Ə.N. əs-Səədi. Təfsir. II c. 5.96-5.110
(5.95)
“Ey iman gətirmişlər! Ehramda olarkən ovlanmasına yol verilən heyvanı öldürməyin.
Əgər sizdən kimsə qəsdlə onu öldürərsə, kəffarəsi tələf etdiyi heyvana bərabər
olmalıdır. Bu barədə (qurbanlıq heyvanın ovlanana bərabər olması haqqında)
qərarı sizdən iki nəfər ədalətli kişi çıxarır və o qurbanlıq Kəbəyə çatdırılmalıdır
və yaxud günahın yuyulması üçün kasıblar yedizdirilməli və ya bərabər miqdarda
oruc tutulmalıdır ki, (günahkar) əməlinin ziyanını dada bilsin. Allah
keçmiş günahları bağışlayır, lakin kimsə buna qayıdarsa, Allah ondan qisas
alar. Allah Qüdrətlidir və Qisasalandır”.
Allah,
həcc və ya ümrə ziyarəti zamanı ehramda olarkən ovlanmasına icazə verilmiş
heyvanı öldürməyi haram etmişdir. Bu qadağan ovlanmasına yol verilən heyvanların
öldürülməsinə səbəb olan istənilən əmələ şamil edilir və buna görə zəvvar
ehramda olarkən ovda iştirak edə, onu nişan verə, göstərə və onun öldürülməsində
yardımçı ola bilməz. Bundan başqa, o, onun üçün tutulmuş və ya öldürülmüş ovu
yeyə bilməz. Bir sözlə, ehramda olan müsəlmana, ehrama girənə qədər ovlanmasına
yol verilən heyvanları öldürmək və ya ovlamaq qadağan edilir və bu qadağa bu əzəmətli
mərasimin böyük əhəmiyyət kəsb etdiyini vurğulayır.
Əgər
zəvvar ov heyvanını qəsdlə öldürərsə, onda o, kəffarə ödəmək məqsədilə bir baş
dəvə, inək və ya qoyun kəsməli və sonra onu qurbanlıq kimi paylamalıdır. Qurban
kəsilən heyvan ovda öldürülənə oxşamalı və bu barədə hökm verənlər iki nəfər ədalətli,
dini qanunları və heyvanların oxşarlığını ayırd edə bilən müsəlman olmalıdır.
Həm
də bu məsələdə səhabələrin rəylərinə istinad olunmalıdır. Onlar müəyyən etmişlər
ki, göyərçinin öldürülməsinə görə - qoyun, dəvəquşuna görə - dişi dəvə, vəhşi
inəyin öldürülməsinə görə isə inək qurban kəsilməlidir. Beləliklə, hər öldürülən
heyvan üçün ona bərabər qurban kəsilməlidir. Əgər öldürülən heyvanın heyvanlar
arasında bənzəri yoxdursa, onda onun kəffarəsi kimi, onun dəyəri ianə edilir. Bu
qayda məhv edilmiş istənilən mülkiyyətə aid edilir.
Əgər
zəvvar bu günahını yumaq üçün qurban verməyə hazırlaşırsa, o, qurbanlıq heyvanı
Məscidülharamda kəsməlidir. Öldürülmüş heyvanın oxşarı olan heyvanı qurban vermək
əvəzinə kasıbları yedizdirməyə icazə verilir. İslam alimlərinin əksəriyyəti
hesab edirdilər ki, qurban kəsilməli heyvanın növü müəyyənləşdirildikdən sonra,
zəvvar onun dəyəri miqdarında ərzaq məhsulları almalı və hər bir kasıba əla növlü
bir mudd buğda və ya başqa növ ərzaqdan yarım saa verməlidir. Bunun əvəzində, zəvvara,
yedizdirməli olduğu hər kasıb üçün bir gün oruc tutmasına icazə verilir. Bu əvəzetməyə
ona görə icazə verilir ki, insan törətdiyi əməlin nə dərəcədə ziyanlı olduğunu
dərk edə bilsin.
Bu
ayədə ovlanmasına icazə verilən heyvanın təkcə qəsdən öldürülməsi xatırlanır, hərçənd
zəvvar heyvanı səhvən belə öldürərsə də, törətdiyi əməlin əvəzini ödəməlidir.
Bu qayda, insanların toxunulmaz olan sağlamlığına və ya əmlakına zərər vuran şəxslərin
hamısına şamil edilir. Əgər bir adam, heç bir haqqı olmadan şüurlu surətdə bir
başqasını şikəst edərsə və ya onun malını məhv edərsə, o, törətdiyi əmələ görə
məsuliyyət daşıyır və buna görə Allah belə hallar üçün müvafiq cəza və əvəz müəyyənləşdirmişdir.
Əgər insan bu əməli qəsdlə etməmişdirsə, onda o, ancaq etdiyinin əvəzini verir,
cəza isə almır. İslam alimlərinin əksəriyyəti bu rəyi dəstəkləyirlər. Buna
baxmayaraq, bu ayənin aydın mənasına istinad edən ən səhih rəyə görə,
ovlanmasına yol verilən heyvanın qərəzsiz öldürülməsi günah deyil və ona görə zəvvardan
günah yuyan əməllər yerinə yetirməsi tələb olunmur.
(5.96)
“Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, (ehramda ikən) dəniz ovu və onu
yemək sizə də, yolçulara (səfərdə olanlara) da halal edildi. Ehramda olduğunuz
müddətdə isə quruda ov etmək sizə haram buyuruldu. Hüzuruna toplanacağınız
Allahdan qorxun!”
Ovlanan
heyvanlara həm quruda və həm də dənizdə yaşayan heyvanların aid olduğunu nəzərə
alaraq, Fövqəluca Allah ovlanan dəniz heyvanlarını istisna edir və ehramda
olarkən onları ovlamağa icazə verir. Ovlanan dəniz heyvanları adı altında diri
dəniz heyvanları, dəniz qidası adı altında isə dənizin ölü məskunları nəzərdə
tutulur. Bu o deməkdir ki, dəniz cəmdəkləri (leşləri) ilə qidalanmaq olar.
Allah bu nemətlərlə qidalanmağı insanlara ona görə icazə verir ki, onlar öz həmkarları
ilə birlikdə bundan faydalana bilsinlər. Lakin onlara quru ərazidə ehramda
olduqları müddət ərzində ov etmək qadağan olunmuşdur.
Ərəb
sözü olan “seyd”-i (“ov qəniməti”) leksik baxımdan təhlil edərkən nəzərə almaq
lazımdır ki, burada söhbət ancaq vəhşi heyvanlardan gedir, çünki ev
heyvanlarını ovlamırlar. Bunlar, ətinin yeyilməsinə icazə verilmiş heyvanlar
olmalıdır, çünki ətinin yeyilməsi haram edilmiş heyvanları ov heyvanı
adlandırmaq olmaz.
Bunu
izah etdikdən sonra Allah insanlara əmr edir ki, dini hökmləri yerinə yetirərkən
və Onun qadağalarını pozmaqdan çəkinərək, Ondan qorxsunlar. İnsanlara bunu başa
düşməyə, onların Onun hüzurunda toplanacaqları xəbəri kömək göstərə bilər və o
zaman O, Allahdan qorxan təqvalıları hədiyyələrlə mükafatlandıracaq və belə
olmayanları isə cəzaya layiq görəcəkdir.
(5.97)
“Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (zülhiccəni), (Kəbəyə gətirilən)
boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları
insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən
etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini,
özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!”
Fövqəluca
Allah xəbər verir ki, Beytülhəram insanlar üçün istinadgahdır, çünki ona ehtiram
göstərməklə onlar öz ruhani və dünyəvi əmin-amanlığının qayğısına qalırlar,
İslama olan bağlılıqlarını kamilləşdirir və günahlarının yükündən xilas
olurlar. Beytülharama ziyarətə gedərək insanlar çoxlu mükafata və böyük nemətlərə
nail olur, öz mallarını qurban verir və böyük çətinliklərin üstündən adlayıb
keçirlər. Müxtəlif millətlərdən olan müsəlmanlar ən geniş yollarla axın kimi
oraya axışıb gəlir, bir-biriləri ilə tanış olur, bir-birilərinə kömək edir,
birlikdə ümumi problemləri müzakirə edir və onlara dini və dünyəvi işlərində
faydalı olan möhkəm əlaqələr yaradır. Fövqəluca Allah buyurur: “Belə ki, öz
mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi
(dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər
(bismillah desinlər)...” (Həcc, 22/28).
Kəbənin
insanlar üçün istinadgah olmasına görə bəzi alimlər hesab edirdilər ki, hər il
həccə getmək bütün müsəlman milləti üçün məcburi hökmdür və əgər müsəlmanlardan
heç kim həccə getməsə, buna görə ziyarətə getməyə imkanı olan hər bir kəsin
üstünə günah düşəcəkdir. Bundan başqa, əgər müsəlmanlardan heç kim həccə getməsə,
onda onlar öz istinadgahından məhrum olarlar və belə olduqda, Qiyamət günü
başlayar.
Qurbanlıq
heyvanlar və ən layiqli qurban sayılan boyunbağı taxılmış heyvanlar da həmçinin
insanların istinad edəcəkləri vasitələrdəndir, çünki o heyvanlar onlara böyük
fayda və nəhəng mükafatlar gətirəcək. Allah bu hökmləri ona görə vermişdir ki,
onlar yerdə və göydə olan hər şeyin Ona məlum olduğunu başa düşsünlər. O, Müqəddəs
məscidi Öz qullarının xeyri üçün yaratmışdır. Axı, Ona məlum idi ki, o, onlara
dini və dünyəvi işlərində fayda gətirəcəkdir.
(5.98)
“Bilin ki, Allahın əzabı şiddətlidir və Allah Bağışlayandır, Rəhmedəndir!”
Bu
iki həqiqət haqqında biliklər qəlbinizi tərk etməməlidir və siz onlara qəti əmin
olmalısınız. Siz bilməlisiniz ki, Allah itaətsizlik göstərənləri həm bu
dünyada və həm də Axirətdə ağır cəzaya düçar edə bilər. Bununla yanaşı, O, tövbə
edib, Ona tabe olan hər kəsi bağışlaya və əfv edə bilər. Bu bilik sizə Allahın
verəcəyi cəzadan qorxmağa və Onun bağışlayacağı və mükafatlandıracağına ümid
bəsləməyə kömək edər və belə olduqda, siz həmişə bu iki sifətə uyğun olaraq rəftar edərsiniz.
(5.99) “Peyğəmbərin üzərinə düşən vəzifəsi
ancaq (Allahın əmrlərini insanlara) təbliğ etməkdir. Allah üzə
çıxartdıqlarınızı və gizlətdiklərinizi (hamısını) bilir!”
Muhəmməd
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yeganə vəzifəsi vəhyi
insanlara çatdırmaqdı və o (ona Allahın salavatı və salamı olsun!), bu vəzifəni,
ona tapşırıldığı kimi yerinə yetirdi. Əlbəttə ki, Kainatda baş verənlər onun (ona
Allahın salavatı və salamı olsun!) sərəncamında deyildi və bunun əvəzində Allah
qullarının nəyi aşkar etdikləri və nəyi gizlətdikləri haqqında hər şeyi
bilirdi. Allah Öz biliyinə uyğun olaraq, onların hər birinə, layiq olduqlarının
əvəzini verəcəkdir.
(5.100)
“(Ey Elçim!) De: “(Ey insan!) Murdar (haram) şeyin çoxluğu xoşuna gəlsə belə,
murdarla təmiz (haramla halal) bir ola bilməz”. Ey ağıl sahibləri, Allahdan
qorxun ki, nicat tapasınız”.
Allah
Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) tapşırır ki, insanları
pisliklərdən çəkindirsin, onları xeyirxah işlər görməyə ruhlandırsın və onlara
izah etsin ki, murdar şeylərlə halal olanlar heç vaxt bir-biri ilə bərabər
tutula bilməzlər. İman heç vaxt kafirliklə, itaət üsyankarlıqla, Cənnət sakinləri
Cəhənnəmdə əzab çəkənlərlə, murdar əməllər saleh əməllərlə və haram yollarla
mal-mülk əldə edənlərlə halal zəhmətlə qazanılmış əmlakla müqayisə oluna bilməz. Əgər hətta murdar şeylərin çoxluğu
insanı heyran qoysa belə, o ona heç bir fayda verməz, əksinə, onun dindarlığına
və maddi rifahına ziyan vurar.
Sonra
Allah ağıl sahiblərinə əmr edir ki, təqvalılığa etiqad etsinlər. Fövqəluca
Allah sağlam mühakimə yürütmək qabiliyyəti və doğru baxışları olanlara layiq
olduqlarına görə müraciət edir ki, onlara xüsusi diqqət yetirilsin, çünki onlar
xeyirxah təşəbbüslər üçün yarıyırlar. Allah xəbər verir ki, insanların uğur
qazanması onların Allahdan nə dərəcədə qorxmalarından asılıdır. Bunun mahiyyəti
– insanın hansı səviyyədə öz Rəbbinin hökmlərinə və haramlarına layiqincə riayət
etməsindən ibarətdir. Təqvalı olmağa etiqad edən hökmən uğur əldə edəcək, kim
isə ondan boyun qaçırsa, ziyana düşəcək və böyük mənfəətdən məhrum olacaqdır.
(5.101)
“Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində
soruşmayın. Əgər onlar haqqında Quran nazil edildikdə soruşsanız, onlar sizə
aydın olar. (Lakin pis vəziyyətdə qalar və kədərlənərsiniz). Allah onları
(indiyə qədər verdiyiniz bu cür sualları) bağışladı. Allah bağışlayandır, həlimdir!
(Bəndələrinə əzab verməkdə tələsən deyildir!)”.
Allah
Öz iman gətirmiş qullarına, onlara yenicə məlum olan və qanlarını qaraldacaq
və narahat edəcək şeylər haqqında soruşmağı qadağan edir. Bu, Allahın Elçisindən
(ona Allahın salavatı və salamı olsun!) öz valideynləri və onların Cənnət
bağlarında və ya Cəhənnəmdə yeri haqqında soruşan bəzi səhabələrin suallarına
aid idi və halbuki bu barədə əldə edəcəkləri biliklər onlara yaxşı bir şey vəd
etmirdi. Bu həmçinin qeyri-adi hadisələr haqqında verilən suallara və ya
soruşulması ardınca ağır hökmlər nazil edilməsinə səbəb ola biləcək və hətta
müsəlmanları çətin vəziyyətə sala biləcək və yaxud da tamamilə faydasız suallara
aiddi.
Allah
bu barədə sual verməyi qadağan etdi. Ardınca belə arzuolunmaz nəticələrə səbəb
olmayacaq suallara gəldikdə isə, müsəlmanlara belə sualları vermək əmr
olunurdu, çünki Fövqəluca Allah bununla əlaqədar buyurur: “...Bilmirsinizsə,
Zikr sahiblərindən soruşun” (Nəhl, 16/43).
Allah
bildirir ki, səhabələr Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) əlverişli
vaxtda – Quran nazil edilən zaman aydın olmayan və başa düşülməyən ayələrlə əlaqədar
sual versəydilər, yəni, vəhyin göydən nazil edilməsi hələ mümkün olduğu bir şəraitdə
sual versəydilər, onda onlar izahat alar və həqiqəti öyrənə bilərdilər. Lakin
səhabələr bunu etmədikləri halda, digər müsəlmanların hamısı, Allahın üstündən
keçdiyi məsələləri müzakirə etməkdən çəkinməlidirlər.
O,
Öz qullarına bu aydın olmayan məsələlərlə bağlı olan şeyləri bağışladı və elə
onların əmin-amanlığı xatirinə bu mətləbin üstündən keçdi. O, onlara iltifat
göstərərək, Vəhydə haqqında heç nə deyilməmiş hər şeyi etməyə imkan verdi.
Bağışlama, səbirlilik və mərhəmət Onun ayrılmaz sifətləridir və insanlar Onun
bağışlamasına can atmalı, Onun mərhəməti və lütfkarlığına sığınmalıdırlar.
(5.102)
“Sizdən əvvəl bir tayfa (belə lüzumsuz şeyləri) soruşmuş, sonra da buna görə
(onlara aid olan hökmləri inkar edib yerinə yetirmədikləri üçün) kafir
olmuşdu”.
Sizdən
əvvəl insanlar müsəlmanlara verilməsi qadağan edilmiş suallar vermişdilər.
Onlar bunu, həqiqəti bilmək istəmədikləri
halda, öz inadcıllıqlarına görə etmişdilər. Onlar verdikləri suallara cavab
aldılar, amma sonra kafir oldular. Bir səhih hədisdə rəvayət edilir ki, Peyğəmbər
(ona Allahın salavatı və salamı olsun!) demişdir: “Sizə qadağan etdiyimdən
çəkinin, sizə əmr etdiklərimi isə öz imkanınız daxilində yerinə yetirin, çünki
sizdən əvvəlkiləri çox sual vermək və öz peyğəmbərlərinə etiraz etmək məhv
etdi”.
(5.103)
“Bəhirə, saibə, vəsilə və hamı (onların) heç birisini Allah (sizin üçün müəyyən
edib) qanuni buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydururlar. Onların
(kafirlərə uyan camaatın) əksəriyyəti isə (bu cür iddiaların Allaha qarşı
böhtan, iftira olduğunu) dərk etmirlər”.
Allah,
Onun iradəsinin əleyhinə olaraq dini qanunlar uyduran və Onun halal etdiyindən
bəzi şeyləri qadağan edən müşrikləri qınayır. Onlar öz nöqsanlı baxışlarına
istinad edərək özləri özlərinə bəzi heyvanlardan istifadə etməyə qadağa
qoymuşdular və onlar üçün xüsusi adlar tapmışdılar ki, bu, Allahın nazil etdiklərinə
tamamilə zidd idi. Məhz buna görə O buyurur ki, bəhirə, saibə, vəsilə və ham
barədə heç bir hökm çıxarmamışdır.
“Bəhirə”
dişi dəvə idi və müşriklər onu müqəddəs hesab edirdilər. Onlar onun qulağını yarıb
ona minməyi, onunla yük daşımağı qadağan etmişdilər. Müəyyən yaşa çatan dişi dəvəni,
inəyi və ya qoyunları “saibə” adlandırır və onları müqəddəs sayırdılar. Müşriklər
onlara minmir, onlarla yük daşımır və ətlərini yemirdilər. Həmçinin müşriklər mallarından
nəzir etdiklərini nəzarətsiz buraxaraq ona
da “vəsilə” adı qoyurdular. Müşriklər “ham” deyə adlandırdıqları dəvəni onlara
məlum səbəblərə görə minilməkdən və yük daşıdılmaqdan qoruyurdular.
Müşriklər
bu qadağaları əllərində heç bir sübut və dəlilləri olmadan qoymuşdular. Onlar
Allaha böhtan atırdılar və bunun səbəbi də onların nadanlığı və düşüncəsizliyiydi.
Buna görə də Allah buyurur ki, onların əksəriyyəti dərrakəsiz adamlarıydılar.
Onlar müqəddəs mətnlərə və ağıllı dəlillərə istinad etmir və cahillik və ədalətsizlik
üzərində qurduqları öz baxışları ilə azdırılırdılar.
(5.104) “Onlara: “Allahın nazil etdiyinə və
Peyğəmbərə tərəf gəlin!” – deyildiyi zaman: “Atalarımızın getdiyi yol bizə
yetər” – deyə, cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda
deyildilərsə necə?!”
Müşriklərə
Allahın nazil etdiyinə və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!)
tərəf gəlmələrini təklif etdikdə, onlar boyun qaçırır və “Ata-babalarımızın
etiqad etdiyi din, o hətta doğru olmasa da və Allahın cəzasından qurtulmağa kömək
etməsə də, bizə bəsdir” sözləri ilə üz döndərirdilər. Əgər onların
ata-babaları ağıllı və elm sahibləri olsaydılar, onda onların bu dedikləri daha
az təhlükəli olardı, lakin onların ata-babaları elmə malik olmayan düz yolla
getməyən ağılsız axmaqlardılar.
Vay
o şəxsin halına ki, doğru biliklərdən məhrum və sağlam düşüncəyə malik olmayan
insanlara kor-koranə tabe olur! Vay o şəxsin halına ki, Allahın nazil etdiyini
rəhbər tutmaqdan və Allahın elçilərinin yolu ilə getməkdən boyun qaçırır,
halbuki məhz bu yol insanın qəlbini biliklə, imanla, düzlüklə və etiqadla
doldurur.
(5.105) “Ey iman gətirənlər! Nəfslərinizi
qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə
heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah
etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir!”
Allah
möminlərə səhvlərini düzəltməyə can atmalarını əmr edir ki, kamilliyə nail
olsunlar və doğru yolla sədaqətlə getsinlər. Əgər onlar islah olsalar və
möminliyə ucalsalar, onda doğru yoldan çıxan və haqq dinə etiqad etməkdən boyun
qaçıran azmışlar artıq bir daha onlara zərər vura bilməzlər, ancaq özlərinə
ziyan edərlər.
Bu
o demək deyil ki, qul ətrafındakıları yaxşı işlər görməyə və pis əməllərdən çəkindirməyə
çağırmaqdan boyun qaçırarsa, özünə zərər vurmaz, çünki insan bütün zəruri
hallarda belə davranmayınca, doğru yola tam gələ bilməz. Əgər o, insanları qınanılan
əməllərdən əli və ya dili ilə çəkindirməyi bacarmırsa, onda o, onları itaətsizliklərinə
ürəyində məzəmmət etməlidir və ancaq belə olduğu halda, ətrafdakıların yolunu
azması ona zərər verməz. Qiyamət günü başladıqda isə bütün məxluqlar Fövqəluca
Allahın hüzurunda toplanacaq və O, onlara etdikləri bütün yaxşı və pis əməlləri
haqqında xəbər verəcəkdir.
(5.106) “Ey iman gətirənlər! Sizlərdən hər
hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə
olduğunuz zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən (müsəlman)
olmayan iki nəfəri şahid tutun. Əgər (bu qeyri-müsəlman şahidlərin doğruluğuna)
şübhə etsəniz, namazdan (əsr, ikindi namazından) sonra hər ikisini tutub
saxlayın və onları: “Andımızı qohumlarımıza belə heç bir qiymətə satmarıq
(qohumlarımızın lehinə belə yalandan şəhadət vermərik) və Allahın şahidliyini
gizlətmərik. Yoxsa, şübhəsiz ki, günahkarlardan olarıq”, - deyə Allaha and
içdirin!”
Fövqəluca
Allah hekayət formasında iki şahidin iştirakı ilə vəsiyyət edilməsinə hökm
verir. İnsan ölümünün yaxınlaşdığını hiss edir və onun əlamətlərini görürsə,
onda o, iki nəfər etibara layiq müsəlmanı şahid çağırmaqla vəsiyyətini yazmalıdır.
Zəruriyyət yarandıqda və müsəlmanlar olmadıqda, iki nəfər yəhudinin, xristianın
və yaxud digər din tərəfdarlarının şahidliyi ilə razılaşmaq mümkündür.
Fövqəluca
Allah, ölüm insanı hətta səfər zamanı yaxaladıqda da vəsiyyət üçün insanları
çağırmağı əmr etmişdir. Bu o deməkdir ki, belə şəraitdə onların şahidliyi qəbul
edilməlidir. Onların şahidliyinin doğruluğuna əmin olmaqdan ötrü onları,
insanların ehtiram göstərdikləri proses olan namazdan sonra saxlamalıdırlar ki,
onlar şahidliklərinin doğru olması, təhrif edilməməsi və dəyişilməməsi barədə
Allaha and içsinlər. İnsanlar şahidlərə şübhə etdikdə onlar bunu etməlidirlər.
Əgər onlara inanırlarsa, and içməyə ehtiyac qalmır. And içərkən onlar deməlidirlər:
“Biz yalan danışmırıq və andımıza görə dünyəvi mənfəəti satın almırıq və hətta
bu bizim öz qohumumuza aid olsa belə, biz öz qohumumuzun maraqlarını güdmərik.
Biz öz şahidliyimizi Allah qarşısında gizlətmirik. Əksinə, biz eşitdiklərimizi
olduğu kimi çatdırırıq. Əgər biz onu gizlətsək - əsil günahkarlarıq”.
(5.107) “Əgər onların (bu qeyri-müsəlman
şahidlərin yalan yerə and içmək və yalandan şəhadət verməklə) günah
qazandıqları bəlli olsa, o zaman onların yerini (həmin şahidlər tərəfindən)
haqsızlığa məruz qalmış (varislərdən ölənə) daha yaxın (mirası almağa daha
layiq) olan başqa iki nəfər tutar. Onlar: “Həqiqətən, bizim şahidliyimiz
onların hər ikisinin şahidliyindən daha doğrudur. Biz (yalandan and içib) həddi
aşmadıq. Əks təqdirdə, biz şübhəsiz ki, zalımlardan olarıq”,- deyə Allaha and
içərlər”.
(5.108)
“Bu (hökm) onların (əvvəlki şahidlərin) şəhadəti olduğu kimi vermələri və andlarının
sonradan başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha münasib bir
üsuldur. Allahdan qorxun və (Onu) eşidin. Allah fasiq qövmü doğru yola yönəltməz!”
Əgər
dolayı sübutlar hər iki şahidin yalan danışdıqlarını və onlara bəslənən etibara
xəyanət etdiklərini göstərərsə, onda mərhumun varislərindən olan iki nəfər ən
yaxın qohumlarından olan kişi Allaha and içməli və deməlidirlər: “Bizim
şahidliyimiz onların şahidliyindən etibarlıdır, çünki onlar yalan danışdılar, vəsiyyəti
təhrif etdilər və onlara göstərilən etibara xəyanət etdilər. Əgər biz də ədalətsizcəsinə
rəftar etsək haram edilmiş hədləri aşmış olar və yalançı şahidlik edər və əsil
zalımlardan olarıq”.
Bu
şahidliyin mahiyyətini, onun təsdiq olunmasını və şahidlərin yalanı aşkar
edildiyi təqdirdə mərhumun qohumları tərəfindən onun təkzib edilməsinin
mümkünlüyünü açıqlayaraq, Fövqəluca Allah buyurur ki, belə hallar şahidləri həqiqəti
söyləməyə sövq edir. Əks halda onların andları mərhumun varisləri tərəfindən qəbul
olunmaya və təkzib edilə bilər. Allah haqq Təlimi dinləmək və göstərdiyi səmt
ilə getmək istəməyən fasiqləri doğru yola yönəltmir.
Bütün
bu deyilənlərdən aydın olur ki, əgər ölüm insanı səfər zamanı və ya digər oxşar
hallarda, yəni yanında iki şahid və ya etibar ediləsi insanlar olmadıqda
haqlayarsa, onda o, iki ədalətli müsəlmanın iştirakı ilə vəsiyyət edir. Ancaq o
təkcə iki nəfər kafir şahid tapa bildikdə, ona onların iştirakı ilə vəsiyyət
etməyə icazə verilir. Lakin onlar kafir olduqlarına görə mərhumun varisləri
onların doğruçuluğuna şübhə edə bilərlər və belə olduqda, şahidlər namazdan
sonra onlara göstərilən etibara xəyanət etmədiklərinə, yalan söyləmədiklərinə,
vəsiyyəti dəyişmədiklərinə və təhrif etmədiklərinə görə and içməlidirlər. Bu
andla şahidlər istənilən şübhəni özlərindən uzaqlaşdıra bilərlər. Lakin əgər mərhumun
qohumları onlara inanmasalar, çünki dolayı sübutlar yalan şahidlik etdiklərinə
işarə edəcək, onda mərhumun varislərindən iki nəfər istəyərsə, onların
şahidliyinin əvvəlkilərin şahidliyindən daha doğru olacağına və əvvəlki şahidlərin
xəyanət etdikləri və yalan danışdıqlarına Allah qarşısında and içə bilərlər. Bu
halda onların iddiası təmin edilməlidir.
Bu
kəramətli ayələr Təmim əd-Dari və Adiy b. Bəddanın başına gəlmiş və əl-Ədəvinin
vəsiyyətinin onlara çatdırılmasına dair məşhur əhvalatla əlaqədar nazil
edilmişdi, amma bu barədə ən yaxşısını bilən Allahdır. Bu kəramətli ayələrdə gəldikdə
isə onlardan bir sıra hökmlər çıxartmaq olar.
1.
Vəsiyyətnamənin tərtib edilməsi şəriətlə qanuniləşdirilmişdir və ölüm ayağında
olan şəxs bunu yerinə yetirməlidir.
2.
İnsanın ölüm ayağında belə, şüuru özündə olduğu halda, tərtib etdiyi vəsiyyətnamə
hüquqi qüvvəyə malikdir.
3.
Vəsiyyətnamənin təsdiq olunması üçün iki ədalətli kişinin iştirakı zəruridir.
4.
Ölüm ayağında və digər hallarda vəsiyyətnamənin şahidləri, son zəruriyyət kimi,
kafirlərdən də ola bilər. İmam Əhməd bu rəyin tərəfdarıdır. Bir çoxları isə
güman edirdilər ki, bu hökm ləğv edilmişdir, lakin onların iddiaları əsassızdır.
5.
Buradan aydın olur ki, digər məsələlər üzrə də, əgər başqa şahidlər yoxdursa,
kafirlərin şahidliyi qəbul oluna bilər. Bu rəyin tərəfdarı şeyxülislam İbn
Teymiyyədir.
6.
Müsəlmana, onun üçün təhlükəli olmadıqda, kafirlə səfərə çıxmağa icazə verilir.
7.
Şəriət ticarət səfərinə çıxmağa icazə verir.
8.
Varislər şahidlərin doğruçuluğuna şübhələndikdə, lakin onları yalançılıqda günahlandırmağa
əllərində sübut olmadıqda, şahidləri namazdan sonra saxlayaraq, Fövqəluca Allahın
xatırlatdığı kimi, onlardan and içmələrini tələb edə bilərlər.
9.
Əgər onlar şahidlərin nə yalan danışdığına, nə də doğruçuluğuna şübhə etmirlərsə,
onda şahidləri namazdan sonra saxlamağa və onlardan şəhadətlərini andla təsdiq
etməyi tələb etməyə ehtiyac yoxdur.
10.
Şahidlik edilməsi mühüm əməldir, çünki Allah onu Özünə aid etmişdir. Bu isə o
deməkdir ki, insanlar etdikləri şahidliyə diqqətlə yanaşmalı və şəhadət verdikdə
ədalətli olmağa riayət etməlidirlər.
11.
Əgər şahidlərin doğruçuluğuna şübhə etmək mümkündürsə, onda sözlərinin doğru və
ya yalan olduğunu aşkar etmək üçün onları sınamağa və istintaq yolu ilə dindirməyə
də icazə verilir.
12.
Sübutlar vasitəçilərin[1]
yalançılığına işarə etdikdə, mərhumun iki ən yaxın qohumu Allaha and içməlidirlər
ki, onların şahidliyi daha doğrudur və əvvəlki şahidlər onlara göstərilən etibara
xəyanət etmiş və yalan danışmışlar. Sonra isə onlar iddia etdiklərini ala bilərlər
və onların dediklərinin andları ilə təsdiq etdikləri dolayı dəlilləri, bu halda
birbaşa sübutlar rolunu oynayır.
(5.109) “Allah peyğəmbərləri toplayacağı gün
(qiyamət günü) belə buyuracaq: “(Ümmətlərinizi Mənim əmrimə tabe olmağa dəvət
etdiyiniz zaman) sizə nə cavab verildi?” Onlar isə (təvazökarlıq edib): “Biz
heç bir şey bilmirik. Həqiqətən, qeybləri bilən ancaq Sənsən! – deyə cavab verəcəklər”.
Fövqəluca
Allah bu ayədə Qiyamət günündən və həmin gün baş verəcək dəhşətli hadisələrdən
xəbər verir. Allah bütün elçilərini (onlara salam olsun) toplayacaq və onlardan
soruşacaq: “Sizin millətləriniz sizə nə cavab verdilər?” Onlar deyəcəklər: “Ey
Rəbbimiz! Bütün biliklər Sənə məxsusdur və Sən bu barədə daha yaxşı bilirsən! Sən
qeybi və aşkarda olan hər şeyi bilirsən”.
(5.110) “(Ey
Elçim!) Xatırla ki, o gün (Qiyamət günü) Allah belə buyuracaq: “Ey Məryəm oğlu
İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim.
Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı
(yazıb-oxumağı), hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən Mənim
iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə
quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və
Mənim iznimlə ölüləri (qəbirdən çıxardıb) dirildirdin. Sən İsrail oğullarına
açıq-aşkar möcüzələr gətirdiyin zaman Mən (onların bəlasını) səndən dəf
etmişdim (səni öldürmək istədikdə onlara mane olmuşdum). Onlardan küfrə
batanlar isə belə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!”
Allah
Məryəm oğlu İsaya (ə) buyurur ki, ona və onun anasına göstərdiyi nemətini qəlbi
və ürəyi ilə yadına salsın və Ona bu nemətinə görə minnətdarlıq etsin və ondan
(ə) tələb olunan nə varsa yerinə yetirsin.
Ona
doğrudan da, başqa məxluqların layiq görülmədiyi mərhəmət edilmişdi. Fövqəluca
Allah onu (ə) təmizləyən, ona Allahın hökmlərini yerinə yetirmək və insanları
Onun yoluna dəvət etmək üçün qüvvət verən Ruh və Vəhyi ilə himayə etmişdi. Belə
bir rəy var ki, Müqəddəs Ruh – mələk Cəbraildir ki, ona peyğəmbərə kömək göstərmək,
onu hər yerdə müşayiət etmək və çətin anlarda ruhlandırmaq tapşırılmışdı.
Allah
İsaya (ə) hələ beşikdə olanda da, yetkin çağında da insanlarla danışmaq imkanı
vermişdi. Burada söhbət adi bəşəri nitqdən deyil, onu deyənə və eşidənə fayda
verən söz haqqındadır. Belə söz – Allaha dəvətdən ibarət idi. Ruhən sarsılmaz
elçilərdən olan öz qardaşları kimi, İsa peyğəmbər (ə) yetkin yaşında insanlarla
faydalı söhbətlər edir, onlara Allahın vəhyini çatdırır, onları xeyirli işlər
görməyə və bəd əməllərdən çəkinməyə dəvət edirdi. Lakin o, başqa elçilərdən
onunla fərqlənirdi ki, hələ körpəlik çağında beşikdə olarkən o demişdi: “(Allahdan bir möcüzə olaraq
körpə dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə Kitab
verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni
mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri
olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin
məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar,
asi (dikbaş) eləmədi! Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim
(qəbirdən diri olaraq qaldırılacağım) gün (qiyamət günü) də (Allahdan) mənə
salam olsun!” (Məryəm,
19/30-33).
Allah
ona (ə) Kitabı və Hikməti öyrətdi. Burada Kitab adı altında həm əvvəlki Səmavi
Vəhylər, onların arasında xüsusi yer tutan Tövrat və həm də İncil nəzərdə tutulmuşdur.
Bu da ona imkan verdi ki, İsrail oğulları arasında, Musadan (ə) sonra ən
bilikli peyğəmbərlərdən biri olmağa imkan verdi. Hikmət adı altında isə burada
Allahın şəriətinin sirlərini bilməsi, dini hökmlərin xeyrini və mahiyyətini dərk
etməsi, dəvət etmək bacarığı, insanlara təlim vermək və zəruri olan hər şeyi
layiqincə yerinə yetirmək nəzərdə tutulurdu.
Allahın
icazəsi ilə o (ə), gildən cansız quşa bənzər bir şey düzəldir və ona üfürdükdən
sonra o canlı quşa çevrilirdi. Allahın izni ilə o (ə) qoturları, görməkdən və
gözdən məhrum olanları sağaldırdı. Allahın mərhəməti sayəsində o, ölüləri
dirildirdi. Belə qəribə möcüzələri etməyə heç bir həkim və heç bir insan qadir
deyil. Bunların vasitəsilə Allah İsa peyğəmbərə (ə) kömək edir və onun
çağırışının haqq olduğunu təsdiq edirdi.
Allah,
onun (ə) gətirdiyi həqiqətin açıq-aşkar möcüzələrlə təsdiq edilməsinə və hər
bir insanın ona iman gətirməli olmasına baxmayaraq, onu adi bir sehrbaz
adlandıran İsrail oğulları arasından olan kafirlərin ona (ə) qarşı fitnə-fəsad
törətmək istəyənlərinin qarşısını aldı. Onlar hətta peyğəmbəri (ə) öldürmək
niyyətindəydilər və öz planlarını həyata keçirməyə başlamışdılar, lakin Allah
kafirləri ondan (ə) uzaqlaşdırdı və onu onlardan qorudu.
O,
bununla Öz qulu və elçisinə iltifat göstərir və onu, ona bəxş etdiyi nemətlərə
görə minnətdar olmağa və ondan tələb olunanların hamısını yerinə yetirməyə
çağırır. Peyğəmbər (ə) isə öz borcunu kamil
şəkildə yerinə yetirdi və möhkəm iradəli elçilərdən olan qardaşları kimi səbirlilik
göstərdi.
Комментариев нет:
Отправить комментарий