Şeyx Bəkir b. Abdullah Əbu
Zeydin
QEYDLƏRİ
Mərhəmətli və Rəhmli Allahın adı ilə
Həmd təkcə Allaha məxsusdur! Peyğəmbərlərin
sonuncusuna, ailəsinə, səhabələrinə və onların yolu ilə gedən və Sünnəsinə
sarılanlara salavat və salam olsun!
Sonra, burada yazdığım nə müqəddimə, nə də təqdimatdır.
Təkcə tərif və xeyrə işarə edən bir yazıdır.
Bu hadisə barəsində təəssüratımı oxucularla bölüşmək
istəyirəm.
Təxminən hicri 1380-cı illərdə bəzi xeyirxah
insanların Şeyx Əbdürrəhman b. Nasir əs-Səədinin[1]
(Allah ona rəhmət etsin) 8 cilddən ibarət “Teysirul-Kərimur-Rəhman fi təfsiri
Kəlamil-Mənnan” adlı təfsirini tövsiyə etdiklərini eşidirdim. Çünki bu təfsir
digərlərindən aşağıdakı xüsusiyyətlərinə görə seçilməkdə idi:
Bu kitab, etimad göstərilən və onda sələflərin
yolu əks olunan bir əsərdir. O, səhih bir əsərin və doğru-düzgün anlayışın qısa
xülasəsini asanlıqla özündə əks etdirir.
Bu kitab alimlər üçün xatırladan və elmə yeni gələnlər
üçün isə öyrədəndir.
Daha sonra digər alimlərin və elm öyrənən tələbələrin
də məhz bu kitabı xüsusi olaraq tövsiyə etdiklərini
eşitdim.
Şeyx Əbdürrəhmanın oğlu Abdullah (1405 ö.) mənə
atasının bu əsərlərini hədiyyə etmişdi:
Teysirul-Lətifil-Mənnan fi Xülasəti Təfsiril-Quran;
əl-Qəvaidul-Hisan li-Təfsirul-Quran;
Fəvaidu Mustənbata min qissati Yusuf əleyhissalam.
Bu üç kitabı oxudum və sətirlərində bu təfsirə yönəltmələr
tapdım. Müxtəlif vaxtlarda bu təfsirdən istifadə edirdim. 1418-ci ildə bir qrup
dəyərli alimin hazırladığı “ət-Təfsirul-Müyəssər” adlı kitabın Mədinədə olan
Mushafuş-Şərif Kral Fəhd Nəşriyyat Cəmiyyətinin çap etdiyi nüsxəsinin son
araşdırmalarını apardığım vaxtlarda, bəhs edilən təfsirin İbn Cərir ət-Təbəri
(310 ö.) və Səədinin təfsirlərinə çox böyük etimadla yanaşdığını gördüm. Bundan
sonra Səədinin təfsirinə rəğbətim və istəyim daha da artdı.
Səədinin digər məziyyətlərindən biri də onun İbn
Teymiyyə və İbn Qeyyimə (Allah onlara rəhmət etsin) xüsusi münasibət bəsləməsi
və kitabını onlardan əxz etdiyi faydalı seçmələrlə bəzəməsi idi.
Səədi ayələrdən məharətlə nəticələr çıxararaq
kitabını asanlaşdırıb bizə təqdim etmişdir.
Məsələn, “Bəqərə” surəsinin “Deyin: “Biz
Allaha, bizə nazil olana...iman gətirdik...” (136-cı) ayəsi[2]
və “Maidə”surəsində keçən dəstəmazla bağlı 6-cı ayə[3]
dediyimizə ən gözəl nümunədir.
Xüsusilə peyğəmbərlər haqqında hekayətlərin
sonunda qiymətli və faydalı nəticələr çıxarmışdır... Əhzab surəsinin bir ayəsində[4]
bu incə və lətif mövzuya belə toxunulmuşdur: “Onlardan bir dəstə demişdi:
“Ey Yəsrib əhli! (Mədinənilər);
Din qardaşlığını və İslam bağını atıb millətçilik
çığır-bağırı salmaq cahillik əlamətlərindəndir.
Mən belə faydalı nəticələr çıxaran başqa birisini
hələ görməmişəm. Bu ayə, milliyyətçiliyin İslama aid olmadığını
bildirən daha üç ayəni də ehtiva edir.
Dərin biliyi və bu sahədəki yetərli imkanlara
malik olmasından bəhs etdikdən sonra, onun gözəl həyat tərzinə nəzər salaq.
Onun tərcümeyi-halında nümunəvi olması, itaətətkarlığı, xeyirxahlığı və
yaxşılığı, doğruçu və sağlam düşüncəli olması üzə çıxır. Onun tərcümeyi-halında
əksini tapmamış bir hadisə:
Məkkə xəzinələrindən olan Siddiqə kitabxanasının
sahibi Şeyx Əbdürrəhim Sadiq əl-Məkkinin (1408 ö.) mənə izah etdiyinə görə, o,
Şeyx Səədinin namaz qılmasının şahidi olmuş, onun xuşusunu və Allaha bağlılığını
bildirən şeylər görmüşdür. Alimlər Şeyx Muhəmməd Həmid əl-Faqinin də (1379 ö.)
Əhməd Şakir (1377 ö.) haqqında da belə dediyini rəvayət edirlər:
“Namazı tam xuşu içində, Allaha müti halda Əhməd
Şakir kimi qılan bir adam görməmişəm”.
Biz də bu böyük müfəssir alimin Şeyxülislam İbn
Teymiyyənin (Allah ona rəhmət etsin) bu sözünə uyğun əvəzini almasını diləyirik:
“Lədunni elminə[5]
gəlincə, şübhəsiz ki, Fövqəluca Allah təqva sahibi olan vəlilərinin və saleh
qullarının qəlblərini, xoşlanmadığı şeylərdən təmizlənmələri və sevdiyi şeylərə
riayət etmələrinə görə, başqalarının qəlbini açmadığı bir tərzdə açar.
Bu isə, hz. Əlinin (Allah ondan razı olsun) dediyi:
“...Allahın Kitabı barədə quluna verdiyi anlayış istisna olmaqla...” və bu əsərdə
olduğu kimidir: “Bildiyinə əməl edən insana, Fövqəluca Allah bilmədiyinin
elmini də verir”.
Quranda bu məsələyə bir çox ayələrdə toxunulmuşdur.
Belə ki, Allah buyurur:
“...Əgər onlar özlərinə verilən öyüd –
nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha
mükəmməl olardı ...və onları doğru yola yönəldərdik” (Nisa,
4/66,68).
Ayrıca olaraq Fövqəluca Allah Onun əmrlərini yerinə
yetirənləri doğru yola yönəldəcəyini bildirərərk belə buyurur:
“Allah Onun razılığını axtaran şəxsləri
bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən
nura çıxarır və düz yola yönəldir” (Maidə, 5/16).
“Doğru yolla gedənlərə gəldikdə isə, Allah
onlara hidayətini artırar və onları təqvalı olmağa müvəffəq edər” (Muhəmməd,
47/17).
“...Onlar Rəbbinə iman gətirmiş gənclər
idi. Biz də onların hidayətini artırdıq” (Kəhf, 18/13).
“Bu Quran insanlar üçün
açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yolu göstərən rəhbər və mərhəmətdir” (Casiyə,
45/20).
“...Bunlar Rəbbinizdən gələn aşkar dəlillər,
iman gətirən bir camaat üçün doğru yolu göstərən rəhbərlik və mərhəmətdir” (Əraf, 7/203)
... (əl-Fətava, 13/245).”[6]
Bu təfsir haqqında yazımı qələmə alarkən yadıma
Şeyx Əbdürrəhman əd-Dəvsəridən (1399 ö.): “Təfsirçidə axtarılan ən əhəmiyyətli
şərt nədir?” – deyə soruşulduqda, dediyi: “Qəlbi Quranla rahatlıq tapandır”
kimi verdiyi cavabı düşdü.
Mən, Şeyx Səədidə də bu şərtin olmuş olduğuna
inanıram və həqiqətən onun dilindən belə mənali çeşmələr axmışdır. Bu isə
Allahın fəzilətindəndir.
Allah ona əvəzini versin!
Beləliklə, deyilmişdir ki: “Quranın mənasını təkcə
təmiz qəlblilər anlaya bilərlər. O qəlblər isə təqva sahiblərinin qəlbidir”
(Bax: əl-Fətava, 13/245).
Fövqəluca Allah Nəcdli alim Səədiyə bu sahədə ilk əsər
yazanlardan olmasına görə xeyirlər versin. Mən Nəcdli alimlər arasında Quranı
bu gözəllikdə tam təfsir edən daha bir başqasını tanımıram.
Həqiqətən də, Fövqəluca Allah bizə bu təfsirin
müsəlmanlar arasında qəbul edilməsini və yer üzünün hər tərəfinə
yayılıb dəfələrlə nəşr edilməsini nəsib etdi.
Kitabın bəzi nəşrləri:
1. Misir Sələfiyyə mətbəəsi çapı. Kitabın bir hissəsi
içindəki çatışmazlıqlarla birlikdə Şeyxin yaşadığı dövrdə nəşr edilmiş, qalanı
isə vəfatından sonra tamamlanmışdir.
O zamanın mətbəə və nəşriyyat şərtləri çərçivəsində
bu nəşrdə bəzi kəlmələr və cümlələr çıxarılmış və nöqsanlar yaranmışdır.
2. Muhəmməd Zuhri ən-Nəccarın tədqiqatı ilə Riyad
Səudiyyə çapı. Bu şəxs nəşri kitaba aid olmayan əlavələrlə korlamışdır. Onun ardınca
tələbəsi yazdığı “Kəşfus-sitar an telfigi və talikin-Nəccar” adlı kitabında
onu tənqid etmişdir.
3. Birinci və ikinci əsas götürülərək çap edilən nəşrlər.
4. Daha sonra düzəlişlər verilərək Nəccarın əlavələrindən
təmizlənmiş nəşrlər çap edilməyə başlandı.
5. Əlimizdə olan bu nəşr iki xüsusiyyətilə önə
çıxır. Birincisi, edilmiş yanlışlıqların və nöqsanların təshih edilib düzəldilməsi.
İkincisi isə, Nəccarın əlavələrindən təmizlənərək
və iki əlyazması tutuşdurularaq, başlıqlara ayrılmış mövzular və faydalar mündərəcatı
yaradılmışdır. Bu nəşrin əsas götürülməsi və qardaşlarımız tərəfindən müəyyən
edilən düzəliş və mülahizələr naşirlərə təqdim edilməlidir ki, növbəti çaplarda
nəzərə alınıb düzəldilsin.
Bacarıq Allahdandır!
Şeyx Bəkir b. Abdullah Əbu Zeyd
8 şəvval 1421-ci hicri ili
[1] Hicri 1376-cl ildə vəfat
etmişdir. F.S.
[2] Ayənin
şərhi: “Bu və buna bənzər ayələr, insanların iman gətirməli olduqları nə
varsa, hamısını əhatə edir. Bilmək lazımdır ki, iman gətirmək dedikdə, əsas
dini baxışlarda əqidə möhkəmliyi nəzərdə tutulur ki, bu da ruhun və bədənin
etdiyi əməllərlə təsdiq olunur. Bu ifadədən belə anlamaq olar ki, iman, imanın
bir hissəsi və nəticələrinin biri olan saleh əməllərin hamısını özündə birləşdirir.
Əgər iman Quran ayələrində ayrıca xatırlanırsa, o həmişə İslamı və saleh əməlləri
bildirir, əgər təkcə İslam qeyd olunursa, onda o, həmişə imanı və əməlisaleh nəzər
nöqtələrini əks etdirir. Əgər onlar ikisi birlikdə yad edilirsə, onda iman adı
altında qəlbdə olan əqidə, İslam adı altında isə, açıq şəkildə həyata keçirilən
saleh əməllər nəzərdə tutulur. Eyni şeyi imanın saleh əməllərlə yanaşı
xatırlandığı ayələr haqqında da demək mümkündür”. Tərc. F.S.
[3] Bu ayənin
şərhi də yuxarıdakı (Bəqərə, 2/136) kimi böyük məharət və bacarıqla verildiyi
üçün, onu burada göstərməyi lazım bilmədim. Tərc. F.S.
[4] Şeyx
Əbu Zeydin dəqiqləşdirmədiyi bu ayə Əhzab surəsinin 13-cü ayəsidir. Tərc. F.S.
[5] Qeybə aid elmlərdən
biridir. Tərc. F.S.
[6] Burada İbn Teymiyyədən gətirilən sitat sona yetir. Tərc. F.S.
Комментариев нет:
Отправить комментарий