вторник, 3 июля 2012 г.

Ə.N. əs-Səədi. Təfsir. II c. 6.109-6.124 ayələr

Ə.N. əs-Səədi. Təfsir. II c.  ayələr 



 (6.109) “(Məkkə müşrikləri) Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. (Onlara) de: “Ayələr ancaq Allahın yanındadır. (Ey müşriklərin imana gəlməsini istəyən müsəlmanlar!) Siz nədən bilirsiniz ki, onlara (istədikləri) ayə (möcüzə) gəldikdə yenə də iman gətirmə­yəcəklər!”

Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyini rədd edən müşriklər ürəkdən Allaha and içmiş­dilər ki, əgər onlar onun (ona Allahın salavatı və salamı olsun!) doğruluğunu təsdiq edən bir möcüzə görsələr hökmən ona inanarlar. Onlar bunu düz yola gəlmək niyyətində olmadan demişdilər. Onlar sadəcə Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) etirazlarını bildirmək və Allahın elçilərinin (onlara salam olsun!) təbliğ etdikləri hər şeyi rədd etmək istəyirdilər. Allah ona (ona Allahın salavatı və salamı olsun!) açıq-aşkar möcüzələr və aydın dəlillər göstərməyə imkan verdi ki, bunlar onun (ona Allahın salavatı və salamı olsun!) bütün təbliğ etdiklərinin doğruluğuna şübhə yeri qoymurdu. Buna baxma­yaraq, müşriklər ondan (ona Allahın salavatı və salamı olsun!) möcüzə tələb etməkdə davam edir, öz kafirliklərində inad göstərirdilər. Əlbəttə ki, bu, onların qələblərini yerinə yetirməyə onu (ona Allahın salavatı və salamı olsun!) məcbur etmirdi. Bundan başqa, onlar üçün ən yaxşısı, tələblərinin cavabsız qalması idi, çünki əgər insanlar Allahın elçilərindən möcüzə göstərmələrini istəyirlərsə, möcüzələr göstərilir, amma yenə iman gətirməkdən boyun qaçırırlarsa, Allah onları ləngitmədən cəzalandırır. Allah Öz qulları ilə belə rəftar edir.
Buna görə, sonra Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) əmr edilmişdi ki, belə desin: “Möcüzələr Allahın ixtiyarındadır, O, istəsə, möcüzə göstərər, istəməsə - göstərməz. Mən Kainatdakı işlərin sərəncamçısı deyiləm. Siz məndən möcüzə tələb edərək, zalımlıq edirsiniz, çünki məndən mənim ixtiyarımda olmayan şeyi tələb edirsiniz. Əgər siz doğrudan da mənim gətirdiklərimin izah edilməsini eşitmək və mənim doğruçuluğuma əmin olmaq istəyirsinizsə, onda sizə artıq belə bir imkan verilir”.
Müşriklərin tələblərinə baxmayaraq, onların möcüzəni gör­dükdən sonra haqq dinə iman gətirəcəklərinə inanmaq olmaz. Bundan başqa, çox vaxt belə hallarda onlar iman gətirməkdən boyun qaçırırlar. Buna görə Allah buyurur ki, möcüzələr onlara göstərilsə də onlar inanmayacaqlar.
 
 (6.110) “Biz onların ürəklərini və gözlərini əvvəlcə ona (Qurana və ya göndər­di­yi­miz hər hansı ayəyə) iman gətirmə­dikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyarıq”.

Biz kafirləri, dəvətçilərimizin onlara ilk dəfə çatdırdıqları haqqa iman gətirməkdən boyun qaçırdıqlarına görə cəzalandırırıq. Biz onların üzünü döndərir, haqq dinə iman gətirmələrini imkansız edir və onlara düz yola çıxmağa yardım etmirik. Biz onlarla ədalətli və müdrikcəsinə davranırıq, çünki onlar üçün açılmış qapıları gördükdə, oraya daxil olmamış, doğru yolu görüb o yolla getməkdən imtina edərk özləri özlərinə qarşı cinayət işlətmişlər. Onlar ancaq bundan sonra haqq olan təlimdən məhrum edilmişlər və elə buna görə də belə cəzaya tam layiqdirlər.
 
 
(6.111) “Əgər Biz (istədikləri kimi) mələkləri onlara göndərsəydik, ölülər onlara danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti (bunu) bilməz”.

Onlar Allaha ümid bəsləməyərək, özləri haqq imana nail ola biləcəklərini qərara alanda böyük səhvə yol vermişdilər. Əgər mələklər onların yanına enib Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyini təsdiq etsələr və ya ölülər onlarla ünsiyyətə girib onları ölümdən sonra dirilmənin həqiqət olduğuna inandırmaq üçün şahidlik etsələr və yaxud Kainatda olan bütün varlıqlar onların qarşısında toplaşıb Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) təbliğ etdiyinin həqiqət olduğuna şahidlik etsələr belə onlar özləri özbaşına iman gətirə bilməzlər. Heç bir möhtəşəm möcüzə, əgər Allah bunu istəməsə, onları möminə çevirə bilməz. Lakin onların böyük əksəriyyəti bunu anlamır və buna görə belə güman edirlər ki, möcüzə göstərilən kimi iman gətirəcəklər. Qulun dərrakəli və bilikli olması o zaman özünü büruzə verir ki, o, haqqa itaət etsin və Allahın öyrətdiyi kimi onu tapmasına səy göstərsin və əgər qul həqiqətə uyğun olaraq davranırsa, bu barədə Rəbbindən ona kömək etməsini diləsin, öz gücünə və bacarığına güvənməyərək, ona heç bir xeyir gətirməyəcək möcüzələr göstərilməsini tələb etməsin.
 
(6.112) “Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldat­maq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!”
(6.113) “(İnsanlardan və cinlərdən olan şeytanlar bu təmtə­raqlı sözləri) Axi­rətə inanmayanların ürəkləri onlara meyl etsin, onlar ondan (həmin sözlərdən) xoş­lan­sınlar və gördükləri çirkin işləri bir daha görsünlər (deyə, təlqin edərlər)”.

Fövqəluca Allah Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) müjdə ilə təsəlli verərək bildirir ki, düşmənlər onun (ona Allahın salavatı və salamı olsun!) təbliğatını rədd edir, onunla (ona Allahın salavatı və salamı olsun!) döyüşür və ona (ona Allahın salavatı və salamı olsun!) paxıllıq edirlər, çünki Allah bütün peyğəmbərlərlə belə rəftar etmişdir. İnsanlara hansı peyğəmbər göndərilirdisə, onun hökmən cinlər və insanlar arasından düşmənləri yaranırdı ki, onlar xalis şeytanlar idilər və elçilərin təbliğ etdikləri hər şeyə qarşı mübarizə aparırdılar[1].
Belə şeytanlar yanlış baxışlara etiqad etməyə çağırır, onları təmtəraqla bəzəyərək axmaqları şirnikləndirir və haqqı dərk etmək qabiliyyəti olmayan və ətrafda baş verən proseslərin mahiyyətini araşdıra bilməyən düşüncəsiz insanları öz tərəflərinə çəkirdilər. Belələri gözəl sözləri və sürüşkən ibarələri böyük məmnuniyyətlə dinləyir, haqqı – uydurma, uydurmanı isə haqqın yerinə qəbul edirdilər.
Lakin belə aldadıcı sözlərə təkcə Qiyamət gününə inanma­yan­ların qəlbi meyl edir. Məhz Qiyamət gününə inamın və sağlam düşüncə qabiliyyətinin olmaması insanları belə davranmağa sövq edir. Əvvəlcə onlar ancaq cazibədar sözlərə meyl edir və həqiqətdən yayınan kimi və onlara füsunkar görünən sözləri eşidən kimi, öz seçimlərini bəyənir və ürəklərində buna sevinirlər. Bunun nəticəsində yanlış baxışlar onların qəti etiqadlarına və ayrılmaz keyfiyyətlərinə çevrilir. Bu hal ona gətirir ki, onlar öz çirkin baxışlarının nəticəsi olaraq yalan danışmağa və yaramaz işlər görməyə başlayırlar. Mənfur yalanlar uyduran insanlar və cinlərdən olan şeytanların vəziyyəti belə olur.
Axirət həyatına inanan və mükəmməl idraka malik olan möminlərə gəldikdə isə, onlar yalana aldanmır və onun məhvedici təsiri altına düşmürlər. Əksinə, onlar bütün varlıqları ilə haqqı öyrənməyə can atır və onun, təbliğatçıların dəvət etdiyi mənası üzərində düşünürlər. Onları haqqa dəvət edəndə, onlar onunla razılaşır və ona itaət edir və hətta onu adi sözlər və təvazökar kəlmələrlə ifadə edirlər. Təbliğatçıların sözləri uydurma olduqda isə, bu əqidənin kim tərəfindən təklif olunmasına, onların yalanlarının cəzbedici, ipəkdən də yumşaq qiyafələrə geyindiril­məsinə baxmayaraq onu rədd edirlər.
Fövqəluca Allah Özü istəmişdir ki, peyğəmbərlərin yalanı müdafiə edən düşmənləri olsun ki, Öz qullarını sınaqdan keçirə bilsin, doğruçu möminləri yalançılardan, ağıllı insanları – nadanlardan, görənləri – korlardan fərqləndirə bilsin. Belə bir tələbin hikməti həm də ondadır ki, o, həqiqəti izah etməyə imkan verir. Axı yalan həqiqətə müqavimət göstərdiyi zaman o, aydınlaşmağa başlayır. Məhz belə hallarda həqiqətin doğruluğunu təsdiq edən və yalanın qüsurluluğunu ifşa edən dəlillər və sübutlar aydınlaşır. Şübhəsiz ki, məhz bu məqsədə nail olmaq üçün yarışanlar bir-biriləri ilə yarışmalıdırlar.
 
 
 (6.114) “Allah sizə Kitabı (Quranı) müfəssəl surətdə nazil etdiyi halda, mən (haqq ilə batili ayırd etmək üçün) Ondan başqasınımı özümə hakim istəməliyəm?! Kitab verilmiş şəxslər Quranın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Sən şübhəyə düşənlərdən olma!”

Ey Elçi! Doğrudanmı sən Allahın sərəncamlarından asılı olan və heç bir qərar qəbul etməyən məxluqların hökmlərinə və qadağalarına əsaslanaraq, onların mühakimə­sinə ümid edirsən? Məxluqların özlərinin verdikləri sərəncamları və qanunları qüsurla doludur və ədalətsizdir və buna görə insanlar, heç bir şəriki olmadan məxluqları və qanunları yaradan Allahın mühakiməsinə müraciət etməlidirlər.
O, sizə Kitab nazil etmiş, haram və halalı, şəriət hökmlərini və həmçinin dinin əsas və fərdi məsələlərini təfərrüatı ilə o Kitabda izah etmişdir. Onun izahatları ən inandırıcıdır, Onun dəlilləri ən aydın, Onun hökmləri ən gözəl, Onun sözləri ən doğru­­dur, çünki Onun bütün hökmləri hikmət və şəfqətlə icra edilmişdir. Əvvəlki Səmavi Kitabların əta edildiyi yəhudilər və xristianlar bunu etiraf edir və başa düşürlər ki, Rəbb Müqəddəs Kitabları həqiqət xatirinə nazil etmişdir. Səma Kitabları arasında ziddiyyət yoxdur və siz tərəddüd və şübhə etməməlisiniz.
  
 (6.115) “(Ey Elçim!) Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, (hər şeyi) eşidəndir, biləndir!”

Allah izah edir ki, Onun sözləri həqiqi hekayətlərdən, ədalətli hökm və qadağa­lar­dan ibarətdir. Allahın Özünün Müqəddəs Kitabında nazil etdiyi gerçək hekayətlərdən daha gerçəyi və ədalətli hökm və qadağalardan daha ədalətlisi yoxdur. Onun sözləri ləğv edilə bilməz, çünki onlar – təhrif edilməsi və ya daha mükəmməli ilə dəyişdirilməsi mümkün olmayan ali həqiqət və mütləq haqdır.
Onun gözəl adları arasında – Eşidən və Bilən adları da vardır. O, müxtəlif xahiş­lərlə müxtəlif dillərdə Ona müraciət edən bütün məxluqlarının səslərini eşidir. O, aşkarı da, qeybi də, keçmişi də, gələcəyi də bilir.
  
 (6.116) “Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!”

Fövqəluca Allah Peyğəmbərini (ona Allahın salavatı və salamı olsun!) bəşəriyyətin əksər hissəsinə itaət etməkdən çəkin­dirir, çünki insanların çoxu başqalarını Allahın yolundan çıxarırlar. Onlar öz əqidələ­rində, əməllərində və biliklərində yanılırlar. Onların dini inancları qüsurludur, əməlləri isə alçaq ehtirasların­dan asılı vəziyyətdədir, bilikləri isə möhkəm dəlillərə və düz yol tapmaq istəyinə istinad etmir. Əksinə, onlar heç bəchlə həqiqəti vəz etməyə qabil olma­yan fərziyyələrə əsaslanır və nahaq yerə Allahın adından onlara qətiyyən məlum olmayan şeylərdən danışırlar.
  
 (6.117) “Şübhəsiz ki, yolundan azanları ən yaxşı tanıyan Rəbbindir. Haqq yola yönələnləri də ən yaxşı bilən Odur!”

Fövqəluca Allah ancaq həqiqətdən danışır və yolundan azanları və düz yolla gedərək ətrafındakıları da bu yolla aparanları yaxşı tanıyır. O, insanlara nəyin fayda verdiyini daha yaxşı bilir və O, qullarına onların özlərindən daha mərhəmətlidir və buna görə möminlər Onun nəsihətlərinə qulaq asmalı, Onun hökmlərini və qadağalarını rəhbər tutmalıdırlar.
Bu ayədən aydın olur ki, həqiqət tərəfdarlarının çoxluğu ilə müəyyən­ləşdirilmir və əgər müəyyən nəzər nöqtəsinin daşıyıcıları kiçik bir insan dəstəsidirsə, onda bu hələ onların düz yolda olmadıqlarına dəlalət etmir. Bundan başqa, çox vaxt əksinə olur haqqın tərəfdarları azsaylı olurlar, hərçənd onlar Allah qarşısında yüksək mövqe tutur və böyük mükafata layiq görülürlər. Həqiqətlə yalan arasındakı fərqlənməyə gəldikdə isə bunun üçün müvafiq meyarlar və ölçüdən istifadə etmək lazımdır.
 (6.118) “Əgər siz Allahın ayələrinə inanan kimsələrsinizsə, ancaq üstündə Onun adı çəkilmiş (bismillah deyilərək kəsilmiş) heyvanları yeyin!”

Fövqəluca Allah Öz mömin qullarına buyurur ki, haqq dinin tələblərini yerinə yetirsinlər, çünki insan doğrudan da iman gətirmişsə, o, qida məhsulu kimi təkcə elə ev heyvanı və təkcə elə halal heyvanların ətini yeməlidir ki, onlar kəsildikləri zaman Allahın adı çəkilmiş olsun. Allahın ona halal etdiyini, müşriklərin cahiliyyə dövründə öz qanunlarını uyduraraq və şeytanların yanlış istəklərinə güzəştə gedərək etdikləri kimi, özünə haram etmə­məlidir.
 
 
(6.119) “Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşı­sında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqlarını artıq O (Allah) müfəssəl şəkildə sizə bildir­mişdir. Şübhəsiz ki, çoxları (şəriəti) bilmədiklərindən nəfsləri­nin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı Tanıyandır!”

Allah xüsusilə vurğulayır ki, möminlər cahil insanlardan fərqlənirlər və Rəbbin şəriətinə zidd olan bu yanlış adətə tərəfdar deyillər. Niyə də möminlər, kəsilərkən Onun adı çəkilmiş əti yeməsinlər, əgər O, qullarına nəyin yeməyə qadağan olunduğunu təfərrüatı ilə ifadə və izah etmişdir? Bu məsələdə heç bir bəlli olmayan və şübhəli qalan məqamlar yoxdur ki, halal məhsulları yedikləri halda dindarlar günah işlədəcəklərini düşünüb ehtiyat etməli olsunlar.
Bu kərim ayədən aydın olur ki, bütün şeylər və məhsullar, əksi sübuta yetirilmə­yincə, halal sayılır. Əgər müqəddəs mətnlər hər hansı bir şeyi istifadə etməyi haram elan etmirsə, onda o halaldır. Əgər əşya şəriət mətnlərində ümumiyyətlə xatırlanmırsa, onda onun istifadə edilməsi də halaldır. Allah haram olan şeyləri müfəssəl surətdə təsvir edib göstərmişdir və buna görə də Onun qeyd etmədiyi şeylər haram deyildir.
Bundan başqa, kəskin zəruriyyət və şiddətli aclıq zamanı insanlara hətta Allahın haram etdiyi məhsullardan yeməyə icazə verilir. Fövqəluca Allah buyurur: “Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silah­la) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş – canı çıxmamış kəsdiyiniz heyvanlar müs­təs­nadır – dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətra­fındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllə­rini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrü­nün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah Bağışlayandır, Rəhmedəndir!” (Maidə, 5/3)
Sonra Allah möminləri xəbərdar edir ki, insanların çoxu heç bir dəlil və sübuta istinad etmədən əsassız iddiaları ilə başqalarını azdırmaq qabiliyyətinə malikdirlər. Qoy qullar, inandırıcı dəlillərə və müqəddəs mətnlərə əsaslanmayan təbliğat aparmaqla fərqlənən insanlardan çəkinsinlər. Onlar özlərinin uydurduqları yanlış iiftiralarına və dayaz baxışlarına söykənərək şübhə yayırlar – Allah onları məhz bu cür təqdim edir. Onlar Allahın şəriətini pozur və Allahın qullarına qarşı günah işlədirlər, amma unudurlar ki, O, cinayətkarları sevmir. Onlar qətiyyən doğru yolun adamlarına, başqalarını da bu yolla aparan – haqqa və hidayət yoluna çağıran, öz dəvətini məntiqi dəlillərlə və inandırıcı naslarla təsdiq edən, öz baxışlarını Rəbbin rizası və Ona yaxınlaşmaq üçün təbliğ edənlərə bənzəmirlər.
           
           (6.120) “Günahın aşkarından da, gizlisindən də əl çəkin! Günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar!”

Burada günah dedikdə, Allah qarşısında və Onun qulları qarşısında öz vəzifələrini pozan qulların bütün xətaları nəzərdə tutulur. Allah qullarına aşkar və gizli günahlar törətməyi, bədən­ləri və ya qəlbləri ilə Ona açıq və gizlicə itaətsizlik göstər­məyi qadağan etmişdir.
Günahların çoxu, xüsusilə, hisslərlə və qəlblə bağlı olanlar əksər adamlar tərəfin­dən nəzərdən qaçırılır. Bu, təkəbbürə, özünü bəyənməyə, şöhrət düşkünlüyünə və digər belə günahlara aiddir. Bəzən insan bir çox günahlar etsə də, etdiyinin günah olması hətta ağlına belə gəlmir. Bunun səbəbi – onun bilik əldə etməyə laqeyd yanaşması və fərasətsizliyidir.
Fövqəluca Allah xəbər verir ki, insanlar qazandıqları günahlara görə hökmən həm açıq və həm də gizli əvəz alacaqlar. Onlardan hər biri qazandıqlarının ağırlığından və törətdikləri cinayətlərin sayından asılı olaraq cəzalandırılacaq. Bu əvəz Axirət­də veriləcək, hərçənd qullar cəzanın bir hissəsini elə bu dünyada da ala bilərlər və bu onların ölümdən sonra aqibətini bir qədər yüngülləşdirəcək.
  
 (6.121) “Üstündə Allahın adı çəkilməmiş heyvanların ətin­dən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız”.

Allah üstündə Onun adı çəkilmədən kəsilən heyvanların ətini yeməyi haram et­mişdir. Bu haram, Allah xatirinə deyil, bütlər və müşriklərin “tanrılarının” adı ilə kəsilən heyvanlara da aiddir. Belə heyvanları Allah üçün qurban kəsmədiklərinə görə, onların ətini yemək qəti qadağandır və bunu dəqiq Quran mətni təsdiq edir.
Bu qadağa, Qurban bayramında Allah üçün, həcc ziyarə­tində qurban kimi və yaxud sadəcə yeyilməsi üçün kəsilən zaman üstündə bilərəkədən Allahın adı çəkilməyən heyvanlara da aiddir. Alimlərin əksəriyyəti bu rəyin tərəfdarıdır. Lakin bu ayənin ümumi mənasından belə çıxır ki, heyvan kəsilən zaman Allahın adının çəkilməməsinin unutqan­lıqdan irəli gəlməsi istisna təşkil edən haldır, çünki digər mətnlər belə diqqətsizliyin bağışlandığını təsdiq edir.
Bu ayə kəsilmədən gəbərmiş heyvanlara da aiddir, çünki onların üstündə də Allahın adı çəkilməmişdir. Bu barədə qəti qadağa leşin yeyilməsinin haram edilməsi haqqında nazil olunmuş ayədə öz əksini tapmışdır.
Bu ayənin nazil edilməsinin səbəbi müsəlmanlarla müşriklər arasında yaranmış mübahisə olmuşdu. Sonuncular möhkəm biliklərə əsaslanmırdılar və şeytanları tərəfindən idarə edilirdilər – onlar leşin[2] yeyilməsini halal sayırdılar. Onlar Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) leş yeməyi haram etdiklərini və ancaq kəsilən heyvanları yeməyə icazə verdiklərini eşitdikdə, dedilər: “Doğrudanmı siz öz öldürdüklərinizi yeyirsiniz, Allahın öldürdüyünü isə yemək istəmirsiniz?”
Onlar Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) etiraz etməyə cəhd göstərdilər və inandırıcı dəlillərə və sübutlara əsaslanmadan mübahisəyə girişdilər. Onların imansız və əsaslandırılmamış mülahizəsi onların ancaq yanlış mühakiməsinə söykənirdi. Əgər haqq onlardan asılı olsaydı onlar bu mühakimələri ilə bütün göyləri və yeri öz sakinləri ilə birlikdə məhv edərdilər[3].
Vay o kəsin halına ki, o, insana və cəmiyyətə fayda verən Allahın şəriəti və hökmləri müqabilində belə yanlış mühakimə yürüdənləri üstün tutur. Müşriklərin belə davranmalarında qəribə sayılacaq bir şey yoxdur, çünki onların bu və ya digər fikirləri əlbir olduqları şeytanlarının təhrikinin nəticələri idi. Şeytanlar mümkün olduqca insanları dinlərindən uzaqlaşdırmaq istəyir və onları Cəhənnəm odunun sakinləri olmağa çağırırlar.
Əgər insanlar Allaha şərik qoşaraq, harama icazə verməklə, halalı haram etməklə şeytanlara itaət etsələr, onda onlar hökmən müşriklərin arasına düşərlər, çünki özlərinə Allahdan başqa himayəçilər götürmüş olarlar, onlarla müsəlmanların əqidəsinə zidd olan məsələlərdə razılaşarlar və onların yollarını öz yolları sayarlar.
Bu kərim ayədən aydın olur ki, “nurlanma” və “ilhamlan­ma” kimi, əsasən, sufilərə və onlara bənzəyənlərə xas olan hallar asanlıqla uydurula bilər. Buna görə onların doğru-düzgünlüyünü dəyərləndirmək üçün onları Allahın Kitabı və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsi ilə müqayisə etmək lazımdır. Əgər onlar bu iki ilk mənbəyə uyğun gəlirsə, onda onları qəbul etmək olar. Əgər onlar Kitab və Sünnəylə ziddiyyət təşkil edirsə, onda onları rədd etmək lazımdır. Əgər onların mənşəyi aydın deyilsə, onda onları müzakirə etməkdən çəkinmək zəruridir. Belə halda onları qətiyyətlə nə yalan, nə də kerçək adlandır­maq olmaz. Bütün bunlar onunla izah olunur ki, “nurlanmalar” və “il­ham­lanmalar” sadəcə şeytanın təlqini ola bilər ki, bunu Fövqəluca Allahın ruhlandırmasından fərqləndirmək vacibdir. Əgər insanlar bu iki anlayış arasında fərqliliyi görə bilməsələr, onda onlar ancaq Allaha məlum olan sayda səhvlərə yol verərlər.
 
 
 (6.122) “Heç (küfrlə) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur (İslam dini) verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi? Etdikləri əməllər kafirlərə belə gözəl göstərildi”.

Adamlar arasında elələri də var ki, onlar düz yola gətirələnə qədər ölü kimi idilər və imansızlıq, nadanlıq və itaətsizlik cəhaləti içindəydilər. Allah elmin, imanın və itaət­karlığın nuru ilə onları həyata qaytardı və onlar insanlar arasında parlaq işıqda, ətrafda baş verənləri dərk edərək və doğru yolla gedərək yaşamağa başladılar. Onlar yaxşılığı anlamağı öyrənir, ona üstünlük verir, var qüvvə ilə xeyirxahlığa can atır və ətrafla­rın­dakılara yardım göstərirlər. Bundan başqa, onlar şər qüvvəni tanımağı öyrənir, ona nifrət edir və böyük səylə onu özlərindən və başqalarından uzaqlaşdırmağa cəhd göstərirlər. Məgər onlar cahillik, azğınlıq, kafirlik və itaətsizlik qaranlıqlarına bürünmüş, aydın yolu görmə­yən və hər hansı vəziyyətdən çıxa bilməyən və zillətə, dərdə-qəmə və bədbəxliyə məhkum edilmiş insanlara bənzəyir­lərmi?
Fövqəluca Allah bu insanlar arasındakı fərqi elə vurğulayır ki, qullar onu başa düşə və ayırd edə bilsinlər. Şübhəsiz ki, gecə gündüzə, işıq qaranlığa, canlılar ölülərə oxşamadığı kimi, bu adamlar da bir-birilərinə oxşamırlar. Əgər insanın azca da olsa ağlı varsa, onda necə ola bilər ki, o, kafirliyə üstünlük versin və cəhalət qaranlığında şaşqın halda qalsın? Bir sözlə, bu sualı cavablan­dıraraq Allah xəbər verir ki, kafirlər elə bilir ki, onların etdiklərinin hamısı gözəldir. Şeytan onların törətdiyi cinayətlərin düzgün və ləyaqətli əməllər olduğuna onları inandırana qədər bu əməlləri onlara əla şəkildə təqdim etməkdən yorulmur. Bu yanlış baxışlar tədricən onların qəlbində kök salır və onların ayrılmaz sifətinə çevrilir və onlar öz şər və yaramaz hərəkətlərindən məmnun olmağa başlayırlar. Bu – o insanlardır ki, uydurulmuş şübhələrdən iztirab çəkərək qaranlıqda kor-koranə dolaşır və düz yolu tapa bilmirlər. Onların arasında başçılar da, ağsaqqallar da var və qalan insanlar və həmçinin başçıların idarə etdiyi sadə adamlar onların ardınca gedirlər. Bu başçılardan bəziləri – insanların arasında ən bədbəxt olanlarıdır və buna görə Fövqəluca Allah sonra belə buyurur:
 
 
(6.123) “Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar (günahlarını, bunun nəticəsində də Axirətdə əzablarını daha da artırmaq üçün) orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin (bunun) fərqinə varmazlar”.  

Hər şəhərdə ən ağır günahlar törədən və bütün halal hədləri aşan ağsaqqallar və rəislər mövcuddur. Onlar xalqı aldadır və həm də söz və əməllərilə onu şeytanın yoluna və elçilərlə və onların tərəfdarları ilə döyüşə çağırırlar. Lakin onların fitnə-fəsadları və hiylələri ancaq özlərinə zərər vurur, çünki Allah onlara qarşı tələ hazırlayır. Qoy bilsinlər ki, O, fəndgirlərin Ən Məharətlisidir.
Allah təqlid edilməyə nümunə olan, cinayətkarlara qarşı mübarizə aparan, onların iddialarını rədd edən və Onun yolunda onlarla döyüşən şərəfli insanları düz yola yönəldir. Belə insanlar bu məqsədə yetişmək üçün istənilən imkanlardan istifadə edirlər və Allah da onlara kömək göstərir, baxışlarını islah edir və addımlarını möhkəmlədir. Onların düşmənləri ilə aralarında gedən mübarizəsi dəyişən uğurla davam edir, amma axırda qələbə və zəfər möminlərə məxsus olur, çünki yaxşı sonluq ancaq Allahdan qorxanların qismətidir.

(6.124) “Onlara bir ayə gəldiyi zaman: “Allahın peyğəm­bər­­lərinə verildiyinin (nübüvvətin, möcüzələrin) misli bizə verilməyincə biz iman gətirməyəcəyik!” – deyərlər. Allah peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar!”

İslahedilməz cinayətkarlar öz yalançı nəzəriyyələrini müda­fiə edir və elçilərin gətirdiyi haqqı öz paxıllıqları və zalımlıqları üzündən inkar etməyə cəhd göstərirlər. Onlar Allahın elçilərinə bəxş edilən peyğəmbərlik vəhyi onların özlərinə verilməyənə qədər iman gətirməkdən boyun qaçırırlar. Onlar Allahın Özünə qarşı etiraz edir, özləri özlərini azdırır, elçilərə nazil edilən haqqı təkəbbürlə rədd edir və Onun nemətinə müqavimət göstərirlər.
Allah onların yanlış etirazlarını rədd edir və xəbər verir ki, onlar xeyirxah təşəbbüslər üçün yaramırlar və Onun mömin qullarına, xüsusilə də, peyğəmbərlərinə və elçilərinə zəruri olan keyfiyyətlərə malik deyillər. Allah vəhyini kimə etibar edəcəyini, bu şərəfə kimin layiq olduğunu və kimin bu ağır yükü aparmağı bacaracağını daha yaxşı bilir. Allah onu, bütüm gözəl keyfiyyətlərə sahib və yaramaz əxlaqdan xali olan insanların arasından seçir və ilahi hikmətinin tələblərinə uyğun olaraq onlara əta edir. İnsan belə keyfiyyətlərə malik olmadıqda, onda Allah ona peyğəmbərlik haqqı vermir. Axı O, layiq olmayan şəxsə heç vaxt belə böyük bir şərəfli vəzifə[4] nəsib etməz.
Bu ayə Fövqəluca Allahın kamil müdrikliyinin sübutudur. O, Rəhmlidir, Mərhəmətlidir, etdiyi yaxşılıqlar isə saysız-hesabsızdır, lakin O, Öz hikməti əsasında ancaq layiq olanlara mərhəmət göstərir. Cinayətkarlara gəldikdə isə onların nəsibi alçaldılma və nifrət olacaqdır. Allah onları, özlərini haqdan üstün tutduqlarına görə alçaldacaq və fitnə-fəsad törətdikləri üçün şid­dətli cəzaya məruz qoyacaq. Onların qəddar hiylələri öz əziyyət­lərinə səbəb olacaq və Fövqəluca Allah onlarla ədalətsizcəsinə davranmayacaq.



[1] Müəllifin bu aydın müddəası onu göstərir ki, Allahın haqq dininə qarşı inadla mübarizə aparanlar şeytanların bilavasitə təhriki ilə hərəkət edirlər. F.S.
[2] Ölü heyvan cəmdəyinin. F.S.
[3] Allah bizi belələrindən uzaq etsin! F.S.
[4] Peyğəmbərlik. F.S.

Комментариев нет:

Отправить комментарий