воскресенье, 16 сентября 2012 г.

Ə.N. əs-Səədi. Təfsir. I c. 2.96 - 2.121 - ci ayələr




                                     ﭿ                    

(2.96) “Sən onların həyatına bütün insanlardan, hətta müşrik­lərdən də daha həris olduqlarını görəcəksən. Onlardan hər biri min il ömür sürməsini istər. Halbuki uzun ömür belə onu əzabdan uzaq­laş­dıra bilməz. Allah onların nə etdiklərini görür”.

Ölüm yəhudilər üçün ən nifrətamiz hadisədir. Onlar bütün başqa adamlardan daha çox yaşamaq həsrətindədirlər, bunda hətta müşriklərə də üstün gəlirlər. Halbuki onlar elçilərə və Kitablara qətiyyən inanmırlar. Onların dünyəvi həyata həvəsi o qədər böyükdür ki, hər biri min il yaşa­maq istəyir. Onlar özləri üçün mümkün olmayanı arzulayırlar və bu, onla­rın bu dünya həyatına məhəbbət bəsləmələrinin ən yüksək həddə çatdığına dəlalət edir. Buna baxmayaraq, əgər onlar belə uzun bir ömür sürsələr be­lə, bu onlara heç bir fayda gətirməz və onları cəzadan xilas etməz, çünki Allah onların nə etdiklərini görür. Allah bunu bildirdikdən sonra Öz qul­larını törətdikləri əməllərə görə qisas alınacağı barədə xəbərdar edir.

                                         

(2.97) “De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol gös­tərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir”.

ﮝﮞ                        
 (2.98) “Kim Allaha, Onun mələklərinə Cəbrailə və Mikailə düş­məndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir”.

Ey Muhəmməd! Yəhudilər bəyan edirlər ki, sənə iman gətirmə­mək­lərinin səbəbi himayədarının mələk Cəbrail olmasıdır. Onlar deyirlər ki, onun yerinə başqa bir mələk olsaydı mütləq sənə iman gətirərdilər. Bu bəyanatlar ziddiyyətlərlə doludur və mənadan məhrumdur. O bəyanatlar onların Allaha qarşı təkəbbürlü münasibətinin göstəricisidir. Cəbrail Allahın Müqəddəs Quranını sənin qəlbinə yerləşdirdiyi kimi, Allahın di­gər peyğəmbərlərinə də eynilə nazil olmuşdur. O, Allahın hökmlərini icra edir və Allahın yalnız elçisidir. Cəbrailin gətirdiyi Kitaba gəlincə isə, o bütün əvvəlki Kitabların həqiqiliyini təsdiq edir. O, əvvəlki Müqəddəs Kitablarla təzad yaratmır və onları təkzib etmir. O, ən kamil rəhbərlikdir və ona əsaslanaraq, hər cür yanlışlıqlardan xilas olmaq mümkündür. Bun­unla yanaşı, o, ona iman gətirən hər bir insana dünya həyatında və Axirət günündə xoşbəxtlik haqqında müjdə verir.
Gözəl keyfiyyətlərə malik olan Cəbrailə qarşı düşmənçilik müna­sibəti Allaha və Onun ayələrinə inanmamağa, Allaha, Onun Elçisinə (s.ə.s.) və Onun mələklərinə qarşı düşmənçiliyə bərabərdir. Yəhudilərin Cəbrailə bəslədikləri nifrət, ona qarşı şəxsi düşmənçilikdən deyil, onun Allahdan Allahın elçilərinə gətirdiyi haqqa yönəldilmiş kin-küdurətdən irəli gəlirdi. Bütün bunlar onların kafirliyinə və Cəbraili göndərmiş Allaha, onun vasitəsilə nazil edilmiş Kitaba və onun yanına göndərildiyi Elçiyə (s.ə.s.) qarşı düşmənçiliklərinə dəlalət edir. Onların sözlərini və hərəkətlərini məhz belə başa düşmək lazımdır.

                         

(2.99) “Biz sənə aydın başa düşülən dəlillər nazil etdik ki, onları da yalnız fasiqlər inkar edərlər”.

Ey Peyğəmbər! Biz sənə aydın başa düşülən ayələr nazil etdik və onlar doğru yola gəlmək istəyən hər kəsi bu yola yönəldir və inadkar­casına iman gətirmək istəməyən hər bir adamı öz nadanlığına isnad edib bəraət qazanmaq imkanından məhrum edir. Bu dəlillər həqiqət haqqında o qədər aydın sübutlardır ki, onlara itaət etməkdən ancaq fasiqlər boyun qa­çı­ra bilər, çünki onlar Allaha tabe olmaqdan qaçırlar və Allahın hökmləri qarşısında özlərini həddən artıq təkəbbürlü aparırlar.




                       
 (2.100) “Onlar hər dəfə əhd bağladıqda içərilə­rindən bir dəstə onu pozmurmu? Həm də onların çoxu buna inanmır”.

Bu ayə insanları onunla təəccübləndirir ki, israillilər Allahla nə qədər tez-tez əhd bağlayırdılarsa da, bu əhdlərə sadiq qalmağa çox vaxt bir o qədər də səbirləri çatmırdı. Onları öz vədlərini pozmağa vadar edən nə idi? Bunun səbəbi – onların əksəriyyətinin kafir olmaların­daydı. Məhz möhkəm imanın olmaması israilliləri vədlərini pozmağa yönəldirdi. Əks halda onlar belə hərəkət etməzdilər, çünki Fövqəluca Allah buyurur: “Mömin­lərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. On­lardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olma­sını gözləyir. Onlar əhdlərini əsla dəyişdirməyiblər” (Əhzab, 33/23).

                                                   

(2.101) “Onlara Allah tərəfindən özlərində ola­nı təsdiqləyən bir elçi gəldikdə Kitab verilənlərdən bir dəstə guya həqiqəti bilmirmiş kimi Allahın Kitabına arxa çevirdilər”.

Allahın şərəfli Elçisi (s.ə.s.), özlərini ardıcılları adlandırdıqları əvvəl nazil edilmiş Kitabların gerçəkliyini təsdiq edən Böyük Kitabı onlara gətirdikdə, onlar bu Elçiyə (s.ə.s.) və onunla nazil edilmiş Haqqa iman gətirmədilər. Onlar Allahın Kitabından nəinki sadəcə üz döndərdilər və hətta, onun doğruluğunu və həqiqiliyini gözəl başa düşdükləri halda, nadanlar kimi, ona arxalarını çevirdilər.
Beləcə davranan Kitab əhli, boş əllə qaldılar. Onlar Allahın Elçi­sinə (s.ə.s.) iman gətirməyi rədd edərkən, əslində, heç düşünmədən, öz Kitablarını da təkzib etdilər. Fövqəluca Allah fasiqlərlə həmişə belə edir, çünki bu, Onun ilahi müdrikliyindən irəli gəlir. Əgər insan ona fayda gətirən bir şeyi yerinə yetirməkdən şüurlu surətdə boyun qaçırırsa, onda o, özünə əsil zərər verən şeyləri həyata keçirməyə başlayır. Əgər insan Mərhəmətli Allaha ibadəti rədd edirsə, hökmən bütlərə və müqəvvalara səcdə etməyə başlayır. Əgər o, Allahı sevməkdən və Ondan qorxmaqdan, öz Rəbbinə ümid bəsləməkdən vaz keçirsə, deməli o, digər himayədarları sevməyə, onlardan qorxmağa və onlara ümidini bağlamağa başlayır. Əgər insan Allaha itaət edərək öz malını xərcləmirsə, o, İblisə uyaraq onu puç edir. Əgər o, öz Rəbbi qarşısında əyilmək istəmirsə, onda o, Onun qulları qarşı­sında alçalmaq məcburiyyətində qalır. Əgər o, haqdan üz döndərirsə, müt­ləq yalan girdabına batır.
Məhz belə bir tale, Allahın Kitabını rədd etmiş və şeytanlara inan­mış yəhudilərə qismət olmuşdur. Onlar dəhşətli bir yalan uyduraraq bəyan etmişdilər ki, Süleyman səltənətini cadugərliklə saxlayırdı. Elə buna görə Fövqəluca Allah buyurur:
                                                                                             ﭿ                                                                  
(2.102) “Onlar Süleymanın səltənətində şeytan­ların oxuduqla­rı­­nın ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrə­dərək kafir oldular. Mələklər: “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!” – deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvə­zində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər!”
                            
(2.103) “Onlar iman gətirib Allahdan qorxsay­dılar, Allahın ver­diyi mükafat onlar üçün daha xeyirli olardı. Kaş bunu biləydilər!”

Şeytanlar insanlara cadugərliyi nümayiş etdirərək bildirdilər ki, Süleyman peyğəmbər (ə.) cadugər idi və bunun sayəsində böyük bir səl­tə­nətə sahib oldu. Onlar dəhşətli bir yalan uydurmuşdular, çünki Süleyman peyğəmbər (ə.) heç vaxt cadugərliklə məşğul olmamışdı. Allah ayədə xə­bər verir ki, Süleyman mürtəd deyildi və heç vaxt cadugərlik öyrən­mə­mişdi. Əksinə, şeytanlar özləri kafir idilər, çünki özləri insanlara cadu­gər­lik və sehrbazlıq öyrədirdilər. Onlar bunu Adəmin nəsillərini azğınlaşdır­maq arzusu ilə yandıqlarına görə edirdilər.
Yəhudilər də İraq torpağı Babilistanda olan iki mələyə nazil edil­miş cadugərliyi öyrənirdilər. Allah onlara cadugərlik haqqında elm nazil etmişdi ki, onun vasitəsilə Öz qullarını sınaqdan keçirsin və hər iki mələk cadugərliyi insanlara öyrətməyə girişdilər. Lakin insana cadugərliyi öyrət­məzdən əvvəl, onlar ona xeyirxah məsləhət verir və təklif edirdilər ki, cadugərliyi öyrənməsinlər, çünki o – kafirlikdir. Onlar insanlara cadugər­liyin və sehrbazlığın öyrənilməsinin qadağan olduğunu bildirirdilər və bu cinayətin ağırlığı haqqında xəbərdarlıq edirdilər.
Deyilənlərdən belə çıxır ki, şeytanlar cadugərliyi insanlara öyrə­dəndə yalanı həqiqət kimi göstərir və cadugərliyi Süleyman peyğəmbərə (ə.) aid etməklə onları yoldan çıxarırdılar, halbuki Süleyman peyğəmbərin (ə.) bu cinayətlə əlaqəsi olmadığını Allah Özü təsdiq etmişdi. İki mələk isə insanlara cadugərliyi onları sınamaqdan, onlara faydalı nəsihət ver­məkdən və onları hər hansı bəraətdən məhrum etməkdən ötrü öyrədirdi. Yəhudilər isə cadugərliyi həm şeytanlardan və həm də o iki mələkdən öy­rə­nirdilər. Onlar peyğəmbərlərin və elçilərin elminə yiyələnməkdən əl çək­mişdilər və şeytan elmini öyrənməyə girişmişdilər. Həqiqətən də, hər kəsin seçdiyi özünə görədir!
Sonra Fövqəluca Allah cadugərliyin vurduğu zərərdən bəhs edir. Cadu­gərlər iki mələkdən hətta əri arvadından ayırmağı da öyrənmişdilər, hər­çənd məlumdur ki, ər-arvadlıq məhəbbəti onun digər təzahürlərindən daha möhkəm olur. Məhz buna görə Allah buyurur: “Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır”[1].

Bütün deyilənlər sübut edir ki, həqiqətən də, cadugərlik mövcuddur və o, ancaq Allahın rizası olduğu halda, zərər verə bilər. Bil ki, Allahın iradəsi iki formada: mütləq iradə (məşiət kovniyyə) və qanunvericilik ira­dəsi (məşiət şəriyyə) kimi təzahür edir. Allahın mütləq iradəsi Onun izn ver­diyi bütün hadisələrə aiddir. Nəzərdən keçirdiyimiz ayədə Allahın məhz razılıq verdiyi bu iradə yad edilir. Allahın qanunvericilik iradəsi isə bundan əvvəlki ayələrin birində xatırlanmışdı: “...Allahın izni ilə Quranı... sənin qəlbinə o nazil etmişdir”[2].
Şərh etdiyimiz və digər oxşar ayələr göstərir ki, yerlə bağlı bütün səbəblər və hətta ən əhəmiyyətli və güclü təsirə malik olanlar belə, Allahın müəyyən etdiyi qədərindən həmişə asılı olur, fərdin taleyi isə ətrafda baş verənlərə müstəqil təsir göstərmir. Heç bir müsəlman təriqəti, qədəriyyəçilərdən başqa, bu dini prinsipi inkar etmir, onlar isə iddia edir­lər ki, qulların hərəkətləri tam müstəqildir və Allahın iradəsindən qətiyyən asılı deyildir. Onlar hesab edirlər ki, Allahın iradəsi insanın əməllərinə aid deyil və onların bu baxışları Allahın Kitabına, Onun Elçisinin (s.ə.s.) Sünnəsinə və sələflərin, onların ardıcılları olan tabeinlərin yekdil rəyinə ziddir.
Sonra Fövqəluca Allah xatırladır ki, cadugərlik peşəsi insanlara ancaq zərər gətirir. Cadugərlik nə dünyəvi işlərdə, nə də ruhani məsələlərdə xe­yir vermir və onun bu cəhəti onu bir sıra digər günah əməllərdən fərq­ləndirir, çünki sonuncular dünya işlərində bəzi faydalar verə bilir. Şərab içməkdən və qumar oynamaqdan bəhs edərək Fövqəluca Allah Öz Elçisinə (s.ə.s.) belə deməyi buyurur: “...De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərin­dən daha böyükdür...”[3]. Lakin cadugərlik insana təkcə zərər gətirir və heç bir şey insanı bu günahı işlətməyə təkan verməməlidir.
Nəzərə almaq lazımdır ki, qadağan olunmuş bütün əməllər ya an­caq zərər verirlər, ya da xeyirdən daha çox zərər verirlər, saleh əməllər isə ya mütləq fayda verir, ya da zərərdən daha çox fayda gətirir. Yəhudi­lərə gəldikdə isə, onlar bilirdilər ki, bir adam cadugərliklə məşğul olmaq istə­dikdə və bu bilikləri əldə etdikdə, o, mal alan alıcı kimi, Axirət həya­tında öz hissəsindən məhrum edilir və özünü cəzaya məhkum edir. On­ların əməli cahilliklərinin nəticəsi deyildi. Onlar şüurlu surətdə əbədi hə­yat qar­şısında dünyəvi həyata üstünlük vermişdilər. Yaxşı olardı ki, onlar xeyir­xah əməllərdə əksini tapan biliklərə malik olaydılar. Lakin onlar bu­nu etmədilər.
                           

(2.104) “Ey iman gətirənlər! Peyğəmbərə: “Bizə qayğı göstər” – deməyin; “Bizə nəzər yetir!” – deyin və eşidin! Ka­fir­­ləri üzücü bir əzab gözləyir”.

Dini öyrənmək istəyən müsəlmanlar Muhəmməd Peyğəmbərə (s.ə.s.) müraciət edir və deyirdilər: “Qayğımıza qal! Vəziyyətimizi nəzərə al!” Onlar bu sözləri pis niyyətlə söyləmirdilər. Lakin yəhudilər müvafiq ərəb ifadəsində pis məna gördülər. Hər dəfə yeri düşdükdə, onlar bu sözə pis məna verərək Muhəmməd Peyğəmbərə (s.ə.s.) söyləyirdilər. Elə buna görə, Allah möminlərə bu ifadəni işlətməyi qadağan etdi ki, onun məna­sının təhrif olunmasına yol verilməsin.
Bu ayə sübut edir ki, yol verilmiş əməl qadağan olunmuş fəaliyyətə səbəb ola bildikdə, o da, qadağan olunur. Bu özəllik, müraciət edilərkən nəzakət qaydalarına riayət etməyin və yanlış anlaşılmayan ifadələrin isti­fadə edilməsinin zəruri­liyini xüsusilə vurğulayır və habelə, kobud­luqdan, söyüşdən, ləyaqətsizcəsinə yozula bilən ibarəli fikir və sözlərdən imtina etməyə çağırır.
Buna görə Allah müsəlmanlara aydın və yanlış yozulması mümkün olmayan ifadələr işlətməyi əmr edir. Allah müsəlmanlara həmçinin din­ləməyi də əmr edir, ancaq məhz nəyi dinləməyi dəqiqləşdirmir. Bu isə o deməkdir ki, bu hökm Quran ayələrinin mətnlərinə, mənalarına və Peyğəmbə­rə (s.ə.s.) bəxş edilən müdrikliyin - Sünnənin müqəddəs mətnlə­rinə və həmçinin möminlərin eşitməli və yerinə yetirməli olduğu nə varsa, hamısına aiddir. Bu ayə nəzakət qaydalarına riayət etməyi  və Allaha müti olmağı buyurur.
                                                      

(2.105) “Nə Kitab əhlinin kafir olanları, nə də müşriklər Rəbbi­nizdən sizə bir xeyir nazil olmasını istəmirlər. Allah isə mərhəmətini dilədiyi şəxsə məxsus edir. Allah böyük lütf sahibidir”.

Fövqəluca Allah kafirləri əzabverici cəza ilə hədələyir, yəhudilərin və müşriklərin möminlərə qarşı düşmənçiliyi haqqında xəbər verir. Onlar müsəlmanların müvəffə­qiy­yətlər qazanmasını, istər böyük qələbələr ol­sun, istərsə də kiçik uğurlar olsun, qətiyyən istəmirlər. Onlar müsəlman­lara amansız nifrət bəsləyirlər və Allahın onlara Öz lütfünü bəxş etməsinə həsəd çəkirlər. Axı Allah böyük lütf sahibidir və O, istədiyini himayə edir. Allah Öz mərhəməti sayəsində Öz Elçisinə (s.ə.s.) Kitab nazil etmişdir ki, müsəlmanları paklaşdırsın, onlara əvvəllər məlum olmayan Kitabı və müdrikliyi öyrətsin. Buna görə həmd təkcə Allaha məxsusdur!

                                          
 (2.106) “Biz hər hansı bir ayəni dəyişdirir və ya onu unutduru­ruqsa, ondan daha yaxşısını və ya ona bənzərini gətiririk. Məgər bil­mirsən ki, Allah hər şeyə qadirdir?”

Dini hökmün ləğv edilməsi (nəsx) adı altında bir hökmün digəri ilə əvəz edilməsi və ya həmin hökmün tamamilə ləğv edilməsi nəzərdə tutu­lur. Yəhudilər dini hökmlərin ləğv edilməsi imkanını inkar edir və bunu yol verilməz hesab edirdilər, halbuki, Tövratda bunun qanuniliyi qeyd olunmuşdur. Bu o deməkdir ki, onların dini hökmlərin ləğv edilməsi im­kanını inkar etmələri kafirliyin təzahürlərindən və rəzil istəklərinə yol vermələrindən irəli gəlirdi.
Bir sıra dini hökmlərin ləğv edilməsinin hikmətindən bəhs edərək, Fövqəluca Allah xəbər verir ki, əgər O, Quranın bəzi ayələrini ləğv edir və ya Öz qullarına, ürəklərindən silərək, onları unutdurursa, əvəzində daha faydalı ayələr və ya onlara bərabəri nazil edilir. Yeni hökmlər qullara əvvəlkilərindən az fayda vermir; çünki Uca Rəbb Öz qullarına mərhəmə­tini daima göstərir. Xüsusilə bu müsəlmanlara aiddir. Allah onlara yüksək dərəcədə iltifat göstərərək, müsəlmanların dinini asanlaşdırmışdır. Allahın nazil etdiyi bəzi hökmlərini ləğv etmək bacarığına şübhə edənlərə gəlincə isə, onlar üçün Fövqəluca Allah belə buyurur:
                       ﭳﭴﭵ ﭶ ﭷ  ﭸﭹ 
 (2.107) “Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allaha məxsusdur? Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır”.

Allah sizin üzərinizdə mütləq hakimiyyət sahibidir, Özünün kai­natla bağlı qərarlarında, hökmlərində və qadağanlarında sizə mərhəmət göstərərək və rəhm edərək sizi idarə edir. Siz, Onun Öz qulları üçün müəyyən etdiyi qədərdən qaça bilməzsiniz və siz Onun onlar üçün qoy­duğu qanunlara qarşı çıxmamalısınız. Rəbbin kainat və dini qanunları bütün qullara aiddir. Onların bu qanunlara qarşı müqavimət göstərməsinə dəyərmi?
Digər tərəfdən, Allah Öz qullarını himayə edir və onlara yardım göstərir. O, onlara nemət əldə etməyə və şərdən qorunmağa kömək edir. Onun himayədarlığı – qulları üçün hikmət və rəhmət təcəssümü olan qanunlar müəyyənləşdirməkdə özünü büruzə verir. Əgər insan Quranın və Sünnənin ləğv edilmiş və ya dəyişdirilmiş hökmləri üzərində düşünərsə, Allahın müdrikliyi və qullarına qarşı bəslədiyi mərhəmətinə əmin olar və bilər ki, Allah Öz mərhəməti əsasında insanları onlar üçün faydalı olan şey­lərə yönəldir. Hərçənd onlar bunu hətta dərk etmirlər.

           ﭿ                            

(2.108) “Yoxsa bundan əvvəl Musadan tələb olunduğu kimi siz də Peyğəmbərinizdən möcüzə tələb etmək istəyirsiniz? İmanı küfrə də­yi­şən kəs, əlbəttə, doğru yoldan azmışdır”.

Allah möminlərə və ya yəhudilərə Muhəmməd Peyğəmbərə (s.ə.s.) etiraz etməyi və, bir vaxt israillilərin Musadan (ə.) tələb etdiklərini, ondan təkidlə xahiş etməyi qadağan etdi. Bu barədə Fövqəluca Allah buyurur: “Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyərək: “Allahı bizə açıq-aşkar göstər!” – demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuş­du...”( Nisa, 4/153);
“Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə aydın olar. Allah bunları (indiyə qədər verdiyiniz bu cür sualları) əfv etdi. Allah Bağışlayandır, Rəhimlidir” (Maidə, 5/101).
Bu və buna bənzər digər xahişlər və suallar şərh etdiyimiz ayədə  qadağan edilmişdir.
Doğru məsləhət almaq və bilik əldə etmək məqsədilə verilən sual­lara gəldikdə isə, onlar tərifə layiqdir və buna görə Fövqəluca Allah belə hökm verir: “...Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun” (Nəhl, 16/43).
Allah belə sualları başqa ayələrdə də bəyəndiyini bildirmişdir: “...Səndən içki və qumar meysir soruşurlar...”( Bəqərə, 2/219);
“...Səndən yetimlər barəsində soruşurlar...” (Bəqərə, 2/220).
Başqa oxşar ayələr də var.
Bu suallardan fərqli olaraq qadağan olunmuş suallar və xahişlər pis­lənir, çünki onlar insanı küfrə salır. Kim imanı küfrə dəyişərsə, hök­mən düz yoldan azar.

                                                                         
 (2.109) “Kitab əhlindən bir çoxu həqiqəti bil­dikdən sonra da, pa­xıl­lıqları üzündən sizi, siz iman gətirdikdən sonra kafirliyə qaytar­maq istəyərlər. Allah Öz əmri ilə gəlincəyə qədər onları bağışlayın və onlara baş qoşmayın. Həqiqətən, Allah hər şeyə qadirdir”.

Fövqəluca Allah ayədə Kitab əhlinin çoxusunun paxıl olması barədə da­nışır. Onlar möminlərə o dərəcədə güclü həsəd çəkirlər ki, onları imandan döndərib kafirlərin sırasına qaytarmağa can atırlar. Onlar bu məqsədlə cəhdlər edir və fitnə-fəsad törədirlər. Lakin onların etdikləri öz əleyhlərinə çevrilir. Bununla əlaqədar Fövqəluca Allah buyurur: “Kitab əhlindən bir züm­rə dedi: “Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin və günün sonunda inkar edin ki, bəlkə onlar öz dinlərindən dönələr” (Ali-İmran, 3/72).
Hərçənd belə davranış Kitab əhlinin kinli paxıllıqlarının nəticəsi olsa da, Fövqəluca Allah möminlərə onlarla yumşaq rəftar etməyi, Allah onlara Öz Hökmünü göndərənə qədər onları incidənləri bağışlamağı tapşırır. Son­radan Allah möminlərə müqəddəs müharibə aparmağı əmr edərək, onları düşmənlərindən xilas edir. Kafirlərin bir qismi öldürülmüş, digər­ləri əsir düşmüş, qalanları isə qovulmuşdular. Həqiqətən, Allah hər şeyə qadirdir.

                                     

(2.110) “Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün nə xe­yir hazırlasanız onun əvəzini Allahın yanında tapacaqsınız. Şübhə­siz ki, Allah nə etdiklərinizi görür”.

Allah insana verilmiş vaxtın namaz qılmaq, təmizlənmək üçün sə­də­qə paylamaq və Rəbbə yaxınlaşmağa imkan yaradan digər əməllərin hə­yata keçirilməsi üçün istifadə etməyi buyurur. Allah möminlərin xeyir­xah əməlləri ilə qazandıqları savabların itməyəcəyini vəd edir. Onlar öz müka­fat­larının tamamilə qorunduğunu görəcək və saleh əməllərinin əv­ə­zini bü­tövlükdə mütləq alacaqlar, çünki Allah onların nə etdiklərini görür.

                                           

 (2.111) “Onlar dedilər: “Yəhudilərdən və xaç­pə­rəstlərdən baş­qa heç kəs Cənnətə daxil olmayacaq!” Bu onların xam xəyallarıdır. De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”

Yəhudilər deyirdilər ki, Cənnətə yəhudilərdən başqa heç kim gir­məyəcək. Xristianlar da deyirdilər ki, xristianlardan başqa heç kim ora girməyəcək. Onlar deyirdilər ki, Cənnət ancaq onlar üçün təyin olunmuş­dur, ancaq istənilən əsassız iddia, onların həqiqiliyi dəlillər və sübutlarla təsdiq olunmayınca, qəbul edilmir. Əgər onlar doğru deyirlərsə, qoy öz sübutlarını göstərsinlər.
Hər kəs, dediyi sözləri təsdiq etmək üçün sübutlar gətirməlidir. Əgər o bunu edə bilmirsə, onda onun əsassız iddiaları ilə digərlərinin ta­ma­milə əks əsassız iddiaları arasında heç bir fərq yoxdur. Məhz dəlillər mümkün iddiaları və bəyanatları qəbul və ya rədd etməyə əsas verir. Kitab əhlinə gəldikdə isə, onlar öz doğruçuluğunu təsdiq edən hər hansı bir dəlilə malik olmadıqları üçün, sözlərinin birmənalı şəkildə yalan olması da sübuta yetmiş olur.

      ﯿ                               

 (2.112) “Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.

Fövqəluca Allah bu ayə ilə aydın bir dəlil nazil edərək onu bütün insanlara şamil edir və Kitab əhlinin iddialarının və boş ümidlərinin puç olduğunu sübuta yetirir. Onun şəriətini rəhbər tutaraq səmimiyyətlə öz əməllərini Allaha həsr edən və Rəbbinə ibadət edən Cənnət bağlarına dü­şə­cək və öz Rəbbindən mükafat alacaqdır. Bu mükafat – Cənnət olacaqdır və orada hər cür nemətlər toplanmışdır. Belə bir insan nə qorxu, nə də qəm-qüssə biləcək, çünki arzuladığı ən əziz və qiymətli saydığı şeyləri əldə edəcək və hər hansı gözlənilməz dəhşətli və xoşagəlməz şeylərdən qorunacaq.
Deyilənlərdən məlum olur ki, əgər insan qeyd edilmiş keyfiyyətlərə sahib deyilsə, Cəhənnəmin məhvə düçar edilmiş sakinləri arasına düşə­cəkdir. O şəxslər xilas olunacaqlar ki, Rəbbimiz Allah xatirinə səmimi qəlblə xeyirxahlıqlar etmiş və Onun Elçisinin (s.ə.s.) yolu ilə getmiş ol­sunlar.
                                                                       
(2.113) “Yəhudilər: “Xaçpərəstlər heç bir şeyə əsaslanmırlar!” – de­yir, xaçpərəstlər isə: “Yəhudilər heç bir şeyə əsaslanmırlar!” – de­yir­lər. Halbuki onlar Kitab oxuyandırlar. Cahillər də onların da­nış­dığı kimi danışırlar. Allah ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir”.

Kitab əhli öz rəzil istəklərinin qarşısını almayaraq bir-birilərinə o qədər paxıllıq edirlər ki, bir-birilərini azğınlıqda və kafirlikdə ittiham edə­rək, müşrik ərəblərə və digər müşriklərə bənzəyirlər. Bir dinin tərəfdarları o biri dinin tərəfdarlarını azğın adlandırırlar. Qiyamət günü başlayanda Allah bu çəkişənlər barədə Öz ədalətli hökmünü verəcək. Allah Öz qul­larına bu hökmü barədə xəbər verərək bildirir ki, bütün peyğəmbərlərə və elçilərə iman gətirənlər, öz Rəbbinə itaət edənlər və Onun haramlarını poz­mayanlar nicat tapacaq və böyük uğur qazana­caqlar. Bütün qalan insanlara gəldikdə isə, onlar mütləq həlak olacaqlar.

                            ﭿ                                                  

(2.114) “Allahın məscidlərində Onun adının zikr edilməsinə ma­neçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, Axirətdə isə böyük bir əzab vardır”.

Ən zalım insanlar və ən qəddar cinayətkarlar – məscidlərdə Allahı zikr etməyə mane olanlar və namaz qılmağa və ibadətin digər mərasim­lə­ri­ni keçirməyə imkan verməyənlər, məscidləri maddi və mənəvi cəhətdən dağıtmağa can atanlardır. Məscidlərin maddi cəhətdən dağıdılması dedik­də, onların binalarının sökülməsi, onlara vurulan ziyan və onların natə­miz­­liklərlə murdarlanması nəzərdə tutulur. Mənəvi cəhətdən dağıdılma altında isə, namaz qılanlara məscidlərdə Allahın adının zikr edilməsinə imkan verilməməsidir.
Bu ayə yuxarıda sadaladığımız keyfiyyətlərə malik olan hər kəsə aiddir. O, fil qoşunları sahiblərinə və Allahın Elçisinə (s.ə.s.) Hudeybiyyə sülhü bağlanılan il həcc ziyarətinə getməyə imkan verməyən qureyşlilərə də aiddir. O, Qüdsü viran qoymuş xristianlara, Allahın evlərinə ziyan vurmağa, Allaha müqavimət göstərməyə və möminlərin sıralarına təfriqə salmağa cəhd göstərən çoxsaylı digər zalımlara da aiddir.
Allah kafirlərə, bir cəza kimi, məscidlərə alçaldılmış halda və qor­xu içində girməyi əmr etmişdir. Rəbbin qanunu və qədəri belədir. Kafirlər Allahın qullarını qorxutmağa cəhd edirdilər, lakin Qüdrətli Allah onların öz arasına qorxu toxumu səpdi. Müşriklərə gəldikdə, onlar Allahın Elçi­sinə (s.ə.s.) həcc ziyarətinə getməyə yol vermədilər, az bir müddət keçən­dən sonra isə, Qüdrətli Allah onu (s.ə.s.) Məkkəyə sahib etdi və müşrik­lərə Öz Evinə yaxınlaşmağı qadağan etdi. Fövqəluca Allah buyurur: “Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidülharama yaxınlaşmasınlar” (Tövbə, 9/28).
Fil qoşunlarına gəldikdə isə, Fövqəluca Allah onları haqlamış cəza barədə rəvayət etmişdir. Xristianlara gəldikdə isə, Allah möminlərə onların üzərində qələbə çal­mağa və onları müqəddəs torpaqlardan qovmağa imkan vermişdir. Yuxarıda təsvir etdiyimiz keyfiyyətlərin daşıyıcısı olan hər bir zalım kəs zalımlığının əvəzini hökmən alacaqdır. Yaradan bütün hadisələri, onlar baş verən ana qədər, öncədən dəqiq­liklə bildirir və bu qabaqcadan xəbər verilənlər böyük hadisələrin müjdəçiləri olur.
Bu gözəl ayəyə istinad edərək şəriət alimləri hesab edirlər ki, kafirləri məscidə buraxmaq olmaz. Onlar bu həyatda rüsvay olmağa və həqarətə layiq edilmiş, Axirət günü isə onları böyük cəza gözləyir.
Əgər ən böyük zalımlar Allahın məscidlərində Onun adını zikr etməyə qoymayan günahkarlardırsa, onda ən ləyaqətli iman sahibləri məscidləri maddi və mənəvi cəhətdən bərpa edən möminlərdir. Məhz buna görə Fövqəluca Allah buyurur: “Müşriklər küfr etdiklərini bildikləri halda, onlara Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar. Allahın məs­cid­lərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaş­dırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar” (Tövbə, 9/17-18).
Bundan başqa, Allah məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurmuşdur. Fövqəluca Allah deyir: Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər” (Nur, 24/36).
Məscidlərə çoxlu dini hökmlər şamil edilir ki, onların mahiyyəti yuxarıda xatırlanan gözəl ayələrdə ifadə olunmuşdur.
                           
 (2.115) “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəl­sə­­niz, Allahın Üzü orada olar. Həqiqətən, Allah Əhatəe­dən­dir, Biləndir”.

Allah dünyanın bütün tərəflərindən fərqli olaraq, şərqi və qərbi xüsusilə ayır­mışdır, çünki onlarda böyük əlamətdar hadisələr bir yerə top­lanmışdır. Orada səma cisimləri üfüqdən qalxır və batır və əgər Allah şərqin və qərbin üzərində hökmrandırsa, deməli dünyanın digər tərəfləri də Onun hakimiyyəti altındadır.
Ey insanlar! Allahın hökmünü yerinə yetirərək və ya məcburən hansı tərəfə çevrilmə­yinizdən asılı olmayaraq, Allahın Surəti orada ola­caq­dır. Sizə namaz zamanı üzünüzü Kəəbəyə tərəf çevirmək əmr olun­muşdur, halbuki siz əvvəllər üzünüzü Qüdsə tərəf çevirirdiniz. Səfər zamanı isə dəvə üstündə oturaraq və ya başqa nəqliyyat vasitəsində üzünü hərəkət istiqamətinə tutaraq namaz qılmağınıza icazə verilir. Əgər Kəəbə­nin hansı tərəfdə olduğunu təyin edə bilməsəniz, üzünüzü öz istəyinizlə hər hansı istiqamətə yönəldib namaz qılmanıza icazə verilir. Sonra­dan səhvə yol verdiyinizi görsəniz də namazınız qəbul olunacaq. Əgər beli­nizdə ağrı sizi incidərsə, əgər xəstələnsəniz, sizin üçün digər güzəştlər də edilmişdir. Bütün hallarda, hansı yana çevrilsəniz də, elə bir tərəf tapmaz­sınız ki, ora Rəbbinizin hökmü altında olmasın.
Bu ayə Fövqəluca Allahın Üzünün varlığını, Onun əzəmətinə və kamil­liyinə layiq olduğunu və məxluqlarının üzünə bənzəmədiyini təsdiq edir. Allah ən böyük mərhəmət və ən kamil sifətlərə malikdir, Ona məxluqla­rının bütün sirləri və niyyətləri məlumdur.
Allah Özünün Hərşeyiəhatəedən sifətləri və Özünün hüdudsuz bilikləri sayəsində Öz qullarına müxtəlif hərəkətlər etməyə imkan verir və onların xeyirxah əməllərini qəbul edir. Buna görə, həmd Tək Ona məx­susdur!
                              
 (2.116) “Onlar dedilər: “Allah Özünə övlad gö­tür­müşdür!” Hal­bu­ki O, pakdır, müqəddəsdir! Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir”.

Yəhudilər, xristianlar və müşriklər arasında elələri var ki, Allahın oğlu olduğunu iddia edirlər. Onlar Allaha Onun böyüklüyü və əzəmətinə xas olmayan sifətlər aid edirlər. Onlar ağır günah işlədir və özlərinə qarşı zalımlıq edirlər. Lakin onların Rəbbə qarşı yaramaz münasibətlərinə bax­mayaraq, Fövqəluca Allah onların cinayətinə səbirlə dözür, onları cəzalandır­mağa tələsmir və hətta onları əmin-amanlıq və bol ruzi ilə təmin edir.
Allah pakdır və müşriklərin, zalım günahkarların Ona aid etdiklə­rin­dən və Onun əzəmətinə uyğun gəlməyən sifətlərdən ucadır! Mütləq kamilliyə malik olan Allah pakdır və nöqsanlardan uzaqdır!
Fövqəluca Allah müşriklərin sözlərini nəinki təkzib edir, O, həm də Özü­nün Mütləq Kamilliyinə dair dəlillər gətirir. O, bildirir ki, göydə və yerdə nə varsa, hamısı Ona məxsusdur. Bütün məxluqlar Onun hakimiyyəti al­tın­dadır və Onun qullarıdır. O, onları – ağa öz kölələrini idarə etdiyi kimi, idarə edir. Bütün qullar Ona itaət edirlər, Onun iradəsindən asılıdırlar və Ona möhtac olduları halda, Onun, qətiyyən kimsəyə ehtiyacı yoxdur. Həqiqət bundan ibarət olduğu halda, qullarından kim Böyük Rəbbin oğlu ola bilər, həm də oğul həmişə öz valideyninə oxşayır, çünki onun bir his­səsi olur? Allah – Ən Qüdrətli Hökmdardır, halbuki bütün məxluqlar – Ona tabe olan qullardır. O varlıdır və ehtiyacı yoxdur, halbuki Onun qul­ları kasıbdırlar və öz Rəbbinə möhtacdırlar. Bütün bunlardan sonra Ona necə övlad aid etmək olar? Kim bunu iddia edirsə, deməli ən böyük və ən yaramaz yalan uydurur!
Allaha itaətkarlığa (qunut) gəldikdə isə, o iki cür olur.
Məxluqların ümumi itaətkarlığı onların öz Yaradanın hakimiyyəti altında olması ilə səciyyələnir, xüsusi itaətkarlıq isə Ona ibadət etməklə bağlıdır. Birinci növ itaətkarlıq şərh etdiyimiz ayədə keçməkdədir. İkinci növ isə Fövqəluca Allahın: “...Allah qarşısında mütiliklə durun” (Bəqərə, 2/238) sözlərilə xatırlanır.

                        

 (2.117) “Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istə­dikdə ona ancaq: “Ol!” – deyər, o da olar”.

Allah göyləri və yeri yaradıb onlara mükəmməl görkəm verdi və onları, əvvəllər misli olmamış gözəl məxluqlar etdi. Qərar qəbul etdikdə Onun təkcə “Ol” deməsi kifayət edir və arzu etdiyi şey olur. Heç nə Onun iradəsinə qarşı dura bilməz və heç kim Ona mane ola bilməz!

                                                    

 (2.118) “Cahillər dedilər: “Bəs nə üçün Allah bizi danışdırmır, ya­xud bizə bir ayə gəlmir?” Onların əcdadları da elə onlar kimi da­nı­şırdılar. Onların qəlbləri bir-birinə oxşayır. Biz, yəqinliklə inanan bir xalqa dəlillərimizi bəyan etmişik”.

Kitab əhlindən olan nadanlar və başqa nadanlar soruşurlar: “Niyə Allah Öz elçiləri ilə danışdığı kimi, bizimlə də danışmır? Niyə elçilər bi­zim görmək istədiyimiz möcüzələri bizə göstərmirlər?” Öz dayaz ağılla­rına əsaslanaraq onlar Yaradanla söz güləşdirməyə cəsarət edirdilər, özlə­rini Allahın elçilərindən üstün tutur və onlara möcüzə göstərilməsini tələb edirdilər. Fövqəluca Allah bu barədə buyurur: “O zaman siz: “Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə, sənə iman gətirməyəcəyik!” – dediniz və gözünüz görə-görə sizi ildırım vurdu” (Bəqərə, 2/55);
“Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istə­yir. Onlar Musadan, bundan daha böyüyünü istəyərək: “Allahı bizə açıq-aşkar göstər!” – demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuşdu...” (Nisa, 4/153);
“Onlar dedilər: “Bu necə elçidir ki, yemək yeyir, bazarları gə­zib dolaşır. Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edən bir mələk göndərilmədi? Niyə ona bir xəzinə verilmədi? Niyə meyvəsindən ye­yib dolanmasından ötrü bir bağı olmadı?”...” (Furqan, 25/7-8);
“Onlar dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik və ya ortasından şırıl-şırıl çaylar axıdacağın  xur­ma və üzüm bağın olmayınca, yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca və ya Allahı və mələkləri qarşı­mıza gətirməyincə, yaxud qızıldan bir evin olmayınca və ya göyə qalx­mayınca biz sənə inanmayacağıq. Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”...” (İsra, 17/90-93).

Onlar Allahın elçiləri ilə bax belə rəftar edirdilər. Onlar elçilərdən möcüzə tələb edirdilər ki, onları acizlikdə ifşa etsinlər. Onlar doğru yol tapmaq niyyətində deyildilər və həqiqəti aydınlaşdırmaq da istəmirdilər. Elçilər isə insanlara çoxsaylı möcüzələr göstərirdilər və bunlar tamamilə kifayət edərdi ki, onlar haqq dinə qayıtsınlar. Məhz buna görə Allah bu­yu­rur ki, O, imanlı insanlara artıq əlamətləri izah etmişdir. Hər bir yəqinliklə inanan dindar öz Rəbbinin o qədər gözəl möcüzələrini və inandırıcı dəlil­lərini görüb ki, onlar onun möhkəm əqidəsinə çevrilmişdir. Bu əqidə tərəddüdlər və şübhələrlə bir araya sığışmaz.

ﯿ                        

 (2.119) “Biz səni haqq ilə müjdələyən və xəbər­darlıq edən bir peyğəmbər göndərdik. Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayacaqsan”.

Fövqəluca Allah bir möcüzəni xatırladır ki, o, qalan bütün möcüzələri əhatə edir və nəzərdə tutur. Bu, Muhəmməd Peyğəmbərin (s.ə.s.) haqq peyğəmbər olduğunu və onun gətirdiyi Kitabın doğruluğunu sübut edən də­lil­dir. Həmin möcüzə, insanlara həqiqəti gətirən Allahın elçisinin peyğəmbərliyidir. Bu möcüzə Peyğəmbərə (s.ə.s.) vəhy edilmiş bütün hökmləri əhatə edir və özlüyündə üç dəlildən ibarətdir. Birinci dəlil – Muhəmmədin (s.ə.s.) peyğəmbərliyidir. İkinci dəlil – onun tərcümeyi-halıdır və rəhbərliyidir. Üçüncü dəlil Quran və Sünnə təlimidir ki, onu da o, təbliğ etmişdir. İlk iki dəlil – Məhəmməd Peyğəmbərin (s.ə.s.) Allah tərəfindən göndəril­məsi haqqında Quran ayəsi ilə nazil edilmiş vəhydən irəli gəlir. Üçüncü dəlil isə onun haqq ilə göndərilməsinin Quran ayəsin­dən bəlli olduğuna sübutdur.
Birinci dəlil kimi biz Muhəmmədin (s.ə.s.) peyğəmbərliyini qeyd etdik. Onun doğruçulu­ğuna əmin olmaq üçün onun peyğəmbərliyinin başlanmasına qədər bəşəriyyətin vəziyyətini öyrənmək kifayətdir. İnsanlar bütlərə, oda və xaça ibadət edir, onlara nazil olunmuş dinləri təhrif edir və imansızlığın qatı qaranlığı onların gözlərini kor edir və hər tərəfdən onları əhatəyə alırdı. Bu kafirlikdən xilas olmaq Kitab əhlinin çox azına qismət oldu və onlar da Muhəmməd Peyğəmbərin (s.ə.s.) gəlişi ərəfəsində artıq tükənirdilər. Lakin Fövqəluca Allah yaratdıqlarını nahaq yerə xəlq etməmişdi və onları yaddan çıxarmamışdı. O – Müdrik, Bilən, Qüdrətli və Mərhəmətli Rəbdir. İlahi müdrikliyə və mərhəmətinə əsaslanaraq Allah Böyük Elçi­sini (s.ə.s.) Öz qullarının yanına göndərdi və onlara buyurdu ki, Mərhəmətli Allaha şərik qoşmadan, təkcə Ona ibadət etsinlər. Dərrakəli insana Peyğəmbərin (s.ə.s.) doğruçuluğuna əmin olmaq üçün onun ağır məsuliyyətli vəzifəsi haqqında düşünmək kifayətdir. Bu böyük möcüzə onun həqiqətən Allahın Elçisi (s.ə.s.) olduğuna birmənalı şəkildə şəhadət verir.
İkinci dəlil kimi, Peyğəmbərin (s.ə.s.) tərcümeyi-halını qeyd etdik. Əgər bir adam onun, peyğəmbərliyinin başlanmasına qədər keçmiş həya­tını və habelə onun malik olduğu və sonradan daha da kamilləşmiş və heyranedici keyfiyyətlərini lazım olan qaydada öyrənərsə, ona məlum olar ki, belə kamil əxlaqi simaya ancaq peyğəmbərlər malik ola bilərlər, çünki Fövqəluca Allah əxlaqi keyfiyyətləri insanların doğruçuluğunun və ya yalançılı­ğının ən böyük dəlillərindən biri etmişdir.
Biz, üçüncü dəlil kimi, böyük İslam şəriətini və gerçək hekayət­lər­dən ibarət olan, yaxşılıq etməyə hökm verən, bəd əməlləri qadağan edən və insanlara xarüqəladə möcüzələr göstərən Müqəddəs Quranı göstər­miş­dik. Xatırlatdığımız üç dəlil bütün digər ilahi dəlilləri və vəhyləri özündə əks etdirir.
Fövqəluca Allah bildirir ki, Muhəmməd Peyğəmbər (s.ə.s.) xeyirxah müjdəçi və nəsihətçi idi. O, bu dünyada və öləndən sonra ona itaət edən hər bir insana xoşbəxt həyat haqqında müjdə verir və ona itaətsizlik edən hər kəsə həm bu dünyada və həm də öləndən sonra bədbəxtliklərdən çə­kin­mək barədə xəbərdarlıq edirdi. O, Cəhənnəm sakinlərinin əməlləri üçün cavab verməyə­cəkdi, çünki ona ancaq həqiqəti insanlara çatdırmaq tapşırılmışdı. Onlar ancaq Qüdrətli Allahın qarşısında cavab verməli olacaqlar.
                                                                     
(2.120) “Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar. De: “Yalnız Allahın haqq yo­lu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan nə bir qoruyan, nə də bir xilas edən olar”.

Fövqəluca Allah Öz Elçisinə bildirir ki, o, yəhudilərin və xristianların dinini qəbul etməyənədək onlar ondan razı qalmayacaqlar. Onlar ibadət et­dikləri dini təbliğ edərək, doğru yolla getdiklərini düşünürlər. Məhz buna görə Allah Muhəmməd Peyğəmbərə (s.ə.s.) əmr edir ki, təkcə ona (s.ə.s.) nazil edilmiş Allahın təliminin doğru təlim olduğunu hamıya bəyan etsin. Kitab əhlinin baxışlarına gəldikdə isə, onlar ancaq öz alçaq istəklərinə istinad edirlər. Əgər Muhəmməd Peyğəmbər (s.ə.s.), bu biliklər ona vəhy edildikdən sonra, onların istəklərinə imkan versəydi, onda onun nə himayədarları, nə də köməkçiləri olmazdı.
Bu ayə yəhudilərin və xristianların istəklərinə uymağı və özünü onların dinini fərq­lən­di­rən xüsusiyyətlərinə oxşatmağı qəti qadağan edir. Fövqəluca Allahın bilavasitə Muhəmməd Peyğəmbərə (s.ə.s.) müraciət etməsinə baxmayaraq, bu ayə onun ardıcıllarına da aiddir, çünki vəhyin ümumi məna daşıdığına və təkcə yönəldildiyi konkret şəxsə aid olmadığına diqqət yetirilməlidir. Digər bir qaydaya müvafiq olaraq, ayənin nazil edildiyi konkret səbəbi deyil, ümumi mənasını nəzərə almaq lazımdır.
                       ﭿ                  

(2.121) “Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirən­lər­dir. Onu inkar edənlər isə ziyana uğrayanlardır”.

Fövqəluca Allah bildirir ki, Allahın mütləq mərhəməti ilə hörmət gös­tər­diyi və Müqəddəs Kitabını bəxş etdiyi Kitab əhli arasında Onun hökmlə­rini lazım olduğu kimi yerinə yetirən möminlər vardır. Oxumaq (tilavət) sözü ilə ayədə hökmlərə riayət edənlər nəzərdə tutulur. Bu saleh dindarlar Allahın halal buyurduğunu halal sayır və Onun haram qıldığını haram qəbul edirlər. Onlar mənaları aydın olan ayələri əsas götürür, mütəşabeh ayələrə isə iman gətirirlər. Bu Kitab əhli xoşbəxtdir, çünki onlar Allahın mərhəmətini dərk edərək ona minnətdarlıqla cavab verirlər. Onlar Allahın bütün elçilərinə iman gətirir və onların aralarında fərq qoymurlar. Onlar əsil möminlərdir və özlərini, onlara nazil olmuş Kitaba iman gətirdiklərini və sonradan nazil olmuş Kitabları isə inkar etdiklərini bəyan edənlərə oxşatmırlar. Sonuncular Allahın onları təhdid etməsinə layiqdirlər və onlar – ziyana uğramışlardır.


[1] Rum, 30/21
[2] Bəqərə, 2/97
[3] Bəqərə, 2/219

Комментариев нет:

Отправить комментарий