Ə.N. əs-Səədi. Təfsir. II c. 5.111- 5.120
(5.111)
“Xatırla ki, o zaman həvarilərə (İsanın on iki əshabəsinə): “Mənə və peyğəmbərimə
iman gətirin!” – deyə əmr etmişdim. Onlar isə: “Bizim müsəlman olmağımıza şahid
ol!” – deyə cavab vermişdilər.
Allah
İsa peyğəmbərə (ə) ardıcıllar və köməkçilər yönəltməklə ona göstərilən
lütfkarlığı unutmamasını əmr edir. Həvarilərə təlqin edilmişdi ki, Allaha və
Onun elçisinə (ə) iman gətirsinlər, daha doğrusu, Allah onların qəlbinə iman
salmış və onu özlərinin əqidəsi etmələrini əmr etmişdi. Bu hökm Allahın vəhyi
ilə İsa peyğəmbərə (ə) nazil edilmiş və onun vasitəsilə həvarilərə
çatdırılmışdı.
Həvarilər
bu çağırışa qulaq asmış və demişdilər: “Biz iman gətirdik! Bizim müsəlman
olmağımıza şahid ol!” Onlar özlərində həm xeyirxah əməllərdə təcəssüm edən itaətkarlığı
və həm də qəlblərində gizlədikləri və onları münafiqlikdən və imanın azalmasından
qoruyan həqiqi etiqadı bir yerdə cəmləşdirmişdilər.
Əlavə
etmək lazımdır ki, köməkçiləri həvari adlandırırlar. Bir Quran ayəsində deyilir:
“İsa onların küfrünü (inanmadıqlarını) hiss etdikdə: “Allah yolunda kim mənim
köməkçim olacaqdır?” - deyə soruşdu. (O zaman) həvarilər dedilər: “Bizik
Allahın (Onun dininin) köməkçiləri! Biz Allaha iman gətirdik. Sən də şahid ol
ki, biz – müsəlmanlarıq!” (Ali-İmran, 3/52).
(5.112) “Onu da xatırla ki, o zaman həvarilər
demişdilər: “Ya Məryəm oğlu İsa! Rəbbin bizə göydən (yeməklə dolu) bir süfrə göndərə
bilərmi? O (İsa):” Əgər möminsinizsə, Allahdan qorxun!” – demişdi”.
Həvarilər
öz peyğəmbərlərinə bu sualı Allahın qüdrətinə şübhə etdiklərinə görə verməmişdilər.
Onlarda belə bir istək yaranmışdı və onlar peyğəmbərdən bunu nəzakətlə
soruşaraq tələbatlarının ödənilməsini istəmişdilər. Lakin belə bir möcüzənin
göstərilməsi xahişi itaətkarlıqla və haqqa bağlılıqla uyuşmur və həm də həvarilərin
sualı yanlış anlaşıla biləcəyinə görə İsa peyğəmbər (ə) onlara öyüd-nəsihət
verir. O, onlara deyir ki, əgər onlar həqiqi mömindirlərsə, Allahdan
qorxsunlar. Həqiqətən, iman insana Allahdan qorxmasına, Onun hökmlərinə tabe
olmasına və möcüzə tələb etməməsinə kömək edir, çünki onun nəticələrinin necə
ola biləcəyi qətiyyən məlum deyildir.
(5.113)
“(Həvarilər) demişdilər: “Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz sakit
olsun, sənin bizə doğru dediyini bilək və ona (süfrənin göydən enməsi möcüzəsini
görməklə sənin peyğəmbərliyinin həqiqiliyinə) şahidlik edənlərdən olaq”.
Həvarilər
deyirlər ki, onlar heç bir pis şey nəzərdə tutmamışdılar və ən təmiz niyyətdə
idilər. Onlar sadəcə olaraq yemək istəyirdilər və bu onu göstərir ki, onların
buna ehtiyacı vardı. Bununla yanaşı, onlar öz gözləri ilə möcüzə görmək istəyirdilər
ki, onların qəlbində inamı artırsın və imanlarını gördükləri ilə təsdiq olunan əminlik
dərəcəsinədək qaldırsın. Allahın sevimlisi İbrahim (ə) də eynilə bu tərzdə, ölülərin
necə dirildilməsini ona göstərməyi Rəbbindən soruşaraq, öz arzusunu
bildirmişdi. Fövqəluca Allah buyurur: “(Ey Elçim!) Xatırla ki, İbrahim: “Ey
Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!” – dedikdə (Allah): “Məgər
(ölüləri diriltməyimə) inanmırsan?” – buyurmuşdu. (İbrahim:) “Bəli, inanıram,
lakin ürəyim sakit (xatircəm) olmaq üçün (soruşdum)” - deyə cavab vermişdi...”
(Bəqərə, 2/260).
Qulların
biliklərini, etiqadını və imanını artırmağa həmişə ehtiyacları var və buna görə
həvarilər dedilər ki, onlar elçilərinin bütün gətirdiklərinin doğruluğuna bir
daha əmin olmaq istəyirdilər. Onlar istəyirdilər ki, onların xələflərinə fayda
gətirəcək şeylərin şahidləri olsunlar. Onlar möcüzə həsrətində idilər və onu
görüb həqiqəti insanlara çatdırmaq və onun növbəti dəfə təsdiq olunmasını istəyirdilər.
(5.114)
“Məryəm oğlu İsa dedi: “Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə
nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən
sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun.
Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!”
Məryəm
oğlu İsa (ə) həvarilərinin sözlərini eşitdikdə və onların əsil mənasını
anladıqda, o, onların xahişini yerinə yetirməyə razılaşdı və Allahdan xahiş etdi
ki, onlara süfrə (yemək) nazil etsin və bu bütün iştirak edənlər üçün bayram və
ziyafət və böyük bir möcüzə olsun ki, onu uzun illər boyu yaddan çıxarmasınlar.
Beləliklə,
Fövqəluca Allah müsəlmanların bayramlarını və dini mərasimlərini Özünün möcüzələrinin
və elçilərinin adətlərinin, onların düz yollarının və Allahın onlara göstərdiyi
mərhəmətinin xatırlanması kimi müəyyən etdi.
(5.115)
“Allah buyurdu: “Mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən
kim küfrə düşərsə, ona aləmlərdə olanlardan (bəşər övladından, zəmanə əhlindən)
heç kəsə verməyəcəyim bir əzab verərəm!”
Əgər
insan ecazkar bir möcüzənin şahidi olursa, zalımlıq edərək və inadcıllıq göstərərək
iman gətirməkdən boyun qaçırırsa, onda o, şiddətli əzab verən cəzaya və sərt
intiqama layiqdir. Buna görə, Fövqəluca Allah yemək süfrəsi nazil etməyə söz verir
və bundan sonra iman gətirməyənləri belə cəza ilə cəzalandıracağı ilə hədələyir.
Lakin Allah onu onlara nazil etməsini göstərmir.
Belə
bir rəy var ki, o, göndərilməmişdir, çünki həvarilər həmin şərtlərlə razılaşmamışlar.
Bu rəy onunla təsdiq olunur ki, xristianların əlində olan İncildə bu hadisə xatırlanmır.
Başqa
bir rəyə görə isə, Allahın vədinə müvafiq olaraq yemək süfrəsi nazil
edilmişdir, çünki O, Öz vədlərini pozmur. Əgər o, xristianların əlində olan
İncillərdə xatırlanmırsa, onda ola bilsin ki, o, Kitabın xristianlar tərəfindən
unudulmuş hissəsində qalsın. Bu hadisənin, ümumiyyətlə İncildə xatırlanmaması
da mümkündür, lakin insanlar tərəfindən nəsildən nəslə rəvayət edilmişdir və
Allah da qərara almışdır ki, bu kifayətdir. Bu nəticəyə, yemək süfrəsinin
şahidləri olmaq istəyən həvarilərin sözləri əsasında gəlmək olar. Əslində baş
verən hadisə haqqında ən yaxşı bilən Allahdır.
(5.116)
“(Ey Elçim!) Xatırla ki, o zaman (Qiyamət günü) Allah belə buyuracaq: “Ya Məryəm
oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı
bilin!” – demişdin? “(İsa cavabında) deyəcək:” Sən pak və müqəddəssən! Haqqım
çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu
mütləq bilərdin. Sən mənim nəfsimdə olan hər şeyi bilirsən, mən isə Sənin nəfsində
olanı bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!”
(5.117)
“Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: “Mənim də,
sizin də Rəbbiniz olan Allaha ibadət edin!” Nə qədər ki, onların arasında idim,
onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni
(göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun.
Yalnız Sən hər şeyə şahidsən!”
(5.118)
“Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları
bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən”
(İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni
həkimanə həll etməyə qadir olan ancaq Sənsən!)”.
Bu,
Allahı üç üqnimin üçüncü şəxsiyyəti kimi adlandıran xristianların qınanmasıdır.
Allah bunu İsa peyğəmbərə (ə) xəbər verdikdə, o, belə baxışlara heç bir aidiyyəti
olmadığını bildirdi. O dedi: “Ey Rəbbim! Sən bu mənfur sözlərdən sonsuzluğa qədər
uzaqsan və Sən, Əzəmətinə yaraşmayan hər şeydən ucasan. Mən insanlara mənə yad
olan və mənim haqqım çatmayan şeyləri deyə bilməzdim. Nə yaxın mələklər, nə
peyğəmbərlər, nə də hər hansı məxluqlar ilahiləşdirilməyə layiq deyillər, çünki
onları hamısı – itaətdə olan qullar və aciz varlıqlardır. Əgər mən belə bir şey
desəydim, Sənə bu onsuz da agah olacaqdı, çünki Sən mənim nəfsimdə olanları, mənim
etdiklərimi incəliklərinə qədər bilirsən. Sən qeybi və gizli olanları Bilənsən!”
Bu
sözlərdə Məsihin öz Rəbbi ilə ünsiyyətdə riayət etdiyi kamil davranış qaydaları
özünü büruzə verir. O demir ki, heç belə sözlər söyləməmişəm. Lakin onun
danışığından aydın idi ki, o (ə), onun yüksək məqamı ilə bir araya sığışmayan
heç bir söz söyləməmişdir. Bundan başqa, belə bir şey heç mümkün deyildi. O (ə)
ən mükəmməl şəkildə Rəbbin hər cür qüsurdan pak olduğunu vurğulayır və bildirir
ki, elm təkcə Ona – qeybi və aşkarda
olanları Bilənə məxsusdur.
Sonra
o (ə) izah edir ki, məhz o İsrail oğullarına əmr vermişdir. O deyir: “Mən
onlara ancaq Sənin mənə buyurduqları demişəm. Mən – Sənin iradənə müti olan
qulam və mən Sənə itaətsizlik etmərəm. Mən onlara əmr etmişəm ki, təkcə Sənə
ibadət etsinlər və sədaqətlə xidmət göstərsinlər. Bu o deməkdir ki, mən onlara
məni və ya anamı ilahlaşdırmağı qadağan etdim və onlara açıqlamışam ki, mən
ancaq asılı olan bir qulam. Mən onlara bəyan etmişəm ki, onların Rəbbi həm də mənim
Rəbbimdir. Mən onların arasında olduğum müddətdə əməllərinin şahidi idim və
onlardan kimin mənim hökmlərimi yerinə yetirdiyinə və kimin bunu etmədiyinə
şahidlik edə bilərəm. Sən məni (dünyadan) rahatlığa qovuşdurduqdan sonra, Sən
onları, onların məxfi saxladıqları düşüncələrini və gizli niyyətlərini müşahidə
edirdin. Sən bütün varlıq haqqında Öz elmin, eşitməyin və görməyinlə şahidlik
edirsən. Sən bilmək lazım gələn hər şey haqqında bilirsən, eşitmək lazım gələn
hər şeyi eşidirsən və görmək lazım gələn hər şeyi görürsən. Sən təkbaşına Öz
qullarına layiq olduqlarının əvəzini verirsən, çünki onlarda gizlədilən xeyir və
şər Sənə məlumdur. Sən onları cəzalandırmaq üçün hakimiyyətə maliksən, axı
onlar – Sənin qullarındır. Sən onlara onların özlərindən daha çox mərhəmət göstərirsən.
Sənə onların əməlləri məlumdur və əgər onlar itaətsizlik edən təkəbbürlü
insanlar olmasaydılar Sən onları cəzalandırmazdın. Lakin Sən onları bağışlaya
bilərsən, axı Sən – Qüdrətli və Müdriksən. Sənin bağışlaman Sənin mükəmməl qüdrətinin
nəticəsidir. Sən, öz zəifliyi və gücsüzlüyü üzündən bağışlayan kəslərə
oxşamırsan. Sən Müdriksən və sənin müdrikliyin Səndən öz əməlləri ilə
bağışlanmağa layiq olanları bağışlamağını tələb edir”.
(5.119)
“Allah buyurdu: “Bu (qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri
fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Onlar
orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu,
(möminlər üçün) böyük qurtuluşdur (uğurdur)!”
Qiyamət
günü başlayanda Fövqəluca Allah qullarından kimin uğur qazanacağını, kimin məhv
olacağını, kimin əbədi bədbəxtliyə məhkum ediləcəyini, kimin isə xoşbəxt olacağını
bəyan edəcəkdir. Həmin gün doğruçuluq əməlləri, sözləri və niyyətləri doğru
yola və haqq rəhbərliyə uyğun gələn doğruçu insanlara fayda verəcəkdir. Qiyamət
günü onlar belə doğruçuluğun bəhrələrini görəcək və Allah onları gerçək bir
yerdə Qüdrətli Hökmdarın yanında məskunlaşdıracaqdır Onlar çaylar axan Cənnət
bağlarına düşəcəklər və orada əbədi qalacaqlar. Allah onlardan razı olacaq,
onlar da Ondan razı qalacaqlar. Bu böyük uğur olacaqdır. O ki qaldı
yalançılara, onları başqa qismət gözləyir. Onların yalanı və iftiraları onlara
böyük ziyan vuracaq və onlar yaramaz əməllərinin bəhrələrini dadacaqlar.
(5.120)
“Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Allaha məxsusdur. Allah hər şeyə
qadirdir!”
Allah
göylərdə və yer üzərində hökmrandır, çünki O, onları yaratmış və Öz Qədər, din
və ədalətli əvəz vermə Qanunlarına müvafiq olaraq idarə edir. O, bütün
varlıqlar üzərində hakimdir və Ona görə mümkün olmayan bir şey yoxdur. Əksinə,
bütün məxluqlar Onun iradəsinə baş əyir və hökmlərinə tabedirlər.
Комментариев нет:
Отправить комментарий