воскресенье, 16 сентября 2012 г.

Ə.Səədi. Təfsir. I c. 2.208 - 2.222 - ci ayələr





                    
                

(2.208) “Ey iman gətirənlər! İslamı bütövlükdə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o, sizə açıq-aydın düşməndir”.

Fövqəluca Allah möminlərə İslamı bütövlükdə qəbul etməyi, dinin bütün hökmlərini yerinə yetirməyi və onların hətta bəzilərindən belə boyun qa­çırmamağı əmr edir. Müsəlman özünü, öz istəklərini ilahiləşdirən, Allahın hökmləri onun istəklərinə uyğun gəldikdə onları yerinə yetirən, istəklərinə uyğun gəlmədikdə isə onları rədd edən şəxslərə bənzətməməlidir. Müsəlman öz istəklərini dinin tələblərinə tabe etməli və gücü çatdığı bütün saleh əməlləri həyata keçirməlidir. Əgər o, hökmlərin bir hissəsini yerinə yetirməyi bacarmırsa, onda ilk imkan yaranan kimi onları qətiy­yətlə icra etmək niyyətində olmalı və öz niyyəti sayəsində etmədiklərinin yerini doldurmalıdır.
İnsan şeytanın yolundan dönmədikcə İslamı bütövlüklə qəbul etməyi bacarmayacağına görə, Fövqəluca Allah möminlərə günahlar və xətalar törədərək şeytanın ayaq izləri ilə addım atmağı qadağan etmişdir, axı şey­tan – bəşəriyyətin aşkar düşməni – insanlara ancaq alçaqlıq və qınanılan hərəkətlər törətməyi təlqin edir və onları, onlara zərər verən nə varsa, ona dəvət edir. Lakin insan səhv və yanlışlıqlardan azad olmadığı bacarmadığı üçün Fövqəluca Allah sonra belə buyurur:

                           

 (2.209) “Sizə açıq-aydın dəlillər gəldikdən sonra yoldan çıx­sanız, bilin ki, Allah Qüdrətlidir, Müdrikdir”.

Əgər siz bilik əldə etdikdən və möhkəm əqidə sahibi olduqdan sonra səhvə yol versəniz və günah işləsəniz, onda bilin ki, Rəbbiniz – Qüdrətli və Müdrikdir.
Bu vəhy səhvlərə və günahların törədilməsinə qarşı sərt xəbərdar­lıqdan ibarətdir. Burada Allah Öz Qüdrətini ilahi Müdrikliyi ilə bağlayır. İnsan günah işlədirsə, Allah onu Öz Qüdrəti sayəsində sarsıdır və Öz Müdrikliyinə müvafiq olaraq cəzaya uğradır, çünki ilahi müdrikliyi itaət­sizlik göstərənləri və cinayətkarları cəzalandırmağı tələb edir. Bu sərt və qorxunc xəbərdarlıqdan adamın ürəyi üzülür və yer ayağının altından qaçır.
                           ﯷﯸ      ﯼﯽﯾ  

(2.210) “Yoxsa onlar ancaq onu gözləyirlər ki, Allah bulud köl­gəsində mələklərlə birlikdə gəlsin və iş bitmiş olsun? Bütün işlər Allaha qaytarılacaqdır”.

 Doğrudanmı yer üzündə fitnə-fəsad yayan və şeytanın ayaq izləri ilə gedən və Allahın hökmlərinə saymazyana yanaşan günahkarlar, insan­ların etdikləri əməllərinə görə əvəz alacaqları Qiyamət gününün gələcə­yini gözləmirlər? Həmin günün dəhşətləri və bədbəxtlikləri zalımları rahat­lıqdan məhrum edəcək, şiddətli intiqam isə günah əməllər yayan insanları hər tərəfdən mühasirəyə alacaqdır. Həmin gün Fövqəluca Allah səmaları bükəcək və yeri dümdüz edəcək. Göy cisimləri töküləcək, Günəş və Ay qatlanacaq. O vaxt mələklər göydən enəcəklər və yerin məxluqları onları hər tərəfdən əhatə edəcəklər. Bundan sonra Öz qulları üzərində ədalətli məhkəmə qurmaq üçün Xeyirxah və Fövqəluca Allah buludların kölgə­sində aşağı enəcəkdir.
Həmin gün Tərəzi qurulacaq və əməl dəftərləri açılacaq, bax onda xoşbəxt möminlərin üzü işıqlanacaq, bədbəxt günahkarların üzü isə qaralacaq. Möminlər cinayətkarlardan ayrılacaq və onlardan hər biri etdikləri əməllərinə görə əvəzini alacaqlar. Bax onda zalımlar öz barmaq­larını çeynəməyə başlayacaqlar, axı onlar başa düşəcəklər ki, özlərini nəyə məhkum etmişlər.
Bu və buna bənzər digər ayələr, Allahın Özünün Özünü səciyyələn­dirdiyi və Allahın Elçisinin (s.ə.s.) Onu səciyyələndirdiyi istiva etmə, enmə, zahir olma və digər sifətlərini Sünnə və camaat əhlinin qəbul etməkdə haqlı olduqlarını təsdiq edir. Onlar bu sifətlərin aydın mənalarını Allahın böyüklüyünə və kamilliyinə uyğun formada qəbul edərək, Onun sifətlərini yaratdıqlarının keyfiyyətlərinə bənzətmir, onları təhrif etmir və mənadan məhrum etmirlər. Onlar özlərini, Allahın ilahi sifətlərini inkar edən, Quran ayələrini ağılları əsasında şərh edən cəhmiyyəçilərə, mötəzi­lələrə, əşarilərə və başqa bidətçilərə bənzətmirlər. Belə təfsirlər Allahın Özü­nün nazil etdiyi etibarlı dəlillərə əsaslanmır və Allahın və Onun Elçi­sinin (s.ə.s.) haqqı sadə üsulla izah edə bilmədiklərini zənn edirlər və əslində demək istəyirlər ki, Onun əsil sifətləri haqqında bilmək ancaq idrak əsasında təfsir etməklə mümkündür.
Lakin bu bidətçilər öz doğruçuluqlarını etibarlı müqəddəs mətn­lərlə sübut etməyi bacarmırlar. Bundan əlavə, onlar hətta inandırıcı mən­tiqi dəlillərə də malik deyillər.
Müqəddəs mətnlərə gəldikdə isə, ağıla əsaslananlar da etiraf edirlər ki, Quran və Sünnənin müqəddəs mətnlərinin aydın və hətta aşkar mənası Sünnə və camaat əhlinin baxışlarının xeyrinə dəlalət edir. Onlar həmçinin etiraf edirlər ki, onların yanlış baxışlarını izah etmək üçün mətnlərin aydın mənalarını inkar etmək və əlavələr və azaltmalar etmək yolu ilə dəyişmək lazımdır. Şübhəsiz ki, bu hal qəlbində heç olmazsa bir qətrə iman olan insanı qane edə bilməz.
Məntiqi dəlillərə gəldikdə isə, sağlam ağıl yuxarıda qeyd olunan ilahi sifətləri inkar edə bilməz. Əksinə, sağlam ağıl sübut edir ki, hərəkət qabiliyyəti hərəkətsizlikdən daha kamil bir keyfiyyətdir və Allahın əməl­ləri Onun ilahi mahiyyəti və Onun məxluqları ilə bağlıdır. Kamillik ancaq belə ola bilər və əgər ağıla əsaslanan kəslər zənn edirlərsə ki, Allahın sifətlərinin etirafı Allahı Onun yaratdıqlarına oxşatmalıdır, onda biz deməliyik ki, Allahın sifətlərinin müzakirəsi Allahın mahiyyətinin müza­ki­rəsinə bənzədilməlidir. Əgər Allah mahiyyətə malikdirsə, və o, məxluq­ların mahiyyətinə oxşamırsa, onda Onun məxluqların keyfiyyətlərinə oxşamayan sifətlərə malik olmasında da heç bir qəribəlik olmamalıdır. Allahın sifətləri Allahın mahiyyəti ilə bağlı olduğu kimi, məxluqların keyfiyyətləri də onların mahiyyəti ilə bağlıdır. Bu isə o deməkdir ki, Allahın sifətlərinin qəbul edilməsi Allahın məxluqlarına oxşaması demək deyildir.
Biz həmçinin Allahın bəzi sifətlərini qəbul edib, bəzilərini inkar edən və ya Allahın adlarını qəbul edib, Onun sifətlərini inkar edən hər bir kəsə bildirməliyik ki, daha məntiqli olardı ki, ya Allahın bütün ad və sifətlərini qəbul edəsən, ya da Onun bütün ad və sifətlərini inkar edəsən, amma bu halda insan aləmlərin Rəbbinin özünü inkar etməli olacaq. Əgər o, bəzi adları və sifətləri qəbul edib digərlərini inkar edirsə, onda onun baxışları ziddiyyətlidir. Əgər o, ad və sifətlərin bəzilərini qəbul və bəzilə­rinin inkarını hansı əsaslara istinadla etdiyini sübut etməyə cəhd göstə­rərsə, buna müyəssər ola bilməyəcəkdir. O, deyə bilər ki: “Mən Allahın Onu məxluqlarına bənzətməyən sifətlərini qəbul edirəm”. Belə olduqda, Sünnə əhli ona etiraz edərək deməlidir: “Biz hesab edirik ki, ağıla istinad edənlərin ilahi sifətləri inkar etmələri Allahın Öz yaratdıqlarına oxşar­lığını nəzərdə tutur”. Əgər o desə ki: “Mən hesab edirəm ki, bu sifətlərin qəbul edilməsi Allahın məxluqlarına oxşadığını bildirir” – onda Allahın bütün sifətlərini inkar edən hər hansı bidətçi ona belə etiraz edə bilər: “Mən isə hesab edirəm ki, sənin Allahın bəzi sifətlərini qəbul etməyin Allahı yaratdıqlarına oxşatmaq deməkdir”. Əgər o, Allahın bütün ilahi sifətlərini inkar edən bidətçilərin etirazına cavab verərsə, onda Sünnə əhli eyni qayda ilə onun etirazına cavab verərlər.
Bir sözlə, əgər insan Quran və Sünnənin təşviq etdiyi müddəaları inkar edirsə, onun öz iddiaları təzadlı olur. Onlar nə müqəddəs mətnlər və nə də məntiqi dəlillərlə təsdiq olunmur. Əksinə, onlar sağlam düşüncə və Allahın vəhyi ilə ziddiyyət təşkil edirlər.

                                        

(2.211) “İsrail oğullarından soruş ki, Biz onlara nə qədər aydın də­lillər göndərdik. Allahın nemətini əldə etdikdən sonra onu dəyiş­dirənlərə Allah şiddətli cəza verəcəkdir”.

Allah İsrail oğullarına haqqı təsdiq edən və Allahın elçilərinin gerçəkliyini sübuta yetirən çoxlu möcüzələr nümayiş etdirir. Onlar həmin əlamətlərin həqiqiliyinə əmin olub mənalarını başa düşmüşdülər, lakin bu lütfkarlığına görə Allahı tərifləməkdən boyun qaçırdılar. Bundan başqa, onlar bu möcüzələrə iman gətirməyib, Rəbbin xeyirxahlığına naşükürlüklə cavab verdilər. Onlar Onun cəzasına layiq görülərək mükafatından məh­rum oldular.
Fövqəluca Allah göstərilən lütfkarlığa görə nankorluğu mübadilə adlan­dırdı, çünki əgər Allah insana maddi və mənəvi nemətlər verməklə ona xeyirxahlıq etdikdə, o, isə bu lütfün əvəzində minnətdarlıq etməkdən bo­yun qaçırdaraq öz vəzifəsini yerinə yetirmədikdə, belə insan hökmən Allahın mərhəmətindən məhrum olar və onun yerini küfr və itaətsizlik tutar. Əgər insan Allaha minnətdarlığını bildirsə və öz vəzifələrini yerin yetirsə, onda o, ona bəxş edilmiş nemətləri qoruyub saxlayar və Fövqəluca Allah, ola bilsin, onları hətta artırar da.





                                               

 (2.212) “Dünya həyatı kafirlər üçün gözəlləşdi­rildi. Onlar iman gətirənləri məsxərəyə qoyurdular. Halbuki müttəqilər Qiyamət günü onlardan üstün olacaqlar. Allah istədiyi kəsə hesabsız ruzi verər”

Fövqəluca Allah bildirir ki, Allaha, Onun ayələrinə və Onun elçilərinə iman gətirməkdən boyun qaçıran və Onun dininin qanunlarına riayət et­məyən kafirlər dünya həyatı ilə yoldan çıxarılmış­lar. Dünya həyatı onların gözləri qarşısında və qəlbində gözəl göstərilir. Onlar dünya həyatından məmnundurlar və ona böyük ümidlər bəsləyirlər. Onların arzuları, düşün­cələri və əməlləri onunla bağlanmışdır. Onlar bu dünyanın nemətlərini əl­də etmək xatirinə ona can atır və ciddi-cəhdlə çalışırlar. Onlar yerə məx­sus sərvəti bütləşdirir, onların nəzər nöqtəsini bəyənənlərə hörmət bəslə­yir, möminlərə isə nifrət edirlər. Onlara istehza edir və deyirlər: “Doğru­danmı bizim hamımızın arasında Allah ancaq bunlara lütfkarlıq etmişdir?”
Bu rəftarın səbəbi – bu dünyanın sınaq və azdırma məskəni olma­sını anlamayan kafirlərin düşüncəsizliyidir; dünya həyatının ağır yükü mö­minlərin qismətinə düşdüyü kimi, kafirlərin də qismətinə düşür. Lakin möminə bədbəxtlik üz verəndə o, səbir edir və mükafat alacağına ümid bəsləyir və Allah da, onun imanına və göstərdiyi səbirliliyinə görə, onun taleyini yüngülləşdirir, halbuki başqa insanlar üçün bu yüngülləşdirilmə baş vermir. Ən vacib olan odur ki, insan (bu minvalla) əbədi dünyada əsil üstünlük qazanır və buna görə də Fövqəluca Allah buyurur ki, Qiyamət günü təqvalı möminlər kafirlərdən uca olacaqlar.
Allah xofu olan qullar yüksək pillələrə qalxacaq və hər cür nemət­dən, gözəllikdən və könülaçan şeylərdən istifadə edərək ləzzət alacaqlar. Kafirlər isə Cəhənnəmin müxtəlif pillələrində cəzalandırılacaq, alçaldıla­caq və orada onların qisməti sonu olmayan əbədi bədbəxtlik olacaqdır. Beləliklə, bu ayə möminlərə təskinlik verdiyi halda, kafirlərə əbədi zülmə məhkum olunacaqları barədə öncədən xəbərdarlıq edir.
Məxluqların bu dünyada və Axirətdə Allahın qədərinə və iradəsinə uyğun olaraq səadətə nail olduqları üçün, Fövqəluca Allah sonra bildirir ki, O, istədiyi kəsə hesabsız sərvət verir. Yer üzündə olan var-dövlət möminlərə də, kafirlərə də qismət olur. Lakin mənəvi sərvət - əsil bilik, həqiqi iman, Allaha məhəbbət, Onun qarşısında qorxu hissi keçirmək və Ona ümid bəsləmək və habelə digər gözəl keyfiyyətlər – təkcə Allahın sevimli bəndələ­rinə nəsib olur.

  ﭿ                                                                                                          
 (2.213) “İnsanlar tək bir millət idi. Allah onla­ra müjdə verən və qorxudan peyğəmbər­lər göndərdi, onlarla birlikdə haqq olan Kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki kitab verilmiş şəxslər özlərinə açıq-aydın dəlil­lər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz izni ilə iman gətirənləri ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər”.

Bütün bəşəriyyət küfrə etiqad edirdi, azğınlıq içində çaşıb qalmış və xoşbəxtlikdən məhrum olmuşdu. İnsanların nuru və imanı əldən get­mişdi, lakin Fövqəluca Allah Öz rəhmini göstərə­rək, onlara müjdə aparan və qullarını xəbərdar etməklə çəkindirən elçilərini göndərir. Onlar Allaha itaət edənlərə onlara nəsib olacaq xeyirli qismət, fiziki və mənəvi qüvvə, bəxtəvər həyat və saleh əməllərin meyvələri haqqında müjdə verirlər. Ən başlıcası isə, onların insanlara Allahın razılığı və Cənnət bağları haqqında xəbər vermələri idi. Allaha itaətsizlik göstərənləri isə elçilər maddi məh­ru­miyyətlər, zəiflik, alçalma, dözülməz həyat, habelə itaətsizliyin və eti­na­sızlığın digər pis nəticələri haqqında xəbərdarlıq edirlər. Ən başlıcası isə onları Allahın qəzəbi və Cəhənnəmin odu barədə xəbərdar edirdilər.
Allah göndərdiyi peyğəmbərləri ilə gerçək hekayətlərin və ədalətli hökmlərin əks olunduğu Kitablar da nazil etmişdi. Bu Kitablarda təcəs­sümünü tapmış bütün vəhylər həqiqət və doğru idi, onlar dinin əsas və ikinci dərəcəli məsələləri üzrə istənilən mübahisəni həll edirdilər. Məhz buna görə, hər hansı ixtilaflar və ziddiyyətlər baş verəndə müsəlmanlar Allahın məhkəməsinə, Onun Elçisinə (s.ə.s.) müraciət etməlidirlər, çünki Allahın Kitabı və Onun Elçisinin (s.ə.s.) Sünnəsi istənilən ziddiyyətləri həll edə bilməsəydi, onda Fövqəluca Allah Öz qullarına məsələlərinin həll edilməsi üçün onlara müraciət etmək əmri verməzdi.
Fövqəluca Allah Kitab əhlinə əta edilmiş və Müqəddəs Kitabların nazil  edilməsindən və onları Allahın vəhyləri ətrafında birləşməyə yönəltmək­dən ibarət olan böyük lütfkarlığını xatırlatdıqdan sonra, bildirir ki, Kitab əhli ədalətsiz davrandılar və çoxsaylı ziddiyyətlərə düçar oldular. Onlar bütün insanlardan əvvəl tərəfini saxlamalı olduqları Kitaba münasibət­lərində müxtəlif mövqelər tutdular. Onlar aydın ayələri və təkzibolunmaz dəlilləri biləndən və onların həqiqiliyinə əmin olandan sonra bu mövqelər yarandı və buna görə onlar dərin azğınlığa düçar oldular. Fövqəluca Allah isə ancaq müsəlmanları düz yola yönəltdi və Kitab əhlinin bir-biriləri ilə ba­rə­sində mübahisə etdikləri və zəlalətə düşdükləri haqqı onlara izah etdi. Allah Öz iradəsi ilə haqqı müsəlmanlara izah edərək onların taleyini asan­laşdırdı və onlara rəhm etdiyini göstərdi.
Fövqəluca Allah doğru yolu istədiyinə göstərir. O, doğru yola tamamilə bütün məxluqatı dəvət edərək, ali ədalət nümunəsi nümayiş etdirir və haqqı insanların nəzərinə çatdıraraq onları özlərini doğrultmaq imkanın­dan məhrum edir ki, deməsinlər: “Bizə müjdə gətirənlər və öyüd-nəsihət verənlər gəlməmişdilər!” Lakin Allah doğru yola ancaq Özünün seçilmiş qullarını yönəltmiş, onlara nemət bəxş etmiş və kömək göstərmişdir. Xeyirxah və Fövqəluca Allah bu qullarına Öz lütfünü əta etmiş, bütün qalanları ilə isə Öz ədaləti və müdrikliyinə əsaslanaraq rəftar etmişdir.

                                                                     

(2.214) “Yoxsa siz elə güman edirdiniz ki, siz­dən əvvəlkilərin ba­şına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? On­lara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt gələcək?” – deyirdilər. Həqiqətən, Allahın köməyi yaxındır”.

Xeyirxah və Fövqəluca Allah bu ayə ilə xəbər verir ki, qullar, onlardan əvvəlki nəsillər sınaqdan keçirildikləri kimi, hökmən firavanlıqla, bəd­bəxtliklə və ya çətinliklərlə imtahana çəkiləcəklər. Bu, Allahın müəyyən etdiyi qanundur, həmişə qüvvədə qalır və dəyişikliyə uğramır. Əgər insan dini əqidəyə malikdirsə və Allahın qanunlarına riayət edirsə, onda o, hökmən bu sınaqdan keçməlidir və əgər o, bu yolda qarşıya çıxan çətin­liklərə baxmadan Allahın hökmlərini səbirlə yerinə yetirirsə, onda o, əsil mömindir və ən yüksək səadətə və əzəmətə nail olacaqdır. Yox, əgər o, insanların onu yoldan çıxarmasını Allahın cəzası kimi qəbul edirsə və fəlakətlər və çətinliklər üzündən düz yoldan dönürsə, əgər sınaqlar onu müəyyən olunmuş yolla getməyə mane olursa, onda onun imanlı olması iddiası yalandır. İman gözəl sözlər, təmtəraqlı istəklər və boş ifadələr üzə­rində qurulmamışdır – o, insanın əməlləri və fəaliyyəti ilə ya təsdiq olu­nur, ya da inkar edilir.
Fövqəluca Allah bildirir ki, əvvəlki insanların nəsillərini də səfalət və cismani xəstəliklər bürüyərdi. Onları ölümlə, sürgünlə, əmlakından məh­rum etməklə və sevgilisinin qətli ilə təhdid edərdilər və bəzən çətinliklər o qədər dözülməz olurdu ki, möminlər hətta Allahın köməyinin gecikdiyini güman edirdilər, halbuki onlar onun gələcəyinə qəti əmin idilər. Fövqəluca Allah vəziyyətin yüngülləşdirilməsini çətinliklərdən sonra nazil etdiyinə görə, köməyini sıxıntılı vəziyyətdə qalanlara göstərir. Allah ayədə xəbər verir ki, Allahın köməyi yaxındır.
Öz vəzifəsini yerinə yetirən hər bir kəs labüd olaraq sınaqlarla rast­laşır və onlar hər dəfə daha mürəkkəb və daha ciddi forma kəsb edir. Əgər o, layiqincə səbirlilik göstərib, öz vəzifələrini yerinə yetirməkdə davam edirsə, onda belə sınaqlar onun üçün nemətə çevrilir, çətinliklər isə əmin-amanlıq və rahatlıqla əvəz olunur. O, öz düşmənləri üzərində qələbə çalır və qəlbinin əziyyət çəkdiyi xəstəliklərindən şəfa tapır. Bu barədə Fövqəluca Allah buyurur: “Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən ciha­da çıxanları və səbir edənləri bəlli etmədən siz Cənnətə daxil ola­caq­sınız?” ( Ali-İmran, 3/142).
“Əlif. Ləm. Mim. İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!” – demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edil­mə­yəcəklər? Biz onlardan öncəkiləri də sı­naq­dan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxarda­caq­dır” (Ənkəbut, 29/1-3).
Bir sözlə, insan sınaq zamanı özünü ya böyüklük qazanmağa, ya da alçaldılmağa düçar edir.

                   ﯿ                               

 (2.215) “Səndən Allah yolunda nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.

Adamlar Muhəmməd Peyğəmbərdən (s.ə.s.) soruşurdular ki, onlar nəyi sədəqə verməlidirlər və sədəqə kimə verilməlidir. İstənilən böyük və ya kiçik sədəqələr ilk növbədə valideynlərə verilməlidir, çünki onlar ha­mıdan çox yaxşı münasibət bəslənilməyə layiqdirlər və insan hamıdan çox məhz onlara borcludur. Valideynlərə yaxşılıq etmək – hər bir müsəlmanın vəzifəsidir və valideynlərə itaətsizlik göstərmək qəti qadağandır. Onlara maddi yardım göstərmək valideynlərə bəslənən yaxşı münasibətin ən üs­tün göstəricisidir, onlara belə kömək göstərilməsindən boyun qaçırılması isə, onlara edilə biləcək hörmətsizliyin ən dəhşətli təzahürüdür. Bu isə o deməkdir ki, zəngin adam öz valideynlərini maddi cəhətdən təmin etməli­dirlər.
Onların ardıyca maddi yardım almaq haqqına yaxın qohumlar, özü də onların hüququ qohumluğun dərəcəsi və maddi vəziyyətləri ilə müəyyən edilir. Əgər bir adam qohumuna maddi yardım edirsə, bu onun üçün həm sədəqə və həm də qohumluq əlaqələrinin saxlanması kimi hesab olunur.
Sədəqə həmçinin yetimlərə, yəni, ailə başçısından məhrum olan azyaşlı uşaqlara verilməlidir. Adətən belə uşaqlar ehtiyac içində olurlar, axı onlar özlərini dolandırmağı hələ bacarmırlar və onları dolandırmaq üçün qazanc gətirən şəxsi itirmişlər. Buna görə, yetimlərə yardım etmək hökmü, Öz qullarına Allahın mərhəmətini və rəhmini göstərməsindən irəli gəlir.
Sədəqə, ehtiyacın miskinləşdirdiyi və alçaltdığı kasıblara da veril­mə­lidir. Müsəlmanlar onlara maddi kömək göstərməlidirlər ki, onlar zəruri olan şeyləri əldə edə bilsinlər və ehtiyac duymasınlar.
Sədəqə, yad ölkəyə düşmüş və maddi vəsaitlərindən məhrum ol­muş müsafirlərə də verilməlidir. Belə insanları hər şeylə təmin etmək lazımdır ki, onlar öz yollarına davam edə bilsinlər.
Fövqəluca Allah bir neçə dərəcələrdən olan və daha çox ehtiyac duyan insanlara sədəqə verməyi konkret olaraq yad etdiyinə görə, O, sonra geniş mənalı bir vəhy nazil edir və bəyan edir ki, sadalanan dərəcələrdən ehti­yacı olanların və digər insanların xeyrinə verilən hər hansı sədəqə və hər hansı yaxşı əməllər və bəxşişlər, haqlı olaraq xeyirxah əməl hesab edilən­lər, Allaha çox gözəl məlumdur. O, bu əməlləri unutmur və onlara görə qullarını hökmən mükafatlandıracaqdır, özü də bu mükafatların ölçüsü onların niyyəti və səmimiyyətindən, sədəqənin ölçüsündən, insanların onlara ehtiyacından, onların vaxtında verilməsindən və faydalılığından asılı olacaqdır.

                                                                  
 (2.216) “Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz”.

Bu ayə özündə Allah yolunda hökmən döyüşmək hökmünü ifadə edir, hərçənd əvvəllər möminlərə döyüşlərdən çəkinmək əmr olunmuşdu, çünki o vaxt onlar zəif idilər və belə sınaqlara davam gətirə bilməzdilər. Peyğəmbər (s.ə.s.) Mədinəyə hicrət etdikdən sonra müsəlmanların sayı artdı və onlar möhkəmləndilər. Ancaq bu halda Fövqəluca Allah kafirlərlə dö­yüş­məyi əmr edir və bildirir ki, döyüş əməliyyatlarında iştirak etmək insanın qəlbinə xoş gəlmir, çünki müharibə böyük çətinliklərlə və məhrumiyyətlərlə bağlıdır. O, insanları təhlükəyə məruz qoyur və çoxlu ölümlərə bais olur. Amma buna baxmayaraq, müqəddəs müharibə mütləq səadətdir, çünki möminlərə ən böyük mükafat qazandırır, onları əzabve­rici cəzadan xilas edir, onların düşmənlə­rin öhdəsindən gəlməsinə və qənimət əldə etməsinə imkan yaradır, çoxlu digər faydalar verir ki, bunlar onun mənfi tərəflərindən dəfələrlə üstündür.
Sonra Fövqəluca Allah buyurur ki, bəzən insanlar, həqiqətdə onlara zərər verən şeyi sevirlər. Bu, müqəddəs müharibədə iştirak etməkdən boyun qaçırmağa və rahat həyatdan zövq almaq arzusuna aiddir. Cihaddan boyun qaçırmaq böyük müsibətdir, çünki belə müsəlmanlar Allahın yardımından məhrum olur və düşmənlərə İslam və onun tərəfdarları üzərində qələbə çalmağa imkan verir. Onlar özlərini alçaldılmaya və namussuzluğa məh­kum edir, ən böyük mükafatdan məhrum edir və amansız cəzaya məruz qoyurlar.
 Bu vəhy, dini hökmlərin mütləq xoşbəxtlik olduğunu bildirən ümu­mi qaydalardan ibarətdir. Bununla yanaşı, onların icra edilməsi insanlar üçün ağır da olsa (insan üçün istirahət etmək və əylənmək daha xoşdur), onların yerinə yetirilməsindən boyun qaçırmaq, mütləq bəd­bəxtlikdir. Yer üzündəki hadisələrə nəzər saldıqda isə, onların heç də hamısı mütləq xoşbəxtliyi əks etdirmir, hərçənd əksər hallarda Allahın dindar qulu qarşı­sına qoyduğu məqsədə nail olmağı arzulayır, lakin Allah, bir sıra səbəblər üzündən, ona, niyyətinə çatmağa imkan vermir və belə olduqda, baş ver­ənlər onun üçün nemət olur. Belə bir şəraitdə insan Rəbbinə minnətdar­lığını bildirərək həmd etməli və gözləmədiyi halda hadisələrin belə dönü­şünün onun üçün ən xeyirli olduğuna şəkk gətirməməlidir, çünki Fövqəluca Allah Öz quluna onun özündən daha çox can yandırır və Allah ona daha çox xeyir gətirə biləcəyi üçün, ona məhz nəyin daha faydalı olacağını yaxşı bilir. Allahın bildiyini insanlar bilmir və buna görə onlar Onun təyin etdiyi qədərə, onları sevindirməsindən və ya kədərləndirməsindən asılı olmayaraq, itaət etməlidirlər.
                                   ﭿ                                                                                                
(2.217) “Səndən haram ayda vuruşmaq barə­sin­də soruşurlar. De: “Bu ayda vuruşmaq böyük günahdır. Lakin Allah yo­lundan sapdır­maq, Onu inkar etmək, Məscidülha­rama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah yanında daha böyük günahdır. Fitnə isə qətldən də böyük günahdır”. Onlar bacarsalar, sizi dininiz­dən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlər­dən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və Axirətdə puça çıxar. Onlar Od sakinləridir və orada əbədi qala­caqlar”.

Əgər Allah yolunda döyüşmək hökmünün mənası ümumi olsaydı, onda o, hətta haram aylara da aid edilərdi, lakin Fövqəluca Allah onu dəqiq­ləşdirərək, haram ayları üçün bir istisna hal edir.
İslam alimlərinin əksəriyyəti belə hesab edirdilər ki, haram aylarda döyüşməyin qadağan olması, müsəlmanlar müşriklərlə, harada rastlaşma­larından asılı olmayaraq, onlarla döyüşməli­dir­lər hökmü ilə ləğv edil­mişdi. Amma bir sıra şərhçilər belə sayırdılar ki, bu qadağa ləğv edilmə­mişdir, çünki ümumi məna daşıyan müqəddəs mətnlər, konkret mənalı mətnlər nəzərə alınmaqla, dəyərləndirilməlidir. Müqəddəs müharibə apar­maq haqqında hökm ümumi əmrdir, şərh etdiyimiz ayə isə onu konkret­ləşdirir və buna görə haram aylarında döyüşün haram edilməsi bu ayların özəlliklərindən biridir. Bundan başqa, o, bu özəlliklərin ən mühümlərin­dəndir.
Deyilənlərin hamısı döyüş əməliyyatlarının haram aylarda başla­masına aiddir. Əgər müsəlmanlar bu dövrdə müdafiə olunmağa məcbur edilsələr, belə də etməlidirlər, çünki düşmənin basqınına hətta Məscidülharam ərazisində cavab verməyə icazə vardır.
Bu ayə Abdullah b. Cəhşin komandanlığı altında təşkil olunmuş dö­yüş səfəri ilə əlaqədar nazil edilmişdi. Bu döyüş səfərində müsəlmanlar Əmr b. Hadramini öldürmüş və onun bütün əmlakını ələ keçirmişdilər. Ənənəyə uyğun olaraq, bu rəcəb ayında baş vermişdi və ərəblər müsəlman­ları haram ayda vuruşduqlarına görə qınamağa başlamışdılar. Amma onların məzəm­məti qətiyyən ədalətli deyildi, axı onlar özləri o qədər çoxsaylı əxlaqsız cinayətlər törətmişdilər ki, onların hər biri öz ağırlığına görə qınadıqları möminlərin əməlini üstələyirdi.
Fövqəluca Allah onların bu törətdiklərini sadalayır və bildirir ki, məhz müşriklər Allah və Onun Elçisinə (s.ə.s.) iman gətirənlərə qarşı maneələr yaradırdılar. Məhz onlar möminləri yoldan çıxarır, onları əsil dindən dön­dərməyə cəhd göstərir və haram ayda, müqəddəs torpaqda açıq-aşkar kafirlik əməlləri törədirdilər. Kafirlik özlüyündə ən dəhşətli cinayətdir. Haram ayda və müqəddəs torpaqda küfr əməllərin baş verməsinə nə ad vermək olar?! Bununla yanaşı müşriklər müqəddəs ərazidə yaşayan insan­ları Məscidülharamdan qovmuşdular. Onlar oradan Muhəmməd Peyğəmbəri (s.ə.s.) də, onun səhabələrini də qovub çıxartmışdılar, halbuki onlar bu torpaqda yaşamağa daha çox haqlıydılar. Qovduqdan sonra da onlara həcc ziyarətinə gəlməyə icazə vermirdilər, halbuki Məscidül­haramda yerli sakinlərlə gəlmələr arasında heç bir fərq qoyulmur. Sadalanan əməllərin hər biri, haram ayda adam öldürməkdən daha ağır günahdır. Sadalanan bütün cinayətlərin hamısını bir dəfəlik törətmiş müşriklərə nə ad vermək olar?!
Bütün deyilənlərdən aydındır ki, müşriklərin möminlərin ünvan­larına söylədikləri ittihamları onların növbəti haqsız addımı və günahıydı.
Sonra Fövqəluca Allah buyurur ki, kafirlər heç vaxt möminlərlə döyüş­məkdən əl çəkməzlər. Onlar möminlərlə onların var-dövlətini əllərindən almaq və ya özlərini də öldürmək üçün vuruşmurlar. Onlar ona görə vuruşurlar ki, müsəlmanları dinlərindən ayırsınlar, iman sahibi olduqdan sonra İslamdan dönüb kafir olsunlar, onlar da şölələnən Alovun sakinləri arasına düşsünlər. Onlar öz məqsədlərinə çatmaq üçün mümkün olan hər şeyi edirlər, lakin Allah dininin nurunun sönməsinə, bu, kafirləri hiddət­ləndirsə də, imkan verməyəcəkdir.
Qeyd etdiyimiz keyfiyyət, başqa əqidə sahibləri ilə onları dinindən döndərmək üçün vuruşan bütün kafirlərə xas olan keyfiyyətdir. Xüsusilə bu, müxtəlif cəmiyyətlər yaradan, bütün ölkələrə öz missionerlərini və həkimlərini göndərən, müxtəlif xalqları öz dinlərinə döndərmək məqsədilə məktəblər açan, xalqların etiqad etdikləri din haqqında şübhələr yayan yəhudilərə və xristianlara aiddir.
Biz müsəlmanlar isə, böyük lütfkarlıq göstərmiş, onlar üçün ən şərəfli din seçmiş, imanlarını kamil etmiş Fövqəluca Allahdan rica edirik ki, Öz qullarına rəhm etsin və İslama layiqincə etiqad etmək üçün möminlərə kömək göstərsin. Biz Ondan xahiş edirik ki, Onun nurunu söndürmək istəyənlərin hamısını yardımından məhrum etsin, onların bəd əməllərini özlərinə qarşı çevirsin, haqq dini müdafiə etsin və Öz sözünü şöhrətlən­dirsin.
 Bu ayə, əvvəlkilərə aid olduğu kimi, bütövlükdə indiki kafirlərə də aiddir. Fövqəluca Allah buyurur: “Şübhəsiz ki, kafir olanlar insanları Allah yolundan sapdırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər...” (Ənfal, 8/36).
Sonra Fövqəluca Allah buyurur ki, əgər insan İslamdan üz döndərib kafirliyi üstün tutsa və kafir olaraq ölsə, onda onun əməlləri həm bu dün­yada və həm də Axirətdə faydasız olacaq. Bunun səbəbi isə, Allahın yaxşı əməlləri qəbul edərkən zəruri olan bir şərtin olmamasıdır. Bu şərt – İslamın qəbuludur. Bu qəbildən olan insan Cəhənnəm sakini olacaq və orada əbədi qalacaqdır.
Bu ayədən aydın olur ki, kimsə dindən döndükdən sonra, yenə İslama qayıtmışsa və yaxud, əgər o, öz günahlarında tövbə etmiş olarsa, onda onun əvvəllər etdiyi yaxşı əməllər saxlanılır və hesaba alınır.

ﮯﮰﮱﯓﯔﯕﯖﯗ                    

(2.218) “Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda mübarizə aparanlardır. Onlar Allahın mərhəmətinə ümid edirlər. Allah Bağışlayandır, Rəhimlidir”.

Xatırlanan üç əməl xoşbəxtliyin rəhni və ibadətin əsasıdır və insa­nın onlara bağlılığı sayəsində onun müvəffəqiyyətə nail olacağını və ya­xud zərər çəkəcəyini müəyyən etmək olar.
Bu əməllərdən birincisi – faydası və üstünlüyünə şübhə edilməyən imandır. Xoşbəxt möminləri bədbəxt kafirlərdən, Cənnət bağları sakinlə­rini isə Cəhənnəm əzabkeşlərindən fərqləndirən əməllərə, ümumiyyətlə necə şəkk gətirmək olar? Əgər insan haqq din sahibidirsə, Allah onun saleh əməllərini qəbul edir, yox əgər o, haqq dindən məhrumdursa, onun nə tövbəsi, nə günahını yüngülləşdirən hərəkətləri, nə vacib olan yaxşı işləri, nə də ki, könüllü sədəqələri qəbul olunur.
İkinci əməl isə hicrətdir ki, bu ad altında, Fövqəluca Allahın razılığını əldə etmək xatirinə, insanın sevdiyi və əziz saydığı bütün hər şeydən ayrılıb əl çəkmək nəzərdə tutulur. Mühacir Allaha yaxınlaşmaq ümidi ilə və Onun dininə kömək göstərmək üçün vətənini tərk edir, əmlakını atır, qohumları və sevdiyi insanlardan ayrılır.
Üçüncü əməl cihaddır. Cihad adı altında İslam düşmənləri üzərində üstünlük qazanmağa, Allahın dininə kömək göstərməyə və İblisin məzhə­bini darmadağın etməyə əzmlə can atmaq nəzərdə tutulur. Cihad – yaxşı əməllərin ən yüksək pilləsidir və onun əvəzi, ən gözəl əvəz olacaqdır. Cihad – müsəlman torpaqlarının genişlənməsi və müşrikliyin yox olma­sına kömək edən və müsəlmanların və onların əmlakının təhlükəsizliyini təmin edən ən əsas amildir.
İnsan bu üç əməli, onların mürəkkəbliyinə və ağırlığına baxma­yaraq layiqincə yerinə yetirdikdə, dinin qalan bütün hökmlərini daha yaxşı yerinə yetirir. Belə adamın Allahın mərhəmətinə təvəkkül etməyə haqqı vardır, çünki o, insana Allahın lütfünü qazanmasını təmin edən səbəbdən istifadə etmişdir. Bu ayədən aydın olur ki, Allahın mərhəmətinə ümid bəsləmək, insana ancaq xoşbəxt gələcəyi təmin edən əməllər yerinə yetirdikdən sonra mümkündür. Qul tənbəlliyə və yaxşı əməllər etməkdən çəkinməyə ümid bağlayarsa, onda onun halını zəiflik, boş xəyallar və özünü aldatma kimi adlandırmaq olar. Bu, insanın ətalətli olması və ağlı­nın çatışmazlığına dəlalət edir. Axı belə adamı, qadınla əlaqəyə girmədən uşağı olmasını istəyən və ya əkin sahəsinə toxum səpmədən və su vermə­dən məhsul yığmaq istəyən şəxslə ancaq müqayisə etmək olar.
Ayədə xatırlanan möminlərin Allahın mərhəmətinə ümid bəsləmə­lərinə dair Quran müddəaları onu göstərir ki, insan təkcə öz yaxşı əməl­lərinə əmin olub, ümid bəsləməklə qane olmamalı, Rəbbinə təvəkkül etməli, yerinə yetirdiyi yaxşılıqları qəbul etməsi, günahlarını bağışlaması və nöqsanlarının üstünü örtməsi üçün Allaha yalvarıb dua etməlidir. Məhz buna görə, sonra Allah bildirir ki, Onun Bağışlayan və Rəhimli adları var­dır. Səmimi qəlblə tövbə edənlər Onun bağışlamasına nail olurlar. Onun rəhməti bütün məxluqatı qaplayır, xeyirxahlığı isə bütün varlığa aiddir.
Bu ona dəlalət edir ki, qul yuxarıda xatırlanan yaxşı əməlləri yerinə yetirdikdə, o, Allahın əfvinə layiq görülür. Saleh əməllər törədilmiş gün­ah­ları həmişə yuyur və insan Rəbbinin mərhəmətinə nail olur. Bağış­lan­maya layiq olduqca, insan həm bu dünyada və həm də Axirətdə cəzadan xilas edilir, çünki artıq ona bağışlanmış və mənfi nəticələri ləğv edilmiş cəza günahların nəticəsi idi. İnsan, Allahın mərhəmətini əldə edərək, həm bu həyatda və həm də ölümündən sonra, ən gözəl şeylərə nail olur. Bundan başqa, yuxarıda qeyd olunan xeyirxah əməllərin özü belə Allahın insana yönəltdiyi mərhəmətidir, çünki Allah onu yönəltməsəydi, o, yaxşı­lıq etməyi arzulamazdı və əgər Allah yardım göstərməsəydi, o, həmin yaxşı­lığı edə bilməzdi və bir də, Allahın xeyirxahlığı olmasaydı, onda onun yaxşı əməlləri başa çatmazdı və Rəbbin tərəfindən qəbul edilməzdi. Allah Öz qullarına hər şeydən əvvəl və hər şeyin sonunda mərhəmətini göstərir. O, səbəbləri və nəticələri təklikdə xəlq edir.

                                                                 ﯿ    

(2.219) “Səndən sərxoşedici və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət var. Amma günahları mənfəətlərindən daha böyükdür”. Səndən nə xərcləyəcəklərini soruşurlar. De: Ar­tıq qalanı!” Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz –”.

Möminlər dinin sərxoşedici içkilər və qumar oyunu haqqında müd­dəasını bilmək üçün Allahın Elçisinə (s.ə.s.) sual verirlər. Ərəblər cahillik dövründə və İslamın ilk yayıldığı illərdə şərab içir və qumar oynayırdılar. Yəqin, elə buna görə, müsəlmanlar müəyyən çətinliklərlə toqquşmalı olurdular. Onlar Peyğəmbərdən (s.ə.s.) dinin bu məsələlərə necə yanaş­dığını tez-tez soruşurdular və onda Fövqəluca Allah Peyğəmbərinə (s.ə.s.) şərab içməyin və qumar oyununun faydalı və zərərli cəhətlərini izah etməyi tapşırır. Bu, sərxoşedici içkilərin və qumar oyunlarının sonra­dan qəti qadağan edilməsinin başlanğıcı oldu.
Fövqəluca Allah bildirir ki, bu əməllərin zərəri – onların insanı ağıldan və sərvətdən məhrum etməsində, ona Allahı zikr etməyə mane olmasında, onu namazdan saxlamasında və insanlar arasında düşmənçilik və nifrət yaratmasındadır. Bu ziyan, insanın şərabın ticarətindən qazanacağından, qumardakı uduşdan və ya bu hərəkətləri edərkən alacağı ruhi ləzzətdən, dəfələrlə çoxdur.
Belə izahatlar kifayət edirdi ki, insanlar şərab içməkdən və qumar oynamaqdan çəkinsinlər, çünki ağıllı adam həmişə elə davranır ki, tutduğu iş ona daha çox qazanc gətirsin və ona böyük zərər vura bilən əməllərdən çəkinsin. Lakin ərəblər bu vərdişlərinə çox alışmışdılar və onlardan tezliklə əl çəkə bilmirdilər. Məhz buna görə, şərh etdiyimiz ayə sonrakı qəti qadağan üçün başlanğıc əsas rolunu oynadı. Bu qadağa Fövqəluca Allahın aşağıdakı kəlamı ilə ifadə olundu: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daş­lar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bun­lar­dan çəkinin ki, bəlkə nicat tapasınız. Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?( Maidə, 5/90-91). Bu hökm Allahın xeyirxah­lığının, mərhəmətinin vı müdrikliyinin nəticəsi idi; o, nazil edilərkən Ömər b. əl-Xəttab ucadan demişdi: “Biz artıq son qoyduq! Biz artıq son qoyduq!”
Bilmək lazımdır ki, şərab dedikdə, insanı kefləndirən və onu sağ­lam düşüncədən məhrum edən nə varsa, hamısı nəzərdə tutulur. İstənilən oyunda və yarışmada iki tərəf uduş məqsədilə ortaya pul qoyursa, bu, qu­mardır. Bunlara, gedişi zamanı ortaya uduş məqsədilə pul qoyulan nərd, şahmat və digər sözlü və fiziki oyunlar daxildir. Amma at və dəvə sürü­cülüyü üzrə yarışlara və habelə atıcılıq yarışlarına icazə verilir, çünki at çapmaq və sərrast atəş açmaq döyüş əməliyyatları zamanı kara gəlir. Buna görə, Şəriətlə belə yarışlara icazə verilmişdir.
Möminlər bu məsələlərlə yanaşı nə qədər sədəqə vermək lazım olduğu barədə də soruşurdular. Allah onların vəzifəsini yüngülləşdirərək, sədəqə kimi ancaq artıq qalanı, yəni, ehtiyaclarından artıq olan əmlakın hissəsini verməyi buyurur. Sədəqənin ölçüsü insanın maddi vəziyyətindən asılıdır. Bütün insanlar – varlılar, kasıblar və orta təminatlılar sədəqə vermək üçün, hətta bu, xurmanın yarısı da olsa belə, imkan tapa bilərlər.
Məhz buna görə Peyğəmbərə (s.ə.s.), müsəlmanları gücləri çatma­yacaq vergi ilə yüklə­mə­dən, ehtiyacları olduğundan artıq qalanları sədəqə kimi qəbul etmək əmr olunmuşdu. Allah o hökmü bizə, əmlakımıza ehti­yacı olduğu üçün və ya bizim gücümüz çatmayan vəzifələri yerinə yetirməyimizi arzuladığı üçün nazil etməmişdi. Allahın bizə nazil etdiyi hökmlər bizə xoşbəxtlik verir, bizim bu dünyadakı həyatımızı yüngül­ləşdirir və həm bizə və həm də qardaşlarımıza fayda gətirir ki, buna görə Allah ən yüksək tərifə layiqdir.
İslam şəriətinin sirlərini belə inandırıcı qaydada izah etdikdən sonra Fövqəluca Allah buyurur ki, O, insanlara, haqqa dəlalət edən və onlara faydalı biliklər əldə etməyə, xeyri şərdən ayırmağa imkan verən Öz ayə­lərini belə aydınlaşdırır. Allah Öz biliklərini insanlara ona görə izah edir ki, onlar Onun şəriətinin sirləri üzərində düşünsünlər və başa düşsünlər ki, Allahın qanunlarının yerinə yetirilməsi – həm bu dünyada və həm də Axirətdə səadətin rəhnidir, dünyəvi həyatın tez keçəriliyi, yer aləminin qısamüddətli olduğunu və Axirət həyatının isə əbədi qalacağını fikirləş­sinlər. Axirət, əvəz veriləcək bir məkandır ki, insanlar onu yer üzündə olarkən abadlaş­dır­ma­lıdırlar.

                                                              

(2.220) “dünya və Axirət barəsində. Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək xeyirlidir. Əgər onları öz içi­nizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır”. Allah fəsad tö­rədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz  ki, Allah Qüdrətlidir, Müdrikdir”.

Fövqəluca Allahın: “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla ye­yən­lər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb-yaxan oda girəcəklər” (Nisa, 4/10) ayəsi nazil ediləndə müsəlmanlar böyük çət­in­liklərlə rastlaşdılar və yeməklərini yetimlərin yeməklərindən ayırmağa başladılar. Onlar hətta süfrə arxasında yetimlərin əmlakına toxunmaqdan qorxur­dular, halbuki insanlar, adətən, yeməyi bir-biri ilə bölüşürlər. Bu barədə Peyğəmbərdən (s.ə.s.) soruşarkən, Fövqəluca Allah ona (s.ə.s.) xəbər verir ki, möminlərdən tələb olunan şey yetimlərin əmlakını qorumaq, onlara layi­qincə qayğı göstərmək və ticarət vasitəsi ilə onların əmlakını artırmaqdır. Müsəlman­lara yemək vaxtı və başqa belə hallarda öz əmlakını yetimlərin əmlakı ilə qarışdırmağa, əgər, əlbəttə, bu, yetimlərə açıq-aydın ziyan vurmursa,  icazə verilmişdir. Bu hökmün səbəbi, yetimlərin möminlərin qardaşları olmasında idi, axı qardaşların həmişə ümumi maraqları bir-birinə qarışır. Yetimlərlə qarşılıqlı münasibətlərin meyarı niyyət və əməl­dir və əgər müsəlman yetimə səmimi qəlbdən yaxşılıq diləyirsə və onun əmlakına göz dikmirsə, əgər o qəsd etmədən yetimin malının bir hissəsini istifadə edərsə də, günah etməz. Əgər Allaha məlum olsa ki, qəyyum, ye­ti­min əmlakını birləşdirməsi nəticəsində, onun əmlakı hesabına varlanmaq niyyətindədir, onda belə rəftar günah sayılacaq, çünki məqsədə nail olmaq vasitələri barədə niyyət, məqsədin özünə dair niyyətdən asılıdır.
Bu ayədən aydın olur ki, yemək üçün, ticarətdə və başqa bənzər hallarda yetimin əmlakını birləşdirməyə imkan verilir. Bu ayə Allahın mərhəməti və möminlər üçün asanlıqdır. Əgər Allah istəsəydi, müsəlman­lara belə etməyə yol verməzdi və onda onlar çətin vəziyyətdə qalardılar. Onda onlar dinin ağır tələblərini yerinə yetirə bilməzdilər və tez-tez gü­naha batardılar. Allah belə edə bilərdi, çünki Onun qüdrəti kamil və son­suzdur. Lakin O, müdrikdir və ancaq Özünün müdrikliyinə uyğun olanı həyata keçirir. Onun qüdrəti Onun müdrikliyinə zidd deyil və buna görə demək olmaz ki, “O, nə istəyirsə, hətta Öz ilahi müdrikliyinə əks olanı da edir”. Əksinə, Allahın bütün əməlləri və əmrləri Onun müdrikliyinə uyğundur.

                       ﭿ                                                                  

 (2.221) “Müşrik qadınlar iman gətirməyincə onlarla evlənmə­yin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qa­dın­dan daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə mömin qadın­ları onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar”.

Fövqəluca Allah müsəlmanlara müşrik qadınlarla, onlar Allaha şərik qoşmaqdan əl çəkməyincə və iman gətirməyincə, evlənməyi qadağan edir, çünki ən kifir mömin qadın ən gözəl müşrik qadından xeyirlidir. Allahın bu tələbi, Kitab əhlindən olan qadınlardan başqa, Ona şərik qoşan bütün qadınlara aiddir, çünki Fövqəluca Allah buyurur: “Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna sax­lamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, Axirətdə ziyana uğrayanlardan olar” (Maidə, 5/5).
  Allah müsəlman qadınlara da bütpərəstlərə ərə getməyi qadağan edir və bu qaydadan geniş mənalı istisnalar yoxdur. Fövqəluca Allah müsəlman kişilərin və müsəlman qadınların İslamı qəbul etməyənlərlə nikah bağla­masının qadağan olmasını və səbəbini izah edir. Səbəb ondadır ki, kafirlər öz davranışları və həmçinin öz sözləri və əməlləri ilə ətraflarındakıları Cəhənnəm oduna çağırırlar və onlarla ünsiyyət möminlər üçün təhlükə yaradır, həm də bu, insanın təkcə dünyəvi əmin-amanlığına təhlükə yarat­maqla qalmayaraq, onu əbədi bədbəxtliyə də məruz qoya bilər.
Nazil edilmiş hökmün səbəbini nəzərə alsaq, onda şərh edilən ayə­dən müşriklər və bidətçilərlə qarşılıqlı əlaqələrin qadağan olunması aydın olur, çünki əgər müsəlmanlara, böyük fayda əldə edəcəyinə baxmayaraq, müşriklərlə nikah bağlamaq qadağan olunursa, xüsusilə, belə əlaqə nəticə­sində müsəlman müşrikə xidmət etməli və ya onun qarşısında alçalmalı olursa, onda adicə ünsiyyət də qadağan olunmalıdır. Bu ayədən habelə ay­dın olur ki, müsəlman qadını qəyyumu ərə verməlidir.
Sonra Fövqəluca Allah bəyan edir ki, O, Öz qullarını Cənnət bağlarına və əfvə layiq olmağa çağırır ki, bunun nəticələrindən biri də amansız cəzadan qurtuluşdur. Bunlara saleh əməllərlə, səmimiyyətlə tövbə etməklə və faydalı biliklər əldə etməklə layiq olmaq mümkündür. Allah insanlara Öz ayələrini belə izah edir ki, onlar unutduqlarını yadlarına salsınlar, indiyə­dək bilmədiklərini öyrənsinlər və əvvəllər laqeyd yanaşdıqları xeyirxah əməlləri həyata keçirtməyə başlasınlar.
                                                               

(2.222) “Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyət­veri­ci bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da”.

Fövqəluca Allah bildirir ki, müsəlmanlar Muhəmməd Peyğəm­bərdən (s.ə.s.) qadınların aybaşı olma vəziyyəti haqqında soruşurlar. Qa­dına ay­başı dövründə, aybaşı qanaxmasının başlanmasına qədər gördüyü bütün işləri görməsinə icazə verilirmi? Yaxud, yəhudilərin iddia etdikləri kimi, qadın aybaşı dövründə tam natəmizmi olur?
Fövqəluca Allah bu ayədə xəbər verir ki, aybaşı qadına əziyyət verir və ilahi müdrikliyi Allahdan tələb edir ki, qulların həmin dövrdə qadınlarına yaxınlaşmasını qadağan etsin. Məhz buna görə, Allah aybaşı qanaxmaları zamanı qadınlarla qan axan orqandan cinsi əlaqəyə girməyi qadağan edir, özü də, İslam alimləri bu məsələdə yekdil rəydədirlər.
Ancaq aybaşı qanının axdığı orqandan cinsi yaxınlığın qadağan olunması konkret müəyyən edildiyinə görə aydın olur ki, aybaşı dövründə kişilərə öz zövcələrinə nəvaziş göstər­mək və, cinsi əlaqədən başqa, (yol verilən) hər şey etmək olar. Lakin qadınlar təmizlənmədən onlara yaxın­laş­mamaq hökmündən aydın olur ki, kişilər qadının cinsi orqanlarına yaxın yerləşən bədən hissələrinə, yəni, göbəyindən dizinə qədər olan nahiyəsinə  toxunmaqdan çəkinməlidirlər. Bütün de­yi­lənlərdən belə nəticə çıxartmaq olar ki, aybaşı zamanı qadını göbə­yindən dizinə qədər olan nahiyədə əllə oxşamaq (sığallamaq) olmaz. Bu, Peyğəmbərin (s.ə.s.) davranışı ilə də təsdiq edilir. O, öz zövcəsinə aybaşı zamanı, izar* gey­mə­yi tapşırdıqdan sonra nəvaziş göstərərdi.
Ər arvadı ilə cinsi əlaqədən və onun göbəyi ilə baldırları arasına toxunmaqdan, qadın aybaşı qanaxmasından təmizlənənə qədər, yəni onun dayanmasınadək, çəkinməlidir. Qanaxma­nın kəsilməsi ilə, kişini bu hərəkətlərdən saxlayan səbəb aradan qalxır. Amma bu hərəkətləri etməyə ona iki şərtlə icazə verilir: qanaxma kəsildikdən və qadın çimib yuyun­duqdan sonra. Qanaxma kəsildikdən sonra birinci şərt yerinə yetirilir, amma hələ ikincisi yerinə yetirilmə­mişdir. Qadın yuyunub qüsl etdikdən sonra kişiyə onunla, Allahın hökmünə uyğun olaraq, yəni, cinsi orqan yolu ilə (anus dəliyindən olmamaqla) cinsi yaxınlıq etməyə icazə verilir, çünki məhz uşaqlıq rüşeymin inkişaf orqandır.
Bu ayədən aydın olur ki, aybaşı kəsildikdən sonra qadın hökmən çimməlidir. Qüsl alma ancaq aybaşı kəsildikdən sonra doğrudur. Ayədən həm də aydın olur ki, müsəlmanlar bütün hallarda təmizlənə bilərlər, axı Allah təmiz olanları sevir. Buna görə, qüsl namaz qılmaq, Kəbənin ətra­fını təvaf etmək və Quranın səhifələrinə toxunmaq üçün vacib tələbdir. Bu ayədə təmizlənmək adı altında həm də pis vərdişlərdən, yaramaz keyfiy­yətlərdən və alçaq əməllərdən ruhən təmizlənmə nəzərdə tutulur.



* İzar – qurşaqdan aşağı hissəni tutan alt geyimdir. F.S.

Комментариев нет:

Отправить комментарий