Əbdürrəhman bin Nasir
əs-Səədi
MÜQƏDDƏS QURANIN
TƏFSİRİ
SƏXAVƏTLİ VƏ MƏRHƏMƏTLİ
ALLAHDAN GƏLƏN ASANLAŞDIRMA
Tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanov
I cild
BAKI - 2008
Mob. 634.38.78
e-mail: odersalafi@gmail.com
Bu tərcüməni,
Müqəddəs
Allah yoluna
dəvət vasitəsi kimi,
Onun dininə
həsr
edirəm!
FƏRAHİM
əs-Səədi, Əbdürrəhman ibn
Nasir
Müqəddəs Quran Təfsiri, “Səxavətli və
Mərhəmətli Allahdan gələn asanlaşdırma”. 7 ciliddə, I c. /Əbdürrəhman ibn Nasir əs-Səədi;
rus dilindən Azərbaycan dilinə tərcümə edən: Fərahim Süleyman oğlu Qurbanov (Fərahim
Sələfi). 2008. – 637 s.
Annotasiya:
Şeyx Əbdürrəhman ibn Nasir əs-Səədinin (Allah ona rəhmət etsin) “Səxavətli
və Mərhəmətli Allahdan gələn asanlaşdırma” adlı əsəri Müqəddəs Quranın geniş
yayılmış və İslam milləti tərəfindən çox yaxşı qəbul edilmiş dərin elmi təfsirlərindən
biridir. Bu əsər çox sadə dildə
yazılmışdır və ona görə geniş oxucu kütləsi üçün asan başa düşüləndir.
Bu, Quran ayələrinin bəhs
etdiyi bütün mövzular üzrə ensiklopedik təfsir kimi qəbul edilə bilər. Müəllif
ayələri şərh edərkən, ilk növbədə, Qurana, sonra isə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) hədislərinə, daha sonra isə onun səhabələrinin (Allah onlardan razı olsun) müddəalarına
istinad etmişdir.
Əbdürrəhman
ibn Nasir əs-Səədinin “Müqəddəs Quran Təfsiri” əsərinin
Azərbaycan dilinə tərcümə edilmiş birinci cildindən
ibarət olan bu kitabın nəşr hüququ Azərbaycan Respublikasının müvafiq qanunları
ilə mühafizə olunur. Onu yenidən istənilən formada nəşr etmək hüququ ancaq tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanova məxsusdur!
Fərahim Süleyman oğlu
Qurbanov
Mob. 634.38.78
e-mail: odersalafi@gmail.com
İmzalanmışdır:
03.03.08
Azərbayan Respublikası
Dinin Qurumlarla İş üzrə Komitəsində qeydiyyatdan keçirilmişdir: Komitənin DK-66/Q
saylı 07.07.08-ci il tarixli məktubu.
TƏRCÜMƏÇİNİN I CİLDƏ YAZDIĞI
ÖN SÖZÜ
Həmd olsun
Allaha, aləmlərin Rəbbinə! Hikmətlərinin bənzərsizliyi ağıllara qalib gələn,
dəlillərinin ecazkarlığı məfkurələri heyran qoyan, möhtəşəm sənətinin xarüqəladə
özəllikləri inkarçı kafirlərə üzrxahlıq etməyə imkan yeri qoymayan, ayələri bəşəriyyətə
“Allahdan başqa heç bir tanrı yoxdur” müjdəsi verən Müqəddəs Allaha həmd
olsun! O Allah ki, Onun Özünə bərabər ola bilən nə bir tayı, nə də Ona bənzəyə
biləcək bir oxşarı və nə də Ona köməkçi ola biləcək şəriki var! Onun nə övladı,
nə valideyni, nə zövcəsi, nə də misli var! O, hər şeyi qəhr edən ilahi gücü ilə
müstəbidləri qəddini əyməyə Məcburedəndir! O, Əzəməti və Qüdrəti qarşısında
zalım və qəddar padşahların zəlil günə düşdüyü, heybəti qarşısında bütün
fironların vahimə içində səcdəyə qapıldığı, xəlq etdiklərinin hamısının, öz
istəklərindən asılı olmayaraq Ona itaət etdikləri Tək Allahdır! Əziz və Cəlil
Allah bu barədə belə buyurur: “Göylərdə və yerdə olan məxluqlar da, onların
kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir” (Rəd, 13/15).
Fövqəluca
Allahın bəşəriyyətə bəxş etdiyi ən böyük nemətlərindən biri Quran və onu
Allahın Özünün mühafizə etməsidir. Allahın Peyğəmbəri Muhəmmədin (s.ə.s.) milləti
üçün hazırladığı və onu şərəfləndirdiyi ən əhəmiyyətli fəzilətlərindən biri də
Peyğəmbərə (s.ə.s.) nazil etdiyi Vəhyi – Quranı qoruması və himayəsi altına
götürməsidir. Qüdrətli Allah Quranı müsəlmanların Peyğəmbərinin (s.ə.s.) həqiqi
peyğəmbər olmasına bir dəlil etmiş, ona (s.ə.s.) verdiyi üstünlüyü açıq şəkildə
bildirərək, onu təkzibolunmaz dəlilə çevirmişdir. Böyük Allah bu Quran ilə Öz
Elçisini (s.ə.s.) yalançı və iftiraçılardan fərqləndirmiş və bunun sayəsində
möminləri də inkarçı kafirlərdən və müşriklərdən, Ona şərik qoşanlardan
qabarıq şəkildə ayırmışdır. Müdrik Allah Quranı nazil etmişdir ki, yer üzündə
yaşayan bütün cinlər və insanlar bir yerə toplaşıb səy etsələr də, onun bənzərini,
əsla yaza bilməzlər. Sonsuz Lütf Sahibi Allah Quranı möminlər üçün qaranlıqları
nurlandıran bir günəş, şübhələri yoxa çıxardan bir aydınlıq, azğınlığa aparan
yollarda həqiqəti göstərən bir rəhbər, qurtuluşa və hidayət yoluna yönəldən bir
bələdçi etmişdir. Həmçinin, Mərhəmətli Allah Özünün bir ayəsində belə
buyurur: “Allah, Onun rizasını arayan şəxsləri bu Kitabla əmin-amanlıq
yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola
yönəldir” (Maidə, 5/16). Bəsirətli Allah heç vaxt yatmayan gözləri ilə
Quranı qoruyub gözləyir, onu dağıdılmaz qalası ilə əhatə edir. Zamanın,
qərinələrin keçməsi ilə o əsrarəngiz qalanın sütunları möhkəmliyini itirməz,
qüdrət əlamətləri yoxa çıxmaz. Allahın və Onun Elçisinin (s.ə.s.) ehkamlarına
riayət edənlər heç vaxt doğru yoldan sapmazlar.
Müqəddəs
Quran möminlərin mübahisəyə düşdükləri anda ona sığındıqları, müsibətə
uğradıqları vaxtda içinə çəkilib qorunduqları istehkam, şeytanın vəsvəsəsinə
qarşı müdafiə olunduqları qaladır. Şərəfli Quran möminlərin baş əydikləri yeganə
hakim və müraciət etdikləri ən qəti hökmdür. Möminlər öz arzuları ilə Müqəddəs
Qurana möhkəm sarılır və bununla özlərini təhlükələrdən xilas etmiş olurlar.
Ey
Allahım! Sən məni Quranın aydın və mütəşabeh, halal və haram, ümumi və
xüsusi, yığcam və təfərrüatlı, nəsx və mənsux, asan və çətin ayələrinin təfsirini
gözəl tərzdə ana dilimizə çevirməyə müvəffəq et və bu şəxsi təşəbbüsümü uğurla
sona çatdırmağı mənə nəsib et! Allahın Son Elçisi və Peyğəmbəri Muhəmmədə, ailəsinə
və səhabələrinə salat və salam olsun!
Ey Allahın
qulları! Allah sizə rəhm etsin! Bilin ki, öyrənilməsi üçün səy göstərilməyə
layiq olan və mənimsənilməsi ilə məqsədə çatılan, əldə edilməsi ilə insana
Allahın razılığını qazandıran şey Qurandır. Onu oxuyan çoxlu xəzinələr əldə edər
və böyük mükafatlara sahib olar. O, elə bir Kitabdır ki: “Nə önündən, nə də
arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən
nazil edilmişdir” (Fussilat, 41/42).
Möhtərəm
oxucu!
Bu ön sözümdə
sizə deyiləsi bir sıra düşüncələrimi yığcam çatdırmaq fikrindəyəm. İlk öncə
görkəmli İslam alimi və mütəfəkkiri, Quranın yüksək istedada malik təfsirçisi
Şeyx Əbdürrəhman əs-Səədinin ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə etməyə cəsarət
göstərdiyim bu əsərinin, çevrilən dildəki bir sıra xüsusiyyətlərini nəzərinizə
çatdırmaq yerinə düşərdi. Bunun səbəbi həmin əsəri ərəbcədən rus dilinə tərcümə
etmiş mütərcim haqqında oxucu kütləsinə məlumat vermək və onun ərəb dilinə bələd
olmayan müsəlmanlar üçün necə böyük və tərifəlayiq bir iş gördüyünü nəzərə
çatdırmaqdır.
Fəlsəfə
elmləri namizədi, ilahiyyatçı qardaşımız Elmir Rəfail oğlu Quliyev Şeyx Əbdürrəhman
əs-Səədinin bu əsərini rus dilinə çevirməzdən əvvəl, özünün qeyd etdiyi kimi, həmin
dilə əvvəlcə Müqəddəs Quranı tərcümə etməli olmuşdur. Bu gün rus dilində
mövcud olan Quranın bütün məna tərcümələri arasında həmyerlimizin çevirisini ən
uğurlu və ən mükəmməl hesab etmək olar. Məhz belə bir Quran tərcüməsi hörmətli
E. Quliyevə bu ecazkar təfsiri çevirməyə də geniş imkanlar yaratmışdır.
Bu məşhur
təfsirin Azərbaycan dilinə tərcümə edilməsi təsadüfdən deyil, zəruriyyətdən
doğmuşdur. İyirminci əsrin 90-cı illərinin əvvəlində Azərbaycan xalqı ilk dəfə
olaraq müasir ana dilimizdə Fövqəluca Allahın Müqəddəs Quranı ilə böyük alimlərimiz
Ziya Bünyadov və Vasim Məmmədəliyevin sanballı tərcüməsi sayəsində tanış
olublar. Sonrakı illərdə bu çeviri bir sıra təshihlərlə dəfələrlə nəşr olunaraq
oxuculara təqdim edilmişdir. Daha sonra Müqəddəs Quranın bir sıra digər şəxslər
tərəfindən edilmiş tərcümələri də nəşr olunmuşdur. Sevindirici haldır ki, son
illərdə yüksək dini təhsil almış gənc islamşünaslar da bu çox mühüm bir sahədə
Allahın dininə və xalqımıza öz çeviri töhfələrini verməyə təşəbbüs göstərirlər.
Məhz bu özəlliklər
imkan verdi ki, dinimizin əsas Kitabının geniş və asanlaşdırılmış şərhini də
müsəlman qardaş və bacılarımıza və İslam dəyərləri ilə maraqlanan digər
insanlarımıza Azərbaycan dilində çatdıraq.
Buna görə Şeyx Əbdürrəhman əs-Səədinin “Səxavətli
və Mərhəmətli Allahdan gələn asanlaşdırma” adlı Quran təfsiri olan sanballı çoxcildlik
əsərini dilimizə tərcümə etmək mənə görə mümkünləşmişdir. Təbii ki, çətinlikləri
asanlaşdıran təkcə Allahdır. Həmd olsun Allaha, aləmlərin Rəbbinə!
Əziz və
möhtərəm oxucu!
Müqəddəs
Quranın təfsirini sizə Azərbaycan dilində tam anlaşıqlı şəkildə çatdırmasını,
bizi uğur yoluna yönəltməsini və bu kitabı həm bu dünyamız və həm də Axirətimiz
üçün faydalı etməsini Müdrik və Qüdrətli Allahdan rica edirəm.
Fövqəluca
Allahın qullarına bəxş etdiyi ən böyük nemətlərindən biri də fikri ifadə və
izah etmə qabiliyyətidir. Allahdan arzum budur ki, bu tərcüməni gözəl və
aydın oxunaqlı şəkildə insanlarımızla qovuşdurması üçün mənə kömək olsun.
Mərhəmətli
Allah, öz fikrini düzgün ifadə etmək qabiliyyəti baxımından, qullarını bir-birindən
fərqli yaratmışdır. Rəhman, bu barədə belə
buyurur: “...birinizi digərinizin fövqünə dərəcə - dərəcə qaldıran
Odur...” (Ənam, 6/165). Vahhab Allahın möhtərəm şeyx Əbdürrahman əs-Səədiyə
gözəl istedad və qabiliyyət bəxş etməsi sayəsində görkəmli təfsir alimi
Quranın bu şərhini son dərəcə aydın formada yazmışdır. Onu orijinaldan deyil,
ikinci dildən tərcümə etmək böyük məsuliyyət və zəhmət, mən deyərdim ki, cəsarət
tələb edirdi. Bu keyfiyyətlərin az da olsa bir qismini mənə əta etməsi üçün
Alim Allaha dönə-dönə dua etmiş və Onun lütfkarlığına bel bağlayaraq tərcüməyə
böyük həvəslə başlamışam və qısa müddət ərzində əsərin ilk cild həcmində hissəsi
Onun sayəsində ərsəyə gətirilmişdir.
İnsanı ucaldan
Allah Müqəddəs Quranda güclü ifadə bəxş etdiyi şəxslərin dilsiz və acizlərdən
üstün olduğunu bildirərək: “Onlar zinət içində böyüdülən və çəkişmə
zamanı aydın danışa bilməyənlərdir...” (Zuxruf, 43/18) deyə, sonuncuları səciyyələndirir.
Əbdürrahman əs-Səədi məhz Allahın üstün tutduğu və yüksək qabiliyyət bəxş
etdiyi insanlardandır. Onun təfsirini böyük məharət və yüksək bacarıqla ərəbcədən
rus dilinə tərcümə edən alim qardaşımız Elmir Quliyevin çevirisini Azərbaycan
dilində ifadə edərkən kifayət qədər çətinliklərlə və hələ dilçiliyimizdə
sabitləşməmiş, dini ədəbiyyat istilahlarının tam alışılmamış tərəfləri ilə
rastlaşmalı oldum. Bunlar, əsasən, ilk növbədə Hərşeyiəhatəedən Allahın ad və
sifətlərinin dilimizdə hamının başa düşə biləcəyi formada verilməsi ilə bağlı
idi. Oxucuların diqqətindən, ehtimal ki, yayınmayacaq belə yeni söz və ifadələr,
ola da bilsin ki, hamıya eyni təsiri bağışlamayacaq və bəzən isə, lap
qeyri-adi görünəcək. Lakin tərcüməçinin ana dilinə ilk dəfə çevrilən bu cür
monumental əsərlərdə yeni sözlər işlətməyə məcbur olması, məncə, təbii bir
haldır, elmi-təcrübi baxımdan özünü müəyyən dərəcədə doğruldur. Yeni termin və
istilahlar süni söz quruculuğu metodu ilə deyil, Allahın ərəb dilində Onun Özü
tərəfindən bəyan edilən kəlamlarından irəli gələn və Azərbaycan dilinə gətirilməsi
vacib olan tələbatdan doğmuşdur. Bu ön sözümdə də həmin nadir ifadələrdən
işlədilmişdir. Bundan başqa, öncədən qeyd etdiyim kimi, şeyx Əbdürrahman əs-Səədinin
bu təfsirinin tərcüməsinin gerçəkləşdirilməsi bir sıra obyektiv səbəblərlə əlaqədar
idi. Belə ki, bu əsərin Azərbaycan dilinə tərcüməsi, onun əsasını təşkil edən
Quranın özünün ana dilimizə edilən tərcüməsi ilə bilavasitə bağlıydı və Təfsiri
çevirmək üçün, ilk növbədə, qarşımızda Quranın dilimizdə mövcud olan tərcüməsinin
onun fundamental prinsipləri ilə üst-üstə düşməsi problemi dayanırdı. Fərqlərin
dərinliyinə varmadan, demək yerinə düşür ki, ərəbcədən Azərbaycan dilinə həyata
keçirilən həm əvvəlki Quran tərcümələrində bir sıra təshihlərin edilməsi və həm
də yeni nəşrlərin və tərcümələrin işıq üzü görməsi və həm də bəzi hallarda mənim,
Allahın rizası ilə, E. Quliyevin rus dilinə tərcümə etdiyi “Müqəddəs Qurandan”
(«Священный Коран», Mədinə nəşri, Səudiyyə Ərəbistanı Krallığı, 1423-cü hicri
ili) iqtibasları sərbəst çevirməyim bəzi çətinliklərin aradan qalxmasını şərtləndirdi
və Təfsiri tərcümə etməyimə yol açdı. Allah Hərşeyibiləndir, Onun icazəsi
olmadan heç nə baş vermir. Gerçəkləşən hər şey Onun hökmünə əsaslanır.
Təfsirin
rus dilindəki mətnindən (А.Саади, «Толкование священного Корана», М. «Умма», 2
cilddə, 2006) etdiyim tərcümə, onun quruluşunun və məzmununun tamlığı baxımından,
heç bir dəyişikliyə uğradılmamış, ixtisar edilməmiş və əsas mətn olduğu kimi çevrilmişdir.
Müqayisəli şəkildə oxunduqda rus və Azərbaycan dilindəki mətnləri hətta cümlə-cümlə
tutuşdurmaq da mümkündür. Tərcümənin gedişində paralel olaraq Türkiyədə türk
dilində nəşr olunmuş “Səədi Təfsiri” əsərindən (Abdurrahman b. Nasir es-Sadi, “Tefsirus-Sadi”,
Quraba, 2006, 5 cilddə) də istifadə edilmişdir. Bu xüsusiyyətlər orijinalın tərcümə
edilmiş dildə asan anlaşılmasını təmin edən özəlliklərdəndir. Digər bir səciyyəvi
hal kimi, (bunu çox əhəmiyyətli hesab edirəm) Təfsirin rus dilinə çevrilməsi
zamanı İslam dininə xas olan və bütün İslam və qərb ölkələrində demək olaraq
ki, eynilə (tərcümə edilmədən) istifadə edilən bir sıra ərəb ibarələrinin, rus
dilindəki çeviridə sərbəst qarşılığı verildiyi halda, mən onları dilimizdəki qədim
ənənəvi formalarında işlətməyi məqsədəuyğun saymışam.
Bundan əlavə,
yuxarıda qeyd etdiyim kimi, Təfsirin rus dilindəki mətni çevrilərkən türk mətnindən
də lazımınca yararlanmışam ki, bu da əsərin orijinalına yaxınlığı daha da
artırmışdır. Tərcümə etdiyim rus dilindəki mətndə terminologiya ilə bağlı bir
sıra digər özəlliklər mövcud idi ki, mən Allahın yardımı ilə onları, qeyd
etdiyim kimi, öz üslubuma müvafiq olaraq artıq gerçəkləşdirmişəm.
Sonuncu
qeydim Təfsirdə Müqəddəs Allahın adlarının yazılışı ilə əlaqədardır. Əzəmətli və
Müdrik Allahın adı şəxs əvəzlikləri ilə ifadə olunduqda böyük hərflərlə
yazılır. İslam Peyğəmbərinin (s.ə.s.) “Allahın Elçisi” adı və yazılışda ancaq
Allahın son elçisinin nəzərdə tutulduğu şərəfli “Peyğəmbər” adı da böyük hərflə
yazılır. Lakin Muhəmməd Peyğəmbərin adının (s.ə.s.) şəxs əvəzlikləri ilə ifadə
olunması böyük hərflərlə işarə edilmir. Bunun nəzərə çatdırılmasının səbəbi şəxs
əvəzliklərindən öncəki çevirmələrdə geniş istifadə edilməsidir ki, onlara bu tərcüməmdə
aydınlıq gətirməyi vacib saydım.
Lətif
Allahdan bu çevirimi Öz xatiri və qullarına onların xeyri üçün sevdirməsini
arzu edirəm!
FƏRAHİM SÜLEYMAN OĞLU
QURBANOV
Mob. 634.38.78
e-mail: odersalafi@gmail.com
17.11. 2007
Bakı şəhəri
TƏQDİMAT
Həmd əməlləri
və sözləri ilə təriflənməyə yeganə layiq olan Allaha məxsusdur. O, Uca Sözünü belə
təsvir edir: “Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil
etdik. Bu ayələr zalımların ancaq ziyanını artırır” (İsra, 17/82). “Ey
insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa,
möminlərə doğru yol göstərən rəhbər və mərhəmət gəlmişdir” (Yunus,
10/57). Ən böyük möcüzəsi Quran olan Allahın Elçisi Muhəmmədə, ailəsinə və səhabələrinə
Allahın salavatı və salamı olsun!
Şübhəsiz
ki, Müdrik və Uca Rəbbin Sözü qulları üçün tam mənada sağlamlaşma və mərhəmətdir.
Bu mərhəmətdən və sağlamlıqdan ancaq ziyana uğramış zalımlar məhrum edilirlər.
Quran tarix səhnəsinə nazil edildikdən bu günədək mərhəmət və sağlamlıq diləyənlər
ona doğru can atmış, onu anlamaq və ondakı hökmləri həyata keçirmək üçün
mübarizə aparmışlar. Bu mübarək yolda zəfər çalanların ilk cərgəsində Quranın
onların zamanında vəhy edildiyi Elçiyə (ona Allahın salavatı və salamı olsun) şahidlik
edən nəslin nümayəndələridir. Sonradan gələn nəsillər də Quranı başa düşməkdə
və Onun hökm və tələblərinin həyata keçirilməsində əhəmiyyətli dərəcədə təşəbbüs
göstərmiş və səylə çalışmışlar. Bununla yanaşı, tarix, Quranın anlaşılmasının
və həyata keçirilməsinin şahidi olduğu kimi, həm də onun təhrif və inkar edilməsinə
cəhdin şahidi olmuşdur. Məhz bu özəlliklərlə Sünnə və camaat əhli Quranın və
onun təfsirlərinin dəyərləndirilməsində digər bidətçi və uydurmaçılardan məlum
cizgiləri ilə fərqlənmişdir. Sünnə tərəfdarlarının qabaqcıl imamları bu sahədə
olduqca əhəmiyyətli əsərlər yaratmışlar. İbn Əbi Hatimin, imam Təbərinin, imam
Bəğəvinin, Hafiz İbn Kəsirin təfsirləri bunların ancaq bir-neçəsidir. Yaxın
dövrün Peyğəmbər Sünnəsinə mənsub alimlərindən bəziləri, yuxarıda adlarını
qeyd etdiyimiz imamların təfsirlərinin xülasəsini verməyə, bəziləri isə,
insanların çağdaş zamana uyğun tələbatlarını nəzərə alaraq, yeni təfsirlər qələmə
almışdılar. Bu yaxın zamanın alimlərindən biri və, bəlkə də, dövrün ən böyük
müsəlman alimi şeyx Əbdürrəhman b. Nasir əs-Səədidir (Allah ona rəhmət etsin).
Şeyx əs-Səədi elminin genişliyi, şəriət hüquqi (fiqh) sahəsindəki dərinliyi,
Quran elmlərindəki istedadı, biliyi, zahidliyi, təqvası sayəsində necə məşhurlaşmışdısa,
təfsir sahəsində də bir sıra görkəmli əsərləri ilə məşhurlaşmışdır.
Elm sahəsinə
mənsub olan müasirləri və özündən sonra gələnlər Quran təfsiri və digər Quran
elmləri ilə bağlı yazdığı əsərlərinə görə onu alqışlamışlar. Hətta elm xadimlərinin
onun barəsində tərifləri o dərəcəyə çatmışdı ki, naşirlər xalqın istəyinə cavab
vermək məqsədilə bir-birinin ardıyca Şeyx əs-Səədinin təfsirinin nəşrinə,
sanki bir-biri ilə yarışaraq, təşəbbüs göstərirdilər. Elm aləminə məxsus olan hər
yerdə, bir çox İslam ölkələrində Şeyxin təfsiri milyon nüsxələrlə çap edilib
yayılmışdır. Sonra digər dillərə də tərcümə edilmişdir.
İndi də
Allahın xalqımıza mərhəməti sayəsində bu qiymətli əsərin Azərbaycan dilində nəşr
edilməsi ilk dəfə bizə nəsib olmuşdur. Digər ölkələrdə olduğu kimi, Allahdan
bizim ölkəmizdə də İslamın əsaslarını şərh edən bu kitabı insanlara qəbul
etdirməsini, sevdirib oxutdurmasını və ona uğur qismət etməsini diləyirik.
Elm aləmində
çox təriflənən bu qiymətli təfsiri bir çox digər təfsirlərdən fərqləndirən cəhət,
onun bir sıra özünəməxsus məziyyətlərinin olmasıdır. Bu xüsusiyyətlərin bəziləri
əsərin müxtəlif nəşrlərinə alimlər tərəfindən yazılmış müqəddimələrində göstərilmişdir.
Bunlardan bəzilərini tərcüməçi Fərahim Süleymanoğlu Azərbaycan dilinə tərcümə
etdiyi bu əsərə əlavə etmişdir. Xülasə halında deyə bilərik ki, bu təfsirin
aşağıdakı özəl xüsusiyyətləri onu digər təfsirlərdən fərqləndirir:
Şeyx əs-Səədi
təfsirində Quranın nazil edilməsi məqsədilə əlaqəsi olmayan lazımsız söz təhlillərinə,
şəriət hüququ üzrə mübahisəli məsələlərə və fəlsəfəçiliyə yol verilməmişdir;
əlinizdəki
Təfsir bir sıra təfsirlərin xilas ola bilmədiyi İsrail əfsanələrindən nümunələr
əxz etməmişdir;
o, nə
oxucunu bezikdirici dərəcədə uzun, nə də məqsədi tam çatdıra bilməyəcək dərəcədə
qısa deyildir;
təfsir bir
çox elmi, əxlaqi və tərbiyə səciyyəsi daşıyan faydalara malikdir;
bu Təfsirdə
Şeyx əs-Səədi xüsusilə peyğəmbərlərin Quran hekayətlərindən çox əhəmiyyətli,
hikmətli və həyatda rəhbər tutulması vacib olan nəticələr çıxarmışdır;
hər şeydən
daha əhəmiyyətli olan odur ki, bu Təfsir, bidətə və fəlsəfəçiliyə aludə olmuş
kəlamçıların hər cür pozğun təhriflərindən uzaqdır.
Şeyx əs-Səədi
(Allah ona rəhmət etsin) uluhiyyət tövhidi, rububiyyət və sifət tövhidi üzrə
və bütün digər əqidə məsələlərində Peyğəmbərimizin (ona Allahın salavatı və
salamı olsun) kəramətli Sünnəsinə sadiq
olan yaxın zaman alimlərindən biridir. Bir sözlə desək, bu Təfsir, İslam əqidəsi
haqqında istinad edilməsinə layiq və lazım olan bir əsərdir.
Daha
sonra, tərcüməçi bu əsərə rus mətnində olmayan, lakin Türkiyədə “Tefsirus-Sadi”
adı altında nəşr etdiyi beşcildlik əs-Səədi əsərinə yazılmış rəy və təqdimatları
da əlavə etmişdir. Rəy və təqdimatlar İslam dünyasında tanınmış görkəmli alimlərin
və şəxsiyyətlərin qələmindən çıxmışdır. Rəyçilər arasında Şeyx Muhəmməd b.
Saleh əl-Useymin və başqaları vardır.
Hörmətli
oxucularımıza bir neçə söz də tərcüməçi qardaşımız Fərahim Süleymanoğlu Sələfi
Qurbanov haqqında bildirim. O, son illərdə türk və rus dillərindən ana dilimizə
bir sıra çox əhəmiyyətli əsərlər tərcümə etmişdir. Onların əksəriyyəti islam
alimlərinin Quran və İslam əqidəsi mövzularına həsr edilmiş kitablarıdır.
Onların arasında prof. Məhəmməd Cəmil Zeynunun “Quranı necə anlamalı” (türk dilindən),
prof. Məhəmməd Xumeyyisin “Təhavi əqidəsinin asanlaşdırılmış şərhi” (türk dilindən),
Məhəmməd əl-Münəccidin “İnsanların əhəmiyyət vermədiyi haramlar” (türk dilindən),
Əhməd Fəridin, “Bilməməzliyin üzrlü olması və bidətçi təkfirçilərin tənqidi”
(türk dilindən), Vahid Əbdussalam Balinin “İnsanın cin və şeytanlardan
qorunması” (rus dilindən), İmam Buxari, “1001 hədis” (türk dilindən), “Namaz”
(Buxari Səhihindən, rus dilindən) və bir çox başqa tərcümələri göstərmək olar.
Kifayət qədər maraqlı həyat yolu keçmiş Fərahim müəllim Allahın yoluna, Peyğəmbərimiz
Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) və onun səhabələrinin əqidəsinə
sadiq olan və xalqını sevən sadə bir insan və qiymətli tərcümə əsərləri ilə
Allahın savabını qazanmağa səy göstərənlərdən biridir.
Fövqəluca
Allahdan İslam dünyasında məşhur olan bu qiymətli kitabı müəllifi, tərcüməçisi,
naşirləri və onun Azərbaycan dilində işıq üzü görməsi üçün zəhmət çəkmiş və
öz imkanlarını əsirgəməmiş bütün dəyərli insanlar üçün mərhəmət vasitəsi etməsini
diləyirik.
Şeyx Muhəmməd b. Saleh əl-Useyminin
TƏQDİMATI
Həmd təkcə
Allaha məxsusdur. Peyğəmbərimiz Muhəmmədə, ailəsinə, səhabələrinə və Qiyamət
gününədək yaxşılıqda onların ardıyca gedənlərə salavat və salam olsun!
Daha
sonra, dəyərli şeyximiz Əbdürrəhman b. Nasir əs-Səədinin (Allah ona rəhmət
etsin) “Teysirul-Kərimur-Rəhman fi Təfsiri Kəlamul-Mənnan” adlı əsəri
özünə xas bir çox xüsusiyyətlərinə görə Quran təfsirlərinin ən yaxşılarından
biri hesab edilir.
Bu Təfsir
aşağıdakı xüsusiyyətlərə malikdir:
onun
yazılmasında müəllif hər kəsin başa düşə biləcəyi asan və aydın ifadələrdən
istifadə etmişdir;
oxucunun
fikrini yayındıran və vaxtını aparan, düşüncə üçün heç bir faydası olmayan
lüzumsuz uzadılmalardan və əlavələrdən çəkinilmişdir;
xatırlanmasına
ehtiyac duyulan əsaslı ziddiyyətlərdən başqa, digər ixtilaflı məsələlərə
toxunulmamışdır. Kitabın bu xüsusiyyəti oxucunun fikrini müəyyən bir məsələ
üzərində cəmləşdirməyə imkan verir;
sifətlərlə
bağlı ayələrdə Allahın hökmləri ilə ziddiyyət təşkil edən təhrif və
yozmalardan qaçınaraq, sələfin yoluna əsaslanılmışdır;
ayələrin nişan
verdiyi fayda və hökmlərdən çıxarılan nəticələrə dair incəliklər barədə; xüsusilə,
bu özəllik “Sad” surəsindəki Davud (ə) və Süleyman (ə.) hekayətlərində və
“Maidə” surəsində dəstəmaz alınması ilə bağlı ayədə daha bariz şəkildə özünü
göstərir. Müəllif bu ayədən əlli hökm çıxarmışdır;
bu əsər təfsir
və gözəl əxlaqa dair təlim-tərbiyə vasitəsidir. Bu, “Əraf” surəsinin “Sən
bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər”[1] ayəsinin təfsirində
aydın görünür.
Məhz bu özəlliklərinə
görə, Quranın təfsiri kitabını almaq istəyən hər kəsə öz kitabxanasında bu qiymətli
təfsir üçün yer ayırmasını tövsiyə edirəm.
Fövqəluca
Allahdan bu kitabın müəllifinə və onu oxuyanlara yararlı olmasını arzu edirəm.
Həqiqətən, O, Çoxsəxavətli və bərəkət Sahibidir. Muhəmməd Peyğəmbərə, ailəsinə,
səhabələrinə və Qiyamətə qədər onların ardıyca gedənlərə salavat və salam
olsun!
Muhəmməd əs-Saleh əl-Useymin
15 ramazan 1416-cı hicri ili
Abdullah b. Əbdüləziz b.
Aqil əl-Aqilin
MÜQƏDDİMƏSİ
Bismilləhirrəhmanirrəhim!
Həmd Allah
məxsusdur!
Sonra,
Şeyx Səd b. Fəvvaz əs-Sumeyl yanıma gələrək, böyük alim, şeyximiz Əbdürrəhman
b. Nasir əs-Səədinin (Allah ona rəhmət etsin) Təfsirindən bəzi nümunələr gətirdi.
Bu əsərin
təshih edilmiş əlyazmasını əldə etdikdən sonra, onu yenidən nəşr etdirmək istəyini
bildirdi.
Əsərin
orijinalını tədqiq edib ən düzgün, müəllifin yazdığı xüsusiyyətləri aşkar etməyi,
hədislərin nömrəsi və ilk rəvayətçilərinin üzə çıxarılmasını da nəzərə alaraq,
nöqsanlı ola biləcək halları və həm də daha əvvəlki nəşrlərdə gözdən qaçmış
çatışmazlıqları aradan qaldıracağına söz verdi.
Mən də
bu mübarək təşəbbüsünə görə ona təşəkkürümü bildirib uğur qazanması üçün dua
etdim.
Şübhəsiz
ki, Fövqəluca Allah bu təfsirin müsəlmanlar tərəfindən qəbulunu təmin
etmişdir.
Bu təfsir
Ərəbistanın Müqəddəs Quran radiosu ilə hər gün iki dəfə yayımlanır, məscidlərdə
camaata oxunur və alimlərin elmi silsilələrində tədris edilir. Bu təfsir dəfələrlə
nəşr edilməsinə baxmayaraq, təəssüflə qeyd etmək lazımdır ki, xətalardan və tədqiqatçıların
artırmalarından xilas olmamışdır.
Bu kitab təfsirlərin
ən faydalısı və ifadələrinin asanlığı ilə, ən yaxşı başa düşülənidir.
Bu təfsir
aydın mənalarla ifadə edilmiş, anlaşılması çətinlikdən və İsrail əfsanələrindən
uzaq, düzgün danışmaq və həqiqəti söyləmək baxımından müşkül olana toxunmayan
və ixtilaflardan bəhs etməyən bir kitabdır. Bu kitabın göstərilənlərdən daha əhəmiyyətli
olan bir xüsusiyyəti də, onun sifət ayələrini sələfin metodu əsasında, yozumdan
uzaq formada şərh etməsidir. Bütün bunlara, bəhs edilən çıxarılmış nəticələrə
və digər mənbələrə müraciət edilmədən, ayədə olan faydaların yerindəcə
xatırlanması, növbəti bir özəllik kimi ayrıca olaraq əlavə edilir.
Bu əsərin
gözəl əxlaqdan, Peyğəmbərin (s.ə.s.) şəriət qaydalarından xəbər verməsi özü-özlüyündə
qənaətbəxş bir məsələdir. Bütün bunlar asan və aydın sözlərlə ifadə edilmişdir.
Bu kitab hər kəsin anlaya biləcəyi bir səviyyədə olduğuna görə elm öyrənmək istəyənlərin
istifadə edəcəyi bir mənbədir. Şübhəsiz ki, bu, yaradılması çətin, başa düşülməsi
isə asan olan bir kitabdır. Uzun zaman idi ki, bu kitabın tərcümə edilməsini,
xüsusilə də ingilis dilinə çevrilməsini arzu edirdim və buna görə Allaha dua
etdim. Ümid etmək olar ki, Allah bu kitabı oralarda faydalı edər.
Bu əsər
İslam dini ilə tanışlığın çox təsirli bir vasitəsidir.
Müvəffəqiyyət
Allahdandır!
Abdullah b. Əbdüləziz əl-Aqil
Şeyx Bəkir b. Abdullah Əbu Zeydin
MÜQƏDDİMƏSİ
Mərhəmətli
və Rəhimli Allahın adı ilə
Həmd təkcə
Allaha məxsusdur! Peyğəmbərlərin sonuncusuna, ailəsinə, səhabələrinə və
onların yolu ilə gedən və Sünnəsinə sarılanlara salavat və salam olsun!
Sonra,
burada yazdığım nə müqəddimə, nə də təqdimatdır. Təkcə tərif və xeyrə işarə edən
bir yazıdır.
Bu hadisə
barəsində təəssüratımı oxucularla bölüşmək istəyirəm.
Təxminən
hicri 1380-cı illərdə bəzi xeyirxah insanların Şeyx Əbdürrəhman b. Nasir əs-Səədinin[2]
(Allah ona rəhmət etsin) 8 cilddən ibarət “Teysirul-Kərimur-Rəhman fi təfsiri Kəlamil-Mənnan”
adlı təfsirini tövsiyə etdiklərini eşidirdim. Çünki bu təfsir digərlərindən
aşağıdakı xüsusiyyətlərinə görə seçilməkdə idi:
Bu kitab,
etimad göstərilən və onda sələflərin yolu əks olunan bir əsərdir. O, səhih bir əsərin
və doğru-düzgün anlayışın qısa xülasəsini asanlıqla özündə əks etdirir.
Bu kitab
alimlər üçün xatırladan və elmə yeni gələnlər üçün isə öyrədəndir.
Daha sonra
digər alimlərin və elm öyrənən tələbələrin də məhz bu kitabı xüsusi olaraq
tövsiyə etdiklərini eşitdim.
Şeyx
Əbdürrəhmanın oğlu Abdullah (1405 ö.) mənə atasının bu əsərlərini hədiyyə
etmişdi:
Teysirul-Lətifil-Mənnan
fi Xülasəti Təfsiril-Quran;
əl-Qəvaidul-Hisan
li-Təfsirul-Quran;
Fəvaidu
Mustənbata min qissati Yusuf əleyhissalam.
Bu üç
kitabı oxudum və sətirlərində bu təfsirə yönəltmələr tapdım. Müxtəlif vaxtlarda
bu təfsirdən istifadə edirdim. 1418-ci ildə bir qrup dəyərli alimin hazırladığı
“ət-Təfsirul-Müyəssər” adlı kitabın Mədinədə olan Mushafuş-Şərif Kral Fəhd Nəşriyyat
Cəmiyyətinin çap etdiyi nüsxəsinin son araşdırmalarını apardığım vaxtlarda,
bəhs edilən təfsirin İbn Cərir ət-Təbəri (310 ö.) və Səədinin təfsirlərinə çox
böyük etimadla yanaşdığını gördüm. Bundan sonra Səədinin təfsirinə rəğbətim və
istəyim daha da artdı.
Səədinin
digər məziyyətlərindən biri də onun İbn Teymiyyə və İbn Qeyyimə (Allah onlara rəhmət
etsin) xüsusi münasibət bəsləməsi və kitabını onlardan əxz etdiyi faydalı seçmələrlə
bəzəməsi idi.
Səədi ayələrdən
məharətlə nəticələr çıxararaq kitabını asanlaşdırıb bizə təqdim etmişdir.
Məsələn,
“Bəqərə” surəsinin “Deyin: “Biz Allaha, bizə nazil olana...iman gətirdik...”
(136-cı) ayəsi[3] və “Maidə”surəsində keçən
dəstəmazla bağlı 6-cı ayə[4]
dediyimizə ən gözəl nümunədir.
Xüsusilə
peyğəmbərlər haqqında hekayətlərin sonunda qiymətli və faydalı nəticələr
çıxarmışdır... Əhzab surəsinin bir ayəsində[5] bu
incə və lətif mövzuya belə toxunulmuşdur: “Onlardan bir dəstə demişdi: “Ey
Yəsrib əhli! (Mədinənilər);
Din
qardaşlığını və İslam bağını atıb millətçilik çığır-bağırı salmaq cahillik əlamətlərindəndir.
Mən belə
faydalı nəticələr çıxaran başqa birisini hələ görməmişəm. Bu ayə, milliyyətçiliyin
İslama aid olmadığını bildirən daha üç ayəni də ehtiva edir.
Dərin
biliyi və bu sahədəki yetərli imkanlara malik olmasından bəhs etdikdən sonra,
onun gözəl həyat tərzinə nəzər salaq. Onun tərcümeyi-halında nümunəvi olması,
itaətətkarlığı, xeyirxahlığı və yaxşılığı, doğruçu və sağlam düşüncəli olması
üzə çıxır. Onun tərcümeyi-halında əksini tapmamış bir hadisə:
Məkkə xəzinələrindən
olan Siddiqə kitabxanasının sahibi Şeyx Əbdürrəhim Sadiq əl-Məkkinin (1408 ö.)
mənə izah etdiyinə görə, o, Şeyx Səədinin namaz qılmasının şahidi olmuş, onun
xuşusunu və Allaha bağlılığını bildirən şeylər görmüşdür. Alimlər Şeyx Muhəmməd
Həmid əl-Faqinin də (1379 ö.) Əhməd Şakir (1377 ö.) haqqında da belə dediyini rəvayət
edirlər:
“Namazı
tam xuşu içində, Allaha müti halda Əhməd Şakir kimi qılan bir adam görməmişəm”.
Biz də bu
böyük müfəssir alimin Şeyxülislam İbn Teymiyyənin (Allah ona rəhmət etsin) bu sözünə
uyğun əvəzini almasını diləyirik:
“Lədunni
elminə[6] gəlincə,
şübhəsiz ki, Fövqəluca Allah təqva sahibi olan vəlilərinin və saleh qullarının
qəlblərini, xoşlanmadığı şeylərdən təmizlənmələri və sevdiyi şeylərə riayət
etmələrinə görə, başqalarının qəlblərini açmadığı bir tərzdə açar.
Bu isə,
Əlinin (Allah ondan razı olsun) dediyi: “...Allahın Kitabı barədə quluna
verdiyi anlayış istisna olmaqla...” və bu əsərdə olduğu kimidir: “Bildiyinə əməl
edən insana, Fövqəluca Allah bilmədiyinin elmini də verir”.
Quranda bu
məsələyə bir çox ayələrdə toxunulmuşdur. Belə ki, Allah buyurur:
“...Əgər
onlar özlərinə verilən öyüd - nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar
üçün daha xeyirli və daha mükəmməl olardı ...və onları doğru yola yönəldərdik”
(Nisa, 4/66,68).
Ayrıca
olaraq Fövqəluca Allah Onun əmrlərini yerinə yetirənləri doğru yola yönəldəcəyini
bildirərərk belə buyurur:
“Allah
Onun razılığını axtaran şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir,
onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir” (Maidə, 5/16).
“Doğru
yolla gedənlərə gəldikdə isə, Allah onlara hidayətini artırar və onları
təqvalı olmağa müvəffəq edər” (Muhəmməd,
47/17).
“...Onlar
Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq” (Kəhf, 18/13).
“Bu Quran
insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yolu göstərən
rəhbər və mərhəmətdir” (Casiyə,
45/20).
“...Bunlar
Rəbbinizdən gələn aşkar dəlillər, iman gətirən bir camaat üçün doğru yolu göstərən
rəhbərlik və mərhəmətdir” (Əraf,
7/203) ... (əl-Fətava, 13/245).”[7]
Bu təfsir
haqqında yazımı qələmə alarkən yadıma Şeyx Əbdürrəhman əd-Dəvsəridən (1399
ö.): “Təfsirçidə axtarılan ən əhəmiyyətli şərt nədir?” – deyə soruşulduqda,
dediyi: “Qəlbi Quranla rahatlıq tapandır” kimi verdiyi cavabı düşdü.
Mən, Şeyx
Səədidə də bu şərtin olmuş olduğuna inanıram və həqiqətən onun dilindən belə
mənali çeşmələr axmışdır. Bu isə Allahın fəzilətindəndir.
Allah ona əvəzini
versin!
Beləliklə,
deyilmişdir ki: “Quranın mənasını təkcə təmiz qəlblilər anlaya bilərlər. O qəlblər
isə təqva sahiblərinin qəlbidir” (Bax: əl-Fətava, 13/245).
Fövqəluca
Allah Nəcdli alim Səədiyə bu sahədə ilk əsər yazanlardan olmasına görə xeyirlər
versin. Mən Nəcdli alimlər arasında Quranı bu gözəllikdə tam təfsir edən daha
bir başqasını tanımıram.
Həqiqətən
də, Fövqəluca Allah bu təfsirin müsəlmanlar arasında qəbul edilməsini və yer
üzünün hər tərəfinə yayılıb dəfələrlə nəşr edilməsini nəsib etdi.
Kitabın
bəzi nəşrləri:
1. Misir Sələfiyyə
mətbəəsi çapı. Kitabın bir hissəsi içindəki çatışmazlıqlarla birlikdə Şeyxin
yaşadığı dövrdə nəşr edilmiş, qalanı isə vəfatından sonra tamamlanmışdir.
O zamanın
mətbəə və nəşriyyat şərtləri çərçivəsində bu nəşrdə bəzi kəlmələr və cümlələr
çıxarılmış və nöqsanlar yaranmışdır.
2. Muhəmməd
Zuhri ən-Nəccarın tədqiqatı ilə Riyad Səədiyyə çapı. Bu şəxs nəşri kitaba aid
olmayan əlavələrlə korlamışdır. Onun ardıyca tələbəsi yazdığı “Kəşfus-sitar an
telfigi və talikin-Nəccar” adlı kitabında onu tənqid etmişdir.
3. Birinci
və ikinci əsas götürülərək çap edilən nəşrlər.
4. Daha
sonra düzəlişlər verilərək Nəccarın əlavələrindən təmizlənmiş nəşrlər çap
edilməyə başlandı.
5. Əlimizdə
olan bu nəşr iki xüsusiyyətilə önə çıxır. Birincisi, edilmiş yanlışlıqların və
nöqsanların təshih edilib düzəldilməsi.
İkincisi
isə, Nəccarın əlavələrindən təmizlənərək və iki əlyazması tutuşdurularaq,
başlıqlara ayrılmış mövzular və faydalar mündərəcatı yaradılmışdır. Bu nəşrin əsas
götürülməsi və qardaşlarımız tərəfindən müəyyən edilən düzəliş və mülahizələr
naşirlərə təqdim edilməlidir ki, növbəti çaplarda nəzərə alınıb düzəldilsin.
Bacarıq
Allahdandır!
Şeyx Bəkir
b. Abdullah Əbu Zeyd
8 şəvval
1421-ci hicri ili
MÜƏLLİFİN TƏRCÜMEYİ-HALI
(Bir tələbənin qələmindən)
Müəllifin
adı əş-Şeyx Əbu Abdullah Əbdürrəhman b. Nasir b. Abdullah b. Nasir Ali Səədidir,
Təmim qəbiləsindəndir. Əl-Qasım bölgəsinin şəhərlərindən biri olan Uneyzə şəhərində
12 Muhərrəm 1307-ci hicri tarixində dünyaya gəlmişdir. Onun cəmisi dörd yaşı
olanda anası vəfat etmiş, üç ildən sonra isə atası dünyasını dəyişmişdi. Uşaq
yetim böyümüş, lakin mükəmməl tərbiyə almışdı. Onun kəskin ağlı və biliklər əldə
etməyə olan böyük arzusu ətrafdakıların diqqətini cəlb etmişdi. Atasının
ölümündən sonra, o, Quranı öyrənməyə və onu əzbərləməyə başladı. On bir
yaşında olarkən, o artıq Quranı bütövlüklə gözəl tərzdə əzbər bilirdi. O, doğma
şəhərinin alimlərindən şəriət elmlərini öyrənir və Uneyzəyə gələn şəxslərin
mühazirələrinə gedirdi. Öz səyləri sayəsində hər bir şəriət elmini yaxşıca mənimsəməyi
bacardı və onun iyirmi üç yaşı tamam olanda o, şəriət elmlərini başqalarına tədris
etməyə başladı. Buna baxmayaraq, o, biliklərini dərinləşdirməkdən əl çəkmir
və vaxtını boş keçirmirdi. Hicri 1350-ci ilədək o, artıq öz şəhərinin görkəmli
alimlərindən biri olmağa nail olmuşdu, gənc tələbələr isə ancaq onun şagirdləri
sırasına düşməyə can atırdılar.
Müəllifin
müəllimlərindən bəziləri
İlk dəfə
ona Müqəddəs Quranı öyrədən müəllimi şeyx İbrahim b. Həməd b. Casir olmuşdur.
Əbu Abdullah müəlliminin Muhəmməd Peyğəmbərin (s.ə.s.) hədislərini gözəl bilməsindən
həmişə vəcdə gəlir və onun təqvalılığından və habelə yoxsullara göstərdiyi məhəbbətindən
və rəhmdilliyindən tez-tez danışardı. O, xatırlayırdı ki, bir dəfə soyuq qış
günlərinin birində şeyxin yanına bir kasıb gəlmişdi. Həmin gün müəllimin əynində
iki köynəyi vardı və onlardan birini çıxarıb, həmin şəxsə hədiyyə etdi,
baxmayaraq ki, özü varlı adam deyildi, o köynəyə özünün də ehtiyacı var idi.
Allah ona rəhmət etsin!
Əbu
Abdullahın digər müəllimi, ona İslam fiqhini, ərəb dilini və digər elmləri öyrətmiş
şeyx Muhəmməd b. Əbdülkərim əş-Şibal idi. Uneyzə şəhərinin sabiq hakimi şeyx
Salih b. Osman ona tövhiddən, Quran təfsirindən, fiqhin əsasları və
qanunlarından və həmçinin ərəb dilindən dərs demişdi. Öz biliklərinin ən çoxunu
məhz ondan əldə etmişdi və o ölənə qədər, onu getdiyi bütün yerlərdə müşayiət
edərdi.
Bunlarla
yanaşı o, şeyxlər Abdullah b. Ayidin, Səəbə əl-Kuveycirinin, Əli əs-Sənaninin
və Əli ən-Nasir Əbu Vadayın yanında da təhsilini artırmışdır. Sonuncu ona hədis
elmini, altı əsas hədis toplusunu və bir çox digər hədislıri öyrətmiş və onu
müvafiq şəhadətnamələrlə təltif etmişdi.
Onun müəllimləri
arasında məşhur alim Muhəmməd b. Əbdüləziz əl-Muhəmməd əl-Məəni də olmuşdur ki,
o, ona Uneyzədə dərs demişdir. Şeyx Muhəmməd əş-Şənqıti onun doğma şəhərinə gəldikdə
isə, o, onun Quranın şərhinə, hədis və terminologiyası haqqında elmə və həmçinin
ərəb dilinin qrammatikasına və morfologiyasına həsr olunmuş mühazirələrində
iştirak etmişdir.
Onun
xoşxasiyyətliliyi haqqında
Əbu
Abdullah çoxsaylı gözəl keyfiyyətlərə malikdi və olduqca təvazökar adamdı. O,
uşaqlar və qocalarla, varlılar və kasıblarla rəftarında özünü çox sadə
aparardı. O, vaxtının bir hissəsini onunla söhbət etmək istəyənlərə sərf edərdi
və bu söhbətlər isə həmişə dini səciyyə daşıyardı. O, dini və ictimai məsələləri
müzakirə etməyi sevərdi və qonaqları onun söhbətlərindən və xütbələrindən özləri
üçün faydalı nəticələr çıxarardılar. Hətta onun adicə söhbətləri belə çox vaxt
dini məclislərə çevrilərdi. O, müxtəlif insanlarla ümumi dil tapmağı bacarardı
və həmişə söhbətləri üçün elə mövzular seçərdi ki, onlar müsahiblərinə həm bu həyatda
və həm də Axirət həyatı üçün fayda gətirə bilərdi. Adamlar ona bir mübahisəni həll
etmək üçün müraciət etdikdə, o, elə bir ədalətli qərar çıxarardı ki, hər iki tərəfi
razı salardı.
Şeyxin
kasıblara, ehtiyacı olanlara və imkansız müsafirlərə rəhmi gələrdi və öz
imkanları daxilində onlara kömək əlini uzadardı. Münasib şərait yarandıqda, o,
xeyirxahlıq etmək istəyən insanları ehtiyacı olanlara yardım göstərməyə
çağırardı. O, həqiqətən namuslu, saf qəlbli, təmiz və başladığı hər hansı bir
işi vicdanla yerinə yetirən bir insandı.
Onu haqlı olaraq ən savadlı və ən ağıllı insanlardan biri sayırdılar. O, öz əlaçı
tələbələrinin təfəkkürünü itiləşdirməkdən ötrü onların arasında tez-tez
müzakirələr aparardı və hətta dini mətnləri yaxşı əzbərləyənlər üçün mükafat
təyin edərdi.
O, tələbələrinin
sonrakı dövr üçün təlimini davam etdirməkdən ötrü zəruri olan faydalı kitabları
seçərkən onların özləri ilə tez-tez məsləhətləşərdi. Həm də bu zaman, o,
şagirdlərinin əksəriyyətinin rəyinə üstünlük verər, rəylər bərabər olduqda isə,
özü qərar qəbul edərdi. Heç vaxt onun məşğələləri, hətta onlar uzun müddət
davam etsə də belə, tələbələrini usandırmazdı, çünki dərsində iştirak edənlərin
hər biri keçilən mövzulardan məmnun qalardılar. Allah, bizə və bütün iman
sahiblərinə öz vaxtımızı ən yaxşı istifadə etməkdə və puç olmayan xeyirxah əməllər
ehtiyatı qazanmaqda yar olsun!
Onun dərin
bilikləri haqqında
Şeyx İslam
hüququnun əsasları və hökmlərinə hərtərəfli bələd idi. Öz müəllimlərinin
getdiyi yolu davam etdirərək, o, gəncliyində Hənbəli fiqhi təliminin tərəfdarı
idi və bu dini məktəbin bir-neçə aliminin əsərlərini əzbərləmişdi. Elə o vaxt
İslam fiqhinə həsr etdiyi bir əsər və rəcəz ölçüsündə, təxminən 400 beytdən
ibarət şer yazmışdı. O, həmin əsərinə qısa şərh tərtib etmiş, amma sonralar onu
nəşr etdirməmişdi, çünki o əsər onun əvvəlki baxışlarını əks etdirirdi.
O, üzün
müddət İbn Teymiyyənin və onun şagirdi İbn əl-Qeyyimin və həmçinin çoxsaylı digər
müəlliflərin əsərlərini öyrənmişdi. Tövhid sahəsində, Quran təfsirində, şəriət
hüququnda və digər faydalı elm sahələrində dərin biliklər əldə edərək, o,
ancaq Hənbəli təlimi baxışlarına istinad etməyi tərk etdi və ancaq müqəddəs mətnlərə
əsaslanan rəyləri üstün tutdu. Buna baxmayaraq, o, bir sıra ifrata mübtəla olan
şəxslərdən fərqli olaraq, ənənəvi fiqh məktəblərinin tərəfdarlarına heç vaxt
həqarətlə yanaşmazdı. Allah bizə də həmişə doğru yol tutmaqda kömək olsun!
O, Quranın
təfsir edilməsi sahəsində böyük yüksəkliklərə nail oldu və bir sıra müxtəlif təfsirləri
öyrəndi, bu ecazkar elmi mənimsəyərək, Quranın bir-neçə cilddən ibarət gözəl şərhini
yazdı. Bu əsər xüsusi hazırlıq görülmədən yazılmışdır, çünki müəllifin nəinki
daha geniş və təfərrüatlı şərh yazmaq üçün və hətta başqa əsərlər yaratmaq
üçün də kifayət qədər vaxtı yox idi. O, çox vaxt ayələri birbaşa dərsdə
hazırlıqsız təfsir edir və şagirdlərinə Quran ayələrinin mənasını və faydasını
açıqlayırdı. O, ayələrin əsil mənalarını dərk etməyə, onların əsasında çoxlu
faydalı nəticələr çıxarmağa nail
olmuşdu və məhz buna görə onun dinləyiciləri heç vaxt müəllimlərinin susmasını
istəmirdilər, çünki onun nitqi valehedici, dəlilləri və nəql etmə üsulu isə
inandırıcıydı. Onun mühazirələrində iştirak edən və ya onunla birlikdə şəriət məsələlərini
müzakirə edənlər onun hərtərəfli dərin biliklərinin şahidi olurdular. Eyni
fikri onun əsərləri və fitvaları ilə tanış olan hər bir şəxs haqqında demək
olar.
Müəllifin
əsərləri
1. “Mərhəmətli
və Rəhimli olandan asanlaşdırma” Müqəddəs Quranın təfsiri. Bu kitab üzərində
iş 1344 h. ilində bitirilmişdir.
2. “Hənbəli
məktəbinin istifadə etdiyi bütün kitablarını tamamlayan şəriət hüququnun təfsiri”.
Bu əsər nəşr olunmamışdır.
3. “Ən
qısa və yüngül yolla şəriət hüququnu öyrənən ağıllı və sağlam düşüncəli insanlar
üçün təlimat”. Suallar və cavablar formasında tərtib edilmiş bu kitab “Mətbəət ət-tərəqqi”
nəşriyyatı tərəfindən 1365-ci hicri ilində Dəməşqdə müəllifin vəsaiti
hesabına nəşr edilmişdir və pulsuz paylanmışdır.
4.
“İslamın üstünlüklərinin qısa izahlı incisi”. Bu kitab “Mətbəət Ənsar əs-Sünnə”
nəşriyyatında 1366-ci h. ilində çap edilmişdir.
5. “Dövrə
uyğun gələn faydalı xütbələr”. Şeyx öz şəhərində xütbə demək haqqına malik
olduqdan sonra, o, hər cümə və bayram günlərində öz zamanına uyğun olan və insanların
başa düşməsinə ehtiyac duyduqları mühüm məsələlərə aid xütbələrlə çıxış etməyə
çalışırdı. Sonralar o, bu xütbələri toplayaraq öz vəsaiti hesabına əvvəlki
kitabla birlikdə “Mətbəət Ənsar əs-Sünnə” nəşriyyatında çap etdirmiş və pulsuz
paylamışdır.
6.
“Quranın təfsirinin gözəl prinsipləri”. Bu kitab da “Mətbəət Ənsar əs-Sünnə” nəşriyyatında
1366-cı h. ilində nəşr olunmuş və pulsuz paylanmışdır.
7. “Dinin,
onun daşıyıcılarının və ardıcıllarının əl-Kuseyminin iftiralarından qorunması”.
Bu kitab “Dar əl-Kutub əl-Ərəbiyyə” nəşriyyatında Hicazda məşhur olan şeyx Muhəmməd
Əfəndi Huseyfanın ianəsi hesabına 1366-cı h. ilində nəşr edilmişdir.
8. “Açıq və
aydın həqiqət və ya peyğəmbərlərin və elçilərin tövhidinin təfsiri”.
9.
“İnandırıcı və qənaətbəxş izah”. Bu kitab şeyx İbn əl-Qeyyimin “ən-Nuniyyə”
adlı qəsidəsinə yazılmış şərhdir.
10. “Müsəlmanlar
arasında qarşılıqlı köməyin zəruriyyəti və dini mübarizə məsələsi”. Son üç
kitab Qahirədə “əl-Mətbəə əs-Sələfiyyə” nəşriyyatında müəllifin vəsaiti
hesabına nəşr olunmuş və pulsuz paylanmışdır.
11.
“Tövhidin məqsədləri haqqında sağlam söz”. Bu kitab Misirdə “Mətbəət əl-İmam” nəşriyyatında
şeyx Əbdülmöhsün Əbu Battının ianəsi hesabına 1367-ci h. ilində nəşr olunmuş.
12. “İslam
hüququ prinsiplərinin qısa izahı”. Nəşr olunmamışdır.
13.
“Quranın təfsirinin mahiyyəti haqqında Bəsirətlidən yüngülləşdirmə”. Bu kitab
“Mətbəət əl-İmam” nəşriyyatında müəllifin və bir qrup xeyriyyəçinin ianələri
hesabına nəşr olunmuş və pulsuz paylanmışdır.
14. “Çiçəklənən
bağlar”. Bu kitab ilk dəfə olaraq “Mətbəət əl-İmam” nəşriyyatında çap
olunmuşdur.
Şeyxin
çoxsaylı yazılı qeydləri və onun Uneyzə və digər vilayətlərin sakinlərinin
suallarına verdiyi cavabları qorunub saxlanılmışdır. Bundan başqa, onun əlinə
düşmüş müxtəlif kitabların kənarlarında qeydlər vardır. Onun üçün yazmaq heç
bir çətinlik törətmirdi və buna görə də onun çoxlu fitvaları və əsərləri böyük
topludan ibarətdir. O, məşhur İbn Əbdülqavinin poetik əsərinin üzünü köçürmüş və
ona şərh yazmaq niyyətində idi, sonra bunun çətin olacağı qərarına gəldi və onu
“əl-İnsaf” kitabı ilə birləşdirdi və onları öz əli ilə köçürmüşdü ki, insanlar
asanlıqla oxuya bilsinlər. Bu əsəri xatırlatdığımız şerlərə şərh kimi
adlandırmaq olardı, lakin biz bunu onun əsərlərinə aid saymadıq.
Əsərlərini
yazarkən şeyxin ən ali məqsədi bilikləri yaymaq və haqqa dəvət etmək idi və
buna görə də o, hər cür imkandan istifadə edərək, əsərlərini nəşr etdirməyə
çalışırdı. O, bunların vasitəsilə keçici dünyəvi nemətlər əldə etməyə və
varlanmağa can atmırdı. O, kitablarını pulsuz paylayır ki, bütün bilik arzu edənlərə
faydalı olsun. Qoy Allah İslam və bütün müsəlmanların adından ona savab versin,
bizi isə ancaq xeyirxah əməllər işlətməyə yönəltsin!
Şeyxin vəfatı
Öz həyatını
bütünlüklə elmə həsr edərək, Əbu Abdullah Əbdürrəhman b. Nasir əs-Səədi 69
yaşında vəfat etdi. Bu, onun doğma şəhərində 1376-cı hicri ilində baş verdi.
Allah ona rəhmət etsin!
ŞƏRHÇİNİN ONLARSIZ KEÇİNƏ BİLMƏYƏCƏYİ
QURAN TƏFSİRİ QAYDALARI
İsim
inkaredici, qadağanedici mətndə, sualda və ya şərti cümlədə qeyri-müəyyən halda
işlədildikdə, o, ümumi məna daşıyır və yiyəlik halla müəyyənləşdirilən söz tək
sayla işlədildikdə də, o, yenə ümumi məna kəsb edir. Buna nümunələr olduqca
çoxdur. Əgər sən, yuxarıda sadaladığımız mətnlərin hər hansı birində qeyri-müəyyən
halda olan isimlə və ya tək sayda müəyyən yiyəlik halında müəyyən formada olan
isimlə rastlaşsan, ayədən çıxarılan istənilən nəticələri, onun nazil olduğu səbəblə
özünü məhdudlaşdırmayaraq, düzgün saya bilərsən, çünki bu halda ayənin nazil
edilməsinin konkret səbəbi deyil, onun ümumi mənası əhəmiyyət kəsb edir.
Baş verən
və baş verəcək bütün hadisələri və hərəkətləri sən Quranın ümumi məna daşıyan
ayələri ilə müqayisə etməlisən və məhz onda sənə aydın olacaq ki, Quran mövcud
olan hər şeyi izah edir. Hər hansı bir hadisənin hər hansı bir şəraitdə baş
verməsinə baxmayaraq, Quranda onların izahı və şərhi hökmən tapılacaqdır.
Təfsirin əsas
müddəalarına həmçinin aid olan törəmə sözlərin və ya əşya qruplarının qabağında
müəyyən artikllərin qoyulmasıdır. Belə ayə özündə hər hansı mümkün ola bilən mənanı
ifadə edir.
Ümumi
anlayışlara aid olanlar – Quranın Tək Allaha imanı təbliğ etməsində və Onun
adları, sifətləri və əməlləri vasitəsilə dərk etməyə yardım göstərməsindədir.
Bütün bunlar sübut edir ki, Allah – Vahid Rəbdir və kamil sifətlərə malik olan
misilsiz Hökmdardır. Müqəddəs Qurana uyğun olaraq Allah və Ona ibadət haqdır,
amma qalan digər tanrıçalara ibadət yalan və faydasızdır. Bununla əlaqədar
olaraq, Quran Allahdan başqa ibadət olunanların hərtərəfli qüsur və çatışmazlıqlarını
üzə çıxardır.
Quran həm
də Muhəmməd Peyğəmbərin (s.ə.s.) gətirdiyi hər şeyin gerçəkliyini və doğruluğunu
xüsusilə vurğulayır və həmin biliklərin mükəmməlliyini və düzgünlüyünü, onun
hekayətlərinin həqiqiliyini və hökmlərinin gözəlliyini izah edir. Quran,
Allahın Elçisinə (s.ə.s.) xas olan bəşər kamilliyini göstərir. Ona qədər
yaşayanlardan belə yüksəkliyi qazanmaq heç kimə nəsib olmamışdı və ondan sonra
dünyaya gələnlərə də nəsib olmayacaqdır. Quran bütün kafirlərə meydan oxuyur və
onlara, əgər onlar doğru danışanlardırsa, bu Kitaba bənzər bir şey yazmalarını
təklif edir.
Elçinin
(s.ə.s.) doğruçuluğu Allahın şəhadəti ilə təsdiq olunur ki, bunlar da Onun sözlərində,
əməllərində və Peyğəmbərinin (s.ə.s.) hərəkətlərini bəyənməsində öz əksini
tapır. Allah onun (s.ə.s.) doğruçuluğunu sübut və dəlilləri ilə və habelə ona
göstərdiyi köməklə və bəxş etdiyi qələbə ilə təsdiq etmişdir. Bu, qərəzsiz üləmalar
tərəfindən də təsdiq edilir. Quran bu barədə xəbər verərək, onun gətirdiyi həqiqi
hekayətləri və hökmlərini, onu yalançı adlandıran düşmənlərinin yalançı
nağılları və qüsurlu qanunları ilə müqayisə edir. Bunlar da onun (s.ə.s.) göstərdiyi
müxtəlif səpkili möcüzələrlə öz təsdiqini tapır.
Allah
dirilmənin həqiqiliyini izah edərkən, Özünün kamil qüdrəti ilə göyləri və yeri
yaratmasını xatırladır. Axı onları yaratmaq, həqiqətən, insanı yaratmaqdan
daha mürəkkəbdir. O, bunu həm də onunla izah edir ki, məxluqu yaradan, onu,
xüsusi zəhmət çəkmədən bir daha təkrar yaratmağa qadirdir, cansız yerə həyat
verən, ölü insanları diriltməyə də qadirdir. Allah xatırladır ki, müxtəlif
xalqlar elə bu dünyada ikən ibrətamiz cəzalara layiq görülmüşdülər, çünki bu, Axirət
dünyasında veriləcək əvəzin necə olacağı nümunəsi idi.
Allah
dinin üstünlüyünü xatırladaraq bütün yalan tərəfdarlarını, kafirləri, bütpərəstləri
və allahsızları iman gətirməyə çağırır və bəyan edir ki, din düzgün baxışlar, nəcib
əxlaq və saleh əməllər öyrədir. Bu məqsəd üçün O, Özünün əzəmətindən, hökmranlığından
bəhs edir və Özünün böyük mərhəmətini yada salır və bildirir ki, əgər O, Təklikdə
mütləq kamilliyə malikdirsə və Öz qullarını lütfü ilə mükafatlandırırsa, onda,
Ondan başqa heç kim qullarının ibadətinə layiq deyil. Yalan tərəfdarlarına gəldikdə
isə, öyrənilməsi və nəzərdən keçirilməsi zamanı onların baxışlarının
islahedilməz, qüsurlu olması və nəticələrinin isə dəhşətli mahiyyəti üzə çıxır.
Təfsirin əsas
müddəalarına həm də sənin gözəl ayələrin mənalarını onların uyğunluğuna və məzmunlarına
görə aydınlaşdırdıqların da daxildir və sən bilməlisən ki, bu mənalardan məcburi
nəticələr, onların məcburi əlavələri, onların şərtləri və onların nəticələri bu
mənalarla bərabər nəzərdən keçirilməlidir. Əgər hekayət əlavələrsiz bitmiş alınmırsa,
onda o, onlarla birlikdə baxılmalıdır. Əgər hökm əlavəsiz bitkin hesab
olunmursa, onda o da bu hökmlə birlikdə gözdən keçirilməlidir.
Bilmək
yerinə düşərdi ki, əgər bəzi ayələr ziddiyyətli və bir-biri ilə uyuşmayan kimi
görünsə də, əslində onların arasında heç bir təzad yoxdur. Əksinə, onları
bir-biri ilə müvafiq qaydada müqayisə etmək lazımdır. Həm də bilmək vacibdir
ki, əlavələrin və digər asılı sözlərin buraxılması ayənin ümumi məna daşıdığını
göstərir. Bu, bəzi sözlərin buraxılmasının böyük hikmətlərdən biri olmasını
bildirir. Lakin sözlərin mətndən irəli gəlməyən buraxılışı yolverilməzdir. Bir
də bilmək lazımdır ki, əgər hökmlər müəyyən şərtlər və şəraitlə konkretləşdirilmişdirsə,
onda bu konkret şərtlər hökmün qüvvəyə minməsi üçün zəruridir.
Hər hansı
bir hökm onun əksinin həyata keçirilməsinin qadağan olunduğunu və hər hansı
qadağa da[8] zidd
olan bir hərəkətin icrasına verilmiş hökmü nəzərdə tutur. Əgər Allah Özünü tərifləyərək,
Onda hər hansı bir çatışmazlığın olmasını inkar edirsə, bu o deməkdir ki, O, həmin
əskikliklərə zidd olan kamil keyfiyyətləri təsdiq edir. Əgər O, Öz elçilərini
və ya əməlisaleh dostlarını tərifləyərək, onlarda hər hansı bir çatışmazlığın olmasını inkar edirsə, bu o
deməkdir ki, onlar bu çatışmazlığa zidd olan tərifəlayiq keyfiyyətlərə malikdirlər.
Beləliklə də, Cənnətdə qüsurların olmasının inkar edilməsi, ona tamamilə əks
keyfiyyətlərin xas olmasını sübut edir.
Ümumi məfhumlara
aid olanlar sırasına həmçinin haqqın izah edilməsi və aydınlaşdırılması daxildir.
Çünki bu halda, yəni izah edilmiş və aydın olanın barəsində elmi mübahisələrdə
yenidən höcətləşmək, ona etiraz etmək qətiyyən yolverilməzdir. Əslində, ona
qarşı istənilən müqavimət əbəsdir və istənilən mübahisələr faydasızdır.
Quranın rədd
etdiyi hər hansı məfhum ya mövcud olmayandır, ya da mövcudluğuna baxmayaraq,
heç bir fayda verməyəndir. Şübhəli ehtimallar aydın biliklərə qarşı dura bilməz,
naməlum hallar isə təsdiq olunmuş faktlara qarşı güc gələ bilməz və haqqa
aid olmayan nə varsa – yanlışlıqdır.
Allah
Quran ayələrinin çoxunda iman və saleh əməllər haqqında bəhs edir
və onları bu dünyada və Axirətdə veriləcək əvəzlə əlaqələndirərək, onların
çoxsaylı xeyirli nəticələri barədə xəbər verir. İman adı altında Allahın və
Onun Elçisinin (s.ə.s.) inanılmasına hökm verdikləri və əməllərlə təsdiq
olunan hər şeyə möhkəm əminlik nəzərdə tutulur. Əməlisaleh əməllər dedikdə isə
Allahın və Onun qullarının qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi
başa düşülür. Allah təqvalı olmağı əmr etmiş, təqvalı qullarını tərifləmiş və
nemətlər əldə edilməsini və xoşagəlməzliklərdən xilas olunmağı bu keyfiyyətlə
əlaqələndirmişdir. Ən kamil təqvalılıq Allahın hökmlərinin və Onun Elçisinin
(s.ə.s.) əmrlərinin yerinə yetirilməsi, onların qadağanlarından qaçınılması və
onların sözlərinin doğruluğuna iman gətirilməsidir.
Əgər Allah
eyni zamanda həm təqvalılığı və həm də xeyirxahlığı xatırlayırsa,
onda təqvalılıq adı altında hər hansı itaətsizlikdən çəkinmək, xeyirxahlıq adı
altında isə saleh əməlləri yerinə yetirilmək ehtiva edilir. Bu anlayışlar
ayrı-ayrılıqda işləndikdə isə, onların hər biri digərini özündə əks etdirir.
Allah
Quranın çox yerində doğru yol tərəfdarı olmağın zəruriyyətini qeyd
edir və belələrini tərifləyir. O, xəbər verir ki, məxluqlarını düzgün yola yönəltmək
haqqı təkcə Ona məxsusdur və bizə əmr edir ki, Ondan bizi bu yola yönəltməsini
diləyək və bu məqsədə nail olmağa səbəb olan bütün əməlləri yerinə yetirək.
Bütün bunlar düzgün biliklər əldə etmək və saleh əməllər həyata keçirmək vasitəsilə
doğru yolla getməyə aiddir. Ancaq doğru yolla gedənlər, haqqı tanıyanlar ona
uyğun olaraq davranırlar. Bunun əksi isə aldanmaq və yoldan azmaqdır. Həqiqəti
bilərək, ona uyğun hərəkət etməyən – aldanmışdır, həqiqəti bilməyərək hərəkət
edən isə azmışdır.
Allah yaxşı
işlər görməyi əmr edir və xeyirxah qullarını tərifləyir. Onların
mükafatlandırılacağı ayələrin çoxunda bildirilir. Xeyirxah o şəxsdir ki,
o, Allaha, sanki Onu görürmüş kimi ibadət edir, çünki əgər hətta o, Onu görmürsə
də, O, onu görür. Bundan başqa, xeyirxah insan əlindən gələn hər şeyi ona görə
edir ki, yaradılmışlara maddi və fiziki fayda verə və həmçinin sözlə kömək edə
bilsin.
Allah səhvləri
düzəltməyi əmr etmiş, belə davrananları tərifləmiş və bildirmişdir ki, O,
onların mükafatlarının itməsinə yol verməyəcəkdir. Səhvlərin düzəldilməsi
dedikdə insanların baxışlarının, əxlağının və əməllərinin islah edilməsi
düşünülür ki, onlar möminliyin ən yüksək səviyyəsinə nail ola bilsinlər. Bu ad
altında həmçinin insanların ruhani və dünyəvi həyatının qaydaya salınması,
ayrı-ayrı insanların və ümumiyyətlə cəmiyyətin islah edilməsi nəzərdə tutulur.
Bunun tam əksi fasiqliyi yaymaqdır. Allah onun yayılmasını qadağan etmişdir və
onu yayanları qınayaraq, onlar üçün hazırlanmış çoxsaylı cəza növləri
haqqında xəbər verir. O, həm də bildirir ki, belə adamların dini və dünyəvi həyatı
ilə bağlı əməllərini islah etmir.
Allah əqidəli
olmağın üstünlüyünü xüsusilə qeyd edir, etiqad sahibi olan insanları tərifləyir
və bildirir ki, məhz onlar Quran ayələrindən və kainatdakı möcüzələrdən
faydalanırlar. Etiqad - bilik formalarından biridir. O, meyvələri əməllər və
inam olan mükəmməl bilikdən ibarətdir.
Allah səbirliliyi
əmr edir və səbirli qullarını tərifləyir. Onların bu dünyada və Axirət aləmində mükafatlandırılacağı bir çox ayələrdə xatırlanır.
Bu barədə, təxminən, doxsan yerdə qeyd olunmuşdur. Səbirliliyin üç forması
vardır: Allaha səbirlə itaət və Onun hökmlərini kamilliklə hərtərəfli yerinə
yetirmək; səbirlə günahlardan çəkinmək və pislik etməyə can atan nəfsini itaətsizlik
göstərməkdən saxlamaq və taleyin dəyişkənliklərini səbirlə və mütiliklə
qarşılayıb dözümlülük göstərərək, nə dili, nə qəlbi və nə də bədəni ilə
narazılıq bildirməmək.
Allah minnətdarlıq
etməyin üstünlüyünü vurğulayaraq, minnətdar qullarının mükafatlandırılacağını
xəbər verir. O bildirir ki, onlar həm bu dünyada və həm də Axirətdə ən ləyaqətli
məxluqlardır. Minnətdarlıq dedikdə, Allahın bütün nemətlərini etiraf etmək,
onlara görə və onlardan Allah xatirinə istifadə üçün Ona həmd və şükür etmək, təriflər
söyləmək nəzərdə tutulur.
Allah bir
çox yerdə qorxu və vahimədən bəhs edir və əmr edir ki, Ondan
qorxsunlar və bu keyfiyyətə malik olanları tərifləyir. O, Ondan qorxanları
mükafatlandıracağını bildirir və qeyd edir ki, məhz təqva sahibləri Onun ayələrindən
faydalı nəticələr çıxarır və qadağan etdiklərindən uzaq dururlar. Allahdan
qorxmanın mahiyyəti qulun Allahın qarşısında dayanacağı anın və Onun əzəmətinin
təhlükəsindən ibarətdir və bu qorxu hissi onu Onun qadağan etdiyi hər şeydən çəkindirir.
Ümid kəlməsinə gəldikdə isə, bu məfhumla sözün geniş mənasında
Allahın mərhəmətinə və Onun qullarına yönəltdiyi xüsusi lütfkarlığına inam bəsləmək
nəzərdə tutulur. İnsan ümid etməlidir ki, onun, Allahın mərhəməti sayəsində
yerinə yetirdiyi xeyirxah əməllərini Allah ondan qəbul edəcək və tövbə etdiyi
günahlarını da bağışlayacaqdır. O, öz ümidlərini bütün hallarda Rəbbi ilə
bağlamalıdır.
Bir çox
yerlərdə Allah Ona dua müraciət etmənin zəruriliyini də xatırladaraq, belə edənləri
tərifləyir. Bütün hallarda, əgər insanın qəlbi Allaha can atırsa, o, gerçəkdən
də Ona müraciət edir. Əgər insana sevinc nəsib olursa, o, Allaha üz tutaraq öz
minnətdarlığını bildirir. Onun qismətinə bədbəxtlik düşdükdə, o, Rəbbinin
qarşısında taleyinə boyun əyir. O, ehtiyac duyduqda tez-tez Ona dua edir.
İnsan, hər an Allahı xatırlayaraq, Ona müraciət edir.
Allaha müraciət
adı altında bütün günahlardan tövbə edilməsi və bütün əməllərin və düşüncələrin
vasitəsilə Ona can atılması başa düşülür. Bunun üçün bütün əməlləri və sözləri
Allahın Kitabı və Onun Elçisinin (s.ə.s.) Sünnəsi müqayisə etmək və onları
İslam şəriətinin meyarı etmək lazımdır.
Fövqəluca
Allah səmimiliyi əmr edir, səmimi qullarını tərifləyir və bildirir ki,
O, ancaq Onun xatirinə səmimiyyətlə yerinə yetirilmiş əməlləri qəbul edir. Səmimiyyət
o zaman təbii olur ki, qul etdiyi əməlləri ancaq təkcə Allahın razılığını
qazanmaq və mükafatına layiq görülmək üçün etmiş olsun. Bunun tam əksi, özünü
gözə soxmaq, şöhrətpərəstlik və mənfəət güdülən məqsədlər xatirinə görülən
işlərdir.
Allah təkəbbürlük
göstərməyi qadağan etmişdir və, onu ifşa edərək, təşəxxüs satan dikbaş adamları
qınayır. O, onların həm bu həyatda və həm də ölümdən sonra cəzalandırılacağını
xəbər verir. Təkəbbürlülük, haqdan boyun qaçırmaq və məxluqlara etinasızlıqla
yanaşmaq deməkdir. Bunun tam əksi – təvazökarlıq və itaətkarlıqdır.
Allah təvazökar və müti olmağı buyurur, bu keyfiyyətlərə malik olanları tərifləyir
və onları mükafatlandıracağını bildirir. İtaətkar qul haqqı təbliğ edənlərin
hamısından onu qəbul edir və başqa yaradılmışlara nifrət bəsləmir. Əksinə, o,
onların üstünlüklərini etiraf edir və özü üçün istədiyini onlara da arzu edir.
Ədalətlilik dedikdə, Allah qarşısında və Onun qulları qarşısında
öz vəzifələrini yerinə yetirmək nəzərdə tutulur. Onun əksi, ədalətsizlikdir.
Bu anlayış – qulun özünün özünə günah işlətmək vasitəsilə ədalətsizlik etməsini,
Allaha şərik qoşmasını və digər qulların həyatına, malına və namusuna təcavüz
etməsini əks etdirir.
Doğruçuluq
– insanın daxili aləmi ilə zahiri davranışının
eyni dərəcədə hidayət yoluna sadiq qalmasıdır. Bunun əksi, yalançılıqdır.
Allahın
hədləri dedikdə, Onun qadağaları nəzərdə
tutulur ki, bunlar da Fövqəluca Allahın aşağıdakı buyruğunda öz əksini tapmışdır:
“...Bunlar Allahın sərhədləridir, onlara yaxınlaşmayın!...” (Bəqərə,
2/187). Bəzən, bu ad altında Allahın yol və icazə verdikləri, müəyyənləşdirdiyi
və əmr etdikləri nəzərdə tutulur. Bu məna aşağıdakı ayədə öz əksini tapmışdır:
“...Bunlar Allahın hüdudlarıdır, onları aşmayın!...” (Bəqərə, 2/229).
Sədaqət məfhumu altında – qula saxlamağa etibar edilən bütün
şeylər nəzərdə tutulur. Bu anlayış, özündə Allah qarşısında, xüsusilə,
insanların nəzərindən gizlədilən, vəzifələrin və həmçinin Onun məxluqları
qarşısında vəzifələrin yerinə yetirilməsini əks etdirir.
Müdriklik və səbatlılıq adı altında layiqincə yerinə
yetirilən müvafiq əməllər başa düşülür.
İsrafçılıq və bədxərclik – vəsaitlərin həddən ziyadə sərf
edilməsidir. Bunu əksi xəsislik və simiclikdir. Bu keyfiyyətlər
maddi məsuliyyət daşımaqdan boyun qaçırmağa dəlalət edir.
Bəyənilən dedikdə, şəriətin və idrakın gözəl və faydalı saydığı
şeylər nəzərdə tutulur. Onun əksi qınanılandır.
Doğru
yolla getmək dedikdə, dönmədən Allaha
və Onun Elçisinə (s.ə.s.) itaət etmək nəzərdə tutulur.
Qəlb xəstəliyi
iki cürdür: haqqa şübhə etmək və
haramlara coşqunluqla can atmaq.
İkiüzlülük
– özünü gözə soxmaq üçün nümayişkərana
yaxşılıq etmək və şər əməli gizlətməkdir.
Quran
bütövlükdə Aydın Kitabdır. Onun ayələri elə izah edilmişdir ki, onlar hamısı
hikmətə uyğun, onlardakı hekayətlər ən yüksək dərəcədə doğru və onlardakı hökmlər
ən ali səviyyədə gözəldir. Quran ayələri hamısı bəlağətli və gözəl olmaq
baxımından bir-birinə oxşayır, bir-birini təsdiq edir və ən kamil tərzdə
bir-birinə uyğun gəlir.
Eyni
zamanda bəzi ayələr mənaca aydın olduğu halda, digərləri mütəşabehdir[9]. Mütəşabeh
ayələr ümumi məna kəsb edə və ya mümkün olan təfsirlərdən ancaq birinə müvafiq
gələ bilər. Aydın ifadə edilmiş ayələr tamamilə açıq və anlaşıqlı mənaya malik
olur. Onları mütəşabeh ayələrlə müqayisə etdikdə, aralarında heç bir ziddiyyət
yaranmır və onların əsil mənası aydınlaşır.
Quranda
qeyd edilmiş Allahın məxluqlarının yanında olması iki növdür.
Birinci növə aid – Onun mütləq elmi və məlumatlılığı ilə nail olunan ümumi
olmadır. O, Öz qullarının harada olmasından asılı olmayaraq, onların
yanındadır. İkinci növ isə, xüsusi olmaya aiddir. Bu zaman Allah Öz
hüzuru ilə seçilmiş məxluqlarına kömək edir, mərhəmət göstərir və onları
qoruyur.
Namaz və
dua ibadət məqsədi ilə yerinə yetirilən
ayinlərdir. Allahın və Onun Elçisinin (s.ə.s.) buyurduğu bütün ibadət ayinləri
onların gerçəkləşdirilməsi vasitəsi ilə həyata keçirilir. Bu ayinlərə həmçinin
xeyir əldə etmək və şərdən xilas olmaq üçün edilən dualar da daxildir.
Xeyirli ifadəsi altında hər cür gözəl və faydalı olan, o cümlədən,
dini etiqad, əxlaq prinsipləri, əməllər, yeməklər, içkilər və ya qazanılmış var-dövlət nəzərdə tutulur.
Bunun ziddi – pisdir. Bəzən pis sözü ilə hər cür yaramaz şeylər, xeyirli
sözü ilə bütün yaxşı şeylər ifadə edilir. Həmin mənada bu söz aşağıdakı ayədə
istifadə edilmişdir: “Ey iman gətirənlər! Qazandığınız və sizin üçün
torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yolunda xərcləyin.
Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə
çalışmayın...” (Bəqərə, 2/267).
İanələr və məsrəflər adı altında həm məcburi xərclər,
məsələn, zəkat, fidyə, maddi cəhətdən özünü təmin etmə, ailəni və qulları
saxlamaq üçün xərclər və həm də nafilə xərclər, məsələn, istənilən xeyriyyə məqsədləri
üçün çəkilən xərclər nəzərdə tutulur.
Allah
buyurur ki, Ona təvəkkül edilsin və Ondan yardım dilənsin. Allaha
təvəkkül edən qulların ünvanına tərif edilməsinə bir çox yerlərdə rast gəlmək
mümkündür. Təvəkkülün mahiyyəti ondan ibarətdir ki, insan bütün varlığı ilə
Allahın ona xeyir bəxş edəcəyinə və onu bütün dini və dünyəvi işlərində şərdən
qoruyacağına ümid bəsləyir və qarşıya qoyduğu məqsədə nail olacağına möhkəm
inanır.
Allah
ağılın üstünlüyünü xüsusilə qeyd edir, dərrakəli insanları tərifləyir və
bildirir ki, məhz onlar Onun ayələrindən ibrət alırlar. Ağıl insana, ona fayda
verə biləcək haqqı dərk etməkdə kömək edir və insan da ona uyğun olaraq
davranır. O, zərər verən hər şeydən çəkinməyə kömək edir. Ağılı “hicr” (“maneə
olmaq” felindən törəmədir), “lubb” (“fərasətli olmaq” felindən törəmədir),
“nuha” (“qadağan etmək” felindən törəmədir) sözləri ilə adlandırırlar. Bunun səbəbi
isə ondan ibarətdir ki, ağıl insanı ona zərər vura bilən şeylərdən saxlayır.
Bilik doğru yol haqqında sübut və dəlillərlə təsdiq olunmuş
məlumatlılıq adlandırılır. O, faydalı biliklərdən və zəruri məsələlərdən,
onların dəlillərini və onlara aparan yolları bilməkdən ibarətdir. Faydalı olan
- həqiqət haqqında bilik və ona uyğun əməllərin həyata keçirilməsidir. Onun əksi
– cahillik, nadanlıqdır.
Ərəb sözü
olan “ümmə” Quranda dörd mənada işlədilir. Çox vaxt o söz “insanı qrupunu”, bəzən
isə, “ara vaxt”, “din”, “yaxşı işlərdə təqlid ediləsi nümunə” mənalarını ifadə
edir.
Ərəb feli
“istəvə” Quranda üç mənada işlədilir. Əgər ondan sonra yüksək vəziyyət bildirən
ön şəkilçi qoyulursa, o, “ucalmaq”, “qalxmaq” mənalarını bildirir. Bu mənada o,
Fövqəluca Allahın bu ayəsində işlədilmişdir: “Doğrudan da, Rəbbiniz göyləri
və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır...” (Əraf, 7/54).
Əgər ondan
sonra istiqamət bildirən ön şəkilçi qoyulursa, onda o, “yönəlmək”, “üz tutmaq”,
“dönmək” və s. mənalar bildirir. Həmin söz bu mənada aşağıdakı ayədə keçir: “Yer
üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu
yeddi qat göy edən Odur” (Bəqərə, 2/29).
Əgər ondan
sonra ön şəkilçi yoxdursa, ona o, “kamilliyə çatmaq” mənasını bildirir. Həmin mənada
o, aşağıdakı ayədə işlədilmişdir: “Musa yetkinləşib kamillik dövrünə
çatdıqda Biz ona hökmranlıq (peyğəmbərlik)
və elm əta etdik...” (Qəsəs, 28/14).
Allah çox
ayələrdə tövbə etməyi buyurur və tövbə edən qullarını tərifləyərək, onların
mükafatlandırılacağını bildirir. Tövbə adı altında Allahın nifrət etdiyi
şeylərdən qəlbən və cismən çəkinməyi, qəlbən və cismən Onun sevdiyi şeylərə
dönməyi nəzərdə tutulur.
Allah düz
yolla getməyi əmr edir və bu düz yolla gedənləri tərifləyir. Bu ifadənin
altında Onun iltifatını və Ondan mükafat qazanmağa aparan yol nəzərdə
tutulmuşdur. Bu yol Muhəmməd Peyğəmbərin (s.ə.s.) sözlərinə, əməllərinə və
bütün işlərinə istinad edən yoldur.
Allah Onu
zikr etməyi buyurmuşdur və bunu edənləri tərifləyərək, onların həm bu dünyada və
həm də öləndən sonra mükafatlandırılacağını xəbər verir. Allahı xatırlamaq adı
altında sözün ən geniş mənasında qulu Allaha yaxınlaşdıran hər nə varsa, o cümlədən,
dini baxışlar, faydalı düşüncələr, gözəl əxlaqi keyfiyyətlər, qəlblə və canla
edilən əməllər, Allaha edilən təriflər, əsas və ikinci dərəcəli şəriət hökmlərinin
öyrənilməsi və bu məqsədlərə çatmağa kömək edən nə varsa nəzərdə tutulur.
Bütün bunlar Allahın zikr edilməsi sayılır.
Ərəb ifadələri və terminlərinin
izahlı lüğəti
Ayə - (a) Quran surələrinin
ibarət olduğu nisbətən müstəqil misralar; (b) möcüzə; (c) əlamət; (ç) ibrət.
Bahirə - İslamaqədərki
ərəblər tərəfindən sitayiş edilən süd verən dişi dəvə. Əgər dişi dəvə ardıcıl
olaraq on dəfə dişi bala doğardısa, bütpərəst ərəblər onu saibə adlandırıb ona
sitayiş edərdilər. Bundan sonra o yenə də bir dişi bala doğsaydı, onda onu
bahirə adlandırardılar və ona anası ilə bərabər sitayiş edərdilər. Bütpərəstlər
onun qulağının yarısını kəsər, ona minməz, üstündə yük daşımaz, yununu qırxmaz
və südünü ancaq qonağa verərdilər.
Bədr – Məkkədən
150 km
cənubda yerləşən bir yerdir. İslam tarixində müsəlmanlarla kafirlər arasında
ilk irimiqyaslı döyüş keçirilmiş
yerdir.
əl-Beyt əl-Məmur – yeddinci səmada bilavasitə Kəəbənin üstündə yerləşən məbəddir. Hər gün
onu yetmiş min mələk ziyarət edir və onlardan heç biri Qiyamət gününə qədər bir
daha oranı ziyarət edə bilməyəcəklər.
Beyət ər-Ridvan – Osman ibn Affanın qureyşlilər tərəfindən öldürülməsi xəbəri Məhəmməd
Peyğəmbərin (s.a.s) səhabələrinə çatdıqda, onlar Xudeybiyyədə bir ağac altında
razılıq andı, yəni ölənə qədər sədaqətli qalmaq andı içmişdilər. Bu hadisə hicri
tarixinin 6-cı ilində baş vermişdi.
Uhud – Mədinədə
məşhur dağdır. Onun yaxınlığında hicri təqviminin 3-cü ilində Məkkə bütpərəstləri
ilə müsəlmanlar arasında irimiqyaslı döyüş baş vermişdir.
Ehram –. Həcc
ziyarəti zamanı geyilən tikişsiz ağ rəngli örtünmə geyim. Namaz qılanın və ya həccə
gedənin mərasimə başladığı hal., Ehram geyənlərə adi halda icazə verilən bəzi hərkətlər
bu zaman qadağan edilir. Namaz qılan ehram vəziyyətinə təkbirat-əl-ihram
adlanan “Allahu Əkbar!” kəlməsini dedikdən sonra girmiş hesab olunur. Zəvvar
isə ehramını geydikdən və ziyarətə başlamaq niyyətini səslə söylədikdən sonra
ehram vəziyyətini alır. Zəvvarın mərasim geyimi tikilməmiş iki parça
materiyadan ibarət olur: bir parçası izar
adlanır ki, qurşağa sarınır; ikinci parçası isə örtük kimi beldən yuxarı
çiyinə atılır, çiyini və qarın nahiyyəsini örtür.
Ənsar – İslamı
qəbul etmiş və Muhəmməd Peyğəmbərin (s.a.s.) sədaqətli silahdaşları olmuş Mədinənin
yerli sakinləri. Onlar Məkkədən və başqa şəhərlərdən gələn mühacirləri evlərinə
qəbul edərək onları zəruri əşyalarla təmin edirdilər.
Əykə - Misirdən
səksən keçid uzaqlıqda yerləşən yerin adı idi. Orada Şüeyb Peyğəmbərin (ə.)
xalqı yaşayırdı. O, bu adını ərazisində çoxsaylı qalın meşəliklər və kolluqlar
olduğuna görə almışdı.
Tubba – Yəmənin
Xumeyri hakimlərinin titulu
Təbuk - Mədinədən 700 km şimalda yerləşən şəhər
Təsnim – Allaha
yaxın olan qulların içdiyi Cənnət çeşməsi
Səmud – səmudlular,
Təbuk və Məkkə arasında yerləşən bir sahədə yaşamış qədim bir xalqdır. Onlar
Allahın Peyğəmbəri (ə.) Saleyi rədd etmişdilər və buna görə amansız bir səslə məhv
edilmişdilər
Cibt
– (a) Allahdan başqa sitayiş edilən
şeylər; (b) cadugərlər və baxıcılar
Cəhim – Cəhənnəm
Cizyə - müsəlman
dövlətinin himayəsi altında yaşayan qeyri-müsəlmanlardan alınan vergi və ya can
vergisi
Cin – Fövqəluca
Allahın oddan yaratdığı məxluqlar yer üzündə insandan çox əvvəl yaşamışlar və
indi də yaşayırlar. Onların arasında da müsəlmanlar və kafirlər mövcuddur.
Sonuncuları şeytan və ya iblis adlandırırlar. İnsanlar bəzən onları görə bilirlər.
Allahın qadağan etdiyinə baxmayaraq bir sıra cadugərlər və baxıcılar onlarla əlaqəyə
girirlər
Cənnə - Cənnət
Cənnət əl-Xuld - əbədiyyət bağı, Cənnətin adlarından biri
Cənnət əl-Məva – sığınacaq-bağ, Cənnətin adlarından biri
Cənnət ən-Nəim – Səadət bağı, Cənnətin adlarından biri
Cihad – (a) Allah yolunda müqəddəs müharibə; (b) Fövqəluca Allahın
adını şərəfləndirmək məqsədilə göstərilən istənilən səylər. Cihadın bir neçə forması
var. Müsəlman dövlətinin təhlükəsizliyinə qəsd edən və İslamın yayılmasına maneə
yaradan kafirlərlə mübarizə hərbi yolla aparılır. Özlərini müsəlman kimi göstərən
münafiqlərlə cihad müsahibələr, onlara həqiqi biliklərin çatdırılması vasitəsilə aparılır. Şeytanla və insanın öz nəfsi ilə
apardığı cihad da mövcuddur
Cəhənnəm – axirətdə
günahkar qulların qalacağı əzab məskəni
Hami (Ham) – on
dəfə ardıcıl olaraq dişi bala doğmuş və buna görə də bütpərəst ərəblərin
sitayiş etdikləri dəvədir. Ərəblər ona minməz, onda yük daşımaz və yununu
qırxmazdılar
Həcc – Məkkəyə
edilən böyük ziyarəti
Həcc əl-İfrad –
bu ziyarət zamanı zəvvar ancaq həcc məqsədilə ehrama girir
Həcc ət-Təməttu – bu ziyarət zamanı zəvvar əvvəlcə ümrə etmək niyyəti tutur və bundan
sonra ehramdan çıxıb, daha sonra həcc ziyarətinə başlayır
Həcc əl-Kiran – bu ziyarət zamanı zəvvar ehrama girib həcc və kiçik ziyarət etməyi niyyət
tutur
Əl-Hicr – Hicr,
Səmud camaatının yaşadığı Məkkə ilə Təbuk arasında yerləşən yer adıdır
Hudeybiyyə - Hudeybiyyə Məkkənin 16 kilometrliyində Ciddəyə
gedən yolda yerləşən yer adıdır. Hicri tarixinin 6-cı ilində orada Muhəmməd
Peyğəmbərlə (s.a.s.) müsəlmanları şəhərə buraxmayan və onları kiçik ziyarət etməyə
qoymayan məkkəlilər arasında sülh müqaviləsi bağlanmışdı
Hədis - Muhəmməd Peyğəmbərin (s.a.s) dediyi, etdiyi və ya bəyəndikləri haqqında rəvayət. Hədislər
onları nəql edən ravilərin (bax)
silsiləsindən və mətndən ibarətdir. Hədisin səhih və etibarlı olması onu nəql
edən ravilərin silsiləsinin etibarlılıq dərəcəsindən və hədisin mətninin Quran
ayələrinə və digər mötəbər hədislərə uyğun gəlməsindən asılıdır.
Hənif – tövhid,
təkallahlıq tərəfdarı
Hüneyn – Məkkə
ilə Taif arasında yerləşən vahə. Orada hicri tarixinin 8-ci ilində müsəlmanlarla
çoxallahlılar arasında irimiqyaslı döyüş olmuşdur
Hur əl-İn (Huri)
– hurilər, Adəmin nəslinə aidiyyəti
olmayan, qeyri-adi gözəlliyə malik və işıqlı fonda xüsusilə seçilən iri qara
gözlü Cənnət sakinləridir.
Xəlil - ən
sevimli insan. Qəlbdə, bütün varlıqlardan daha çox tək ona məhəbbət bəslənir. Muhəmməd Peyğəmbərin
(s.a.s.) bu məhəbbətlə sevdiyi bir kimsə yox idi. Çünki onun qəlbində ən çox
yer tutan və məhəbbət bəslədiyi Fövqəluca Allah idi. Allahı sevimli qulları isə
Muhəmməd Peyğəmbərlə (s.a.s) onun ulu babası İbrahim əleyhissalam idi.
Xumus – hərbi
qənimətlərin beşdə bir hissəsi. Bu bir hissə yenə də beş hissəyə bölünür və
sonra onun beşdə bir hissəsi müsəlman hökmdarının əlində qalır, qalan beşdə
dörd hissə, isə Quran bölgüsünə uyğun olaraq, Muhəmməd Peyğəmbərin (s.a.s)
qohumları (Haşimin və əl-Mutəllibin zürriyyəti), yetimlər, kasıblar və ehtiyac
içində olan müsafirlər arasında paylanır.
Zül-Qərneyn – hakimiyyəti
bütün yer üzünə yayılmış qədim
dünyanın ən böyük hökmdarlarından biri. O mömin və təqvalı (bax) bir insan idi və Fövqəluca Allahın mərhəməti sayəsində
bir müddət insanları Yəcuc-Məcüc qəbiləsinin əlindən xilas etmişdi. Allahın bu
mömin bəndəsi əl-Kəhf surəsində xatırlanır.
Ər-Rəss – Rəss
Səmud yaşayış məskənlərindən birinin adı və ya Yamamada bir şəhərin adı, ya da
ki, Azərbaycanda bir quyunun adıdır. Hədislərdən birində nəql edildiyinə görə
bu quyulardan birinə Allahın peyğəmbərlərindən birini atıbmışlar. Belə bir rəy
də var ki, bu ad “Ya sin” surəsində əhvalatı yad edilən bir xalqın yaşadığı məskənin
adıdır.
Rəqim – ya yer adıdır və yaxud da mağarada üç yuz
il və bir də doqquz (il) yatmış gənclərin
adı həkk olunmuş daşdır.
Rükət – namazın
qiyamdan, rükudan və iki səcdədən
ibarət olan bir hissəsidir.
Ramazan – müsəlman
Ay təqviminin doqquzuncu ayıdır. Bu ay ərzində müsəlmanlar fərz (bax) oruc tuturlar. Bu ayda Müqəddəs Quranın nazil edilməsi
başlanmışdır və Böyük Bədr döyüşü baş vermişdir. Bu ayın son ongünlüyünün günlərindən
biri Qədr gecəsi adlandırılmışdır.
Ruhullah – Muhəmməd
Peyğəmbərin (s.a.s) səhabələri və ilk müsəlman ilahiyyatçıları “Allah” sözünün
təyin olduğu iki söz birləşməsi arasında fərq qoyardılar.
(a) söz birləşməsində təyin edilən söz canlı şəxs
olduqda və ya cansız əşya olduqda. Məsələn, Beytu-llah (Allahın Evi);
Rasulu-llah (Allahın Elçisi); Abdu-llah (Allahın qulu); Ruhu-llah (Allahın
Ruhu). Bu və başqa belə ifadələrdə təyinolunan söz Fövqəluca Allah tərəfindən xəlq edilmişləri
bildirir. “Allahın Ruhu” ifadəsi onu Allahın yaratdığını onun Ona məxsus
olduğunu bildirir. Bu adla Allahın müqəddəs peyğəmbıri İsa (ə.) çağırılır. Onu
yaradan zaman Allah buyurmuşdur: “Ol!” və müqəddəs peyğəmbər qeybdən (heç nədən)
yaranmışdır. Eynilə bu qaydada Adəm peyğəmbərin (s.) də ruhu xəlq edilmişdir.
(b) söz birləşməsində təyinolunan söz keyfiyyət bildirəndə,
məsələn: elmu-llah (Allahın elmi); Həyatu-llah (Allahın həyatı); Kələmu-llah
(Allahın nitqi); Zatu-llah (Allahın mahiyyəti). Bu və digər belə ifadələr Fövqəluca
Allaha xas olan ilahi keyfiyyətlərini əks etdirir.
Roma – Əsfər
ibn Roma ibn Əys ibn İshaq ibn İbrahimin nəsilləri olan vizantiyalılar və başqa
xalqlardır.
Zəqqum – Cəhənnəmin
ən dərinliyində bitən ağacdır, meyvələri İblisin başına bənzəyir.
Zəkat – varlı
müsəlmanlar tərəfindən hər il ödənilən var-dövlətin bir hissəsidir. O, qoyulmuş
qayda-qanunlara müvafiq olaraq müəyyən dərəcələrə bölünmüş adamlardan alınır.
Saibə - ardıcıl
olaraq on dişi dəvə balalayan və buna görə ərəb bütpərəstləri tərəfindən
sitayiş edilən dişi dəvədir. Bütpəsətlər onu sərbəst buraxır, onu minmir,
onunla yük daşımır, yununu qırxmır və sdünü də ancaq qonağa verirdilər.
Səb əl-Məsani – Tez-tez təkrarlanan yeddi Quran ayəsi və ya surəsi. “əl-Fatihə” surəsi
(“Quanı açan”) və ya yeddi ilk uzun Quran surələri.
Siccin – (a)
günahkarların əməllərinin yazıldığı kitab; (b) yer kürəsinin ən aşağıda olanı.
Sidrət əl-Müntəha – Son hüdud şanagülləsi (lotos - göldə bitən çiçəkli bitki). Yeddinci
göydə bitən ağac belə adlanır. O, bu adını ona görə alıb ki, yerdən gedən və
Allahdan nazil olan hər nə varsa, ona qədər gedib çatır. Belə bir ehtimal var
ki, onun belə adlandırılması yerdən və yeddi göydən yuxarıda olması və onunla
yaradılmışların bilik səviyyəsinin tükənməsi ilə bağlıdır. Bu məsələ ilə əlaqədar
digər rəylər də mövcuddur.
Səəy - əs-Səfa
və əl-Mərv təpəlikləri arasında qaçış həcc mərasimi və kiçik ziyarətlə ilə
bağlı bir ənənədir.
Səir – Alov,
Cəhənnəmin adlarından biri.
Səqər – Cəhənnəmin
adlarından biri.
Səlsəbil – Cənnət
bulağının adı.
Sünnə - (a) Muhəmməd Peyğəmbərin (s.a.s.) yolu.
“Peyğəmbərin (s.a.s.) yolu” adı altında onun əməlləri, davranışı, kəlamları, əmrləri
və b.; (b) məcburi olmayan və yerinə yetirilməməsinə görə müsəlman üçün cəza nəzərdə
tutulmayan göstəriş və tövsiyələri.
Surə - (a)
Müqəddəs Quranın müstəqil hissələri; (b) yüksək məqam. Quran hissələri – Məkkə
və Mədinə surələrinə bölünür. Qurani Kərimin 114 müstəqil hissəsinin hər birinə
verilmiş ad, yüksək rütbə, dərəcə, mövqe, şan, şöhrət, gözəl bina, binanın bir
hissəsi və ya mərtəbəsi, divar hörülməsində işlədilən daş, kərpic, nişanə və ya
əlamət mənasında da işlədilən bir kəlmə.
Sabiun – sabilər
– İraq ərazisində yaşayan xalq, Bir Allaha ibadət edərdilər, Zəburun hökmlərini
yerinə yetirərdilər və nə yəhudilərə, nə də xristianlara aid deyildilər.
Sirat – (a) yol; (b) Cəhənnəmin
üstündən salınmış körpünün adıdır. Qiyamət günü adamlar onun üstündən keçib
getməlidirlər. Bu körpü tükdən nazik və qılıncın tiyəsindən itidir. Onların
üstündə qarmaqlar sallanmışdır ki, günahkar insanları qamarlayıb Cəhənnəmə
atacaqdır.
Əs-Səfa – Məscidülhəramın
şərq hissəsində yerləşmiş iki təpəlikdən biri. Zəvvarlar onların arasında ənənəvi
qaçış keçirirlər.
Ət-Taif – Məkkənin yaxınlığında yerləşən şəhərdir.
Tağut – (a) Fövqəluca
Allahla yanaşı ilahiləşdirilən və ibadət olunan hər hansı bir məxluq; (b)
Allahın haram buyurduqlarına riayət etməyən günahkar; (c) şeytan və iblis; (ç)
cadugərlər və baxıcılar; (d) insanları aldadan və Allahın şəriətinə zidd olan
qanunlar qəbul edən kafirlər və (e) büt yerləşdirilən bina.
Təvaf – Kəbənin
ətrafına dolanmaq adəti. O, Qara daşın səviyyəsində başlanır və və qurtarır və
yeddi dairədən ibarət olur.
Ad – ad
camaatı qədim xalqdır. Müasir Yəmənin Hadramaut adlı yaşayış məntəqəsində
yaşayardılar, Nuh peyğəmbərin (a) nəslindəndirlər. Onlar Hud peyğəmbəri (a) qədd
etdilər. Özlərinin inadkarlıqlarına və zalımlıqlarına görə, başlarının üstündə
yeddi gecə və səkkiz gün fasiləsiz tüğyan edən qasırğalı küləklə məhv edildilər.
Ədn – Ədəm,
Cənnətin adlarından biri.
Ərafat – Məkkədən
25 km
aralıda yerləşən vahə. Zül-hiccə ayının doqquzuncu günü zəvvarlar orada
qalırlar.
Ərafa – zül-hiccə
ayının doqquzuncu günü - zəvvarların bir hissəsi həcc mərasimi ayinlərini yerinə
yetirdikləri zaman, digər müsəlmanlar oruc tuturlar.
Əl-Uzza – bütpərəst
ərəblərin ilahiləşdirdikləri və Məkkə ilə Taif arasında Nəhl adlanan yerdə yerləşdirilən
ən məşhur bütlərindən biridir.
Ümrə – Məkkənin kiçik ziyarəti.
İlliyyun –
(a) möminlərin əməllərinin yazıldığı kitab; (b) yeddinci göy.
Firdous – (a)
Cənnətin adlarından biri; (b) Cənnətin mərkəzi və ən yeksək hissəsi.
Fey – döyüşsüz
əldə edilən qənimət; döyüşçülər arasında bölünür. Onun beşdə bir hissəsi müsəlman
hökmdarın sərəncamında qalır, qalan beşdə dörd hissə Muhəmməd Peyğəmbərin
(s.a.s.) qohumları (Haşimin və əl-Mütəllibin nəslindən olanlar), yetimlər,
kasıblar və ehtiyac içində olan müsafirlər arasında paylanır.
Qiblə - Namaz
qılınarkən və bir sıra digər ibadət ayinlərinin icra edildiyi vaxtlarda müsəlmanların
üzlərini çevirdikləri Məkkə şəhərindəki Məscidülharamda yerləşən Kəbə tərəfə
olan istiqamət. Qureyş – Muhəmməd
Peyğəmbərin (s.a.s) mənsub olduğu ərəblər arasında ən məşhur və hörmətli qəbilələrdən
biri.
Kəbə - İbrahim
və onun oğlu İsmail peyğəmbərlər (Onlara Allahın salamı olsun) ucaltdığı kub
formasında daş tikili. O, Allaha ibadət etmək üçün Yer üzündə tikilən ilk məbəd
olmuşdur. Bütün müsəlmanlar namaz qılarkən üzlərini ona doğru çevirirlər və hər
il milyonlarla insanlar müsəlmanların yaşadıqları ölkələrdən Məkkəyə gələrək
onu ziyarət edir və qədim ibadətgahın ətrafına dolanırlar.
Kənz – sahibi
yığdığı pullardan, qızıl-gümüşdən zəkat verməkdən boyun qaçırdan xəzinə deməkdir.
Əl-Kövsər – bolluq
çayı, suyu süddən ləzzətli və baldan şirin olan Cənnət çayı. Onun ətirli rayihəsi
müşkün xoş iyindən də gözəldir. Onun ətrafında dəvə boynuna oxşayan uzun
boyunlu gözəl quşlar uçuşur.
Lə İlahə iləllah - təkallahlığın sübutu və şəhadətidir.
O, “Allahdan başqa ilah yoxdur” deməkdir. Allah – yeganə ibadət və ilahiləşdirmə
obyektidir. Müsəlmanlar Fövqəluca Allahdan başqa heç kimə ibadət etmirlər.
Çünki təkcə O (Pak və Müqəddəs), ilahi xilqətlər yaratmağa qadirdir və gerçək Allaha məxsus kamil
sifətlərə malik olan da Odur. Müsəlmanlar bütlərə, ulduzlara, müqəddəslərə,
peyğəmbərlərə və yaxud mələklərə ibadəti rədd edirlər. Çünki bütün bu
saydıqlarımız məxluqlar Xaliqə - Yaradana möhtacdırlar. O (Pak və Müqəddəs) isə yenilməz
Qüdrət Sahibidir və heç kimə və heç nəyə möhtac deyildir.
Lakin
bu şəhadətə iman gətirmək və müsəlman olmaq üçün səkkiz (ya da yeddi) şərt
yerinə yetirilməlidir. Bunlarsız tövhid şəhadəti ona fayda verməz. Bunlar -
(1a) bu şəhadətin mahiyyəti haqqında bilikdir ki, o, nadanlıqla bir araya sığmaz;
(2b) bu şəhadətin doğruluğuna iman gətirməkdir ki, şəkk gətirməklə bir araya
sığmaz; (3c) qəlblə və ağızla (sözlə) bu şəhadətin qəbul edilməsidir ki, onun sözlərini
deməkdən boyun qaçırmaqla bir araya sığmaz; (4ç) bu şəhadətin bütün tələblərinə
mütiliklə tabe olmaq Allaha və Muhəmməd Peyğəmbərə (s.ə.s.) asi olmaqla bir
araya sığmaz; (5d) bu şəhadəti dilə gətirərkən təbii olan səmimiyyət yalanla
bir araya sığmaz; (6ə) bu şəhadətə bəslənilən məhəbbət təkallahlığa qarşı kinlə
və ikrahla bir araya sığışmaz; (7e) Allahdan başqa hər şeyə qarşı ibadət etməkdən
əl çəkmək.
“Allahdan başqa ilah yoxdur” kəlməsi İslamın təməl
əsaslarındandır. Yəni, uluhiyyəti, yaradıcılığı, Rəbliyi, hökmranlığı və
hakimiyyəti təkcə Allaha məxsus bilmə formuludur.
əl-Lat – Taifdə
yerləşdirilmiş və sakif qəbiləsinin ilahiləşdirdiyi ərəb bütpərəstlərinin ən məşhur
bütlərindən biri. O – ağ qaya üzərində tikilmiş və örtüklə örtülmüş və ətrafına
çəpər çəkilmiş məbəddir. Bütün xidmətçiləri var idi. Əl-Muğira ibn Şöbə və Əbu
Sufyan ibn Hərb Muhəmməd Peyğəmbərin (s.ə.s.) əmri ilə bu bütü dağıdıb
yandırdılar. Sonralar bu yerdə məscid tikdilər.
Laza – Cəhənnəm alovu, Cəhənnəmin adlarından biri.
Leylət əl-Qədr – əzəmət və ya
qismət gecəsi, Ramazan ayının sonuncu on günündən, həftənin tək gününə düşən
bir gecə. Quranda deyilir ki, bu gecə, belə gecənin olmadığı min aydan
üstündür, yəni, əgər mömin bu gecə ərzində Allaha ibadətlə məşğul olarsa, o,
min ay ərzində Allaha edəcəyi ibadətə görə qazanacağı mükafatdan daha böyük
mükafat qaznar.
Muəlləfat əl-Kulub – Muhəmməd Peyğəmbərin (s.a.s.) İslamı yenicə qəbul edib
müsəlman olmuş şəxslərə onların imanını möhkəmlətmək üçün verdiyi sədəqə.
Mütəşabihat – (Hərfi mənada – bir-birinə bənzəyənlər) Quranın mənası
qapalı olan, bir sıra fərqli mənalar verən, təfsirində çətinlik çəkilən ayə və
kəlmələr. Bunların cəminə mütəşabihat deyilir. Ayələrin əsil mənasını onları şərh
etməklə başa düşmək olur. Allahın sifətləri, Qiyamətin durumu, Cənnət nemətləri,
Cəhənnəm əzabı və s. haqqındakı ifadələr bu qəbildən olan mütəşabihlərdir. Məsələn,
bir ayədə (Zumər, 39/23): “Allah Sözün ən gözəlini - ayələri
bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi” deyilərək,
Quranın bütövlükdə mütəşabih olduğu bildirilir. Burada mütəşabih sözü oxşar, bənzər
mənasında işlədilmişdir. Quranın Ali-İmran surəsində isə ayələrin aydın və mütəşabih olmaqla iki
qismə ayrıldığı göstərilir: “Quranın bir qismi mənası aydın ayələrdir ki,
bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində
əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası
aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs
bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı
bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər” (Ali-İmran,
3/7).
Müttəqi – Allahdan qorxan və mömin müsəlmandır. Fövqəluca Allah
qarşısında qorxudan günah işlətməkdən boyun qaçırır və Rəbbinə bəslədiyi məhəbbət
xatirinə xeyirxah əməllər edir.
Möhkəmət – aydın məzmunlu və qüvvədən düşməmiş dini hökmlərdən
ibarət olan Quran ayələridir.
Mədyən – (a) Mədyən Şueyb peyğəmbərin (ə)
xalqının yaşadığı şəhərin adıdır; (b) mədyənlilər Mədyən ibn İbrahimin nəslidir,
Şueyb peyğəmbəri (ə.) inkar və rədd etdiklərinə görə Allah tərəfindən məhv
edilmişlər.
əl-Mədinə - Səudiyyə Ərəbistanında bir şəhərdir. Müsəlmanların müqəddəs
ziyarətgahı olan Muhəmməd Peyğəmbərin (s.ə.s.) məscidi orada yerləşir. Məhz bu
şəhərə Muhəmməd Peyğəmbər (s.ə.s.) və onun səhabələri hicrət (köç) etmişlər.
İslamdan əvvəlki zamanlarda şəhər Yəsrib adlanardı.
əl-Mərvə - Məscidulhəramın şərq hissəsində yerləşən iki təpədən
birinin adıdır. Zəvvarlar onların arasında mərasim qaçışı yerinə yetirirlər.
Müzdəlifə - Ərəfat və Mina arasında yerləşən vahədir. Zəvvarlar Zül-Hiccə
ayının onuncu gecəsi orada gecələyirlər.
əl-Məscid əl-Əqsa – Yerusəlimdə yerləşən və zəvvarların ziyarət etməsinə
icazə verilən üçüncü müqəddəs ziyarətgahdır. Bu məsciddə namaz qılarkən
qazanılan savab, Məkkədəki Müqəddəs Məscid və Mədinədəki Muhəmməd Peyğəmbərin
(s.a.s) Məscidi istisna olmaqla, başqa məscidlərdə beş yüz dəfə namaz qılanın
savabına bərabərdir.
əl-Məscid əl-Həram – Məkkədə Kəbənin yerləşdiyi Məscidulhəram məscidi. Bir
sıra xəbərlərə görə onda qılınan namazın savabı digər məscidlərdə qılınan yüz
min namazın savabına bərabərdir.
əl-Məscid əl-Nəbəvi – Mədinədə Muhəmməd Peyğəmbərin (s.a.s.) məscididir.
Peyğəmbər (s.a.s.) Məkkədən Mədinəyə hicrət edən kimi onun tikintisinə
başlanmışdır. Onda qılınan namazın savabı, Məkkədəki Məscidulhəram və Yerusəlimdəki
əl-Əksa məscidləri istisna olmaqla, başqa məscidlərdə qılınan min namazın
sayına bərabərdir.
əl-Məşərülhəram – Müzdəlifə vahəsində yerləşən və mühafisə olunan
yerdir. Orada sübh namazını qıldıqdan sonra zəvvarlar Allahı zikr edirlər.
İbrahim məqamı – oğlu İsmail ilə Kəbəni tikdikləri zaman İbrahim peyğəmbərin
üstünə çıxdığı daşdır.
əl-Məqam əl-Mahmud – Məhşər günü yarış meydanı tərifəlayiq bir yerdir.
Orada Muhəmməd Peyğəmbər (s.a.s.) bütün bəşəriyyət üçün şəfaətçi olacaq və
Allahdan xahiş edəcək ki, insanlara öz yerlərindən tərpənməyə icazə versin.
Makka – Məkkə - Səudiyyə Ərəbistanında
şəhərdir. Müsəlmanların ən mühüm müqəddəs yeri olan Kəbə bu şəhərdə yerləşir.
Onun əsası İsmail peyğəmbər (ə.) dövründə qoyulmuşdur. Muhəmməd Peyğəmbər
(s.a.s.) də orada anadan olmuş və İslamı yaymağa başlamışdır.
Mənat – bütpərəst ərblərin əl-Aus və əl-Xəzrəc qəbilələri tərəfindən
ilahiləşdirilmiş və Məkkə ilə Mədinə arasındakı Kudeyda adlı yerdə qoyulmuş ən
məşhur bütlərindən biri. Məkkə fəth edilən ildə Əli ibn Əbu Talib Muhəmməd Peyğəmbərin
(s.a.s.) əmri ilə bu bütü dağıtmışdı.
Mənsux – ləğv edilmiş Quran ayələri və ya dini hökmlər. Quranın
üç növ ləğv edilmiş ayələri mövcuddur. Birincisi, ayədə verilən göstəriş ləğv
edilir və ayə özü müqəddəs Kitabın mətnindən çıxır. Bu qayda ilə Fövqəluca
Allah yad qadının əmizdirdiyi uşağa öz döşündən on dəfə doyurana qədər süd verməsi
ilə süd qohumluğunun yaranması haqqında hökmünu ləğv etmişdir. İkincisi, ayədə
olan hökm saxlanılır, amma ayə Quran mətnindən düşür. Beləliklə, Fövqəluca
Allah beş dəfə tam əmizdirmədən sonra süd qohumluğu yaranması barədə xatırlatma
olan ayəni və havelə zinakarlıq etmiş evli kişi ilə ərli qadını ölənədək
daşlamaqla edam etmək haqqında ayəni də ləğv etmişdir. Üçüncüsü, ayənin tərkibində
olan hökm ləğv edilir, amma ayə Müqəddəs Quranın mətnində saxlanılır. Bu qayda
ilə, vəsiyyətnamə haqqında ayə və Quranın bir çox digər hökmləri ləğv
edilmişdir. Quran ayələri və Muhəmməd Peyğəmbərin (s.a.s.) əmrləri Allahın
Elçisinin yaşadığı dövrdə Uca Rəbbin iradəsi ilə ləğv edilmişdir və Muhəmməd
Peyğəmbərin (s.a.s.) vəfatından sonra dəyişdirilə bilməz.
Muhacirun – (a) müxariclər, 8-ci əsrdə Məkkə fəth edilənə qədər,
digər şəhərlərdən və vilayətlərdən Mədinəyə köxmüş (hicrət etmiş) Muhəmməd Peyğəmbərin
(s.a.s.) səhabələridir; (b) İslama düşmən münasibət bəsləyən ölkələrdən öz əqidəsini
qorumaq məqsədilə hicrət edən müsəlmanlardır.
Mehr – nikahla əlaqədar olaraq nişanlının adağlısına verdiyi
cehiz, maddi mükafat.
Nar – (a) od; (b) Cəhənnəmin adlarından biri.
Nəsux –, daha əvvəlki dini hökmləri ləğv edən, qüvvədən
salan Quran ayəsi və ya dini hökm.
Hicrət – (a) müsəlmanların dini səbəblərə görə, İslama düşmənçilik
edən ölkələrdən, təhlükəsiz yerlərə köçüb getməsi; (b) Muhəmməd Peyğəmbərin
(s.a.s.) səhabələrinin Efiopiyaya, sonra da Mədinəyə köçməsi; (c) Muhəmməd Peyğəmbərin
(s.a.s.) Məkkədən Mədinəyə köçməsi; (ç) xristian erasının 622-ci ilinə uyğun gələn
müsəlman təqvimi.
Vəsilə - ardıcıl olaraq beş doğumda on dişi bala verən qoyun.
Ərəb bütpərəstləri belə qoyuna sitayiş etməyə başlayırdılar. Bütpərəstlər onun ətini
yeməyi ancaq kişilərə icazə verirdilər.
Yasrib – Nurlu
Mədinənin İslama qədərki adı.
İsrail – Yaqub.
Bəkkə – Məkkə.
Etikaf - ibadət məqsədilə bir müddət məsciddə qalmaq.
Manna – şehdən əmələ gələn bal kimi kitrə.
Sabii – Qurani Kərimdə
yəhudi və xristianlarla bir yerdə adı çəkilən bir xalqdır. “Şübhəsiz ki,
möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin
və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır...” (Bəqərə, 2/62)
Təqva – Allah qorxusu.
Heyz – aybaşı.
Beytulharam – Məkkədə Kəbənin olduğu sahədəki məscidin adı. Ona
haram deyilməsi ona hörmət, sayqı göstərmək və qayğı ilə yanaşmaqdan ötrüdür.
Kəffarə – səhvən və ya məcburiyyət qarşısında işlədilən günahın
bağışlanması üçün şəriətə uyğun olaraq verilən sədəqə və ya tutulan oruc.
Sur – Qiyamət saatı gələn anda böyük mələklərdən biri olan
İsrafil əleyhissalamın üfürüb səsləndirəcəyi bir vasitə. Qurani Kərimdə surun
necəliyi açıqlanmamışdır. Peyğəmbərimizin (s.a.s.) hədisində isə onun “buynuzabənzər
bir alət” olduğu bildirilir.
Hidayət – maarifləndirmək, doğru yol göstərmək, rəhbərlik etmək,
azğınlıqdan xilas edilib İslamın nurlu yoluna yönəlməkdir.
Şəfaətçi – bir adamın bağışlanmasını istəyən şəxs, başqası üçün
yalvaran, dua edən.
Beytulməmur – Baxılan, qulluq edilən ev. Kəbənin üst tərəfində olan
bir yerdir. Başqa adı “Durahdır”. Fövqəluca Allah Quranda Beytulməmura and içir
və bununla onun yüksək dəyərə malik olduğu aşkar olur.
Tövhid – ibadətdə, hökmranlıqda, gözəl adlara və atributlara
malik olmaqda Fövqəluca Allahın təkliyini təsdiq etmə.
Sünnə – yol, gedilən yol, təbiət, şəriət, üz, Muhəmməd Peyğəmbərin
(s.a.s.) sözü, əməlləri, rəftarı, davranışı, bəyəndiyi şeylər, əməllər, hərkətlər,
qoyduğu qaydalar. Ərəb dilində cəm halında “sünən” adlanır.
Lövhi-Məhfuz – ərəbcə qorunan lövhə deməkdir. İslamda olan və
olacaq hər şeyin yazıldığı ilahi bir Kitabdır. Lövhi-məhfuz Allahın elmi və sifətləri
ilə bağlıdır. Onun qorunan, hifz edilən kimi adlandırılmasının səbəbi onda
yazılmış ilahi məlumatlara hər hansı bir müdaxilənin mümkün olmaması, onların dəyişdirilməsinin
imkansızlığı və mütləq mühafizə edilməsidir.
Qaib – haliyyədə, üzdə, aşkarda olmayan, gizlidə qalan,
hissiyyat orqanları ilə dərk edilə bilməyən, müşahidədən kənarda qalan hər şey
Fərz – dini baxımdan yerinə yetirilməsi vacib və məcburi
olan. Qurani Kərimdə bir çox ayələrdə keçən bu sözün bundan başqa mənaları da
vardır.
Bərzəx – əngəl, iki şey
arasındakı pərdə, maddi aləmlə ruhi aləm, yəni ölümdən sonra Qiyamətə qədər
qalınacaq aləm və ya qəbir aləminin adı. Bərzəx kəlməsi Quranda üç yerə keçir.
Məsələn, “O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu. Onların
arasında maneə vardır, onu keçə bilməzlər” (Rəhman, 55/19-20).
İxlas – bir şeyi saflaşdırmaq, arıdılmış vəziyyətə gətirmək.
Qəlbi saflaşdırmaq, gəlir və şöhrət məqsədi daşımayan, daxilən, riyakarlıq etmədən
səmimi sevgi və məhəbbətlə yerinə yetirilən ibadət, işi nümayiş etdirmək üçün
görməmək. Sırs Allah rizasını düşünmək və bu niyyətlə hərəkət etmək, təkcə
Allah xatirinə ibadət etmək.
Vəhy – gizli danışıq, işarə etmə, əmr etmə, ilham vermə,
pıçıldama, məktub yazma, elçi göndərmə, tələsdirmə, səs çıxarma. Fövqəluca
Allahın bilavasitə və ya başqa Özünəməxsus üsullarla Öz əmrlərini peyğəmbərlərinə
bildirməsi mənasında bir Quran istilahıdır.
Rüku – qabağa əyilmə, namazda qiraətdən sonra yerə paralel
şəkildə önə əyilmə, fiqh istilahıdır. Rüku namazın rüknlərindən (vacib ünsürlərindən)
biridir və fərzdir (məcburi vacib olandır). Rükuda əllər dizlərə qoyulur.
Namazda tam rükuya getməyən şəxs (ayaq üstə dayanmaya yaxın olarsa) rükuya
getmiş sayılmır, əyilməsi rüku vəziyyətinə yaxın olduqda isə bu sayılır.
Camaatla namaz qılarkən imama rükuda çatan şəxs ayaq üstə “Allahu Əkbər” deyərək
rükuya gedir.
\[
“ƏL- FATİHƏ”
(“QURANI AÇAN”)
SURƏSİNİN ŞƏRHİ
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
(1.1) Mərhəmətli
və Rəhimli Allahın adı ilə!
Bu o deməkdir
ki, mən Allahın adı ilə başlayıram. Bu söz birləşməsinin lüğəti təhlilindən
aydın olur ki, burada Uca Rəbbin bütün gözəl adları nəzərdə tutulur.
Allah – bu
adlardan biridir və “O, İlahiləşdirilən, İbadət Edilən, Tək, Öz ilahi – kamil və
nöqsansız sifətlərinə görə ibadətə
layiq olan Rəbdir”.
Gözəl Mərhəmətli
və Rəhimli adları Onun böyük rəhmdilliyinin dəlilləridir ki, hər şeyi və hər
varlığı əhatə edir. Allahın təqva sahibi olan və Onun peyğəmbərlərinin və
elçilərinin yolu ilə gedən qulları tam mənada Allahın rəhmi ilə mükafatlandırılacaqlar.
Bütün digər məxluqlar isə Allahın mərhəmətinin ancaq bir qismini alacaqlar.
Nəzərə
almaq lazımdır ki, sələflərdən olan bütün din alimləri Allaha və Onun ilahi sifətlərinə
iman gətirməyin zəruri olması haqqında yekdil idilər. Allah – Mərhəmətli və Rəhimlidir,
yəni, qullarında təcəssüm edən rəhm sahibidir. Bütün nemətlər və savablar Onun
mərhəməti və rəhminin saysız-hesabsız təzahürlərindən biridir. Eyni tərifi
Allahın qalan adları haqqında da demək olar. O hər şeyi biləndir, yəni, bütün məxluqat
haqqında biliyə malikdir. O hər şeyə qadirdir, yəni, qüdrət sahibidir və bütün
məxluqat üzərində hökmrandır.
ﭖ
ﭗ ﭘ ﭙ
ﭚ
(1.2) “Həmd olsun Allaha – aləmlərin Rəbbinə!”
Bu,
Allahın, kamil sifətlərinə və əməllərinə görə tərifləndiyi sözlərdir. O,
bunları ya Öz mərhəməti, ya da ədaləti üzrə həyata keçirir. Həmd bütünlüklə Ona
məxsusdur və O, bu tərifə tam layiqdir. O, təklikdə bütün aləmlərə hökmranlıq
edir. Allahdan başqa bütün varlıqlar bu aləmlərə aiddir. O, Kainatı yaratmış,
onun sakinlərini yaşamaq üçün vacib olan vasitələrlə təmin etmiş və onları
geniş səxavəti ilə himayəsinə götürmüşdür. Onun himayəsindən məhrum olanlar
yaşaya bilməzlər. Məxluqlarına iltifat etdiyi bütün nemətlər Fövqəluca Allahın
hədiyyəsidir.
Fövqəluca
Allahın hökmranlığı iki formamdadır: ümumi və xüsusi. Ümumi hökmranlıq –
Onun məxluqları yaratmasında, onlara ruzi verməsində və doğru yol göstərməsində
təzahür edir və buna müvafiq olaraq onlar bu dünyada öz yaşayışını qururlar. Xüsusi
hökmranlıq isə, Allahın Öz sevimli qullarını dindarlıq ruhunda tərbiyə etməsində,
iman gətirib, imanlarını təkmilləşdirmələrində onlara kömək etməkdə, onları
doğru yoldan azdıra və Ondan uzaqlaşdıra bilən hər şeydən qorumaqda özünü göstərir.
Bu hökmranlığın mahiyyəti ondan ibarətdir ki, Allah Öz qullarına hər hansı
xeyirxahlığa doğru yolu asanlaşdırır və onları hər cür şərdən saxlayır. Ola
bilsin ki, məhz buna görə, peyğəmbərlər çox vaxt öz dualarında Allahı özlərinin
Rəbbi adlandırırdılar. Əslində, bu insanların məqsədi Allahın yalnız xüsusi
hökmranlığı ilə bağlı idi.
Bu ayədə Fövqəluca
Allah Özünü Aləmlərin Rəbbi adlandırır və bununla da vurğulayır ki, O tək
yaradır, idarə edir və nemət verir. O zəngindir və Öz yaratdıqlarına ehtiyacı
yoxdur. Əksinə, bütün yaradılmışlar Ona möhtacdır və hərtərəfli Ondan
asılıdırlar.
ﭛ
ﭜ ﭝ ﭞ
ﭟ ﭠ ﭡ
(1.3) “Mərhəmətli və Rəhimli Olana,
(1.4)
Din gününün Sahibinə!”
Hökmdar –
səltənəti və hakimiyyəti Olandır və buna uyğun olaraq hökm verməyə və
qadağalar qoymağa, mükafatlandırmağa və cəzalandırmağa, Öz tabeliyində olanları
hökmü altında saxlamağa tam haqqı vardır. Əsil hakimiyyətin kimə mənsub olması
xeyir və şərin əvəzinin veriləcəyi Gün aydın olacaqdır. Bu – Qiyamət gününün vəsflərindən
biridir. Həmin gün insanlar öz xeyirli və bəd əməllərinin əvəzini alacaqlar. Məhz
həmən gün Allahın yaratdığı məxluqlar Allahın hakimiyyətinin möhkəmliyini,
Onun ədalətinin və müdrikliyinin kamilliyini
aydın görəcəklər. Onlar əvvəllər olduqları hər şeyi itirəcəklər. Hökmdarlar
və onların təbəələri, kölələr və azad insanlar – hamısı Rəbbin qarşısında bərabər,
Onun əzəmətinə itaətkar və Onun qüdrəti önündə müti olacaqlar. Onlar Onun
hökmünü gözləyəcək, Onun əcrini arzulayacaq və Onun intiqam alacağından dəhşətə
gələcəklər. Bax buna görə Allah Özünü xeyir və şərin əvəzinin veriləcəyi Günün
Hökmdarı adlandırmışdır, halbuki Onun hakimiyyəti bütün zamanları əhatə
edir.
ﭢ ﭣ
ﭤ ﭥ ﭦ
(1.5) Təkcə
Sənə ibadət edirik və təkcə Səndən yardım diləyirik”.
Bu o deməkdir
ki, biz təkcə Sənə ibadət edir və təkcə Səndən yardım istəyirik. Ərəb dilinin
qrammatikasına uyğun olaraq, əvəzlik felin qarşısında durarsa, hərəkət, heç
bir başqasına deyil, məhz ancaq xatırlanan şəxsə aid edilir. Buna görə şərh
etdiyimiz ayə aşağıdakı mənanı daşıyır: biz Sənə ibadət edirik və başqa heç kimə
ibadət etmirik, kömək üçün Sənə dua edirik və başqa heç kimə kömək üçün dua
etmirik.
İbadət,
kömək üçün duadan əvvəl yad edilmişdir və bu ifadə xüsusinin ümumiyə daxil
edilməsinin nümunəsidir, çünki sadalanarkən ümumi olanı xüsusidən əvvəl qeyd
etmək qəbul olunmuşdur. Bununla yanaşı sözlərin bu qaydada ardıcıllığı göstərir
ki, Fövqəluca Allahın haqqı Onun qullarının haqqından üstündür.
İbadət – həm
qəlbən və həm də bədənlə yerinə yetirilən və Allahın sevdiyi və bəyəndiyi bütün
sözləri və əməlləri əhatə edən anlayışdır. Yardım haqqında dua – Fövqəluca
Allaha, xeyir verməsi və şərdən qoruması üçün, yalvarışla yönəldilən və mütləq
gerçəkləşəcəyinə inam bəslənilən müraciətdir.
Məhz ibadət
və kömək haqqında dua əbədi xoşbəxtlik əldə etməyin və hər cür bəladan xilas
olmağın həqiqi vasitəsidir. Bundan özgə bir qurtuluş yolu yoxdur. Bax elə buna
görə də çox vacibdir bilək ki, ibadət ancaq Allah üçün Onun Elçisinin (s. ə. s)
Sünnəsinə tam uyğun olaraq yerinə yetirildikdə öz əsil mənasını kəsb edir. Bu
iki şərti yerinə yetirmədikdə heç bir ibadətin mənası olmaz.
Kömək
haqqında duanın ibadət formalarından biri olmasına baxmayaraq Fövqəluca Allah
onun barəsində ayrıca qeyd etmişdir. Çünki hər hansı mərasimi yerinə yetirəndə
Allahın qulu öz Rəbbinin köməyinə möhtac olur. Onun yardımı olmadan insan heç
vaxt Allahın hökmlərini qüsursuz icra edə və günahlardan çəkinə bilməz.
ﭧ
ﭨ ﭩ ﭪ
(1.6) “Bizi doğru yola yönəlt –”
Bu: bizə
doğru yol göstər, ona yönəlt və o yolla getmək üçün kömək et, deməkdir. Bu
aydın yol Allaha doğru aparır və Cənnətdə sona çatır. Bu yolu keçmək isə, haqqı
dərk edənə və əməllərində onu rəhbər tutana müyəssər olacaqdır.
Bu, həm də
o deməkdir ki: bizi doğru yola yönəlt və bizi o yolla apar. Birinci, İslama tərəf
döndərilməyi və bütün başqa dinlərdən əl çəkməyi, ikinci isə, dini qanunları
öyrənməyi və onları təcrübədə həyata keçirməyi nəzərdə tutur. Bu dua, İslamda ən
faydalı, dərin və hərtərəfli dualardan biridir. Allah insanlara namazın hər rükətində
bu sözlərlə Ona dua etməyi buyurmuşdur. Çünki hər bir insan Allahın köməyinə
möhtacdır.
ﭫ
ﭬ ﭭ ﭮ
ﭯ ﭰ ﭱ
ﭲ ﭳ ﭴ
(1.7) “qəzəbinə
düçar olmuşların və azmışların deyil, nemət verdiklərinin yoluna!”
Düz yol – Fövqəluca
Allahın nemət bəxş etdiyi peyğəmbərlərin, doğru danışan möminlərin, şəhidlərin
və təqvalıların yoludur. Bu, həqiqəti bildikdən sonra ondan üz çevirmişlərin və
buna görə Onun qəzəbinə düçar olmuşların yolu deyildir. Məhz bu qismət yəhudilərə
və onlara oxşayanlara nəsib olmuşdur. Bu, xristianlar və onlara oxşayanlar
kimi, öz nadanlığı və yanlışlığı üzündən haqdan üz çevirərək azmışların da yolu
deyildir.
Özünün
ifadə və üslub yığcamlığına baxmayaraq, bu surə özündə, Quranın o biri surələrində
olmayan şeyləri ehtiva edir. Onda tövhidin üç tərkib hissəsi əks olunmuşdur. Tək
Allahın hökmranlığına iman “aləmlərin Rəbbi” sözləri ilə ifadə edilmişdir.
Ancaq Allahın ibadətə layiq olmasına iman, “Allah” adının özündə və “Təkcə Sənə
ibadət edirik və təkcə Səndən yardım diləyirik” sözləri ilə bildirilir. Təkcə
Allahın gözəl adların və kamil sifətlərin sahibi olmasına iman gətirilməsi “Əlhəmdulillah”
(Allaha həmd olsun) sözlərindən irəli gəlir ki, bu barədə öncə bəhs etmişdik. Tövhidin
bu tərkib hissəsi Fövqəluca Allahın Özünün təsvir etdiyi və Muhəmməd Peyğəmbərin
(s. ə. s) Onu təsvir etdiyi bütün ad və sifətlərinə iman gətirməyi nəzərdə
tutur. Eyni zamanda, Allahın sifətlərinin həqiqi mənasını dəyişmək və onları məxluqların
sifətlərinə oxşatmaq yolverilməzdir.
Bu surədə
Muhəmmədin (s. ə. s) peyğəmbərliyinin gerçəkliyinin dəlilləri vardır. Onlar
“Bizi doğru yola yönəlt” sözlərində öz əksini tapmışdır. Həqiqətən, Peyğəmbərin
(s. ə. s) şəriəti olmasaydı, bu mümkün olmazdı.
“Din
gününün Sahibi” ifadəsində, insanların etdikləri əməllərə görə əvəzini hökmən
alacaqlarına göstəriş vardır. Bu əvəz ədalətlə veriləcəkdir, çünki “din” (“əvəz”)
sözü məhz ədalətli qarşılıq verilməsini nəzərdə tutur.
Surə həmçinin
qədərilərin və cəbbarilərin yanlış görüşlərini ifşa etməklə, insanların seçim
haqqı olmasına baxmayaraq, mövcud olan hər şeyin Allahın qədərinə müvafiq baş
verdiyini təsdiq edir. Bundan başqa surədə bütün bidət və zəlalət tərəfdarlarının
nəzəriyyələri təkzib edilir, çünki “Bizi doğru yola yönəlt” sözləri müsəlmanları
haqqı dərk etməyə və onları öz əməllərini lazımi qaydada yerinə yetirməyə yönəldir.
Bidət, dində yenilikçilik və zəlalət tərəfdarlarının hər biri isə, hökmən düz
yoldan üz çevirirlər.
Bununla yanaşı, bu surədə Fövqəluca Allaha səmimiyyətlə
qulluq etməyə və kömək üçün yalnız Ona dua etməyə çağırış vardır. “Təkcə Sənə
ibadət edirik və təkcə Səndən yardım diləyirik” ayəsinin mənası da bundadır. Həmd
yalnız aləmlərin Rəbbi Allaha məxsusdur!
\^
“ƏL-BƏQƏRƏ” (“İNƏK”) SURƏSİNİN
ŞƏRHİ
ﭑ ﭒ
ﭓ ﭔ
Mərhəmətli və Rəhimli Allahın adı ilə!
ﭑ
ﭒ
(2.1) Əlif.
Ləm. Mim.
Biz artıq
“Mərhəmətli və Rəhimli Allahın adı ilə!” sözlərinin şərhi haqqında yuxarıda
bildirmişik. Quran surələrinin böyük bir hissəsinin başlanğıc götürdüyü
“ayrı-ayrı hərflərə” gəldikdə isə, yaxşı olardı ki, onlara şərh verməkdən çəkinək,
çünki bütün mövcud şərhlərdən heç biri müqəddəs mətnlərə istinad etmir. Lakin
iman sahibi olan hər bir şəxs qəti bilməlidir ki, bu hərflər əyləncə xatirinə
deyil, bizim dərk edə bilmədiyimiz müdrik niyyətlə bağlı nazil edilmişdir.
ﭓ
ﭔ ﭕ ﭖﭗ ﭘﭙ ﭚ
ﭛ ﭜ
(2.2)“Bu, qətiyyən
şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır”.
Bu elə bir
əzəmətli Kitabdır ki, haqlı olaraq müqəddəs adlanır və özündə aydın həqiqəti,
habelə, hətta əvvəlki Səmavi Kitablarda olmayan geniş bilikləri təcəssüm
etdirir. Onun gerçəkliyi şübhə doğurmur və, nəzərə alsaq ki, əminlik şəkk gətirmənin
əksidir, onda hər bir kəs onun həqiqiliyinə inana, hər hansı şübhəni
darmadağın etmək üçün ondan kamil biliklər mənimsəyə bilər. Bu inamı elə bir
faydalı qayda təsdiq edir ki, ona görə, əgər qüsurun inkarı tərif bildirirsə,
bu inkar kamilliyin əksinin olmasını nəzərdə tutur. Bu qayda ədalətlidir,
çünki sadəcə qüsurun inkarı hələ tərifləmək demək deyildir, ancaq hər hansı
keyfiyyətin ortada olmamasına işarə edir.
Bütün
deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, Müqəddəs Quran insanlarda elə
bir inam yaradır ki, onsuz heç kim doğru yolla gedə bilməz və məhz buna görə Fövqəluca
Allah onu müttəqilər üçün doğru yolun yönəldicisi adlandırmışdır. Etibarlı yönəldici
insanlara haqqı yanlışlıqlardan, şübhələrdən ayırmaqda kömək edir, onları,
qullara xeyir verən yollarla getməyə çağırır. Allah Quranı ən geniş mənada rəhbərlik
adlandırır və yönəldici sözü işlətmir. O, onu, müəyyən məqsədə nail olmaq üçün
rəhbərlik və ya müəyyən şeyə rəhbərlik adlandırmamışdır. Bu isə o deməkdir
ki, Müqəddəs Quran həm bu dünya həyatında və həm də ölümdən sonra, xeyir gətirən
hər şeyin yolunu insanlara göstərir. O, bütün əsas və ikinci dərəcəli məsələlərdə
etibarlı rəhbərlik kimi, həqiqəti yalandan, sağlam düşüncələri isə yanlış
baxışlardan fərqləndirməyə kömək edir. O, bu dünyada və Axirət aləmində öz həyatını
qurmağın qayğısını çəkərək doğru yolla necə getmək lazım olduğunu izah edir.
Digər bir
ayəsində Fövqəluca Allah buyurur:“İnsanlara doğru yolu göstərən, haqqı
batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında
nazil edilmişdir...”[10]. Çox maraqlıdır ki, burada Quran bütün
insanlar üçün etibarlı rəhbərlik adlandırılmışdır, halbuki həm şərh etdiyimiz
ayədə və həm də bir çox başqa yerlərdə o, ancaq təqva sahibləri üçün rəhbərlik
adlandırılır. Bunun bir sıra izahları var.
Birincisi,
Müqəddəs Quran, əslində, bütün bəşəriyyət üçün misli görünməmiş doğru rəhbərlikdir,
lakin bədbəxt kafirlər ona diqqət yetirmirlər və Allahdan bu Kitabını qəbul
etmirlər. Onlar həqiqəti bilir, amma ondan faydalanmırlar, çünki bədbəxt məxluqdurlar.
Əməlisaleh möminlər isə, doğru yola qayıtmağa kömək edən böyük bir əsasdan
artıq bərk-bərk yapışmışlar. Bu əsas – onların, Allahdan qorxmaqdan ibarət olan
təqvasıdır. Allah qorxusu dedikdə, Allahın qəzəbindən qorunmağa imkan verən əməllərin
yerinə yetirilməsi, Onun hökmlərinə riayət edilməsi və Onun qoyduğu qadağalara
hörmətlə yanaşılması nəzərdə tutulur. Onlar öz təqvaları sayəsində doğru yola
çıxdılar və böyük nemətə nail oldular. Fövqəluca Allah buyurur: “Ey iman gətirənlər!
Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər,
günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir”[11]. Bax buna görə, məhz təqva sahibi olan qullar
Quran ayələrindən və səmavi əlamətlərdən faydalana bilirlər.
İkincisi,
doğru rəhbərlik və öyüd-nəsihət iki növ olur. Bəziləri doğru yola yönəldilir,
digərləri isə doğru yolla getməyə ruhlandırılır. Təqva sahibi olan möminlər hər
iki növ öyüd-nəsihətə nail edilirlər, yerdə qalan insanlara isə ikinci növ nəsihət
verilmir. Onlara ancaq doğru yol göstərilir. Lakin Allah onları xeyirxah əməllər
etməyə ruhlandırmır və buna görə belə öyüd-nəsihət və rəhbərlik kamil və tam
hesab olunmur.
Sonra Fövqəluca
Allah təqvalı iman sahiblərinin qəlbən etiqad etdikləri əqidədən və bədən hərəkətləri
ilə yerinə yetirdikləri əməllərindən bəhs edir:
ﭝ
ﭞ ﭟ ﭠ
ﭡ ﭢ ﭣ
ﭤ ﭥ
(2.3)
“O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz
ruzidən Allah yolunda xərcləyirlər”.
Həqiqi iman
o imandır ki, Allahın elçilərinin verdikləri bütün xəbərlərin doğruluğunu,
mütilik ifadə edən davranışınla tamamilə qəbul edəsən. İnsan ancaq gördüyünə və
hiss etdiyinə inanmaqla kifayətlənməməlidir, çünki bu halda müsəlman kafirlərdən
fərqlənmir. O, Allahın nazil etdiyi və Onun Elçisinin (s.ə.s.) xəbər verdiyi,
öz gözü ilə görüb əmin olması mümkün olmayan qeybə iman gətirməlidir. Məhz belə
iman müsəlmanı kafirdən ayırmağa imkan verir. Mömin, Allah və Onun Elçisinin
(s.ə.s.) bildirdiyi bütün xəbərlərin həqiqiliyinə, onları öz gözü ilə görüb
görməməsindən asılı olmayaraq, inanır.
O, başa düşəcəyi və öz ağlı ilə dərk edə biləcəyi xəbərlərlə, başa düşə
bilmədiyi qeyb arasında heç bir fərq qoymur. Məhz bu keyfiyyəti onu, dərk edə
bilmədiklərinə iman gətirməyən kafirlərdən ayırır. Onlar öz dayaz ağılları ilə
ilahi vəhyləri anlamayaraq, başa düşməyə qabil olmadıqları qeybə aid nə varsa
inkar edirlər. Onların təfəkkürü xəstə və pozulmuş olduğu halda, vəhyin gerçəkliyini
qəbul edən və Allahın öyüd-nəsihətinə əməl edən möminlərin düşüncəsi sağlam və
pakdır.
Qeybə iman
gətirmək – Fövqəluca Allahın keçmişdə olmuş və gələcəkdə olacaq hadisələr
haqqında verdiyi bütün xəbərlərə inanmaq deməkdir. Bu xəbərlərə, yəni Axirət
günü baş verəcək hadisələr haqqında rəvayətlərə, Allahın ilahi sifətlərinə
dair və habelə bunlarla əlaqədar Allahın elçilərinin verdikləri bütün xəbərlərə
iman gətirmək də daxildir. Elə buna görə möminlər Allahın sifətlərinə iman gətirir
və onların, keyfiyyətini qavramaq qabiliyyətinə malik olmasalar da, gerçəkliyinə
əmindirlər.
Möminlərin
daha bir xüsusiyyəti – onların namazı
lazımınca qılmasıdır. Təqva sahibi olan möminlər namazı, sadəcə, müəyyən
ayinləri yerinə yetirmək üçün qılmırlar. Namaz qılmaq dedikdə, namazın şərtləri
və rüknlərinin və həmçinin vacib tələblərinin müvafiq qaydada yerinə yetirilməsi
və özü də onların qəlbin və bədən üzvlərinin iştirakı ilə icra edilməsi və bu
zaman tələffüz edilən kəlmələrin, yerinə yetirilən hərəkətlərin dərk edilməsi
nəzərdə tutulur. Belə namaz haqqında Fövqəluca Allah buyurur: “...Həqiqətən,
namaz çirkin və yaramaz işlərdən çəkindirir...”[12]. Məhz belə namaz
qula savab gətirir. Allahın qulu düşünərək qıldığı namaza görə savab qazanır.
Bizim şərh etdiyimiz ayəyə gəldikdə isə, namaz dedikdə ayədə fərz və nafilə
namazlar nəzərdə tutulur.
Namaz
qılmaqla bərabər təqvalı dindarlar ianə paylayırlar. İanə zəkatdan, zövcələr,
qohumlar, qullar üçün nəzərdə tutulan təminat xərcliyindən və digər vacib sədəqələrdən
və həmçinin xeyriyyəçilik məqsədilə verilən könüllü yardımlardan ibarətdir. Fövqəluca
Allah bu ayəsində məhz kimə ianə vermək lazım olduğu barədə xəbər verməmişdir,
çünki belə xeyriyyəçilik məqsədləri və sədəqəyə ehtiyacı olanlar olduqca
çoxdur və həm də nəzərə almaq lazımdır ki, öz Rəbbinə yaxınlaşmaq üçün yerinə
yetirilən hər bir əməli sədəqə adlandırmaq olar.
Fövqəluca
Allah göstərir ki, sədəqə kimi əmlakın ancaq kiçik bir hissəsini ianə vermək
olar. Belə ehsan insanlara ziyan vurmur və onlara ağır gəlmir. Əksinə, onlar
bundan fayda əldə edir və öz qardaşlarına xeyir verirlər. Fövqəluca Allah
xüsusilə vurğulayır ki, insanlar var-dövləti öz qabiliyyətlərinə görə əldə
etmirlər. Mal-mülkü onlara Allah nəsib etmişdir və Qüdrətli Allah bu maddi nemətləri
bəxş etməklə onları çoxsaylı digər məxluqları üzərində yüksəltdiyinə görə,
insanlar Ona həmd etməyə, onlara bağışlanmış var-dövlətdən öz imkansız
qardaşlarına kömək məqsədilə paylamağa borcludurlar.
Quran ayələrinin
çoxunda namaz zəkatla yanaşı xatırlanır, çünki namaz Allaha səmimi ibadətin rəmzidir,
zəkat və sədəqə isə məxluqlara bəslənən gözəl münasibətdir. Həqiqətən, məhz Allaha
səmimi ibadət və yaradılmışlara yardım
edilməsinə yönəldilən səylər xoşbəxtliyin rəhnidir, bu keyfiyyətlər olmadıqda
isə, bədbəxtçiliyin rəhnidir.
ﭦ
ﭧ ﭨ ﭩ
ﭪ ﭫ ﭬ
ﭭ ﭮ ﭯ
ﭰ ﭱ ﭲ
(2.4) “O kəslər ki, sənə nazil olana və səndən əvvəl
nazil olanlara iman gətirir, Axirətə də yəqinliklə inanırlar”.
Muhəmməd
Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) vəhy yolu ilə nazil edilən
Quran və Sünnədir. Fövqəluca Allah belə buyurur: “...Allah sənə Kitabı və
Hikməti (Quranı və Sünnəni) nazil etdi...”[13]. Təqva sahibi
olan dindarlar Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) gətirdiyi
nə varsa, hamısına inanırlar və vəhylər arasında fərq qoymurlar. Onlar, nazil
edilmiş Kitabın ancaq bir hissəsinə inanıb, digər hissəsini rədd edən, onu
inkar edərək və yaxud Allahın və Elçisinin (ona Allahın salavatı və salamı
olsun) şərhlərinin əksinə olaraq yanlış izah etməyə cəhd göstərən bidətçilərə aid
deyillər. Ancaq bunlar özlərini bu tərzdə aparır və onların yanlış baxışlarını
rədd edən müqəddəs mətnlərin mənasını təhrif edirlər. Əslində, onlar vəhylərin
həqiqi mənasını etiraf etməyi və onlara lazımınca iman gətirməyi rədd edirlər.
Muhəmməd
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) gəlməsinə qədər nazil
edilmiş Kitablara gəldikdə isə, nəzərdə tutulan – səmavi Kitablardır. Bu
Kitablara iman – Allahın elçilərinə və o Kitablarda yazılmış xəbərlərə imandan
ibarətdir. Onların Tövrat, İncil (Əhdi-cədid) və Zəburdan ibarətdir. Bütün səmavi
Kitablara və Allahın bütün elçilərinə iman – Allahın elçiləri arasında fərq
qoymayan həqiqi möminlərin xüsusiyyətidir. Bununla yanaşı onlar Axirət həyatının
varlığına da əmindirlər.
Ölümündən
sonra insanın başına gələn bütün hadisələr Axirət həyatı adlandırılır. Allah
qeyb aləminə iman gətirməyi xatırlatdıqdan sonra Axirət həyatını da xüsusilə
qeyd etmişdir, çünki o, imanın əsas rüknlərindən və insanda qorxu, ümid və
xeyirxah əməllər arzusu doğuran ən böyük amillərdən biridir. Etiqad məsələsinə
gəldikdə isə, bu ad altında, özündə qətiyyən şübhə yeri qoymayan mükəmməl bilik
nəzərdə tutulur ki, o, insanı daima fəaliyyət göstərməyə yönəldir.
ﭳ
ﭴ ﭵ ﭶ ﭷﭸ ﭹ
ﭺ ﭻ ﭼ
(2.5)
“Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar nicat
tapanlardır”
Yuxarıda
sadalanan tərifəlayiq keyfiyyətlərə malik olan möminlər öz Rəbbindən gələn
müdrik rəhbərliyə riayət edirlər. “Hüda” (“doğru rəhbərlik”) sözü müəyyən
artiklsiz işlədilmişdir ki, bu da onların seçdikləri yolun möhtəşəmliyini
vurğulayır. İnsanın sağlam baxışlara malik olması və düzgün əməllər etməsi üçün
hansı rəhbərlik əzəmətli ola bilər? Ancaq belə bir rəhbərliyi haqlı olaraq gerçək
adlandırmaq olduğu halda, bütün yerdə qalanlar yanlışlıqlardan başqa bir şey
deyildir.
Qeyd etmək
lazımdır ki, doğru rəhbərlik xatırlanarkən Fövqəluca Allah “alə” ön şəkilçisindən
istifadə etmişdir ki, o, yüksək mövqeyə işarə edir, halbuki yanlışlığı ifadə
edərkən “fi” ön şəkilçisi işlədilmişdir ki, bu hazırkı vəziyyətdə zəlalətə
batmağa işarə vurur. Fövqəluca Allah buyurur: “...Elə isə biz və ya siz
(ikimizdən biri) ya doğru yolda, ya da açıq-aydın azğınlıq içindədir”[14]. Bu onunla izah
edilir ki, doğru rəhbərlik onun tərəfini saxlayanı ucaldır, yanlışlıq isə onda
batıb qalanı alçaldır.
Sonra Fövqəluca
Allah bildirir ki, təqvalı möminlər hökmən uğur qazanacaqlar. Bu o deməkdir
ki, onlar istədiklərinə və onlara vəd edilənlərə nail olacaqlar və dəhşətli və
xoşagəlməz nə varsa, hamısından xilas ediləcəklər. Allah xüsusilə qeyd edir
ki, onlar yeganə uğur qazananlardır, çünki onların yolu, böyük müvəffəqiyyətə
aparan yeganə yoldur, halbuki qalan bütün yollar insanı bədbəxtliyə, məhvə və
ziyana uğradır. Məhz buna görə, Fövqəluca Allah həqiqi iman gətirmiş şəxslərin
sifətlərini xatırladandan sonra, öz imansızlıqlarını inadkarcasına müdafiə edən
və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) müqavimət göstərən
kafirlərin sifətləri haqqında xəbər verir.
ﭑ
ﭒ ﭓ ﭔ
ﭕ ﭖ ﭗ
ﭘ ﭙ ﭚ
ﭛ ﭜ
(2.6)
“Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur,
iman gətirməzlər”.
Fövqəluca
Allah kafirlik onların ayrılmaz sifətlərinə çevrilmiş imansızlar haqqında xəbər
verir. Belə insanları kafirlikdən uzaqlaşdırmaq mümkün deyil, çünki onlar heç
bir təbliğata, öyüd-nəsihətə baxmayaraq, kafirliyə etiqadlarında davam edəcəklər.
Onlara cəza veriləcəyi haqqında xəbərdarlıq etsən də, etməsən də, əsil imana tərəf
üz döndərməyi rədd edəcəklər. Bilmək lazımdır ki, əslində, kafirlik, Allahın
Elçisinin (ona Allahın salavatı və salamı olsun) təbliğ etdiyi dini tamamilə və
ya qismən inkar etməkdir. Kafirlər bu təbliğatdan xeyir götürmək istəmirlər,
lakin həqiqəti bilərək, öz cahillikləri üzündən sonradan Allah qarşısında tövbə
etmək imkanını əldən buraxırlar.
Fövqəluca
Allah bu ayə ilə kafirlərin İslamı qəbul edəcəklərinə ümid bəsləməsini və
onların iman gətirməkdən boyun qaçırmalarına məyus olmasını Öz Elçisinə (ona
Allahın salavatı və salamı olsun) sanki qadağan etmişdir. Sonra Fövqəluca Allah
onlara iman gətirməyə səbəb olan maneələr haqqında bildirərək buyurur:
ﭝ ﭞ
ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ
ﭥ ﭦﭧ ﭨ
ﭩ ﭪ ﭫ
(2.7)
“Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir.
Onlar üçün böyük bir əzab vardır”.
Onların qəlbinə
və eşitmə qabiliyyətinə vurulmuş möhür imanın kafirlərin qəlbinə daxil olmasına
yol vermir və buna görə də onlar özlərinə xeyirli olan şeylərə əhəmiyyət vermir
və qulaq asmırlar. Gözlərində olan örtük onların nədən xeyir əldə edə biləcəklərini
görməyə mane olur. Elmə və xeyirxahlığa aparan bütün yollar onların qarşısında
bağlanmışdır və onların nemət qazanacaqlarına ümid etmələri mənasızdır. Onlar
bu imkandan məhrum edilmiş, qarşılarında haqq dinə aparan bütün yollar qapanmışdır,
çünki onlar özləri iman gətirməkdən boyun qaçırmış və əsil həqiqət onlara
aydın olduqdan sonra ona müqavimət göstərmişlər. Bununla əlaqədar Fövqəluca
Allah buyurur: “Biz onların ürəklərini və gözlərini ilk dəfə ona iman gətirmədikləri
kimi tərsinə çevirərik...”[15]. Bu dünyada
kafirlərin cəzası budur, Axirət həyatında isə onları böyük cəza, əbədi Cəhənnəm
əzabı və Qüdrətli Hökmdarın hədsiz qəzəbi gözləyir.
ﭬ
ﭭ ﭮ ﭯ
ﭰ ﭱ ﭲ
ﭳ ﭴ ﭵ
ﭶ ﭷ
(2.8) “İnsanlar arasında elələri də vardır ki, mömin
olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq” – deyirlər”.
Fövqəluca
Allah özlərini üzdə müsəlman kimi aparan, qəlbən isə kafir olan ikiüzlü münafiqlər
haqqında xəbər verir. Bilmək lazımdır ki, burada ikiüzlü adı altında
nümayişkaranə dindarlıq nəzərdə tutulur ki, onun arxasında gizlənən şər və şərəfsizlikdir.
Bu tərif təkcə etiqadında münafiqlik olana deyil, davranışında münafiqlik olana
da aiddir. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) bu barədə
demişdir: “Münafiqi onun üç keyfiyyəti büruzə verir: o bir şey haqqında
danışanda, yalan deyir; söz verəndə yerinə yetirmir; ona etibar edildikdə,
etibarı doğrultmur”. Hədisin başqa bir variantında deyilir: “Əsil
münafiq aşağıdakı dörd xüsusiyyəti özündə cəmləşdirən kəsdir: ona etibar
edildikdə, etibarı doğrultmur; bir şey danışdıqda, yalan söyləyir; kimlə müqavilə
bağlayırsa, onu pozur; biri ilə mübahisə etdikdə, özünü ləyaqətsiz aparır”. Etiqadda münafiqliyə
gəldikdə isə, o, insanı İslamdan çıxarır. Quranın bu və digər surələrində, Fövqəluca
Allah münafiqləri təsvir edərkən, məhz münafiqliyin bu sonuncu formasından bəhs
edir.
İslam tərəfdarları
arasında Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Məkkədən Mədinəyə
hicrət etməsinədək və hicrət etdikdən sonra Bədr döyüşü baş verənə qədər münafiqlər
yox idi. Həmin döyüşdə Allah müsəlmanlara qələbə bəxş etdi, möminləri ucaltdı və
Mədinədə yaşayan kafirləri rəzil etdi. Öz canlarından ötrü keçirdikləri qorxu
hissi və müsəlmanları aldatmaq istəyi onlardan bəzilərini özlərini gözə soxmaq
üçün İslama girməyə vadar etdi. Onlar bu yolla öz canlarını və var-dövlətini
qoruyub saxlamağa ümid edirdilər. Zahiri görünüş etibarı ilə, onlar müsəlman
görkəmində olsalar da, ancaq qəlbən kafir qalmışdılar. Belə olduqda, Allah
möminlərə rəhm edərək, münafiqlərin xüsusiyyətlərini onlar üçün təsvir etdi
ki, möminlər onları tanısın, onların sözlərinə və əməllərinə aldanmasınlar və
onların yaramazlıqlarından qoruna bilsinlər.
Fövqəluca
Allah buyurur: “Münafiqlər, özlərinin qəlbində olanı xəbər verən bir surənin
möminlərə nazil olmasından çəkinirlər...”[16]. Allah belə bir
surəni nazil etdi və onda həmin mürtədlərin əsas xüsusiyyətlərini təsvir etdi.
Onlar bəyan edirlər ki, Allaha və Qiyamət gününə iman gətiriblər. Amma əsil həqiqətdə
onlar qəlblərində olmayanları deyirlər. Onlar – yalançıdırlar, çünki haqq dinə
ibadət edənlərin sözləri baxışları ilə ziddiyyət təşkil etmir. İkiüzlü münafiqlərə
gəldikdə isə, onlar öz sözləri ilə Allahı və Onun iman gətirmiş qullarını
aldatmaq istəyirlər.
ﭸ
ﭹ ﭺ ﭻ
ﭼ ﭽ ﭾ
ﭿ ﮀ ﮁ
ﮂ
(2.9)
“Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini
aldadır və dərk etmirlər”.
Burada
aldatmaq dedikdə, əsil münasibətini gizlətmək məqsədilə öz niyyətinə nail olmaq
üçün süni bir münasibət göstərmək nəzərdə tutulur. Bunun əsasında münafiqlər
Allahla və Onun qulları ilə öz münasibətlərini qururlar. Lakin onlar ancaq özlərini
aldadırlar və bu da çox qəribədir. Adətən, bir nəfər bir başqasını aldatdıqda,
ya istədiyinə nail olur, ya da heç nə əldə edə bilməsə də, heç nəyi də itirmir.
Amma münafiqlər özlərinə ziyan vururlar. Onlar sanki fitnə-fəsadı ona görə törədirlər
ki, özlərini məhv etsinlər və özlərini aldatsınlar, çünki onlar Fövqəluca Allaha
zərər vura bilməzlər və möminlərə də xətər yetirmək qüvvəsində deyillər. Onlar
malını və canını xilas etmək üçün özlərini mömin kimi göstərərkən dindarlara
az da olsa zərər vurmurlar. Onların fitnəkarlıqları ancaq özlərinə qarşı çevrilərək,
onları biabırçılığa və dünyəvi həyatda şərəfsizliyə qərq edir. Hər dəfə, onlar
müsəlmanların gücünü və qüdrətini görəndə hədsiz matəmə batırlar. Axirət günü
isə onlar layiq olduqları əzablı, ağrıdıcı və dəhşətli cəzaya düçar ediləcəklər.
Çünki onlar haqqı yalan saydılar, iman gətirməkdən boyun qaçırdılar və günaha
qurşandılar. Lakin onlar o dərəcədə cahil və axmaqdırlar ki, bunu dərk etmək
iqtidarında deyillər.
ﮃ ﮄ
ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ
ﮋ ﮌ ﮍ
ﮎ ﮏ ﮐ
(2.10)
“Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini
artırmışdır. Yalan söylədiklərinə görə də üzücü bir əzab çəkəcəklər”.
Bu ayədə xəstəlik
adı altında şəkk-şübhə, inamsızlıq və münafiqlik nəzərdə tutulur. Bilmək
lazımdır ki, qəlb iki xəstəliyin: saxta şübhələrin və alçaq ehtirasların təsiri
altında pozula bilər. İmansızlıq, münafiqlik və bidət qəlbi korlayan şübhələr
olduğu halda, zina, əxlaqsızlığa meyl və itaətsizlik alçaq həvəslərə aludəliyə
aiddir. Fövqəluca Allah bununla əlaqədar buyurur: “...Əgər Allahdan
qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində
xəstəlik olan tamaha düşər...”[17]. Ayədə zinakarlığa
alçaq meyldən bəhs edilir. Qəlb, bu iki xəstəlikdən xilas olduqdan sonra,
sağlam adlandırıla bilər. Ancaq bu halda insan möhkəm iman və əqidə sahibi ola,
itaətsizlikdən çəkinə və pis əməllərdən qoruna bilər.
Bu ayə
fasiqi günah etməyə sövq edən Allahın müdrikliyinin dəlilidir. Günahkarlar
etdikləri cinayətləri üzündən özlərini cəzaya məhkum edən yeni-yeni günah əməllər
törədirlər. Bu barədə Fövqəluca Allah buyurur: “Biz onların ürəklərini və
gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi tərsinə çevirərik...”[18];
“...Onlar
doğru yoldan sapdıqda, Allah da onların qəlbini sapdırdı. Allah fasiqləri
doğru yola yönəltməz”[19];
“Qəlbində
xəstəlik olanlara gəlincə, o surə onların murdarlığı üstünə bir
murdarlıq da artırır və onlar kafir qalaraq ölürlər”[20].
Bütün bu
deyilənlərdən belə bir nəticə çıxır ki,
törədilmiş günaha görə cəza – növbəti günahların işlədilməsidir və
bununla yanaşı, yerinə yetirilmiş xeyirxah əmələ görə əcr almaq – növbəti
xeyirxahlıqdır. Fövqəluca Allah buyurur: “Allah doğru yolda olanların
doğruluğunu artırar...”[21].
[1] Əraf, 7/199. (F.S.)
[2] Hicri 1376-cl ildə vəfat
etmişdir. F.S.
[3] Ayənin
şərhi: “Bu və buna bənzər ayələr, insanların iman gətirməli olduqları nə
varsa, hamısını əhatə edir. Bilmək lazımdır ki, iman gətirmək dedikdə, əsas
dini baxışlarda əqidə möhkəmliyi nəzərdə tutulur ki, bu da ruhun və bədənin
etdiyi əməllərlə təsdiq olunur. Bu ifadədən belə anlamaq olar ki, iman, imanın
bir hissəsi və nəticələrinin biri olan saleh əməllərin hamısını özündə birləşdirir.
Əgər iman Quran ayələrində ayrıca xatırlanırsa, o həmişə İslamı və saleh əməlləri
bildirir, əgər təkcə İslam qeyd olunursa, onda o, həmişə imanı və əməlisaleh nəzər
nöqtələrini əks etdirir. Əgər onlar ikisi birlikdə yad edilirsə, onda iman adı
altında qəlbdə olan əqidə, İslam adı altında isə, açıq şəkildə həyata keçirilən
saleh əməllər nəzərdə tutulur. Eyni şeyi imanın saleh əməllərlə yanaşı
xatırlandığı ayələr haqqında da demək mümkündür”. Tərc. F.S.
[4] Bu ayənin
şərhi də yuxarıdakı (Bəqərə, 2/136) kimi böyük məharət və bacarıqla verildiyi
üçün, onu burada göstərməyi lazım bilmədim. Tərc. F.S.
[5] Şeyx
Əbu Zeydin dəqiqləşdirmədiyi bu ayə Əhzab surəsinin 13-cü ayəsidir. Tərc. F.S.
[6] Qeybə aid elmlərdən
biridir. Tərc. F.S.
[7] Burada İbn Teymiyyədən gətirilən sitat sona yetir. Tərc. F.S.
[8] Qadağa,
qadağan edilənə zidd olan hərəkətin (əməlin) icrasını nəzərdə tutur. F.S.
[9] Mütəşabeh
- Müqəddəs Quranda mənası qapalı olan, bir çox mənalar verə bilən, təfsirində
çətinlik çəkilən ayə və sözlərə deyilir. Qiyamətin təsviri, Cənnət nemətləri, Cəhənnəm
əzabı və s. haqqındakı ayələrin ifadələri mütəşabehdir. Tərc. F.S.
[10] Bəqərə, 2/185
[11] Ənfal, 8/29
[12] Ənkəbut, 29/45
[13] Nisa, 4/113
[14] Səba, 34/24
[15] Ənam, 6/110
[16] Tövbə, 9/64
[17] Əhzab, 33/32
[18] Ənam, 6/110
[19] Saff, 61/5
[20] Tövbə, 9/125
[21] Məryəm, 19/76
Hörmətli oxucu qardaş və bacılar!
ОтветитьУдалитьTəfsiri oxumaq üçün surələrin yerini düz tapmağa çalışın, çünki mən onları qaydasız halda yerləşdirmişəm (dizayn məsələlərində səriştəm olmadığına görə). İlk surələr,əvvəl nəşr edildiyi üçün, siyahının aşağısındadır. Aydın olmayan hallar barədə mənə mesaj göndərə bilərsiniz. Sizi unutmayan F.S.
Jaza Kumullahu xayran
ОтветитьУдалитьPdf formatı var bunun ?
ОтветитьУдалить