среда, 4 июля 2012 г.

Ə.N. əs-Səədi. Təfsir. II c. 8.1 - 8.26 ayələr

           Ə.N. əs-Səədi. Təfsir. II c. 8.1 - 8.26 ayələr                
                          ƏL-ƏNFAL
                    (“QƏNİMƏTLƏR”)
                          SURƏSİNİN
                               ŞƏRHİ
          

                        Mərhəmətli və Rəhmli Allahın adı ilə!

    ﭓﭔ        ﭘﭙ           ﭞﭟ             

(8.1) (Ey Peyğəmbərim!) Səndən (müharibədə əldə edilmiş) qənimətlər (onların kimə çatması) haqqında soruşarlar. De: “Qəni­mətlər Allahın və Peyğəmbərinindir (onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi) möminsinizsə, Allahdan qorxun, aranızdakı münasi­bətləri dü­zəl­din, Allaha və Onun Peyğəmbərinə itaət edin!”

Qənimət – müsəlmanların Allahın iradəsi ilə düşməni məğlub edərək, kafirlərdən ələ keçirdikləri əmlakdır. Bu ayələr, Bədr döyüşündən sonra müsəlmanlar müşriklərə üstün gəldikdə və ilk böyük həcmli hərbi qənimətə sahib olduqda, nazil edilmişdir. O zaman bir sıra müsəlmanlar arasında qənimətlərin bölüşdürülməsi üstündə ixtilaf baş vermişdi və onlar məsləhət almaq üçün Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) müraciət etmişdilər. O vaxt Fövqəluca Allah hərbi qənimətlərin necə və kimlərin arasında bölüşdürülməsini izah etmək məqsədilə bu ayələri nazil etmişdi.
Ey müsəlmanlar! Qənimətlə Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) məxsusdur. Onlar onu istədikləri kimi bölüşdürə bilərlər və siz onların qərarına müqavimət göstərməməlisiniz. Əksinə, onun (ona Allahın salavatı və salamı olsun!) qərarları sizi qane etməlidir və siz ona (ona Allahın salavatı və salamı olsun!) itaət etməlisiniz. Siz Allahın hökmlərini yerinə yetirərək və Onun haramlarını pozmadan Allahdan qorxmalısınız. Siz aranızda düşmənçilikdən və ixtilaflardan çəkinməli, qarşılıqlı məhəbbətə və qarşılıqlı anlaşmaya can atmalı, bir-birinizdən inciməkdən uzaq olmalı və mehribançılıq münasibətləri saxlamalısınız. Siz ancaq bu yolla birləşə və qarşılıqlı küsüşmələrin nəticələri olan hər hansı ziddiyyətlərə və kin-küdurət dolu mübahisələrə son qoya bilərsiniz.
İnsanlar arasında ziddiyyətlərin tənzimlənməsi onların ətraflarındakılara hörmətlə yanaşmasını və onları incidənlərə qarşı güzəşt göstərilməsini nəzərdə tutur ki, bunun sayəsində düşmən­çiliyin və insanların qəlbində özünə yuva salan nifrətin kökünü kəsmək mümkünləşir. Allah bunları xatırlatdıqdan sonra, Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət göstər­məyi əmr edir və bu hökm geniş mənada bütün möminlərə aiddir. Məhz iman insanları Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) tabe olmağa sövq edir. Əgər insan Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət etməkdən, nöqsanlara yol verməklə, tamamilə boyun qaçırırsa, onda onun imanı yarımçıqdır.
Beləliklə, insanların imanını iki dərəcəyə ayırd etmək olar. Birinciyə aid olan – kamil imandır. Buna görə insan tərifə layiq görülür və o ona ən böyük müvəffəqiyyət qazanmağa gömək edir. İkinci dərəcəyə aid olan isə qeyri-kamil imandır. Aşağıdakı ayələrdə Allah kamil imandan bəhs edir:

                                          ﭺﭻﭼﭽ ﭾﭿ

(8.2) “Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəki­ləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanla­rını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edərlər”;
(8.3)  “(Vaxtlı-vaxtında, lazımınca) namaz qılar və verdiyi­miz ruzidən (Allah yolunda) sərf edərlər”.

“Muminun” (möminlər”) sözünün müəyyən artikllə yazılışı onu göstərir ki, ayədə söhbət haqq dinin bütün tələblərini yerinə yetirənləri nəzərdə tutur. Onların yanında Allahın adı xatırlan­dıqda ürəkləri Onun qarşısında qorxudan həyəcanla titrəyir. Bu qorxu onları günah işlətməkdən vaz keçməyə vadar edir, çünki Fövqəluca Allah qarşısında qorxu – günahlardan əl çəkməyə yardım göstərən ən böyük amillərindən biridir.
Quran ayələri möminlərə oxunduqda onların imanı güclənir və buna görə onlar ayələrə diqqətlə qulaq asır və bütün qəlbi ilə onların mənalarını dərk etməyə çalışırlar. Bu, onların imanın güclənməsinə səbəb olur, çünki anlama insan qəlbinin əməllərinə xasdır. İnsan vəhylərin mənası üzərində düşünürsə, onun əvvəllər bilmədiyi məna hökmən ona agah olur. Bununla yanaşı, o, unutduğunu yadına salır və ürəyində isə xeyirxah işlər görmək və Rəbbinin mərhəmətini qazanmaq, günahlardan əl çəkmək və sərt cəzalardan qaçınmaq arzusu oyanır. Şübhəsiz ki, bütün bunlar imanın artmasına səbəb olur.
Belə iman sahibləri təkcə öz Rəbbinə təvəkkül edir və heç kimi Ona şərik qoşmurlar. Onlar qəti əmindirlər ki, O, onları ancaq faydalı olan şeylərə yaxınlaşdırar və onların mənəvi və maddi əməllərinə ziyan verə bilən hər şeydən uzaqlaşdırar. Təvəkkül etmək insanı xeyirxah əməllər işləməyə təkan verir və insan öz Rəbbinə təvəkkül etmədikcə, onun heç bir əməli kamil ola bilməz.
Belə mömin insanlar fərz və nafilə namazlarını qəlbən və zahiri hərəkətləri ilə qılaraq bununla İslam namazının ən vacib tələblərindən birini yerinə yetirirlər. Bundan başqa, onlar zəkat verir, günahlarının kəffarəsi olaraq sədəqə paylayır, öz zövcələri və qohumlarına, qullarına və kölə qadınlarına qayğı göstərir, digər vacib sədəqələr paylayır və həmçinin könüllü olaraq müxtəlif xeyriyyə məqsədləri üçün vəsaitlərini sərf edirlər.

        ﮃﮄ                

(8.4) “Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları bağışlanma və tükənməz ruzi gözləyir!”

Sadalanan keyfiyyətlərə malik olan əməlisaleh insanlar əsil iman sahibləridir, çünki onlar İslama etiqad edirlər və haqq din tərəfdarlarıdır, qəlbən və zahiri hərəkətləri ilə xeyirxah işlər görürlər, doğru biliklər əldə edirlər və əməldə onları əsas tutaraq Allah və Onun qulları qarşısında öz vəzifələrini yerinə yetirirlər.
Bundan və bundan əvvəlki ayələrdən bir sıra nəticələr çıxartmaq olar. Birincisi, möminlərin əməllərini sadalayaraq, Fövqəluca Allah, əvvəlcə, onların qəlbən yerinə yetirdikləri əməlləri haqqında xəbər verir, çünki bu əməllər bədən hərəkətləri ilə icra edilən əməllərin özülünü təşkil edir və sonunculardan üstündür. İkincisi, iman arta və azala bilər: o, saleh[1] əməllər sayəsində artır və itaətsizlik nəticəsində azalır. Üçüncüsü, Allahın qulu öz imanı haqqında fikirləşməli və onu artırmağa çalışmalıdır. Bunun ən təsirli üsullarından biri – Allahın Kitabı üzərində düşünmək və onun mənasını dərk etməkdir.
Allah bu barədə xatırlatdıqdan sonra, əsil möminlər üçün hazırlanmış mükafatlar­dan bəhs edir. Möminlər yüksək Cənnət dərəcələrinə yüksəldiləcəklər ki, o dərəcələr onların əməllərindən asılı olaraq bir-birindən fərqlənəcəkdir. Onların günahları bağışlanacaq və onlara Allahın rəhmət məskənində səxavətli qismət nəsib olacaq. Bu qismət sırasında gözlərin görmədiyi və qulaqların eşitmədiyi və hətta insan qəlbinin düşünmədiyi şeylər vardır.
Deyilənlərdən belə çıxır ki, imanı kamil olmayan saleh insanlar Cənnət sakinləri arasında olacaqlarına baxmayaraq, əsil möminlər üçün hazırlanmış kamil mükafatlardan ala bilmə­yə­cəklər.

                                                       ﮥ ﮦﮧ  ﮨﮩ  ﮪﮫ ﮬﮭ                                                      

(8.5) “Rəbbin səni bu minvalla haqq-əda­lət uğrunda Bədrə getmək üçün evindən çıxartdı. Halbuki bu, möminlərdən bir dəstənin xoşuna gəlmirdi”[2].
(8.6) “Gözləri baxa-baxa ölümə sürüklənirlərmiş kimi, haqq bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər”[3].
(8.7) “O zaman Allah sizə iki dəstədən birinin (Şamdan qayıdan karvanın və ya Məkkədən çıxıb onların köməyinə gələn Qüreyş əsgərlərinin) sizin olmasını vəd edirdi. Siz silahsız (qüvvətsiz) karvanın sizin olmasını arzu edirdiniz. Allah isə Öz sözləri (bu barədə nazil etdiyi ayə) ilə haqqı (İslamı) bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi”.
(8.8) “(Allah bununla) günahkarların xoşuna gəlməsə də, haqqı (İslamı) bərqərar etmək və batili (küfrü) yox etmək istəyirdi”.

Bədr yaxınlığında əzəmətli döyüşü təsvir etməzdən öncə Fövqəluca Allah möminlərə xas olan keyfiyyətlər haqqında xəbər verir, çünki Bədr yaxınlığındakı döyüşün iştirakçıları bu keyfiyyət­lərə malik idilər və xeyirxah işlər görürdülər ki, bunlardan ən əzəmətlisi Allah yolunda müqəddəs müharibə idi. Onların imanı həqiqi imandı və buna görə Allahın onlara vəd etdiyi mükafat da həqiqi mükafat oldu.
Fövqəluca Allah Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, şəhərdən çıxıb Bədr adlı yerə yola düşsünlər və Onun nəzərdə tutduğu haqq naminə müşriklərlə görüşsünlər. Sonradan baş verən hadisələrin hamısı qədərlə müəyyənləşdirilmiş və planlaşdırılmışdı.
Müsəlmanlar yola düşdükdə onların hətta ağıllarına belə gəlmirdi ki, düşmənlə döyüşə girməli olacaqlar. Döyüşün qaçılmaz zəruriyyəti onlara aydın olduqda, bəziləri Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) mübahisə etməyə başladılar. Onlar döyüşmək istəmirdilər və elə davranırdılar ki, sanki onları labüd ölümə aparırdılar və onlar bunu müşahidə etməyə məcburdurlar. Əlbəttə, onlar belə rəftar etməməliydilər, xüsusilə, onlar Allahın əmrinə itaət edərək, Onun istədiyi işi görmək və haqq xatirinə bu yola çıxmışdılar. Belə şəraitdə istənilən mübahi­sələr mənasızdır. İnsanlar öz qərarlarının doğruluğuna şübhə etdikdə mübahisə və çəkişmələr fayda verə bilər. Əgər həqiqət aydın və mübahisəsizdirsə, onda onlara ona riayət etməkdən başqa bir şey qalmır.
Qeyd etmək lazımdır ki, möminlərin əksəriyyəti Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) höccətləş­mirdilər və düşmənlə rastlaşmağa müqavimət göstərmirdilər. Allahın qınağına layiq görülən azsaylı insanlar da sonradan Onun iradəsinə tabe oldular və müqəddəs müharibədə fəal iştirak etdilər. Allah da onlara dözümlülük bəxş etdi və müxtəlif hadisələr vasitəsi ilə onların ürəyinə yəqinlik saldı ki, onların bəziləri haqqında bir qədər sonra bəhs edəcəyik.
Müsəlmanlar şəhərdən çıxdılar ki, Əbu Sufyanın Şama yola düşdüyü qureyşlilərin böyük ticarət karvanının yolunu kəssinlər. Onlar karvanın Şamdan qayıtdığı haqqında eşitdikdə, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) çağırışına üç yüz on nəfərdən bir qədər çox adam toplaşdı. Onların cəmisi yetmiş dəvəsi vardı ki, onlara növbə ilə minməyi və ərzaq yükləməyi qərara almışdılar. Qureyşlilər müsəlmanların niyyətindən xəbər tutduqda, yola çıxdılar ki, öz karvanlarını müdafiə etsinlər. Onlar böyük bir qoşun təchiz etdilər ki, tərkibində çoxlu at var idi. Döyüşçülərinin sayı min nəfərə çatırdı.
O zaman Allah müsəlmanlara vəd etmişdi ki, müşriklərin iki dəstəsindən biri onlara qalacaq: onlar ya karvanı tutacaqlar, ya da qureyşlilərin qoşunu üzərində qəlbə çalacaqlar. Müsəlmanlar istəyirdilər ki, karvanı ələ keçirsinlər, çünki onlar maddi çətinliklər içində idilər, karvan isə kifayət qədər (özünümüdafiə) qüvvəsinə malik deyildi. Lakin Fövqəluca Allah istəyirdi ki, onların özləri üçün arzuladıqlarından da daha yaxşı bir hadisə baş versin. Allah istəyirdi ki, onlar qureyşlilərin tərkibində müşriklərin ağsaqqal­ları və adlı-sanlı igidləri olan qoşununa qalib gəlsinlər. Allah istəyirdi ki, haqq zəfər çalsın, onun tərəfdarları qələbə qazansınlar, yalan tərəfdarları isə sarsıdıcı məğlubiyyətə uğradılsınlar. O istəyirdi ki, qulları heç ağıllarına belə gətirmədikləri Onun haqqı müdafiə etməsinin şahidi olsunlar. Allah müxtəlif dəlil və sübutların vasitəsilə, günahkarların nifrətinə səbəb olsa da, haqqı təsdiq və yalanı ifşa etdi. Həqiqətən, Rəbb onların istəklərinə heç bir diqqət yetirmədi.
                           ﭜ ﭝ ﭞ ﭟ ﭠ  ﭡ ﭢﭣ ﭤﭥ ﭦ          ﭫﭬ       ﭯﭰ ﭱ
 (8.9) “O zaman siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz. (Allah:) “Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!” – deyə duanızı qəbul buyurmuşdu”.
(8.10) “Allah bu köməyi sizə yalnız sizin üçün bir müjdə və ürəkləriniz sakit olsun deyə etmişdi. Qələbə yalnız Allahdandır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!”

Allahın sizə göstərdiyi lütfkarlığını xatırlayın! Siz o zaman öz düşməninizin yaxınlığında idiniz və Allaha sizə kömək göstərməsi üçün dua etdiniz. Siz Ona yalvarırdınız ki, sizə yardım və qələbə nəsib etsin və O, duanızı qəbul edərək, sizə hərtərəfli kömək göstərdi. O, sizə bir-birinin ardınca gələn min nəfər mələk göndərdi. Lakin onların gəlişi sadəcə sizə görə bir müjdə idi, çünki onsuz da qələbə qoşunların çoxsaylı və hazırlıqlı olmasından deyil, Allahın iradəsindən asılıdır. Heç kim Ona üstün gələ bilməz. Öz yenilməz Qüdrəti sayəsində O, hətta ən çoxsaylı, mükəmməl hazırlıq görmüş və yaxşı silahlanmış qoşunları yardımdan məhrum edə bilər. Öz müdrikliyi sayəsində isə O, öncədən müəyyən etdiyi hadisələrin nəticələrini təyin edir və hər şeyi öz yerinə qoyur. 

                              ﭿ                     

(8.11) “O vaxt (Bədr vuruşunda) Öz tərəfindən (köməyin­dən) arxayınlıq əlaməti olaraq, Allah sizi xəfif bir mürgüyə daldırmış, sizi (çirkdən-pasdan) təmizləmək (və ya dəstəmaz almaq), Şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi (qələbəyə inamla) doldurmaq və (quma batmasın deyə) ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı”.

Allah müsəlmanları mürgülətdi və bu Onun yardımının yeni bir təzahürü və Onun müsəlmanların dualarını qəbul etməsinin dəlili idi. Mürgü onları ürəklərində baş qaldırmış xofdan xilas edərək, onlara özlərini əmin-amanlıqda hiss etməyə imkan verdi və Allahın onlara kömək göstərəcəyinə inam yaratdı. Sonra yağış yağaraq möminləri pisliklərdən, toz-torpaqdan və şeytanların vəsvəsəsindən təmizlədi. Allah onların qəlbini möhkəmlətdi, çünki məhz qəlbin gücü bütün bədənə qüvvət verir. Bununla yanaşı O, onların qədəmlərini sabitləşdirdi: yağışdan sonra qumsal torpaq bərkidi və yerimək üçün rahat oldu.
   ﮉﮊ ﮋﮌ            ﮒﮓ   ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ    ﮝﮞﮟﮠ ﮡ

(8.12) “Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy etmişdi: “Mən də sizinləyəm. Möminlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salaca­ğam. Onların boyunlarını vurun, bütün barmaqlarını doğrayın!”

Allah mələklərinə köməyini və yardımını onlardan əsirgə­məyə­cəyini bildirir və onlara əmr edir ki, möminlərin ürəyinə cəsurluq və Onun mərhəmətini qazanmaq üçün Onun yolunda düşmənlə vuruşmaq arzusu təlqin etsinlər. Allah Özü isə kafirlərin qəlbinə qorxu salacağını vəd etdi, çünki qorxu – müsəlmanlara düşmən üzərində qələbə çalmağın ən böyük amillərindən biridir. Allah möminləri müdafiə edərək kafirlərin ürəyinə qorxu salır ki, bundan sonra onlar müsəlmanlara müqavimət göstərə bilmirlər və məğlubiyyətə uğrayırlar.
Kafirlərin başlarını vurmaq və barmaqlarını kəsmək əmrinə gəldikdə isə, bu, Allahın möminlərə yardım göstərməyi  təlqin etdiyi mələklərə aiddir. Belə olduğu halda, bu vəhy, Bədr yaxın­lığındakı döyüşdə mələklərin bilavasitə iştirak etmələrini təsdiq­ləyən dəlildir. Bu əmr, ola bilsin ki, Allahın döyüşə ruhlandırdığı və döyüşdə müşriklərə qarşı necə amansız olmağı öyrətdiyi möminlərə də şamil edilsin.

         ﮦﮧ                  

(8.13) “Bu onların Allaha və Onun Peyğəmbərinə qarşı çıxmalarına görədir. Kim Allaha və Onun Peyğəmbərinə qarşı çıxsa, Allah ona şiddətli əzab verər”.

Müşriklər[4] belə aqibətə layiqdirlər, çünki onlar Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı döyü­şürdülər və onlarla açıq-aşkar düşmənçilik edirdilər. Kim Allahla və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə əlaqəsini kəsərsə, hökmən şiddətli cəzaya uğradılar ki, bunun təzahür­lə­rindən biri də Allahın dostlarının Onun düşmənləri üzərində qəlbə çalması və onları məhv etməsidir.
 ﮱﯓﯔﯕ ﯖﯗﯘ

(8.14) “Bax beləcə, bunu (dünyadakı bu əzabı) dadın. Kafirləri hələ bir Cəhənnəm əzabı da gozləyir”[5].

Ey Allahdan və Onun Elçisindən (ona Allahın salavatı və salamı olsun!) ayrılmış mürtədlər! Bu həyatınızdakı cəzanı dadın və bilin ki, iman gətirməyənlərə Cəhənnəm əzabı da hazırlan­mışdır.
Bu Quran hekayətində Allahın çox böyük möcüzələri öz əksini tapmışdır ki, onlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) təbliğ etdiklərinin həqiqiliyini sübut edən dəlillərdir.
Birincisi, Allah möminlərə qələbə bağışlayacağını vəd etmişdi və Öz vədini yerinə yetirdi. Fövqəluca Allah buyurur: “(Ey Məkkə müşrikləri və yəhudilər!) İki dəstənin (Bədr müharibəsi zamanı) qarşı-qarşıya durması sizin üçün (Peyğəmbərin doğruluğuna) dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. (Möminlər üç yüz on üç nəfər, kafirlər isə təqribən min nəfər idilər). (Möminlər kafirlərin) onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. (Yaxud kafirlər möminləri iki özləri qədər, yəni təxminən iki min nəfər və ya onların olduqlarından iki dəfə artıq, yəni altı yüzdən bir qədər çox görürdülər). Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu (Bədr əhvalatı) bəsirət sahiblərindən ötrü bir ibrət dərsidir” (Ali-İmran, 3/13).
İkincisi, O, yardım üçün Ona dua edən möminlərə cavab verərək, kömək göstər­məkdən ötrü zəruri şərait yaratdı. Bu, təsdiq edir ki, Rəbb Öz mömin qullarının qayğısına qalaraq onların imanını möhkəmlədir və qədəmlərini sabitləşdirir, onları hər hansı xoşagəlməz hallardan və şeytan vəzvəsələrindən xilas edir. Bu həmçinin qullarının dini hökmləri yerinə yetirmələrini mənəvi və maddi səbəblərin vasitəsilə asanlaşdıran Allahın mərhəmətinin dəlilləridir.

                                                                ﯶﯷ     

(8.15) “Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın!”
(8.16) “Təkrar döyüş üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir”.

Fövqəluca Allah Öz mömin qullarına əmr edir ki, layiqincə cəsarət və inadkarlıq göstərsinlər və ruhu və bədəni möhkəmlədən əməllər etməyə səy göstərsinlər. O, tərəflər bir-biri ilə əlbəyaxa döyüşə başladıqdan sonra döyüş meydanından qaçmağı qadağan edir.
Ey möminlər! Əgər sizin döyüş cərgələriniz düşmənin döyüş cərgələri ilə üz-üzə gəlsələr, onlara arxa çevirməyin. Əksinə, mətanətli olun və müharibənin ağırlığına səbirlə dözün. Belə davrandıqda, siz Allahın dininə kömək edərsiniz, digər möminlə­rin qəlbinə inam və allahsızların ürəyinə dəhşət salarsınız. Düşmənə arxa çevirməyə ancaq hərbi manevr etmək və ya başqa bir dəstə ilə birləşmək məqsədilə icazə verilir. Kim ki, döyüş zamanı başqa bir səbəblə arxasını düşmənə çevirərsə, Allahın qəzəbinə düçar olar və Cəhənnəmə vasil edilər.
Beləliklə, üzrlü səbəb olmadan döyüş meydanından qaçma ən böyük günahlardan biridir. Bu barədə səhih hədislərdə xəbər verilmişdir və bu, belə günaha yol vermiş müsəlmanların ünvanına qorxunc xəbərdarlıq kimi təsdiq olunur.
Şərh etdiyimiz ayələrin mənasından aydın olur ki, döyüş zamanı ancaq bir cinahdan başqa cinaha keçməyə, əgər belə yerdəyişmə düşmənə daha güclü zərbə vurmağa imkan verirsə, icazə verilir. Bu yerdəyişməni həyata keçirərkən müsəlmanlar kafirlərə döyüş meydanından qaçmaq niyyəti ilə arxa çevirmirlər. Onlar belə edirlər ki, düşmən üzərində üstünlük əldə etsinlər, onun seçilmiş qoşunlarına zərbə endirsinlər, onu azdırsınlar və ya başqa bir hərbi niyyəti həyata keçirsinlər. Həmçinin başqa dəstəyə kömək və ona kafirləri darmadağın etməyə yardım məqsədilə də geri çəkilməyə icazə verilir. Belə etməyə, hətta düşmən dəstəsi müsəlmanların düşərgəsində olduqda da, icazə verilir və bu hökm tamamilə aydındır.
Əgər müsəlmanlar geri çəkilərək döyüşdə iştirak etməyən bir dəstəyə qoşulmaq istəyirlərsə, məsələn, əgər onlar kafirlərin zərbəsi altında məğlubiyyətə uğrayaraq bir müsəlman ölkəsinə və ya müsəlmanların hərbi düşərgələrinin birinə sığınmağa cəhd göstərirlərsə, onda səhabələrin müxtəlif rəylərindən aydın olur ki, belə etməyə icazə verilir. əgər müsəlmanlar kiçik bir məğlubiyyətə uğramağa dözməklə, ümumi qələbəyə nail olmağı və ya qüvvələrini qoruyub saxlamağı nəzərdə tuturlarsa, onda yəqin ki, belə hərəkət etmək məqsədəuyğundur. Lakin əgər müsəlmanlar döyüşün davam etdirilməsinin onların kafirlər üzərində qələbəsi ilə qurtaracağına əmindirlərsə, belə bir vəziyyətdə onlara geri çəkilməyə icazə verilməsini təsəvvür etmək çətindir. Əslində, belə bir halda kiminsə geri çəkilməsi ağlabatan iş deyil.
Şərh etdiyimiz ayə ümumi mənaya malikdir, lakin bu surənin sonunda biz bu hökmün qoşunların say tərkibi ilə əlaqədar olması barədə nazil edilmiş ayə haqqında ayrıca bəhs edəcəyik. 

            ﭕﭖ               ﭝﭞ           ﭣﭤ          

(8.17) “Onları siz öldürmədiniz, Allah öldürdü. (Bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri yaxşı bir imtahandan keçirtdi. Allah Eşidəndir, Biləndir!”

Fövqəluca Allah müşriklərin Bədrdə məğlubiyyətə uğradılması və müsəlman- ların onları necə öldürməsi haqqında xəbər verir. Onlar bu qələbəyə öz güc və qüdrətləri sayəsində nail olmamışdılar. Bütpərəstləri darmadağın edən Allah Özü idi və möminlərə kömək edirdi. Bu barədə öncə deyilmişdir. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) müşriklərə bir ovuc qum atarkən də, bu məhz Allahın iradəsi ilə olmuşdu. Burada söhbət döyüş zamanı baş vermiş hadisədən gedir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) öz çadırına girərək Allaha dua etməyə, Ondan yardım dilədi. Sonra o (ona Allahın salavatı və salamı olsun!) çadırdan çıxıb bir ovuc qum götürüb müşriklərə tərəf atdı. Rəbbi isə elə etdi ki, qum zərrələri onlara gedib çataraq istisnasız olaraq bütün müşriklərin üzünə, ağızlarına və gözlərinə dəydi. Bu, kafirlərin döyüş ruhunu sındırdı və sıralarını pərən-pərən saldı. Onların gücsüzlüyü aşkar oldu və nəticədə onlar məğlubiyyətə uğradılar.
Ey Muhəmməd! Sən onlara qum atdın, lakin sən buna öz gücün sayəsində nail olmadın. Bizim Qüdrətimiz sayəsində atdığın qum onlara qədər gedib çatdı və onların gözlərinə doldu. Allah möminlərə kafirlər üzərində, hətta onların arasında bilavasitə toqquşma olmasa belə, qələbə bəxş etmək qüdrətinə malikdir. Lakin O, möminləri sınamaq, onları cihadda iştirak etmələri sayəsində böyük yüksəkliklərə ucaltmaq və yaxşıca və səxavətlə mükafatlandırmaq istəyirdi. Allah qullarının bir-biri ilə gizli və açıq danışıqlarınının hamısını eşidir. Ona onların ürəklərində saxladıqları bütün xeyirxah və bədxah niyyətləri agahdır. O, Özünün Kamil biliyinə və İlahi müdrikliyinə əsaslanaraq qulları­nın taleyini təyin edir ki, onlar bundan mümkün qədər çox fayda götürə bilsinlər. Sonra isə O, onların hər birinə niyyətlərinə və əməllərinə görə əvəzini verir.
              
 (8.18) “Bu (hadisələr) bir həqiqətdir. Allah, sözsüz ki, kafirlərin hiyləsini zəiflədəndir!”

Qələbəni sizə Allah bəxş etmişdir, çünki O, İslama və onun tərəfdarlarına müqavimət göstərənlərin hiyləsini və zalım kələklərini zəiflədir. Bununla yanaşı O, onların fəndlərini özlərinə qarşı çevirir.

          ﭵﭶ           ﭻﭼ      ﭿ                          

(8.19) “Əgər qələbə di­ləyirdinizsə, artıq qələbə çalınmışdır. Əgər küfrə son qoysanız, bu, sizin üçün daha xeyirli olar. Yox əgər yenidən başlasa­nız, biz də başlayarıq. Dəstənizin sayı nə qədər çox olsa da, bu sizi heç nədən xilas etməz, çünki Allah həqiqətən, mö­min­lər­lədir”[6].

Ey müşriklər! Siz Allaha dua edirdiniz ki, zalım cinayət­karlara qarşı cəza göndərsin və O da sizi məşəqqətli cəzaya düçar etdi. Cəza sizi iztiraba məruz qoydu və təqvalı möminlər üçün ibrətamiz dərs oldu. Əgər siz Allahı tezliklə hökm çıxarmağa çağırmaqdan əl çəksəniz, bu sizin üçün daha yaxşı olar, çünki O, sizə möhlət verə və sizi ləngitmədən cəzalandırmaqdan vaz keçə bilər. Lakin əgər siz sözə baxmasanız, onda nə sizin döyüşlərdə və vuruşmalarda güvəndiyiniz köməkçiləriniz, nə də müttəfiqlə­riniz, qoşunlarınız nə qədər çoxsaylı olsalar da, sizə fayda verə bilməzlər. Allah həmişə təqvalı möminlərə kömək göstərir. O, kimləri müda­fiə edirsə, onlar zəif və azsaylı olsalar da, qələbə onların tərəfində olur.
Ayədə deyildiyi kimi, Allahın Öz məxluqları ilə olması müddəası onu göstərir ki, O, əməlisaleh dindarları müdafiə edir ki, bu da müsəlmanların saleh əməllərindən asılıdır. Əgər Allah bəzi hallarda düşmənə möminləri üstələməyə imkan verirsə, bunun səbəbi hökmən onların yol verdikləri nöqsanlarla – imanın vacib tələblərini yerinə yetirməməklə bağlı olur. Əgər onlar Allahın tələblərini layiqincə icra etsələr, onda onlar heç vaxt tamamilə məğlub edilə bilməzlər.
Təqvalı dindarlara həmişə yardım göstərdiyini xatırlatdıq­dan sonra, Fövqəluca Allah onlara əmr edir ki, dinin tələblərinə müvafiq olaraq davransınlar ki, bunun sayəsində onlar Onun yardımına layiq görülə bilərlər.

                        ﮖﮗ ﮘﮙﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ 

(8.20) “Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin, eşitdiyiniz halda, ondan üz döndərməyin!”
(8.21) “Eşitmədikləri halda: “Eşitdik!” deyənlər kimi olmayın!”

Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) əmrlərini yerinə yetirin və sizə haram edilən hər şeydən çəkinin. Onun Kitabında nazil edilmiş hökmləri və tələbləri eşitdiyiniz halda, Allaha və Onu Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət etməkdən boyun qaçırmayın. Əgər siz Quran əhkamlarından, onları eşitdikdən sonra, üz döndərsəniz, onda ən pis hərəkət etmiş olarsınız.
Eşitmədikləri halda, haqqı eşitdiklərini bəyan edənlərə oxşa­mayın, çünki onlar heç bir şey eşitməmişdilər. Heç bir əsası olmadan dəlilsiz-sübutsuz iddialarla qane olmayın, çünki belə davranışı Allahı və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) bəyənmirlər. İman özünütərifdən və fantaziyalardan ibarət deyildir. O, insanların ürəklərində kök salmış və saleh əməllərlə təsdiq olunmuş tələblərdən ibarətdir.
                        
(8.22) “Allaha görə, gəzən canlıların ən pisi dərk etməyən karlar və lal- lardır”.

Canlı məxluqların ən pisi ayələrdən və və nəsihətlərdən fayda götürmə- yənlərdir.  Onlar haqdan söhbət edildikdə kar və lal olanlardır. Onlar nəyin fayda verdiyini anlamağa o qədər qadir deyillər ki, onlara əhəmiyyətli dərəcədə zərər verəndənsə, fayda verəni üstün tuta bilmirlər. Belə məxluqlar Allah qarşısında ən zərərli heyvanlardan da pis vəziyyətdədirlər. Allah onlara eşitmə, görmə qabiliyyəti və ağıl vermişdir ki, onlar həmin orqanlarından istifadə edərək, Öz Rəbbinə itaət etsinlər, lakin onlar o vasitələrdən günah törətmək üçün istifadə edir ki, bunun nəticəsində də özlərini böyük nemətlərdən məhrum edirlər. Onlar ən yaxşı məxluqların əks tipləridir; onlar doğru yolla getməkdən boyun qaçırmış və məxluqlardan ən pisi olmağı üstün tutmuşlar.
Onların məhrum edildikləri eşitmə qabiliyyəti eşidiləni dərk etmək istedadından ibarətdir. Lakin onlar ümumiyyətlə, eşitmək bacarığından məhrum edilməmişlər və buna görə də Fövqəluca Allah həqiqəti onların nəzərinə çatdırmışdır. Onlar Onun ayələri və möcüzələri haqqında eşitmişlər, amma bu, onlara fayda gətirməmişdir, çünki Ona məlum idi ki, onlarda xeyirxahlıq yoxdur və onlar Onun möcüzələrini lazımınca anlamağa layiq deyillər.
              ﯓﯔ            
 (8.23) “Əgər Allah onlarda bir xeyir olduğunu bilsəydi, əlbəttə ki, onlara eşitdirərdi. Onlara eşitdirsəydi də, yenə də üz çevirərək, dönüb gedərdilər”.

Əgər Allah fasiqlərə eşitmə qabiliyyəti versəydi də, onlar Ona itaət etməyi rədd edəcəkdilər, çünki onlar qətiyyən haqqa can atmırdılar. Bu ona dəlalət edir ki, Fövqəluca Allah xeyirxahlıqdan məhrum olanları və müsəlman olmağa layiq olmayanları imandan və uğurdan məhrum edir. Belə qərarlar İlahi müdrikliyinə uyğundur. Buna görə həmd təkcə Ona məxsusdur.
                        ﯤﯥ                          
 (8.24) “Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri diril­dəcək bir şeyə dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər və siz axırda Onun hüzurunda cəm edilə­cəksiniz!”

Fövqəluca Allah mömin qullarına buyurur ki, haqq dinin tələblərini yerinə yetirsinlər, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) çağırışına cavab versinlər. O, izah edir ki, bu hökm özündə böyük bir hikməti əks etdirir və çox böyük fayda verir, çünki insanın qəlbi təkcə Fövqəluca Allaha ibadət etməsi, Onun və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) hökmlərinin daima yerinə yetirilməsi sayəsində canlanır.
Sonra Fövqəluca Allah Öz qullarını itaətsizlik göstərməkdən çəkindirərək bildirir ki, O, insanın onun öz qəlbi ilə olan rabitəsini kəsməyə qadirdir. Qoy insanlar Onun hökmlərini ilk dəfə eşitdikdə, onları rədd etməkdən çəkinsinlər, yoxsa onlar Allahın hökmünü sonradan icra etmək istəsələr, bu imkanından məhrum edilərlər. Onların ürəkləri çaşıb karıxa bilər, çünki Allah insanın öz qəlbi ilə olan əlaqəsini pozmağa qadirdir. Allah qullarının qəlblərinin istədiyi kimi çək-çevir edir və onları istədiyi istiqamətə yönəldir. Qoy insanlar bu duanı tez-tez təkrarlasınlar: “Ey qəlbləri çək-çevir edən Allah, Öz dininin yolunda qəlbimi sabitləşdir! Ey ürəkləri yönəldən Allah, qəlbimi Sənə itaət yoluna yönəlt!” Gerçəkliyinə şübhə etmək mümkün olmayan Məhşər günü onların hamısı Allahın qarşısında toplanacaqlar və onda mömin xeyirxah əməllərinə görə mükafat, günahkar isə öz günahlarına görə əvəzini alacaqdır[7].

                    ﯸﯹ            ﯿ

(8.25) “Sizdən təkcə zalımlara toxunmaqla sovuşmayacaq bəladan qorxun. Bilin ki, Allah şiddətli Əzabverəndir!”[8]

Sınaqdan keçirilmə təkcə günahkar zalımlara deyil, həm­çinin açıq-aşkar itaətsizlik edən günah­karları islah etməyə cəhd göstərməyən günahsız insanlara da zərbə endirir. Allahın cəzası cinayət törədilməsində təkcə günahkarlara düçar olmaqla kifayət­lənmir və buna görə insanlar belə sınaqlardan ehtiyatlanmalı və ətraflarındakıları qınanılan əməllərdən çəkindirməli, əxlaqsızlıq və şərəfsizlik yayan bədniyyətli cinayətkarlara müqavimət göstərməli, başqalarına günah işlətməyə və zalımlıq etməyə yol verməmə­lidirlər. İnsanlar bilməlidirlər ki, Allah Onu qəzəb- ləndirməyə cəsa­rət edənləri və Onun lütüfkarlığını qazanmağa cəhd göstərməyən­ləri sərt cəzalandırır.
                              ﭞﭟ ﭠ ﭢﭣﭤ
 (8.26) “(Ey mühacirlər!) Xatırlayın ki, bir zaman siz yer üzündə (Məkkədə) az idiniz; zəif (aciz) sayılırdınız, (buna görə də) adamların (kafirlərin) sizi ələ keçirməsindən qorxurdunuz. (Belə bir vaxtda Allah) sizə (Mədinədə) sığınacaq verdi, (Bədrdə) sizə köməklik göstərib müdafiə etdi və təmiz (halal qənimət­lərdən) ruzi verdi ki, bəlkə, şükür edəsiniz!”



[1] Xeyirxah, yaxşı, faydalı. F.S.
[2] Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.
[3] Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.
[4] Müşriklər – Allaha şərik qoşanlar, bütpərəstlər. F.S.
[5] Ayənin tərcüməsinə bəzi dəyişikliklər edilmişdir. F.S.
[6] Ayənin tərcüməsi redaktə edilmişdir. F.S.
[7] Burada bəhs edilən əvəzi veriləcək günahlar – bu dünyadan köçməzdən öncə vaxtında tövbə edilməmiş və bağışlanılmamış günahlardır. F.S.
[8] Ayənin tərcüməsinin birinci hissəsi bu variantda daha anlaşıqlı və əslinə daha yaxındır: “O fitnədən qorxun ki, təkcə zalımlara toxunmaqla qalmayacaq...”. F.S.

Комментариев нет:

Отправить комментарий