среда, 2 мая 2012 г.

56. VAQİƏ SURƏSİNİN ŞƏRHİ

VAQİƏ
SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

             Mərhəmətli və Rəhimli Allahın adı ilə!

ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ
(56. 1) “Hadisə başladıqda”,
(56. 2) “heç kim onun başlamasını yalan saya bilməz».

Fövqəluca, qarşısıalınmaz bir hadisənin – Qiyamət gü­nü­nün baş­landığı vaxtda baş verəcək hadisələr haqqında xəbər verir. Hə­min gü­nün başlanması heç kimdə şübhə doğurmamalıdır. Onun labüdlüyünü Kəramətli Kitablar və bir çox məntiqi dəlillər təs­diq edir. Fövqəluca Allahın müdrikliyinin özü Ədalətli Məh­kə­mə­nin zəruriliyini vurğu­layır.
ﮕ ﮖ ﮗ
(56. 3) “O alçaldır və ucaldır”.

Həmin gün insanların bəziləri alçaldılacaq və Cəhənnəmin lap di­­binə atılacaq, digərləri isə Cənnətin yüksəkliklərinədək ucal­­d­ı­la­caq­lar. Başqa bir şərhə görə, bu ayədə deyilir ki, Qiyamət gü­nü carçı onun yaxınlığında olanlar üçün onlara müraciət edəndə, sə­sini alçal­da­caq, ondan uzaqda olanlara müraciət etdikdə isə sə­si­ni ucaldacaq.
ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ
(56. 4) “Yer möhkəm silkələndikdə”,
(56. 5) “dağlar ovalanıb dağıldıqda”,
(56. 6) “hər şey toz-dumana çevrildikdə”,
(56. 7) “siz üç dəstəyə bölünərsiniz”.

Həmin gün yerin səthi silkələnəcək, hərəkətə gələcək və tit­rə­­­mə­yə başlayacaq. Onun üzərində nə dağlar, nə də hündürlüklər qal­­ma­ya­caq. Bütün yer üzü dərinlikləri, çala-çuxurları olmayan, düm-düz mey­dana çevriləcək. İnsanlar isə onların yaxşı və pis əməl­­lərindən asılı olaraq üç dəstəyə bölünəcəklər. Sonra Föv­qəl­uca hə­min gün məxluq­la­rın hansı dəstələrinin yaranacağını bil­di­rir.

 ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ
(56. 8) “Bəziləri sağ tərəfdə olacaq. Sağ tərəfdə kimlər ola­caq?”
(56. 9) “Digərləri isə sol tərəfdə dayanacaq. Sol tərəfdə kim­­lər olacaq?”

Allah bu sözlərlə bəzilərini tərifləyir, onlara hörmətini bildirir və digərlərini isə qınayır və hədələyir.

ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ
(56. 10) “Qabaqlayanlar – qabaqlayacaqlar».
(56. 11) “Onlar – yaxınlaşdırılmışlardır”
(56. 12) “Səadət bağlarına”.

Onlar xeyirxahlıq etməkdə başqa insanları ötüb keçmişlər və baş­­­­qa­larından öncə Cənnətə girəcəklər. Fövqəluca onları Cən­nə­­tin yu­­­xa­rı başında Öz yaxınlığında yerləşdirəcək, onlara uca ima­­­rətlər əta edə­­cək ki, onlardan yuxarıda digər saraylar və məs­kən­­­lər olma­ya­­caq­dır.

ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ
(56. 13) “Onların çoxu –birincilərdəndir”
(56. 14) “və yalnız az bir hissəsi – sonunculardandır».

Yaxınlaşdırılmış sadiq insanların böyük bir hissəsini müsəl­man­­­ların ilk nəsilləri və əvvəlki peyğəmbərlərin (onlara salam ol­sun!) ar­dı­cılları təmsil edəcəklər. Bu ayələr Peyğəmbərin (ona Al­la­hın salavatı və salamı olsun!) səhabələrinin (Allah onlardan razı ol­sun!) və ilk müsəl­manların üstünlüyünü göstərir. Onlar Allahın Özü­nə yaxınlaşdırdığı qulları ara­sında, sonrakı nəsil mü­səl­man­la­rın­dan daha çox olacaqlar.

ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ
(56. 15) “Onlar bəzəkli taxtlarda”
(56. 16) “üzbəüz oturub dirsəklənəcəklər”.

Yaxınlaşdırılmış sədaqətli möminlər qızıl və gümüş naxışlı, qiy­­mətli daş-qaşlar, mirvarilər və Fövqəluca Allahdan başqa, kim­sə­nin xə­bəri ol­ma­yan bir çox başqa zinətli şeylərlə bəzədilmiş taxt­lara oturub söykənəcəklər. Onlar üzbəüz oturacaq[1] və bu on­la­rın qarşılıqlı müna­si­bətlərinin paklı­ğı­na, onların gözəl əxlaqına və bir-birilərinə qarşı sə­mimi məhəbbət bəs­lə­mə­­­lərinə dəlalət edə­cək­dir. Onlar taxtlarına dir­sək­lənib oturacaqlar, yəni ən mü­kəm­məl və sabit vəziyyətdə rahatla­na­caqlar[2].

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ
(56. 17) “Həmişəcavan yeniyetmələr onların ətrafında do­la­­­na­caq­lar:”
(56. 18) “əllərində vazalar, çeşmə içkisi ilə dolu bardaq və qə­­dəhlər olduğu halda”
(56. 19) “(onlardan içdikdə baş nə ağrıyar, nə də gi­cəl­lə­nər)”;
(56. 20) “seçdikləri meyvələrlə”
(56. 21) “və arzuladıqları quş əti ilə”.

Onlara gənc və yaraşıqlı yeniyetmələr xidmət edəcək və mö­min­­lərin bütün istəklərini yerinə yetirəcəklər. Bu yeniyetmələr ça­naq­da ör­tülü sax­lanmış mirvari kimidirlər və heç vaxt öz gö­zəl­lik və təravətini itirmirlər. Allah onlara əbədi gənclik bəxş et­miş­dir və bu­­na görə Cən­nət yeniyet­mə­lə­ri yaşlanmır, qocalmır və üz­ləri də­yi­­şikliyə uğramır. Onlar əllərində pi­ya­lələr, yəni dəstəksiz qab­lar və bardaqlar, yəni, dəs­təkli qab­larla və həm­çinin heç bir mən­fi təsir gös­­tərməyən şərabla dolu qədəhlərlə Cənnət sa­kin­lə­ri­nin ətrafında do­­laşacaqlar. O içkilər baş ağrısı vermir və Cənnət sa­kin­ləri, yer üzün­də çaxırdan və spirtli içki­ləri qəbul etdikdən son­ra baş verdi­yi ki­mi, o içkidən düşüncə qabiliy­yə­tini və təm­kin­li­yini itimirlər.
Bu onu göstərir ki, yer üzünün bəzi ləzzətlərinə bənzər olan bü­­­tün Cənnət nemətləri dünya həyatındakı nemətlərə xas olan nöq­­san­lar­dan məhrumdur. Fövqəluca buyurur: Budur təq­va­lı­la­ra vəd edilən Cənnətin təsviri! Orada heç vaxt durğun qalmayan su­dan çaylar, dadı dəyişməyən süd çayları, içən­lərə ləzzət verən şə­rab çayları və saf­laşdırılmış baldan çaylar axır...” (Mu­həm­məd, 47. 15). Fövqəluca qeyd edir ki, Cənnət şərabı nəinki ləzzət bəxş edir, o, həm də yer üzündə şəraba xas olan qüsurlardan məh­rum­dur.
Cənnət sakinlərinə ürəkləri istəyən və xoşlarına gələn nə var­sa, gətirilib veriləcəkdir[3]. Ən iştahaçan meyvələr və ən dadlı bəh­rələr onlara ən gözəl və kamil tərzdə təqdim olunacaqdır. On­la­ra həmçinin öz sifarişləri ilə hazırlanmış müxtəlif quşların əti ve­ri­ləcəkdir. Onlar arzuladıqları istə­ni­lən əti qızardılmış, qay­na­dıl­mış və başqa cür hazırlanmış halda dada biləcəklər.

ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ
(56. 22) “İrigözlü hurilər”,
(56. 23) “gizlədilmiş mirvari kimi”.

Məhz gözəl gözlər qadın gözəlliyinin və cazibədarlığının ni­şa­nə­si­dir və buna görə Cənnət huriləri iri, qəşəng qara gözlərin sa­hibi ola­caq­lar. Hurilər, yad gözlərdən, küləklərdən və günəş şüa­­larından qo­ru­nub saxlanan onur­ğasız dəniz heyvanlarının ça­na­­ğındakı[4] nəm, tə­miz və yaraşıqlı mirva­ri­lərə bənzəyirlər. Belə mir­­­varilər öz gözəl rən­gini qoruyur və nöq­sansız olur. Eyni şeyi ən kamil keyfiyyətlərə və xü­susiyyətlərə malik olan Cənnət hu­ri­lə­ri haqqında demək olar.
ﭲ ﭳ ﭴ ﭵ ﭶ
(56. 24) “Onların əməllərinin əvəzi belə olacaqdır”.

İnsan Cənnət bağlarının nemətləri və ləzzətləri üzərində nə qə­­dər düşünsə də, o, onların arasında yalnız ürəklərin həzz aldığı və ba­xışların heyran qaldığı şeyləri tapacaqdır. Fövqəluca xe­yir­xah işlər gö­rənlər üçün belə mükafatlar hazırlamışdır. Onlar yax­şı­lıq edirdilər və Allah da onlara yaxşılıqla əvəz verəcək və onlara xoş­bəxtlik və fira­van­lıq əta edəcəkdir.

ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ
(56. 25) “Onlar orada nə boş sözlər, nə günah olan da­nı­şıq­lar eşitmə­yəcəklər”,
(56. 26) “eşidəcəkləri yalnız: “Salam! Salam!” – sözləri ola­caq­­dır».

Səadət bağlarında heç kim boş və mənasız sözlər eşit­mə­yə­cək və heç kim təhqir olunmayacaq və incidilməyəcəkdir. Cənnət sa­kinləri yal­­nız xeyirli və gözəl sözlər danışacaqlar, çünki Cənnət – mömin və vicdanlı olanların məskəni olacaqdır.
Bu ayə Cənnət əhlinin gözəl rəftarına və əla əxlaqına də­lil­dir. Onlar bir-birilərinə xeyirli sözlərlə müraciət edirlər ki, bu da on­ların ürəyinə boşboğazlıqla və söyüşlə heç bir əlaqəsi olmayan se­vinc bəxş edir. Ey Allah! Bizi də o xoşbəxtlərdən et!
Sonra Fövqəluca sağ tərəfə düşənlərə nələrin hazırlanması haq­­qında xəbər verir.

ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ
(56. 27) “Sağ tərəf sahibləri. Kimdir sağ tərəf sahibləri?”
(56. 28) “Tikansız gilas ağacları arsında:”
(56. 29) “banan salxımları altında”,
(56. 30) “geniş kölgəliklərdə”,
(56. 31) “bulaq başında”,
(56. 32) “bir-çox meyvələrin –
(56. 33) tükənməyən və qadağan edilməyənlərin arasında

Onlar tikansız və füsunkar meyvələri sallanmış gilas ağac­la­rı­­nın al­tın­da istirahət edəcəklər. Bu gilas ağacları[5] həmçinin bir çox digər özəl­lik­lərə malikdir. Onların ətrafa yayılan qol-bu­daq­la­rı­­nın kölgə­sin­də mömin­lər gözəl istirahət edəcəklər. Onlar həm­çi­nin ləzzətli banan yeyəcəklər. Yer üzündə bu yüksək ağac isti iq­lim­li ölkələrdə bitir.
Cənnət sakinləri çoxsalı coşub-daşan bulaqlar və şır-şırla axan kiçik çaylar arasında gəzəcək, bol və bitib-tükənməyən və asan­­­lıqla dərilən mey­vələrdən ləzzət alacaqlar. Cənnət bəhrələri, yer üzündə ilin müəyyən möv­sümündə və yüksək ağaclarda ye­ti­şən meyvələrə oxşa­mır, onları ağac­dan dərmək çətin olur. Cən­nət­də istənilən meyvələr is­tə­nilən vaxtda ağaclarda yetişir və o qədər aşa­­ğıda olur ki, Allahın qul­ları onları hər hansı vəziyyətdə olduq­da be­lə, əllərini uzadıb dərə bilərlər.
ﮞ ﮟ ﮠ
(56. 34) “və hündür döşəkçələr üzərində olacaqlar».

Möminlər ipək çəkilmiş yumşaq və hündür döşəklər dö­şən­miş və qı­zılla, mirvarilərlə və yalnız tək Allaha məlum olan bir çox digər bəzək zinətləri ilə süslənmiş ya­taq­larda uzanacaqlar.

ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ
(56. 35) “Həqiqətən, Biz onları yeni simada yaradacağıq”
(56. 36) “və onları bakirə edəcəyik,
(56. 37) “sevən və eyni yaşlarda”.

Bu ayələrdə Cənnət sakinlərinin zövcələrindən bəhs edilir. Al­lah on­la­rı həyata başqa, kamil bir simada qaytaracaq ki, onlar bir daha ölüm və qocalıq görməsinlər. Bu, iman sahibi olan bütün qa­dınlara, onlar yer aləmi­ni tərk etdikləri zaman olduqları yaşdan ası­lı olmayaraq və həmçinin Cənnət qızları olan – hurilərə şamil edi­ləcəkdir. Onların hamısı, ərləri ilə yaxınlığa baxmayaraq, ba­ki­rə­liklərini itirməyəcəklər.
Cənnət sakinlərinin zövcələri öz ərləri ilə eyni yaşda olac­aq­lar və həmişə onları sevəcəklər. Onlar valehedici və gözəl olacaq, sə­da­qət­li və məhəbbətlə dolu olacaqlar. Onların heyranedici nitqi ağıl­la­rı heyrətə sala­caq. Onların məlahətli nitqini, əfsunlayıcı nəğ­mə­sini, mehriban və füsunkar səsini eşidən hər kəs, onların heç vaxt sus­masını istəməyəcək. Onların xeyirxah əxlaqı, qadın zə­rif­li­yi, şəf­qə­ti və mehribanlığı onların ərlərinin ürəyini xoşbəxtlik və se­vinclə dol­duracaqdır. Onlar Cənnət bağ­larında gəzməyə çıx­dıq­da isə, ora­la­rı ətir və təravətlə, nurla doldu­racaqlar. Əlbəttə ki, on­lar intim ya­xın­lıq zamanı olduqca hissiyyatlı və təkraredilməz ola­caq­lar.
Cənnətdə bütün kişilər otuz üç yaşında olacaqlar. Bu, in­sa­nın ən gö­zəl yaşı – bütün qüvvələrinin tam çiçəkləndiyi dövrüdür. On­ların zöv­cələri öz ərləri ilə eyni yaşda olacaqlar və onlarla sevgi və razılıq hissi ilə ya­şa­ya­caqlar. Onlar öz ərindən razı qalacaq, on­lar da zövcə­lərindən razı qalacaq­lar. Onlar bir-birilərinə nə na­ra­hat­lıq, nə də qəm-qüssə gətirməyəcəklər. Əksinə əgər Cənnətdə ər-arvad qəlblərin sevi­nci və göz oxşayan sevincin özüdürsə, bu baş­qa cür ola da bilməz!
ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ

(56. 38) “Bu – sağ tərəfdəkilər üçündür».
(56. 39) “Onların çoxu – əvvəlkilərdən”,
(56. 40) “bir çoxu da – sonunculardandır”.
Bütün bunlar sağ tərəfə düşənlər üçün hazırlanmışdır. On­la­­rın ara­sında çoxu müsəlmanların ilk nəsillərindən və xeyli his­sə­si də son­rakı nə­sil­lərindən olan möminlərdir.

ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ
(56. 41) “Sol tərəfə düşənlər də olacaqdır. Sol tərəfə düşən­lər kim olacaqdır?”

Bu qatı günahkarlar Cəhənnəm Odunun sakinləri olacaqlar. So­n­ra Fövqəluca Allah onların əməllərinə görə layiq olduqları cə­za­dan xə­bər ve­rir.
ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ

(56. 42) “Yandırıcı küləyə və qaynar suya düşənlər”,
(56. 43) “qara tüstüdəkilər”,

Odlu qasırğa – Cəhənnəmin yandırıcı küləyidir və o, gü­nah­kar­la­rı boğur və onlara ağlasığmaz əzablar verir; qaynar su isə, hədsiz dərəcədə bərk isti olan sudur və o, əzabkeşlərin ba­ğır­saq­larını və daxili orqanlarını parça-parça edir[6]. Onlar Cəhən­nə­min tüstülü odunda izti­rab çəkəcəklər.
ﯥ ﯦ ﯧ ﯨ ﯩ
(56. 44) “o onlara nə sərinlik, nə də fayda verməyəcək”.

Orada nə sərin əsən külək var, nə də gözəl mənzərələr. Nə­zə­rə al­saq ki, bir şeyin inkarı, başqa bir zidd olan şeyin təsdiqidir, on­da bu sözlər onu göstərir ki, Cəhənnəmdə qəm-qüssədən, yan­dırıcı bür­küdən və pisliklər­dən başqa bir şey yoxdur. Sonra Al­lah günah­kar­ları Cəhən­nəm Oduna gətirən cinayətləri yada sa­lır və belə bu­yu­rur:

ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ
(56. 45) “Həqiqətən, onlar əvvəllər zənginlikdən zövq alır­dı­­lar”,
(56. 46) “böyük günah işlətməkdə inad göstərirdilər”
(56. 47) “və deyirdilər: “Doğrudanmı ölüb torpağa və sür-sü­mü­­yə çevrildikdən sonra biz dirildiləcəyik”
(56. 48) “və ya əvvəlki ata-babalarımız?”

Dünya həyatı onları azdırıb, özünə məftun etdi və onların ye­­ga­nə qayğısına çevrildi: onun xatirinə çalışıb-işləyir və onun ne­mət­­­lə­rin­dən həzz alırdılar. Onların bu dünyaya bəslədikləri bö­yük ümid­­ləri, onları Axirət üçün xeyirxah işlərdən yayındırdı. Al­lah ka­fir­ləri məhz be­lə laqeyd­liyə görə qınayır. Onlar ağır gü­nah­lar edir­dilər, lakin buna təəssüflənmir və bunu tövbə etmirdilər, ək­si­nə gü­nah­larında da­vam edir və Rəbbi qə­zəb­ləndirirdilər. Nə­ticə­də isə on­lar çoxsaylı gü­nahları ilə, bağışlanmaya la­yiq ol­ma­dan, Onun hü­­zuruna gəldilər. On­lar öl­ümdən sonra həyatı inkar edir­di­lər və di­­rilməni qeyri-mümkün sayır­dılar və deyirdilər: “M­ə­gər bə­də­­ni çü­­rüdükdən, torpağa və sür-sü­mü­yə döndük­dən son­ra, insan di­rilə bi­lərmi?! Bu – sadəcə mümkün ol­ma­yan bir şey­dir».

ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ

(56. 49) “De: “Həqiqətən, həm əvvəlkilər, həm də sonra­kı­lar”
(56. 50) “təyin olunmuş bir yerdə məlum bir gündə top­lana­caq­lar».

Fövqəluca Peyğəmbərinə (ona Allahın salavatı və salamı ol­sun!) bu­yurur ki, cahillərə belə cavab versin: “Bütün məxluqlar Məh­­şər aya­ğında[7] toplaşacaqlar. Bu gün dünyanın sonu, maddi hə­­yatın sonu ola­caqdır və onda Allah hər insana onun ağır çə­tin­lik­lər və sınaqlar alə­mində törətdiyi əməllərə görə əvəz ve­rə­cək­dir».

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭡ ﭢ ﭣ ﭤ ﭥ
(56. 51) “Onda, ey yolunu azmışlar, yalançı adlandıranlar”,
(56. 52) “hökmən zəqqum ağacından yeyəcəksiniz”,
(56. 53) “sonra onunla qarınlarınızı dolduracaqsınız”
(56. 54) “və üstündən qaynar su içəcəksiniz”,
(56. 55) “susuzluqdan xilas ola bilməyən xəstə dəvələr ki­mi”.

Həmin gün doğru yoldan imtina edən və həlak yoluna ad­dım atıb, Elçini (ona Allahın salavatı və salamı olsun!), onun (s.ə.s.) gə­tir­­­diyi haq­qı inkar edən, Rəbbinin mükafatına və cə­za­sı­na iman gə­­tir­məyən fasiq­lər zəqqum ağacının meyvələrini müt­ləq dada­caq­lar. O, ən mürdar və ya­ra­­maz ağacdır və bu ağac çox pis iy verir və dəh­­şət­li gö­rünüşü var. Özlərinin təsəvvürolunmaz ac­lığı üzündən gü­­nah­karlar, onun murdar gö­rünüşünə bax­ma­ya­raq, qarınlarını zəq­qu­mun meyvə­ləri ilə doldura­caqlar. Lakin Cə­hən­nəm mey­və­sin­dən on­la­rın qara ci­yə­ri yanacaq və ürəkləri par­ça­lanacaq. Əzabkeşlər ac­lıq­la­rı­nı belə təam­larla təmin etməyə çalı­şa­­caq­lar, lakin bu təamlar on­­ların nə çəkisini ar­tıracaq, nə də on­la­rı aclıqdan xilas etm­ə­yə­cək­dir.
Odlu Cəhənnəmdə içməli suya gəldikdə isə, bu – çirkin içki ola­caq­dır ki, əzabkeşlər Cəhənnəm meyvələrinin üstündən həmin çirkab sudan içəcəklər. Bu su – qaynar su olacaqdır və fasiqlərin qarnında da qaynayıb-co­şacaqdır, lakin buna baxmayaraq, onlar onu, taqətdən düş­müş xəstə dəvələr kimi, acgözlüklə içəcəklər.
ﭪ ﭫ ﭬ ﭭ ﭮ
(56. 56) “Əvəz Günü onların ziyafəti belə olacaqdır».

Bu “yemək” və “içmək” Qiyamət günü kafirlərə veriləcək “zi­­­­­ya­­fət” ola­caqdır. Onlar özləri bu “qonaqlığı” özləri üçün ha­zır­la­­­mış­lar və onu Allahın Öz qullarına verəcəyi bol-bol hə­diy­yə­lər­dən üs­tün tut­muş­­lar.
Fövqəluca buyurur: “Həqiqətən, iman gətirib, xeyirxah iş­lər gö­­rən­lərin məskəni Firdövs Cənnəti olacaqdır. Onlar orada əbə­di qa­la­caqlar və özləri üçün heç bir dəyişiklik olmasını is­tə­mə­yə­cək­­lər” (Kəhf, 18/107-108).
Sonra Allah ölümdən sonra dirilmənin doğruluğunu təsdiq edən məntiqi bir dəlil gətirir və buyurur:
ﭯ ﭰ ﭱ ﭲ ﭳ
(56. 57) “Sizi Biz xəlq etmişik. Hələ də təsdiq etməyəcək­siniz?”

Siz mövcud deyildiniz, lakin Biz sizi xəlq etdik və bu Bizim üçün heç də çətinlik yaratmadı. Məgər sizi heçlikdən yaratmağı Ba­caran Allah, sizi öldükdən sonra dirildə bilməzmi? Həqiqətən, O (Pak və Müqəddəs), – föv­qəl­qüdrətli və fövqəlgüclüdür. Niyə siz, daha böyük və qeyri-adi yaradı­lı­şın şahidləri olduğunuz hal­da, dirildilməyə inan­mır­sınız?

ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ
(56. 58) “Axıtdığınız nütfəni görmürsünüzmü?”
(56. 59) “Onu siz xəlq edirsiniz, ya Biz xəlq edirik?”
(56. 60) “Aranızda ölümü Biz təqdir etmişik və heç nə Bizə ma­­ne ola bilməz ki,”
(56. 61) “sizi oxşarlarınızla əvəz edək və sizi təsəvvür edə bil­­mə­­diyiniz simada yaradaq”.

Siz heç düşünmüsünüzmü ki, toxumun kiçicik bir dam­la­sın­dan dünyaya necə gəlmisiniz? Məgər bu toxumu və ondan in­ki­şaf edən in­sanı sizmi yaratmısınız? Yaxud onu Fövqəluca Allah xəlq etmişdir?! O (Pak və Müqəddəs), qadında və kişidə qarşılıqlı hə­vəs yaratmış və on­lara birgə ya­şa­yış tərzini öyrətmişdir. O (Pak və Müqəddəs), ər-ar­vada bir-birinə mə­həb­bət aşılamış və onların ara­sında nəsli davam et­dir­məyə yönəldilmiş meh­ribancasına dost­luq və qarşılıqlı razılıq mü­nasi­bətləri yaratmışdır. Sizin dün­ya­ya gəlişiniz onu da sübut edir ki, siz öldükdən sonra da həyata qa­yıda bilərsiniz və buna görə Fövqəluca belə buyurur:

 ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ
(56. 62) “And olsun ki, siz ilk yaradılışdan xəbərdarsınız. Bəs niyə xatırlamırsınız?”

Niyə siz etiraf etmirsiniz ki, sizi artıq bir dəfə yaratmış Xa­liq, sizi ikinci dəfə də yarada bilər?

 ﮗ ﮘ ﮙ ﮚ
(56. 63) “Siz əkdiklərinizi görmüsünüzmü?”

Fövqəluca Öz lütüfkarlığını insanlara xatırladır və onları Özün­­dən başqa heç kimə ibadət etməməyə dəvət edir. Məhz O (Pak və Müqəddəs), insanlar üçün əkinçiliyi, taxılın və bəhərlərin ye­titşdiril­məsini asanlaşdır­mışdır. Bunun sayəsində onlar böyük fay­da və çoxsaylı ne­mət verən zəruri yeyinti məhsulları­nı əldə edir­lər. İnsanlar sadəcə ola­raq bu nemətləri say­mağa və həm də on­ların hamısına görə öz Xeyir­xahlarına minnətdarlıq etməyə qa­dir deyillər. Onların bunu heç vaxt un­utmamaları üçün, Allah on­la­ra Öz lütüfkarlığını xatırladır və bu­yu­rur:

ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ
(56. 64) “Sizmi onları bitirirsiniz, yoxsa Bizik bitiririk?”

Sizmi toxumları becərirsiniz, gövdələrini yuxarı ucal­dır­sı­nız? Siz­­mi sünbülləri və meyvələri yetişdirirsiniz? Yaxud bunların ha­mısı yal­nız Allahın hökmü altındadır və O (Pak və Müqəddəs), si­zə mər­həmət göstə­rə­rək, əkinlərinizi sizin üçün bitirib ye­tiş­di­rir? Siz təkcə ye­ri şumlayır və to­xum­ları əkirsiniz, qalan hər şey si­zin iştirakınız olma­dan baş ve­rir. Siz bundan artığına axı heç qabil də deyilsiniz.

 ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ
(56. 65) “Əgər Biz istəsək onu çör-çöpə çevirərik və onda siz tə­əc­­cüb­lənərsiniz:”
(56. 66) “Həqiqətən, biz ziyana düşdük”.
(56. 67) “Daha doğrusu, məhrum olduq”.

Allah qeyd edir ki, məhsullara müxtəlif bəlalar və bəd­bəxt­lik­lər dü­çar olur və əgər Allahın qayğısı olmasaydı, onlar məhv olar­dı. Lakin Fövqəluca onları məhv olmaqdan xilas edir ki, in­san­lar bolluq içində ya­şasınlar və onlar üçün ayrılmış müddət bitə­nə­dək, o nemətlərdən zövq alsınlar. Əgər O (Pak və Müqəddəs), is­tə­səy­di, yetişmiş sünbülləri çörçöpə elə çevirərdi ki, onları nə ye­mək, nə də xeyirli məqsədlər üçün is­tifadə etmək olardı. Onda siz baş verənlərə təəssüflənər və məhsulu çoxlu zəhmət və vəsait sərf et­dikdən sonra itirdiyinizə görə kədərlə­nərdiniz.
Siz məhrumiyyətinizin səbəbini mütləq dərk edərdiniz.
Fövqəluca Allaha şükür edin ki, O (Pak və Müqəddəs), sizi Öz ne­­mətlərindən məh­rum etmir, sizin əkin sahələrinizə və zəmilərinizə bəla göndərmir, əksinə, onları qayğıkeşliklə qoruyur, məhsullarınızın ye­tişməsinə imkan yaradır.

ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ
(56. 68) “Siz içdiyiniz suyu görürsünüzmü?”
(56. 69) “Onu yağış suyundan siz nazil edirsiniz və ya Biz na­zil edirik?”
(56. 70) “Əgər Biz istəsəydik, onu acı edərdik. Siz niyə na­şü­­­kür­­sünüz?”

Fövqəluca insanlara, yanğılarını söndürdükləri içməli su haq­qın­da dü­şünməyi təklif edir. Əgər O (Pak və Müqəddəs), is­tə­mə­­səydi, in­sanlar öz­ləri heç vaxt suyu içməli edə bilməzdilər. Əgər O (Pak və Müqəddəs), is­təməsəydi, buludlardan heç vaxt ya­rar­lı yağış suyu yağ­mazdı. Əgər O (Pak və Müqəddəs), is­tə­mə­səy­di, yer üzündə böyük və kiçik çaylar ax­maz­dı və yerin təkin­dən bu­laqlar fəvvarə vurmazdı. Əgər Onun mərhəməti ol­ma­say­dı, on­da insanların ləzzətlə qəbul etdiyi içməli su olmazdı, bütün su­lar duz­lu, acı, faydasız olardı. Yaxşı, bəs siz niyə bu böyük lütüf­kar­lı­ğı­na görə Fövqəluca Allaha şükür etmirsiniz?

 ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ

(56. 71) “Tütüşdürdüğünüz odu görürsünüzmü?”
(56. 72) “Sizmi onun üçün ağaclar yaradırsınız, ya Biz yaradı­rıq?”

Budur, Fövqəlucanın daha bir mərhəməti – onsuz Allahın məx­­­luq­­ları yer üzündə yaşaya bilməzdilər. Rəbb insanlara xa­tır­la­dır ki, on­­lar tez-tez oda möhtac olurlar və bu odu onlar ağacları alış­dır­maq­la əl­də edirlər. Axı insanlar özləri ağac yaratmağa qadir de­yillər. On­ları Föv­qəluca Allah xəlq edir, insanlar isə bu yaşıl ağac­lardan on­lara zə­ru­ri olan tonqal qala­yır­lar. İnsanlar bu min­val­la öz zəruri tə­lə­bat­larını tə­min edirlər və od onlara lazım ol­ma­dıq­da, onu sön­dü­rür­lər.

ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ
(56. 73) “Biz onu xatırlatma və səfərə çıxanların istifadəsi üçün et­dik».

Allah odu yaratmışdır ki, Rəbbin mərhəmətini və itaətsizlik gös­­tərən günahkarlar üçün hazırlanmış Cəhənnəm Odunu xa­tır­lat­sın.
Allah oddan insanlara yol göstərən ulduz[8] yaratdı ki, onlara mü­­­­barək Cənnət məkanı­nın istiqamətini gös­tər­sin.
Bundan başqa, od uzaq səfərə çıxan insanlara böyük fayda ve­­­rir[9], lakin Fövqəluca xüsusilə səfərə çıxanları qeyd edir, çünki on­­lar ha­mıdan daha çox oda və istiliyə möhtac olurlar. Ola da bil­sin ki, bunun səbəbi həm də ondadır ki, bütün yer həyatı – uzun-uzadı bir sə­fərdir və insanlar doğulduqları andan öz Rəb­bi­nə doğru yola çıxırlar. Odu isə Allah yaratmışdır ki, onlar ondan bu dünyada istifadə etsinlər və ona baxaraq, Axirət həyatı haq­qın­da düşünsünlər.
Beləliklə, Allah qullarına xatırladır ki, onlar çoxsaylı ne­mət­lə­­­rinə gö­rə Rəbbini tərifləməli, Ona həmd və ibadət etməlidirlər. Bu­­na görə sonra O (Pak və Müqəddəs), onlara Onu ucaltmalarını və şərəf­lən­dir­mələrini əmr edərək, belə buyurur:

ﯶ ﯷ ﯸ ﯹ ﯺ
(56. 74) “Fövqəlqüdrətli Rəbbinin adını şərəfləndir!”

Rəbbin Pakdır, adları və sifətləri kamildir, mərhəməti və xe­yir­­­xah­lığı hüdudsuzdur! Allaha qəlbinlə, sözünlə və bədəninlə həmd et, çünki O (Pak və Müqəddəs), buna layiqdir. Tək O (Pak və Müqəddəs), qullarının Ona şükür etmələrinə, xatırlamalarına, Onu rədd etməmə­lə­rinə, unutma­ma­larına, Ona qulaq asmalarına, ita­­ət­siz­lik göstərmə­mə­­lərinə layiqdir.

 ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ
(56. 75) “Yox! Ulduzların batdığı yerlərə and olsun!”

Fövqəluca ulduzlara və onların göyün qərb hissəsində bat­dıq­­ları yer­lə­rinə and içir. Məhz gecənin bu hissəsində əzəmətli ha­di­­sələr baş verir və onlar Allahın fövqəlqüdrətini və müşrikliyin qü­­surluluğunu təsdiq edir.
ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ
(56. 76) “Siz bunun necə böyük bir and olduğunu bilsəy­di­­­niz!”

Allah bu sözləri ilə bu andın xüsusi əhəmiyyətini vur­ğu­la­yır. O (Pak və Müqəddəs), onu böyük adlandırır, çünki ulduzların yer­­ləş­­mə­si, hərə­kəti və batması insanlara o qədər dəlil və nə­si­hət­lər ve­rir ki, onların hamı­sını sayıb qurtarmaq, sadəcə, mümkün de­­yildir.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ
(56. 77) “Həqiqətən, bu Mübarək Qurandır – ”
(56. 78) “Mühafizəolunan Kitabda saxlanır».

Fövqəluca bu həqiqəti təsdiq etmək üçün məhz yuxarıdakı bö­­yük andı içmişdir. Quran – bir Kitabdır ki, həqiqiliyinə və eti­bar­lı­lığına şüb­hə etmək mümkün deyil. Allah onu mübarək ad­lan­dırır, çünki o, in­sanlara çox böyük nemət gətirir və onların qar­şı­sında biliklərin say­sız-hesabsız xə­zi­nəsini açır. Hər bir xeyirli tə­şəb­büs və hər hansı fay­dalı bilik başlanğıcını məhz bu ilahi vəhy­dən götürür. O xəzinə göy­lərdə mühafizə olunur və Müh­afi­zə­olu­nan səhifələrdə yazılmışdır və bütün məxluqların nəzərlə­rin­dən qo­runur. Bu, Quranın əzəmətinin, Allah­ın və göylərin sakinlərinin ona münasibətinin dəlilidir.
Digər bir şərhə görə, Mübarək Quran mələklərin kitab­la­rın­da ya­zıl­mışdır və Fövqəluca Öz Vəhyini yerdəki insanlara çatdır­ma­ğı onlara hə­va­lə etmişdir. Mələklər bu kitabları saxlayırlar və on­ları şeytan­lar­dan qoru­yurlar. Şeytanlar Kəramətli Quranı təhrif et­məyə qadir de­yil­lər və ona uy­durmalar əlavə edə və ya onun hə­qiqətinin bir hissəsini oğurlaya bil­məzlər.
ﭙ ﭚ ﭛ ﭜ ﭝ
(56. 79) “Ona yalnız pak olanlar toxunar”.

Sonuncu Mübarək Kitaba yalnız Allahın pak etdiyi, nöqsan, qü­­­sur və itaətsizlikdən xilas etdiyi alicənab mələklər toxunurlar. Şər ruh­lar və şeytanlar Quran səhifələrinə toxunmaq iqtidarında de­­yillər. Bu isə o deməkdir ki, insanlar da ona yalnız təmiz­lən­dik­dən sonra to­xun­malıdırlar.
ﭞ ﭟ ﭠ ﭡ ﭢ
(56. 80) “Onu aləmlərin Rəbbi nazil etmişdir”.

Fövqəlucanın yer üzünə nazil etdiyi bu Kitaba ən gözəl key­fiy­­yət­lər və ən şərəfli adlar məxsusdur, çünki O (Pak və Mü­qəd­dəs), da­ima Öz qul­larının maddi əmin-amanlığı və mənəvi din­dar­lığı haq­qın­da qayğı çəkir. Mübarək Quran məhz bu məqsədə xid­mət edir. Onda hər iki aləmdə xoş­bəxtliyə aparan yol təsvir olun­muşdur. Bu – Allahın göstərdiyi mərhə­mət­dir ki, Onun qul­la­rı heç vaxt ona görə öz Rəbbinə tam minnətdarlıq bildirə bil­məz­lər. Bütün bunlar onların Quranı öy­rən­məsini, onun hökümlə­rini ye­ri­nə yetirməsini və onu insanlar arasın­da təbliğ etməsini zə­ru­ri­ləş­dirir. Buna görə Fövqəluca buyurur:

ﭣ ﭤ ﭥ ﭦ ﭧ
(56. 81) “Doğrudanmı siz bu hekayətə inanmırsınız”

Doğrudanmı siz acı dillərdən və qınaqlardan ehtiyat edə­rək, Quran haqqında xəbəri gizlədəcəksiniz? İnsanlara bu böyük Ki­taba və hikmətli Zikrə bu tərzdə yanaşmaq yaraşmaz. İnsan eti­qad etmədiyi və əmin olmadığı söz və baxışlardan utana, çəkinə bi­lər, Kəramətli Quran – Haqdır. Hər kəs bu Kitaba qalib gəlmək is­tə­sə, özü məğlub olar. Hər kəs ki, onu özünə rəhbər götürsə, hə­mi­şə yüksəkdə olacaq. Buna görə insanlar ona xəyanət etməməli, onu gizlətməməlidirlər. Əksinə, onu ətrafdakıların ara­sında ha­mı­lıq­la təbliğ etməlidirlər.
ﭨ ﭩ ﭪ ﭫ ﭬ
(56. 82) “və nəsibinizi yalan sayırsınız?”

Siz Allahın nemətlərindən istifadə edirsiniz, lakin min­nət­dar­­lıq əvə­zinə, Ona küfürünüz və naşükürlüyünüzlə cavab ve­rir­si­­n­iz. Allah sizə yağış verir, siz isə deyirsiniz: “Yağış filan ulduza gö­­rə yağdı”. Siz maddi ne­mətləri, əslində, sizin xeyirxahınız və hi­­mayədarınız olma­yan­lara aid edir­si­niz. Bəs siz niyə sizə əta et­di­­­yi bolluğa görə Allaha şükür etmirsiniz ki, O (Pak və Müqəd­dəs), mükafatınızı daha da artırsın? Niyə siz küfürə və na­şü­kür­lü­yə üstünlük verirsiniz? Axı küfür və naşükürlük sizi Allahın mər­hə­­mətindən məhrum edir və sizi müdhiş cəzaya məruz qoyur?
ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ
(56. 83) “Boğaza dirəndiyi andan”
(56. 84) “sonra siz ona baxırsınız”.
(56. 85) “Biz ona sizdən daha yaxınıq, lakin siz görmür­sü­nüz».

Biz can verənin vəziyyətindən sizdən yaxşı xəbərdarıq, Bi­zim mə­­­ləklərimiz onun bilavasitə yaxınlığındadırlar, lakin siz on­la­rı gör­mür­sü­nüz.
ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ

(56. 86) “Niyə siz, əgər doğrudan da əvəz almaya­caq­sı­nız­sa”,
(56. 87) “onu qaytarmırsınız, əgər doğru danışırsınızsa?”

Əgər sizin zənniniz doğrudursa və heç bir dirilmə, hesabat və əvəz mövcud deyilsə, onda ölənin ruhunu ona qaytarın. Lakin siz çox gözəl bi­lirsiniz ki, bunu etməyə gücünüz çatmaz. Buna gö­rə də, siz ya Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və sa­la­mı olsun!) sizə bildir­dik­lərinə iman gə­­tirməlisiniz, ya da onu (s.ə.s.) in­kar edərək, özünüzü ən pis qismətə ha­zır­lamalısınız.
Sonra Fövqəluca Allah Axirət həyatında üç dəstəyə ay­rı­la­caq in­sanlar üçün hazırlanmış qisməti xatırladır ki, onların barə­sin­­də bu su­rə­nin əvvəlində bəhs edilmişdi. Bunlar – yaxın saleh mö­­minlər[10], mö­minlər və azmış ka­fir­lərdir. Ölümqabağı an gəl­dik­­də, hər kəs bu dün­yada öz əməlləri ilə özü üçün qabaqcadan ha­­zır­ladığını alacaqdır.

ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ
(56. 88) “Əgər o, yaxınlardan biri olarsa”,
(56. 89) “onda rahatlıq, qismət və Səadət bağını tapar”.

Əgər ölməkdə olan Allaha yaxınlaşmağa can atmışsa, dinin fərz və könüllü ehkamlarını yerinə yetirmişsə, haram və arzu­olun­­­­maz əm­əl­lərdən çəkinmişsə və dinin bəyənmədiyində, lakin qa­­­dağan da etmə­diyində həd­di aşmamışsa, onda ona rahatlıq, ətir­­li və bərəkətli bağ ha­zırlanmışdır. Rahatlıq, əmin-amanlıq, se­vinc, şadyanalıq mənəvi məm­nunluqdur. Ətir­li adı altında gözəl ye­­­məklər və içkilər və sair mad­di ləzzətlər nəzərdə tu­tulur. Belə bir rəy də var ki, söhbət bila­vasitə ət­riy­yatdan gedir və belə ol­du­ğu halda, bu xüsusinin vasitəsi ilə ümuminin nümunə gös­tə­ril­mə­sinə işarədir.
Bərəkətli bağa gəldikdə isə, o, Cənnət nemətlərinin hər iki­si­ni özün­də birləşdirir. Onda baxışların görmədiyi, qulaqların eşit­mə­­diyi və insanın xəyalından belə keçirmədiyi şeylər toplan­mış­dır. Bütün bu ne­mət­lər haqqında müjdəni Allaha yaxın olan mö­min­­lər bu dünya ilə vidalaş­dıq­ları anda eşidib, böyük se­vinc və şadlıq hissindən vəc­də gələrək, on­ların ruhları göyə uç­ma­ğa hazır olacaqlar.
Fövqəluca buyurur: “Həqiqətən, Allahın dostları qorxu bil­­mə­yə­­cək və kədərlənməyəcəklər. Onlar iman gətirmiş və təq­va­­lı idilər. On­lara bu dünyada da, Axirət həyatında da müjdə var­­dır...” (Yunus, 10/62-64). Möminlər bu dünya ilə vidalaşdıqları an­da eşidəcəkləri müj­də, bu ayədə xatırlanan müjdələrdən bi­rin­ci­si­dir.
Onun haqqında növbəti vəhydə belə deyilir: “Həqiqətən, “Rəb­­bi­­miz – Allahdır” deyənlərə və sonra səbirli olanlara mə­lək­lər nazil olur: “Qorxmayın və kədərlənməyin, sevinin sizə vəd edilən Cən­nə­tə! Biz sizin həm bu dünyada, həm də Axirətdə kö­məkçilərinizik. Si­zə orada ürəyiniz istəyən hər şey ha­zır­lan­mışdır! Sizə orada xahiş edə­cəyiniz hər şey hazırlanmışdır! Bu, Ba­ğışlayan və Rəhimlidən zi­ya­fətdir!” (Fussilət, 41/30-32).

ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ

(56. 90) “Əgər o, sağ tərəfdəkilərdəndirsə”,
(56. 91) “Ona: “Sənə sağ tərəfdə olanlardan salam olsun!” – de­­yir­lər».[11]

Əgər can verən dinin fərz ehkamlarını yerinə yetirənlərdən və gü­­­nah işlətməkdən çəkinənlərdən olarsa, lakin bəzi hallarda, ima­­nını və töv­hidə bağlılığını pozmayan nöqsanlara yol verərsə, on­­da ona de­yilər: “Sənə salam olsun! Sən bədbəxtliklərdən, əzab­dan və cəzadan xi­las edil­mi­sən, çünki sağ tərəfdə olanların ara­sı­na düşmüsən».
Bu sözlərin digər tərcüməsi belə səslənir: “Sağ tərəfdə olan­lar­­dan sənə salam olsun!”[12] Səni sənin qardaşların salamlayırlar. Onlar da səninlə birgə sağ tərəfə düşüblər. Bu gün sən onlara birləşəcək və onlarla gö­rüşəcəksən.

 ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ
(56. 92) “Əgər o, yalançı sayanlardan[13] və azmış­lar­dan­dır­sa”,
(56. 93) “ziyafəti qaynar su olacaq”
(56. 94) “və Cəhənnəmdə yanacaqdır”.

Əgər can verən yolunu azmış, haqqı inkar edən və doğru yol­­dan imtina edən olarsa, onda onun ziyafəti qaynar su və Cə­hən­nəm odu olacaqdır. Həmin gün o öz Rəbbi hüzurunda da­ya­na­cağı zaman, onu Cəhənnəm Alovuna atacaqlar və o, onun bə­də­ni­ni udacaq və ürəyinədək işləyəcək. Belə günahkarlar haqqında Föv­qəluca buyurur: “Əgər onlar kömək üçün yalvarsalar, onda on­lara əridilmiş metala bənzər su ilə yardım edərlər ki, o da üzü yan­dırır. Mənfur içki və murdar məskən!” (Kəhf, 18/29).

ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ
(56. 95) “Bu, şəkk-şübhəsiz haqdır!”

Qulları onların yaxşı və pis əməllərinə görə gözləyən əvəz şüb­həsiz bir həqiqətdir. Bundan əlavə, bu həqiqət inandırıcı də­lil­lər­lə təsdiq edil­mişdir. O, mütləq gerçəkləşəcəkdir və bunun təs­diqi olaraq Allah qullarına çoxsaylı təkzibolunmaz dəlillər və mö­cü­zələr göstərir ki, onların sayəsində Allahın ağıllı və düşüncəli qul­ları bu həqiqətə, onu öz gözləri ilə görür­müşlər kimi, inanırlar. Bu böyük mərhəmətə və bol mükafata görə onlar fasiləsiz olaraq şü­kür və həmd edir, öz Rəbbini tərifləyirlər.

 ﯖ ﯗ ﯘ ﯙ ﯚ
(56. 96) “Fövqəluca Rəbbinin adını şərəfləndir!”

Sizin Böyük Rəbbiniz Pakdır! O (Pak və Müqəddəs), fa­siq­lə­rin və kafirlərin Onun haqqında dedikləri hər şeydən çox uzaqdır! Həmd olsun Ona – aləmlərin Rəbbinə, ən böyük, xeyirli və mü­ba­rək həmd!





[1] Tərcümənin rus mətnində: “Они будут возлежать друг против друга...” kimi getmişdir. Əs­lində, bu ifadə bir qədər anlaşılmaz və Cənnət şəraitinə uyğunsuz görünür. Təfsirin türk di­lin­dəki həmin parçada möminlərin taxtlarda üz-üzə və ya qarşı-qarşıya oturmasından bəhs edi­lir (“Tefsirus-Saadi”, c. 5, səh.113). Bunu Cənnət şəraitinə daha uyğun saymaq olar. Bundan baş­qa, “taxt” sözünün həm Azərbaycan dilində və həm də digər bir sıra dillərdə omonim məna­la­rı vardır, yəni, bu söz özü də çoxmənalıdır. Bir halda taxt-tac mənasında şahların, hökm­dar­la­rın hakimiyyət simvolu olan zinət və daş-qaşla bəzədilmiş və oturmaq üçün nəzərdə tutulmuş va­sitədir. Digər halda taxt yataq mənasında da işlədilir. Lakin tərcümə etdiyim ayələrdə və on­la­rın təfsirində, öncəki tərcüməçi taxtın ikinci göstərdiyim mənasına, əsasən, üstünlük ver­mək­də­dir. Halbuki bu surədə Allah möminlərinin şahanə qəbulundan və onlara çox yüksək ehtiram gös­tərilməsi əlaməti olaraq ləl-cəvahirətlə zinətləndirilmiş və oturacaq vasitəsi olan taxtlardan (ya­taq dəstgahından deyil) bəhs edir. Bu da onu göstərir ki, biz tərcüməmizdə yataq vasitəsini de­­yil, oturacaq vasitəsini nəzərdə tutmalıyıq. Yuxarıda qeyd etdiyim kimi, “Tefsirus-Saadi”də də həmin ayə və şərhlərdə oturmaqdan bəhs edilir. F.S.
[2] Yenə də rus dilindəki mətnin bu qisminə: будут лежать в самом удобном и ус­той­чивом положении, yəni, “rahat və sabit vəziyyətə uzanacaqlar». Halbuki, “rahatlıq” uzan­maqla bağlı olsa da, “sabitliyin” uzanmaqla bağlılığını təsəvvür etmək bir qədər çətindir. Bun­dan başqa, axı hökmdarlara məxsus taxt, yatmaq üçün nəzərdə tutulmurdu. Buna görə, “uzan­maq” sözünü “rahatlanmaq” kimi daha geniş mənalı sözlə əvəz etdim. Bütün bu, mən de­yər­dim ki, “ikinci dərəcəli əlavə izahlar”, sadəcə bu təfsiri başqa dillərdə də oxuyub, müqayisə et­mək istəyənlər üçündür. F.S.
[3] Bu o deməkdir ki, Mərhəmətli və Şəfqətli Allah Cənnətdə möminlər üçün elə bir möcüzəvi şə­rait yaradıb ki, onların ürəklərindən keçən hər bir şey ilahi qüdrətindən var olacaq və onlara ve­riləcəkdir. F.S.
[4]Mirvari - onurğasız yumşaqbədənli heyvanların – molyuskaların çanağında həmin çanağ ma­te­­ria­lından (kalsium-karbonatdan) yaranır. F.S.
[5] Sidr ağacı ərəb kirazı deyilən meyvə ağacıdır və dilimizdə “gilas” adlandırılır. F.S.
[6] Yenilməz Allahın Quranda Axirət haqqında açıqladığı qanunlara görə, Cənnətə və Cə­hən­nə­mə düşəcək insanlar orada əbədi qalacaqlar, yəni bir də heç vaxt ölmə­yə­cəklər. Bu baxımdan, Cə­hənnəm sakinlərinin keçirəcəkləri bütün əzab-əziyyətə bax­ma­yaraq, şərhdə qeyd olun­du­ğu kimi, hətta “daxili orqanları parça-parça” olsa da, onlar ölməyəcəklər, çünki bu əzabın əbədi ola­raq davam etməsi üçün, Allah insan­ların orqanlarının vaxtaşırı olaraq bərpasını öncədən tə­min edəcəkdir. F.S.
[7] Yəni, Qiyamət meydanında. F.S.
[8] Ərəbcədə "Şira" olaraq adlanan Sirius ulduzunun Nəcm Surəsinin 49-cu ayəsində keçməsi son dərəcə maraqlıdır. Çünki elm adamları ən parlaq ulduz olan Sirius ulduzunun bir cüt ulduz olduğunu kəşf etdilər. Bu səbəbdən Sirius ulduzu Sirius A və Sirius B olaraq ifadə edilən iki ulduzdan ibarət ulduz toplusudur.Sirius ulduz toplusu bir-birlərinə doğru sanki yay şəklində ox çəkər və hər 49,9 ildən bir yaxınlaşarlar. Bu elmi məlumat hal-hazırdada Harvard, Ottava və Leicester Universitetlərinin astronomiya bölmələrinin qəbul etdikləri elmi gerçəkdir.Ən parlaq ulduz olan Sirius əslində bir cüt ulduzdur... Dönmə periodu 49.9 ildir. Burada, diqqət yetirilməsi lazım olan nöqtə, iki ulduzun bir-birinin ətrafında fırlanarkən yay şəklində iki ədəd orbit çəkdikləridir” (Bax: Vikipediya.az. “Ulduz” məqaləsi). F.S.
[9] Əlbəttə ki, möhtərəm müəllifin bu ifadəsi yer üzündə hələ telekommunikasiyanın və digər elmi-texniki vasitələrin inkişaf etmədiyi əvvəlki zaman kəsiminə daha çox aid olsa da, indiki – XXI əsrin əvvəllərində də öz əhəmiyyətini saxlamaqdadır. F.S.
[10] Sıddıqlar, sədaqətlilər. F.S.
[11] Bu ayənin rus dilindəki tərcüməsində müəyyən özəlliklər olduğu üçün bunu izah etməyə eh­ti­­yac var. Belə ki, 91-ci ayədə rus mətnində belə verilib: “(91) то ему скажут: «Мир тебе! Ты являешься одним из тех, кто на правой стороне». Lakin mətnin ərəbcəsi belədir: فَسَلَامٌ لَكَ مِنْ اَصْحَابِ الْيَمٖينBuradan aydın görünür ki: “Sənə sağ tərəfdə olanlardan salam ol­sun!” ifadəsi daha doğrudur. Buna görə də, mən 91-ci ayənin tərcüməsini onun əslinə yaxın re­dak­tə etdim və rus mətnini dibnotda (burada) verməyi məqsədəuyğun saydım. Hörmətli oxu­cu­lar mətnləri müqayisəli şəkildə oxumuş olsalar, fərqi görərlər. F.S.
[12] Surənin 91-ci ayəsinin ərəbcədən rus dilinə tərcüməsinin 69-cu dibnotda verdiyim nümu­nə­si­ni eynilə saxlasaydım, bu növbəti izaha ehtiyac qalmazdı. Lakin ayənin şərhində rus tərcü­mə­çi­si­nin mətni çevirməsi də, qeyd etdiyim, ayəsinin tərcümə edilmiş mətninə uyğun olduğu üçün, ye­nə növbəti açıqlama vermək la­zım gəlir. İlk öncə, burada, görünür müəllifin ifadəsini olduğu ki­mi çevirən mü­tərcim həmin ayənin daha düz­gün çevirisini verir, lakin onu ayənin alternativ tər­cüməsi adlandırır. Ayənin şərhində gedən belə uy­uş­mazlıqlar müəyyən narahatçılıq tö­rət­sə ­də, mən ayənin redaktəsində hər hansı sərbəstliyə yol vermənin tərəfdarı ol­madığımı qəti bil­di­ri­rəm. Nöqsanları isə, mətndə deyil, dibnotlarda (səhifə altında) verməyi hər şeydən üstün sa­yı­ram. F.S.
[13] Burada “yalançı sayanlar” ifadəsi ilə pryğəmbərləri yalançı sayan kafirlər nəzərdə tutulur. F.S.

Комментариев нет:

Отправить комментарий