Ə.N. əs-Səədi. Təfsir. II c. 6.14-6.33 ayələr
(6.14)
“(Ey Elçim!) De: “Mən göyləri və yeri Yaradan, hamısını bəsləyib Özü bəslənməyən
(hamını yedirdib Özü yeməkdən uzaq olan) Allahdan başqasını özümə Rəbmi edərəm?!”
De: “Mənə ilk müsəlman olmaq əmr edildi və müşriklərdən olma!” (deyə
buyuruldu)”.
Ey
Muhəmməd! Müşriklərə de ki: “Məgər mən köməksiz məxluqları özümə köməkçi və
hami edərəmmi?! Mən Fövqəluca Allahdan başqa heç kimi özümə hami saymıram,
çünki O, təkbaşına göyləri və Yeri yaratmışdır. O, onları yaratmış və idarə
edir. O, məxluqlarına ruzi verir, lakin Özü qidalanmağa heç bir ehtiyac duymur.
Məgər mənə yaraşar ki, zəngin və hər cür tərifəlayiq Xaliqdən və Yedizdirəndən
başqa kiminsə mənə himayəçilik edəcəyinə ümid bağlayım?! Mənə əmr edilmişdir
ki, tövhid əqidəsi daşıyan və Allaha müti olan ilk müsəlman olum, çünki mən Rəbbimin
hökmlərinə, bütün insanlardan daha çox səylə itaət etməliyəm. Ona şərik
qoşanlarla, onlarla həmfikir olanlarla olmaq və yığıncaqlarda yanlarında
oturmaq mənə qadağan edilmişdir. Bu hökmlər – mənim üçün ən vacibdir”.
(6.15)
“De: “Əgər mən Rəbbimə asi olsam, Böyük günün (Qiyamət gününün) əzabından
qorxaram”.
(6.16)
“O gün kim əzabdan qurtulsa, şübhəsiz ki, (Allah) ona mərhəmət əta etmişdir. Bu
isə açıq-aydın qurtuluşdur (uğurdur).
İnsan
Allaha şərik qoşaraq Ona itaət etməzsə, onda o, özünü Cəhənnəmdə əbədi işgəncələrə
məhkum edir və Qüdrətli Rəbbin qəzəbini özünə qarşı yönəldir. Bu, belə bir gündə
baş verəcək ki, o günün cəzasından qorxmaq və çəkinmək lazımdır, çünki əgər
insan həmin günün cəzasından xilas olarsa, o, hökmən əfv edilər və əgər o, həmin
gün qurtuluşa nail olarsa, o, əsil uğur qazanar. Əgər o, həmin günün cəzasından
xilas ola bilməzsə, məhv olmuşların və bədbəxtlərin arasına düşər.
(6.17)
“Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara
bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola bilməz).
Çünki O, hər şeyə qadirdir!”
Tövhidin
gerçəkliyinin dəlillərindən biri ondan ibarətdir ki, təkcə Fövqəluca Allah
insanları bədbəxtçilikdən xilas edir və onları xeyir və əmin-amanlıqla təmin
edir. O, insanlara dilənçilik, xəstəlik, müsibət, qəm, kədər və yaxud hər hansı
digər bədbəxtçilik nəsib edərsə, onda heç kim onu həmin əzablardan qurtara bilməz.
Əgər Allah istəsə ki, insana yaxşılıq əta etsin, bilin ki, O, bütün varlıqlar
üzərində hökmrandır. Tək O, fayda verməyə və ya zərər vurmağa qadirdir, bu isə
o deməkdir ki, yalnız O, ibadətə və sitayişə layiqdir.
(6.18)
“O Öz qulları üzərində mütləq Hakimidir. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!”
Allahın
izni olmadan bir məxluq belə nə qərar qəbul etməyə, nə hərəkət və ya istirahət
etməyə qadir deyildir. Nə hökmdarlar, nə də onların təbəələri Onun mülkünü tərk
etməyə və Onun asılılığından qurtulmağa qadir deyillər, çünki onların hamısı
Ona tabedirlər. O, təkbaşına məxluqlarını Özünə tabe edir və onların hamısı
Onun qarşısında məsuliyyət daşıyırlar və bu isə o deməkdir ki, təkcə O, ibadətə
layiqdir. O, hökm verir və qadağan edir, mükafatlandırır və cəzalandırır,
yaradır və ilahi müdrikliyinə tam uyğun olaraq öncədən müəyyənləşdirir. O,
bütün sirlərdən və gizli niyyətlərdən agahdır və ən az gözə görünən əməllər
haqqında bilir və bu da həmçinin həqiqi tövhidi təsdiq edir.
(6.19)
“De: “Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona (gələcəkdə)
yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy
olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?”
De “O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan
(bütlərdən) tamamilə kənaram!”
Qoy
doğru yolun və haqq Təlimatın izah edildiyi kafirlər onlara təqdim olunmuş əzəmətli
meyardan istifadə etsinlər və qoy söyləsinlər
görək, kimin şahidliyi ən mühümdür? Şübhəsiz ki, ən vacib olan Allahın şəhadətidir,
çünki heç kimin şahidliyi Onun şahidliyindən üstün olmağa qadir ola bilməz. O,
Öz Elçisinin (ona Allahın salavatı və salamı olsun!) doğruçuluğunu artıq təsdiq
etmiş və onun (ona Allahın salavatı və salamı olsun!) söylədiklərini və əməllərini
bəyənmişdir. Fövqəluca Allah belə buyurur: “Əgər o (Peyğəmbər) özündən bəzi
sözlər uydurub Bizə isnad etsəydi, Biz ondan mütləq şiddətli
intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)! Sonra
onun şah damarını qopardardıq! Heç biriniz (Bizim əzabımızı)
ondan dəf edə bilməzdiniz” (Haqqə, 69/44-47).
Allah
– Müdrik və Əzəmətli Rəbdir. Onun ilahi müdrikliyi və hüdudsuz qüdrəti Ona yol
vermir ki, Ona böhtan atan yalançıların sözlərini təsdiq etsin. Əgər insan
yalandan: “Allah onu elçi göndərmişdir, ona insanlar arasında təbliğ etməyi
tapşırmışdır və onun hökmünə tabe olmayanları öldürməyə, onların mal-mülkünü mənimsəməyə
və qadınlarını kölə götürməyə icazə vermişdir” – deyə, bəyan edərsə, onda Allah
heç vaxt onun bəyanatlarını qəribə möcüzələr və aydın ayələr vasitəsilə təsdiq
etməz. O, ona kömək etməz və onun düşmənlərini və əleyhdarlarını Öz yardımından
məhrum etməz. Bundan da inandırıcı sübut nə ola bilər?!
Sonra
Allah bildirir ki, Müqəddəs Quran bəşəriyyətə onun rifahı üçün nazil edilmişdir
ki, onun vasitəsilə insanlar əzabverici cəzadan çəkindirilsin. İstənilən çəkindirmə,
çəkinilməsi lazım gələn şey barədə xatırlatmaqdan, azdırılmaqdan və bu xəbərdarlıqla
qorxudulmaqdan və insanın bu xəbərdarlıqdan istifadə edə bilməsi üçün qəlb və bədənlə
yerinə yetirilməsi zəruri olan sözlərin və əməllərin izah edilməsindən ibarətdir.
Quran insanları Qiyamət gününün başlanmasınadək xəbərdar edir və onu öyrənmək
istəyən hər kəs onda olan və bilməsinə ehtiyac duyduğu ilahi həqiqətlərinin
izahını hökmən tapacaqdır.
Allah,
Özünün Tək Allah olması haqqındakı şəhadətini – bütün şəhadətlərdən ən əzəmətli
şəhadəti izah etdikdən sonra, Peyğəmbərinə (ona Allahın salavatı və salamı
olsun!) buyurur ki, Vəhyi inkar edən və Onun elçilərini yalançı sayan kafirlərə
belə desin: “Doğrudanmı siz Allahla bərabər digər allahların mövcudluğuna şəhadət
verməyə hazırsınız? Siz buna hətta şahidlik etsəniz də mən onu etmərəm!”
Beləliklə,
sözü ən doğru olan aləmlərin Rəbbi və məxluqların ən alicənabı, doğruçuluğu
inandırıcı və təkzibedilməz dəlillərlə təsdiq edilən şahidlik edir ki, Allaha şərik
qoşmadan təkcə Ona ibadət etmək lazımdır. Qoy indi hər kəs bu şahidliyi,
ağılları bulanıq, qarma-qarışıq etiqadlı, sağlam təfəkkürlü insanlarda gülüş
doğuran qüsurlu baxışlara malik və yaramaz xasiyyətli müşriklərin şahidliyi ilə
müqayisə etsin. Onların şahidliyi nöqsansız təhtəlşüura[1]
əksdir, onların Allahla bərabər digər allahların mövcudluğu haqqındakı bəyanatları
isə ziddiyyətlidir. Onların gətirdikləri “sübutlarına” nəinki tamamilə
inandırıcı deyil deməyə, onları hətta şübhəli adlandırmağa belə ehtiyac yoxdur.
Qoy
ağıllı qərar qəbul etməyə qadir olan hər kəs bu şahidliklərdən birinə üstünlük
versin. Biz isə üstünlüyü Allahın üstün tutduğu Peyğəmbərinə (ona Allahın
salavatı və salamı olsun!) veririk ki, bizə onun yolu ilə getmək əmr
olunmuşdur. Biz, bir Allahın varlığını qəbul edirik ki, Ondan başqa ibadətə və
sitayişə layiq olan yoxdur və Ondan başqa digər yaradanlar və hökmdarlar da
yoxdur. Biz, Allaha şərik qoşulan hər hansı bütü, heykəli və digər uydurulmuş
tanrıçaları inkar edirik. Bu etiraf – Tək Allahın ilahiliyinin etirafı və qalan
bütün yaradılmışların ilahiliyinin inkarı – həqiqi tövhidin mahiyyətidir.
(6.20)
“Kitab verilmiş şəxslər onu (Muhəmməd peyğəmbəri) öz oğullarını tanıdıqları
kimi tanıyırlar. Özlərinə zərər edənlər, əlbəttə, iman gətirməzlər!”
Tövhidin
gerçəkliyi haqqında Öz şəhadətini və Elçisinin (ona Allahın salavatı və salamı
olsun!) şəhadətini və həmçinin heç bir elmi olmadan tövhidi inkar edən müşriklərin
şəhadətini açıqladıqdan sonra, Fövqəluca Allah bildirir ki, Kitab əhli – yəhudilər
və xristianlar – təkcə Ona ibadətin haqq olduğundan, öz doğma oğullarını
tanıdıqları kimi, agahdırlar. Onlar tək Ona ibadət etməyin zəruriliyinə, öz
doğma övladlarına, xüsusilə, bir qayda olaraq, ataları ilə birlikdə olan
oğullarına şübhə etmədikləri kimi, şübhə etmirlər.
Başqa
bir şərhə görə isə, bu ayədəki əvəzlik[2]
Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) aiddir. Ondan aydın
olur ki, Kitab əhli onun (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyinin
həqiqiliyinə şübhə etmirlər, çünki sonuncu peyğəmbərin xüsusiyyətləri haqqında
öncə vəhy edilən çoxsaylı xəbərlər[3]
onlara məlumdur və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!)
məziyyətlərinə tamamilə uyğundur və başqa heç kimə uyğun gəlmir. Şübhəsiz ki, hər
iki şərh bir-biri ilə qarşılıqlı bağlıdır.
Sonra
Allah xəbər verir ki, əgər insanlar imanı və tövhidi unudurlarsa, halbuki insanlar
məhz onlara görə xəlq ediliblər, onda Şan-şöhrətli Hökmdarın mərhəmətindən məhrum
edilirlər. Onlar – islahedilməz kafirlərdir və əgər insan imandan məhrumdursa,
onda onu gözləyən təsəvvür olunmayan dərəcədə böyük zərər və uğursuzluq
haqqında hətta heç soruşmaya da dəyməz.
(6.21)
“Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim
ola bilər?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”
Burada
sadalanan keyfiyyətlərdən birinə malik olanlardan daha zalım insan yoxdur. Onda
eyni zamanda Allaha həm böhtan atan və həm də Onun Elçisinin (ona Allahın
salavatı və salamı olsun!) gətirdiyi ayələri yalanlayan kəslər haqqında nə demək
ola? Belə adam ən qəddar zalımdır və heç vaxt uğur qazana bilməz. Bu, Allaha
yalan istinad etməyə çalışanların və Onun şəriklərinin və ya köməkçilərinin
olduğunu iddia edənlərin, başqa ilahlara ibadəti zəruri sayanların, Allahın
zövcəsi və ya oğlu olduğuna inananların, Allahın elçilərinin (Allahın onlara
salamı olsun) gətirdiyi və onlardan sonra onların dini varislərinin təbliğ
etdikləri haqqı dananların hamısına aiddir.
(6.22)
“O gün (qiyamət günü) onların hamısını (bir yerə) toplayacaq, sonra (Allaha) şərik
qoşanlara deyəcəyik: “(Tanrı olduqlarını) iddia etdiyiniz şərikləriniz (bütləriniz)
haradadır?!”
Ayədə
Fövqəluca Allah müşrikləri Qiyamət günü gözləyən aqibət haqqında xəbər verir.
Onları qınayacaq və Allaha qoşduqları şərikləri haqqında onlardan soruşacaqlar.
Şübhəsiz ki, Onun şəriki yoxdur, lakin müşriklərdən bu barədə soruşacaqlar,
çünki onlar böyük bir yalan uyduraraq şəriklərin olduğunu söyləyirdilər.
(6.23) “Onların: “Rəbbimiz Allaha and olsun
ki, biz müşrik deyildik!” deməkdən başqa heç bir çarələri qalmayacaq”.
Onları
sınayacaq və ibadət etdikləri “ilahlar” haqqında soruşacaqlar, lakin onlar
Allaha şərik qoşduqlarını inkar edəcəklər. Onlar and içəcəklər ki, heç vaxt
bütpərəst və müşrik olmayıblar.
(6.24) “Gör onlar özlərinə qarşı necə yalan
deyirlər. Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb olacaq!”
Gör
onların davranışı necə də biabırçıdır! Allaha and olsun ki, onlar yalan
uydururlar və bu yalan onları böyük ziyana uğradacaq və onlara nəhəng zərər
vuracaq, çünki onların Allahla bərabər ibadət etdikləri onlardan üz döndərəcək
və onları tərk edəcəklər. Həqiqətən, Allah onların uydurduqlarından sonsuzluğa
qədər uzaqdır!
(6.25) “(Müşriklərin) içərisində səni dinləyənlər
də vardır. Lakin (müsəlmanlara qarşı düşmən hərəkətlərinə görə) onu (Quranı)
başa düşməsinlər deyə, onların ürəklərinə pərdə çəkdik, qulaqlarına da karlıq
(ağırlıq) verdik. Onlar hər hansı bir möcüzə görsələr, yenə də ona inanmazlar.
Hətta yanına gəldikdə səninlə höcətləşərlər. Kafir olanlar: ”Bu, qədimlərin əfsanələrindən
(nağıllardan) başqa bir şey deyildir!” - deyərlər”.
Müşriklərin
arasında elələri də var ki, onlar bir sıra hallarda sənin xütbələrini dinləməyə
gəlirlər. Lakin onlar bunu həqiqəti öyrənməyə və ona itaət etməyə can atdıqları
və xoş niyyətdə olduqları üçün etmirlər və elə ona görə də xütbələri dinləmək
onlara fayda vermir. Onların ürəkləri pərdə ilə örtülmüşdür və o, onlara
Allahın sözlərini başa düşməyə imkan vermir və Allahın sözlərini belə
günahkarlardan qoruyur, onların qulaqları isə kar edilmişdir ki, onlara xeyir gətirən
sözləri eşitməsinlər.
Gördükləri
istənilən möcüzə onları onsuz da möminlərə çevirməyəcək, çünki onların
zalımlığı və inadkarlığı son həddə çatmışdır. Onlar haqqa dəlalət edən
açıq-aydın ayələrə tabe olmaq istəmirlər və onların həqiqiliyini qəbul etmirlər.
Əksinə, müşriklər öz yalançı baxışlarını qorumaqda davam edərək, həqiqəti təkzib
edə biləcəklərinə ümid bəsləyirlər. Onlar bəyan edirlər ki, göydən nazil edilən
vəhylər qədim xalqların, insanlar tərəfindən yazılmış nağıllarından
götürülmüşdür. Onlar vəhyləri, Rəbbin elçiləri tərəfindən gətirilmiş Allahın
sözü hesab etmirlər və bunun səbəbi onların kafirliyindədir. Məgər keçmişdən və
gələcəkdən verilən xəbərlərdən ibarət olan, peyğəmbərlərin və elçilərin gətirdiklərini
və təbliğ etdikləri həqiqəti, qərəzsizliyi və mütləq ədaləti izah edən Kitab qədim
xalqların nağılları ola bilərmi?!
(6.26) “(Müşriklər özlərinə uyanları Quranı)
dinləməyi qadağan edər, özləri də onlardan uzaq durarlar. Onlar (başqalarını
deyil), yalnız özlərini həlak edər, lakin (bunun) fərqinə varmazlar”.
Allaha
şərik qoşan və Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) yalançı
sayan müşriklər, nəinki azğınlıq zülməti içində özləri dolaşır, həm də
başqalarını azğınlığa salırlar. Onlar insanları həqiqi Təlimdən istifadə etməyə
mane olur, xəbərdar edir və hətta ondan uzaqlaşdırırlar. Lakin onlar öz əməlləri
ilə nə Allaha və nə də Onun mömin bəndələrinə ziyan vura bilmirlər. Müşriklər
ancaq özlərini məhv edir, lakin bunu başa düşmürlər.
ﰔ
ﰕ ﰖ ﰗ
ﰘ ﰙ ﰚ
ﰛ ﰜ ﰝ
ﰞ ﰟ ﰠ
ﰡ ﰢ ﰣ
ﰤ ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘﭙ
ﭚ ﭛ ﭜ
ﭝ ﭞ ﭟ
ﭠ ﭡ ﭢ
(6.27)
“(Ey Elçi!) Gətirilib od üstündə saxlandıqları zaman sən onların: “Kaş ki, biz
dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən
olaydıq!” – demələrini görəydin!”
(6.28)
“Xeyr, əvvəlcə (ürəklərində) gizlətdikləri (küfr, nifaq və çirkin əməllər)
onların qabağına çıxdı. Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan
olunduqları şeyə (küfr və günaha) əl qatardılar. Onlar, şübhəsiz ki,
yalançıdırlar!”
Fövqəluca
Allah bu ayələrdə Qiyamət günü özlərinin Odpüskürən Cəhənnəm qarşısına düşdüklərini
görəcək müşriklərin vəziyyəti barədə xəbər verir. Onları Cəhənnəm qarşısında
saxlayacaqlar ki, tənə və danlaqlara qulaq assınlar. Bu, dəhşətli bir səhnə və ürəkparçalayan
bir tamaşa olacaq. Onlar kafirliyə etiqad etdiklərini və Allaha itaət etməkdən
yayındıqlarını boyunlarına alacaq və onları yenidən Yer üzünə qaytarmağı diləyəcəklər.
Onlar bir daha heç vaxt Allahın ayələrini inkar etməyəcəklərinə və əsil mömin
olacaqlarına söz verəcəklər, lakin onlar bunu ona görə edəcəklər ki, əvvəllər
gizli saxladıqları artıq onlara bəyan olacaq.
Onlar
çox vaxt başa düşürdülər ki, yalançılıq edirlər, lakin onlar bunu öz ürəklərində
gizlədirdilər. Yaramaz niyyətli olmaları onlara yalandan əl çəkməyə imkan
vermir və onların qəlbini xeyirxahlıq etməkdən döndərirdi və buna görə hətta
Axirət günü onların vədləri yalan olacaqdır. Müşriklər ancaq onlara doğru yönəlmiş
cəzanı özlərindən uzaqlaşdırmaq üçün vədə verəcəklər və əgər onları geri döndərsəydilər,
yenə də qadağan olunmuş əməllərə yol verərdilər, çünki onlar – yalançıdırlar.
(6.29)
“(Əgər onlar dünyaya qaytarılsaydılar) yenə də: “Həyat yalnız bu dünyadakı həyatımızdan
ibarətdir. Bizlər bir daha dirilən deyilik!” – deyərdilər”.
(6.30)
“Sən onları (sorğu-sual üçün) Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin!
Allah onlara (mələklər vasitəsilə) belə buyuracaq: “Bu, (öləndən sonra dirilmək)
haqq deyilmi? Onlar: ”Bəli, Rəbbimizə and olsun (ki, bu, haqdır!)” – deyə cavab
verəcəklər. (Allah) buyuracaq: “Elə isə etdiyiniz kafirliyə görə dadın əzabı!”.
Onlar
dirildiləcəklərini inkar edir və deyirdilər: “Təkcə dünya həyatı vardır və biz
yaradılmışıq ki, bu dünyada yaşayaq. Biz heç vaxt dirildilməyəcəyik!” Lakin, sən
onları Rəbbi qarşısında saxlandıqları zaman görsəydin, qarşında dəhşətli bir mənzərə
açılardı. Onları danlayacaq və məzəmmət edəcəklər: “Məgər gördüyünüz bu cəza həqiqi
deyilmi?” Ancaq belə olduqda, onlar gerçəkliyi etiraf edəcəklər. Lakin bu,
onlara fayda verməyəcək və onlar kafir olduqları üçün cəzanı dadmalı olacaqlar.
(6.31)
“Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar.
Belə ki, saat (qiyamət vaxtı) qəflətən başlarının üstünü aldığı zaman onlar
günahlarını dallarında daşıyaraq deyəcəklər: “Dünyadakı təqsirlərimizə görə
vay halımıza!” Bir baxın, daşıdıqları şey (günah yükü) necə də pisdir!”
Allahla
görüşəcəklərini yalan hesab edən insanlar mütləq böyük zərərə uğrayacaq və hər
cür yaxşılıqlardan məhrum ediləcəklər. Kafirlik onları əxlaqsız cinayətlər və
ağır günahlar törətməyə vadar edir və buna görə cəza anı onları ən pis vəziyyətdə,
ən yaramaz əməllər törətdikləri şəraitdə, qəflətən yaxalayır. Bu zaman kafirlər
təəssüflənir və törətdikləri haqqında deyirlər: “Dünyada əlimizdən çıxanlara
görə vay bizim halımıza!” Lakin bu barədə peşmançılıq çəkmək artıq çox gecdir və
onlar öz murdar yüklərini çiyinlərində daşımalıdırlar. Bu yük onlara ağır gəlsə
də, ondan xilas ola bilməyəcəklər. Onlar Cəhənnəmə əbədi qalmaq üçün düşəcək və
Qüdrətli Hökmdarın tükənməz qəzəbinə uğrayacaqlar.
(6.32)
“Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər
üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?”
Dünya
həyatı, mahiyyət etibarı ilə, oyun və kefdir: bədən üçün – oyun, qəlb üçün isə kefdir.
O, insanları başlarını itirməyə məcbur edir, onların qəlbi kefə-işrətə bəslədikləri
məhəbbətdən dolub daşır və onların bütün fikirləri təkcə onun haqqında düşünməklə
məşğul olur. Balaca uşaqları oyuncaqlar əyləndirdiyi kimi, insanları da kef çəkmək
cəlb edir. Əgər insan təqvalıdırsa, Axirət həyatı onun üçün bu dünya həyatından
öz keyfiyyətlərinə və uzunmüddətliliyinə görə daha gözəl olacaqdır. Sonuncuda
insanın qəlbinin arzuladığı bütün mümkün nemətlər bir yerə toplanacaqdır ki,
insan onları gördükdə heyran olacaq və onlar insana hədsiz sevinc və ləzzət bəxş
edəcəkdir. Amma bu nemətlər heç də hamıya nəsib olmayacaqdır – o nemətlər təkcə
Allahın hökmlərini yerinə yetirən və Onun haramlarından çəkinən təqvalı möminlərə
nəsib olacaqdır. Doğrudanmı insanlar bu iki həyatdan hansına üstünlük vermək
lazım olduğu haqqında düşünmək və onu anlamaq qabiliyyətinə malik deyillər?
(6.33) “Bilirik ki, onların (Quran barəsində)
dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab
etmirlər (ürəklərində sənin həqiqi peyğəmbər olduğunu yaxşı bilirlər). Ancaq o
zalımlar (müşriklər) Allahın ayələrini inadla inkar edirlər.
Ey
Muhəmməd! Bizə məlumdur ki, kafirlərin sənin haqqında dedikləri səni kədərləndirir
və incidir. Biz sənə layiqincə səbir etməyi tapşırmışıq və bunu ona görə
etmişik ki, sən uca yüksəkliklərə nail olasan və böyük uğur qazanasan. Elə
düşünmə ki, imansızlar belə dəhşətli sözləri sənə sənin peyğəmbərliyinin haqq
olmasına şübhə etdikləri üçün deyirlər. Onlar səni yalançı saymırlar. Əksinə,
onlar sənin haqlı olduğuna inanırlar, sənin əməllərin və rəftarın haqqında
bilirlər. Sənə peyğəmbərlik verilənə qədər onlar səni əbəs yerə “əmin” və
“etibara layiq olan” adı ilə adlandırmırdılar. Onların sözləri sənin vasitənlə
Allahın onlara göstərdiyi ayələrini inkar etmələri izah olunur.
[1] Burada: İnsanın sağlam təxəyyülü,
haqq elmə əsaslanan təfəkkürü. F.S.
[2] Qrammatik kateqoriya mənasında.
F.S.
[3] Muhəmməd
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) gələcək son elçi olması
haqqında Uca Allahın əvvəlki peyğəmbərlərə nazil etdiyi Kitablardakı məlumatlar
nəzərdə tutulur. F.S.
Комментариев нет:
Отправить комментарий