Ə.N. əs-Səədi. Təfsir. II c. 6.72-6.93 ayələr
(6.72)
“Həmçinin: “Namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!”
(deyə buyurulmuşdur)”.
İnsanlara,
şərtlərini yerinə yetirməklə namaz qılmaq, həmçinin fərz və könüllü sünnələri
icra etmək, Allahın hökmlərini yerinə yetirərək və Onun qadağalarını pozmadan təqvalılığa
etiqad etmək əmr olunmuşdur, çünki Qiyamət günü onlar Onun yanına toplanacaq və
özlərinin yaxşı və pis əməllərinə görə əvəz alacaqlar.
(6.73)
“Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal
olar. Onun Sözü haqdır. Surun (İsrafilin surunun) çalınacağı gün hökm Onundur.
Qeybi və aşkarı bilən də Odur. O, Hikmət sahibidir, (hər şeydən) xəbərdardır!”
Allah
göyləri və yeri həqiqət naminə yaratmışdır ki, Öz qullarına hökmlər və
qadağalar nazil etsin, kimisini mükafatlandırsın, kimisini də cəzalandırsın.
Onun Sözü – şübhə doğurmayandır və onu ikimənalı başa düşmək mümkün deyil[1].
O, əbəs yerə və əylənmək xatirinə heç nə söyləmir. Qiyamət günü hökm vermək təkcə
Ona məxsus olacaqdır.
Şübhəsiz
ki, Allah bütün zamanlarda bütün varlığın Sahibidir, lakin O, Qiyamət gününü
xüsusilə vurğulayır, çünki həmin gün bütün məxluqlar onlara məxsus olan hər cür
hakimiyyətdən məhrum ediləcək və Qüdrət və Əzəmət Sahibi Allah Kainatın Vahid
Hakimi olaraq qalacaq. O, bütün qeybə və aşkara malikdir, mütləq hikmət, hədsiz
mərhəmət, böyük xeyirxahlıq Sahibidir və bütün sirlər, gizli olan şeylər
haqqında hərşeyiəhatəedən biliklər Onundur. O, Vahid Allah və Rəbdir.
(6.74)
“(Ey Elçim!) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri
tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində
görürəm!”
Ey
Muhəmməd! İbrahim peyğəmbərin (ə) hekayətini xatırla, onu xoş sözlə yad et və
tövhidə dəvətinə və insanları bütpərəstlikdən çəkindirdiyinə görə onu təriflə!
O, öz atası Azərə belə demişdi: “Doğrudanmı sən sənə fayda verməyi və ya zərər
vurmağı bacarmayan və ətrafda baş verən hadisələr üzərində heç bir hakimiyyəti
olmayan tanrıçalara ibadət edəcəksən? Mən hesab edirəm ki, sən və sənin qəbilədaşların
– açıq-aşkar azğınlıq içindəsiniz, axı siz ibadətə layiq olmayan “tanrılara”
ibadət edirsiniz və sizi xəlq edən, sizə ruzi verən və sizi idarə edən Allaha
ibadətdən boyun qaçırırsınız”.
(6.75)
“Beləcə, İbrahimə göylərin və yerin mülkünü (səltənətini, oradakı qəribəlikləri
və gözəllikləri, onların Allah qüdrəti ilə yaradılmasını) göstərdik ki, tam qənaətlə
inananlardan olsun!”
Biz
İbrahimə göylər və yer üzərində hakimiyyətin nə demək olduğunu göstərdik ki,
onu tək Allaha ibadətə və insanları tövhidə dəvət etməyə ruhlandıraq. Biz ona təkzibolunmaz
dəlilləri və inandırıcı sübutları görməyə imkan verdik ki, o, möhkəm iman
sahibi olsun, çünki etiqad və biliklər, insanın tapmağı bacardığı dəlillərdən
asılıdır.
(6.76)
“Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!”
dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm” - söylədi”.
Gecənin
qaranlığı İbrahimi bürüyəndə o, göydə bir səma cismi gördü. Yəqin ki, bu, son dərəcə
parlaq işıq saçan planet idi, çünki təkcə bir səma cisminin xatırlanması onun
bütün qalan ulduzlardan fərqli və üstün olduğunu sübut edir. Bir sıra müfəssirlər
hesab edirdilər ki, o, Venera imiş. Bu barədə ən yaxşı bilən Allahdır.
İbrahim
ucadan dedi: “Budur mənim Rəbbim!” O, özünü elə göstərdi ki, sanki bütpərəstlərə
inanmışdır və onun sözlərinin mənası beləydi: “Bu göy cismi mənim Rəbbim
olacaq! Amma gəlin baxaq, görək, o, ibadət olunmağa layiqdirmi? Bizdə onun
ilahlığı haqqında dəlillər varmı? Dərrakəli insana öz ürəyindən keçənləri
ilahlaşdırıb, inandırıcı sübut və dəlillərə istinad etmədən onlara tanrı kimi
ibadət etmək yaraşmaz”.
Həmin
səma cismi yoxa çıxıb gözdən itdikdə, o dedi: “Mən, ibadət edənləri tərk edərək,
diyirlənib gedən tanrıları sevmirəm. Əsil ilah Ona ibadət edənlərin daima
qayğısını çəkməli və onların ən zəruri işlərini idarə etməlidir. Əgər tanrı
insanları uzun müddətə tərk edirsə, məgər belə tanrı ibadətə layiqdirmi?! Məgər
ona ibadət etmək böyük axmaqlıq və əcayib bir uydurma deyilmi?!”
(6.77)
“(Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” – dedi. (Ay) batdıqda isə:
“Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən
olardım” - söylədi”.
Başqa
göy cisimlərindən fərqlənən və daha güclü işıq verən doğan ay səmada görünəndə,
o, yenə də özünü elə apardı ki, guya bütpərəstlərlə razılaşmışdır. İbrahim (ə)
ucadan səsləndi: “Budur mənim Rəbbim! Bu o birilərdən böyükdür”. Ay batanda isə
o (ə) belə dedi: “Əgər Rəbbim məni düz yolla aparmasa, mən hökmən yolunu azmışların arasında
olaram”. O (ə), Rəbbindən doğru təlimat almağa güclü ehtiyac hiss etdi və başa
düşdü ki, əgər O, onu (ə) doğru yola yönəltməsə, bunu başqa heç kim etməyəcəkdir
və əgər O, ona (ə) xeyirxah işlər görməkdə kömək etməzsə, onda heç kim ona (ə)
belə bir yardım göstərə bilməz.
(6.78)
“(Daha sonra) doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” –
dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik
qoşduqlarınızdan (bütlərdən, səma cisimlərindən) uzağam!”
(6.79)
“Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri
yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!”
Doğan
günəşi gördükdə isə, İbrahim (ə) dedi: Budur mənim Rəbbim” O, ulduzlardan və
Aydan da böyükdür”. Lakin tezliklə günəş də qürub edib batdı və o (ə), doğru
yolu azğınlıqdan fərqləndirə bildi. O (ə) belə bəyan etdi: “Ey mənim xalqım! Mən
sizin Allahın yerinə ibadət etdiklərinizdən uzağam, çünki sizin əməllərinizin
yanlışlığını aydın və inandırıcı dəlillər sübuta yetirdi. Mən qərara aldım ki,
təkcə Ona səmimi qəlbdən ibadət edim və bütün başqa tanrılardan üz döndərdim. Mən
müşriklərdən deyiləm”. Beləliklə, İbrahim (ə) şirkdən əl çəkdiyini və tövhid
dinini qəbul etdiyini bildirmiş və bu qərarını dəlillərlə əsaslandırmışdı.
Bu
və əvvəlki ayələrin xatırlatdığımız şərhi ən səhih olanlardandır. Onlarda deyilirdi
ki, İbrahim (ə) öz həmtayfaları ilə mübahisə edərək, göy cisimlərinə və başqa məxluqlara
sitayiş etməyin yanlışlığını onlara göstərirdi. Hərçənd bəzi şərhçilər belə
hesab edirdilər ki, o hekayətlərdə İbrahimin uşaqlıq çağının düşüncələri yad
edilmişdir, lakin bu rəy səhih dəlillərlə təsdiq olunmur.
(6.80) “Tayfası onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?”
(6.81)
“Allahın sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik
qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən
qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstədən hansı (qiyamət əzabından)
əmin olmağa daha layiqdir?”
İbrahimin
(ə) tayfadaşları onunla mübahisə etməyə başladıqda o (ə) dedi: “Doğrudanmı,
Allah məni düz yola yönəltdikdən sonra siz mənimlə Onun barəsində höcətləşirsiniz?
Haqqı başa düşməyən insanlarla mübahisə nə fayda verə bilər? Əgər Allah insanı
doğru yola yönəltmişsə və o, ən yüksək dərəcədə iman sahibi olmuşsa, onda o,
başqa insanları özünün iman gətirdiyinə dəvət etməlidir. Mən sizin Allahdan
başqa sitayiş etdiklərinizdən qorxmuram, çünki sizin “tanrılarınız” mənə zərər
vurmağa və məni xeyirdən məhrum etməyə qadir deyillər. Ancaq Rəbbimin istədiyi
mənim başıma gələ bilər. O, Öz elmi ilə bütün varlığı əhatə edir. Məgər siz
düşünmürsünüz və anlamırsınız ki, Allah – ibadətə layiq olan Vahid bir Rəbdir?
Əgər siz haqlı olmanıza dair heç bir sübutunuz olmadan, nəfsinizə uyaraq,
Allaha ibadət etmək əvəzinə, bütlərə ibadət etməkdən qorxmursunuzsa, mən sizin
köməksiz və faydasız olan “tanrılarınızdan” niyə qorxmalıyam? Sizdən kimin
özünü təhlükəsizlikdə hiss etməyə daha çox əsası var? Əgər həqiqəti bilirsinizsə,
deyin!”
(6.82) “İman gətirib imanlarını zülmə
qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!”
Fövqəluca
Allah möminlərə və kafirlərə dair hökm verir. O bildirir ki, təkcə iman gətirənlər
və öz imanını zalımlığa çulğamayanlar doğru yolda və əmin-amanlıq içindədirlər.
Belə insanlar qorxudan, cəzadan və bədbəxtliklərdən xilas olmuş və doğru
yolla yönəldilirlər. Əgər onlar imanlarını qətiyyən zalımlığa uğratmırlarsa, nəinki
şirkdən qaçır, hətta itaətsizlikdən də çıxmırlarsa, onda onlar istənilən bəlalardan
qorunur və ən mükəmməl tərzdə yönəldilirlər. Əgər onlar şirkdən uzaq duraraq,
günah işlədirlərsə, onların təhlükəsizliyi və doğru yola sadiqliyi kamil
deyildir.
Bu
kərim ayədən aydın olur ki, əgər insan iman gətirməyibsə və zalımlıq edirsə,
onda o, haqq təlimdən məhrum edilmişdir və çox ciddi təhlükə qarşısındadır və
belə insanların nəsibi azğınlıq və bədbəxtliklər olacaqdır.
(6.83)
“Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi
dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir”.
Allah
İbrahimə (ə) inandırıcı dəlillər bəxş etdi ki, onların vasitəsilə öz tayfadaşlarının
baxışlarını sarsıtdı və onlara qalib gəldi. Allah İbrahimi (ə) dünya həyatında
və Axirətdə ucaltdığı kimi, istədiyini dərəcələrlə yüksəldir. Bilik həmişə
insanlara başqa qulları ötüb keçməyə kömək edir, xüsusilə, əgər onlar onu nəinki
sadəcə əldə edir və həm də işlərində ona əsaslanır və onu ətrafdakılarına da
öyrədirlər. Allah belə insanları təqlid üçün nümunə edir və adamlar da onların
davranışını müşahidə edir, addım-addım onların ardınca gedir, məsləhətlərinə
qulaq asır və onların biliyinə istinad edərək cahillik zülmətindən xilas olmağa
cəhd edirlər. Fövqəluca Allah buyurur: “...“Qalxın!” deyildikdə qalxın ki,
Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini
ucaltsın...” (Mücadələ, 58/11). Allah Müdrik və Hərşeyibilən Rəbb olduğu
üçün ancaq layiq olanlara bilik və müdriklik bəxş edir. O, onları kimə bəxş etməsini
və kimin daha ləyaqətli olmasını ən yaxşı bilir.
(6.84) “Biz İshaqı və Yəqubu Ona əta etdik.
Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və
onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da
hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq edənləri) belə
mükafatlandırırıq”.
Özünün
sevimli qulu İbrahim (ə) haqqında hekayətdən sonra, Allah onun (ə) bilikləri,
möizələri və səbirli olmasından – ona bəxş etdiyi gözəl keyfiyyətlərindən xəbər
verir. Allah onu (ə) saleh nəsillərlə şərəfləndirir və bütün bəşəriyyətin ən
alicənab və ən şərəfli nümayəndəsini onun (ə) nəslindən edir. Bununla da Allah
İbrahimə (ə), başqa insanların layiq görülmədiyi böyük iltifat göstərir.
Allah
ona (ə) İshaq (ə) adlı oğul və Yəqub (ə) adlı nəvə əta edir ki, onu sonralar
İsrail adlandırmışlar. İsrail, Allahın dünyalar üzərində yüksəltdiyi bütöv bir
xalqın ulu babası olur. Allah onların hər ikisinə dini biliklər verərək, doğru
yola yönəldir və onları xeyirxah əməllərə ruhlandırır. Daha əvvəllər O, Nuhu (ə)
düz yola yönəltmişdi. Ona xüsusi təlimat verilmişdi ki, o, ancaq bəzi adamlara
– ruhən möhkəm olan elçilərə qismət olmuşdu ki, onlardan biri də o özü idi.
Bundan başqa, Allah onun (ə) bir çox nəsillərini də doğru yola yönəltmişdi.
Bir
şərhə görə, bu ayədəki əvəzlik Nuha (ə) aiddir, çünki o, (ayədə) sonuncu
xatırlanır. Bundan başqa, burada sadalanan peyğəmbərlər arasında Lut (ə)
xatırlanır ki, o, Nuhun (ə) nəslindən idi və İbrahimin (ə) nəslindən deyil –
onun qardaşının oğluydu.
Bir
başqa şərhə görə isə bu ayədəki əvəzlik İbrahimə (ə) aiddir, çünki bu Quran
parçasında məhz bu şərəfli peyğəmbərin ünvanına təriflər söylənmişdir. Hərçənd
Lut (ə) onun (ə) birbaşa nəslindən olmasa da, o (Lut ə.), onun (İbrahim ə.)
möizələri sayəsində iman gətirmişdi və bu, Allahın sevimlisi İbrahimə (ə) daha
çox şərəf gətirir, nəinki Lutun (ə) İbrahimin (ə) birbaşa nəslindən olması.
Allah
Davudu, onun oğlu Süleymanı, Əyyubu, Yusufu (Yəqubun oğlunu) və həmçinin Musanı
və Harunu (İmranın oğullarını) (hamısına Allahın salamı olsun!) doğru yolla
aparmışdır. Allah İbrahimin (ə) nəsillərini mömin insanlar etmişdir, axı o (ə)
Ona səmimi qəlbdən ibadət etmiş və məxluqlara fayda vermişdir. Allah bütün
yaxşılıq edənləri bu minvalla mükafatlandırır və onlardan sonra onların
haqqında, onların nəsilləri haqqında gözəl xatirələr qoyur və bu mükafatlar
onların möminliyinin və xeyirxahlıqlarının dərəcəsindən asılı olur.
(6.85)
“Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə çatdırdıq). Onların hamısı əməlisalehlərdən
idi”.
Doğru
yolla aparılanlar arasında Zəkəriyyə (ə), onun oğlu Yəhya (ə), (Məryəm oğlu)
İsa (ə) və İlyas (ə) da vardı. Onların hamısı mömin insanlardılar, çünki öz keyfiyyətlərinə,
əməllərinə və biliklərinə görə fərqlənirdilər. Bundan başqa, onlar möminlərin təqlid
edilməyə layiq olan başçıları və rəhbərləri idilər.
(6.86) “Biz, həmçinin İsmaili, Əlyəsəi, Yunisi
və Lutu da (hidayətə qovuşdurduq) və onları aləmlərdən (özləri ilə bir dövrdə
yaşayan bütün insanlardan) üstün tutduq”.
Allah
İsmaili (ə) də doğru yolla aparmışdı. O (ə), İbrahim peyğəmbərin (ə) oğlu və
yerdə yaşayan xalqların ən şərəflisi olan ərəblərin ulu babası idi və onun
birbaşa nəslindən olan isə Adəmin bütün oğullarının ağası Muhəmməd Peyğəmbərdir
(ona Allahın salavatı və salamı olsun!).
Eləcə
də Yunus – Mattanın oğlu və Lut – Haranın oğlu və İbrahim peyğəmbərin (ə)
qohumu[2]
doğru yolla getdilər. Onlar, Allahın başqa insanların üzərində ucaltdığı peyğəmbərlər və elçilər idilər.
Bilmək
lazımdır ki, Fövqəluca Allahın aşağıdakı ayəsində xatırlanan dörd üstünlük dərəcəsi
vardır: “Allaha və Peyğəmbərə itaət edənlər (Axirətdə) Allahın nemətlər verdiyi
nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst,
peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə
(yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl
yoldaşlardır!”
(Nisa,
4/69).
Bu
ayələrdə adları keçən qullar ən yüksək dərəcəyə mənsubdurlar. Bundan başqa,
onlar Allahın elçiləri arasında ən ləyaqətliləridir, çünki Allahın Öz Kitabında
xəbər verdiyi elçilər, Onun tarixçələrini danışmadığı elçilərdən üstündürlər və
buna heç bir şübhə yoxdur.
(6.87) “Biz onların atalarından, nəsillərindən
və qardaşlarından da (bir qismini hidayətə çatdırdıq), onları seçdik və düz
yola yönəltdik”.
(6.88)
“Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldir. Əgər onlar
(Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı”.
Allah
yuxarıda xatırlanan peyğəmbərlərin bəzilərinin atalarını, övladlarını və
qardaşlarını da doğru yola yönəltmişdir. O, onları seçərək düz yolla aparmışdır.
Allah qullarına Öz ilahi təlimatını bəxş edir və bundan başqa doğru təlimat
yoxdur. Qoy insanlar Ondan onlara belə bir təlimat əta etməsini diləsinlər,
çünki əgər O, onları doğru yolla aparmasa, başqa heç kim bunu edə bilməz.
Əgər
yuxarıda yad edilən peyğəmbərlər Allaha şərik qoşsaydılar, onların bütün əməlləri
əbəs və faydasız olardı, çünki Ona şərik qoşulması istənilən əməli heçləşdirir
və insanı Cəhənnəmdə əbədi iztirablara məhkum edir. Əgər Allaha şərik qoşmaq hətta
seçilmiş qulların xeyirxah əməllərini də məhv edirsə, onda bütün qalan insanlar
haqqında nə demək olar?
(6.89)
“Onlar Bizim Kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər (indi)
bunlar (Qüreyş müşrikləri və başqa kafirlər) bu dəlilləri dansalar, Biz onlara
həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik (onların yerinə dəlillərimizi
inkar etməyəcək bir zümrə gətirərik).
(6.90)
“Onlar (adları çəkilən peyğəmbərlər) Allahın doğru yola yönəltdiyi kimsələrdir.
Sən də onların haqq yolunu tutub get. De: “Mən bunun (İslam dinin təbliği)
müqabilində sizdən bir əvəz istəmirəm. Bu (Quran) aləmlər (bütün bəşəriyyət)
üçün yalnız bir möizədir (öyüd-nəsihətdir)”.
Alicənab
Elçiyə (ona Allahın salavatı və salamı olsun!) buyurulmuşdu ki, digər şərəfli
peyğəmbərlərin yolu ilə getsin və o (ona Allahın salavatı və salamı olsun!), bu
əmri yerinə yetirdi. O (ona Allahın salavatı və salamı olsun!), özündən əvvəl ən
gözəl keyfiyyətlərə malik sələflərinin işini davam etdirdi. O (ona Allahın
salavatı və salamı olsun!) özündə onların keyfiyyətlərini və yaxşı cəhətlərini
cəmləşdirdi və bunun sayəsində bütün məxluqları ötüb keçdi. O (ona Allahın
salavatı və salamı olsun!), elçilərin ağası və təqvalı qulların rəhbəri oldu.
Ona Allahın salavatı və salamı olsun və Onun bütün qalan elçilərinə də! Belə
mühakimələrə istinad edərək bəzi səhabələr təsdiq edirdilər ki, Muhəmməd Peyğəmbər
(ona Allahın salavatı və salamı olsun!) Allahın elçiləri arasında ən yaxşısı
idi.
Sonra
Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edilmişdi ki, onun (ona Allahın salavatı və
salamı olsun!) dəvətindən üz çevirənlərə desin: “Mən Vəhyi aranızda yaydığıma və
onu nəzərinizə çatdırdığıma görə sizi maddi öhdəliklərlə yükləmirəm və sizdən
mükafat istəmirəm. Əgər mən belə etsəydim, mənim ardımca getməməyə haqqınız
olardı. Lakin mən mükafatımı Allahdan istəyirəm. Sizə isə mən bir Xatırlatma
verirəm ki, ondan sizə fayda verən və zərər vuran şeyləri öyrənəsiniz. Onun
sayəsində siz düzgün əməllər edə və günahlardan çəkinə bilərsiniz. Siz öz Rəbbinizi
Onun adları və sifətləri vasitəsilə dərk edə bilər, mömin əxlaqını və onu necə əldə
etməyi və həmçinin yaramaz məziyyətlər və onlara aparan yollar haqqında öyrənərsiniz.
Əgər mənim möizələrim məxluqlar üçün xatırlatmadırsa və Allahın Öz qullarına
göstərdiyi böyük mərhəmətdirsə, onda siz onları qəbul etməklə Ona həmd etməlisiniz.
(6.91) “Onlar (yəhudilər): “Allah heç bir bəşərə
bir şey (Quran) nazil etməmişdir”, - deməklə Allahı layiqincə qiymətləndirmədilər.
De: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı (Tövratı)
kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz.
(Əslində) siz (Quran vasitəsilə) özünüzün və atalarınızın bilmədiklərini öyrənmiş
olursunuz. (Ey Elçim!) Sən: “Allah!” deyib çağır, sonra da onları burax ki,
düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar. (Özlərinin dedi-qodularında,
pis işlərində və yaramaz əqidələrində davam etsinlər)”.
Bu,
peyğəmbərə nazil olan vəhyləri inkar edən o yəhudilərin və müşriklərin
qınanmasıdır ki, onlar Allahın insanlara heç nə nazil etmədiyini bəyan edirlər.
Onlar bunu ona görə deyirlər ki, özləri Allahı layiqincə dəyərləndirmirlər.
Onlar Onun əzəmətini və müdrikliyini qiymətləndirə bilmədilər və qərara gəldilər
ki, O, qullarını özbaşına buraxacaq və onlara Öz hökm və qadağalarını göndərməyəcək.
Onlar Allahın Öz qullarına göstərdiyi ən böyük mərhəməti – peyğəmbərə nazil
etdiyi vəhyi təkzib etdilər, halbuki, onlar onsuz xoşbəxtlik, nemət və uğur əldə
etmək imkanına malik deyillər. Allahın ünvanına bundan artıq həqarət ola bilərmi?!!
O,
onların qəbul və etiqad etdikləri baxışlarına söykənən bəyanatlarının
yanlışlığını ifşa etdi. Bundan ötrü Allah Öz Elçisinə (ona Allahın salavatı və
salamı olsun!) buyurdu ki, belə desin: “Bəs öz nuru ilə cahillik zülmətini
yaran, insanları azğınlıqdan doğru yola çıxardan və onlara həqiqi bilikləri və
xeyirxah əməlləri izah edən Böyük Tövratı Musaya kim nazil etmişdi? Bu Kitab
haqqında xəbər bütün dünyaya yayılmış və bütün qəlblərə və qulaqlara çatmışdır.
Siz isə onu ayrı-ayrı vərəqlərdə yazmağa və ondan istədiyiniz kimi istifadə etməyə
başladınız. Siz insanlara öz maraqlarınıza uyğun olanları göstərir, onun,
maraqlarınıza uyğun gəlməyən böyük bir hissəsini isə onlardan gizlədirsiniz. Bu
Böyük Kitab sayəsində siz çoxlu biliklər əldə etmisiniz ki, onları əvvəllər nə
sizə, nə də ulu babalarınıza heç kim açıb bildirməmişdi”.
Belə
gözəl keyfiyyətlərə malik olan Kitabı yəhudilərə kimin nazil etməsini soruşması
haqqında verdiyi əmrdən sonra Fövqəluca Allah Elçisinə (ona Allahın salavatı və
salamı olsun!) buyurur ki, Kitabı Onun nazil etdiyini onlara bildirsin. Qoy
onlar vəd olunan Gün gələnə qədər öz cəfəngiyatları ilə əylənsinlər və onlara
fayda verməyən şeylərlə başlarını girləsinlər!
(6.92)
“Bu (Quran) da mübarək (xeyir-bərəkəti daim, faydası çox), özündən əvvəlkiləri
təsdiq edən bir Kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları
(Allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona
da iman gətirər, namazlarını da qoruyub saxlayarlar (vaxtlı-vaxtında qılarlar)”.
Bu
Quran – Mübarək Kitabdır, axı o özündə böyük mərhəmət və hüdudsuz xeyir
daşıyır. O, özündən əvvəlki Kitablarla ziddiyyət təşkil etmir və onların
doğruluğunu təsdiq edir. Allah onu ona görə nazil etmişdir ki, Muhəmməd Peyğəmbər
(ona Allahın salavatı və salamı olsun!) onunla şəhərlərin anası olan müqəddəs Məkkənin
sakinlərini və habelə onun ətrafında yaşayan ərəblərə və digər məskənlərin əhalisinə
öyüd-nəsihət versin.
Peyğəmbər
(ona Allahın salavatı və salamı olsun!) insanları Allahın cəzalandıracağından çəkindirir
və hansı əməllərin buna yol açacağından xəbərdar edirdi. Axirət gününə iman gətirənlər
bu Qurana da iman gətirdilər və öz namazlarına diqqətlə yanaşmağa başladılar.
Ürəklərində olan qorxu onları möhkəmlətdi və bu, Rəbbə dərin ehtiramla can
atmalarına, namazları vaxtında qılmalarına, onların şərtlərinə və məhdudiyyətlərinə,
fərz və könüllü tələblərinə ciddi riayət etmələrinə səbəb oldu. Qoy Allah bizi
də onlardan etsin!
(6.93) “Allaha iftira yaxan, özünə heç bir vəhy
olunmadığı halda: “Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi (Quran)
kimi bir kitab endirəcəyəm”, - deyən şəxsdən daha zalım kim ola bilər? Kaş sən
zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini
uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər
danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla
cəzalandırılacaqsınız!” – dediklərini görəydin!”
Ən
böyük zalımlar və cinayətkarlar – Allaha iftira atan yalançılardır. Onlar Ona
Onun heç vaxt buyurmadığı sözlər və hökmlər aid edirlər. Onlar – insanlar
arasında ən zalım olanlardır, çünki onlar dinin əsas və fərdi müddəalarını[3]
təhrif edir, Allahın adından yalan danışır və başqalarına böyük zərər
vururlar.
Belələrinə,
onlara vəhy nazil edildiyini iddia edən yalançı “peyğəmbərlər” aiddir. Onlar nəinki
Allaha böhtan atmağa cəhd edir, hətta Onun hakimiyyətinə və qüdrətinə qəsd
edirlər, çünki insanları özlərinin ardınca getməyə məcbur edir, rəqibləri ilə
vuruşur və qan tökməyə və özgə əmlakını mənimsəməyə yol verirlər. Bu ayə
yalançı Müseyliməyə, əl-Əsvəd əl-Ənsiyə, əl-Muxtara və başqa yalançı “peyğəmbərlərə”
dairdir.
Ən
böyük zalımlar – Allahın etdiklərini özlərinin də etməyə qadir olduqlarını bildirən kəslərdır. Onlar Onun şəriət hökmləri
vermək haqqına qəsd edir və özlərinin hökm və müddəalarını uydururlar. Onlar həmçinin
Müqəddəs Quranı təkzib etməyə və ona bənzər bir şey yazmağa qabil olduqlarını
güman edən mürtədlərdir. Köməksiz və çoxsaylı qüsurları olan bir məxluqun Qüdrətli
və Zəngin, mütləq kamilliyə və habelə qüsursuz adlar və sifətlərə malik Rəbbin
haqlarına qəsd etməkdən də müdhiş zalımlıq ola bilərmi?!!
Allah
zalımları qətiyyətlə qınadıqdan sonra, dünya həyatını tərk etdikləri anda və
Qiyamət günü başlayarkən onları gözləyən cəzanı xatırladır. Onlar can verərkən
mənfur ağrılara və dəhşətli müsibətə qərq olurlar. Həmin məqamda onlarla baş
verənlər qorxunc bir səhnəyə çevrilir ki, bunu sözlərlə təsvir etmək mümkün
deyil. Mələklər əllərini onlara tərəf uzadaraq (can verənlərə) ağır zərbələr
endirir və əziyyət verirlər. Onların ruhu müqavimət göstərməyə cəhd edərək bədəni
tərk etməkdən imtina etməyə çalışırlar və belə olduqda məmləklər onlara deyirlər:
“Çıxın yanımıza! Bu gün siz sərt cəzaya məruz qalacaqsınız və o, sizin
rüsvayçılığınız və alçaldılmanız olacaqdır. Allahın verəcəyi əvəz törətdiyiniz
cinayətlərə uyğundur. Siz Allah haqqında yalan danışdığınıza və elçilərin sizə
çatdırdıqları haqqı inkar etdiyinizə görə cəzalandırılacaqsınız. Siz özünüzü
onun ayələrindən üstün tutur və Onun hökmlərini yerinə yetirməkdən təkəbbürlə
imtina edirdiniz”.
Bu
ayə bərzəx aləmində cəzanın və məmnunluğun gerçək olacağına dəlalət edir, çünki
mələklər mürtədlərə can verdikləri və öldükdən o saat sonrakı anda veriləcək cəza
haqqında xəbərdarlıq edirlər. Cəza və məmnuniyyət ölümdən o saat sonra başlayır
və Qiyamət günü başlayana qədər davam edir. Bu ayədən həm də aydın olur ki, ruh[4]
formaya malikdir və hərəkət etməyə, danışmağa, bədəndə məskunlaşmağa, onu tərk
etməyə qadirdir.
[1] Deyildiyi kimi anlamaq
lazımdır. F.S.
[2] Lut (ə) İbrahim peyğəmbərin
(ə) qardaşı Haranın oğludur. (Bax: Abdurrahman b. Nasir es-Sadi,
“Tefsirus-Sadi”, 2-ci c., səh. 54, Ənam surəsinin 86-cı ayəsinin təfsiri, türk dilində, Quraba
Yayınları, 2006. ). F.S.
[3] Fərdi
müddəalar (ərəbcə, “fəri”) – yəni, fərdi hökmlər. Şəriət hökmləri iki qismə
ayrılır: əsas hökmlər və fərdi (fəri) hökmlər. Əsas hökmlər imanın əsasları ilə
bağlı olan hökmlərdir. Buraha Allahın varlığı, təkliyi, mələklərə, peyğəmbərlərə,
Kitablara, Qiyamət gününə iman və b. daxildir. Bu hökmlər təvil edilə, yozula
bilməz. Bunlar alimlərin onlara dair ictihad etməsinə ehtiyacı olmayan aydın
hökmlərdir. Onların əsası Quran və Sünnədir. Fərdi (ərəbcə “fəri”) hökmlərə aid
olanlar isə namaza, oruca, həccə, zəkata və onlara bənzər müddəalara aid olan
hökmlər nəzərdə tutulur. “Fərdi hökm” (“fərdi müddəa”) termini tərəfimizdən
“ikinci dərəcəli hökmlər” ifadəsini əvəz etməkdən ötrü işlədilmişdir. Tərc.
F.S.
[4] Başqa cür desək, “can”, “nəfs”
(rus dilində: «душа», «дух»). Tərc. F.S.
Комментариев нет:
Отправить комментарий