allahın ayələrindən və Onun elçilərinin gətirdiyi biliklərdən üz döndərən yonulmamış nadanlara gəldikdə isə, heç bir izahat onlara fayda gətirə, onları şübhələrdən xilas edə və onların problemlərini həll edə bilməz.

 (6.98) “Sizi tək bir insandan yaradan da Odur. Sizə bir qərar yeri, bir də bir əmanət yeri vardır. Biz ayələrimizi  başa düşən bir xalq üçün belə müfəssəl bəyan etdik”.

Bütün insanlar bir nəfərdən – Adəmdən törəmişlər. Allah ondan bütün yer kürə­si­nə yayılan bəşəriyyəti yaratmış və o, bu günədək artmaqda davam edir. İnsanlar bir-birilərindən əxlaqi keyfiyyətlərinə, zahiri görünüşə və bir çox başqa xüsusiyyətlərinə görə fərqlənirlər, özü də bu fərqlər o dərəcədə böyükdür ki, onları dəyərləndirmək və sözlə təsvir etmək mümkün deyil.
Allah insanlar üçün son yaşayış məskəni kimi Axirət yurdunu müəyyənləş­dir­miş­dir ki, bütün məxluqlar oraya düşəcəklər. Ora onların ən axırıncı və heç vaxt tərk etməyə­cəkləri Sığınacaq olacaqdır. Onlar məhz həmin Sığınacaq xatirinə yaradı­lıblar və yer üzünə gəlmələri öz əməlləri ilə oranı abadlaşdırmaq məqsədi daşıyırdı.
Allah insanların saxlanılması üçün də yer müəyyənləş­dirmişdir. O, onları ataları­nın onurğa sütununda və analarının bətnində saxlayır. O, onları həyatda olduqları zaman yerdə və ölümdən sonra isə bərzəx aləmində saxlayır. Lakin bütün bunlar müvəqqəti mərhələlərdir, çünki insanlar həmin mərhələlərdə çox qalmırlar, son dayanacaq məntəqəsinə çatana qədər növbəti mərhələyə yola salınırlar. Son məntəqə onların axırıncı Sığınacağı, dünya həyatı isə ancaq müvəqqəti məskən və qısamüddətli dayanacaqdır. Allah Öz ayələrini, dəlillərini və sübutlarını başa düşənlər üçün bu minvalla izah edir.
  
 (6.99) “Göydən su (yağış) endirən Odur. Biz onunla hər bir bitkini yetiş­dir­dik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış sal­xımlar yetişdirdik. (Biz, həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəmə­yən zeytun və nar yetişdirdik. (Onlardan hər birinin) bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda (Allahın Öz qüdrəti ilə yaratdığı bu şeylərdə) iman gətirən bir camaat üçün (Rəbbinizin varlığını sübut edən) dəlillər vardır”.   

Fövqəluca Allah insanların və başqa məxluqların ehtiyacı olduğu ən böyük nemətlərdən birini yada salır. Bu, insanların ona ehtiyacı olduğu zaman torpağı sulayan yağışın yağmasıdır. Yağış suyunun vasitəsilə Allah insanların yeməyinə və heyvanların yeminə yarıyan bitkilər yetişdirir. Məxluqlar Onun səxavətindən zövq alır və onlara hədiyyə edilmiş azuqəyə və Onun mərhəmətinə görə şad olurlar. Onlar quraqlıqdan və qıtlıqdan qurtulur və sevinc onların qəlbini və çöhrələrini nurlandırır. Mərhəmətli və Rəhmli Allah Öz lütfkarlığı ilə onları himayə edir və bu da insanlara həyatdan həzz almağa imkan verir və onlara yorulmadan nemətlər Bəxşedənə ciddi-cəhdlə minnətdarlıq etməyi, Ona ibadət etməyi, Ona doğru can atmaği və Onu sevməyi zəruriləşdirir.
Suyun hesabına bitib-böyüyən ağacları və sair bitkiləri xatırlatdıqdan sonra, Fövqəluca Allah taxılı və xurmanı xüsusilə qeyd edir, çünki onlar məxluqlara böyük fayda verir və əksər insanları qida ilə təmin edir. Allah yaşıl bitkilər əkərək onlardan buğda, arpa, qarğıdalı, düyü və digər taxıl bitkiləri törədir ki, bunların toxumları bir-birinə sıx yerləşmişdir. Bir sünbüldə və ya qıçada çoxsaylı toxumlar yetişir və onlar bir-biri ilə əsla bitişmirlər. Onlar ayrı-ayrı danələr olmaqla ümumi mənşəyə malikdir. Bu barədə xatırlatma onu göstərir ki, taxıl məhsulu bol və insanların həm yeməsi və həm də növbəti əkin sahəsinə səpməkdən ötrü ehtiyatını tutması üçün kifayət qədər artımlı olur.
Xurma ağaclarındakı tumurcuqlardan aşağı sallanan və onu dərmək istəyənlər üçün asan başa gələn xurma salxımları yetişir. Xurma dərmək elə də çətinlik yaratmır, hətta əgər xurma ağacı hündür olsa da, onun qurumuş geniş budaqlarından yapışaraq ağaca dırmaşmaq çox asandır. Fövqəluca Allah xurma ağacları ilə bərabər yağış suyu suvarılan üzüm tənəkləri, zeytunluqlar və nar bağları becərdir. Bu ağaclar da böyük faydalar verir və insanların həyatında mühüm yer tutur. Məhz buna görə Allah onları başqa ağaclar və bitkilər arasında fərqləndirmişdir.
Allah xəbər verir ki, onlar həm oxşar və həm də bir-birindən fərqlidir. Belə bir rəy var ki, bu vəhy həm zeytuna və həm də nara aiddir, çünki bu ağaclar və onların yarpaqları çox oxşardır, amma meyvələri bir-birindən tam fərqlənirlər. Başqa bir şərhə görə isə bu bütün ağaclara və meyvələrə aiddir. Onların bəziləri çoxlu oxşar cəhətlərə malikdir, bəziləri isə qətiyyən bir-birinə bənzəmir. Lakin onları hamısı qullara fayda verir, onları məmnun edir, aclığını aparır və onlar üçün nəsihət rolunu oynayır. Məhz buna görə Allah sonra, meyvə və bəhrələr üzərində düşünməyi əmr edir. Bu, bütövlükdə bütün meyvə ağaclarına, o cümlədən, xüsusilə xurma ağaclarına aiddir.
Baxın görün onlarda meyvələr necə tumurcüqlanır və onlar necə yetişirlər. Bun­larda həqiqətən Allahın mərhəmətinin, Onun hüdudsuz lütfkarlığının, mütləq qüdrətinin və qullarına qarşı xüsusi şəfqətinin dəlilləri olan coxlu möcüzələr vardır. Lakin heç də hamı bundan özü üçün ibrət dərsi götürmür və bu möcüzələr üzərində düşünmür və onların üzərində hər düşünən də onların özündə təcəssüm etdirdiyi mənanı dərk etmir. Elə buna görə, Allah qeyd edir ki, ancaq möminlər ayələrdən faydalana bilirlər. İman onları xeyirxah əməllər işlətməyə sövq edir ki, bu əməllər imanın mütləq şərti və vacib tələblərindəndir. Bunlardan biri də Allahın ayələri üzərində düşünmək və onların əsil mənalarını dərk etməkdir ki, ağıl, təhtəlşüur və şəriət bunun lehinə şəhadət verir.
  
(6.100) “Cinləri (Allah) yaratdığı halda, (kafirlər və cahillər) onları Allaha şərik qoşdular, (nəyə inandıqlarını, nə danışdıqlarını) bilmədən (özlərindən) Onun üçün oğullar və qızlar uydurub düzəltdilər. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır (pakdır) və yüksəkdə durur”.

Fövqəluca Allah bu ayədə bildirir ki, O, Öz qullarına xeyirxahlıq edir və onlara Özünün açıq-aşkar ayələrini və aydın dəlillərini göstərir. Buna baxmayaraq, qureyş müşrikləri və digər müşriklər Ona şərik qoşurdular, öz bütlərinə dua üçün müraciət edir və Allahla bərabər, Onun sadəcə yaratdıqları olan və Rəbbin heç bir keyfiyyətlərinə malik olmayan şeytanlara və mələklərə ibadət edirdilər. Onlar məxluqları, Yaradan, İdarəedən, hər növ nemətlərlə Təminedən, hər cür Şərdənqoruyan Allahla bərabər tuturdular. Onlar olduqca böyük yalan uydurur və heç bir əsasları olmadan Allaha oğullar və qızlar isnad edirlər. Allah haqqında heç bir dəqiq məlumata əsaslanmadan, Onun sonsuzluğa qədər uzaq olduğu dəhşətli qüsurları Ona aid edərək iftira atandan da zalım kim ola bilər?!! Allah pakdır və müşriklərin Ona aid etdikləri hər şeydən ucadır. Çünki O, bütün kamil sifətlərə sahib olandır və hər cür nöqsandan, qüsurdan, çatışmazlıqdan və xətadan yüksəkdədir.

 (6.101) “O, göyləri və yeri (yoxdan) var edəndir. Allahın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı (zövcəsi) yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir!”

Allah göyləri və yeri mükəmməl biçimdə yaratmışdır. O, onları bütün başqa məx­luq­larına bənzər etməmiş, onlara gözəl sima vermiş və onlarda mütləq qaydalar qoy­muş­dur. Hətta ən dərin zəka sahibləri də bunlardan daha gözəl, heyranedici şeylərin oxşarını belə yarada bilməzlər. Allah isə onları heç bir nümunə olmadan, kiminsə iştirakı olmadan, təkbaşına yaratmışdır.
Mütləq Rəbb olan və heç nəyə ehtiyacı olmayan Allahın uşağı necə ola bilər? Onun zövcəsi yoxdur, O, Öz yaratdıqlarına möhtac deyil, amma onların hamısı bütün hallarda Ona kəskin ehtiyac duyurlar. Uşaq hökmən öz valideyninə oxşamalıdır. Allah isə bütün varlığın Xaliqidir və yaratdıqları arasında eləsi yoxdur ki, Onun ilahi sifətlərindən heç olmazsa birinə oxşar sifətə malik olsun.
Bütün məxluqların Onun tərəfindən yaradıldığını xatırlat­dıqdan sonra, Allah Özünün hərşeyiəhatəedən elmi haqqında xəbər verir. Bu barədə yaradılışdan sonra yada salma özlüyündə Allahın elminin lehinə olan məntiqi dəlillərdəndir, çünki Kainatda möv­cud olan mükəmməl intizam və məxluq­larının valehedici görünüşü Yaradanın hüdud­suz biliyinə və Onun müdrikli­yinin kamilliyinə sübutdur. Fövqəluca Allah buyurur: “Məgər Yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!” (Mülk, 67/14);
“...Əlbəttə (qadirdir). (Hər şeyi) Yaradan, (hər şeyi) Bilən Odur!” (Yasin, 36/81).
Budur məxluqları yaradan və hadisələri öncədən müəyyənləşdirən Allah!
 
(6.102) “O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaran Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir!”

Allah – qüsursuz  itaətə və ən mükəmməl məhəbbətə layiq olan Yeganə Rəbdir.
O, məxluqlarına hər növ nemətlər bəxş edən və onları müxtəlif bəlalardan qoruyan Rəbdir! Ondan – bütün varlığın Yaradanından başqa ilah yoxdur! Əgər siz Onun – Vahid Haqq Allah olduğuna şübhə etmirsinizsə, onda Ona ibadət edin, Ona səmimiyyətlə qulluq göstərin və Onun Üzünü görməyə can atın, axı bütün məxluqlar məhz buna görə yaradıl­mışdır. Fövqəluca Allah buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Zariyat, 51/56).
Allah hər şeyin Sərəncamçısıdır, çünki bütün varlıqları O yaratmışdır və onlar Onun hakimiyyəti altındadırlar. Yaxşı məlumdur ki, səlahiyyət verən şəxsin işlərinin vəziyyəti onun işlərinə sərəncam çəkəndən asılı olur, lakin Fövqəluca Allah məxluqlarının işinə onların etdiyi kimi sərəncam çəkmir. İnsana bir başqasının işinə sərəncam çəkmə tapşırılanda, o, ona səlahiyyət verən şəxsin ancaq nümayəndəsi vəzifəsini yerinə yetirir və ondan tamamilə asılı vəziyyətdə qalır. Mərhəmətli və Uca Yaradan isə Öz kamil elminə, düzgün qərarlar qəbul etmək istedadına, rəhmliliyinə və ədalətliliyinə istinad edərək Özü Özünü səlahiyyətləndirir və heç kim Onun qərarlarına düzəliş verməyə qadir deyil, çünki Onun əməlləri və hökmləri hər hansı qüsurdan  və nöqsandan xalidir. Fövqəluca Allahın məxluqlarının işlərinə sərəncam çəkməsinin nümunəsi kimi – Onun dini hökmləri izah etməsini, İslam dinini təhriflərdən qorumasını və möminləri imandan məhrum edən şeylərdən mühafizə etməsini göstərmək olar.
 

 (6.103) “Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir (cismlikdən uzaqdır), (hər şeydən) xəbərdardır!”

Allah elə əzəmətli, elə möhtəşəm və elə kamildir ki, gözlər baxmaqla Onu qavramağa qadir deyil. Buna baxmayaraq Axirətdə möminlər Onu görəcək və Onun Mərhəmətli Üzünə baxmaq imkanından həzz alacaqlar. Allahı baxmaqla dərk və əhatə edə bilməmək o demək deyildir ki, insanlar Onu görə bilməzlər. Əksinə, bu onu göstərir ki, onlar Onu görəcəklər, çünki obyektə baxmaqla onu dərk etmə öz gözü ilə görmənin xüsusi formasıdır ki, bunu inkar etmək obyekti seyr etmək imkanını nəzərdə tutur.
Əgər Allah məxluqlarının Onu ümumiyyətlə gözləri ilə görə bilməyəcəyini nəzərdə tutsaydı, onda bu ayədə deyilərdi ki, baxışlar Onu görə bilməz. Buradan aydın olur ki, şərh etdiyimiz ayə, Allahın sifətlərini inkar edən və Axirətdə Rəbbi öz gözləri ilə görmək imkanını danan bidət əhlinin baxışlarına haqq qazandırmır. Ayə tamamilə əksinə olan nəzər nöqtələrini təsdiq edir.
Allah – baxışları Dərkedəndir. O, aşkarı və qeybi Biləndir, səslə tələffüz edilən və pıçıltı ilə deyilənlərin hamısını eşidir, böyük və kiçik varlıqları görür. Onun gözəl adları arasında Nüfuzedən, Hərşeyibilən adlarına diqqət yetirək. Özünün Nüfuzedən adı sayəsində O, ən gizli, ən məxfi və ən gözəgörünməz şeyləri dərk edir. Öz xeyirxahlığına görə O, qullarına kömək edir ki, onlar dindarlığa yiyələnsinlər və onları, heç özlərinin  ağıllarına gətirmədikləri, yollarla aparır. O, onlara əbədi səadətə və sonsuz uğurlara elə yollarla layiq olmağa yardım edir ki, bu onların heç fikrinə belə gəlməzdi. O, istəyir ki, bəzən qulların qismətinə, onlara əziyyət verən və onların xilas olmaq istədikləri çətinliklər nəsib olsun, çünki Allah bilir ki, onların möminliyi üçün belə olması daha yaxşıdır və ancaq belə çətinliklər sayəsində kamilləşməyə nail olmaq mümkünləşir. Allah Pak və Əzəmətlidir. O, möminlərə qarşı rəhmlidir və istədiyini mərhəmətinin kölgəsi altına alır!

 (6.104) “Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, öz lehinə, kim görməsə, öz əleyhinədir. Mən sizə nəzarətçı deyiləm. (Mənim vəzifəm ancaq dini təbliğ etməkdir)”.

Həqiqi dəyərləri və döru niyyətləri təsdiq edən ayə və dəlilləri izah etdikdən sonra, Fövqəluca Allah qullarının diqqətini bu ayələrə yönəldir və xəbər verir ki, əməllərinin bəhrələri onların özlərinə qismət olacaqdır. Quran ayələri həqiqəti əyani surətdə açıqlayır və ürəklərə imkan verir ki, baxışlar günəşi görə bildikləri kimi, onlar da onu beləcə aydın görə bilsinlər. Bunun səbəbi ondadır ki, vəhyin gözəl və aydın sözləri onun mənasını tam izah edir və heyranedici haqqı işıqlandırır. Buna görə təəccüblənmək lazım deyil, axı onlar, Öz məxluqlarına çoxsaylı görünən və görünməyən nemətlər bəxş edən Allah tərəfindən nazil edilmişdir. Ayələrin izah edilməsi və hər hansı anlaşılmazlığın aradan qaldırılması da Allahın  əzəmətli və gözəl nemətlərindəndir.
İnsan Allahın ayələrindən faydalı ibrət alırsa və onların tələblərinə müvafiq olaraq davranısa, o, bunu öz rifahı naminə etmişdir, çünki Allah zəngindir və ancaq həmdə layiqdir. Lakin əgər insan əyələri görüb onların mənasını anlaya bilmirsə; xəbərdarlığı eşidir, amma ona diqqət yetirmirsə; haqqı başa düşərək, onun qarşısında itaətkarlıq göstərmirsə, onda o, ancaq özünə ziyan vurmuş olur.
Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) insanlara nəzarət etmək və onların əməllərini yadda saxlamaq tapşırılmamışdı. Onun vəzifəsi həqiqəti onlara izah etmək idi və o (ona Allahın salavatı və salamı olsun!), öz vəzifəsini yerinə yetirmiş və ona nazil edilmiş Vəhyi bütün bəşəriyyətə çatdırmışdı. Ona (ona Allahın salavatı və salamı olsun!) təkcə bu vəzifə həvalə edilmişdi və o (ona Allahın salavatı və salamı olsun!), qalan başqa məsələlərə görə məsuliyyət daşımayacaqdır.
 
 (6.105) “Biz ayələrimizi belə açıqlayırıq ki, onlar (sənin peyğəmbər­liyini in­kar edənlər): “Sən dərs almısan (bunları başqalarından öyrənmisən)”, - desinlər və Biz də onu (Quranı) bilən (elm və bilik sahibi olan) bir camaata izah edək. (Kafirlər Allahın birliyini, qüdrət və əzəmətini inkar etməklə daha şiddətli əzaba layiq olsunlar, möminlər isə onları təsdiq etdikləri üçün daha çox savab qazansınlar).

Fövqəluca Allah ecazkar mənaya malik və qəribə həqiqətlərə nur saçan müxtəlif ayələr nazil edir. Allahın verdiyi açıqlamalar qüsursuzdur və həm də onlar o dərəcədə mənaca heyranedicidir ki, yaradılmışların təkbaşına başa düşə biləcəkləri həddə sığmır. Allah Quran ayələrini izah edir, amma hər şey onunla bitir ki, insanların bəziləri: “Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) bunları Kitab əhlinin kitablarından öyrənmişdir” – söyləyir. Bəziləri isə belə deyir: “Biz bu ayəni eşitmişik”. Bir başqaları da deyirlər: “Bu – Muhəmmədin Kitab əhlindən öyrəndiyi qədim xalqların nağıllarıdır”.
Öz söz məcmusunun quruluşuna görə bu ayə aşağıdakı vəhyə bənzəyir: “Fironun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı (içində olduğu sandıqla birlikdə) götürüb gəldilər” (Qəsəs, 28/8). Şübhəsiz ki, Fironun ailə üzvləri uşağı ona görə götürməmişdilər ki, onu öz düşmənləri kimi böyütsünlər. Onlar bunu etmişdilər ki, uşaq onlara sevinc gətirsin, lakin belə oldu ki, onların arasında düşmənçilik yarandı. Allah Öz ayələrini ona görə izah etmir ki, sonradan insanlar desinlər: “Muhəmməd Peyğəmbər bunları Kitab əhlindən öyrənmişdir”, lakin Quran ayələrinin aydınlığı və müxtəlifliyi onları əvvəlki Kitablara oxşadır.
Allah ayələrini müxtəlif üslublarla ifadə etməklə Quranı haqqı nahaqdan ayırmağı bacaran insanlar üçün açıqlayır. Bu ayədə söhbət Müqəddəs Qurandan gedir, hərçənd onun adı burada çəkilməsə də, bu açıq-aydındır. Ola bilsin ki, burada işarə əvəzlikləri müxtəlif ayələrə aiddir, amma onlar da Quranı nəzərdə tutur.
Bir sözlə desək, bu sözlərin mənası ondadır ki, Allah Kainatda yaratdığı cürbəcür möcüzələrlə yanaşı, Müqəddəs Quranda da müxtəlif möcüzəli ayələr nazil etmiş və onların izahını vermişdir ki, həqiqəti kafirlərə çatdırsın. Onlar Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) Kitabı qondarmasında və ya yalan uydurmasında ittiham edə bilməzlər, buna görə də onlara, onu Allahdan deyil, başqa adamlardan öyrənməsində günahlandırmaq qalırdı. Allah bir daha Öz ayələrini ona görə izah edir ki, öz nəfslərinə uymayan, haqqı başa düşən və ona itaət edən insanlar üçün nazil etdiyi həqiqətləri işıqlandırsın.

           (6.106) “(Ey Elçim!) Rəbbindən sənə vəhy edilənə (Qurana) tabe ol. (Sən yəqin bilirsən ki) Ondan başqa heç bir tanrı yoxdur. Müşriklərdən isə üz çevir!”

Ey Peyğəmbər! Taleyini həll edəcək və işlərini idarə edən Allahın sənə verdiyi vəhyə tabe ol. O, itaət edilməsinə layiq olan yeganə Allahdır. Buna görə, Ona müti ol və müşriklərin inadkarlığına və yalan sözlərinə fikir vermə!
 
 
 (6.107) “Əgər Allah istəsəydi, onlar müşrik olmazdılar. Biz səni onların üzə­rində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən!”

Ey Muhəmməd! Əgər Allah müşrikləri iman sahibi etmək istəsəydi, onlar Ona şərik qoşmazdılar. Bununla Fövqəluca Allah izah edir ki, onlar uydurulmuş tanrılara Onun ilahi iradəsinin əleyhinə olaraq ibadət etmirlər. Əgər onların haqq dinə üstünlük verəcəkləri Allaha məlum olsaydı, O, onları hökmən doğru yola yönəldərdi. Lakin O bilir ki, onlar müşrikliyə üstünlük verəcəklər və buna görə də müşrikləri uydurulmuş tanrılara ibadət etməkdən çəkindirmir. Sən onların üstündə gözətçi deyilsən, sənə onların əməllərini yadda saxlamaq da həvalə edilməyib və sən onların cinayətlərinə görə məsuliyyət daşımayacaqsan. Biz sənə belə tapşırıqlar verməmişik və onlar səni özlərinə vəkil təyin etməyiblər ki, işlərinə sərəncam çəkəsən və onların mənafelərinə riayət edilməsinin qayğısına qalasan.
Bu ayənin ümumi mənasından aydın olur ki, əgər Allah müşriklərin tək Ona ibadət etmələrini istəsəydi, Öz qüdrəti və hakimiyyəti sayəsində onları buna məcbur edərdi, lakin O istəyir ki, onlar bu seçimi özləri könüllü etsinlər. Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) gəldikdə isə, ona müşrikləri nəzarət altında saxlamaq, etdiklərini hesablamaq və işlərini yoluna qoymaq tapşırılmamışdı.
  
 (6.108) “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Beləcə, hər bir ümmətə öz əməl­lərini gözəl göstərdik. (Möminlərə Allah rizasına gördükləri işləri gözəl göstərdiyimiz kimi, kafirlərə də çirkin əməllərini yaxşı gös­tərdik). Sonra onlar Rəbbinin hüzuruna qayıdacaqlar. (Allah isə) onlara etdik­ləri əməllər barəsində xəbər verəcəkdir!”

Bu ayədə Allah möminlərə, əslində, yol verilən, hətta şəriətə uyğun gələn bir hərəkəti yasaq etmişdi. Söhbət müşriklərin Allahla bərabər ibadət etdikləri “tanrıları” söyməkdən gedir. Sözsüz ki, bu “tanrıların” təhqir edilməsi və onlara nifrət bəslənməsi insanı Allaha yaxınlaşdırır, lakin bu, müşrikləri aləmlərin Rəbbini təhqir etməyə təhrik edə bilərdi, halbuki qulları Onu hər hansı qüsur, nöqsan, təhqir və söyüşlərdən qorumalıydılar. Allahın müşriklərin “tanrılarını” təhqir etməyi qadağan etməsinin səbəbi, onların öz dinlərini azğınlıqla müdafiə etməsi və öz nəzər nöqtələrini qorumaları ilə bağlı idi. Çünki hər bir xalqa öz əməllləri düzgün və gözəl görünür. Müşriklər özlərini haqlı hesab edirlər və öz baxışlarını müdafiə etmək üçün heç nədən çəkinməzlər. Belə olduğu halda, müsəlmanlar onların “ilahlarını” təhqir etsələr, onda onlar əvəzində möminlərin də, günahkarların da ürəklərində sonsuz ehtiram bəslədikləri Allahı, aləmlərin Rəbbini təhqir edə bilər.
Qiyamət günü başladıqda bütün məxluqlar Allahın yanına qaytarılacaq və öz əməlləri ilə Onun hüzurunda dayanacaqlar və o zaman O, onların etdikləri yaxşı və pis əməlləri onlara xəbər verəcəkdir.
Bu kərim ayə bir şəriət qaydası üçün əsasdır. Bütün əməllər nəticələrinə görə müəyyənləşdirilir. Əgər yol verilən əməl yaramaz nəticələrə gətirərsə, onda o, haram sayılır.

Комментариев нет:

Отправить комментарий