четверг, 3 мая 2012 г.

19. MƏRYƏM[1] SURƏSİNİN ŞƏRHİ


MƏRYƏM[1]
SURƏSİNİN
ŞƏRHİ
                      
                         Mərhəmətli və Rəhmli Allahın adı ilə!

                      

(19.1) “Kəf. Ha. Yə. Ayn. Sad”.
(19.2) “Bu sənin Rəbbinin qulu Zəkəriyyəyə göstərdiyi mərhəmətinin xatırlan- masıdır”.

Ey Muhəmməd! Biz sənə bir hekayət açıqlayacağıq və Zəkəriyyə peyğəmbər (ə), onun saleh əməlləri və şərəfli məziy­yətləri haqqında sənə müfəssəl rəvayət edə­cəyik. Həqiqətən, bu hekayət öyüd-nəsihətlərə qulaq asanlar üçün bir ibrət, haqqın ardınca getməyi arzulayanlar üçün isə mükəmməl dərsdir. Allahın Öz mömin qullarına mərhəmət göstərməsinə aid ayələr və onların belə yüksək məqamlara layiq görülmələri insanlarda Ona qarşı məhəbbət oyadır və onları Onu tez-tez xatırlamağa və bütün mümkün vasitələrlə Onu başa düşməyə can atmağa sövq edir. Fövqəluca Allah Zəkəriyyəni seçərək, ona peyğəmbərlik ver­məklə və Vəhy nazil etməklə onu şərəfləndirmişdir. Pak peyğəmbər (ə), digər elçilərin etdiyi kimi, öz vəzifəsini qüsursuz yerinə yetirməyə başlamışdı. O (ə) qulları Rəbbinin yoluna dəvət edirdi və onlara Onun öyrətdiklərini mənimsədirdi. O (ə), onlara həyatda və öldükdən sonra necə davranmaq haqqında faydalı məsləhətlər verir və Allahın digər elçilərinin, onların ardıcılları­nın izi ilə gedirdi. O (ə), artıq getdikcə zəiflədiyini gördükdə və ölümünün yaxınlaşdığını hiss etdikdə, qorxdu ki, insanları Rəbbin yoluna dəvət etmək və onlara düzgün nəsihətlər vermək üçün onun (ə) yerini tutan olmayacaq. Belə olduqda o (ə) bədəni­nin və ruhunun zəifləməsinə görə Rəbbinə şikayət etdi. O (ə) Allaha gizlicə müraciət edirdi ki, duası daha kamil, daha gözəl və daha səmimi olsun.

                                               

(19.3) “Budur, o, öz Rəbbinə gizlicə dua edib”,
(19.4) “dedi: “Ey Rəbbim! Həqiqətən də sümüklərim zəif­lə­­mişdir, başım isə artıq tamamilə ağarmışdır. Axı əvəllər Sənə etdiyim dualarımın sayəsində, ey Rəbbim, mən bədbəxt de­yildim”.

Sümüklər insan orqanizminin binövrəsidir, onlar zəiflə­dikdə, bütün bədən zəifləmiş olur. Zəkəriyyə peyğəmbərin (ə)  saç­la­rının ağarması isə onun (ə) zəifliyinin və qocalığının daha bir dəlili idi. Məhz saçın ağarması ölümün qasidi[2], onun xəbərçisi və sələfi idi. Pak peyğəmbər (ə) bunu xatırladaraq, öz zəifliyini və köməksizliyini nəzərə çatdırır ki, Fövqəluca Allah onun (ə) duasına tez cavab versin. Allah istəyir ki, insanlar öz zəifliklərini və gücsüzlüklərini etiraf edərək, Ona yaxınlaşmağa cəhd göstər­sinlər, çünki məhz belə etdikdə, onlar öz ümidlərini Onun qüd­rəti və yardımı ilə bağlayırlar.
Sonra saleh peyğəmbər (ə) etiraf edir ki, əvvəllər Rəbbi onu (ə) mərhəmətindən ümidini kəsməyə qoymur və arzuladıqla­rın­dan məhrum etmirdi. Əksinə, O həmişə onun (ə) ehtiyaclarından yaxşı xəbərdar idi, onun (ə) dualarına cavab verir və onu (ə) Öz qayğısı ilə himayə edirdi. O (ə) da qərara almışdı ki, Onun əvvəllər ona (ə) göstərdiyi mərhəməti vasitəslə Ona yaxınlaşsın və xahiş edir ki, özünün (ə) bu duasına cavab versin və xatırladır ki, əvvəllər O, onun (ə) dualarına həmişə cavab verərdi. O (ə) öz Xeyirxahına yalvarır ki, bundan sonra da ona (ə) Öz mərhəmətini əsirgəməsin.

                                      ﭿ  ﮀﮁ       

(19.5) “Mən özümdən sonra qohumlarımın laqeydliyin­dən qorxuram, çünki zövcəm qısırdır. Öz dərgahından mənə bir vərəsə bəxş et ki,
(19.6) “mənə və Yaqub ailəsinə varis olsun. Ey Rəbbim, onu Özündən razı et!”

Mən ehtiyat edirəm ki, mənim ölümümdən sonra İsrail oğullarını idarə edən hökmdarlar Sənin dininin öyüd-nəsihətlə­rini layiqincə yerinə yetirməsinlər və Sənin qullarını doğru yola çağırmasınlar.
Bu ayənin aydın mənasından görünür ki, Zəkəriyyə peyğəmbər (ə) öz xalqı arasından təqlid edilməyə layiq ruhani nəsihətçi və nümunəvi bir insan olmadığını görürdü. Bu, saleh peyğəmbərin (ə) rəhmdilliyi və səmimiyyətinə dəlalət etməkdə­dir. O (ə) Allahdan xahiş edir ki, ona (ə) bir övlad nəsib etsin. Lakin bu zaman o (ə), başqa insanların kimi, heç də dünyəvi məqsədlər güdmürdü. Onu (ə) buna sövq edən – Allahın dininə fayda gətirməyə can atması, dini unudulmaqdan qorumaq niy­yəti idi, çünki o (ə) görürdü ki, xalqı arasında bu işə yarayan bir adam yox idi.
Əməlisaleh peyğəmbərin (ə) ailəsi ən mömin və ən dindar ailə kimi məşhur idi. Bu ailə peyğəmbərliyin xəzinəsi və xeyir­xahlıq mənbəyi olmuşdu. Məhz buna görə Zəkəriyyə Allahdan xahiş etmişdi ki, onun (ə) özünə övlad qismət etsin ki, onun (ə) nəsli ölümündən sonra dinin hökmlərinə riayət etmək haqqında qayğı çəkə bilsin. Lakin onun (ə) zövcəsinin övladı heç olmurdu və buna görə o (ə), Allaha övrətinin qısır olmasından şikayət etmişdi. O (ə) özü də elə bir ahıl yaşında idi ki, bu zaman kişilər çox nadir hallarda qadına meyl edirlər və uşaq törətməyə qabil olurlar. Buna baxmayaraq, o (ə) Allahdan xahiş edir ki, ona varis əta etsin və o da öz növbəsində peyğəmbərliyi, bilikləri və saleh əməllərə can atmanı ondan (ə) qəbul edə bilsin. O (ə) Allahdan oğul istəyirdi ki, o, atasına (ə) və Yaqubun bütün ailəsinə varis olsun. O (ə) həmçinin Allaha dua edirdi ki, övladını Onun mömin qulu və pak övliyası etsin və ona tək Allaha ibadətə məhəbbət aşılasın. Bir sözlə, peyğəmbər (ə) Allahdan xeyirxah və mömin oğul diləyirdi, o, öz atasının (ə) ölümündən sonra Allahın peyğəmbəri və İsrail oğullarının ağsaqqalına çevrilsin, Allahın lütfkarlığına və xalqının məhəbbətinə layiq olsun. Həqiqətən, bundan daha kamil keyfiyyətlərə malik oğul yoxdur və ola da bilməz. Əgər Allah Öz quluna mərhəmət göstərirsə, onda O, ona  ən gözəl əxlaqi keyfiyyətlərə və tərifəlayiq məziyyətlərə malik olan mömin oğul bəxş edir.

                              

(19.7) “Ey Zəkəriyyə! Həqiqətən, Biz səni adı Yəhya olan bir oğulla müjdələyirik. Biz əvvəllər bu adla heç kimi xəlq etməmişik”.

Rəbb Öz peyğəmbərinin (ə) dualarını qəbul edib, onlara cavab vermişdir. Fövqəluca Allah mələklərin dili ilə onu (ə) yaxın vaxtlarda Yəhya adlı oğlunun dünyaya gəlməsi ilə müjdələyir. Allah ona (ə), onun (ə) məqamına müvafiq gələn bir ad verir, çünki ərəb sözü olan “yəhya” “maddi həyatla yaşamaq” mənasını bildirir. Lakin Allah ona (ə) xüsusi bir mərhəmət göstərir ki, o (ə), gözəl mənəvi bir həyatla yaşasın. Onu vəhy ilə, biliklərlə və din ilə şərəfləndirir.
Allah əvvəllər heç kimi bu adla adlandırmamışdı. Təfsirlər­dən birinə uyğun olaraq bu Quran ifadəsi onu göstərir ki, əvvəllər Yəhya peyğəmbərin (ə) tayı-bərabəri olanlar yox imiş. Bələ olduğu halda, deməli, mələklər Zəkəriyyə peyğəmbərə (ə) gətirdikləri müjdədə onun (ə) oğlunun ən kamil və tərifəlayiq keyfiyyətlərə malik olacağını və özündən əvvəlkiləri üstünlüyü ilə ötəcəyini bildirmiş­dilər. Əgər bu şərhi düzgün saysaq, onda belə çıxır ki,  burada İbrahim (ə), Musa (ə)  və Nuh (ə) və digər peyğəmbərlər istisna edilməlidir, çünki onlar Yəhya peyğəmbər­dən (ə) öz xidmətlərinə görə üstün idilər.

                                   
(19.8) “O dedi: “Ey Rəbbim! Əgər zövcəm qısırdısa və mən də qocalıb əldən düşmüş bir yaşdayamsa, oğlum necə ola bilər?”

Zəkəriyyə peyğəmbər (ə) Allaha dua edib Ondan dilədiyi oğlunun yaxın vaxtda dünyaya gələcəyi haqqında müjdə aldıqda, buna olduqca təəccübləndi. Zövcəsinin və onun (ə) vəziyyəti onlara uşaq dünyaya gətirməyə imkan vermirdi. O (ə) Allaha dua edərkən bu barədə fikirləşmirdi, çünki onun qəlbi ruhani güc və oğlu olması ilə bağlı şiddətli arzu ilə doluydu. Lakin indi, onun duaları qəbul edildikdən sonra, o (ə) buna heyrətlənmişdi.

                                         

(19.9) “O dedi: “Hər şey belə də olacaq! Sənin Rəbbin buyurmuşdur: “Bu, Mənim üçün asandır, axı Mən öncə sənin özünü yaratmışam, halbuki sən ümumiyyətlə yox idin””.

Zəkəriyyə peyğəmbərin (ə) övladının olması doğrudan da qeyr-adi bir hadisə idi. O, Allahın məxluqlarının talelərini idarə etməsi qanunlarına ziddiyyət təşkil edirdi. Lakin Onun qüdrəti Ona bu qanunların əksinə olan hər hansı istədiyi varlığı yarat­mağa imkan verir. Buna görə Yəhyanı xəlq etməsi Allah üçün heç bir çətinlik təşkil etmirdi, həm də Allah əvvəlcə Zəkəriy­yənin (ə) özünü, o (ə), ümumiyyətlə mövcud olmadığı bir halda, yarat­mışdı.

           ﯖﯗ                                           

(19.10) “O dedi: “Ey Rəbbim! Mənə bir dəlil təyin et”. O buyurdu: “Tam sağlam olmağına baxmayaraq üç gecə insanlarla danışa bilməyəcəyin sənin dəlilin olacaqdır”.
(19.11) “O, mehrabdan çıxıb xalqının qarşısına gəldi və danışa bilmədiyi üçün onları işarə başa saldı ki, “Sübh çağı və gün batmazdan Allaha  həmd edin!”

Zəkəriyyə (ə) Allahdan möcüzə istəmişdi ki, ürəyi sakitlik tapsın və özünə yəqinlik hasil etsin. Bu isə qətiyyən o demək deyildir ki, o (ə) Allahın vədinə şübhə edirdi. Zəkəriyyənin (ə) sözləri İbrahim peyğəmbərin (ə) sözlərinə bənzəyirdi. Fövqəluca Allah o barədə belə buyurmuşdu: “Bax, İbrahim də belə de­mişdi: “Ey Rəbbim! Mənə ölüləri necə diriltdiyini göstər”. O buyurdu: “Məgər sən inanmırsan?” O dedi: “Əlbəttə inanıram! Lakin istəyirəm ki, ürəyim rahat olsun” (Bəqərə, 2/260). O (ə) bu barədə biliyini artırmaq üçün soruşmuşdu. O (ə) buna qəti əmin idi, amma dirildilməni öz gözləri ilə gördükdən sonra imanını daha da artırmaq istəyirdi. Buna görə Allah ona (ə) lütfkarlıq göstərərək, xahişini yerinə yetirdi.
Zəkəriyyə peyğəmbərə (ə) gəldikdə isə, Fövqəluca Allah ona belə buyurur: “Sənin dəlilin – üç gün insanlarla ancaq işarə ilə danışa bilməyin olacaqdır. Rəbbini çox zikr et və Ona gün batmamışdan və səhər çağı həmd et! (Ali-İmran, 3/41). Bu ayənin mənası müzakirə etdiyimiz ayənin mənasından fərqlənmir, çünki üç gün və üç gecə ifadələri ilə eyni zaman arası nəzərdə tutulur. Allah bununla Öz peyğəmbərinə (ə) gözəl bir möcüzə göstərir. O (Pak və Müqəddəs Allah), üç gün ərzində onu (ə) insanlarla da­nış­mağa qoymur, halbuki saleh peyğəmbər nə lal olmuşdu, nə də digər nitq qüsurlarına tutulmamışdı və tamamilə sağlamdı. Bu isə, Allahın qeyri-adi və qəribə şeylər yaratmaq hakimiyyətinə malik olmasının dəlili idi. Diqqət yetirilməsinə layiq olan o idi ki, Allah peyğəmbərinə (ə) insanlarla danışmağı qadağan etsə də, ona (ə) öz Rəbbini tərifləməklə ucaltmağa və Onu zikr etməyə icazə vermişdi. Əməlisaleh peyğəmbər (ə) bu dəlili aldıqdan sonra, tam əminlik əldə etdi. O (ə), müjdəyə görə çox sevindi, Allahın iradəsinə müti oldu və Ona həmd etməyə, ibadət etməyə və Onu şövq ilə yad etməyə başladı. O (ə) qərara gəldi ki, mehrabda tənhalığa çəkilib ibadət etsin və sonra insanların qarşısına çıxaraq, onlara işarə ilə Allahın şəninə tərif deməyi, Onu səhər-axşam şərəfləndirib ucaltmağı tapşırdı. O (ə), bunu ona görə belə etdi ki, Yəhyanın doğulacağı müjdəsi bütün xalq üçün sevinc və din üçün nemət idi.  
   ﭑﭒﭓﭔﭕ ﭖﭗ ﭘﭙ

(19.12) “Ey Yəhya! Kitabı möhkəm tut. Biz, üç yaşı tamam olmamış, ona hikmət əta etdik”,

Yuxarıdakı ayələrdən aydın olur ki, Yəhya dünyaya gəlir, böyüyür və gözəl tərbiyə alır. O (ə), insandan tələb olunanı dərk etmə yaşı həddinə çatdıqda, Fövqəluca Allah ona (ə) əmr edir ki, Kitabdan möhkəm yapışsın. Buna görə ondan (ə) tələb edilirdi ki, Kitabın olduğu kimi saxlanmasından, onun həqiqi mənasını dərk etməkdən, onun hökm və qadağalarına riayət etməkdən ötrü var qüvvəsini sərf etsin. Ancaq bu hökmlərə riayət etməklə Yəhya peyğəmbər (ə) Səmavi Kitabdan möhkəm yapışa bilərdi və o (ə) da Rəbbinin iradəsinə itaət etdi və Vəhyin qorunması və öyrənilmə­sinin qayğısını çəkməyə başladı. Allah bunun üçün ona (ə) ağıl və uzaqgörənlik verdi ki, insanlardan digər heç kim onlara sahib deyildi və buna görə O (Pak və Müqəddəs Olan) bəyan edir ki, ona, o (ə) hələ körpə yaşında olarkən hikmət bəxş etmişdir.

         ﭝﭞ     

(19.13) “həmçinin Öz şəfqətimizi və paklıq əta etdik. O, təqvalı idi”,

Allah ona (ə) öz vəzifələrinin öhdəsindən gəlmək, işlərini sahmana salmaq və saleh əməllər etmək üçün xoşxasiyyətlilik və rəhmdillik nəsib etdi. Bununla yanaşı O, onu (ə) qüsurlardan və günahlardan təmizlədi. O, onun (ə) qəlbini də, ağlını da pak etdi və bunun sayəsində Yəhya (ə) qüsurlu sifətlərdən və pis əxlaqdan xilas oldu və özünü gözəl və tərifəlayiq mənəvi keyfiyyətlərlə bəzədi. Buna görə Allah onu (ə) təqvalı insan adlandırmışdır. Bu o deməkdir ki, o (ə) dinin hökmlərini yerinə yetirmişdir və günah işlətməkdən çəkinmişdir. Təqvalı mömin olan hər kəs, mütləq Allahın dostlarının sıralarında olacaqdır. Məhz belə insanlar  təqvalı qullar üçün hazırlanmış Cənnətə  düşəcəklər. Onlar həm bu dünya həyatında, həm də öldükdən sonra Allahın mükafatını alacaqlar ki, bu, təqvalılığa görə mükafat olacaqdır.

               

(19.14) “valideynlərinə ehtiram göstərəndi, təkəbbürlü və üsyankar deyildi”.

O (ə) valideynlərinə hörmət bəsləyir və onların əmrinə itaətsizlik göstərmirdi. Əksinə, o (ə) onlara həm sözlə və həm də əməli ilə xeyirxahlıq edirdi. O (ə), Allaha ibadət etməkdən təkəb­bürlə boyun qaçıran və Onun qullarına və öz ata-anasına təşəx­xüs satan lovğaların və itaətsizlik göstərənlərin sırasında deyildi.
Bütün bunlar onu bildirir ki, o (ə), Allah qarşısında və Onun məxluqları qarşısında öz vəzifələrini qüsursuz yerinə yeti­rirdi. Bunun sayəsində isə Allah onu (ə) həm yaxın həyatda, həm də ölümdən sonra əmin-amanlıqla təmin etmişdi. Bax elə buna görə sonra Fövqəluca Allah buyurur:

                    

(19.15) “Onun doğulduğu gün də, öldüyü gün də və yeni­dən diriləcəyi gün də ona salam olsun!”

Yəhya (ə) anadan olduğu andan ta ki, Qiyamət gününün başlanğıcına qədər şeytandan mühafizə edilmişdi. Bu həm də o deməkdir ki, o (ə), alov püskürən Cəhənnəmdən və onun dəhşət­lərindən xilas olmağı bacaracaqdır və o (ə), sülh və əmin-amanlıq Məskəninə düşənlərin arasında olacaqdır. Ona, onun valideynlə­rinə və Allahın bütün digər elçilərinə Allahın salavatı və salamı olsun! Ey Allah, bizi onların sadiq davamçılarından biri et, çünki Sən – Səxavətli və Comərdsən!
Tarixçələri Allahın ecazkar möcüzələrindən biri olan Zəkəriy­yə və Yəhya peyğəmbərləri (onlara Allahın salamı olsun!) xatırladıqdan sonra, Allah daha qeyri-adi bir əhvalatdan xəbər verir. Beləliklə, daha az qəribə olandan başlayıb, Allah daha çox ecazkar olan bir rəvayətə keçir.

                              ﭿ                          
          
            (19.16) “Kitabda Məryəmi da yadına sal. Budur, o, öz ailəsindən çıxıb şərqə tərəf getdi”
(19.17) “və onlardan pərdə arxasında daldalandı. Biz isə Öz Ruhumuzu onun yanına göndərdik və o, onun qarşısında gözəl bir insan simasında peyda oldu”.

Quranda Məryəmdən (Allah ondan razı olsun!) bəhs edil­məsi onun şərəfli məziyyət­lərindəndir, çünki bu – mömin müsəlman­ların Şərqdə və Qərbdə oxuduqları Əzəmətli bir Kitab­dır. Bu Kitabda Məryəm (A.o.r.) ən gözəl sözlərə və tərifə layiq görülmüşdür ki, onlar onun (A.o.r.) gözəl əməlləri və kamil niyyət­lərinin əvəzi olmuşdur.
Ey Muhəmməd! Məryəmin öz ailəsindən ayrılıb şərq istiqamə­tində uzaqlaşdığını yadına sal. O (A.o.r.), gözdən itənə­dək  o qədər uzaqlaşdı ki, Rəbbinə tənhalıqda ibadət edə bilsin. O (A.o.r.) istəyirdi ki, özünü Ona büsbütün səmimi ibadətə həsr etsin və Onun qarşısında müti və itaətkar olsun. Bununla o (A.o.r.), mələklərin ona bildirdikləri Fövqəluca Allahın iradəsini yerinə yetirməyi qəlbən arzula­yırdı: “Ey Məryəm! Həqiqətən, Allah səni seçmiş, təmizləmiş və aləmlərin qadınları üzərində ucaltmışdır. Ey Məryəm! Rəbinin qarşısında itaətkar ol, səcdəyə qapıl və sən də rüku edənlərlə rükuya get!” (Ali-İmran, 3/42-43).
Həmin anda Allah onun (A.o.r.) yanına mələk Cəbraili (ə) göndərdi. O (ə) Məryəmin (A.o.r.) qarşısında gözəl zahiri görünüşə malik, uca qamətli və qüsurlardan xali bir cavan kişi simasında peyda oldu. O (ə) kişi görkəmində ona görə zühur etmişdi ki, Məryəm (A.o.r.) ona (ə) baxa bilsin. Əks təqdirdə, o həqiqi sima­sında gəlsəydi, Məryəm ona (ə) baxa bilməzdi. Buna görə, Məryəm (A.o.r.) onu (ə) gördükdə, qorxuya düşdü, çünki o, ailəsindən və digər insanlardan çox uzaqda idi. Onun (A.o.r.) əzizləri və sevdiyi insanlardan heç kim yanında yox idi. Məhz buna görə Məryəm (A.o.r.) yad kişinin ona pislik edə və namu­suna toxuna biləcəyin­dən qorxmuşdu. Belə olduqda o (A.o.r.), Rəbbinin himayəsinə sığınmaq və Onun onu (A.o.r.) müdafiə etməsini diləmək qərarına gəlmişdi.

                             

(19.18) “O dedi: “Mən səndən Mərhəmətliyə sığınıram ki, O məni səndən qorusun, əgər həqiqətən təqvalısansa”.

Mən Allaha yalvarıram ki, mənə rəhm etsin və məni sənin toxundura biləcəyin şərdən qorusun. Sən də, əgər Allahdan qor­xur­sansa və Onun hökmlərini yerinə yetirirsənsə, mənə heç bir pislik etməzsən. Məndən uzaq ol!
O (A.o.r.) bu sözləri söyləməklə yanaşı eyni zamanda Allah­dan qorunmasını rica etdi, naməlum şəxsə Allahın sərt cəza verəcəyini xatırlatdı və ondan (ə) təqvalılığa riayət etməsini tələb etdi. Məryəm gənc bir qız idi və ətrafda isə bu gözəl və ona heç bir kobud söz deməyən və pislik etməyə cəhd göstərməyən qə­şəng qəddi-qamətli kişidən başqa kimsə yox idi. Hətta belə bir şəraitdə də o (A.o.r.) Allahdan qorxurdu və onun bu halı kamil əxlaq sahibi olmasına, şərdən və ona aparan yollardan uzaq ol­ma­ğa can atma­sına dəlalət edirdi. Belə bir ismət sahibi olmaq ən gözəl əməllərdən biridir, çünki o, günah törətmək üçün ən əlve­rişli şərait olduğu və heç kimin buna mane olmayacağı hallarda özünü büruzə verir.
Bax elə buna görə Allah buyurur: “Namusunu möhkəm qoruyan İmran qızı Məryəmi də (xatırla). Biz ona ruhumuzdan üfürdük. O öz Rəbbinin Sözünə və Onun Kitablarına iman gətirmişdi və itaətkarlardandı” (Təhrim, 66/12);
“İsmətini qoruyanı o qızı da yad et!  Biz Öz ruhumuzdan ona üfürdük, onu və oğlunu aləmlərə dəlil etdik” (Ənbiya, 21/91). Fövqəluca Allah məsumluğu və ləyaqətinə görə Məryəmə (ona salam olsun!) Allahın möcüzələrindən və Onun elçilərindən biri olan oğul bəxş etdi.

  ﮓﮔﮕﮖ ﮗﮘﮙﮚﮛﮜ                         

(19.19) “O dedi: “Həqiqətən, məni Rəbbin göndərmişdir ki, sənə pak bir oğul bəxş edim”. 
(19.20) “Məryəm dedi: “Mənə hələ heç bir kişi toxunma­dığı və mən gəzəyən də olmadığım halda oğlum necə ola bilər?”

Cəbrail (ə) qızı bürüyən qorxunu gördükdə, ona (ə) həvalə olunmuş vəzifəsini anlatmağa başladı. O (ə) gəlmişdir ki, Rəbbi­nin müjdəsini Məryəmə (ona salam olsun) çatdırsın və dünyaya tezliklə bir pak oğul gətirəcəyi haqqında ona müjdə versin. Bu müjdə onun oğlu olacağını və övladının hər hansı pis məziyyət­dən məhrum olacağını və ən gözəl keyfiyyətlər daşıyıcısı olacağını bildirirdi. Şübhəsiz ki, oğlunun dünyaya atasız gələcəyi qızı son dərəcə təəccübləndirmişdi. Uşaq kişinin iştirakı olmadan doğula bilməz?!
                  ﮯﮰ            ﯖﯗ       
 (19.21) “O dedi: “Bəli, elədir! Rəbbin buyurmuşdur: “Bu Mənim üçün asandır. Biz onu insanlar üçün möcüzə və Bizdən bir nemət edəcəyik. Bu, artıq qərara alınmış məsələdir!”

Bu ayə Fövqəluca Allahın qüdrətinin dəlilidir. Kainatın mövcudluğunu təmin edən Qanunlar müstəqilliyə malik deyil, çünki onlar baş verən hadisələrə öz təsirini Allahın qədərinə müvafiq olaraq göstərirlər. Allah Öz qullarına qeyri-adi hadisə­ləri və möcüzələri ona görə göstərir ki, onlar ancaq maddi səbəblərə ümid bəsləməməli, talelərini bu səbəbləri Yaradan və öncədən Təyinedənlə bağlamalıdırlar. 
Məryəmin oğluna gəldikdə isə, onun dünyaya gəlməsi Allahın ona, onun anasına və bütün digər insanlara göstərdiyi nemətinin təzahürü idi. Allahın Məryəmin oğluna göstərdiyi mərhəməti Onun ona (ə) Səmavi Vəhyi əta etməsində və onu (ə) digər məziyyətlərlə şərəfləndirməsində təzahür etmişdi ki, bun­lara ancaq ruhən səbatlı olan elçilər layiq görülmüşdülər. Allahın onun (ə) anasına (ona salam olsun) göstərdiyi mərhəmət isə, Məryəmin gözəl ad-san sahibi olmasında və bundan özü üçün böyük fayda əldə etməsində özünü büruzə vermişdi. Allahın digər insanlara göstərdiyi mərhəməti ondan ibarət idi ki, Məryə­min oğlu Onun elçilərindən biri idi. Həqiqətən də, Allahın elçilə­rinin göndərilməsi Allahın bəşəriyyətə bəslədiyi ən böyük nemətlərindən biridir, çünki onlar insanlara Vəhyi oxuyur, onları günahdan təmizləyir, Kitabı və Hikməti[3] onlara öyrədirlər. Əgər insanlar onlara iman gətirir və itaət edirlərsə, onda onlar həm bu dünyada, həm də ölümdən sonra səadətə qovuşurlar.
O anda İsa peyğəmbərin (ə) ecazkar doğuluşuna artıq hökm verilmişdi. O, öncədən Allah tərəfindən müəyyən edilmişdi və heç bir şey bunun qarşısını ala bilməzdi. Buna görə Cəbrail (ə) Allahdan  gətirdiyi ruhu Məryəmə üfürdü.
                ﯢ ﯣ                                
 (19.22) “O, hamilə oldu və bətnindəki ilə uzaq bir guşəyə çəkildi”.
(19.23) “Doğuş sancıları onu xurma ağacının gövdəsinə sığınmağa məcbur etdi və o dedi: “Kaş ki, mən buna qədər öləydim və hamı tərəfindən yaddan çıxarılaydım!”

Məryəm hamilə olduqda bədnamlıqdan qorxuya düşmüş­dü və qərara gəlmişdi ki, insanlardan uzaqlaşsın. Körpənin dünyaya gəlməsi müddəti yaxınlaşdıqda, doğuş sancıları onu xurma ağacının yanına yaxınlaşmağa sövq etdi. Lakin ona bu zaman əzab verən təkcə sancılar deyildi. O, yeməyə və suya bərk ehtiyac duyur,  adamların onun barəsində nə düşünəcəklərindən həyəcan keçirir və ehtiyat edirdi ki, qarşıdakı çətinliklərin öhdəsindən gələ bilməsi üçün səbri çatmasın. Məhz buna görə, o, bu hadisə baş verməmişdən ölməsini arzulamışdı ki, həmişəlik hamının yadın­dan çıxsın. 
   ﯱﯲﯳﯴﯵﯶ  ﯷﯸ ﯹ ﯺﯻ   ﯼ ﯽ ﯿ ﰀﰁﰂﰃﰄ
 (19.24) “O anda ona bir səs müraciət edib dedi: “Heç kədərlənmə! Rəbbin ayağının altında bir bulaq yaratdı”.
 (19.25) “Xurma ağacının gövdəsini silkələ, üstünə yetiş­miş xurmalar düşəcək”.

Əlbəttə ki, Məryəmin istəyi onun qorxusunun və keçirdiyi həyəcanının nəticəsi idi, lakin bu istəyin gerçəkləşməsi Məryəmə nə xeyir, nə də fayda verə bilərdi. Əksinə, xeyir və fayda ondan ötrü öncədən müəyyən edilmiş qədərlə bağlı idi. Buna görə Cəbrail (ə) qərara almışdı ki, onu qorxudan xilas edib sakitləş­dirsin və buna görə o (ə), ona aşağıdan müraciət etmişdi. Yəqin ki, bu zaman o (ə) Məryəmdən daha aşağı bir yerdə dayanmış­mış. O (ə) ona tapşırır ki, həyəcan keçirməsin və narahat olmasın və Məryəmə bildirir ki, olduğu yerin aşağısında bulaq axır ki, ondan içib yanğısını söndürə bilər. O (ə) həmçinin ona xurma ağacını silkələyib üstünə töküləcək təzə, dadlı və faydalı xurma­lardan götürüb yeməyi tapşırır.

         ﭔﭕ                                    

(19.26) “Ye, iç və fərəhlən! Adamlardan kimisə görsən, de: “Mən Rəhmana susmaq orucu tutmağı vəd etmişəm və bu gün insanlarla danışmayacağam”.

Xurmalardan ye, bulaq suyundan iç və İsanın dünyaya gəlməsinə sevin. Bu ayə ona dəlalət edir ki, Məryəm uşaq doğularkən ağrılardan xilas edilmişdi və yemək-içmək tapmışdı. Lakin o hələ bilmirdi ki, insanlar buna necə yanaşacaqlar və buna görə də mələk ona tapşırır ki, insanlarla rastlaşanda onlara işarə ilə başa salsın ki, o, susmaq andı içmişdir. O (ə), Məryəmə adamlarla danışmağı qadağan etmişdi ki, onu onların söz və danışıqlarından xilas etsin. Susmaq vədi o zaman ibadət ayinlə­rindən biri idi və Məryəmin qəbilədaşları bunu bilirdilər. Allah ona insanlar qarşısında özünə haqq qazandırmağı əmr etməmiş­di, çünki onlar onsuz da onun sözlərinə inanmayacaqdılar. Onun vəziyyətində özünə hər hansı bir formada bəraət qazandırmağa çalışmaq mənasız olacaqdı. Amma bu bəraət sözlərini beşikdə olan körpə dil açıb söyləsəydi, bu onun məsumluğunun ən böyük dəlili olardı.
Əgər ərə getməmiş bir qadın insanlara bir uşaq gətirib desə ki, onun atası yoxdur, onda insanlar ona, qadının sözlərinin doğruluğunu təsdiq edən bir neçə şahidi olsa belə, inanmazlar. Buna görə, Məryəmin günahsız olmasının dəlili ecazkar bir möcüzə olmalı idi ki, o da, öz növbəsində, qadının körpəsinin möcüzəvi doğulmasından az əhəmiyyət kəsb etməməliydi. Belə bir möcüzə, İsanın (ə) hələ körpə çağında dil açıb danışması oldu.

          ﭨﭩ                                                  

(19.27) “O, uşağı qucağında qohumlarının yanına gəldi. Onlar dedilər: “Ey Məryəm! Sən görünməmiş bir xəta etmiş­sən”.
(19.28) “Ey Harunun bacısı! Sənin atan pis adam deyildi, anan da yava gəzmirdi”.

Məryəmin doğuşdan sonrakı qanaxmaları kəsldikdən son­ra o, körpəsi qucağında öz doğmalarının yanına gəldi. O öz gü­nahsızlığına və paklığına əmin idi və buna görə deyilənlərə xü­susi əhəmiyyət vermədi. Onlar zinaya yol verdiyini güman edə­rək deyirdilər ki, Məryəm böyük və dəhşətli günah işlətmişdir. Halbuki həmin günahın Məryəmə heç bir aidiyyəti yox idi. Onlar onu Harunun bacısı adlandırmışdılar və bu ayənin aydın məna­sın­dan bəlli olur ki, Məryəmin doğma qardaşının adı belə imiş. Onlar Məryəmə həm də xatırladırlar ki, onun valideynləri mömin insanlar idilər və heç kim onların yaramaz günah sahibləri olduq­larına şahidlik edə bilməzdi. Əlbəttə, onlar adamların Məryəmi ittiham etdikləri zinakarlıqdan uzaq adamlar idilər. Onlar təəccüb edirdilər: necə olub ki, o, öz valideynlərinə qətiyyən belə oxşamır və onların heç vaxt törətmədiklərini törədib? Onların təəccübü­nün səbəbi onda idi ki, övladlar, adətən, valideynlərinin mömin və günahkar olmalarından asılı olmayaraq, onlara bənzəyirlər. Onların sözlərindən məlum olur ki, onlar gördüklərinə son dərəcə təəccüblənmişdilər. Belə olduqda, Məryəm öz uşağına işarə edərək, onunla danışmalarını təklif etdi.

    ﭾﭿ                            

(19.29) “O, uşağı göstərdi və onlar dedilər: “Biz beşikdəki körpə ilə necə danışaq?”

Məryəm ona əmr edildiyinə görə, insanlar onunla danış­mağa cəhd göstərdikdə, insanlarla işarə ilə danışaraq onlara sus­mağa and içdiyini anlatmalı idi. O, işarə ilə körpəsini göstərib, onunla danışmalarını təklif etdikdə, adamlar onun rəftarına təəccübləndilər, çünki bir qayda olaraq, körpələr danışmağı bacarmırlar. Elə bu vaxt körpə dilləndi:

                                               

(19.30) “O dedi: “Həqiqətən də, mən Allahın quluyam. O mənə Kitab bəxş etmiş və məni peyğəmbər etmişdir”. 
(19.31) “O, harada olsam belə məni mübarək qılmış və yaşadığım müddətdə mənə namaz və zəkatı vacib etmişdir”.

O (ə) insanlara müraciət edərək, özünü Allahın qulu adlan­dırır. O (ə) bildirir ki, ilahi keyfiyyətlərə malik olmadığı kimi, allahların oğlu da deyildir. Həqiqətən də, Fövqəluca Allah, özünü Allahın qulu adlandıran İsa peyğəmbərə (ə) açıq-aşkar zidd olan xristian uydurmalarından sonsuzluğadək uzaqdır. Lakin buna baxmayaraq xristianlar özlərini onun (ə)  davamçıları adlandırır­lar. İsa (ə) Allahın qədərinə uyğun olaraq, ona (ə) Kitab əta edi­ləcə­yindən də bəhs edir. Bütün deyilənlərdən aydın olur ki, elə əvvəlcədən o (ə) özünü Allahın qulu adlandırmışdır. Allah ona (ə)  Müqəddəs Kitabı öyrətmiş və onu (ə)  peyğəmbərlərindən biri etmişdir. Bununla da o (ə), Allahın ona (ə) bəxş etdiyi qüsursuz məziyyətləri haqqında xəbər vermişdir. Sonra o (ə), ətrafında­kılara verəcəyi faydadan danışaraq deyir ki, Allah onu (ə), harada olmasına fərq qoymayaraq, mübarək etmişdir. O (ə)  bildirir ki, istənilən vaxtda və yerin istənilən guşəsində o (ə) insanları xeyirxahlığa öyrədəcək, onları doğru yola çağıracaq, cinayətlər­dən çəkindirəcək və onların arasında Haqqı sözü və əməli ilə təbliğ edəcəkdir. Bu isə o deməkdir ki, onunla (ə) yol yoldaşı və ya müsahibi olan hər hansı bir insan, onunla (ə) ünsiyyətə sevinər və bundan faydalanardı.
O (ə) həmçinin xəbər verir ki, Allah ona (ə) namaz qılmağı və sədəqə verməyi tapşırmışdır. Bu isə onu göstərir ki, Allah ona (ə) Rəbbi qarşısında vəzifələrini qüsursuz yerinə yetirmək hökmü vermişdir. Bunlardan ən mühümü – namaz və habelə insanlar qarşısındakı vəzifələridir ki, onların da ən mühümü – sədəqədir. İsa (ə) bu sözləri ilə xüsusilə vurğulayır ki, Rəbbinin tapşırıqlarını və Onun ehkamlarını  yerinə yetirmək niyyətindədir.
               

(19.32) “O, məni anama ehtiram göstərməyə yönəltdi və məni təkəbbürlü və bədbəxt etmədi”.

Allah mənə nəsihət etdi ki, ananla yaxşı rəftar edəsən və ən yüksək səviyyədə onun qayğısına qalasan və mən də onun qarşısında qüsursuz olaraq öz borcumu yerinə yetirəcəyəm, çünki o – şərəfli və ləyaqətli qadındır və elə buna görə də mənim anamdır. O, məni bu dünyaya gətirdiyinə, mənim üçün çoxlu başqa əziyyətlər çəkdiyinə görə mən onun qarşısında çox borcluyam. Allah məni Ona ibadət etməkdən təkəbbürlə boyun qaçıran və Onun yaratdıqlarına təşəxxüslə yanaşanlardan biri etmədi. Allah həm də məni nə bu dünya həyatında, nə də ölümdən sonra xoşbəxtliyi görməyənlərdən də biri etmədi. Əksinə, Allah məni Rəbbi qarşısında itaətkar olan və alçalan, Onun qullarından özünü uca tutmayan müti bir qul etdi. O məni və mənim davamçılarımı həm bu həyatda, həm də ölümdən sonra bəxtəvər etdi. Öz qüsursuz və tərifəlayiq məziyyətlərini sadaladıqdan sonra, o (ə) dedi:
                    
 (19.33) “Doğulduğum gün və öləcəyim gün, həm də həyata qaytarılacağım gün mənə salam olsun!”

Allah mənə rəhm etmiş, mənə alicənablıq göstərmiş və bunların sayəsində mən şərdən, şeytanın fitnələrindən və mən bu dünyaya gələn gün cəzadan qorunmuşdum və bütün bunlardan həyatla vidalaşacağım gündə də, dirildiləcəyim gündə də qoruna­cağam.
Buradan aydın olur ki, dirilmənin və Cəhənnəm məkanının dəhşətləri İsa peyğəmbərə (ə) toxunmayacaq. O (ə), Səadət və bəxtiyarlıq Diyarının sakinləri arasına düşəcəkdir. Bu ecazkar nitq  böyük bir möcüzə və onun (ə) həqiqətən də Allahın qulu və Onun elçisi olduğunun parlaq sübutu idi.
   ﮯﮰﮱﯓﯔﯕﯖ ﯗﯘﯙ ﯚ
 (19.34) “Budur Məryəm oğlu İsa – onların barəsində höcətləşdikləri Haqqın Sözü!”

Məryəm oğlu İsa (ə) belə gözəl məziyyətlərə malikdi. Onla­ra şübhə etmək mümkün deyil, çünki bu sözlər – həqiqətdir və məhz buna görə Allah onu (ə) belə səciyyələndirmişdir. Allahın nitqi ən doğru və ən gözəldir. Bu, İsa peyğəmbər (ə) haqqında həqiqətdir. O ki, qaldı fasiqlərin onun (ə) haqqında dediklərinə və bu həqiqətin ziddinə olanlara, onlar – uzaq başı, şübhə edilə bilinəsi mümkün olan, iftiradır, çünki onu təbliğ edənlər İsa peyğəmbər (ə) haqqında həqiqəti bilməyən insanlardır. Onlar öz sözlərinə şübhə etsələr də, öz şübhələrinin üstündə mübahisə etməkdə və onları müdafiə etməkdə davam edirlər. Bəziləri onu (ə) Allah adlandırırlar. Digərləri onu (ə) Allahın oğlu adlandırır. Üçüncülər isə onu (ə) “müqəddəs üçlüyün” üçüncüsü[4] adlan­dırırlar. Allah isə fasiqlərin Ona atdıqları iftiralardan və digər uydur­malardan sonsuzluğa qədər uzaqdır.
 
                 ﯡﯢ  ﯣﯤ                              

(19.35) “Allaha övlad götürmək yaraşmaz. O, bundan çox ucadır, pakdır! O bir şeyi etmək istədikdə, təkcə: “Ol!” – deməklə, o olur”.

Allaha övladları olması yaramaz, çünki Rəbbin uşaqları ola bilməz. O zəngindir və həmdəlayiqdir, bütün məxluqlar isə Onun qullarıdır. Necə ola bilər ki, Onun qulları Onun uşaqlarına çevrilsinlər?! O, nöqsanlardan xalidir, heç nəyə möhtac deyil və uşaqlara da möhtac deyil. O, hər hansı bir mühüm və ya daha az mühüm qərar qəbul etdikdə, heç kim Ona onu gerçəkləşdirməyə mane ola bilməz. Bu Ona görə bir çətinlik yaratmır, çünki O, “Ol!” deyən kimi, istədiyi hər şey vücuda gəlir. Göylərdə və yerdə iradəsi danışıqsız və mütləq tərzdə yerinə Yetirilənə uşaq nəyə lazımdır?! Onun istədiyi hər şey o saat gerçəkləşir. Belə olduqda, İsanın (ə) dünyaya atası olmadan gəlməsində qəribə nə var ki?!

           ﯲﯳ       

(19.36) “Həqiqətən, Allah – mənim də Rəbbimdir, sizin də Rəbbinizdir. Ona ibadət edin! Doğru yol elə budur!”

İsa (ə) xəbər verir ki, o (ə), Allahın qullarından ancaq biri­dir. Allah insanları yaratmış və onlara bəşər görkəmi vermiş, Öz məxluqlarını idarə edir və onların qədərinə uyğun olaraq talelə­rinə sərəncam çəkir. Sonra o (ə) əmr edir ki, insanlar Allaha ibadət etsinlər və bu yolda səy göstərsinlər. Bu o deməkdir ki, o (ə) Allahı Vahid Rəbb qəbul etmişdir, özü də, o (ə) birinci müd­dəanı sonuncunun dəlili kimi istifadə etmişdir. Sonra isə o (ə) bildirir ki, məhz bu yol – doğru yoldur və insanı Allahın yanına gətirir. Bu – Allahın elçilərinin və onların sadiq davamçılarının yoludur. Digər yollara gəldikdə isə, onların hamısı azğınlıq və aldanmadır.
         ﯻﯼ      ﯿ          

(19.37) “Lakin təriqətlər öz aralarında ixtilafa düşdülər. Vay o kafir­lərin halına ki, Əzəmətli günün şahidi olacaqlar!”

Məryəm oğlu İsanın (ə) şübhə edilməsi mümkün olmayan əsl məziyyətlərini xatırlatdıqdan sonra, Fövqəluca Allah xəbər verir ki, yəhudilər, xristianlar və digər yollarını azmış təriqətlər İsa peyğəmbər (ə) barədə bir-biriləri ilə mübahisə etməyə girişdilər. Bəziləri onu (ə) həddən artıq ucaltmağa, digərləri – onu hörmət­dən salmağa başladılar. Bir sıra bidətçi baxışların tərəfkeşləri onu (ə) Allah adlandırdılar.  Digər nəzər nöqtə sahibi olanlar isə  onu (ə) Allahın Oğlu adlandırdılar. Daha digərləri qərara aldılar ki, o (ə) “müqəddəs üçlüyün” üçüncüsüdür. Yəhudilər və onların tay­ları isə onu (ə) Allahın elçisi kimi qəbul etməkdən belə boyun qaçıraraq, onu zina nəticəsində doğulmuş insan adlandırdılar.
Lakin bütün bu fərziyyələr yanlış və eyiblidir, çünki onlar şübhəli dəlillərə və həqiqəti qəbul etməmək kimi inadkarlıq istə­yinə əsaslanırlar. Belə iddialar özülsüz və zəminsizdir, onlara etiqad edən hər bir kəs isə, ən sərt cəzaya layiqdir. Vay o kəslərin halına ki, Allaha və Onun elçilərinə iman gətirməkdən boyun qaçırmışlar! Vay o kəslərə ki, İsa peyğəmbərə (ə) iman gətirmək­dən boyun qaçırdılar! Vay onların halına Qiyamət günündə, o gündə ki, insanların ilk və sonrakı nəslləri, habelə göylərin və yer üzünün bütün sakinləri Məhşər ayağında öz Xaliqi qarşısında toplanacaqlar! Bu, nəhəng sarsıntılar və böyük dəhşət günü ola­caqdır və o zaman hər bir məxluq layiq olduğuna nail edilə­cək­dir. Onda insanların aşkarda etdikləri və onların gizli saxladıqları hər şey aydınlaşacaq. 

               ﰉﰊ              

(19.38) “Onlar Həmin gün Bizim hüzurumuza gələndə necə də aydın eşidəcək və görəcəklər! Amma bu gün zalımlar açıq-aşkar azğınlıqdadırlar”.

Həmin gün onlar azğınlığa etiqad etdiklərini və Allaha şərik qoşduqlarını etiraf edəcəklər. Onlar deyəcəklər: “Ey Rəbbi­miz! Biz gördük və eşitdik. Bizi geriyə qaytar ki, yaxşı işlər görək. Həqiqətən, biz qəti iman gətirdik” (Səcdə, 32/12). Dirilmə günü onlar olduqları vəziyyəti aydın surətdə dərk edəcəklər. Lakin bu həyatda onlar açıq-aşkar azğınlıq içində idilər və bu azğınlığa haqq qazandırmaq isə mümkün deyil, çünki onlar haqdan ya şüurlu surətdə üz çevirir və iman gətirməkdən inadla boyun qaçırırdılar, ya da haqqı dərk etmək imkanları olduğu halda, azğınlığa və cinayətlərə üstünlük verirdilər və nəyin haqq, nəyin isə yalan olmasını ayırd etməyə can atmırdılar. 
Diqqət yetirilməli haldır ki, Allah əvvəlcə müxtəlif qrup­laşma­ların İsa peyğəmbər (ə) barəsində yekdil rəyə gələ bilmə­dik­­­lərindən xəbər verir, sonra isə iman gətirməkdən boyun qaçı­ranları lənətləyir. O, bütün qruplaşmalarının hamısını lənətləmir, çünki onların arasında haqqa etiqad edən və İsanı (ə) Allahın qulu və Onun elçisi adlandıran qrup da vardır. Bu qruplaşmanın tərəfdarları ona (ə) layiqincə iman gətirmişdilər və onun (ə) sadiq ardıcılları olmuşdular. Onlar – həqiqi möminlər idilər və Allahın lənəti onlara aid deyildi. Həqiqətən, o, ancaq iman gətirməkdən boyun qaçıranların üstünə düşür.
 
                               

(19.39) “Onları hökmün artıq qəbul olunacağı Kədərli gün haqqında xəbərdar et. Amma onlar qəflətdədirlər və inanmırlar”.

Xəbərdarlıq adı altında gələcək dəhşətli hadisə barəsində öncədən bildirmə, o hadisənin təsviri və ondan ehtiyatlanmaq nəzərdə tutulur. Allahın qullarının bilməli olduqları ən mühüm hadisə isə, Kədər və peşmançılıq Günüdür. Həmin Gün məxluq­ların taleyi həll ediləcəkdir. Allah insanların ilk və sonrakı nəsl­lərini böyük toplantı yerində[5] bir yerə yığacaq və onların hər birindən törətdikləri əməllərə görə hesabat tələb olunacaqdır. Bax o zaman Allaha iman gətirən və Onun elçilərinin yolu ilə gedən hər bir kəs səadətə nail olacaq və bir də heç vaxt kədərlənmə­yəcəkdir. Allaha iman gətirməkdən və Onun elçilərinin yolu ilə getməkdən boyun qaçıran hər kəs isə bədbəxt olacaq və bir daha heç vaxt sevinməyəcəkdir. Bu adamlar başlarını itirəcək və ailələrindən məhrum olacaqlar. Onlar o dərəcədə qəmə və kədərə qapılacaqlar ki, ürəkləri parçalanmağa başlayacaq. Rəbbinin lütf­karlığından və Cənnət bağlarından məhrum olmuş və Allahın qəzəbinə və Cəhənnəmdə əbədi işgəncələrə layiq görülmüş və bunların dəyişilməyəcəyini və xeyirxah əməllər işlətmək üçün bir daha yer həyatına qayıda bilməyəcəklərini artıq bilən insanın qəm-qüssəsindən daha pis şey nə ola bilər?!!
                  

(19.40) “Həqiqətən, Biz Yerə və üzərindəkilərə varis ola­cağıq və onlar Bizə qayıdacaqlar!”

            Yer sakinlərinin qismətinə belə yazılmışdır, lakin onların çoxu öz taleləri üzərində düşünmürlər və bu mühüm məsələyə əhəmiyyət vermirlər. Hətta əgər onlar  bu barədə düşünsəydilər belə, bundan özləri üçün fayda əldə edə bilməzdilər, çünki haqqa göstərdikləri laqeydlik onların gözlərini örtmüş və ağıllarını çaşdırmışdı. Onlar Allaha inanmır və Onun elçilərinin yolu ilə getmirlər, çünki onlar özlərini bütövlüklə ancaq maddi həyata həsr etmişlər. Dünya nemətləri, fani və keçici zövq verməsinə baxmayaraq, onlara iman gətirməyə mane olur. Yer sakinləri yeri tərk edəcək və onun birincidən sonuncuya qədər bütün nemət­lərindən məhrum olacaqlar. Onlar bir-birilərindən ayrıla­caq­lar və o zaman Allah həm yerin, həm də onun var-dövlətinin varisi olacaq. Sonra isə O, insanları Öz dərgahına qaytaracaq və on­lardan etdikləri əməllərinə görə haqq-hesab tələb edəcək. Onlar əldə etdikləri və itirdikləri hər şeyə görə cavab verməli olacaqlar və əgər insan xeyirxahlıq etmişsə, o, Allaha həmd etməlidir. Yox əgər o, şər işlərə yol vermişsə, onda özündən başqa heç kimi qınamamalıdır.
         ﭪﭫ          

(19.41) “Kitabda İbrahimi də xatırla. O, ən sədaqətli insan və peyğəmbər idi”.

Bu Kitab ən şərəfli, ən ləyaqətli və ən ucadır. Bu – aydın Kitab və müdrik Xatırlatmadır. Onda xatırlanan istənilən rəva­yətlər ən doğru, ən ləyaqətli və ən faydalıdır. Onda yada salınan hər hansı hökmlər və haramlar ən ədalətli və ən qərəzsizdir. Xatırlanan hər hansı vədlər və təhdidlər ən doğru, ən layiqli, ən müdrik, ən ədalətli və ən mərhəmətlidir. Məhz buna görə bu Kitabda barələrində bəhs edilən peyğəmbərlər və elçilər (onlara Allahın salavatı və salamı olsun!), onun üstündən sükutla keçdiyi peyğəmbərlərdən üstündürlər. Quranda adları dəfələrlə təkrarla­nan peyğəmbərlərin tarixi təsdiq edir ki, bəzi peyğəmbərlər di­gər­lərini ötüb keçmiş və daha yüksək pillə tutmağı bacarmış və daha şərəfli əməllər yerinə yetirmişlər. Onlar buna, Allaha mə­həb­bətlə və tövbə ilə ibadət etmələri, Onun qarşısında və Onun qulları qarşısında öz vəzifələrini yerinə yetirmələri, insanları Rəbbin yoluna dəvət etmələri və yolları üstündə çıxan çətinlikləri səbirlə qarşılamaları sayəsində nail olmuşlar.
Bu surədə Allah Özünün bir neçə peyğəmbərindən bəhs edir və Peyğəmbəri Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) tapşırır ki, onları xatırlatsın, çünki onların yada salınması Allaha həmd etmək və Onun elçilərinin ünvanına təriflər söy­ləmək və həm də Onun onlara yönəldilmiş mərhəmətini və ilti­fatını etiraf etmək deməkdir. Bu ayə müsəlmanları Allahın pey­ğəmbərlərinə iman gətirməyə, onları qəlbən sevməyə və onların yolu ilə getməyə çağırır.
Bu peyğəmbərlərdən biri də İbrahim (ə) idi. Allah onu (ə) ən sadiq insan və peyğəmbər adlandırır. Ən sədaqətli[6] o insanı adlandırmaq olar ki, o, təkcə həqiqəti danışsın, mömin insanın qəbul etdiklərini qəbul etsin, sözləri, əməlləri və məziyyətləri həqiqətə uyğun olsun. Bu, insan, onun qəlbində kök atmış, onu tərbiyə etmiş və onda sarsılmaz iman yaratmış və onu qüsursuz mömin əməllər yoluna yönəltmiş dərin biliklər sahibi olduqda, mümkünləşir. İbrahim (ə), Muhəmməd Peyğəmbərdən (s.ə.s.) sonra, Allahın peyğəmbərlərinin (onlara salam olsun!) ən yaxşısı idi. O (ə), bir çox şərəfli xalqların üçüncü ulu babası idi və Fövqəluca Allah onun (ə) nəsllərini peyğəmbərlik və Kitab sahib­ləri etdi. O (ə) insanları Allahın yoluna gəlməyə çağırır və məruz qaldığı böyük əzab-əziyyətlərə səbirlə dözürdü. O (ə) yaxın və tanış olmadığı insanlar arasında haqqı təbliğ edir və əlindən gələn hər şeyi edirdi ki, öz atasını haqq dinə gətirsin. Elə buna görə sonra Fövqəluca Allah buyurur:

                                    ﭿ 

(19.42) “Budur o, atasına belə dedi: “Ey Ata! Sən niyə eşitməyənə, görməyənə və sənə heç bir xilas gətirməyənə sitayiş edirsən?”

O (ə), bütpərəstliyi ifşa etməyə başlayaraq, atasından soru­şur ki, niyə o, hərəkətləri və keyfiyyətləri qüsurlu olan heykəllərə pərəstiş edir? Onlar eşitmirlər, görmürlər və onlar onları ilahi­ləşdirənlərə nə fayda verə, nə də zərər vura bilməzlər. Bundan başqa, onlar hətta özlərinə belə nə fayda verə, nə də ziyan vura bilmirlər. Əgər kimsə onlara ziyan vurmaq istədikdə, onlar  özlərini müdafiə edə bilmirlər. Bu, hərəkətləri və keyfiyyətləri nöqsanlardan ibarət olan bütlərə sitayiş edənlərin ibadətinə par­laq və inandırıcı bir dəlil olmaqla nəinki təkcə Allahın qanunla­rına, həm də sağlam təfəkkürə də ziddir. İbrahim peyğəmbərin (ə) sözlərindən aydın idi ki, insanlar qüsursuz sifətlərə malik olana, insanlara fayda verənə və onları şərdən qoruyana ibadət etməyə haqlı idilər və bunu etməli idilər. Əlbəttə ki, bu məziy­yətlərə malik olan təkcə Fövqəluca Allahdır.
                              

(19.43) “Ey ata! Sənə verilməmiş bir elm mənə əta edil­mişdir. Ardımca gəl ki, səni doğru yolla aparım”.

Ey ata! Mənə kin bəsləmə və demə ki, mən – “sadəcə sənin oğlunam və səni bundan artıq tanımıram”. Allah mənə, sənə vermədiyi, bilik vermişdir. Əgər sən mənim ardımca gəlsən, səni doğru yolla apararam. Bu yol – şəriki olmayan bir Allaha ibadət və tam itaət etməkdən ibarətdir.
İbrahim peyğəmbərin (ə) sözləri xeyirxahlıq və mərhəmət dolu idi. O (ə) bunları heç gizlətmək də istəmirdi. O (ə) atasına demirdi ki, “mən savadlı adamam, sən isə sadəcə nadan məxluqsan”. O (ə) atasına demirdi ki, o, haqq barəsində heç nə bilmir. O (ə) öz atasına izah etmək üçün ən yumşaq və mehriban ifadələr istifadə edir və bildirirdi ki, onların hər ikisinin müəyyən bilikləri vardır. Lakin ona vəhy edilmiş biliklər atasına məlum deyildi. O (ə) atasını bu minvalla inandırmağa çalışırdı ki, onun (ə) dəlillərini düzgün qəbul etsin və haqqa tabe olsun.

        ﮒﮓ      ﮖﮗ      

(19.44) “Ey ata! Şeytana ibadət etmə, çünki o, Rəhmana asi olmuşdur”.

Şeytana sitayiş etmə, çünki kim ki, tək Allaha ibadətdən boyun qaçırır, o iblisə səcdə etməyə başlayır. Axı Fövqəluca Allah bu barədə belə buyurmuşdur: “Məgər Mən, ey Adəmin oğulları, sizə deməmişdimmi ki, sizin açıq-aşkar düşməniniz olan iblisə ibadət etməyəsiniz!” (Yasin, 36/60). Şeytan Mərhəmətli Allahın hökmlərinə itaətsizlik göstərdi və buna görə kim ki, onun izi ilə gedir şeytanın tərəfdarına çevrilir, Allaha itaətdən çıxır və şeytanın özünə oxşayır. Bu ayədə Allah Özünü Mərhəmətli adlandırır ki, sözə baxmamaq və itaətsizlik insanı Allahın mərhə­mətindən uzaqlaşdırır və onun qarşısında Allahın rəhm qapıla­rını bağlayır. Eyni zamanda Allaha itaət Onun mərhəmətinə layiq olmağın ən əzəmətli vasitələrindən biridir. Məhz buna görə, sonra İbrahim peyğəmbər  (ə) demişdir:

                          

(19.45) “Ey ata! Mən qorxuram ki, Rəhmanın cəzası səni haqlasın və sən iblisin dostu olasan”.

Əgər sən bundan sonra da kafirliyə etiqad etsən və zalımlıq göstərsən, onda Allahın cəzası səni yaxalaya bilər. Belə olduqda, sən həm bu dünyada, həm də ölümdən sonra şeytanın əlaltısı olarsan. Sən ən böyük alçaldılmaya məruz qalar və çox alçaqlığa düşərsən. Allahın sevimlisi İbrahim (ə) bu sözləri ilə atasını haqq dinə gətirməyə cəhd göstərirdi. O (ə) ardıcıl olaraq hərəkət edirdi: sadədən başlayaraq, sonra mürəkkəb dəlillərə keçirdi. O (ə) atasına deyir ki, onun müəyyən bilikləri vardır və bu ona oğlunun yolu ilə getməyi vacibləşdirir. O (ə) atasına izah edir ki, əgər o, onun (ə) yoluna gəlsə, düzgün seçim edər və doğru yola gəlmiş olar. Sonra o (ə) atasını şeytana ibadət etməkdən əl çəkməyə çağırır və ona belə ibadətin zərərli nəticələrini açıqlayır. Daha sonra o (ə) atasını xəbərdar edir ki, əgər o öz baxışlarından əl çəkməzsə, cəzaya və Allahın qəzəbinə məruz qalar və şeytanın dostuna çevrilər. Lakin saleh peyğəmbərin (ə) moizələri onun (ə) bədbəxt atasına heç bir fayda vermədi və o, nadan müşrikin verə biləcəyi cavabı verdi.

           ﮫﮬ        ﮰﮱ     

(19.46) “O dedi: “Doğrudanmı sən mənim allahlarımdan üz döndərirsən, İbrahim? Əgər sən bundan əl çəkməsən, mən hökmən səni daş-qalaq edərəm. Məni uzun müddətə tərk et!”

O, özünün qayalardan və daşlardan çapılmış “allahları”  ilə fəxr edirdi və İbrahimi (ə) onlara ibadət etməkdən boyun qaçırdığına  görə, qınamağa başlamışdı. Bütün bunlar onun dərin nadanlığından və dəhşətli kafirliyindən xəbər verir. O, daş heykəllərə sitayiş etməsi ilə lovğalanırdı və ətrafındakıları da buna dəvət edirdi. O, oğlunun sözlərini eşitdikdə, bütlərini təhqir etməkdən və atasını tək Allaha ibadət etməyə çağırmaqdan əl çəkmədiyi təqdirdə, onu (ə) daş-qalaq edəcəyi ilə hədələyir. Sonra o, ona (ə) onunla danışmağı uzun müddətə qadağan edir.  İbrahim peyğəmbərin (ə) cavabı Mərhəmətli Allahın mömin qullarının cahillərə verdiyi layiq bir cavab idi. O (ə) atasını təhqir etmək istəmədi. Əksinə, o (ə) səbirlilik göstərdi və ona bircə təhqiramiz söz belə demədi.

       ﯘﯙ      ﯜﯝ          

(19.47) “O dedi: “Sənə salam olsun! Mən Rəbbimdən xahiş edəcəyəm ki, səni bağışlasın. Həqiqətən, O, mənə qarşı mərhəmətlidir”. 

Sən məndən təhqirlər, kobudluq və sənə xoş gəlməyən nə varsa, eşitməyəcəksən. Mən ara vermədən Allahdan xahiş edəcə­yəm ki, səni doğru yola yönəltsin və sənə əfv bəxş etsin, çünki sən Allahın bağışlamasına, doğru yola qədəm qoyduğun­dan sonra ancaq layiq olacaqsan. Mənə qaldıqda isə, Allah mənə həmişə mərhəmətli və lütfkar olmuşdur və mənə həmişə qayğı göstərir.
İbrahim peyğəmbər (ə) həqiqətən də Allaha dua edirdi ki, onun (ə) atasını bağışlasın və doğru yola yönəltsin. O (ə) başa düşəndə ki, atası Allahın düşmənidir və onun (ə) duaları ona heç bir fayda verməyəcəkdir, onda o, atası üçün bir daha bağışlanma istəməkdən vaz keçdi və atasının cinayətlərinin bağışlanması fikrindən əl çəkdi. Allah bizə əmr etmişdir ki, bu şərəfli elçisinin yolu ilə gedək və İslamı onun (ə) təbliğ etdiyi kimi təbliğ edək. Bu isə o deməkdir ki, biz haqqı yaymaq üçün biliklərlə, hikmətlə, xoş rəftarla, sadəliklə və ardıcıllıqla silahlanmalıyıq. Biz yüngül suallardan başlayıb, sonra tədricən daha mürəkkəb məsələlərə keçməli, bu prinsipə səylə riayət etməli və ona ikrah hissi bəsləməməliyik. Biz həm də, haqqın təbliğatçılarının qismətinə düşən hər hansı çətinliyə mətanətlə dözməyə hazır olmalıyıq, çünki insanların çoxu onlara həm sözlə, həm də əməlləri ilə əziyyət verirlər. Biz belə insanlara qarşı mərhəmətli olmalı və onları, verdikləri əziyyətə, incikliklərə görə bağışlamağı bacar­malı və sözümüz və işlərimizlə onlara hətta yaxşılıq göstər­məliyik.

                               

(19.48) “Mən sizdən və Allahdan başqa ibadət etdikləri­nizdən uzaqlaşıram və dua ilə öz Rəbbimə müraciət edirəm. Ola bilsin ki, Rəbbimə etdiyim dualarım sayəsində bədbəxt olmayım”.

İbrahim (ə) öz xalqını və atasını haqq dini qəbul edəcək­lə­rindən əlini üzdükdə, o, onları tərk etmək və daş bütlərdən uzaqlaşmaq qərarına gəldi. O (ə) bəyan etdi ki, duaları ilə daima Allaha müraciət edəcək, Allahın onu (ə) xoşbəxtliyə çıxaracağı, dualarına cavab verəcəyi və onun (ə) yaxşı əməllərini qəbul edəcəyi ümidi ilə Ona ibadət edəcək, köməyi Ondan diləyəcək. Hər bir kəs, alçaq nəfslərinə üstünlük verən, moizələrdən fayda­lan­mayan, öz azğınlığının zülmətində dolaşan öz yaxınla­rını İslama dəvət etməkdən əlini üzdükdə, məhz belə etməlidir. Dəvətçi belə insanlarla rastlaşdıqda, ilk növbədə, öz qəlbini xeyirxahlaşdırmaq, Rəbbinə dua edərək etdiyi yaxşılıqları qəbul etməsini diləmək və şərdən və onun tərəfkeşlərindən uzaqlaşmaq qayğısına qalmalıdır.

                         ﯼﯽ       ﯿ   
(19.49) “O, onlardan və onların Allahdan başqa ibadət etdiklərindən uzaqlaşdıqda, Biz ona İshaqı və Yaqubu əta etdik. Onların hər ikisini də Biz peyğəmbər etdik”.

İnsan həmişə vətənindən, sevdiyi yerlərdən, qohumların­dan və həmqəbilələrindən ayrılarkən son dərəcə həyəcan keçirir. Bunun səbəbləri çoxdur və onların arasında, xüsusilə, onun doğma yerləri ilə bərabər ona kömək edən və onu müdafiə edən insanları tərk etməsidir. Lakin əgər insan bir şeyi Allah xatirinə tərk edirsə, onda Allah onun itkisini ona mütləq artıqlaması ilə ödəyir. Buna görə, İbrahim (ə) öz xalqını tərk etdikdə, Fövqəluca Allah ona (ə) İshaqı və Yaqubu bəxş etdi və onların hər ikisi də Allahın peyğəmbəri oldular. Bu mömin insanların hər birini Allah Səmavi Vəhylə şərəfləndirdi, onlara peyğəmbərlik vəzifəsi həvalə etdi və onları aləmlərin sakinləri üzərində ucaltdı.
 
                    

(19.50) “Biz onlara Öz mərhəmətimizdən bağışladıq və onlara doğru danışmaq qabiliyyəti nəsib etdik”.

Allah, peyğəmbərləri İbrahimə (ə), İshaqa (ə)  və Yaquba (ə)  Öz mərhəmətini nəsib etdi. Bu ifadə ilə Allahın onlara rəhmini qismət etməsi, onlara faydalı bilikləri öyrətməsi, onları xeyirxah əməllər işlətməyə ruhlandırması, onlara bütün dünyaya yayılan və bəşəriyyətə xeyli peyğəmbərlər və möminlər hədiyyə edən çoxsaylı nəsllər verməsi nəzərdə tutulur. Bununla yanaşı Allah insanlara onların haqqında gözəl və şanlı bir xatirə qismət etmişdir və bu özü də onlara göstərilən mərhəmətdən irəli gəlirdi. Məsələ orasındadır ki, Allah hər bir mömin insan haq­qında onun xeyirxahlığının dərəcəsindən asılı olaraq insanlar arasında yaxşı rəy yayacağını vəd etmişdir. İbrahim (ə), İshaq (ə) və Yaqub (ə) təqlid edilməyə layiq olan möminlər idilər və buna görə də, Allah onların gerçək şan-şöhrətini dünyanın hər tərəfinə yaymışdı. Ləyaqətli insanlar bu peyğəmbərləri (onlara Allahın salamı olsun!) yaxşı sözlərlə yad edir və onlara səmimi münasibət bəsləyirlər. Bunun sayəsində İbrahim (ə), İshaq (ə) və Yaqub (ə) doğru yolla getməyə səy göstərənlərin hamısı üçün nümunə olmuşlar və adı insanların qəlbini tərk etmir. Budur Allahın mərhəməti – onu istədiyinə bağışlayır. Həqiqətən, O, Böyük Mərhəmət Sahibidir! 

             ﰏﰐ              

(19.51) “Kitabda Musanı da xatırla! Həqiqətən, o, seçil­mişdi, elçi və peyğəmbər idi”.

Ey Muhəmməd! Bu Böyük Kitabda İmran oğlu Musa peyğəmbəri (ə) da yada sal! Beləliklə, sən ona (ə) ehtiram gös­tərmiş olarsan, onun (ə) xeyirxah adını şərəfləndirərsən, göstər­diyi xid­mətlərini və kamil məziyyətlərini xatırlayarsan. O (ə) seçilmiş elçi və peyğəmbər idi. Ərəb sözü olan “muxləs” – “seçil­miş” deməkdir. Buradan belə çıxır ki, Fövqəluca Allah Musa peyğəmbəri (ə) seçmiş və onu (ə) aləmlərin sakinlərindən ucalt­mışdır. Lakin Müqəddəs Quranın bir oxunuşunda bu “muxlis” kimi səslənir ki, bu - “səmimi” mənasını verir. Bu halda həmin söz peyğəmbərin (ə) niyyətlərinin təmiz, əməllərinin isə Allah xa­tirinə səmimi oldu­ğunu bildirir. Hər iki məna Musa peyğəmbərə (ə) aiddir, çünki Allah onu (ə) səmimiliyinə və sədaqətinə görə seçmişdi. Məhz bu keyfiyyətlər onun Allahın elçisi seçilməsinə səbəb olmuşdu. Əgər insan səmimiliyə malikdirsə və Allahın seçilmişi olmaq haqqına layiqdirsə, onda onun səciyyələndi­ril­məsi üçün daha şərəfli keyfiyyətlər tapmaq mümkün deyil.
Allah Musanı (ə) peyğəmbər və elçi adlandırır. Peyğəmbər olaraq o, öz Rəbbindən vəhylər alırdı. Elçi kimi isə, o (ə) Rəbbinin sözlərini insanlara çatdırır və onları dinin əsas və fərdi qanun­larını öyrədirdi. Peyğəmbərlik vəzifəsi onu (ə) Allahla, elçi vəzi­fəsi isə onu (ə) insanlarla bağlayırdı. Bu, Musanın (ə) yeganə üstün­lüyü deyildi, çünki Allah onu (ə)  ən şan-şöhrətli və ən yaxşı vəhy forması ilə şərəfləndirmişdi – Allah onu (ə) Özünə yaxınlaş­dırmış və onunla (ə) söhbət etmişdi. Bu məziyyət onu (ə) peyğəmbərlər və elçilər cərgəsində fərqləndirmişdi və o (ə) Rəhmanın kəlamı” təxəllüsünə layiq görülmüşdü və buradan aydın olur ki, o (ə) vasitəsiz olaraq Mərhəmətli Allahla birbaşa söhbət etmişdir. Bax elə buna görə sonra Quranda deyilir:
                         

(19.52) “Biz onu dağın sağ tərəfindən səslədik və ya­vaş­­­ca­­dan yaxına çağırdıq”.

Bir şərhə görə, nida Musanın (ə) sağ tərəfində qalan dağın tərəfindən gəlmişdi. Digər bir şərhə görə isə, ərəbcə “əymən” sözü “mübarək” mənasını bildirir. Bu şərh Fövqəlucanın aşağı­dakı kəlamı ilə də təsdiq olunur: “... Od içində olan da, onun ətrafında­kılar da mübarəkdir...” (Nəml, 27/8). Sonra Allah Musanı (ə) yavaşcadan yaxına çağırır. Ərəbcə “nida” sözü “uca­dan çağırış” mənasını verdiyi halda, “nica” sözü “sakit çağırış” mənasındadır. Məhz bu iki söz şərh etdiyimiz bu ayədə istifadə edilmişdir. Ayə, Allahın həm ucadan, həm də pıçıltı ilə danış­mağa qadir olduğunu təsdiq edir. Sünnə və camaat əhli, cəhmiyə­çilərdən, mötəzilələrdən və digər bidətçi təriqət tərəfdarlarından fərqli olaraq, bu baxışlara etiqad edirlər.

                  

(19.53) “Biz Öz rəhmətimizdən qardaşı Haruna da, ona görə, peyğəmbərlik bəxş etdik”.

Musanın (ə) ən böyük məziyyətlərindən biri də onun (ə) öz qardaşı Haruna (ə) qayğı göstərməsi idi. O (ə) Allahdan xahiş edir ki, qardaşını da elçi etsin ki, onunla peyğəmbərlik vəzifəsini birgə yerinə yetirsinlər. Allah onun (ə) duasını qəbul edir və Öz mərhəməti sayəsində Harunu da peyğəmbər edir. Buradan belə aydın olur ki, Harunun peyğəmbərliyi Musanın (ə) fəaliyyətindən asılı idi və Haruna (ə) qardaşına kömək göstərmək və onu müdafiə etmək əmr olunmuşdu.

      ﭤﭥ                       

(19.54) “Kitabda İsmayılı də xatırla. Həqiqətən, o, vədinə sadiq, peyğəmbər və elçi idi”.

Ey Muhəmməd! Müqəddəs Quranda böyük peyğəmbər və ərəblərin ulu babası olan İsmayılı (ə) da yada sal! Bu xalq ona görə ən yaxşı və ən şərəflidir ki, onların arasından Adəmin oğullarının ən yaxşısı – Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) çıxmışdır. İsmayıl peyğəmbərə (ə) gəl­dikdə isə, o öz vədlərini qüsursuz icra edərdi və eləcə də öz vəzifələrini yerinə yetirərdi. Bu məziyyət ona dəlalət edir ki, o (ə), Allah qarşısında və Onun qulları qarşısında özünün bütün öhdəliklərini yerinə yetirərdi. O (ə) verdiyi sözə axıra qədər sadiq qalırdı, hətta atasına da söz vermişdi ki, onu qurban kəsəndə buna səbirlə dözəcəkdir. O (ə) demişdi: “... “Ey ata! Sənə hökm edi­ləni yerinə yetir. Əgər Allah istəsə, sən mənim səbirlə dö­zənlərdən olduğumu görəcə­ksən” (Saffat, 37/102). O (ə) atasına (ə) imkan verdi ki, Allahın iradəsini yerinə yetirsin və insanın qismətinə düşə biləcək ən böyük sınaqdan keçdi. Lakin bu onun (ə) yeganə məziyyəti deyildi. Allah onu peyğəmbər və elçi ad­landırmışdı və onu (ə) Öz məxluqlarının ən gözəl sırasında yerləşdirmişdi, çünki peyğəmbər­lik insanın layiq görüldüyü ən böyük şərəfdir.

                        

(19.55) “O öz ailəsinə namaz qılmağı və zəkat verməyi əmr etmişdi və Rəbbi dərgahında ondan razı qalmışdı”.

O (ə) ailə üzvlərinin Allahın hökmlərini yerinə yetirmələri­nin qayğısına qalır və onlara namaz qılmağı və zəkat verməyi əmr edirdi. Namaz qıldıqda onlar haqq olan Allaha səmimiyyətlə ibadət edir, sədəqə paylayanda isə, Allahın qullarına xeyirxahlıq edirdilər. Buradan belə nəticə çıxır ki, İsmayıl peyğəmbər (ə) nəinki öz qəlbini nəcibləşdirir. Həm də bunda ətrafındakılarına da kömək edirdi. İlk növbədə isə o, ailə üzvlərinin kamilləşmə­sinə yardım göstərirdi, çünki onların onun (ə) moizələrinə, başqa insanlardan daha çox haqqı var idi. Fövqəluca Rəbb peyğəmbə­rindən razı idi, çünki o (ə) daima can atırdı ki, Onun mərhəmətini qazansın və bu yöndə səylə çalışırdı. Allah da onu (ə) seçdi, onu ən yaxın mömin­lərindən biri etdi, ondan razı qaldı və hər şeyi etdi ki, o (ə) da öz Rəbbindən razı olsun.

         ﭻﭼ               ﭿ   

(19.56) “Kitabda İdrisi də xatırla! Həqiqətən, o ən sadiq insan və peyğəmbər idi”.

Ey Muhəmməd! Kitabda İdrisi (ə) də yada sal ki, ona (ə) ehtiram göstərilsin və onun (ə) qüsursuz məziyyətləri şərəflən­dirilsin. O (ə) sadiq bir insandı, çünki təkcə doğru sözü danışardı, kamil biliklərə və möhkəm etiqada malik idi. Xeyirxah işlər görərdi. Bunlarla yanaşı isə o (ə) Səmavi Vəhy və peyğəmbər öyüdnamələri[7] ilə şərəfləndirilmişdi.  

       

(19.57) “Biz onu ali bir məqama ucaltdıq”.

Allah onun (ə) adını aləmlərin sakinləri arasında şöhrətlən­dirdi və onu (ə) yaxın möminlərlə bir sırada yerləşdirdi. Bunun sayəsində İdris peyğəmbər (ə) şöhrət sahibi oldu və yüksək vəzifə əldə etdi. Bu möhtərəm peyğəmbərlər və seçilmiş elçilər haq­qında xatırlatdıqdan sonra, Fövqəluca Allah onların üstünlüyünü və tutduqları yüksək vəziyyəti xüsusilə vurğulayır və buyurur:

                                            ﮚﮛ                                    

(19.58) “Bunlar – Allahın mərhəmət göstərdiyi peyğəm­bər­­lər arasından olan o şəxslərdir ki, onlar Adəmin və Nuh ilə birlikdə xilas etdiklərimizin nəsllərindən, İbrahimin və İsrailin nəsllərindən və Bizim doğru yola yönəltdiyimiz və seçdiklə­rimizin arasından olanlardan idilər. Onlara Mərhəmətlinin ayə­ləri oxunduqda, səcdəyə qapılıb, hönkür-hönkür ağlayarlar”.

Allah onlara bəxş etdiyi Öz neməti ilə lütfkarlıq göstərmiş­dir ki, buna Onun yaratdıqlarının heç biri layiq görülməmişdi. O, onları peyğəmbərlər və elçilər etdi və bizə də buyurdu ki, Ondan bizi nemət bəxş etdiklərinin doğru yoluna yönəltməsinə dua edək. Fövqəluca buyurur: “Allaha və Onun Elçisinə itaət edənlər peyğəmbərlər, sadiq kişilərlə, şəhidlərlə və Allahın nemət verdiyi möminlərlə birlikdə olacaqlar. Bunlar necə də gözəl yoldaşdırlar!” (Nisa, 4/69). Bu peyğəmbərlər Adəmin, Huhun və onun ardıcıllarının, İbrahimin və İsrailin nəsllərindən idilər. Bu ailələr dünyada ən yaxşı ailələr idilər, çünki Allah onları seçib təmizləmişdi. Onlara Mərhəmətli Allahın qeybə aid, qeybi Bilənin sifətlərini təsvir edən və Qiyamət günündən, cəza və mükafatlan­dırmadan bəhs edən ayələrini oxuyanda onlar səcdəyə qapılır və zar-zar ağlayırdılar. Onlar səmavi ayələri mütiliklə dinləyir və dərk edirdilər və onların sayəsində ürəkləri imanla, qorxu və ümidlə dolurdu. Bu hisslər onları ağlamağa, tövbə etməyə və Fövqəluca Rəbb qarşısında səcdə qılmağa məcbur edirdi. Həqiqə­tən də, onlar Rəbbinin ayələrini karlar və korlar kimi dinləyən­lərdən deyildilər.
Bu ayədə Allah özünü Mərhəmətli ona görə adlandırır ki, Müqəddəs Kitabların nazil edilməsinin Onun qulları üçün xeyirxahlıq və nemət olduğunu xüsusilə vurğulasın. Məhz səmavi vəhylərin vasitəsi ilə Allah insanları doğru yola yönəldir, onları korluqdan qurtarır, azğınlıqdan xilas edir və onları cahillikdən qoruyur.

                   ﮮﮯ                                       
(19.59) “Onlardan sonra namaz qılmayan və şəhvətlərinə tabe olan nəsllər gəldi. Onların hamısı nadanlıqlarının ziyanını çəkəcəklər”,
(19.60) “tövbə edən, iman gətirib saleh əməllər işləyənlər istisna olmaqla. Onlar Cənnətə daxil ediləcək və onlarla qətiy­yən ədalətsiz davranılmayacaq”.

Öz Rəbbinin lütfkarlığını qazanmağa səmimiyyətlə can atan və Onun qarşısında tövbə edən peyğəmbərləri xatırlatdıq­dan sonra, Fövqəluca Allah onlardan sonra gələn nəsllərdən xəbər verir. Onlar, özləri üçün nazil edilmiş hökmləri təhrif edərək doğru yoldan sapdılar, namaz qılmağı tərk etdilər, halbuki onlara bu ibadət mərasiminə qayğı ilə yanaşmaq və ona müntəzəm surətdə riayət etmək hökmü verilmişdi. Onlar namaza layiqincə diqqət yetirmədilər, sonra isə, baxmayaraq ki, namaz dinin dayağı, imanın və aləmlərin Rəbbinə sədaqətin meyarı, ən vacib dini hökm və möminin ən şərəfli məziyyəti idi, amma onu tamamilə tərk etdilər. Bu onu göstərir ki, onlar dinin digər hökmlərinə daha böyük etinasızlıqla yanaşırdılar. Bunun səbəbi isə onların öz pozğun istəklərinə tabe olmaları və təkcə öz şəhvətlərini təmin etməyə xüsusi diqqət yetirmələri olmuşdu. Onlar buna, Allah qarşısında öz vəzifələrini yerinə yetirməkdən daha çox üstünlük verirdilər və cəhd göstərirdilər ki, nəyin bahasına olursa olsun, istədiklərinə nail olsunlar və öz şəhvət­lərini təmin etsinlər. Lakin lap yaxın vaxtlarda onlar əzabverici və işgəncəli cəzaya məruz qoyulacaqlar. Bu cəzadan təkcə tövbə edib iman gətirən və saleh əməllər işləyənlər xilas ola biləcəklər. Bu möminlər Allaha şərik qoşduqlarına, bidətçilik etdiklərinə və günahlar işlətdiklərinə görə tövbə edəcəklər. Onlar bu cinayətlərdən artıq əl çəkmişlər, etdiklərinə peşman olmuşlar və qəti qərara almışlar ki, bir daha o əməllərinə qayıtmayacaqlar. Tövbə etdikdən sonra onlar Allaha, mələklərə, Müqəddəs Kitab­lara, elçilərə və Qiyamət gününə iman gətirdilər və Onun mərhəmətini qazanmağa səmimiyyətlə can ataraq xeyirxah əməl­lər etməyə başladılar ki, Allah Öz elçilərinin dili ilə onlara bu hökmləri yerinə yetirməyi buyurmuşdu. Onlar özlərində tövbəni, imanı və saleh əməlləri birləşdirməyi bacardılar və bunun sayəsində onlar Cənnət bağlarına düşəcəklər. Bu möminləri orada əbədi zövqlər, qayğısız həyat və Səxavətli Rəbbə yaxınlıqdan duyacaqları həzz gözləyir. Onların xeyirxah əməllə­rindən heç biri mükafatsız qalmayacaqdır. Əksinə, onlar mükafat­larını büsbütün və hətta dəfələrlə artıq ölçüdə alacaqlar.

                   ﯨﯩ                       

(19.61) “Bunlar – Mərhəmətlinin Öz qullarına vəd etdiyi  və onların gözləri ilə görmədikləri Ədəm bağları olacaqdır. Həqiqətən, Onun vədi icra edilir”.

Fövqəluca bu ayədə möminlərə vəd edilmiş Cənnət bağ­larını təsvir etmişdir. Onlar dünya həyatındakı bağlara bənzəmir­lər, çünki onlar - əbədiyyət bağlarıdır. O bağlara daxil olmuş mö­min­lər bir daha oranı tərk etməyəcəklər, onlardan ayrılmaya­caqlar və özlərinə nə isə başqa bir şey arzu etməyəcəklər. Bunun səbəbi Cənnət bağlarının hüdudsuzluğa qədər böyüklüyündə və oranın sevinc, ləzzətlər və həzlərlə  dolu olmasındadır. Onlar Mərhəmətli Allah tərəfindən möminlərə vəd edilmişdi. O, Özünü bu adla ona görə adlandırmışdır ki, Cənnət bağlarının qullarına bəslədiyi mərhəməti və xeyirxahlıq nümunəsi olduğunu xüsusilə vurğu­lasın. Bu bağlarda gözlərin görmədiyi, qulaqların eşitmədi­yi və insanın heç xəyalına belə gətirə bilməyəcəyi şeylər hazır­lanmışdır. Allah: “Üzləri ağaranlar isə Allahın mərhəməti altın­da olacaqlar. Onlar orada əbədi qalacaqlar” (Ali-İmran, 3/107) kəlamını buyurarkən, bu bağları Özünün mərhəməti adlandırır. Allah Cənnət bağlarını Özünün mərhəməti həm də ona görə adlandırır ki, Cənnət zövqlərinin əbədi davam edəcəyini xüsusilə vurğulasın. O bağlar Onun mərhəmətinin nəticəsidir və o mər­həmət mövcud olduqca, onlar da var olacaqlar.
Fövqəluca həmçinin xəbər verir ki, Ədəm bağları Ona ibadət edən və özünü Allahın qullarına məxsus tərzdə ləyaqətlə aparan qullara vəd edilmişdir. Onlar Onun hökmlərinə riayət edir və Ona ibadət onların həyatının ayrılmaz bir hissəsinə çevrilir. Onlar Ona heç vaxt ibadət etməyən qullara bənzəmirlər. Bu qullar[8] Allahı özlərinin Rəbbi etiraf edirlər, çünki onları O xəlq etmiş, onlara ruzi əta etmiş, onların qədərini yazmışdır, lakin onlar Onu öz Allahı kimi qəbul etmirlər. Onlar öz iradəsi ilə qul olanlardan deyildilər, məcburiyyət qarşısında qul olduqlarına görə, onlar heç bir tərifə layiq görülməmişdilər.
Fövqəluca həm də xəbər verir ki, Onun hörmətli qulları Cənnət bağlarını öz gözləri ilə görməyiblər. Bu ayənin bir neçə şərhindən biri də budur. Ondan aydın olur ki, Allah Öz qullarına  onların görmədiyi və seyr etmədiyi Cənnət bağlarını vəd etmişdir və buna baxmayaraq, onlar görmədiklərinə inanmış, Allahın vədinə iman gətirmiş və ona doğru can atmışlar. Onlar Cənnəti öz gözləri ilə görməsələr də,  belə etmişlər. Amma əgər onlar onu görsəydilər, onda onların istək və arzusu və ora düşmək üzrə səyləri daha güclü olardı. Bu şərhdən belə bir nəticə çıxır ki, Fövqəluca Allah Öz qullarını qeybə iman gətirdiklərinə görə tərifləmişdir, çünki məhz belə bir iman insana fayda verə bilər. İkinci bir şərhə görə isə, bu ayə aşağıdakı kimi çevrilməlidir: “Bunlar – Mərhəmətlinin onu öz gözləri ilə görməmiş qullarına vəd etdiyi Ədəm bağları olacaqdır”.  Bu o deməkdir ki, Allahın qulları, Onu öz gözləri ilə görmədən belə,  Ona ibadət edirdilər. Əgər onlar Onu görsəydilər, onda onların ibadəti daha böyük səylə yerinə yetirilər, onların tövbəsi – daha əzəmətli olar, onların məhəbbəti – daha da güclü və onların arzusu – daha da ürəkdən olardı. Bir şərh də var ki,  onun mənası – Mərhəmətlinin qullarına vəd etdiyi Cənnət bağlarını təsvir etmək mümkün deyil, çünki onların əsl keyfiyyətləri təkcə Allaha məlumdur. Cənnətin ümumi cizgilərlə təsviri belədir. Fövqəluca onun barəsində ona görə bildirmişdir ki, insanlarda ora düşməyə arzu və meyl oyatsın. Bu vəhy aşağıdakı ayəyə bənzəyir: “Heç bir insan bilmir ki, etdikləri əməllərin mükafatı olaraq onlar üçün göz oxşayan nələr hazırlanıb saxlanmışdır” (Səcdə, 32/17).  Bütün sadalanan şərhlər məna etibarı ilə düzgündür, lakin müzakirə etdiyimiz ayənin yekun hissəsi onu göstərir ki, birinci şərh daha üstün sayılır.  Həqiqətən, Allahın vədi yerinə yetiriləcəkdir, çünki  O, Öz vədlərini pozmur və təkcə haqq olanı deyir.

              ﯴﯵ              

(19.62) “Onlar orada mənasız sözlər yox, təkcə salam eşidəcəklər və orada onların səhər və axşamüstü ruziləri var­dır”.

Möminlər Cənnətdə faydasız danışıqlar və günah söhbətlər eşitməyəcəklər, çünki orada ədəbsiz ifadələr işlədilməyəcək, başqasının nöqsanları müzakirə edilməyəcək və Allahın xoşuna gəlməyən və narahatçılıq törədən söhbətlər aparılmayacaqdır. Əksinə, onlar içində heç bir pis şey olmayan dinc söhbətlər aparacaqlar. Onlar Allahı xatırlayacaq, bir-birinə salam verəcək, sevindirici şeylərdən danışacaq, bir-birilərini müjdələyəcək, faydalı məsələlər üzrə fikir mübadiləsi aparacaq və Mərhəmətli Allahın bənzərsiz nitqini dinləyəcəklər. Bununla yanaşı onlar Cənnət hurilərinin, mələklərin və əbədi gənc olan yeniyetmələrin ecazkar səslərini eşidəcəklər. Onlar valehedici melodiyalar və incə nitq­lərdən həzz alacaqlar, çünki onların qalacaqları yer dinclik və hərtərəfli əmin-amanlıq məskəni olacaqdır. Onlar yemək və ya içmək istədikdə, günün istənilən çağında onlara hər növ ecazkar içkilər və yeməklər veriləcəkdir. Cənnət ləzzətlərinin cazibədar­lığını daha da gözəlləşdirmək və kamilləşdirmək üçün onlara yemək-içmək müntəzəm olaraq səhərlər və axşamlar veriləcəkdir. Bu ona görə belə ediləcək ki, Cənnət sakinləri onlara göstərilən qəbulun əzəmətini hiss etsinlər və nemətlərdən ən mükəmməl tərzdə zövq ala bilsinlər.

            ﯿ                   

(19.63) “Budur, Bizim təqvalı qullarımızı varisi edəcə­yimiz Cənnət”.

Onlar ürəklərində Allah qorxusu olan möminlərdir ki, gözəl evlərdə məskunlaşacaq və orada əbədi qalacaqlar. Onlar öz məskənlərini heç vaxt tərk etməyəcəklər və özləri üçün başqa heç bir şey arzu etməyəcəklər. Fövqəluca buyurur: “Rəbbinizin bağışlamasına, eni göylərə və yerə bərabər olan və təqvalılar üçün hazırlanmış Cənnətə tələsin!” (Ali-İmran, 3/133).

                  ﰊﰋ                   ﰔﰕ             

(19.64) “Biz ancaq öz Rəbbimizin əmri ilə nazil oluruq. Qarşımızda olanlar da, arxamızda olanlar da və bunların arasında olanlar da Ona məxsusdurlar. Sənin Rəbbin unutqan deyil”.

Bir dəfə Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) səbirsizliklə Cəbrailin (ə) gəlməsini gözləyirdi. O (ə) onun (s.ə.s.) yanında nazil olan kimi ona (ə) dedi: “Sən niyə yanımıza tez-tez gəlmirsən?” Bu sözlər Allahın Elçisinin (s.ə.s.) mələklə daha tez-tez görüşməyə güclü ehtiyac duyması və ondan ayrıldıqda isə təəssüf hissi keçirməsi, həm də onunla (ə) bərabər olduqda qəlbinin rahatlıq hiss etməsi ilə əlaqədardır. Buna görə o vaxt Fövqəluca Allah bu ayəni mələk Cəbrailin (ə) vasitəslə nazil etmişdi. O (ə), Peyğəmbərə (s.ə.s.) izah edir ki, mələklər özləri müstəqil surətdə qərar qəbul etmirlər. Lakin Allah hər hansı bir işi görməyə hökm verdikdə, onlar ləngitmədən Onun iradəsini yerinə yetirir və Onun hökmlərinə itaətsizlik göstərmirlər. Fövqəluca belə buyurur: “Ey iman gətirənlər! Özünüzü və ailələ­rinizi yanacağı insanlardan və daşlardan olacaq Oddan qoru­yun. Ona sərt və güclü mələklər nəzarət edirlər. Onlar Allahın əmrlərindən çıxmır və onlara verilən bütün hökmləri yerinə yetirirlər” (Təhrim, 66/6). Həqiqətən də, onlar ancaq Allahın onlara buyurduqlarını icra edirlər. O (Pak və Müqəddəs Olan) keçmişə, gələcəyə və indiyə sərəncam çəkir, hakimiyyəti bütün zamanlar və Kainatın hər guşəsinə yayılır. Məxluqların taleyi Allahın qərarından asılıdır. Mələklərə gəldikdə isə, onlar ancaq Onun qərarlarını yerinə yetirirlər. O (Pak və Müqəddəs Olan) Özünün İlahi Hikmətinə müvafiq olaraq yerinə yetirilməli hökmlər verir. Əgər Onun İlahi hikməti bir hökmü təxirə salmaq və ya digər bir hökm tələb edirsə, onda Allah onu müəyyən vaxtadək sonraya saxlayır. Buna görə də, Cəbrail (ə) Muhəmməd Peyğəmbərə (s.ə.s.) xatırladır ki, Allah heç nəyi yaddan çıxarmır və Öz Peyğəmbərini (s.ə.s.) unutmur. Bu barədə Fövqəluca belə buyurur: “Rəbbin səni tərk etməmiş və sənə acıqlanmamışdır” (Düha, 93/3). Əksinə, Allah Öz Peyğəmbərinin (s.ə.s.) qayğısını çəkməkdə davam edir, ona (s.ə.s.) və onun (s.ə.s.) işlərini sahmana salmaqda kömək göstərir. Əgər mələk, adətən, gəldiyi vaxtdan gec nazil olduqda, bu, Peyğəmbəri (s.ə.s.) kədərləndir­məməli və ya narahat etməməlidir, çünki o (s.ə.s.) bilməlidir ki, Allah, Onun İlahi hikməti bunu tələb etdiyinə görə, belə olmasını istəmişdir.

                  ﭘﭙ             

(19.65) “Rəbb – göylərin, yerin və onların arasında olan­la­rın Rəbbidir! Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Onun bənzərimi var?!”

Cəbrail (ə) Peyğəmbərə (s.ə.s.) Allah göylərin və yerin Rəbbi olmasını xatırladır ki, Onun bütün varlıqları əhatə etdiyini və Ona unutqanlığın yad olduğunu bir daha vurğulasın. O (Pak və Müqəddəs Olan) göyləri və yeri yaratmış, onlarda mükəmməl və ecazkar qayda-qanun müəyyən etmişdir. O (Pak və Müqəddəs Olan) bu yaratdığı məxluqları yaddan çıxarmamışdır, onları nahaq xəlq etməmiş və onları faydasız etməmişdir. Təkcə bu, Onun bütün varlığı əhatə etdiyinin inandırıcı dəlilidir. Buna görə, Peyğəmbər (s.ə.s.) nahaq yerə narahat olmamalı idi və bu narahatçılıq keçirməyə sərf etdiyi vaxtı ona (s.ə.s.) faydalı olan  işlər üçün istifadə edərdi, yəni şəriki olmayan Vahid Allaha ibadət edərdi. Elə buna görə də, sonra mələk ona (s.ə.s.)  əmr edir ki, səbirlə və səylə Allaha ibadət etsin və bu ibadətin kamil olması üçün əlindən gələni əsirgəməsin. Əgər insan Allaha ibadət etməyə qayğı ilə yanaşırsa, onda bu onun fikrini məşğul edən və diqqətini cəlb edən kənar şeylərdən uzaqlaşmasına yardım edir. Buna görə Fövqəluca Allah buyurur: “Bizim onların bəzilərinə onları azdırmaq üçün əta etdiklərimiz üstündə gözünüz qalma­sın. Bu – yer həyatının parıltısıdır, sənin Rəbbinin nəsib edə­cəyi qismət daha yaxşı və daha uzunmüddətlidir. Ailənə namaz qılmağı tapşır və özün də onu səbirlə qıl! Biz səndən bir qismət xahiş etmirik, axı Biz Özümüz sənə qismət veririk. Xeyirli sonuc – təqvalılarındır”  (Taha, 20/131-132).  
Kim Allah adı daşıyan bir məxluq tanıyır? Kim elə bir məxluq tanıyır ki, Allaha bənzəsin? Sağlam düşüncə bu suallara cavabın mənfi olacağını bildirir, çünki Allaha oxşaya bilən kimsə yoxdur. O (Pak və Müqəddəs Olan) – Rəbdir, halbuki qalan bütün yaradılmışlar Ondan asılı olan məxluqlardır. O (Pak və Müqəddəs Olan) Xaliqdir, bütün qalanlar isə Onun məxluqla­rıdır. O (Pak və Müqəddəs Olan) zəngindir və heç nəyə möhtac deyil, halbuki  qalanların hamısı Onun mərhəmətinə hərtərəfli möhtacdırlar. O (Pak və Müqəddəs Olan) mütləq kamilliyə malikdir, halbuki bütün qalanlar nöqsanlardan xali deyillər və təkcə Fövqəluca Allah onlara əta etdikdə, müəyyən kamil keyfiyyətlərə sahib olurlar. Bütün bunlar təkzibolunmaz tərzdə ona dəlalət edir ki, təkcə Allah ibadətə layiqdir və Ona ibadət haqdır, halbuki uydurulmuş ilahlara ibadət etmək əbəs və faydasızdır. Elə buna görə də Cəbrail (ə) əmr edir ki, təkcə bir olan Allaha layiqincə ibadət edilməlidir və o (ə) bunu yalnız Allahın kamilliyə, əzəmətə və gözəl adlara malik olması ilə əlaqələndirir.


(19.66) “İnsan deyir: “Doğrudanmı mən öləndən sonra dirildilib çıxarılaca- ğam?” 

Bu ayədə diriləcəklərini inkar edən və Axirət həyatını ağlasığmaz hesab edən insanlardan bəhs edilir. Onlar öz kafirlik­lərini inadkarlıqla müdafiə edərək, belə deyirlər: “Biz ölüb torpağa çevrildikdən sonra Allah bizi necə dirildəcək?! Bu müm­kün deyil! Bundan başqa, bunu təsəvvür belə etmək olmaz!” Onlar belə bir nəticəyə ona görə gəlirlər ki, təfəkkürü xəstəliyə tutulmuşdur və niyyətləri də natəmizdir. Onlar elçilərə müqa­vimət göstərməyə və Müqəddəs Kitabları inkar etməyə cəhd göstərirlər. Amma əgər onlar azca da olsa düşünsəydilər, onda hökmən başa düşərdilər ki, dirilmənin inkar edilməsi ən böyük axmaqlıqdır. Buna görə daha sonra Fövqəluca Allah dirilmənin gerçəkliyinin aydın və təkzib­olunmaz dəlilini qeyd edir. Fövqəluca buyurur:

                             

(19.67) “Məgər insanın yadında deyilmi ki, Biz əvvəlcə onu, o hələ heç bir şey olmadığı halda, yaratmışdıq?”

İnsan necə əmələ gəldiyinə niyə də baxmasın? O əvvəlcə nə idi? Allah onu heçlikdən yaratmışdı. Əgər Allah heçlikdən insanı yaradıbsa,  onda kim Ona mane ola bilər ki, onun bədəni çürüyüb torpağa çevrildikdən sonra, onu dirildə bilməsin? Fövqəluca buyurur: “O – məxluqları ilk dəfə Yaradan, sonra isə onları Təkrarlayandır. Bu, Onun üçün daha asandır”  (Rum, 30/27).
Allahın şərh etdiyimiz ayədə verdiyi sual insanı dirilmənin lehinə olan inandırıcı məntiqi dəlillərin üzərində düşünməyə çağırır. Allah sadə və xoş sözlərin vasitəslə izah edir ki, dirilməni ancaq özünün bu dünyaya gəlməsinə diqqət yetirməyən kəslər inkar edə bilər. Lakin əgər insan bu barədə düşünsəydi, onda o, Axirət həyatını inkar etməzdi.

                       

(19.68) “Rəbbinə and olsun ki, Biz onları və şeytanları  mütləq toplayacağıq, sonra isə onları Cəhənnəmin ətrafında diz üstə çökdürəcəyik!”

Fövqəluca Allahın sözləri ən doğru sözlərdir və buna bax­mayaraq, O, Özünün hökmranlığına and içir ki, Axirət həyatını inkar edənləri mütləq dirildəcək və onları şeytanlarla birlikdə Məhşərdə toplayacaqdır. Böyük və Qüdrətli Rəbbin hökmünü gözləyərkən baş verəcək təsəvvüredilməz dəhşət və çoxsaylı sarsıntılar onları diz üstə çökməyə məcbur edəcək. Buna görə, sonra Allah kafirləri gözləyən hökm haqqında belə xəbər verərək, buyurur:

ﭼﭽﭾﭿ ﮀﮁﮂ ﮃﮄ  ﮅﮆ ﮇ                   

(19.69) “Sonra Biz hər cəmiyyətdən Mərhəmətliyə daha çox  itaətsizlik etmişləri ayıracağıq”.
(19.70) “Sonra, Biz yaxşı bilirik ki, orada yanmağa daha layiq kimlərdir”.

Fövqəluca Allah, eyni cinayətlər törətmiş və eyni küfrə etiqad etmiş mürtədlərin və müşriklərin hər bir zümrəsindən kimin itaətsizliyi daha kobud, vicdansızlığı daha yaramaz, kafir­liyi daha böyük olanları üzə çıxardacaqdır. Onları birinci olaraq amansızcasına cəzalandıracaqlar. Sonra günahkarlar bir-birinin ardınca Cəhənnəmə vasil ediləcəklər, özü də ən islaholunmaz   günahkarlar oraya başqalarından qabaq düşəcəklər. Məhz onda onlar bir-birilərini lənətləməyə başlayacaqlar. Fövqəluca buyurur: “Onlar orada hamısı bir yerdə toplandıqda, sonuncular əvvə­lincilər haqqında belə deyəcəklər: “Ey Rəbbimiz! Bizi onlar azğınlığa salmışdılar. Onların əzabını Odda ikiqat et”. O de­yəcək: “Hamıya əvəzi ikiqat veriləcək, lakin siz bilmirsiniz” O zaman onlardan birinci olanlar sonunculara deyəcəklər: “Siz bizdən yaxşı deyildiniz. Buna görə, qazandıqlarınızdan ötrü cəzanı dadın!” (Əraf, 7/38-39). Onların barəsində hökm ədalət, hikmət hərtərəfli biliklər əsasında çıxarılacaqdır. Allah, kimin başqasından qabaq Cəhənnəmə düşməyə layiq olduğunu daha yaxşı bilir. O (Pak və Müqəddəs Olan), öncədən onların cinayətləri və layiq olduqları cəza haqqında bilirdi.

         ﮓﮔ               

(19.71) “Hər biriniz ora girəcəksiniz. Rəbbinin qəti qərarı belədir”.

Bu sözlər bütün məxluqlara – əməlisaleh dindarlara və  əxlaqsız günahkarlara, möminlərə və  kafirlərə yönəldilmişdir. Elə bir insan yoxdur ki, oda daxil olmamış olsun, çünki Allahın qəti qərarı belədir. O (Pak və Müqəddəs Olan) Özünə söz vermişdir ki, məhz belə etsin və bunu qullarına vəd etmişdir. Əlbəttə ki, Onun vədi mütləq icra ediləcəkdir.
Müsəlman ilahiyyatçıları bu ayənin mənası barədə müxtəlif rəylər söyləmişlər. Bəziləri hesab edirdilər ki, bütün məxluqlar Cəhənnəm qarşısında dayanacaqlar və onun qarşısında qorxu sınağından keçəcəklər, sonra isə Pak və Müqəddəs Allah təqva sahibi olan salehləri xilas edəcəkdir. Digərləri isə belə sayırdılar ki, mütləq bütün insanlar Cəhənnəmə girəcəklər, ancaq möminlər üçün Cəhənnəm Odu sərin və salamatlıq olacaqdır. Üçüncü qrup alimlərin fikrincə isə bütün insanlar Cəhənnəmin lap ortasından çəkiləcək Sirat körpüsündən keçməli olacaqlar. İnsanlar körpü­dən öz əməllərinə müvafiq olaraq keçə biləcəklər. Bəziləri onu bir göz qırpımında ötüb keçəcəklər. Digərləri onu külək sürəti ilə qaçaraq keçəcəklər. Üçüncülər körpünü təcrübəli cins at süvari­ləri kimi çapıb keçəcəklər. Dördüncülər bu körpünü qaça-qaça ötəcəklər. Beşincilər onun üstündən piyada addımı ilə yeriyib keçəcəklər. Elə insanlar da olacaq ki, körpünü sürünə-sürünə adlayacaqlar. Lakin elələri də olacaq ki, Sirət körpüsün­dən bir­başa Cəhənnəmə düşəcəklər. Hər kəs körpünü öz təqvalılı­ğın­dan[9] asılı olaraq keçə biləcəkdir. Buna görə sonra Fövqəluca buyurur:
                        

(19.72) “Sonra Biz təqvalıları xilas edəcəyik, zalımları isə orada diz çökmüş halda saxlayacağıq”.

O şəxslər xilasa nail olacaqlar ki, onlar Onun (Pak və Müqəddəs Olanın) hökmlərini yerinə yetirərək və günahlardan çəkinərək Fövqəluca Allah qarşısında qorxu hissi keçirmiş olsun­lar. Günah işləyənlərə,  küfrə etiqad edənlərə və özlərinə zərər vuranlara gəldikdə isə, onlar Cəhənnəmdə diz üstə çökmüş halda qalacaqlar. Bunun səbəbi onların zalımlığı və kafirliyi olacaqdır. Onların məhz bu günahları onları əbədi olaraq Cəhənnəmə məhkum və xilas olmaq ümidindən məhrum etmişdir.

                                          

19.73) “Onlara Bizim aydın ayələrimizi oxuyanda, kafirlər möminlərə deyirlər: “Bu iki zümrədən hansı mövqeyinə görə daha yüksək və daha layiqli yer tutur?”   

Tək Allaha ibadətin zəruriliyini sübut edən, Allahın elçi­ləri­nin doğruçuluğunu təsdiq edən və onları eşidən hər kəsi səmimi qəlbdən iman gətirməyə və bir daha heç vaxt haqqa şübhə etməməyə yönəldən aydın ayələr kafirlərə oxunduqda, onlar açıq şəkildə öz öhdəliklərindən boyun qaçırırlar. Bundan başqa, onlar hələ öz Rəbbinin möcüzələrinə istehza edir və iman gətirənləri məsxərəyə qoyurlar. Haqlı olduqlarını isə dünya həyatında özlərinin zənginliyi ilə doğrultmağa çalışırlar. Onlar özlərini möminlərdən yaxşı sayırlar və haqqı sözlərlə inkar etməyə cəhd göstərirlər: “Cəmiyyətdə kim daha ləyaqətli mövqe tutur: biz və ya möminlər? Bizdən kim daha çox var-dövlətə malikdir? Hansı birimizin daha çox övladı var? Bizdən kim öz istəklərini asanlıqla həll edir?” Onlar belə qərara almışdılar ki, üstünlük övladların çoxsaylığı, öz maddi istəklərini təmin etmək və məclislərdə ən şərəfli yerlərdə oturmaq imkanları sayəsində əldə edilir. Onlar öz pozğun dəlillərinə istinad edərək, belə bir nəticəyə gəlmişdilər ki, əgər möminlər bu imkanlara malik deyillərsə, deməli kafirlər onlardan üstündürlər. Lakin bu ən böyük azğınlıqdır, çünki haqq bu insanların təsəvvüründə tərsinə çevrilmişdir. Onu demək kifayətdir ki, çox vaxt var-dövlət, övladlar və təmtəraqlı pal-paltar insanın ölümünün və ya bədbəxtliyinin səbəbi olur. Buna görə, sonra Fövqəluca buyurur:
                     

(19.74) “Biz bunlara qədər nə qədər nəsllər məhv etmişik! Onlar bunlardan var-dövləti və zahiri görkəmlərinə görə üstün idilər”.

Məhv edilmiş xalqlar gözəl ev əşyalarına, təmtəraqlı yata­caq­lara, oturacaqlara, heyranedici mənzillərə və məftunedici bəzək şeylərinə malik idilər. Onlar güclü və gözəl idilər, rahat həyatdan və maddi nemətlərdən zövq alırdılar. Lakin bunlar Allahın cəzasından xilas olmağa kömək etmədi. Bu gün kafirlər əvvəlkilərdən zəif və azsaylı olduqları halda cəzadan necə xilas olmağa cəhd göstərirlər? Bununla əlaqədar Fövqəluca buyurur: “Məgər sizin kafirlər onlardan yaxşıdırlar? Yaxud sizə Kitab­larda bəraətmi var?” (Qəmər, 54/43). Bütün bu deyilənlərdən aydın olur ki, bu dünyadakı əmin-amanlığı Axirətdə xoşbəxtliyin rəhni sayanların dəlilləri necə də əsassızdır. Şübhəsiz ki, ancaq kafirlər belə gümana qapıla bilərlər.

                              ﯨﯩ                                      

(19.75) “De: “Qoy Mərhəmətli, azğınların ömrünü, vəd olunmuş əzab və Saatı görəcəklərinədək, uzatsın. Onda onlar biləcəklər ki, kimin yeri pis və qoşunu zəifdir”.

Fövqəluca Allah kafirlərin böyük inadkarlığını və dərin azğınlığını təsdiq edən yanlış sübutlarını xatırlatdıqdan sonra bildirir ki, insan öz azğınlığından məmnundur və ondan ayrılmağı arzulamır. Buna görə Allah onun azğınlığını daha da artırır, bu azğınlığa olan məhəbbətini gücləndirir. Budur düz yol qaldığı halda azğınlığa üstünlük verən kafirlərdən alınacaq qisas! Fövqəluca buyurur: “Onlar boyun qaçırdıqda, Allah da onların qəlbini azdırdı. Allah günahkarları doğru yola yönəltmir” (Saff, 61/5);
“Onlar ona ilk dəfə iman gətirmədiklərinə görə Biz onların qəlbini tərsinə çevirər və onları öz zalımlığı içində sərgərdan qoyarıq” (Ənam, 6/110).
Bu, onlar bir-birini öldürənə qədər və ya maddi həyatda digər cəzaları gözləri ilə görənə qədər davam edir. Əgər onlar belə cəzadan xilas ola bilsələr də, onsuz da, onları Qiyamət günü gözləyir. O Günün başlaması ilə hər kəs törətdiyi əməllərə görə əvəz alacaqdır. Bax, onda onlar biləcəklər ki, necə də möhkəm yanılırmışlar. Onlar anlayacaqlar ki, iddiaları əsassız imiş və özləri də mürtəd və cani imişlər. Lakin bunu dərk etmələri onlara heç də fayda verməyəcəkdir, çünki onlar artıq maddi həyata qayıda bilməyəcək və əməllərini dəyişə bilməyəcəklər.

        ﯿﰀ                    

(19.76) “Allah doğru yolla gedənlərin doğru yola bağlı­lı­ğı­nı artırır. Ölməz xeyirxah əməllər isə Rəbbin dərgahında,  nəticə etibarı ilə, savab baxımından, daha  yaxşıdır”.

Allahın fasiqlərin azğınlığını artırması haqqında xatırlat­ma­dan sonra, Fövqəluca Allah bildirir ki, O (Pak və Müqəddəs Olan) Öz mərhəməti ilə doğru yolla gedənlərin imanını güclən­dirir. Doğru yolla getmək – faydalı biliklərə malik olmanı və saleh əməllər işləməyi nəzərdə tutur. Əgər insan faydalı biliklər əldə edir və yaxşı işlər görürsə, onda Allah ona yardım göstərir və bu yolla getməyi asanlaşdırır. Bundan başqa, Allah ona, qa­zan­dığı mükafat­dan üstün olan nemətlər bəxş edir. Bu ayə ona dəlalət edir ki, iman güclənə və zəifləyə bilər. İlk müsəlmanlar məhz belə baxışlara etiqad edirdilər.
Fövqəluca buyurur: “Biz Odun gözətçilərini təkcə mələk­lər­dən təyin etdik, onların sayını isə kafirlərin azdırılması üçün nəzərdə tutduq ki, Kitab verilənlər əmin olsunlar, möminlərin isə imanı güclənsin” (Müdəssir, 74/31);
“Möminlər təkcə o şəxslərdir ki, Allah xatırlananda qorxu keçirirlər, onlara Allahın ayələri oxunanda imanları güclənir, öz Rəbbinə təvəkkül edirlər” (Ənfal, 8/2). Bu baxışlar dünyada baş verən hadisələrlə də təsdiq edilir. İman – qəlbən etiqad edilən, dillə ifadə olunan baxışlardan, həmçinin qəlbən, dillə və bədənin digər üzvləri ilə edilən əməllərdən ibarətdir. Möminlər bu göstə­ricilər üzrə ən qabarıq surətdə bir-birindən fərqlənirlər.
Sonra Fövqəluca Allah əbədi xeyirxahlıqları xatırladır. Bütün yaxşı əməllər yoxa çıxdıqdan sonra belə əbədi xeyirxah­lıqlar yox olmur. Onlara aşağıdakılar aiddir: namaz qılınması, zəkat veril­məsi, oruc tutulması, həcc və ümrə ziyarəti, Quran oxunması, Allahın şərəfləndirilməsi, ucaldılması və təriflənməsi, tövhid şəhadətinin gətirilməsi, məxluqlara qarşı xeyirxahlıq və həmçinin qəlb və bədənlə yerinə yetirilən xeyirxahlıqlar. Bu əbədi xeyirxahlıqların mükafatı – Allahın ən yaxşı mükafatı və ən yaxşı əvəz olacaqdır. Bu xeyirxahlıqlar onları edənlərə böyük  və tükənməz fayda gətirəcək. Bütün qalan əməllərə gəldikdə isə, onlar insanlara ancaq dünya həyatında fayda verər və Axirət həyatında mükafatla stimullaşdırılmayacaqdır.
Niyə Allah əbədi xeyirxahlıqları məhz bu ayədə xatırladır? Bu barədə ən yaxşı bilən Allahdır, lakin, yəqin ki, Fövqəluca Allah maddi bolluğun, çoxsaylı övladlarının və cəmiyyətdə yüksək mövqeyin uğur qazanmağın rəhni olmasını hesab edən fasiqləri xatırladıqdan sonra, onların iddialarını təkzib etməyi qərara alır. O (Pak və Müqəddəs Olan), bildirir ki, xoşbəxtliyin və uğur qazan­ma­nın rəhni Allahın sevdiyi təkcə saleh əməllərdir.
                    

(19.77) “Sən gördünmü Bizim ayələrimizə inanmadığı hal­da, “Mənə mütləq var-dövlət və övladlar əta ediləcək” deyəni?”

Allahın ayələrini inkar edən kafirlərin vəziyyəti səni təəc­cübləndirmirmi? Onlar buna baxmayaraq bəyan edirlər ki, Axirətdə onlara saysız-hesabsız var-dövlət və çoxlu oğul-uşaq əta ediləcək. Onlar özlərini Cənnətin gələcək sakinləri sayırlar və bu olduqca təəccüblüdür. Belə bir bəyanatı Allaha iman gətirmiş möminlər desəydilər, daha yerinə düşərdi. Hərçənd bu ayə bir kafirdən ötrü nazil edilmişdisə də, o, özlərini haqqın tərəfdarları sayan və Cənnətə düşəcəklərini güman edən bütün allahsızlara aiddir.
                   

(19.78) “Məgər o, qeybi bilirdi və ya Mərhəmətli ilə əhd bağlamışdı?”

Məgər o öz biliyi ilə qeybi dərk etmişdir və bunun sayəsində də bilmişdir ki, Qiyamət günü ona var-dövlət və çoxsaylı övladlar bağışlanacaq? Ya da Mərhəmətli Allah ona bu nemətləri verməyi vəd etmişdir? Şübhəsiz ki, bu qətiyyən belə deyil, çünki kafir ona məlum olmayan şeylərdən danışır. Bu ayədə sadalanan iki dəlilə gəldikdə isə, onların hər ikisi bu kafirin əleyhinə təkzibolunmaz sübutlardır. Məsələ orasındadır ki, insan Allahın Axirət həyatında ona nemətlər bəxş edəcəyini iki halda deyə bilər: ya o, qeyb və gələcək haqqında biliyə malik olmuş olsun, ya da o, Allahla əhd bağlamış olsun. Məlumdur ki, qeyb haqqında elmə təkcə Allah malikdir, insan isə gələcək haqqında ancaq elçilərə nazil edilən ayələrdən öyrənə bilər. Allahla əhd bağlamağa gəldikdə isə, o, insanların Ona iman gətirməsini və Onun seçilmiş elçilərinin yolu ilə getməsini vacib edir. Elçilərə təlqin edilirdi ki, onlar Axirətdə uğur qazanacaq və xilasa sahib olacaqlar. Əgər insan bu iki tələbdən heç birinə uyğun gəlmirsə, onda onun Axirət həyatında uğur əldə edəcəyi haqqında bəyanatı yalançı bəyanatdır. Buna görə, sonra Fövqəluca buyurur:

  ﭢﭣ                  

(19.79) “Xeyr! Biz onun sözlərini yazacağıq və onun əzabını artıracağıq!”

Bu kafirin zənni yanlış və pozğundur. Birincisi, onun qeyb haqqında anlayışı belə yoxdur, çünki Allaha iman gətirməkdən boyun qaçırır və peyğəmbərlik haqqında təsəvvürə malik deyil­dir. İkincisi, Allah ona heç bir xeyirli vədlər verməmişdir, çünki o, küfrə etiqad edir və imandan üz döndərir. O, mükafata deyil, cəzaya layiqdir. Onun sözləri isə qeyd olunub saxlana­caqdır ki, onlara görə layiqli əvəzini alsın. Bu əvəz çox kəskin və əzabverici olacaqdır, çünki o, öz azğınlığında və aldanmasında son dərəcə təkmilləşmişdir.

            

(19.80) “Onun söylədiyi şeylərə Biz varis olacağıq və o, hüzurumuza təklikdə gələcəkdir”.

Biz onu var-dövlətindən və övladlarından məhrum edəcə­yik və o, dünya həyatından tək-tənha ayrılacaqdır. Onun nə var-dövləti, nə yaxınları, nə köməkçiləri, nə də dostları olmayacaqdır. Bizim hüzurumuzda  o, ona və onun kimi zalımlara hazırlanmış dəhşətli cəzanı öz gözləri ilə görəcəkdir.

                      ﭼﭽ    ﭿ           ﮄﮅ ﮈ ﮉ ﮊ     ﮌﮍ

(19.81) “Onlar Allahla yanaşı ibadət etməyə digər ilahlar seçməyə başladılar ki, onlara qüdrət əta etsinlər”.
(19.82) “Xeyr! Onlar ilahlarına ibadətdən üz döndərəcək­lər və onların düşməni olacaqlar”.
(19.83) “Məgər sən Bizim şeytanları kafirlərin üstünə on­ları azdırmaqdan ötrü göndərdiyimizi görmürsən?”

Fövqəluca fasiqləri[10] gözləyən cəza barəsində xəbər verir. Bu dünyada ikən onlar Allaha təvəkkül etmirlər və Onun ipindən yapışmaq istəmirlər. Əksinə, onlar Ona şərik qoşur və öz dostlarını Onun düşmənləri arasından seçirlər. Onlar kömək üçün şeytanlara müraciət edir və şeytanlar da onlara ağalıq edirlər. Şeytanlar onları Allaha itaətsizliyə təhrik edir və kafirliyə doğru itələyir, onlara vəsvəsə verir və yaramaz fikirlər təlqin edirlər, yalanı onlar üçün bər-bəzəkli göstərir və haqqa qarşı nifrət oyadırlar. Bunun nəticəsində onların ürəyi yalana məhəbbətlə dolur və ədalətli insan öz haqqını müdafiə etdiyi kimi, onlar da yalanın müdafiəsinə qalxırlar. Onlar yalanı şərəfləndirmək üçün əllərindən gələni əsirgəmirlər və hətta bu sahədə haqq tərəfdarları ilə döyüşürlər də. Bax elə buna görə onlar ədalətli cəzaya layiq görüləcəklər. Bu cəza öz həqiqi Hamisinin himayəsindən boyun qaçıran və kömək üçün düşmə­ninə müraciət edən və ona öz üzərində hökmranlıq etməyə imkan verən hər kəsə layiq görüləcəkdir. Əgər belə bir insan Allaha iman gətirsəydi və Ona təvəkkül etsəydi, onda şeytan heç vaxt ona üstün gələ bilməzdi, çünki Fövqəluca Allah onun barəsində belə buyurmuşdur: “Həqiqətən də, o, iman gətirənlərin və təkcə öz Rəbbinə təvəkkül edənlərin üzərində hakimiyyətə malik deyildir. Onun hakimiyyəti altına düşənlər, onu özünə kömək­çi və himayəçi sayanlardır ki, Allaha şərik qoşurlar” (Nəhl, 16/99-100).
      ﮐﮑ         

(19.84) “Onlara görə tələsmə! Biz onların hesabını aparırıq”.

Amansız cəzanın yaxınlaşdırılmasını arzu edən kafirlərlə tələsmə. Biz onların hesablanmış günlərini təyin etmişik və onlar özləri üçün müəyyən etdiyimiz müddəti nə yaxınlaşdıra, nə də ləngidə bilməzlər. Bu möhlət onlara ona görə verilib ki, Allahın dininə qayıtsınlar. Əgər bu möhlət onlara heç bir fayda verməzsə, onda onlar Qüdrətli və Əzəmətli Allahın cəzasına uğrayacaqlar.

                                   

(19.85) “Həmin gün Biz müttəqiləri Mərhəmətlinin qarşı­sında fəxri nümayəndə heyəti kimi toplayacağıq, 
(19.86) “günahkarları isə, naxır suvata aparıldığı kimi,  Cəhənnəmə tərəf qovacağıq”.

Bu ayələrdə Fövqəluca bildirir ki,  müttəqi möminlərin vəziyyəti günahkarların və cinayətkarların vəziyyətindən necə də fərqlənəcəkdir. Allahdan qorxan, şirkdən, bidətdən və itaətsizlik­dən çəkinən möminlər Qiyamət günü Məhşər meydanında Mərhəmətli və Alicənab Allahla görüşə gəlmiş yüksək ehtirama layiq fəxri nümayəndələr kimi iştirak edəcəklər. Məlumdur ki, Hökmdarın qəbuluna gəlmiş nümayəndələrin qəlbi onun onlara iltifat göstərəcəyinə ümidlə dolu olur. Müttəqi möminlər də Mərhəmətli Allahın hüzuruna Onun lütfkarlığına və hər şeyi əhatə edən xeyirxahlığına ümid bəsləyərək gələcəklər. Onlar Allahın  xeyirxahlıq dərgahında bol-bol hədiyyələr alacaqlarına ümid bəsləyəcəklər ki, bunun əsasını, onların öz müttəqiliklərinə istinad edərək və öz Rəbbinin lütfkarlığına can ataraq etdikləri yaxşılıqlar təşkil edəcəkdir. Onlar biləcəklər ki, O (Pak və Müqəddəs Olan), Öz elçilərinin dili ilə onlara bol mükafatlar vəd etmişdir və buna görə Onunla (Pak və Müqəddəs Olanla) görüşə rahat qəlblə, Onun mərhəmətinə əmin olduqları halda can atırlar.
Günahkarlara gəldikdə isə, onları, suvata aparılan mal-qara sürü kimi, Cəhənnəmə tərəf qovacaqlar. Onlar bərk susuzluq keçirəcək və  ən pis və alçaldılmış vəziyyətdə olacaqlar. Onları ən dəhşətli işgəncə yerlərinə qovacaqlar ki, orada onlardan ötrü ən qorxunc cəzalar hazırlanmışdır. Onları Cəhənnəmə qovacaqlar. Yorulmuş və susuzluqdan əldən düşmüş halda onlar kömək üçün yalvarmağa başlayacaqlar, lakin heç kim onların köməyinə gəlməyəcək. Onlar dua edəcəklər, lakin duaları qəbul edilmə­yəcək. Onlar himayə olunmaları haqqında dua edəcəklər, lakin heç kim onlara şəfaətçi olmayacaq. Buna görə sonra Fövqəluca buyurur:

                           

(19.87) “Mərhəmətlinin dərgahında əhd bağlanılmışlar­dan başqa heç kim şəfaət haqqına malik olmayacaqdır”.

Onlar şəfaətçilik etmək haqqına malik deyillər, çünki bu haqq bütövlüklə və tamamilə Allaha məxsusdur. Bu barədə Fövqəluca buyurur: “De: “Şəfaət bütövlükdə Allaha məxsusdur.  Göylər və yer üzərində hakimiyyət Ona məxsusdur və siz Ona qaytarılacaqsınız” (Zumər, 39/44). Allah bildirir ki, şəfaət kafirlərə heç bir fayda verməyəcəkdir, çünki onlar öz vəzifələrini yerinə yetirməmişdilər və Allaha, Onun elçilərinə iman gətirmək­dən boyun qaçırmışdılar. Lakin əgər onlar Allahla olan əhdlərinin şərtlərini  yerinə yetirsəydilər, Ona və Onun elçilərinə iman gətir­səydilər və onların izi ilə getsəydilər, onda Allahın mərhə­mətini qazanmağı bacarardılar, peyğəmbərlər və yaxın möminlər Allah qarşısında onlara şəfaətçilik edərdilər. Fövqəluca buyurur: “On­lar təkcə Onun razı qaldığı şəxsləri himayə edirlər” (Ənbiya, 21/28). Şərh etdiyimiz ayədə Allah Ona və Onun elçilərinə imanı əhd adlandırır, Özünün Kitablarında və Öz elçilərinin dili ilə Allah onların ardınca gedənlərə gözəl mükafat vəd etmişdir.

                                          ﯢ ﯣ                        

(19.88) “Onlar deyirlər: “Mərhəmətli Özünə oğul götür­müş­dür”.
(19.89) “Siz elə dəhşətli bir şeyi iddia etdiniz ki,”
(19.90) “az qala göylər parçalana, yer yarıla və dağlar yerindən qopaydı” – 
(19.91) “məhz bunu Mərhəmətliyə aid etdiklərinə görə”.
(19.92) “Mərhəmətliyə övladı olması yaraşmaz!” 

Fövqəluca xəbər verir ki, haqqı inadkarlıqla danan və Mərhəmətli Allaha oğul aid edən müşriklərin sözləri gör nə dərə­cədə qorxulu və dəhşətlidir! Belə baxışlara etiqad edənlər xristi­an­lardır və onlar Məsihi Allahın oğlu hesab edirlər, yəhudilərdir ki, Üzeyiri də Allahın oğlu sayırlar, həmçinin bütpərəstlərdir ki, mələk­ləri Allahın qızları sayırlar. Həqiqətən də, Fövqəluca Allah onların uydurmalarından sonsuzluğa qədər uzaqdır! Onların söz­lə­ri o dərəcədə böhtan idi ki, nəhayətsiz göylər parçalanmağa, yer – yarılıb hissələrə ayrılmağa və dağlar da yerin­dən qopub yer ilə yeksan olmağa hazır idi. Mərhəmətliyə oğlu olması da yaraşmaz, çünki oğulun olması nöqsanların və asılılıqların varlığını nəzərdə tutur. O (Pak və Müqəddəs Olan) isə zəngindir, həmdəlayiqdir və heç nəyə möhtac deyildir. Bundan başqa, uşaq öz valideyninə oxşayır, Fövqəluca Allahın isə Özünə bərabəri və oxşarı yoxdur.

                           

(19.93) “Göylərdə və yerdə olan hər kəs Mərhəmətlinin hüzuruna ancaq bir qul kimi gələcək”.

Mütləq bütün məxluqlar Allahın hüzurunda fağır və müti halda dayanacaqlar. Nə mələklər, nə insanlar, nə cinlər – heç kim Onun iradəsinə qarşı durmayacaq və ya müqavimət göstərmə­yəcək, çünki onların hamısı Allahın qullarıdır və Onun mülkündə sərəncam vermək haqqına malik deyillər. Necə iddia etmək olar ki, belə əzəmətli keyfiyyətlərə və hüdudsuz hakimiyyətə malik olan Allahın övladı var?!!

             ﯿ         

(19.94) “Həqiqətən, O, onların sayını bilir və onları bir-bir saymışdır”.
(19.95) “Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək”.

Onun İlahi elmi göylərdə və yerdə yaşayan bütün məxluq­ları əhatə edir. O Öz yaratdıqlarının və onların əməllərinin sayını bilir. O onları unutmur və yaddan çıxartmır. Heç şey Ondan gizlədilə bilməz. Qiyamət günü başladıqda isə, onların hər biri Onun qarşısında tək-tənha dayanacaqdır. Onların yanında nə övladları, nə var-dövləti, nə də köməkçiləri olmayacaqdır. Hər bir kəsin yanında təkcə kamil əməlləri onların yanında qalacaqdır ki, Allah onların hər birinə: yaxşılığa yaxşılıqla, pisliyə də pisliklə tam əvəz versin. Onda Fövqəluca Allah buyuracaq: “Siz Bizim yanımıza Biz sizi ilk dəfə yaratdığımız kimi tək-tənha gəlmi­siniz və Bizim sizə əta etdiklərimizi arxanızda qoyub gəlmi­siniz. Biz sizin Allaha şərik qoşub, şəfaətçiləriniz hesab etdiyi­niz hamilə­rinizi sizinlə birlikdə görmürük. Aranızda əlaqələ­riniz kəslib və iddia etdikləriniz də sizi tərk ediblər” (Ənam, 6/94).

                     

(19.96) “İman gətirib, saleh işlər görənlərə Mərhəmətli sevgi əta edəcəkdir”.

Bu ayədə bəhs edilən məsələ - iman gətirib, saleh əməllər işləyənlərə Allahın Öz nemətini bəxş etməsindən gedir. Allah onları göylərdə və yerdə olan Öz mömin qullarının məhəbbətinə layiq görür. Bunun səbəbi onların xeyirxahlıqları, təbliğatı, nəsi­hət­ləri, insanların onlara hörmət bəsləməsi və onların göstərdik­ləri dindarlıq nümunələridir. Məhz buna görə səhih bir hədisdə belə rəvayət edilir: “Allah Öz quluna məhəbbət bəslədikdə, O, Cəbrailə bu sözlərlə müraciət edir: “Mən filankəsi sevdim, sən də onu sev!” Cəbrail də ona məhəbbət bəsləyir , sonra isə göylərin sakinlərinə bu sözlərlə müraciət edir: “Allah filankəsi sevir, siz də onu sevin!” Göylərin sakinləri həmin kəsə məhəbbət bəslə­məyə başlayırlar, sonra da ona yer üzündə hörmət edilməyə başlanır”. Allah belə insanlara Öz məhəbbətini ona görə bəxş edir ki, onlar Onu bundan əvvəl sevməyə başlamış olurlar, sonra isə Allah onları Öz mömin və sevimli qullarının məhəbbəti ilə əhatə edir.

                        

(19.97) “Biz onu sənin dilində asanlaşdırdıq ki, sən onunla  müttəqi insanları sevindirəsən və qatı mübahisəçiləri isə çəkindirəsən". 

Fövqəluca bu ayədə insanlara bəslədiyi mərhəmətini bil­dirir ki, onun sayəsində Müqəddəs Quran Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) dilini bilən hər bir kəs üçün anlaşıqlı və asandır. Onun sözləri sadədir, mə­naları olduqca aydın­dır ki, insanlar Quran ayələrinin mənalarını çətinlik çəkmədən anlaya bilsinlər və onlardan faydalansınlar. Bu ayələr müttəqi möminlər üçün bu dünyada və öləndən sonra Axirətdə mükafatlandırılacaqları haqqında müjdədir və insanlara həmin mükafata necə layiq görülə biləcəklərini öyrədir. Bununla yanaşı o ayələr yalanı canfəşanlıqla qoruyanlara və öz kafir­liyində inadkar­casına qalmaqda davam edənlərə xəbərdarlıq edir. Onlar  günah­karları nadan olmalarını bəhanə gətirməklə bəraət qazan­maq imkanından məhrum edir və onlara doğru yolu izah edir ki, nəsibi əbədi həyat qazanmaq olan, qoy tam şüurlu surətdə yaşasın, kimə də məhv olmaq nəsib olacaqsa, qoy o da məhv olacağına tam şüurlu surətdə hazır olsun. Bunları xatırlat­dıqdan sonra, Fövqəluca Allah kafirləri təhdid edərək bildirir ki, onları da, onlardan əvvəlkiləri məhv etdiyi kimi, məhv edəcəkdir.

                                  

(19.98) “Onlara qədər neçə-neçə nəslləri Biz məhv olmağa məruz qoymuşuq! Məgər sən onlardan kimisə hiss edirsənmi və ya onların bir hənirtisini eşidirsənmi?”

Nuhun xalqı, adlar, səmudlular – gör öz zalımlıqlarında tövbə etməkdən inadkarlıqla boyun qaçıran kafir xalqlar nə qədər çox imişlər! Allah onları məhv etdi və onları yer üzündən tamamilə süpürüb atdı. Onlardan hətta iz də belə qalmadı, lakin onların məhv olması haqqında rəvayətlər moizələrə və nəsihət­lərə əhəmiyyət verənlər üçün ibrətamiz öyüd dərsləridir.




[1] “Məryəm” surəsi Müqəddəs Quranın gözəl surələrindən  biridir və onun başlanğıc hərflərinin (Kəf. Ha. Yə. Ayn. Sad.) özünəməxsus özəlliyini qeyd etməyim yerinə düşərdi. “Quran heç tükənməyən möcüzə” adlı əsərdə bildirildiyi kimi, “sıra nömrəsi 19 olan bu şərəfli surə” ən çoxhərfli başlanğıc hərfi olan özəlliyə malikdir. Məhz bu beş hərf surədə 798 (19x42) dəfə keçir. Amma eyni sayda olan (5 hərf) 42-ci surədəki: Ha-Mim, Ayn-Sin-Qaf, həmin surənin cəmi iki ayəsində keçir). 19-cu (“Məryəm”) surəsindəki başlanğıc hərflərin surədə keçən saylarına nəzər salsaq (Kəf-137, Hə-175, Ye-343, Ayn-117, Sad-26), görərik ki, bunların cəmi 798 (19x42)–dir. Bundan başqa, bu başlanğıc hərflərin riyazi dəyərlərini bir-birinin arxasınca düzmüş olsaq (20 5 10 70 90=19x10795110 alınır ki, bu da 19 rəqəminin digər bir möcüzəsidir. Bu Quran surəsi də  onun digər surələri kimi başa düşülməsi asan olan, lakin təqlid edilməsi mümkün olmayan bir ilahi möcüzədir ki, Müqəddəs Kitabımızın Fövqəluca Allah tərəfindən vəhy edilməsini təsdiq edir. (Bax: “Quran heç tükən­məyən möcüzə”. (TC. İstanbul Yayın evi, 2005, səh. 405-406). İqtibasların türkcədən tərcüməsi mənimdir. F.S. 
  [2] Möhtərəm müəllifin bu müddəası bütün zamanlara şamil edilməyə bilər. Çünki bu gün bir çox Azərbaycanlı gənclərin saçlarının ağarması dövrün çətin anları, müharibə və sair problemlərlə bağlı olsa da, ölümün yaxınlaşması ilə bilavasitə səciyyələnmir. F.S.
[3] Bu kitabda böyük hərflə yazılmış “Hikmət” sözü – hər hansı peyğəmbərin şəriətinə işarə edir. F.S. 
[4] Xristian dinində “üç üqnimin” tərəflərindən (ipostas) birinin ifadə edilməsidir.  F.S.
 [5] Məhşər ayağında. F.S.
[6] Dilimizdə “sidqi ürəkdən danışmaq” ifadəsi işlədilir. Bu, ən doğru danışmaq deməkdir. “Sədaqətli” sözü isə andına, sözünə, vədinə sadiq olan adamı bildirir.  F.S.
[7] Müraciət, müraciətnamə, məktub, nəsihətnamə və s. mənasında xalqa, camaata, ölkələrə yönəldilən peyğəmbər məktubları, müraciətləri. F.S.
[8] Heç vaxt Allaha ibadət etməyən qullar nəzərdə tutulur. F.S.
[9] Təqvalılıq – Allahdan səmimiyyətlə qorxmaqdır. F.S.
[10] Fasiq – günahkar. F.S.

Комментариев нет:

Отправить комментарий