вторник, 3 июля 2012 г.

Ə.N. əs-Səədi. Təfsir. II c. 6.161-6.165 ayələr


Ə.N. əs-Səədi. Təfsir. II c. 6.161-6.165 ayələr

                     
    ﮫﮬ            


(6.161) “(Ya Rəsulum) De: “Şübhəsiz, Rəbbin məni doğru yola, həqiqi (düz­gün) dinə, batildən haqqa tapınan və müşrik­lərdən olmayan İbrahimin dininə yönəltdi!”

Fövqəluca Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, özünün düz yolla getdiyini və doğru dinə etiqad etdiyini hamıya bildirsin. Bu din faydalı baxışlara və saleh əməllərə söykənir. O, ən gözəl şeyləri etməyi əmr edir və bütün pis şeyləri qadağan edir. Bütün peyğəmbərlər və elçilər (onlara Allahın salamı olsun) həmin dinə etiqad ediblər, o cümlədən, bütün səmimi qulların başçısı, onun (ə) ölümündən sonra, insanlara göndərilən əksər peyğəm­bərlərin ulu babası, mərhəmətli Allahın sevimlisi – İbrahim Peyğəmbər (ə) də. O din Bir olan Rəbbə səmimi xidmət dinidir və bütün digər yanlış etiqadlardan – yəhudilərin, xristianların və müşriklərin sitayiş etdiklərindən fərqlənir.

                         ﯟﯠ                

(6.162) “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!”
(6.163) “Onun heç bir şəriki yoxdur. Mənə belə buyurul­muşdur və mən ilk müsəlmanam!”

Bundan əvvəlki geniş mənalı vəhydən sonra Fövqəluca Allah ibadətin ən şərəfli ayin­ləri­ni – namazı və qurbanı xüsusilə qeyd edir. Bununla da Allah bu ayinlərin üstünlüyünü xüsusilə vurğulayır ki, onların hər biri insanın Fövqəluca Allahı sevdiyinə, səmimiyyətlə təkcə Ona xidmət etməsinə və Ona qəlbən, dili və canı ilə və həmçinin qurban verməklə yaxınlaşmağa can atdığına şəhadət verir. Həqiqətən, mömin insan özü üçün əziz və sevimli olan malını Fövqəluca Allaha qurban edir və bununla o, Onu daha güclü məhəbbətlə sevir.
Əgər insan Allah xatirinə səmimiyyətlə namaz qılır və qurban verirsə, onda onun bütün digər əməlləri və sözləri də həmçinin səmimi olacaqdır və belə olduqda, onun bütün həyatı və ölümünə qədər ona qismət olacaq hər şey bir olan Allaha – aləmlərin Rəbbinə həsr olunacaqdır. Onun Onunla bərabər hakimiyyəti və Kainatı idarə etməyi bölüşdürə bilən bir şəriki yoxdur; Onunla bərabər ibadət olunmaq haqqını bölüşdürə bilən  hər hansı şərikləri də yoxdur.
Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) təbliğ etdiyi tək Allaha bu cür xidmət bir yenilik deyildi. O (ona Allahın salavatı və salamı olsun!), bunu öz istəyi ilə fikirləşib tapmamışdı – ona bunu etmək həvalə olunmuşdu və o, təkcə bu hökmü yerinə yetirməklə pis sonluqdan xilas ola bilərdi. Bunu edərək, o (ona Allahın salavatı və salamı olsun!), ümmətimizin ilk müsəlmanı oldu.

                   ﯯﯰ              ﯶﯷ          ﯼﯽ    ﯿ                    

(6.164) “De: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbmi istərəm? “Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günah­kar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman (Allah) sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir”.

Fövqəluca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, desin: “Allah bütün yaradılmışların Rəbbi olduğu və bütün məxluqlar Onun qulları və Onun iradəsinə tabe olduqları halda, heç ola bilər ki, mən məxluqlar arasında bir ağa axtarım ki, qayğımı çəksin və işlərimi idarə etsin?!! Mən digər canlı məxluqlar kimi, Onu öz Rəbbim adlandırmalı, bununla kifayət­lənməli və öz ümidlərimi kasıb və köməksiz qullara bağlamama­lıyam”.
Sonra Allah insanları xeyirxahlıq etməyə çağırır və onları gələcək qisas günü ilə hədələyir. O bildirir ki, hər bir insan həm yaxşı və həm də pis əməlləri təkcə özü üçün edir. Digər bir ayədə isə deyilir: “Yaxşı iş görənin xeyri özünə, pislik edənin də zərəri özünə olar. (Ey Peyğəmbər!) Sənin Rəbbin (haqsız yerə) bəndə­lərə zülm edən deyildir!”  (Fussilət, 41/46).
Heç kim özgəsinin günahlarının ağırlığını daşımayacaqdır. Əksinə, hər kəs təkcə öz yükünü aparacaq. Əgər bir adam bir başqasının yoldan azmasına və günah işlətməsinə səbəb olmuşsa, onda o, günahı bilavasitə törətmiş şəxsi məsuliyyətdən xilas etmədən,  buna görə özü məsuliyyət daşıyacaq. Qiyamət günü bütün insanlar Allaha qayıtmalıdırlar və O, onların bir-biriləri ilə mübahisə etdikləri xeyir və şər haqqında onlara xəbər verəcəkdir. Sonra isə O, hər kəsə layiq olduğunu  nəsib edəcəkdir.

                                 ﰕﰖ                   

(6.165) “(Ey insanlar!) Verdiyiniz nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi digərinizdən üstün edən Odur. (Ey Elçim!) Həqiqətən, sənin Rəbbin (kafirlərə, müşriklərə, Onun birliyini inkar edənlərə) tezliklə cəza verən və şübhəsiz ki, (möminləri) bağışlayan, (onlara) rəhm edəndir!”

Allah elə etmişdir ki, sizin bəziləriniz digərlərini əvəz etməyə gəlirlər. O, sizi yer üzünün varisləri etmiş və bu dünyanı sizə tabe etmişdir ki, sizi sınaqdan keçirsin və sizin özünüzü necə aparacağınıza baxsın. O, sizlərdən bəzilərinizi o birilərindən qüvvəyə, sağlamlığa, var-dövlətə, zahiri gözəlliyə və əxlaqi simaya görə üstün etmişdir ki, sizi sizə bəxş edilənlərlə imtahana çəksin. Siz müxtəlif əməllər edirsiniz və Allah günah işlədənləri və Onun ayələrini yalan sayanları cəzalandırmaqda ləngiməz. Ona iman gətirənləri, mömincəsinə davrananları və ağır günahlarında tövbə edənləri O, hökmən bağışlayır və əfv edir.

Комментариев нет:

Отправить комментарий