четверг, 3 мая 2012 г.

23. ƏL-MUMİNUN SURƏSİNİN ŞƏRHİ

ƏL-MUMİNUN
SURƏSİNİN
ŞƏRHİ
                      
                         Mərhəmətli və Rəhmli Allahın ad ilə![1]

     

(23. 1) “And içirəm ki, xilas olanlar – möminlərdir”,

Allah mömin qullarına iltifat göstərərək, onları Öz Kitab­ında xatırlamışdır. O (Pak və Müqəddəs Olan) xəbər vermişdir ki, möminlər səadətə və uğura nail olacaqlar və bunu necə əldə edəcəklərini də izah etmişdir. Bununla belə, O (Pak və Müqəddəs Olan) insanları bu möminlərin məziyyətlərinə uyğun olaraq öz mənəviyyatlarını nəcibləşdirməyə çağırmışdır. Qoy Allahın hər bir qulu özünü və ətrafındakıları bu ayələrin əsasında dəyərlən­dirsin. Ancaq belə olduqda o, özünün və ətrafındakı insanların imanının nə dərəcədə güclü və ya zəif olduğunu təyin etməyi bacarar. Fövqəluca bildirmişdir ki, insan böyük uğura nail olmaq və ən çox arzu etdiyi şeyi əldə etmək üçün Ona iman gətirməli və Onun elçilərinin həqiqiliyini təsdiq etməlidir. Sonra O (Pak və Müqəddəs Olan) belə iman sahiblərinin qüsursuz məziyyətlərini xatırladır:
          

(23. 2) “onlar namazlarında mütidirlər”,

Namazı itaətkarcasına qılmaq – özünü Fövqəluca Allahın hüzurunda və Onun yaxınlığındaymışsan kimi hiss etməkdir. Bu duyğunun sayəsində insanın qəlbi rahatlanır və sakitləşir. O, artıq hərəkətlər etmir və ətrafa baxmır, çünki öz Rəbbinə müraciət etdiyi məqamda nəzakətliliyə riayət etməyə can atır. O, namazının əvvəlindən sonuna qədər söylədiyi və etdiyi hər şeydən mütəəssir olur, həyəcan keçirir. Bütün bunlar ona şeytanın vəsvəsəsindən və yararsız fikirlərdən xilas olmağa kömək göstərir. Bax elə buna görə  mütilik müsəlmanın namazı­nın canı və mənasıdır. Allahın qulu bu halına görə böyük mükafat alır. Əlbəttə, insan namaz qılarkən bu duyğuya nail olmadıqda da mükafat alır, lakin böyük mükafat namaz zamanı söylədiklərini və etdiklərini bütün qəlbi ilə hiss edənlərə vəd edilmişdir.
                

(23. 3) “onlar hər hansı faydasız sözlərdən çəkinirlər”,

Onlar hər hansı faydasız və xeyir gətirməyən danışıqlar aparmağı arzu etməzlər. Onlar belə söz-söhbətlərdən çəkinər və onlara baş qoşmağı ləyaqətli hərəkət hesab etməzlər. Əgər onlar boş və faydasız danışıqlardan ciddiyyətlə uzaqlaşırlarsa, onda insanlar günahkar danışıqlar apardıqda, onlar daha böyük ehtiyat­lılıq büruzə verirlər. Əgər onlar öz dillərini xeyir gətirmə­yən hər şeydən qorumağa nail olurlarsa, onda onlar bədənləri ilə günah işlətməkdən daha yüksək dərəcədə çəkinirlər. Bir dəfə Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) Muaz b. Cəbələ (A.o.r.) nəsihət verərkən, belə dedi: “Sənə əsasların əsası haqqında xəbər verimmi?” O dedi: “Xəbər ver, ey Allahın Elçisi!” Belə olduqda o (s.ə.s.) öz dilindən tutub dedi: “Bax bunu saxla!” Məhz buna görə möminlərin ən çox təriflənən məziyyətlərindən biri – mənasız və haram söhbətlərdən çəkinməkdir.

          

(23. 4) “onlar zəkat verirlər”,

Onlar müxtəlif növ əmlaklarından vacib zəkat verərək, özlərini yaramaz əxlaqdan təmizləyir və bəd əməllərdən uzaqlaşırlar. Əgər insan onlardan təmizlənməyə nail olursa, o, mütləq öz qəlbini nəcibləşdirir. Bütün deyilənlərdən aydın olur ki, iman gətirənlər öz Xaliqinə qüsursuz ibadət edir, namazı müti halda qılır və həmçinin ətrafındakılara yaxşılıq edir və zəkat verirlər.

          ﭪ ﭫ                     

(23. 5) “onlar öz övrət yerlərini qoruyurlar”,
(23. 6) “ancaq zövcələri və malik olduqları cariyələr istis­nadır. Onlara görə qınanmazlar”, 
Onlar öz övrət yerlərini zinadan qoruyurlar. Amma bunu ən kamil tərzdə etməyə o şəxslər nail olurlar ki, onlar zinakarlığa sövq edə bilən hər şeydən çəkinmiş olsunlar. Belə zinakarlıq hallarına aid olan hərəkətlər: özgə qadına nəzər salmaq, ona toxunmaq və s. əməllərdir. Lakin möminlərə öz zövcələri və cariyələri[2] ilə intim əlaqəyə girməyə icazə verilir. Allah Öz qullarının bu davranışına icazə vermişdi və buna görə onlar qınanmırdılar[3].
                

(23. 7) “lakin bundan artığını istəyənlər həddi aşan­lardır”;

Hər hansı bir insan onun zövcəsi və ya cariyəsi olmayan bir qadınla intim əlaqəyə girmək istəyirsə, həddini aşmış olur. O bunu etdikdə, halalla qane olmayaraq, Allahın haramlarını pozur. Bu ayə ən geniş mənaya malikdir və buna görə İslam şəriəti mü­vəqqəti nikah bağlamağı qadağan etmişdir. “Müvəqqəti nikah­da”, insanın yan-yana yaşamaq niyyətində olduğu qadın nə zövcə, nə də cariyə hesab olunmur. Bu ayədən həmçinin belə bir nəticə çıxır ki, üç dəfə boşanmış ər-arvadın yenidən evlənmələ­rinə icazə almaq məqsədilə nikah bağla­ma­ları da haram edil­mişdir.
Qeyd etmək lazımdır ki, qul sahibi öz cariyəsi ilə cinsi əlaqəyə girmək hüququna o zaman malik olur ki, cariyə təkcə ona tam mənsub olmuş olsun. Əgər cariyənin eyni vaxtda iki sahibi varsa, onda onlar onunla cinsi əlaqəyə girə bilməzlər. Bu hökm ərəb ifadəsi olan “ma mələkət əymənukum” (“əlinizə keçirdik­lərinizin”) tərkibindən irəli gəlir. Azad qadın eyni vaxtda iki kişinin zövcəsi ola bilməz və cariyə də eyni vaxtda iki ağaya tam mənsub ola bilməz.
    ﭿ        

(23. 8) “onlar özlərinə etibar edilən əmanətə və əhdlərinə riayət edirlər”,

Ərəb sözü olan “əmənə” (“etibarlılıq”, “əmanət”) insanın Allah qarşısında və Allahın qulları qarşısında yerinə yetirməli olduğu bütün öhdəliklərinə aiddir. Bununla əlaqədar olaraq Fövqəluca Allah buyurur: “Biz göylərə, yerə və dağlara öhdələ­rinə məsuliyyət götürməyi təklif etdik, lakin onlar onu daşı­maq­­dan imtina etdilər və bundan qorxdular, insan isə onu daşımağa razılaşdı” (Əhzab, 33/72). Bu ayədə “əmənə” sözü “məsuliyyət” kimi tərcümə edilmişdir. Bu söz özlüyündə, insanın layiqincə yerinə yetirərək, qorumalı olduğu dinin bütün vacib hökmlərini ehtiva edir. Şübhəsiz ki, “əmənə” sözü həm də adam­ların, adətən, bir-birinə etibar etdikləri bütün əşyalara, sirlərə və çoxlu başqa şeylərə aiddir. Buna görə mömin insan Allah qarşı­sında və insanlar qarşısında öz vəzifələrinə diqqətlə yanaşma­lıdır. Fövqəluca buyu­rur: “Həqiqətən, Allah sizə əmr edir ki, sizə saxlanılmağa etibar edilmiş malı onun sahibinə qaytara­sınız” (Maidə, 4/58). Bununla yanaşı müsəlman insanlarla bağla­dığı əqdlərinə riayət etməlidir. Əgər insan müqavilə bağlayırsa, ona riayət etməli və onun şərtlərini yerinə yetirməlidir. Ona belə işlərdə səhlənkarlıq etmək və verdiyi vədlərə etinasızlıq göstər­mək qəti qadağandır.



          

(23. 9) “onlar namazlarını qoruyarlar”.

Onlar namazı onun üçün ayrılmış vaxtda müntəzəm qılar, onun tələblərini və vacib hökmlərini yerinə yetirərlər. Bu surənin lap əvvəlində Allah möminləri namaz zamanı Rəbbi qarşısında müti olmalarına görə tərifləmişdir. İndi isə O (Pak və Müqəddəs Olan) onları namazı müntəzəm qıldıqlarına görə tərifləyir. İnsan sadalanan hökmlərin hər ikisini layiqincə yerinə yetirdikdə, namazı qüsursuz qılar. Əgər insan namazı müntəzəm qılaraq özünü Allahın qarşısında hiss etmirsə və ya namazı qılarkən Rəbbi qarşısında qorxu hissi keçirirsə, lakin onu müntəzəm qılmırsa, onda o, qüsura yol verir və qınanmağa layiq olur.

                        

(23. 10) “Məhz onlar varisləridir”
(23. 11) “irs alıb, orada əbədi qalacaqları Firdovsun”.

Yuxarıda qeyd olunan bütün keyfiyyətlərə sahib olan möminlər mütləq Cənnətin ən ortasında ən uca və ən gözəl sahədə yerləşən Firdovs bağla­rının varisləri olacaqlar. Onlar bu mükafatı qazanmışlar, çünki onlar özlərini ən gözəl keyfiyyətlərlə bəzəməyə nail ola bilmişlər. Başqa bir şərhə görə isə, bütün Cənnət bütöv­lükdə Firdovs bağları adlandırılmışdır. Bu halda yuxarıda sada­lanan məziyyətlər bütün möminlərin keyfiyyətləri­dir ki, onların hər biri əməllərinə tam müvafiq gələn pilləyə yüksələcəklər. Möminlər orada əbədi qalacaqlar. Onlar öz məskənlərini tərk etməyəcək və o yeri dəyişdirməyi arzulamaya­caqlar, çünki onlar ən gözəl və ən kamil nemətlərdən ləzzət alacaqlar. Heç bir şey onların sevincinə xələl gətirməyəcək və heç nə onların əzab-əziyyətinə səbəb olmayacaq.

              

(23. 12) “And içirik ki, Biz insanı gil cövhərindən xəlq etmişik”[4].

Allah bu və bundan sonrakı ayələrdə hər bir insanın ardıcıl olaraq keçdiyi mərhələlərdən, onun yaradılmasından başlayaraq ta Axirət həyatı ilə nəticələnəcək sonu haqqında xəbər verir. Öncə Allah bildirir ki, bəşəriyyətin əcdadı olan Adəm gilin cövhə­rindən yaradılmışdır. Bu cövhərin gili Yerin bütün guşələrindən götürül­düyü üçün Adəmin nəslləri müxtəlif xüsusiyyətlərə malik­dirlər. Onların arasında vicdanlı insanlar da var, yaramaz adamlar da və həmçinin elələri də var ki, bu keyfiyyətlərə azca və ya yüksək dərəcədə sahibdirlər.
             

(23. 13) “Sonra Biz onu nütfə halında etibarlı bir yerə qoyduq”.
Allah insan nəslini bel sümüyü ilə sinə sümüklərinin arasından axan maye damlasından yaradır. Sonra bu damla etibarlı bir yerdə - qadın uşaqlığında yerləşdirilir və o orada xəstəliklər­dən, soyuqdan və qalan hər şeydən qorunur.

                                     ﯕﯖ         

(23. 14) “Sonra Biz damladan yapışıb sallananı (bir şeyi)[5] yaratdıq, sonra bu yapışıb sallananı çeynənmiş bir parçaya çe­vir­dik, sonra sallanmış parçadan sümüklər yaratdıq və bundan sonra sümük­ləri ətləndirdik. Sonra Biz onu başqa bir yara­dı­lışda böyütdük. Ən yaxşı Yaradan olan Allah necə də xeyir­xahdır”.

Qırx gündən sonra tədricən al rəngli qan laxtasına çevrilir. İnsan rüşeymi bu vəziyyətdə qırx gün də qalır və sonra o, kiçicik bir ət parçasına çevrilir və o, o dərəcədə kiçik olur ki, çeynənmiş tikəyə bənzəyir. Sonra isə bu incə ət tikəciyində sümüklər əmələ gəlməyə başlayır və onlar ət ilə örtülür. Beləliklə, sümüklər insan orqanizminin skeletinə çevrilir, ət isə onun libası rolunu oynayır. Belə bir vəziyyətdə insan rüşeymi hələ qırx gündə qalır. Sonra isə ona ruh üfürülür və bunun sayəsində cansız varlıq canlı dölə çevrilir. Böyük və Fövqəlxeyirxah Allah yaradanların Ən Yaxşısı, Öz məxluqlarına çox yaxşılıqlar əta edir. Fövqəluca buyurur: “Qeybi və aşkarı Bilən belədir, Fövqəlqüdrətlidir, Rəhmlidir və O, bütün yaratdıqlarını əla xəlq etmişdir və insanı da gildən yaratmağa başlamış, onun nəsllərini isə nifrətamiz maye damcısından törətmişdir, sonra ona mütənasib bir sima vermiş, ona Öz ruhundan üfürmüş və ona eşitmə, görmə və ürək əta etmişdir. Lakin sizin minnətdarlığınız necə də azdır!” (Səcdə, 32/6-9). Allahın yaratdığı bütün məxluqlar gözəldir, amma insan onların ən əlasıdır. Bundan da başqa, insan Allahın ən gözəl və təqdirəlayiq məxluqudur. Fövqəluca belə buyurur: “Biz insanı ən gözəl simada yaratdıq” (Tin, 95/4). Elə buna görə də insanın məziyyətləri – Allahın yaratdığı ən kamil və ən yaxşı məxluq­lar sırasına daxildir.

                         

(23. 15) “Siz bundan sonra mütləq öləcəksiniz”.
(23. 16) “Sonra isə, Qiyamət günü, siz hökmən dirildi­lə­cəksiniz!”

İnsana ruh verildikdən sonra, o, növbəti mərhələlərin birin­də ölməlidir. Qiyamət günü isə o dirildiləcək və etdiyi yaxşı və pis əməllərinin əvəzini alacaqdır. Bu barədə Fövqəluca belə buyurur: “Doğrudanmı insan zənn edir ki, o nəzarətsiz qoyu­lacaq? Məgər o, axan toxumun damlası deyildi? Sonra o, qan laxtasına çevrildi, sonra da O onu yaratdı və ona mütənasib bir sima verdi. O, ondan cütlük: kişi və qadın yaratdı. Məgər O, ölüləri diriltməyə qadir deyil?” (Qiyamə, 75/36-40).

                      ﯱﯲ

(23. 17) “And içirik ki, Biz sizin üzərinizdə bir-birinin üs­tündə olan yeddi göy yaratmışıq. Heç vaxt Biz yaratdıqlarımız­dan xəbərsiz olmamışıq”.

Fövqəluca Allah insanın xəlq edilməsini yada saldıqdan sonra, onun mənzil və çoxsaylı digər nemətlərlə təmin edildiyini bildirir. Bu nemətlər insana hər tərəfdən axıb gəlməkdədir. Allah yeddi göy yaratmışdır ki, onların biri digərinin üstündədir və onları insanlar üçün dam etmişdir. Bununla yanaşı onlar məxluq­lara çoxlu digər faydalar da verir. Onlar ulduzlarla, günəş və ayla bəzədilmiş saysız-hesabsız nemətlərin mənbəyin­dən ibarətdir.
Lakin Allah təkcə məxluqları yaratmamışdır – Onun ilahi elmi bütün varlığı əhatə etmişdir. Buna görə də elə bir məxluq tapılmaz ki, o, Allah tərəfindən unudulsun və ya yaddan çıxa­rılsın. Rəbb Öz qullarını sonradan onları unutmaq üçün yaratma­mışdır. O (Pak və Müqəddəs Olan) göyləri unutmur ki, yerə düş­sünlər, hətta dənizin dibinə çökən və ya ucsuz-bucaqsız səhralara yayılan bir qum zərrəsini belə nəzərindən qaçırmır. O (Pak və Müqəddəs Olan) bütün canlı varlıqlarını ruzi ilə təmin edir və buna görə O (Pak və Müqəddəs Olan) belə buyurur: “Yer üzündə bir canlı belə yoxdur ki, Allah onu ruzi ilə təmin etməsin. Allah onların olduğu və saxlandığı yeri bilir. Bütün bunlar aydın Kitabdadır” (Hud, 11/6).
Fövqəluca Allah çox tez-tez Kainatı yaratdığını və bütün varlıqlar haqqında hər şeyi bildiyini eyni vaxtda xatırladır. Fövqəluca buyurur: “Məgər Lütfkar və Hərşeyibilən Yaradan bunu bilməzmi?” (Mülk, 67/14); “Doğrudanmı göyləri və yeri Yaradan onlara oxşarını xəlq edə bilməzmi? Əlbəttə, axı O – Xaliqdir, Alimdir” (, 36/81). Bunlardan aydın olur ki, Kainatın yaradılması Xaliqin hüdudsuz elminin və müdrikliyinin təkzib­olunmaz dəlillərindən biridir.

                 ﭘﭙ             

(23. 18) “Biz göydən kifayət qədər su nazil etdik və onu yerdə yerləşdirdik. Şübhəsiz ki, Biz suyu geri götürməyə də qadirik”.

Allah insanların və heyvanların istifadəsi üçün göydən yağış nazil edir. Yağış suyu, bir qayda olaraq, məxluqların ehtiya­cını ödəyəcəyi miqdarda yağdırılır. Əgər o az yağdırılsaydı, onda insanların yaşayışı pozular, bitkilər və ağaclar məhv olardı. Lakin bu baş vermir, çünki Allah məxluqların ehtiyacı olduqda onlara yağış yağdırır və sonra onun kəslməsini əmr edir ki, su onlara ziyan vurmasın.
Yağış yağdıqdan sonra torpaq suyu canına çəkir və bunun sayəsində su bitkilərə nəsib olur. Bundan başqa, su yeraltı saxlanclarda toplanır. O, bu saxlancların dibinə çatana kimi torpağın dərinliklərinə çökməkdə davam edir. Lakin Allah məx­luqları bu mərhəmətindən məhrum etmək ixtiyarına malikdir. O (Pak və Müqəddəs Olan) elə edə bilər ki, yerə yağış yağmasın. O (Pak və Müqəddəs Olan) həmçinin elə edə bilər ki, yağış yağan kimi torpağın altına çöksün. O (Pak və Müqəddəs Olan) həm də elə edə bilər ki, insanlar sudan faydalana bilməsinlər. Bütün bunların Allahın qullarına xəbərdarlığı olduğunu onlar bilməli və nazil etdiyi nemətinə görə onları Rəbbinə şükür etməyə yönəltməli və düşündürməlidir. Allah onları sudan məhrum etsə, nələr baş verə bilər. Bu barədə Fövqəluca Allah buyurur: “De: “Necə bilirsiniz, sizin suyunuz yerin altına gedərsə, kim sizə bulaq suyu əta edə bilər?” (Mülk, 67/30).

                                    

(23. 19) “Onun vasitəslə Biz sizin üçün yediyiniz bol meyvə yetişən xurma bağları və üzümlüklər salırıq”.

Allah xurmalıqlara və üzümlüklərə xüsusi diqqət yetirir, çünki bu ağaclar qalan bitkilərdən üstündür və məxluqlara çox böyük fayda verir. Şübhəsiz ki, bütün qalan o biri ağac və bitkiləri də Allah yaratmışdır. Buna görə ayənin sonunda Allah insanların yediyi hər cür növdən olan meyvələri xatırladır. Bunlar - əncir, limon, nar, alma və bir çox başqalarıdır. 

                    

(23. 20) “Sina dağında bitən ağac da yağ və dadmaq istə­yənlərə çərəz verir”.

Barəsində bəhs edilən zeytun[6] ağacıdır ki, xüsusi diqqətə layiq görülmüşdür, çünki o, Şamda[7] geniş yayılmışdı və çox bö­yük faydası vardır. O ağaclar çox vaxt mənzilləri işıqlandıran yağ və ya yemək zamanı çərəz kimi istifadə edilən bar verir. Bunlarla yanaşı zeytun başqa məqsədlər üçün də istifadə edilir.

             ﭼﭽ     ﭿ                     

(23. 21) “Həqiqətən, ev heyvanları sizin üçün ibrətdir. Biz sizə onların qarnında olanı içirdirik. Onlar sizə çoxlu faydalar gətirir və siz onları yeyirsiniz”.

Allahın sizə göstərdiyi nemətlərindən biri də dəvələrin, inəklərin və qoyunların sizə ram edilməsidir. Onlar öyüd-nəsi­hətə qulaq asanlara öyüd-nəsihət və onlardan fayda əldə etmək istəyənlərə fayda verir. Allah sizə süd içirir ki, o, heyvanların qanı ilə mədəsinin və ya bağırsaqlarının tərkib hissələri arasında əmələ gəlir. Bu süd onu içən hər kəsə böyük məmnunluq bəxş edir. Bununla yanaşı siz bu heyvanların yunundan, zərif və cod tük­lərindən faydalanırsınız. Heyvanların dərisindən, Allahın mərhə­məti ilə, çadırlar hazırlayırsınız ki, səfərə çıxdıqda və ya istirahət üçün yolda­ dayandıqda, işinizi asanlaşdırır. Bu heyvan­ların əti və piyi ən dadlı yeməklərdən birinə çevrilir.

         

(23. 22) “Siz onların üstündə və gəmilərdə hərəkət edir­siniz”.

Siz minik heyvanlarının üstündə quruda hərəkət edir və öz ağır yüklərinizi daşıyırsınız. Onların üstündə uzaq ölkələrə gedib çıxırsınız, halbuki başqa yolla siz buna ancaq böyük əziyyətlər bahasına nail ola bilərdiniz. Siz dənizlərlə səyahət edəndə isə, sizi, azdan-çoxdan mallarınızı yüklədiyiniz gəmilər aparırlar. Sizə belə nemətləri bəxş etmiş Xeyirxahınız, sizə çox səxavətlilik göstərmiş və sizdən ötrü nemətlər bolluğu Yaradan, doğrudan da ən mükəmməl minnətdarlığa layiqdir. O (Pak və Müqəddəs Olan) sizin tərifinizə və Ona səylə ibadət etmənizə layiqdir və Onun bəxş etdiyi nemətlərinin insanlar tərəfindən günah işlərə sərf edilməsi Ona yaraşmır.

                                    ﮛﮜ     

(23. 23) “Həqiqətən, Biz Nuhu onun xalqının yanına göndərdik və o dedi: “Ey xalqım! Allaha ibadət edin, çünki sizin Ondan başqa ilahınız yoxdur. Məgər siz qorxmursunuz?”

 Fövqəluca ayədə qulu və elçisi Nuhun (ə) peyğəmbərliyini xatırladır. O (ə), Yerin sakinlərinə göndərilən elçilər dəstəsinin ilkincisi idi. Allah onu (ə) bütlərə və daşlara ibadət edən həmqə­bi­lələrinin yanına göndərmişdi. Ona (ə) əmr olunmuşdu ki, onları tək olan Allaha ibadətə dəvət etsin və buna görə o (ə) öz xalqına buyurmuşdu ki, tək olan Rəbbə səmimiyyətlə ibadət etsinlər. Bu ibadət mütləq ixlaslı olmalıdır, çünki bu məziyyətsiz ibadət düzgün sayılmır. Sonra o (ə) xalqına bildirir ki, təkcə Allah ilahlaşdırılmağa layiqdir və qalan bütün məxluqlara ibadət oluna bilməz. Allah, bütün digər məxluqların məhrum olduğu, bütün kamil sifətlərə malik Olandır. Sonra isə peyğəmbər (ə) həmyerli­lərini etiqad etdikləri bütpərəstlikdən qorxub çəkinməyə çağırır. Onlar saleh insanların təsviri həkk edilmiş daş heykəllərə ibadət edirdilər. Onlar o heykəlləri Allaha şərik qoşurdular. Nuh peyğəmbər (ə) öz xalqı arasında haqqı uzun müddət və inadla təbliğ edirdi. O (ə) onları gizlicə və camaat içində dəvət edir, onların aralarında gecələr də, gündüzlər də dəvət işi aparırdı və beləliklə, bu, doqquz yüz əlli il davam etmişdi. Lakin müşriklərin tərsliyi günbəgün daha da artırdı və düz yoldan daha da uzaqlaşırdılar.

                                                                         

(23. 24) “Amma onun xalqının iman gətirməyən öndərləri dedilər: “O, sizin kimi bir adamdır. O sizə rəhbərlik etmək istəyir. Əgər Allah istəsəydi, mələklər nazil edərdi. Biz keçmiş əcdadlarımızdan belə bir şey eşitməmişik”.

Nuhun (ə) təşviq etdiyi xalqının ağsaqqalları Allahın peyğəmbərinə (ə) müqavimət göstərirdilər və öz qohumlarına onun (ə) yolu ilə getməməyi tapşırırdılar. Onlar deyirdilər: “O, sizin kimi adi bir insandır. O, özünü peyğəmbər adlandırıb ki, sizə rəhbərlik etsin və siz də ona tabe olasınız. Əgər o sizlərdən biridirsə, onu nə sizdən üstün edə bilər?” Bütün zamanlarda Allahın elçilərinin (onlara salam olsun!) əleyhdarları onlara məhz bu tərzdə mane olmağa cəhd göstərərdilər. Lakin hər dəfə elçilər onlara ən inandırıcı formada cavab verərdilər. Fövqəluca buyu­rur: “Onlar deyirdilər: “Siz də bizim kimi insanlarsınız. Siz istəyir­siniz ki, bizi atalarımızın ibadət etdiklərindən uzaqlaşdı­rasınız. Bizə aydın dəlillər gətirin”. Elçilər onlara belə deyir­dilər: “Biz – sizin kimi adamlarıq. Lakin Allah Öz qullarından istədiyini Öz mərhəməti ilə mükafatlandırır” (14/10-11). Elçilər deyirdilər ki, Allah Öz mərhəməti ilə onları digər insanlardan üstün etmişdir və heç kim Ona maneçilik törətməyə və Onun Öz qullarına iltifat göstərməsinə mane olmağa qadir deyildir.
Kafirlər də deyirdilər ki, əgər Allah istəsəydi, onda yerə mələklər nazil edərdi. Bu etiraz da əsassız idi, çünki o, Onun iradəsi ilə bağlı idi. Əgər O istəsə idi, doğrudan da yerə mələkləri göndərərdi. Lakin O – Müdrikdir və Rəhmlidir. Allahın müdrik­liyi və rəhmdilliyi tələb edirdi ki, elçilər insanlara insanların arasın­dan seçilib göndəriləydi. Əgər onlara mələklər göndəril­səydi, onda insanlar onlarla ünsiyyətə girə bilməzdilər. Buna görə onlar hər dəfə insan formasına düşməli olardılar və sonra yenə də öz əsil formalarına çevrilməli idilər.
Kafirlər həm də deyirdilər ki, heç vaxt öz əcdadlarından Allahın elçiləri barədə eşitməyiblər. Məgər onların atalarının və ya babalarının elçilər haqqında məlumatlarının olmaması inandı­rıcı bir dəlil idimi? Onların əcdadlarının öz tarixlərini bilməməsi, yəni onların nadanlığı inandırıcı dəlil ola bilməz. Əgər onlara doğrudan da elçilər göndərilməmişdisə, onda onlar doğru yolla gedə bilər və elçilərə ehtiyacları olmazdı. Lakin əgər onlar doğru yolla getmirdilərsə, deməli belə olduğu halda, o insanlar ki, elçilərlə görüşməyə nail olurdular, onlar göstərdiyi bu mərhəmə­ti­nə görə Allaha həmd etməliydilər, çünki onların ata-babaları bu şərəfə nail edilməmişdilər və buna görə heç bir təsəvvürə malik deyildilər. Əcdadlarının nail olmadığı neməti Allahın onlara verməsini rədd etmək yaramaz!

                        

(23. 25) “O, şübhəsiz ki, cin tutmuş bir adamdır. Onu bir müddət nəzarət altında saxlayın”.

Onlar Allahın Elçisini (ona Allahın salavatı və salamı ol­sun!) divanə adlandırır və bir-birilərinə onun (s. ə. s.) ölümünü gözlə­məyi təklif edirdilər. Kafirlərin Elçinin (s. ə. s) peyğəmbər­liyini inkar etməyə cəhd göstərərək gətirdikləri şübhəli dəlilləri onların öz imansızlığına və inadkarlıqlarına sübut idi. O dəlillər həm də kafirlərin hədsiz cahilliyinə və azğınlığına dəlalət edirdi. Belə dəlillər heç vəchlə haqqa qarşı duruş gətirməyə qadir ola bilməz. Biz bu barədə öncə xatırlatmışdıq. Bundan başqa bu sübutlar ziddiyyətlidir və bir-birilərini inkar edir. Başlanğıc dö­nəm­də kafir­lər Peyğəmbəri (s.ə.s.) onlar kimi olan və onlara rəhbərlik etmək istəyən adi insan adlandırır­dılar. Onlar onun, onlara hökmranlıq etmək üçün hiylə işlətməyə cəhd göstərən ağlı başında bir insan olduğunu qəbul etmişdilər. Onlar bir-birilərini ondan (s.ə.s) çəkin­məyə çağırırdılar ki, kimsə onun (s.ə.s) təbliğa­tına uymasın. Amma məgər kafirlərin bu rəftarını divanəlikdə təqsirləndirməklə necə uzlaşdırmaq olar? Halbuki onlar sonradan Peyğəmbərə (s.ə.s) məhz belə böhtanlar atırdılar. Həqiqətən, belə davranış tələyə düşmüş azğınların nəsibi olur və onlar istənilən yolla öz baxışlarını müdafiə etməyə cəhd göstərirlər. Amma Nuhun (ə) qəbilədaşları öz məqsədlərinə nail ola bilmədilər, çünki Fövqəluca Allah istəmişdir ki, Onunla və Onun elçiləri ilə düşmənçilik edən hər kəs alçaldılsın və rüsvay edilsin.

             

(23. 26) “O dedi: “Ey Rəbbim! Məni yalançı saydıqlarına görə mənə kömək et”.

Nuh peyğəmbər (ə) gördükdə ki, təbliğatı həmqəbilələrini haqdan daha da uzaqlaşdırır, Rəbbindən kömək dilədi. O (ə), adamların onun (ə) nəsihətlərini rədd etmələrinə və Allahın elçi­lərinə iman gətirməkdən boyun qaçırmalarına hiddətlənərək dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər də kafir sakin qoyma! Əgər sən onlardan saxlasan, onlar Sənin qullarını azdıracaq və təkcə günahkar kafirlər törədəcəklər” (Nuh, 71/26-27). Quranda həmçinin belə deyilir: “Nuh Bizə dua etdi, Biz isə dualara gözəl cavab veririk” (Saffat, 37/75).

                                 ﯸﯹ               ﯿ ﰂﰃ ﰄ      ﰆﰇ            ﰌﰍ     

(23. 27) “Biz ona belə vəhy etdik: “Gözlərimizin qarşı­sında  və vəhyimizə uyğun bir gəmi düzəlt. Əmrimizin gəldiyi və təndir qaynayıb coşmağa başladığı zaman, həm hər canlıdan bir cüt, həm də, qərq ediləcəkləri barədə öncədən hökmümüz verilmişlər istisna olmaqla, ona öz külfətini mindir. Amma zalımlıq edənlər barəsində mənə müraciət etmə, çünki onlar suda mütləq qərq ediləcəklər”.

Fövqəluca Öz peyğəmbərinin (ə) duasını qəbul etdi və ona (ə) xilasa necə nail olmaq və fəlakət baş verməmişdən öncə ona hazırlaşmağı öyrətdi. O (Pak və Müqəddəs Olan) gəmini Onun gözləri qarşısında inşa etməyi ona (ə) təlqin etmişdi. Bu ifadə ona dəlalət edir ki, Nuh (ə) gəmini Allahın iradəsi ilə və Onun köməyi sayəsində hazırlayırdı[8]. Allah onu (ə) mühafizə edir və onun (ə) qayğısını çəkirdi, çünki həmişə onu (ə) görür və dualarını eşidirdi. Allah ona (ə) vəhy etmişdi ki, çox yaxın vaxtlarda daşqın baş verəcək və o, kafirlər üçün cəza olacaqdır. Onda su hər yerdən fontan vurub fışqıracaq və hətta, adətən, həmişə odun şölələndiyi və suyun olmadığı sobalardan belə su axıb töküləcək. Buna görə, Nuha (ə) əmr olunmuşdu ki, hər növ heyvanların hərəsindən bir dişi və bir erkək olmaqla bir cütünü gəmidə yerləşdirsin ki, sonradan onlar öz növlərini təkrar artıra bilsinlər və Allahın ilahi müdrikliyinə müvafiq olaraq yer üzündə heyvanların varlığı saxlanıla bilsin. Ona (ə) həmçinin əmr olun­muşdu ki, həlak ediləcəyi öncədən müəyyən edilmişlərdən başqa, yerdə qalan öz ailə üzvlərini də gəmidə yerləşdirsin. Bu bəd­bəxtlərdən biri də xeyirxah peyğəmbərin (ə) oğlu idi. Bununla bərabər, Allah Nuha (ə), fasiqlərin xilas olunması məqsədi ilə Ona dua etməyə yasaq qoymuşdu, çünki Allahın təyin etdiyi qədərinə müvafiq olaraq, onlar daşqında mütləq həlak olmalıydılar.

                                            

(23. 28) “Sən səninlə olanlarla birlikdə gəmiyə mindikdən sonra, de: “Bizi zalım insanlardan xilas edən Allaha həmd olsun!” 

Siz gəmidə yerləşdikdən sonra, o sizi açıq dənizə apara­caqdır və onda Allaha həmd edin, xilasınıza və əmin-amanlığa çıxmağınıza görə Ona şükür edin. Onu, sizi fasiq adamlardan xilas etməsinə görə tərifləyin. Fövqəluca, Nuha (ə) və onun ardınca gedənlərə öz Rəbbinə hansı sözlərlə minnətdarlıq etməyi, onları cəzadan xilas etdiyinə və zalım qəbilədaşlarının çəngindən qurtar­dığına görə Ona necə həmd etməyi öyrədir.

                    

(23. 29) “Həmçinin de ki: “Ey Rəbbim! Məni bərəkətli bir yerə çıxart, axı Sən – məskunlaşdıranların Ən Xeyirlisisən!”

Ey Nuh! Sizi xilas etməkdən başqa yenə bir nemət gözləyir və buna görə Allaha dua edin ki, onu sizə əta etsin. Allaha dua edin ki, bərəkətli bir yer tapmaqda sizə köməklik göstərsin. Mö­min­lər bu hökmü yerinə yetirmişdilər və Allah da onların duala­rını qəbul etmişdi.
Fövqəluca buyurur: “Su çəkildi və hökmümüz gerçək­ləşdi. Gəmi əl-Cudiyə yan aldı və deyildi: “Məhv olsun zalım adamlar!  Nuh Rəbbinə dua etdi: “Ey Rəbbim! Oğlum – ailəmin bir hissəsi­dir. Sənin vədin haqdır və Sən – hakimlərin ən Müdrikisən. O buyurdu: “Ey Nuh! O – sənin ailənin bir hissəsi deyil, belə dav­ranış yaxşı deyil. Bilmədiyin şeyi Məndən soruşma. Həqiqətən, Mən səni cahillərdən biri olmamağa dəvət edirəm. O dedi: “Ey Rəbbim! Bilmədiyim şeyi Səndən soruş­maqdan Sənə sığınıram. Əgər Sən məni bağışlamasan və əfv etməsən, mən ziyana uğra­mışlardan olaram”. Ona belə buyu­ruldu: “Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə Bizim bəxş etdiyimiz əmin-amanlıq və bərəkətlə gəmidən düşün! Lakin elə ümmətlər də olacaq ki, bir müddət onları faydalandıracağıq, sonra da onlar Bizim tərəfimizdən şiddətli əzaba məruz qoyulacaqlar" (Hud, 11/44-48).
                 

(23. 30) “Şübhəsiz ki, bunda ibrət götürülməli dəlillər var­dır və, həqiqətən, Biz imtahandan belə keçiririk”. 

Bu hekayətdə çoxlu ibrət götürüləsi hikmətlər vardır ki, onlar Allahın ibadətə layiq Vahid Rəbb olmasına və Allahın elçisi Nuhun (ə) doğruçuluğuna, onun yalançı həmqəbilələrinin yara­maz­­lığına dəlalət edir. Bu əhvalatda elə sübutlar vardır ki, onlar Onun Öz qullarına bəslədiyi mərhəmətini göstərir. Bu mərhəmət – bəşəriyyəti onun əcdadı olan Nuhun (ə) belində[9] nəhəng bir gəmi ilə xilas etməsində özünü göstərmişdi, halbuki yer üzünün qalan bütün sakinləri suya qərq edilib boğulmuşdular. Digər bir dəlil gəminin özü idi ki, Fövqəluca onun barəsində belə bu­yurmuşdu: “Biz onu taxta və mismardan ibarət gəmidə apardıq. O, Bizim Gözlərimiz qarşısında iman gətirməyənlərə dərs olsun deyə üzürdü. Biz onu bir dəlil olaraq saxladıq. Lakin bunu xatırla­yanlar varmı?” (Qəmər, 54/13-15). Bax buna görə bu heka­yətdən ibarət olan şərh etdiyi­miz ayədə çoxsaylı dəlillərdən və çıxarılmış faydalı nəticələrdən bəhs edilməkdədir.  

                

(23. 31) “Onların ardınca Biz digər nəsl yaratdıq”.

Nuh (ə) və onun həmqəbilələri və habelə kafirləri haqlamış cəza xatırlandıqdan sonra, Fövqəluca Allah insanların digər nəslinin yaradılması haqqında xəbər verir. Yəqin ki, söhbət Səmud qəbiləsindən – Saleh peyğəmbərin (ə) xalqından gedir, çünki sonrakı ayələr bu xalqın tarixinə çox oxşayır.

                      ﭿ               ﮄﮅ     

(23. 32) “Biz onlara özlərindən elçi göndərdik: “Allaha ibadət edin, çünki Ondan başqa digər ilah yoxdur. Məgər siz qorxmursunuz?” 

Onlara öz aralarından çıxmış elçi gəldi. Onlar onun (ə) əslini, məziyyətlərini və doğruçuluğunu bilirdilər və bu, ona (ə) tabe olmağı onlara vacib edirdi. Onların öz həmqəbiləsinə kin bəsləməyə əsasları yox idi. O (ə) onları, Allahın bütün elçilərinin öz xalqlarını dəvət etdiyinə, dəvət edirdi. O (ə) onlara Allaha ibadət etməyi əmr edirdi, çünki Allahdan başqa ibadətə layiq olan ilah yoxdur. Digər elçilər də eynilə belə edirdilər. Onların hamısı öz dəvətini Bir olan Allaha ibadətə və təkcə Onun ibadətə layiq olması ilə çağırışa başlayırdılar. Bununla yanaşı onlar məxluqlara ibadət etməyə qadağa qoyur və belə əməllərin əbəs və naqis olduğunu izah edirdilər. Məhz buna görə, peyğəmbər (ə) öz həmqəbilələrini Rəbdən qorxmağa, bütlərə və daş heykəllərə ibadətdən əl çəkməyə çağırırdı.

                                                                     ﮢ ﮣ              

(23. 33) “Onun xalqının iman gətirməyən və Axirət həya­tını yalan sayan, Bizim dünya həyatında bol nemətlər əta et­diyimiz  adlı-sanlı adamları dedilər: “Bu – sizin kimi adi bir insandır. O, sizin yediyinizdən yeyir, içdiyinizdən içir”.  
(23. 34) “Əgər siz özünüz kimi bir adama tabe olsanız, mütləq zərərə düşərsiniz”.

Onun xalqının başçıları naşükürlük, inadcıllıq, dirilməyə və əvəz veriləcəyinə inamsızlıq kimi keyfiyyətləri birləşdirirdilər. Onlar dünyəvi nemətlərin bolluğu ilə pozğunlaşmışdılar və peyğəmbərə (ə) müqavimət göstərməyə cəsarət edirdilər. Onlar onu (ə) yalançı saydılar və insanları ondan çəkindirməyə çalı­şaraq belə deyirdilər: “Bu, sizin kimi sadə bir adamdır. O sizin kimi yeyib, içir. O, sizin hamınızdan nə ilə üstündür? Bax, əgər o, yemək yeməyən və su içməyən mələk olsaydı! Lakin əgər siz sizdən heç nə ilə üstün olmayan bir insanın ardınca getsəniz və onu öz rəhbəriniz etsəniz, ağıldan məhrum olan adamlar kimi davranmış olarsınız və hökmən etdiyinizdən peşman olarsınız”.
Kafirlərin sözləri qəribə idi. Zərərə düşən və etdiklərinə təəssüflənən təkcə peyğəmbərlərin yolu ilə getməyənlər və onlara tabe olmayanlar ola bilərlər. Allahın ona Öz vəhylərini nazil etməklə və peyğəmbərlik əta etməklə ehtiram göstərdiyi insana itaət etməyə təkəbbürü imkan verməyən şəxslər gör necə də cahil və axmadırlar! Ağaclara və daşlara ibadət etməyə aldanmış kəslər isə gör necə də cahil və axmaqdırlar!
Bu ayə aşağıdakı sözlərə necə də oxşayır: “Səmudlular xəbərdarlığı yalan saydılar. Onlar dedilər: “Doğrudanmı biz özü­müzdən olanın ardınca gedəcəyik? Bu halda biz azğınlığa uğra­mış olarıq və əzab-əziyyət çəkərik (və ya haqdan uzaq­la­şa­rıq). Doğrudanmı bizim hamımızın aramızdan Zikr təkcə onamı göndərilmişdir? Heç də yox! O – lovğa yalançıdır!” (Qəmər, 54/23-25). Onlar öz peyğəmbərini yalançı sayıb, rədd etdik­dən, ölümdən sonra dirilməyə və edilən əməllərə görə əvəz alınacağına iman gətirməyərək, belə dedilər:

                                         

(23. 35) “Doğrudanmı o, sizə vəd edir ki, siz öldükdən, toz-torpağa və sür-sümüyə çevrildikdən sonra dirildiləcək­siniz?”
(23. 36) “Heyhat, sizə vəd edilən şey çox uzaqdır”.

Onlar belə qərara gəldilər ki, vəd edilən dirildilmə ağlasığ­mazdır, çünki o zamana qədər bədənlər torpağa və sür-sümüyə  dönəcəklər. Onlar dar düşüncəli adamlar idilər və özləri ölüləri dirildə bilmədiklərinə görə bu nəticəyə gəlmişdilər. Bununla onlar öz imkanlarını Xaliqin fövqəlqüdrəti ilə müqayisə edirdilər. Həqiqətən də, Allah buna bənzər müqayisələrdən sonsuzluğa qədər uzaqdır!
Onlar qərara almışdılar ki, O (Pak və Müqəddəs Olan) me­yitləri diriltməyə qadir deyil və Onun qüdrətini cüzi sayırdılar. Onlar unutmuşdular ki, onları ilk dəfə O yaratmışdır. Onlar başa düşməmişdilər ki, insanın bədəni çürüdükdən sonra, insanı heç­likdən yaradan Xaliq üçün onu yenidən yaratmaq olduqca asan­dır. Bu Onun üçün heç bir çətinlik yaratmır.
Kafirlər niyə ilk dəfə yaradılmalarını inkar etmədilər? Əgər onlar təkcə maddi aləmin mövcud olduğuna inad etsəydilər və iddia etsəydilər ki, əbədi mövcuddurlar, onda dirildilməni inkar edə bilərdilər. Onda peyğəmbərlər böyük Yaradanın var olduğu­nu sübuta yetirməyə başlardılar. Bəs niyə onlar bunu etmədilər?
Lakin dirildilmənin doğru olmasının yenə bir sübutu var­dır. Allah quru torpağı həyata qaytarır, bu isə o deməkdir ki, O (Pak və Müqəddəs Olan) bütün varlığın hökmranıdır və ölüləri də dirildə bilər. Budur, Allahın, dirildilməyə iman gətirməkdən boyun qaçıran insanlara təqdim etdiyi daha bir dəlil. Onlar demişdilər: “Bu – qəribə bir şeydir! Doğrudanmı bu, biz ölən­dən toz-torpağa çevriləndən sonra baş verəcək? Bu qayıdış ağlasığmazdır!” (Qaf, 50/2-3). Allah isə onlara belə cavab verir: “Biz bilirik ki, Yer onları  nədən məhrum edir və Bizim (yadda) saxlayan Kitabımız vardır”  (Qaf, 50/4).

                                                        

(23. 37) “Bu dünyada bizim həyatımızdan başqa heç nə yoxdur. Biz ölürük, yaşayırıq və biz dirildilməyəcəyik”.
(23. 38) “O – sadəcə adi bir insandır, Allaha böhtan atmış­dır və biz də ona iman gətirmirik”.

“Bir qisim insanlar ölür  və onların əvəzinə dünyaya yeniləri gəlir, lakin heç kim dirildilməyəcək. Bu insan isə diva­nədir və belə hesab edir ki, təkcə bir Allaha ibadət etmək və Axirətə inanmaq lazımdır. Siz onu nə öldürməli, nə də başqa cəzaya məruz qoymamalısınız. Ona qarşı mərhəmətli olun, axı o divanəlikdən əzab çəkir və öz sözlərinə görə cəzalandırıla bilməz”.
Bu insanlar, öz azğın baxışlarına istinad edərək, qərara almışdılar ki, Allahın Peyğəmbəri (ə) ilə onun təbliğatının doğ­rulu­ğu barədə mübahisə etməyə dəyməz. Onlar belə güman edirdilər ki, onu təkcə cəzalandırmaq və ya bağışlamaq məsələ­sini müzakirə etməyə dəyər. Onlar özlərini ağıllı insanlar hesab edərək, onu (ə) əfv etməklə, layiq olduğu cəzaya məruz qoyma­mağı üstün tutdu­lar. Belə inadkarlıq­dan və kafirlikdən daha pis nə ola bilər?!

                            ﯿ           ﰄﰅ           

(23. 39) “O dedi: “Ey Rəbbim! Mənə kömək et, axı onlar məni yalançı saydılar!”
(23. 40) “Buyurdu: “Onlar çox tezliklə peşman olacaqlar”.
(23. 41) “Onları müdhiş bir səs haqlı olaraq yaxaladı və Biz onları selin apardığı zir-zibilə çevirdik. Məhv olsun zalımlar!”

Fasiqlərin kafirliyi ən yüksək həddə çatdıqda peyğəmbər (ə) də əmin oldu ki, heç bir öyüd-nəsihət onlara fayda vermək gücündə deyil, o (ə) həmqəbilələrini lənətlədi və Allahdan xahiş etdi ki, onları, Axirətdə cəzalandırılana qədər, elə bu dünyada da alçaldıcı cəzaya məruz qoysun. Allah onun (ə) duasına cavab verdi və vəd etdi ki, fasiqlər çox tezliklə törətdiklərinə görə peşman olacaqlar. Doğrudan da, tezliklə onları tükürpədici bir fəryad yaxaladı və onların hamısını axırıncı adamına kimi həlak etdi. Bu cəza ədalətsiz cəza deyildi, çünki onlar öz zalımlıqları ilə buna layiq olmuşdular.
Allah onları daşqın sularına qarışmış quru saman kimi vahələrin künc-bucağında ilişib qalan çör-çöpə çevirdi. Başqa bir ayədə deyilir: “Həqiqətən, Biz onlara ancaq bir müdhiş fəryad nazil etdik və onlar ağıldakı samana çevrildilər” (Qəmər, 54/31). Lakin onların əzab-əziyyəti bununla bitmədi, çünki cəzadan sonra onlar lənətə və bütün aləmlərin sakinlərinin gözü qarşısın­da alçaldılmaya layiq edildilər. Fövqəluca belə buyurur: “Nə göy, nə də yer onlara görə ağlamırdı və onlara möhlət də verilmədi” (Duxan, 44/29). Bu məcaz onu göstərir ki, Allahın məxluqları on­la­rın həlak edilməsi ilə heç də kədərlənməmişdilər və eynilə on­ların mövcudluğuna da əhəmiyyət vermirdilər. Bu – həyatını iti­rərkən yaxınlarına ağrı-acı verən möminlərdən tamamilə fərqlə­nən kafirlər üzərində acı istehza idi. Həqiqətən, möminlər vəfat edərkən onlara görə göylər də, yer də ağlayır. Buna görə bir hədisdə deyilir ki, möminin ölümündən sonra, onun namaz qıldığı və Allaha ibadət etdiyi yer, onun əməllərini yuxarıya qaldıran mələklər və onun üçün ruzi gətirən mələklər və onun özündən sonra yerdə qoyduğu əməllərinin bəhrələri də ağlayır­lar. Əl-Həsən rəvayət etmişdir ki, dünyasını dəyişmiş mömin üçün göylərin və yerin sakinləri ağlayırlar. Həmin kafirlər ilə isə iş tamamilə başqa idi. Onların həlak edilməsi vaxtı çatanda, onlara möhlət də verilmədi. Əksinə, onlar hələ yerdə yaşadıqları zaman tez gələn cəza aldılar.
Bir sözlə, göylərin və yerin sakinləri fasiqləri yaxalamış cə­za­ya görə kədərlənmədilər, çünki onların hərəkətləri nifrətamiz idi və onlar kafir olaraq ölmüşdülər. Fövqəluca Allah onlara töv­bə etmək və yol verdikləri nöqsanları aradan qaldırmaq üçün möhlət belə vermir. Bu isə onlara qarşı bəslənən nifrətin təzahü­rüdür.

                                          ﭜﭝ               ﭣﭤ           ﭩﭪ              

(23. 42) “Onların ardınca Biz sonrakı nəslləri yaratdıq”.
(23. 43) “Heç bir ümmət öz əcəlini nə qabaqlaya, nə də yubandıra bilər”.
(23. 44) “Sonra Biz bir-birinin ardınca Öz elçilərimizi göndərirdik. Hər dəfə, elçi hər hansı bir xalqın yanına gəldikdə, onlar onu yalançı adlandırırdılar. Biz onları bir-birinin ardınca göndərirdik və onları əfsanələrin mövzusu edirdik. Məhv olsun kafirlər!”

Bu inadkar kafirlərin həlak edilməsindən sonra Allah insanların digər nəsllərini yaratdı. Hər bir xalq üçün müəyyən əzəl təyin edilmişdi ki, insanlar onların gəlişini nə tezləşdirə, nə də ləngidə bilməzdilər. Onların yanına bir-birinin ardınca Allahın elçiləri göndərilirdi ki, insanlar iman gətirsinlər[10] və haqqı başqalarına da izah etsinlər. Lakin naşükürlük və inkarçılıq yolsuz xalqların ayrılmaz xassələrindəndir. Hər dəfə Allah elçisi zalım kafirlərin yanına gələndə, onlar onu, çoxsaylı möcüzələr göstərməsinə baxmayaraq, yalançı adlandırırdılar, halbuki bu hər biri ayrılıqda kifayət idi ki, insan iman gətirsin. Bu xalqlardan sadəcə olaraq peyğəmbərlərin onlara söylədiklərinə və hökmlə­rinə diqqətlə qulaq asmaq tələb olunurdu ki, bunun əsasında da onlar Allahın elçilərinin (onlara salam olsun!) bütün gətirdiklə­rinin həqiqət olmasına əmin olaydılar. Buna görə Allah kafir xalqları sonuncu nəfərinə kimi məhv edir, məskənlərini viran qoyur və onların haqqında hekayətləri müdriklik qaynağı olan əfsanələrə çevirirdi. İnsan bir-birilərinə bu xalqlar haqqında əfsanələr rəvayət edirdilər ki, bunlar da təqva sahibləri üçün nəsihətamiz dastan, allahsızlar üçün isə cəza və rüsvayçılıq rolunu oynayırdı. Allah onları məhv etsin! Onlar necə də bədbəxtdirlər! Allah onları yox etsin! Onların əqdləri necə də ziyanlıdır!
Bir dəfə mən adını xatırlaya bilmədiyim ilahiyyatçılardan birinin sözlərini oxumuşdum. O belə hesab edirdi ki, Musanın (ə) gəlişindən və Tövratın nazil edilməsindən sonra, Allah kafir xalqların kökünü kəsmir, möminlərə inadkarlıqla kafirlik edənlərə qarşı mübarizə aparmaq hökmü vermişdir. O vaxt mən bu ilahiyyatçının nəyə istinad etdiyini bilmirdim. Mən bu ayələr və “əl-Qəsəs” surəsinin vəhyləri üzərində düşünməyə başlayan­da, mənə onun dəlilləri aydın oldu. Şərh etdiyimiz ayələrdə Allah, bizə Musa peyğəmbəri (ə) Tövrat ilə göndərənədək bir-birini əvəz edən kökləri kəslmiş xalqlar haqqında xəbər ver­miş­dir. Bu, Allahın Fironu məhv etməsi ilə ziddiyyət təşkil etmir, çünki onun qoşunları Tövratın nazil edilməsindən öncə məhv olmuşdu. “Əl-Qəsəs” surəsinin ayələri məsələyə bir daha aydın­lıq gətirir. Fironun məhv olmasını xatırlatdıqdan sonra, Fövqəluca Allah buyurur: “İlk nəslləri həlak edərək, Biz Musa­ya, insanlara əyani nəsihət, haqq Təlim və mərhəmət kimi Kitab əta etdik ki, onlar nəsihəti xatırlaya bilsinlər” (Qəsəs, 28/43). Tamamilə aydındır ki, Allah Musaya (ə) Kitabı kafir xalq­ları həlak etdikdən sonra vermişdir. O (Pak və Müqəddəs Olan) bildirir ki, bu Kitab mömin­lərdən ötrü düz yol üçün əyani nəsihət, Təlimat və mərhəmət olmalıdır.
Yəqin ki, aşağıdakı vəhyi məhz belə izah etmək olar: “On­dan sonra Biz onların xalqlarına elçilər göndərdik. Elçilər on­lara açıq-aydın dəlillər gətirirdilər, lakin onlar, əvvəllər rədd etdiklərinə iman gətirmək istəmirdilər. Biz cinayətkarların ürə­yini belə möhürləyirik. Onlardan sonra Biz Musanı və Harunu Öz möcüzələrimizlə Fironun və onun əyanlarının yanına gön­dərdik, lakin onlar təkəbbürlülük göstərdilər. Onlar günahkar xalq idi” (Yunus, 10/74-75). Bunun ən yaxşısı Allaha məlumdur.

                                      ﭿ 

(23. 45) “Sonra Biz Musanı və onun qardaşı Harunu Öz möcüzələrimizlə və aydın dəlillərimizlə”
(23. 46) “fironun və onun əyanlarının yanına göndərdik, lakin onlar təkəbbürlülük göstərdilər, axı onlar onsuz da dik­baş idilər”.

İmran oğlu Musa (ə) Rəhmli Rəbbin Özü ilə danışan elçi olmuşdur. O (ə) Allahdan xahiş etmişdi ki, qardaşı Harun (ə) da onunla (ə) birlikdə peyğəmbərlik yükünü onunla bölüşdürsün. Allah da onun (ə) xahişini qəbul etmişdir. O (Pak və Müqəddəs Olan) onları, doğruluqlarına şəhadət verən və bütün təbliğ etdiklərinin haqq olduğunu təsdiq edən dəlillərlə təchiz etmişdi. O (Pak və Müqəddəs Olan) onlara həmçinin aydın bir dəlil də vermişdi ki, bu dəlil o dərəcədə inandırıcı idi ki, zəhmət çəkmə­dən insanlarını ürəyini ələ ala bilirdi. Bunun sayəsində mömin­lərin ürəkləri haqqın qarşısında səcdəyə gəlir, inadkar allahsızlar isə özlərinə bəraət qazanmaq imkanından məhrum olurdular.
Bu ayələr aşağıdakılara bənzəyir: “Biz Musaya doqquz aydın möcüzə əta etdik. İsrail oğullarından soruş ki, Musa onların yanına necə gəlmişdi və Firon ona demişdi: “Ey Musa! Həqiqətən, mən güman edirəm ki, sən sehrlənmisən”. (Musa) dedi: “Sən artıq bilirsən ki, kimsə deyil, təkcə göylərin və yerin Rəbbi onları əyani dəlillər kimi nazil etmişdir. Ey Firon! Mən düşünürəm ki, sən həlak olacaqsan” (İsra, 17/101-102);
“Bizim möcüzələrimiz əyani olaraq onlara göstərildikdə, onlar dedilər: “Bu – açıq bir sehrdir”. Onlar dəlilləri zalımca­sı­na və təkəbbürlə rədd etdilər, halbuki onlar ürəklərində dəlil­lərin doğruluğuna əmin idilər” (Nəml, 27/13-14).
Bu surədə Fövqəluca xəbər verir ki, Musa və Harun Fir­onun, Hamanın və Fironun ətrafına daxil olan digər fasiqlərin yanına göndərilmişdilər. Lakin onlar Allaha iman gətirməkdən təkəbbürlə imtina etmiş və Onun elçiləri qarşısında təşəxxüs göstərmişdilər. Onlar özlərini əzəmətli və hakimiyyət sahibləri kimi hiss edirdilər və yer üzündə şərəfsizlik yayırdılar və onların haqqa qarşı bu rəftarlarında təəccüblü bir şey yoxdur.

                            

(23. 47) “Onlar dedilər: “Doğrudanmı biz, bizim kimi olan bu iki nəfərə inanmalıyıq, halbuki onların xalqı bizə xidmət edir?”
(23. 48) “Onlar hər ikisini yalançı saydılar və özlərini ölümə məhkum etdilər”.

Onların sözləri onların təkəbbürlüyünün və xudpəsəndliyi­nin dəlili idi və düşüncəsiz insanları qorxutmaq və aldatmaq üçün nəzərdə tutulmuşdu. Firon və onun əlaltıları özlərindən əvvəlki­lərin sözlərini eynən təkrar edirdilər. Onların qəlbi eyni küfrə etiqad edirdi və buna görə də onların sözləri və əməlləri oxşar idi. Onlar, Allahın Musanı (ə) və Harunu (ə) peyğəmbərlik risaləsi ilə şərəfləndirməsini qəbul etməkdən boyun qaçırmışdılar və bəhanələri də o idi ki, İsrail oğulları onlara[11] xidmət edirdilər və onların ən ağır işlərini görürdülər. Bu barədə Fövqəluca Allah belə buyurur: “Budur Biz sizi Fironun adamlarının əlindən xilas etdik. Onlar sizi dəhşətli əzab-əziyyətə düçar edirdilər, oğulla­rı­­nızı öldürür, qadınlarınızı isə öldürmürdülər. Bu sizin üçün Rəbbinizdən böyük bir sınaq idi” (Bəqərə, 2/49).
Firon və Misir zadəganları belə deyirdilər: “Doğrudanmı, insanlar bizə itaət etdikdən sonra, biz onlara itaət edəcəyik? Doğrudanmı bizim qullarımız bizə ağalıq edəcəklər?” Onların söz­ləri Nuhun (ə) qəbilədaşlarının sözlərinə bənzəyir. Onlar deyirdi­lər: “Doğrudanmı biz, sənin ardınca ən aciz insanların getdiyinə görə inana bilərik?” (Şüəra, 26/111). Onun adlı-sanlı həmqəbilələri deyirdilər: “Biz görürük ki, sən də bizim kimi insansan. Biz həm də görürük ki, bizim aramızdan olan ən alçaq səviyyəlilər sənin ardınca gedirlər, lakin onlar da düşün­mədən sənə qoşulmuşlar. Biz görmürük ki, siz bizdən nə iləsə üstün olasınız. Əksinə, biz sizi yalançı sayırıq” (Hud, 11/27). Tamamilə aydındır ki, belə “sübutlar” haqqı inkar etməyə qadir deyil. Onlar sadəcə haqqı yalan saymağa cəhd etmək və ona faydasız müqavi­mət göstərmək­dir. Buna görə, Fövqəluca buyurur ki, kafirlər özlərini ölümə məhkum etdilər. Onlar İsrail oğullarının gözləri qarşısında dənizdə qərq edildilər.

             

(23. 49) “And içirik ki, Biz Musaya Kitabı, onlar düz yolla getsinlər deyə, əta etdik”.

Firon məhv edildikdən və Musa (ə) israillilərlə birlikdə xilas edildikdən sonra, peyğəmbərin (ə) Allahın hökmlərinə uy­ğun olaraq  öz xalqını idarə etməsinə və Onun qanunlarını açıq bəyan etməyə imkan yarandı. Allah ona (ə) vəd etmişdi ki, qırx gün ərzində Tövrat nazil ediləcəkdir və buna görə o (ə) şərtləşdikləri yerə yola düşdü. Fövqəluca buyurur: “Biz onun üçün lövhələrdə hər şey haqqında nəsihətlər və hər şeyin izahını yazdıq...” (Əraf, 7/145). Bütün bunlar ona görə edilmişdi ki, İsrail oğulları düz yola gəlsinlər, axı onlar dinin hökmlərini və qadağalarını təfsilatı ilə vəhyin sayəsində öyrənər, mükafatlan­dırma və cəzalandırmanın nə olduğunu bilər və həmçinin öz Rəbbini Onun gözəl adları və sifətləri vasitəslə dərk edə bilərdilər.  

                           

(23. 50) “Biz Məryəm oğlunu və anasını bir möcüzə etdik, onları xəlvət bir yüksəklikdə bulaq başında sığındırdık”.

Allah həmçinin özünün böyük mərhəməti ilə Məryəm oğlu İsanı (ə) himayə etmişdir. O (Pak və Müqəddəs Olan) onu (ə) və anasını (Allah ondan razı olsun) Özünün ən böyük möcüzələrin­dən biri etmişdir. Məryəm kişi iştirakı olmadan hamilə olmuş və bir oğul dünyaya gətirmiş və uşaq hələ beşikdə ikən danışmış və Allahın iradəsi ilə insanlara çoxlu möcüzələr göstərmişdir. Allah onları sakit, xəlvət və yüksək bir yerdə yerləşdirmişdi ki, onun yaxınlığında da bulaqlar axırmış. Güman etmək olar ki, bu, Məryəmin doğum ərəfəsində baş vermişdir, çünki bunu aşağı­dakı ayə də təsdiq edir: “Beləliklə, Məryəm hamilə oldu və onun­la birlikdə uzaq bir guşəyə çəkildi. Doğuş sancıları zama­nı o bir xurma ağacının yanına gəlib çıxdı və dedi: “Kaş ki, bu halımadək öləydim və həmişəlik yaddan çıxarılaydım! Onda o, aşağıdan ona belə səsləndi: “Qəm yemə! Rəbbin alt tərəfində çeşmə açmışdır. Xurmanı silkələ, üstünə təzə xurmalar tökülə­cək. Ye, iç və sevin!”” (Məryəm, 19/22-26). Bu vəhydən belə bir nəticə çıxır ki, Məryəm hündür bir yerdə imiş və ondan aşağıda isə bulaq axırmış.

                 ﮧﮨ            

(23. 51) “Ey elçilər! Halal şeylərdən yeyin və saleh işlər görün. Həqiqətən, nə etdikləriniz Mənə məlumdur”.

Fövqəluca Öz elçilərinə əmr etmişdir ki, təmiz halal yolla qazanılmış qida məhsullarını yesinlər və Allaha həmd edərək, elə xeyirxah işlər görsünlər ki, onlar qəlbləri və bədənlərini, həm də dünyəvi və Axirət həyatını nizama salmağa qadir olsun. Allah onlara bildirir ki, O, onların bütün əməllərindən xəbərdardır. Hər hansı əməl və hər hansı niyyət Allaha mütləq aydın olur və O,  insanların əməllərini əvəzsiz qoymur. Şübhəsiz ki, elçilərə verilə­cək əvəz ən yaxşı və ən əlasından olacaqdır. Bütün bu deyilən­lərdən aydın olur ki, bütün elçilərə təmiz və keyfiyyətli yeməklər yemək halal, pis yeməklər isə haram edilmişdi və xeyirxah işlər görmək əmr olunmuşdu. Hərçənd müxtəlif peyğəmbərlərə veril­miş bəzi dini hökmlər fərqlənirdilər, amma onların hamısı saleh əməllər sırasına daxil idi. Onların arasında olan fərqlər bu və ya digər zamanın tələbatları ilə izah edilirdi.
Lakin saleh əməllər arasında elə əməllər də vardır ki, onlar bütün zamanlarda nemət gətirir və buna görə həmin əməllər Allahın bütün peyğəmbərlərinin (onlara Allahın salamı olsun!) təlimlərinə və səmavi şəriətlərə məxsus idi. Bu – Allahın Vahid olmasına iman gətirmək və tək Ona səmimiyyətlə ibadət etmək, Onu sevmək, Onun qarşısında qorxu hissi keçirmək, Ona təvəkkül etmək, xeyirxahlıq göstərmək, ancaq doğru olanı danış­maq, verilən vədi həmişə yerinə yetirmək, qohumluq əlaqələrini kəsməmək, valideynlərə ehtiram bəsləmək, zəiflərə və ehtiyacı olanlara yardım göstərmək, yetimləri himayə etmək, canlı məxluqlara qarşı şəfqətli olmaq və bir çox digər xeyirxah əməllər etmək hökmüdür. Məhz buna görə, əvvəlki Səmavi Kitablar haqqında biliyə malik olan insanlar Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) təbliğ etdiyi ehkam və qadağalarına istinad edərək, onun (s.ə.s.) peyğəmbərliyinin doğru olduğunu bilirdilər. Bunun nümunəsi kimi, imperator Heraklın[12] hekayəti və digər buna bənzər hekayət­ləri göstərmək olar. Muhəmməd Peyğəmbər (s.ə.s.) insanları xeyirxah işlər görməyə çağırırdı ki, bu işləri görməyə ondan əvvəlki peyğəmbərlər də çağırırdılar və insanlara günah işlətməyi qadağan edirdi. Əvvəlki peyğəmbərlər də bu günahlardan çəkindi­rirdilər. Bütün bunlar onun (s.ə.s.) Allahın elçilərinin şan-şöhrət sahibi olan dəstəsinin nümayəndəsi olduğunu və şər əməl­ləri təbliğ edən, insanları xeyirxahlıq etməyə qoymayan yalançılardan seçildiyini  təsdiq edirdi.

                   

(23. 52) “Həqiqətən, bu – sizin dininiz – vahid bir ümmət­dir, Mən də sizin Rəbbinizəm. Məndən qorxun!”

Ey elçilər! Sizin ümmətiniz – vahid bir ümmətdir və təkcə bir dinə etiqad edir və bir olan Rəbbə ibadət edir. Buna görə, Rəbbinizin ehkamlarını yerinə yetirərək, təqvalı olun və Onun haramlarından çəkinin!
Bu ehkamlar təkcə Allahın elçilərinə (onlara Allahın salamı olsun!) deyil, elçilərdən nümunə götürən və onların yolu ilə gedən bütün möminlərə də aiddir. Fövqəluca buyurur: “Ey iman gətirənlər! Bizim sizə verdiyimiz hala nemətlərdən yeyin və Allah şükür edin, əgər siz Ona ibadət edirsinizsə” (Bəqərə, 2/172). Özünü Allahın elçilərinin davamçısı adlandıran hər bir insan onlardan nümunə götürməli və Allahın bu hökmünü yerinə yetirməlidir. Lakin kafir günahkarlar Ona itaətsizlik etməyi üstün tuturlar və buna görə, sonra O, belə buyurur:

        ﯛﯜ  ﯝ ﯞ         

(23. 53) “Lakin onlar öz dinini aralarında firqələrə ayırdılar və hər bir təriqət malik olduğuna fərəhlənir”.

Bidətçi təriqətlərin hər birinin tərəfdarları özlərini peyğəm­bər­lərin ardıcılları bəyan etdilər, dini təriqətlərə parçalayıb, nail olduqları biliklərə və ehkamlara fərəhlənirlər. Onlar ancaq özlərini haqlı sayırlar və bütün qalanları isə yollarını azmaqda günahlandırırlar. Əslində, təkcə Allahın elçilərinin ən yaxşı ye­mək­ləri yeyən və saleh işlər görən həqiqi tərəfdar­ları haqlıdırlar. Bütün digərləri isə yollarını azmış bidətçilərdir.

            

(23. 54) “Qoy onlar müəyyən vaxtadək öz nadanlıqlarında qalsınlar”.

Qoy onlar bir müddət öz cahillikləri burulğanında qalıb elə fikirləşsinlər ki, təkcə özləri düz yoldadırlar. Onlar bu vəziyyətdə çox qalmayacaqlar, çünki çox yaxın vaxtda cəza onları yaxala­yacaq. Onlara nə təbliğat kömək etməyəcək, nə də nəsihətlər fayda verməyəcək. Axı onlar, tamamilə əsassız olaraq özlərini haqlı saydıqları və başqalarının da təkcə onların baxışlarına uymalarını istədikləri halda, insanlara necə kömək edə bilərlər?!

                           ﯴﯵ           

(23. 55) “Doğrudanmı onlar elə düşünürlər ki, Biz onlara var-dövlət və oğullarla kömək etməklə
(23. 56) “onlara nemət verməyə tələsirik? Qətiyyən yox! Lakin onlar fərqinə varmırlar!”

Doğrudanmı onlar elə zənn edirlər ki, onlara əta edilmiş var-dövlət və onların törətdikləri övladları əməlisaleh və xoşbəxt insanlar olmalarının dəlilləridir və onlar həm bu dünyada, həm də öldükdən sonra mütləq uğur qazanacaqlar? Qətiyyən yox! Dün­yəvi nemətlər buna dəlil deyildir. Onlar hətta hiss etmirlər ki, onlara əta edilmiş uzun ömür və bol sərvət ona görə verilmişdir ki, daha çox günah etsinlər və daha böyük cəzaya layiq görül­sünlər. Qoy onlar onlara verilən özlərinə əta edilənlərə fərəhlən­sinlər, axı Fövqəluca buyurmuşdu: “Onlar özlərinə xatırladılan­ları unut­duq­ları zaman, Biz onların qarşısında darvazaları hər şey üçün açdıq. Onlar əta edilənə şadlandıqda, Biz onları qəfil­dən yaxa­ladıq və onlar ümidlərini itirdilər!” (Ənam, 6/44).
Yaramaz əməllərə qurşanan, lakin özlərini təhlükəsizlikdə hiss edən və onlara əta edilmiş maddi nemətləri xeyirxahlıqları­nın və üstünlüklərinin dəlilləri zənn edən günahkarları xatırlat­dıqdan sonra, Fövqəluca Allah saleh əməllər işlədən və Allahdan qorxmaqda davam edənlər haqqında xəbər verir. Fövqəluca buyurur:
            ﯿ   

(23. 57) “Həqiqətən, Rəbbinin qarşısında qorxudan titrə­yənlər”,  

Onların ürəkləri Rəbbi qarşısında qorxu ilə dolur, çünki onlar bilirlər ki, Allah həmişə onları ədalətlə cəzalandıra bilər. Onlar ehtiyat edirlər ki, xeyirxah əməllərindən məhrum olarlar və qorxurlar ki, onlar Fövqəluca Allah qarşısında öz vəzifələrini yerinə yetirməyə bilərlər və istənilən anda imanlarından məhrum ola bilərlər. Onlar öz Rəbbini dərk etmişlər və bilirlər ki, O, Ona ən sədaqətli ehtiram bəslənməsinə və ucaldılmasına layiqdir. Onların qorxusu və ehtiyat etməsi onları günahlardan, vacib hökmlərə laqeyd yanaşmaqdan və dəhşətli nəticələrlə sonuclana bilən şeylərdən çəkinməyə sövq edir.

            

(23. 58) “öz Rəbbinin ayələrinə iman gətirənlər”,

Allahın ayələrini onlara xatırladanda imanları artır. Onlar Quranın ecazkar ayələri üzərində düşünür və bunun sayəsində onlar ayələrin mənalarını dərk edir, onların əzəmətini anlayır və Quran ayələri arasında ziddiyyətlərin yer tapmadığına əmin olurlar. Bununla yanaşı isə, onlarda Allahı dərk etmək arzusu baş qaldırır və onlar Allahdan qorxmağın və Ona təvəkkül etməyin zəruriyyətini başa düşürlər. Onlar Quran ayələrindən gələcəkdə əvəz alacaqları haqqında məlumat əldə edir və bu, onlarda sözlə deyilməsi mümkün olmayan iman yüksəlişi yaradır. Onlar Quran ayələri ilə yanaşı Allahın bütün dünyaya yayılmış möcüzələri üzərində də düşünürlər. Buna görə Fövqəluca belə buyurur: “Həqiqətən, göylərin və yerin yaradılmasında, həmçinin gecəylə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır” (Ali-İmran, 3/190).
           

(23. 59) “onlar öz Rəbbinə şərik qoşmayanlar”,

 Onlar açıq-aşkar müşriklikdən uzaq qaçırlar, çünki özlərinə ibadət edəcəkləri və ümid bəsləyəcəkləri yalançı “ilah­lar” uydurmurlar. Bununla yanaşı onlar nümayişkaranə hərəkət­lər və gizli müşrikliyin digər təzahürlərindən çəkinirlər. Əksinə, onlar öz sözlərini və əməllərini təkcə Allaha həsr edirlər.


                      

(23. 60) “Rəbbinə qayıdacaqla­rına görə ürəkləri həyəcanlı olduğu halda sədəqə verənlər –

Onlar Allahın hökmlərini yerinə yetirir və gücləri çatan hər şeyi yerinə yetirirlər. Onlar namaz qılır və zəkat verir, ziyarətə gedir və sədəqə paylayırlar, həm də digər xeyirxah işlər görürlər. Lakin bütün bunlara baxmayaraq, onların ürəyi qorxudan tir-tir əsir, çünki onlar öz əməlləri ilə Allahın qarşısında dayanmalı olacaqlar. Onlar qorxurlar ki, etdikləri yaxşılıqlar Allahın cəzasın­dan xilas olmağa kömək etməsin, çünki onlar öz Rəbbini dərk etmişlər və bilirlər ki, O, ən mükəmməl ibadətə layiqdir.

                

(23. 61) “onlar hamısı xeyirxah işlər görməyə tələsər və bunda digərlərini qabaqlayarlar”.

Onlar xeyirxah işlər görməyə ona görə tələsərlər ki, Allaha yaxınlaşsınlar və Onun verəcəyi cəzadan xilas olsunlar. Saleh bir əməl haqqında eşidən kimi, onlar əllərinə düşən ilk imkandan istifadə edərək, onu yerinə yetirməyə can atırlar. Onlar Allahın bəyəndiyi insanları və onları öndən, sağdan və soldan əhatə edən pak möminlərə baxaraq, xeyirxah əməl işlətməkdə onlardan qabağa keçməyə səy göstərirlər. Onlar Allaha yaxınlaşmağa və qarşıya qoyulan məqsədə hamıdan əvvəl nail olmağa çalışırlar. Lakin heç də başqalarını ötmək istəyən hər kəsə, arzu etdiyini əldə etmək mümkün olmur. Buna ancaq səy göstərənlər və qollarını çırmalayıb zəhmətə qatlaşanlar nail olurlar, səhlənkarlıq və etinasızlıq edənlər isə buna nail ola bilmirlər. Buna görə də Fövqəluca bildirir ki, barələrində bəhs edilən möminlər, başqala­rını ötüb keçməyə nail olan insanlar sırasındadır. Onlar yüksək mövqe qazana bilir və saleh insanların öncülləri sırasında yer tuturlar. Onlar bu məziyyətləri ilə, Allahın əzəldən təyin etdiyi xoşbəxtlər arasında olma qədərinə borcludurlar və bu, onların saleh əməllər işləməkdə hamını qabaqlamasını labüd edir. Onların başqalarını qabaqlamağı bacardıqları haqqında eşidən bəzi insanlar səhvən elə güman edə bilərlər ki, bu hal onların qədərində Fövqəluca tərəfindən müəyyən edilməmişdir[13] və buna nail olmaq təkcə hədsiz dərəcədə cəhd göstərməklə mümkündür. Məhz buna görə sonra Fövqəluca belə buyurur:

                 ﭨﭩ           ﭭﭮ                  

(23. 62) “Biz insanları onların bacardığından artıq yüklə­mirik. Dərgahımızda haqqı söyləyən Kitab vardır və onlar haqsızlığa uğradılmazlar”.

Allah insana onun gücünün çatdığı şeyləri yerinə yetirməyi həvalə edir. Bundan başqa, dini göstərişlər insanın bütün qüvvə­sini əhatə etmir və bu isə Allahın mərhəməti və müdrikliyini sübut edir. O (Pak və Müdrik Olan), insanları Ona doğru aparan yolu asanlaşdırmışdır ki, bu geniş magistral son səfərə çıxanlarla həmişə dolu olsun. Onun dərgahında saxlanan Kitab haqqı deyir. Bu – bütün varlıqlar haqqında biliklərin yazıldığı ən birinci Kitabdır. Onda saxlanılan qeydlər gerçəkliyə tamamilə uyğundur və bu onların doğruluğuna dəlalət edir. Bax elə buna görə, heç kim nə insanların etdikləri xeyirxahlıqları əskildə bilər, nə də onların törətdikləri günahlarını, onların əzab-əziyyətini dərinləş­dir­mək üçün çoxalda bilər.

                            ﭿ    

(23. 63) “Lakin onların qəlbi Bundan xəbərsizdir. Bununla belə onlar az ağır cinayətlər törədirlər”.

Fövqəluca xəbər verir ki, kafirlər ən yüksək dərəcədə cahil və zalım adamlardırlar və onların etinasızlığı və inadcıllığı Quran ayələrinin mənasını dərk etmələrinə mane olur. Onlar bu Kitaba əsaslanmırlar və onun nuru onların qəlbinə nüfuz etmir.
Fövqəluca buyurur: “Sən Quranı oxuyanda, Biz səninlə Axirətə inanmayanlar arasında görünməz pərdə çəkdik. Biz on­ların qəlbinə örtük saldıq ki, onlar onu[14] anlamasınlar və onla­rın qulaqlarını da tıxadıq” (İsra, 17/45-46). Onların nadanlığı imkan vermirdi ki, qəlbləri Müqəddəs Quranı dərk etsin və onları küfrə etiqada, yaramaz cinayətlər törətməyə və Allahın qanununa müqavimət göstərməyə sövq etdirirdi. Bütün bunlar onları əzab­verici cəzaya məhkum etdi. Bununla yanaşı onlar daha az ağır cinayətlər törədirdilər və heç də təəccüblü deyil ki, onlar cəzaya layiq görülmüşdülər. Allah onlara möhlət vermişdi ki, onlar üçün təyin edilmiş yaramaz əməllər törətsinlər. Onlar həmin əməlləri törətdikdə, ən pis vəziyyətə düşdülər və Allahın qəzəbinə və Onun cəzasına məruz qalmaq üçün getdilər[15].



                       

(23. 64) “Ancaq, Biz onların bolluq içində yaşayanlarını cəzalandırdıqda, onlar uca səslə bağıracaqlar”.

Bu günahkarlar bu dünyada dəbdəbə içində yaşamağa, hər cür nemətlərdən və ləzzətverici şeylərdən həzz almağa alışmış­dılar. Onlar çətinliklərdən və qəm-qüssədən xəbərsiz idilər. Amma Allah onları cəzalandırarkən onlar əzabın dadını biləcək və azğınlaşmış halda bağıracaqlar, çünki onlar elə bir dəhşətli cəzaya məruz qalacaqlar ki, onu əvvəllər heç təsəvvür də edə bilməzdilər. Onlar yardım göstərilməsi haqqında yalvaracaqlar, lakin onlara belə cavab veriləcək:

      ﮍﮎ                                    

(23. 65) “Bu gün bağırmayın! Həqiqətən, Biz sizə kömək göstərməyəcəyik”.
(23. 66) “Sizə Mənim ayələrimi oxuyanda, siz onlardan geri çəkilirdiniz”,

Əgər Allah onlara kömək etməsə, onda onlar hər cür yar­dımdan məhrum olacaqlar. Onlar özləri özlərinə kömək edə bilməyəcəklər və heç kim də onlara kömək etməyəcək. Axı niyə onlar bu dərəcəyə düşdülər? Sanki bu suala cavab verərək, Allah bildirir ki, bu günahkarlara Quran ayələri oxunurdu ki, onlar vəhylərə iman gətirə bilsinlər. Lakin onlar bunu etmədilər. Əksinə, ayələrdən üz çevirdilər və dal-dalı çəkildilər. Əgər onlar Quran ayələrinin ardınca getsəydilər, onda irəliyə gedərdilər. Lakin onlar ayələrdən üz döndərdilər, geriyə çəkildilər və Cəhən­nəmin lap dibinə düşdülər.
           

(23. 67) “həm də onunla[16] qürrələnir və gecələr yaramaz sözlər danışırdınız”.  

 Quranı təfsir edənlər iddia edirlər ki, bu ayədə əvəzlik məbədə aiddir. Bu, ola bilsin ki, kafirlərin tez-tez xatırladıqları məbəd və ya Kəəbədir. Haram məbəd onların özlərini başqala­rından üstün tutub təkəbbürlənmələrinə səbəb olmuşdu. Onlar özlərini haram torpağın sakinləri adlandırır və özlərini hamıdan üstün sayırdılar. Axşamlar Kəəbənin yanında yığışaraq, Allahın Müqəddəs Quranda qınadığı danışıqlara qurşanırdılar. Onlar nəinki özləri Qurandan üz döndərirdilər, həm də ətrafdakıları da belə davranmağa çağırırdılar. Fövqəluca bildirir ki, kafirlər bir-birilərinə belə deyirdilər: “Bu Qurana qulaq asmayın, mənasız sözlər danışın[17]. Ola bilsin üstün gələsiniz” (Fussilət, 41/26).
Fövqəluca buyurur: “Doğrudanmı siz bu hekayətə təəc­cüb­­lə­nir­siniz, gülürsünüz, ancaq ağlamırsınız və əylənir­siniz?” (Nəcm, 53/59-61);  
“Ya da onlar belə deyirlər: “O onu uydurmuşdur!” Qətiy­yən belə deyil! Onlar sadəcə iman gətirmirlər” (Tur, 52/33).
Onların bu sadalanan alçaq keyfiyyətlərin hamısına birdə­fəliyə malik olduqları halda, onların əzaba düçar olacaqlarında təəccüb ediləsi bir şey yoxdur. Cəza onları yaxalayanda isə, heç kim onların köməyinə gəlmədi və onlara amansız  cəzalandır­ma­dan xilas olmağa kömək etmədi. Əksinə, onlar törətdikləri yanlış əməllərinə görə qınandıqlarını eşitdilər.
ﮣﮤﮥﮦ ﮧﮨ ﮩ ﮪ ﮫﮬﮭ

(23. 68) “Doğrudanmı onlar bu Söz barədə heç düşünmür­lərmi? Ya da onların ulu əcdadlarına verilməyənlər, onlaramı verilmişdir?”

Doğrudanmı onlar Quran haqqında düşünmürlərmi? Doğru­danmı onlar onun mənası barədə fikirləşmirlərmi? Əgər onlar düşünsəydilər, onda bu onlara iman gətirməyə kömək edərdi və onları kafirlikdən saxlayardı. Lakin onlar ondan üz çevirdilər və bu onların böyük bir bədbəxtliyə məruz qalmasına səbəb oldu. Bu ayədən məlum olur ki, Quran barədə düşünmək insana hər hansı xeyirxah işi dərk etməyə və şərdən qorunmağa kömək edir. Lakin insanın ürəyi qıfılla kilidlənmiş olduqda, o, onun haqqında düşünmür.
Doğrudanmı günahkarlar ona görə haqq dinə gəlməkdən boyun qaçırırlar ki, onlara Elçi və Quran gəldiyi halda, ulu babaları onlara layiq görülməmişlər? Doğrudanmı onlar öz yolunu azmış atalarının izi ilə getməyi üstün tutmuş və onların yanlış adətlərinə zidd olan hər şeyə müqavimət göstərməyi qə­rara almışlar? Bu, həqiqətən də, belədir və buna görə Allah Məkkə müşrikləri və onların tayı olan kafirlər haqqında belə bu­yurur: “Qətiyyən yox! Onlar dedilər: “Həqiqətən, biz ataları­mızı bu yolda görmüşük və biz onların izi ilə sədaqətlə gedirik. Beləliklə, Biz sənə qədər hansı xəbərdaredici nəsihətçini hər hansı bir kəndə göndərsək də, oranın zənginlik içində rahatlığa alışmış sakinləri hökmən deyirdilər: “Həqiqətən, biz atala­rımızı bu yolda görmüşük və biz onların yolunu sidq ilə davam etdiririk”. O dedi: “Əgər mənim sizə gətirdiyim, sizin atalarını­zınkılardan daha doğrudursa?” Onlar dedilər: “Biz sizin gətir­di­yinizə inanmırıq” (Zuxruf, 43/22-24). Allahın Elçisi (ona Allah­ın salavatı və salamı olsun!) onlara haqqa tabe olmağı və onun (s.ə.s.) ardınca getməyi təklif edən kimi,  onların əcdadlarının izi ilə getmələrinin əsl səbəbi – kafirliyi aşkar oldu.

  ﮮ ﮯ              

(23. 69) “Bəlkə, onlara göndərilmiş Elçini tanımayıb, onu inkarmı edirlər?”

Doğrudanmı onlar Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) yaxşı tanımadıqlarına görəmi haqqa itaət etməkdən imtina edirlər? Bu belə olsaydı, onlar deyərdilər: “Biz bu adamı tanımırıq və onun doğruçuluğuna əmin deyilik. Gözləyin, çünki biz onunla yaxşı tanış olmalıyıq və onun barə­sində onu tanıyanlardan soruşmalıyıq”. Lakin hər şey əksinə olmuşdu, çünki məkkəlilər Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) gözəl tanıyırdılar. Şəhərin bütün yaşlı və gənc sakinləri onun (s.ə.s.) gözəl əxlaqi məziyyətlərinə, doğruçuluğuna, sadiqliyinə və etibarlılığına bələd idilər. Hələ peyğəmbərliyinə qədər onu “əl-Əmin” adı ilə çağırırdılar ki, bu da “Sədaqətli” olmağı bildirir. Niyə bəs onda o (s.ə.s.) açıq-aşkar haqqı və aydın həqiqəti təbliğ etməyə başladıqda, onlar ona (s.ə.s.) inanmaqdan boyun qaçı­rırdılar?

        ﯚﯛ                     

(23. 70) “Yaxud da onlar deyirlər ki, o cinlidir? Əksinə, o onlara haqqı gətirmişdir, amma onların əksəriyyəti haqqı sevmirlər”.

Müşriklər deyirdilər ki, Muhəmməd (s.ə.s.) ağlını itirmişdir və ağzına gələni danışır. Onlar onu (s.ə.s.) divanə adlandırırdılar. Adətən, belə adamın ətrafında olan onun söylədiyi sözlərə qulaq asmamalı və onlara əhəmiyyət verməməlidir. Yaxşı məlumdur ki, psixi pozğunluğa məruz qalan xəstələr sərsəmləyir və cəfəngiyat danışırlar. Lakin Allah belə ittihamları təkzib etdi və Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) təlimini haqq təlim adlandırdı. Onun qəti inamla söylədiyi xütbələri əsl həqiqət idi və onlarda uydurmalara və ziddiyyətli mühakimələrə yer yoxdu. Məgər ağlına hakim olmayan adam belə bir təlimi təbliğ etməyə qadir ola bilərdimi?! Onda niyə insanlar özünün biliyi, məntiqi mühakiməsi və təqdirəlayiq əxlaqi məziyyətləri ilə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) ən əzəmətli yüksəklikləri fəth etdiyini  etiraf etmirdilər? Onun (s.ə.s.) yolu ilə getmək bütün digər insanlar üçün böyük şərəfdir, çünki onun (s.ə.s.) davamçıları sırasına düşmək bəşəriyyətin ən yaxşı nüma­yən­də­­lərinə nəsib olacaqdır.

                   ﯫﯬ               

(23. 71) “Əgər haqq onların istəklərindən asılı olsaydı, onda göylər, yer və onların arasında olanlar xarabalığa dönərdi. Biz onlara[18] Zikri əta etdik, lakin onlar öz Zikrindən üz döndərdilər”. 

Onlar Allahın nazil etdiyi nəsihətdən üz döndərib, özlərini bədbəxtliyə məhkum edərək, ən doğru təlimdən məhrum oldu­lar. Bu barədə Fövqəluca belə buyurur: “...Onlar Allahı unut­dular. Allah da onları unutdu...” (Tövbə, 9/67);
“Allahı unudanlara oxşamayın, O, onları özlərini unut­ma­ğa məcbur etdi. Onlar – mürtəddirlər” (Həşr, 59/19). Quran və onu bəşəriyyətə gətirmiş Peyğəmbər (s.ə.s.) – iki ən böyük nemətdir ki, onları Allah Məkkə müşriklərinə bəxş etmişdi. Lakin onlar hər ikisindən imtina etdilər və üz döndərdilər. Belə bir şəraitdə iman gətirməkdən boyun qaçıran insanın bundan da ağır itkisi nə ola bilər?
  ﯵﯶ ﯷ ﯸﯹ ﯺﯻ ﯼ   ﯽ ﯾ  ﯿ

(23. 72) “Məgər sən onlardan vergi istəyirsən? Sənin Rəbbinin verəcəyi daha xeyirlidir və O – ruzi bəxş edənlərin ən Xeyirlisidir”.

Ey Muhəmməd! Doğrudanmı onlar sənin ardınca getmək­dən ona görə boyun qaçırırlar ki, sən öz xütbələrinə görə onlar­dan, vəziyyətlərini ağırlaşdıran mükafat istəyirsən? Əgər sən onlardan mükafat və ya töycü yığmaq istəsəydin sənin yolunla getməyə onların gücü çatmazdı. Lakin bu belə deyil. Rəbbinin mükafatı hər şeydən üstündür. Məhz buna görə Allahın hər bir peyğəmbəri (onlara salam olsun!) öz həmqəbilələrinə dəfələrlə deyirdilər: “Ey mənim xalqım! Mən bunlara görə siz­dən mü­kafat istəmirəm, çünki məni Yaradan Özü məni mü­ka­fatlan­dıracaqdır. Məgər siz başa düşmürsünüz?” (Hud, 11/51). Peyğəmbər­lər (onlara salam olsun!) insanlar arasında təbliğat apararkən onlardan maddi nemətlər əldə etmək məqsədi güd­mür­dülər. Əksinə, onlar insanları haqq dinə gəlməyə çağırır və onlara səmimiyyətlə xeyirxahlıq və əmin-amanlıq arzulayır­dı­lar. Demək olar ki, elçilər insanların özlərindən daha artıq onların qayğısına qalırdılar. Allah o şərəfli insanları, öz davamçıları üçün etdikləri bütün xeyirxahlıqlara görə, ən gözəl tərzdə Öz rəhmə­tinə qovuşdursun! Allah bizə də bütün təşəbbüslərimizdə onların yolunu davam etdirməkdə yardımçı olsun!
             ﰅ ﰆﰇﰈﰉ ﰊ ﰋﰌﰍﰎ

(23. 73) “Həqiqətən, sən onları doğru yola çağırırsan”.
(23. 74) “Axirət gününə inanmayanlar isə, mütləq yoldan sapırlar”.

Bu ecazkar surədə Fövqəluca Allah imana sahib olmaya səbəb olan bütün amillər haqqında xəbər verir və həmçinin bu yolda qarşıya çıxan maneələri də bildirir. Fövqəluca kafirlərin gətirdiyi əsassız dəlilləri izah edir və onlardan hər birini ayrıca nəzərdən keçirir. O (Pak və Müqəddəs Olan) bildirir ki, insanlar cahillik burulğanına batdıqda, səmavi vəhylər üzərində düşün­mək­­dən boyun qaçırdıqda, əcdadlarının yolunu kor-koranə da­vam etdirdikdə və ya peyğəmbərləri (onlara Allahın salamı olsun!) divanə adlandırdıqda (bu barədə öncə demişdik) doğru yoldan uzaqlaşırlar. Fövqəluca həmçinin bildirir ki, insanlar Quran ayələri üzərində düşündükdə, Allahın nemətlərinə şükür etdikdə, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və sala­mı olsun!) həyatını və əməllərini öyrəndikdə haqq dinə gəlirlər, onun (s.ə.s.) doğruçuluğunun və sadiqliyinin kamilliyinə əmin olurlar və dərk edirlər ki, o (s.ə.s.) insanlardan mükafat istəmə­miş, əksinə, onların əmin-amanlığa nail olmaları üçün onlara yardım etməyə səy gös­tər­mişdir. Bunun sayəsində insanlara ay­dın olur ki, Muhəmməd Peyğəmbərin (s.ə.s.) təlimi özlüyündə doğru yoldan ibarətdir  və əgər insan bu yolla getməyə çalışırsa, onda Allah onu, qarşısına qoyduğu məqsədə nail olmağı asanlaş­dırır. İnsanlar bu təlimdə pak tövhid və təmənnasız xeyirxahlıq­lar dinini öyrənirlər.
Ey dəvətçi! Əgər sən ətrafdakıları bu yola çağırırsansa, onda haqqı axtaran hər kəs mütləq sənin davamçın olacaqdır, çünki ağıl və təhtəlşüur bu gözəl təlimin öz tərəfdarlarının qayğısına qaldı­ğını təsdiq edir. Bu yola qədəm basmaqdan imtina edən insanlar hansı yolla getmək istəyirlər? Həqiqətən, elə bir təlim yoxdur və ola da bilməz ki, onlara bu doğru yolu əvəz etsin. Lakin onlar yenə də Allaha və Allahın rəhmət məkanına aparan yoldan çıxırlar. Bu isə o deməkdir ki, onların qisməti azğınlıq və cahillik olmağa başlayır. Əgər insan haqq müqavimət göstərməyə başlayırsa, onda onun bütün əməlləri təhrif olunmuş və pozulmuş olur. Bax buna görə də Fövqəluca buyurur: “Əgər onlar sənə cavab verməsələr, bil ki, onlar ancaq öz istəklərinə aludə olmuşlar. Allahın haqq təlimi olmadan öz istəklərini əsas tutandan daha azğın kim ola bilər? Həqiqətən, Allah zalımları doğru yolla aparmaz” (Qəsəs, 28/50).

                           

(23. 75) “Əgər Biz onlara rəhm edib, onları bəladan qur­tarsaydıq da onlar öz zalımlıqları içində kor-koranə veyl-veyl dolanardılar”.

Bu ayə kafirlərin Allaha itaət etməmə istəklərinin nə dərəcədə böyük olduğuna dəlalət edir. Bəla onları yaxalayanda, bədbəxtlikdən xilas etməsi üçün onlar Allaha dua edirlər. Allah onları bu sınağa ona görə çəkir ki, ya onlar iman gətirsinlər, ya da kömək üçün Ona yalvarsınlar. Lakin O, onları bəladan xilas edən kimi, onlar yenidən öz zalımlıqlarının və azğınlıqlarının zülmə­tində dolaşmağa başlayırlar. Onlar karıxmış və şübhələr içində, əvvəlki kimi öz küfrlərində təkmilləşməkdə davam edirlər. Fövqəluca xəbər verir ki, kafirlər gəmiyə oturanda belə davranır­lar. Dənizə çıxdıqda, onlar əvvəllər ibadət etdikləri bütün bütlə­rini unudaraq, təkcə Allaha səmimiyyətlə dua etməyə başlayırlar. Lakin onlar sağ-salamat sahilə çıxan kimi, uydurulmuş “ilahla­rına” ibadətə və başqa günah işlərinə qayıdırlar.

                  

(23. 76) “Biz onları əzaba düçar etsək də, yenə Rəbbi qar­şısında itaət göstərmədilər və Ona yalvarmadılar”.

Şərhçilər qeyd edirdilər ki, bu ayədə əzaba düçar etmək adı altında yeddi aclıq ili nəzərdə tutulur ki, müşriklərə qismət olmuşdu. Allah onları bu sınağa məruz qoymuşdu ki, onlar iman gətirib, Onun qarşısında itaət etsinlər. Lakin bu onlara fayda vermədi, çünki onlardan heç biri xilas yoluna qədəm basmadı və Allah qarşısında tabeçilik göstərmədi və özünün Ondan asılı olduğunu etiraf etmədi. Onlar Onun qarşısında ancaq müvəqqəti olaraq qısa müddətə alçaldılar və tezliklə də bunu yaddan çıxartdılar, sanki bəla onlara heç vaxt düçar olmamışdı. Onlar yenə də küfrə etiqad etməyi və azğınlığı üstün tutdular, amma nəzərə almadılar ki, qarşıda onları qurtulması mümkün olmaya­caq cəza gözləyir. Buna görə, sonra Fövqəluca buyurur:

                            

(23. 77) “Nəhayət, Biz onların qarşısında ağır məşəqqət qapı­larını açdığımız zaman onlar orada ümidsizliyə qapıla­caqlar”.

Müşriklər üçün ağır cəza Bədr yaxınlığında məğlubiyyət və bir çox digər sınaqlar idi ki, onlara nəsib olmuşdu. Bu sınaqlar müşrikləri ümidsizliyə salmış və onlar xeyirli nəticə əldə edəcək­lərinə inamı itirmişdilər. Bu zaman bəla onları hər tərəfdən əhatə edirdi. Qoy insanlar bu bəladan, qurtulması mümkün olmayan Allahın amansız cəzası onları yaxalayana qədər, çəkinsinlər. Məhz həmin keyfiyyəti ilə bu cəza bu dünyadakı adi cəzadan fərqlənəcəkdir və o dayandırıla bilər və Allah Öz qullarını bu minvalla tərbiyələndirir. Fövqəluca buyurur: “Quruda və dəniz­də fəlakət insanların əllərinin törətdikləri üzündən yaranır ki, onlar törətdiklərinin bir hissəsini dadsınlar və onlar qayıtsın­lar[19](Rum, 30/41).

               ﭺﭻ        ﭿ

(23. 78) “Həm də, O, sizin üçün eşitməyi, görməyi və ürəyi Yaradandır. Lakin siz nə qədər az şükür edənsiniz!”

Fövqəluca qullarına onlara əta etdiyi nemətləri haqqında xəbər verərək, onların insanları Allaha minnətdarlıq etməyə və Onun qarşısında vəzifələrini qüsursuz yerinə yetirməyə həvəs oyatdığını bildirir. Allah insanlara eşitmə qabiliyyəti vermişdir ki, onlar səsləri eşidib, bundan öz dini və dünyəvi həyatı üçün fayda əldə etsinlər. O, insanlara həmçinin görmə qabiliyyəti əta etmişdir ki, onlar ətraf aləmi görə bilsinlər və bunu öz mənafeləri üçün istifadə edə bilsinlər. O, insanları həmçinin ürək və ağılla təchiz etmişdir ki, onların sayəsində insan ətrafında gedən prosesləri dərk edir və bununla da heyvanlardan fərqlənirlər.
Təsəvvür edin ki, əgər insan eşitmə, görmə qabiliyyətindən və ağıldan məhrum olsaydı, hansı vəziyyətə düşərdi. Vacib həyati bacarıqlardan və məziyyətlərdən məhrum olmuş  kar, kor və lal insanı təsəvvür edin. Doğrudanmı sizə bu nemətləri Ətaedənə minnət­darlıq bildirməzsiniz? Doğrudanmı siz təkcə tək Ona ibadət və itaət etməyəcəksiniz? Sizin təşəkkürünüz Allahın sizə fasiləsiz olaraq əta etdiyi bol-bol nemətlərlə müqayisədə necə də azdır!
ö
                

(23. 79) “Həm də, O, sizi yer üzündə yayıb Yerləşdirəndir və siz Onun dərgahında toplanılacaqsınız”.

Fövqəluca sizi yerin müxtəlif guşələrində yerləşdirmiş və sizə yaşamağınız üçün zəruri olan şeyləri əldə etməkdən ötrü və fayda verən qabiliyyət və bacarıqlar əta etmişdir. Bu nemətlər, sizin dünyəvi həyatınızı təmin etmək və Rəbbinizə ibadət etmək üçün kifayət qədərdir. Elə isə bilin ki, öldükdən sonra, siz Onun yanına qayıtmalı olacaqsınız və onda hər biriniz yer üzündə etdiyiniz xeyirxah və bəd əməllər üçün əvəz alacaqsınız. Yer isə onun üzərində baş verən hər şey barəsində Allaha xəbər verəcəkdir.

                 ﮏﮐ     

(23. 80) “Həm də, O, Həyatverən və Öldürəndir. O, gecəni gündüzlə əvəzləyir. Məgər siz dərk etmirsiniz?”

Fövqəluca həyata və ölümə təkbaşına sərəncam çəkir. O, təklikdə gündüzü və gecəni bir-biri ilə əvəz edir. Əgər O istəsəydi ki, yer üzündə fasiləsiz gündüz olsun, heç bir uydurulmuş “ilah” yerdə gecə gəlməsini təmin etməyi bacarmazdı. Əgər O, istəsə ki, yerdə fasiləsiz gecə olsun, onda heç bir uydurulmuş “ilah” yeri işıqlandırmağı bacara bilməz. Lakin Allah Öz məxluqlarına qarşı rəhmlidir və buna görə də O, gecəni və gündüzü xəlq etmişdir ki, insanlar istirahət edə və Allahın nemətlərini axtarmaq üçün işləyə bilsinlər, - ola bilsin ki, insanlar buna görə şükür edərlər. Məhz buna görə bu ayədə Allah insanlara düşünməyi təklif edir.
Ey insanlar! Əgər siz düşünsəniz, onda sizə aydın olar ki, sizə böyük nemətlər Bəxşedən Allah sizə eşitmək görmək qabiliy­yəti və ağıl vermiş və sizi bütün yer üzünə yayıb yerləşdirmişdir və O, həyat və ölümə təkbaşına sərəncam çəkir, gecə və gündüzü bir-biri ilə əvəz edir, həqiqətən sizin səmimi ibadətinizə layiqdir. Siz, Ona şərik qoşmadan, tək Ona ibadət etməlisiniz, nə fayda verməyə, nə də ziyan vurmağa qadir olmayan, baş verən hadisə­lər üzərində hakimiyyətə malik olmayan və tamamilə köməksiz olan uydurulmuş “ilahlara” ibadətdən əl çəkməlisiniz. Əgər müş­riklər sağlam təfəkkür sahibi olsaydılar, onda onlar heç vaxt belə “ilahlara” ibadət etməzdilər.

                 ﮛﮜﮝﮞ ﮟ ﮠﮡ ﮢﮣ

(23. 81) “Xeyr! Onlar əvvəlkilərin dediyini deyirlər”.
(23. 82) “Onlar deyirlər: “Doğrudanmı biz ölüb, toz-tor­pağa və sür-sümüyə çevrildikdən sonra dirildiləcəyik?”

İndiki kafirlər də dirilməni inkar edən və onu mümkün olmayan bir şey sayan öz əvvəlki kafir nəsllərinin ardınca gedir­lər. Onlar təsəvvür edə bilmirlər ki, insanlar toz-torpağa, sür-sümüyə çevrildikdən sonra necə dirildiləcəklər. Bir də onlar belə deyirlər:

                                

(23. 83) “Bu bizə vəd edilir, bundan əvvəl də atalarımıza vəd edilmişdi. Bu – sadəcə, qədim xalqların əfsanələridir”.

Qiyamət gününün gələcəyi haqqında hətta bizim qədim əcdadlarımızı da xəbərdar etmişdilər, lakin biz bu vaxtadək onu görməmişik. Həmin gün indiyə qədər başlamamışdır. Həqiqətən, bu – sadəcə köhnə nağıllardır ki, insanlar onları əylənmək xatiri­nə danışırlar. Onların gerçəkliklə heç bir əlaqəsi yoxdur[20].
Allah onları rüsvay etsin! Onlar dirilməni yalan saydılar, halbuki Allah onlara ecazkar möcüzələr nazil etmişdi ki, onlar dirilmədən daha böyük idi və ya ondan geri qalmırdılar. Bu barədə Fövqəluca buyurmuşdur: “Həqiqətən, göylərin və yerin yaradıl­ması insanın yaradılmasından daha əzəmətlidir, lakin insanların əksəriyyəti bilmir” (Ğafir, 40/57);
“Məgər insan görmür ki, Biz onu nütfədən yaratmışıq? O isə açıq-aşkar mübahisə edir! O Bizə misal çəkdi, amma öz yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim canlan­dı­­racaq?” De: “İlk dəfə Yaradan onları dirildəcək. O, bütün məx­­­­luq­lardan xəbərdardır”. O, sizin üçün yaşıl ağacdan od ya­ratmış­dır və indi siz onu yandırırsınız” (Yasin, 36/77-80);
“Sən torpağı qupquru görürsən. Biz ona yağış nazil edən kimi, o hərəkətə başlayır, qabarır və müxtəlif gözəl bitkilər törədir. Bu – Allahın Haqq olduğundandır, ölüləri dirildir və hər şeyə qadirdir, çünki şübhə olunmayan Saat mütləq gələcək­dir və buna görə Allah qəbirdə olanları dirildəcəkdir” (Həcc, 22/5-7).

ﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚ ﯛ  ﯜﯝ        

(23. 84) “De: “Əgər bilirsinizsə, deyin, Yer kimə məxsus­dur?”
(23. 85) “Onlar deyəcəklər: “Allaha”. De: “Doğrudanmı siz nəsihəti xatırlamayacaqsınız?”

Ey Muhəmməd! Dirilmənin haqq olduğunu inkar edən və bəzi məxluqları Allaha bərabər tutan kafirlərə müraciət et. Onların Allahı Vahid Rəbb və Kainatın Hökmdarı saymalarından istifadə edərək, onları əmin et ki, Allah həm də ibadətə layiq Vahid Allahdır. Həmçinin onların Allahı əzəmətli və nəhəng məxluqları yaradan olaraq qəbul etmələrini nəzərə alıb, onları inandır ki, O, bunlardan daha az mürəkkəb olan əməlləri də etmək və ölüləri diriltmək qüdrətinə malikdir.
Onlardan soruş: “Yerin, həmçinin onun üstündə olan heyvanların, bitkilərin, cansız əşyaların, dənizlərin, çayların və dağların  Xaliqi kimdir? Bunların hamısı kimə məxsusdur? Əgər sən onlardan bu barədə soruşsan, onda onlar mütləq deyəcəklər ki, bütün bunlar tək Allaha məxsusdur. Əgər onlar bunu etiraf etsələr, onda de: “Niyə sizə yaxşı məlum olan və sizin təh­təl­şüurunuza yeridilmiş şeylər üzərində düşünmürsünüz? Allah bunları sizə xatırladır, çünki insan haqdan dönə və onu müəyyən vaxta qədər nəzərdən qaçıra bilər. Lakin əgər siz bu nəsihət üzərində düşünsəniz, onda sizə aydın olar ki, Kainatın Hökmdarı Vahid Rəbb olan Allahdır və qullara ibadət etmək ən yüksək dərəcədə əbəs və yanlışdır”. Sonra Allah daha vacib bir məsələyə keçir və belə əmr edir:

ﯩ ﯪ              
(23. 86) “De: “Yeddi göyün[21] Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?”
(23. 87) “Onlar deyəcəklər: “Allah”. De: “Məgər siz qorx­mur­sunuz?”

Ey Muhəmməd! Onlardan soruş: “Kim göylərə və onlarda səpələnmiş qüdrətli göy cisimlərinə və həmçinin hərəkət edən və hərəkətsiz planetlərə hökmranlıq edən kimdir? Kim Ərşə - ən uca, ən nəhəng və ən əzəmətli məxluqa hökmranlıq edir? Kim bu məxluqları yaratmışdır və bildiyi kimi onları idarə edir?” Onlar mütləq etiraf edəcəklər ki, bu məxluqların Vahid Rəbbi Allahdır. Belə olduqda, onlara de: “Doğrudanmı siz köməksiz məxluqlara ibadət etməkdən əl çəkməyəcəksiniz və hakimiyyəti, qüdrəti hüdudsuz olan Böyük Rəbdən qorxmursunuz?” Bu ayə ona dəla­lət edir ki, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) öz həmsöhbətlərinə qarşı xeyirxah və yumşaq davranırdı. O (s.ə.s.) sanki onlara Allahdan qorxmağı təklif edirdi, onlara öz seçim­lərini etməyi təklif edirdi, çünki belə yanaşma insanlarda açıq-aydın heyranlıq hissi yaradır. Sonra Allah daha vacib bir məsə­ləyə keçir və belə əmr edir:

                                    ﯿ      ﰂﰃ       

(23. 88) “De: “Bütün şeylər üzərində hakimiyyət kimin Əlindədir? Kim qoruyur və Kimdən qorunmaq mümkün deyil? Məgər bilirsiniz?”
(23. 89) “Onlar: “Allah” deyəcəklər. De: “Bəs niyə bu qədər aldadılmışsınız?” 

Ey Muhəmməd! Onlardan soruş: “Göylərdə və yerdə haki­miyyət və səltənət kimə məxsusdur? Zahirdə və batində olan məxluqların hamısı kimindir? Öz qullarını bəlalardan müdafiə edən və onları hər hansı təhlükədən və xoşagəlməzliklərdən qoruyan kimdir? Yeganə olaraq Ondan gizlənilməsi mümkün olmayan, qədərindən qaçınılması düşünməz olan, Qarşısında Özünün icazəsi olmadan kiməsə havadarlıq edilməsi mümkün­süz olan Kimdir?” onlar mütləq deyəcəklər ki, Allahdır – bütün varlığın Yeganə Hökmdarı və məhz O (Pak və Müqəddəs Olan), Öz qullarını bəlalardan qorumağa Qadirdir və Ondan müdafiə olunmaq mümkün deyildir. Belə olduqda, onları məcbur et ki, aldadıldıqlarını boyunlarına alsınlar. Onlara de: “Bütlərə ibadət edərkən, onların tamamilə iqtidarsız olduğunu və onların müstəqil hakimiyyətə malik olmadıqlarını və Allahla hakimiy­yətə şərik olmadıqlarını bildiyiniz halda, nə düşünürdünüz? Necə olmuşdu ki, siz, Kainatda baş verən hər şeyin sərəncamı əlində olan Böyük və Fövqəlqüdrətli Sultana səmimi qulluqdan boyun qaçırmışdınız? Əgər sizi bu yola sizin ağıllarınız itələ­mişdisə, onda siz dərindən aldadılmışsınız. Heç bir şübhə yoxdur ki, şeytan sizi şirnikləndirib, azğınlığa salmışdır. O, sizin gözü­nüzdə yanlış yolu bər-bəzəkli göstərmiş və yalanı sizə haqq kimi təqdim etmişdir. O, sizin ağlınızı, cadugərlər və sehrbazlar insan­ların baxışlarını ovsunladıq­ları kimi, ovsunlamışdır”.

              

(23. 90) “Yox! Biz onlara haqqı gətirdik, amma onlar – yalançı­dırlar”.    

Fövqəluca kafirlərə haqqı göstərmişdi və o gerçək hekayət­lərdən, həm də ədalətli hökm və qadağalardan ibarət idi. Bu haqq insanların ona itaət etməsinə və onunla rəhbərlik edilməsinə layiqdir, lakin kafirlər onu qəbul etməkdən boyun qaçırırlar. Onlar belə etsələr də, haqqı əvəz edəsi heç bir şeyə malik deyillər. Onların baxışları yalan və zalımlıq zəminində formalaşır və buna görə də Allah onları yalançı adlandırır.

                            ﭠﭡ                         ﭫﭬ         

(23. 91) “Allah Özünə oğul götürməmişdir və Onunla yanaşı digər ilah yoxdur. Əks halda, hər bir ilah öz yaratdığını götürüb aparardı və onlardan biri digəri üzərində yüksələrdi. Allah onların Ona şərik qoşduqlarından Ucadır!”

Yalanı, ancaq Allahın vəhyləri, Allahın elçilərinin hədisləri və düz­gün məntiqi mühakimələr sayəsində aşkar etmək mümkün­dür və buna görə Fövqəluca Allah qullarının diqqətini iki ilahın mövcudluğunu istisna edən məntiqi dəlilə yönəldir. Əgər müşriklər haqlı olsaydılar, Allahla yanaşı digər ilahlar da mövcud olsaydı, onda ilahlardan hər biri öz yaratdıqları ilə birgə tənhalığa çəkilər digər ilahın üzərində üstünlük əldə etməyə cəhd göstərərdi. Son nəticədə isə, onlardan biri qələbə çalardı və Kainatın vahid allahı olardı, çünki belə bir Kainatın iki allahla bir yerdə mövcudluğu mümkünsüzdür. Bu aləmdə ağılları heyran qoyan mütləq qayda-qanun hökm sürür. Günəş, ay, hərəkətdə olan və hərəkətsiz planetlər – öz yaradıldıqları vaxtdan bu nə­həng səma cisimləri müəyyən qaydaya uyğun olaraq hərəkət edir. Onlar, öz Rəbbinin fövqəlqüdrəti və müdrikliyi sayəsində, istisnasız bütün məxluq­ların mənafeləri naminə xidmət göstə­rirlər və onlardan hansı birininsə maraqlarına tabe edilməmişlər. Onlar qüsurlardan məhrumdurlar və aralarında ziddiyyət yox­dur. Onlar bir-birilərinə azacıq da olsa belə müqavimət göstər­mirlər. Məgər belə bir qayda-qanunun iki Allah tərəfindən icad edildiyini təsəvvür etmək olarmı?! Allah müqəddəs və pakdır! Kainatda əşyaların nizamı və onun heyranedici mənzərəsi ona dəlalət edir ki, o, ən kamil adlar və sifətlər sahibi olan tək bir Allahın sərəncamındadır. Bütün məxluqlar Onun köməyinə möh­tacdırlar, çünki O (Pak və Müqəddəs Olan), bu məxluqların Rəbbidir. Onlar təkcə Onun sayəsində bu dünyaya gəlmiş və mövcudluqlarını davam etdirirlər. Bu isə o deməkdir ki, onlar rahatlığa və əmin-amanlığa təkcə tək Ona ibadət və itaət etmələri sayəsində nail ola bilərlər. Məhz buna görə, daha sonra Allah Özünün əzəmətli sifətlərini, onlardan birinin timsalında göstərir. O (Pak və Müqəddəs Olan), Özünün Hərşeyiəhatəedən elmi haqqında xəbər verərək belə buyurur:
    ﭴ ﭵ ﭶ ﭷﭸ

(23. 92) “Qeybi və aşkarı Biləndir! O, Ona qoşulan şərik­lərdən fövqəlucadır!”

Allah insanların baxışlarından və idrakından gizli qalan hər şeydən agahdır. Ona, mütləq mövcud olacaq, heç bir halda var ola bilməyəcək və müəyyən şəraitdə təzahür edəcək bütün şeylər məlum­dur. O (Pak və Müqəddəs Olan), həmçinin insanların gördüyü və baxdığı bütün şeylər haqqında məlumata malikdir. O (Pak və Müqəddəs Olan), müşriklərin Ona qoşduqları bütün şəriklərdən sonsuzluğa qədər uzaqdır. Həqiqətən, onların bu barədə heç bir biliyi yoxdur, çünki onlar Allahın onların anlaması üçün icazə verdiyi şeyləri bilirlər.


                    ﭿ                
(23. 93) “De: “Ey Rəbbim! Əgər Sən mənə onlara vəd etdiyini göstərsən”,
(23. 94) “ey Rəbbim, onda məni o zalım xalqın içində qoyma!”

Kafirlər Allahın onlara göstərdiyi çox böyük dəlilləri qəbul etməkdən boyun qaçırdıqdan və onlara əhəmiyyət vermədikdən sonra, Fövqəluca Allah onları cəzalandıracağını vəd etdi və Öz Elçisinə (s.ə.s.) göstəriş verdi ki, desin: “Ey Rəbbim! Əgər Sən istəyirsən ki, mən onlara vəd etdiyin cəzanı görüm və ya orada iştirak edim, onda mənə rəhm et, məni hifz et! Məni, insanları əzab çəkməyə məhkum edən günahlardan qoru və fasiqlərə veriləcək cəzadan məni müdafiə et, çünki böyük cəzalar təkcə günahkarlara zərbə vurmaqla qalmır”.

               

(23. 95) “Həm də, həqiqətən, Biz onlara vəd etdiklərimizi sənə göstərməyə qadirik”.

Fövqəluca vurğulayır ki, vəd edilən cəza çox yaxın ola bilər və əgər Allah onu təxirə salırsa, onda bunu tələb edən Allahın müdrikliyidir və bu, Onun günahkarları yerindəcə cəzalandır­mağı bacarmaması ilə əlaqədar deyildir.


ﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙ

(23. 96) “Sən pisliyi yaxşılıqla dəf et. Biz onların şərik qoşduqlarını daha yaxşı tanıyırıq”.

Fövqəluca Öz Elçisinə (s.ə.s.) əmr edir ki, gözəl əxlaqi əsas­ları pozmasın və pisliyə yaxşılıqla cavab versin. Ey Muhəmməd! Əgər sənin düşmənlərin sənə sözləri və ya rəftarları ilə pislik etsələr, onlara pisliklə cavab vermə. Hərçənd insan onu incidənə eyni pisliklə cavab verməyə haqlı olsa da, sən belə etmə və sənə yönəldilən haqsızlıqlara təkcə yaxşılıqla cavab ver. Beləliklə, sən səni incidənlərə mərhəmət göstərmiş olarsan və bu sənə böyük fayda gətirmiş olar. Sənin rəftarın sənə edilmiş pisliyi həm hal-hazırda, həm də gələcəkdə azaldar və səni incidəni haqqa meyil etməyə kömək göstərər, onu etdiyi pisliyə görə peşmançılıq çək­məyə və tövbə etməyə yönəldər.
Onu incidənləri bağışlayan insan xeyirxahdır, çünki o, öz düşməni – şeytan üzərində üstünlük qazanır və öz Rəbbinin mükafatına layiq görülür. Fövqəluca belə buyurur: “Pisliyin əvə­zi eyni dəyərli pislikdir. Lakin kim bağışlasa və barışıq yaratsa, onun mükafatını Allah verəcək” (Şura, 42/40);
“Yaxşılıq və pislik bərabər deyil. Yaxşılıqla dəf et və onda düşmənçilik etdiyin kəs, sanki sənin üçün yaxın sevən qohu­mu­­na çevrilər. Lakin bu, səbirli olanlardan başqa heç kimə əta edilməyəcək və bu, böyük qismətə malik olanlardan başqa heç kimə əta edilməyəcəkdir” (Fussilət, 41/34-35).
Ey Muhəmməd! Onların küfrlə və haqqı danmaqla dolu olan sözləri Bizə yaxşı məlumdur. Biz bunu incəliklərinə qədər bilirik, lakin səbirlilik və dözümlülük göstəririk. Biz, onların Bizi inkar etmələrinə və Bizə iman gətirmək istəməməklərinə baxma­yaraq, onlara möhlət veririk. Buna görə sən də onların sözlərinə səbirlə yanaşmalı və onlara ancaq yaxşılıqlar etməlisən. Qulun ona pislik edən insanlara qarşı vəzifəsi belədir. Allahın qullarına pislik edən şeytanlara gəldikdə isə, onlara yaxşılıq etməyin mə­nası yoxdur, çünki şeytanlar öz əlaltılarını təkcə ona görə çağırırlar ki, onlar alov püskürən Cəhənnəmin sakinləri olsunlar. Buna görə qulların şeytanlara qarşı vəzifəsi – Allahın aşağıdakı hökmünü yerinə yetirmələridir:

                              

(23. 97) “De: “Ey Rəbbim! Şeytanın vəsvəsəsindən Sənə sığınıram”.
(23. 98) “Mən Sənə sığınıram ki, ey Rəbbim, onlar mənə yaxınlaşmasınlar”. 

Ey Allah! Şeytanların toxunması və vəsvəsəsi nəticəsində mənə dəyə biləcək şərdən və həmçinin onların olması və təhriki ilə törəyən şərlərdən məni xilas et.
İnsan bu qaydada Allaha dua etməklə dünyada mövcud olan şərin bütün təzahürlərinin ilkin səbəblərindən onu xilas etməsi üçün Allaha yalvarır. Buraya şeytanların vəsvəsəsi nəticə­sində törədilən xəstəliklərin, dəliliyin səbəbləri, təlqin edilən psixopatik fikirlər və s. daxildir. Əgər Allah qulunun dualarını qəbul edirsə və onu bu şərdən qoruyursa, onda o, istənilən zərərdən uzaqlaşmağa nail ola bilir və hər növ nemət əldə edir.

                                 ﯖﯗ  ﯘﯙ          ﯝﯞ                 

(23.  99) “Onlardan kiməsə ölüm yaxınlaşdıqda, o deyir: “Ey Rəbbim! Məni geri qaytar.
(23. 100) “Ola bilsin ki, mən kənara qoyduğum xeyirxah əməlləri yerinə yetirərəm”. Xeyr! Bu onun dediyi, sadəcə tələf­füz etdiyi bir sözdür. Onların arxasında dirildiləcəkləri günə qədər bərzəx olacaqdır”.

Fövqəluca, ölümündən əvvəl nöqsanlara yol verən və zalım əməllər işlədən bir insanın vəziyyəti haqqında xəbər verir. Belə adam onu gözləyən sonunu gördükdə və öz əməllərinin yanlışlı­ğına öz gözləri ilə əmin olduqda, o, törətdiklərinə görə acı-acı təəssüflənməyə başlayır və Allahdan xahiş edir ki, onu dünya həyatına geri qaytarsın. O, geri qaytarılmasını maddi nemətlər­dən həzz almağa və öz alçaq istəklərinə qapılmağa davam etməsi üçün istəmir. O istəyir ki, əldən qaçırdığı xeyirxahlıqları əvəzini çıxsın və Allah qarşısında öz vəzifələrini yerinə yetirsin. Lakin dünya həyatına qayıtmaq mümkün olmayacaqdır və ona möhlət verilmə­yəcəkdir, çünki Allah buyurub ki, insanlara, öldükdən sonra dünya həyatına qayıtmaq nəsib olmayacaqdır. Geri qayıtmaq istəyən günahkarların sözləri isə, sadəcə boş sözlərdir və onlar fasiqlərə təəssüfdən və ümidsizlikdən başqa bir şey verməyəcək. Bundan əlavə, bu sözlər yalandır, çünki əgər fasiqlər dünya həyatına qayıtsalar, onlar yenə də Allahın qadağan etdiyi günahı işlətməkdə davam etdirəcəklər. Lakin bu baş verməyəcək­dir, çünki onların arxasında dünya həyatını Axirət həyatından təcrid edən maneə olacaqdır. Bu zaman məkanında müti mömin­lər ləzzət alacaq, itaətsizlik göstərən günahkarlar isə, öldükləri və qəbrə qoyul­duqları andan Qiyamət günü başlayana qədər cəza çəkə­cəklər. Qoy insanlar həmin Günə hazırlaşsınlar!

                           

(23. 101) “Həmin gün Sur çalınanda, onların arasında qohumluq əlaqələri qalmayacaq və onlar bir-birini sorğuya çəkə bilməyəcəklər”.  

Fövqəluca Qiyamət gününün dəhşətləri və həmin gün baş verəcək həyəcanlı hadisələr haqqında xəbər verir. Mələk dirildil­mənin başlanması haqqında xəbər vermək üçün Sura üfürəndə, bütün insanlar toplanış meydanında yığışacaqlar. Onlar elə dəhşətə gələcəklər ki, öz qohumluq əlaqələrini də unudacaqlar. Şübhəsiz ki, qohumlar arasında rabitə ən möhkəm olur və əgər Qiyamət günü belə əlaqələr də qırılacaqsa, onda başqa şeylər haqqında nə demək olar. İnsanlar bir-birindən işləri haqqında belə soruşmayacaqlar, çünki insanı ancaq öz fərdi taleyi qayğılandı­racaq. Heç kim xilas ola biləcəyinə və sonra bir daha heç vaxt onu qəm-qüssə çulğalamayacağına və ya onu bədbəxtlik tutacağına və sonra onun bir daha sevinəcəyinə əmin olmaya­caqdır.
Fövqəluca buyurur: “Günahkar həmin günün əzabların­dan öz oğulları, öz zövcəsi və öz qardaşı, onu himayə edən öz nəsli və yerin bütün əhalisini fidyə verməklə xilas olmaq istəyəcək” (Məaric, 70/11-14);
“Qulaqbatırıcı səs qopduqda, həmin gün insan öz qar­daşını, öz anasını və atasını, öz zövcəsini və öz oğullarını atıb qaçacaq, çünki hər adamın öz qayğısı özünə bəs edəcəkdir”  (Əbəsə, 80/33-37).

              

(23. 102) “Tərəzisinin gözü ağır gələnlər, uğur qazanacaq­lar”.
   
Qiyamət günü elə hadisələr baş verəcək ki, onlardan hər biri ayrı-ayrılıqda kafirlərin qəm-qüssəsini dərinləşdirəcək və ən böyük bir yük kimi onun üstünə düşəcəkdir. Bu hadisələrdən biri də qulların əməllərinin çəkiləcəyi Tərəzinin qurulmasıdır. Hər bir insan ədalətlə mühakimə ediləcəkdir və özünün yaxşı və pis əməllərini, hətta onlar toz böyüklüyündə olsa da belə görəcəkdir. Əgər insanın saleh, xeyirxah əməlləri onun yaramaz əməllərindən ağır gəlsə, onda o, Cəhənnəm Odundan xilas olmuş uğur qaza­nanlar arasında olacaq, Cənnətdə layiq olduqları mükafat alacaq və ən gözəl tərifə layiq görüləcəkdir.

               ﯿ      

(23. 103) “Tərəzisinin gözü yüngül gələnlər isə, özlərini itirəcək və Cəhənnəmdə əbədi qalacaqlar”.

Əgər insanın günahları onun xeyirxah əməllərini üstələ­yərsə, əməlləri, qüsurları da saleh əməllərindən çox olarsa, o, çox böyük bir ziyana uğrayar. İstənilən digər ziyan bundan əhəmiy­yətsiz olar, çünki ən böyük zərəri Qiyamət günü islah etmək və onun yerini doldurmaq mümkün deyil. Bu – sonu görünməyən ziyan və əbədi bədbəxtlikdir ki, nəticədə insan özünü itirir və əbədi səadətdən və ardı-arası bitməz-tükənməz əbədi xoşbəxtlik­dən və Comərd Rəbbin yaxınlığında olmasından həzz almaq imkanla­rından məhrum olur.
Əzaba düçar olanlar Cəhənnəmə vasil olacaqlar və oradan onlar əsrlər keçdikcə belə heç vaxt çıxmayacaqlar. Bu – saleh əməllərinin günahlar və cinayətlər burulğanında heç olacağı hər bir kəsə verilmiş ciddi vədədir. Belələri isə ancaq kafirlər və allahsızlar olacaqlar. Heç ümid bəsləmək də lazım deyil ki, bu insanların günahları onların xeyirxahlıqlarından ağır olacaq, çünki onların əməlləri arasında ümumiyyətlə xeyirxahlıq deyilən bir şey olmayacaq. Allah onların günahlarını sayacaq və onlara törətdik­lərinin hamısını göstərəcək və onlar da bunu etiraf edib rüsvay olacaqlar. Lakin Cəhənnəm əzabkeşləri arasında elə insanlar da olacaq ki, ürəklərində iman olduğu halda, törətdikləri günahlar yaxşı əməllərindən ağır gələcək. Onlar da Cəhənnəmə düşəcəklər, lakin orada əbədi qalmayacaqlar ki, bunu Quran mətnləri və səhih hədislər təsdiq edir.

                  

(23. 104) “Alov onların üzlərini yandıracaq və onlar qıvrılacaqlar”.

Fövqəluca, bu ayədə üzləri Cəhənnəm alovu ilə qarsala­nacaq allahsızların acınacaqlı qisməti haqqında xəbər verir. Alov onları hər tərəfdən əhatəyə alacaq və insan vücudunun ən zərif hissəsinə çataraq, onların üzlərini yandırmağa başlayacaq. Onla­rın qismətinə düşən məşəqqətlər üzlərini qaraqabaq, dodaqlarını isə qıc edəcəkdir. Qınamaq məqsədi ilə onlara belə deyiləcək:

                    

(23. 105) “Məgər sizə Mənim ayələrimi oxumamışdılar? Siz isə onları yalan sayırdınız!”

Sizi iman gətirməyə çağırır və sizə üzərində düşünməli olduğunuz dəlillər bəyan edirdilər, lakin siz onları yalan hesab edirdiniz. Bu sizin zalımlığınızı və haqqı qəbul etmək istəmədi­yinizi təsdiq edirdi. Axı siz haqla yalan arasında, haqq tərəf­darları ilə yalançılar arasında fərqi açıq göstərən aydın dəlilləri rədd etdiniz.

                  

(23. 106) “Onlar deyəcəklər: “Ey Rəbbimiz! Öz uğursuzlu­ğumuz bizə qalib gəldi və biz azmış insanlar olduq”. 

Onlar etirafın heç bir fayda vermədiyi bir vaxtda öz zalım­lıqlarını boyunlarına alırlar. Onlar başa düşürlər ki, bədbəxtlik­lərinin səbəbi zalımlıq, haqqa nifrət, zərər vuran şeyə doğru can atma və fayda gətirə bilən hər şeydən imtina etməkdir. Onlar özlərini yolunu azmış adlandıracaqlar, halbuki onlara yaxşı məlumdur ki, əsl həqiqətdə, onlar zalım və şərəfsiz insanlardır. Onlar bu dünyada pozğun, yanlış və axmaq əməllər törətdiklərini etiraf edirlər. Digər bir ayədə isə bildirilir ki, Cəhənnəmdə əzab çəkməyə məhkum olanlar belə deyəcəklər: “Əgər biz qulaq as­say­dıq və düşüncəli olsaydıq, onda Alov məskunlarının içində olmazdıq” (Mülk, 67/10).

                

(23. 107) “Ey Rəbbimiz! Bizi buradan çıxart. Əgər biz qayıtsaq[22], onda həqiqətən zalımlardan olarıq”.

Fasiqlərin bu sözləri yalan olacaqdır, çünki Fövqəluca Allah belə buyurur: “Əgər onları geri qaytarsaydılar, onlar mütləq onlara qadağan olunana qayıdardılar. Həqiqətən, onlar – yalançı­dırlar” (Ənam, 6/28). Allah onlara, törətdikləri cinayət­lərinə görə özlərinə bəraət qazandırmaları üçün heç bir imkan yeri qoymamış­dır. O (Pak və Müqəddəs Olan) onları öz xeyir­lərinə hər hansı dəlildən məhrum etmiş və bu dünyada insanın düşünməsi və günah işlətməkdən çəkinməsi üçün kifayət qədər olan möcüzələrlə yayındırmışdır. Buna görə Cəhənnəmdə əzab çəkənlərə Allahın cavabı çox sərt olacaqdır.

               

(23. 108) “Allah buyuracaq: “Orada biabırçılıqla qalın, bir daha Mənimlə danışmayın!”

Allah bizi bundan saxlasın! Bu, günahkarların Axirətdə eşidəcəkləri ən sərt sözlərdən olacaqdır. Bu sözlər günahkarlar üçün ümidin kəslməsi, rüsvayçılıq, alçaldılma, zərər, yaxşı nəticə əldə edilə biləcəyinə son ümidin itirilməsi və sonsuz bədbəxtliyin dərk edilməsini bildirəcəkdir. Rəhmli Rəbbin acıqlı nitqi belə olacaq və bu, günahkarlara Odsaçan Cəhənnəmdəki cəzanın əzabından daha şiddətli əzab verəcəkdir. Sonra Allah bu əzaba düçar edilmişlərin Cəhənnəmə düşmələrinin və Onun mərhəmə­tin­dən məhrum olmalarının səbəbini xəbər verir:

                                    ﭿ

(23. 109) “Həqiqətən, Mənim qullarımdan bəziləri deyir­dilər: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla və rəhm et, çünki Sən – rəhmlilərin ən Xeyirlisisən”.

Bu möminlər nəinki onlara xeyirxah əməllər işlətməyi vacib edən iman sahibi olmuşdular, onlar həm də öz Rəbbinə bağışlan­maları və rəhm edilmələri haqqında dua edirdilər. Onlar Onun əta etdiyi haqq dinə görə şükür edərək və Onun hökmranlığını, hüdudsuz mərhəmətini və hərtərəfli xeyirxahlığını qəbul edərək Ona yaxınlaşmağa cəhd göstərirdilər. Şübhəsiz ki, bütün bunlar möminlərin itaətkarlığına, mütiliyinə, təqvalılığına və Ona təvəkkül etmələrinə dəlalət edir.

                

(23. 110) “Siz isə onlara elə rişxənd edirdiniz ki, bu sizi Zikri və Məni unutmağa sövq etdirdi. Siz onlara hey gülürdü­nüz”.

   Ey dəyərsiz allahsızlar! Bu möminlər ən şərəfli və ləyaqətli insanlar idilər, siz isə onları ələ salırdınız və onlara nifrət edirdiniz. Siz axmaq-axmaq danışırdınız və elə onda Mən sizi Məni unutmağa məcbur etdim. Sizin öz Rəbbinizi xatırlamağı unutmağınızın əsas səbəbi sizin möminləri məsxərəyə qoyma­ğınız idi. Lakin siz Məni unutduqda onlara daha çox istehza etməyə başladınız. Bir yaramaz əməl sizi digərini törətməyə vadar edirdi. Bundan daha böyük hörmətsizlik ola bilərmi?!

           ﮍﮎ  ﮏ ﮐ ﮑ

(23. 111) “Bu gün Mən onları səbir göstərdiklərinə görə mükafatlandırdım. Həqiqətən, onlar uğur qazanmışlardır”.

Mən onları Mənə itaət etdiklərinə və sizin onlara verdiyiniz əziyyətə görə səbir etdikləri üçün mükafatlandırdım. Bu gün artıq onlar Mənim yanımdadırlar, Cəhənnəm Odundan xilas edilib, artıq əbədi səadətdən ləzzət alacaqlar.
Bir digər ayədə isə belə deyilir: “Həmin gün möminlər kafirlərə güləcəklər və kürsülərindən seyr edəcəklər. Məgər ka­firlər törətdiklərinə görə əvəz almayacaqlar?” (Mütəffifin, 83/34-36).
                 
­
(23. 112) “Yerdə neçə il qalmışsınız?” – deyə soruşa­caqdır”.

Allah kafirləri axmaqlıqda və ağısızlıqda qınayır. Onlar yer üzündə cəmi az bir müddət ərzində yaşamışlar, lakin ən qatı qərəzli günahlar işlətməyə fürsət tapmışlar və bu Allahı qəzəb­lən­dirmiş və onları əzab-əziyyətə məhkum etmişdir. Bununla yanaşı onlar, möminlərin etməyə nail olduqları və onlara əbədi Səadəti və Rəbbinin iltifatını qazandıran xeyirxah əməllər etməmişlər.
                  

(23. 113) “Onlar deyəcəklər: “Biz bir gün və ya onun bir azı qədər qaldıq. Yaxşı olar ki, sayanlardan soruşasan”.

Bu sözlər on dəlalət edir ki, kafirlər öz dünya həyatını çox qısa sayacaqlar. Sadəcə demək kifayətdir ki, onun dəqiq müddəti­nin heç bir mənası yoxdur. Lakin kafirlər Allahdan xahiş edə­cəklər ki, bu barədə hesabı aparanlardan soruşsun, çünki onlar alacaqları cəzanın ağırlığından yer üzündə neçə il yaşadıq­larını unuda­caqlar[23].

           ﮧﮨ         ﮫ ﮬ                    

(23. 114) “O buyurur: “Siz çox az qaldınız, heyf ki, bil­mir­siniz!”
(23. 115) “Doğrudanmı siz elə güman edirdiniz ki, Biz sizi əylənmək üçün yaratmışıq və Bizə qaytarılmayacaqsınız?”

Siz çox qısa bir həyat yaşamışsınız və yaşadığınız günlərin dəqiq sayını bilib-bilməməyiniz vacib deyildir. Məgər Bizim əbəs yerə sizi yaratdığımızımı zənn edirdiniz? Doğrudanmı siz elə fikirləşirdiniz ki, Biz sizə yemək, içmək, şıltaqlıq etmək və maddi nemətlərdən həzz almaq imkanı verib, sizi unutmuşuq? Doğru­danmı siz düşünürdünüz ki, Biz sizi ehkamsız və qadağasız, mükafatsız və cəzasız qoyacağıq? Məgər sizin ağlınıza gəlirdi ki, Bizə qaytarılacaqsınız?

        ﯛﯜ                         

(23. 116) “Haqq Hökmdar olan Allah hər şeydən Fövqəl­ucadır! Ondan – kəramətli Ərşin Rəbbindən başqa ilah yox­dur!”

Allah, Onun ilahi müdrikliyinin qeyri-kamilliyini nəzərdə tutan hər hansı mühakimələrdən üstündür. O, bütün varlığın əsl hökmdarıdır. Onun sözləri, vədi və təhdidləri bütünlüklə haqdır. Öz kamilliyi və Özünün qüsursuzluğu sayəsində O, məhəbbətə və ibadətə layiqdir. O – Əzəmətli Ərşin və qalan bütün məxluq­ların Rəbbidir. Bu isə o deməkdir ki, O, bəşəriyyəti əyləncə xati­rinə xəlq etməmişdir.

                                ﯲﯳ                  

(23. 117) “Allahla bərabər digər ilahlara ibadət edənin lehinə heç bir dəlili yoxdur. Onun hesabı Rəbbinin yanında saxlanılır. Həqiqətən, kafirlər uğur qazanmazlar”.

Allahla yanaşı digər “ilahlara” ibadət edən hər bir kəs, onun haqlı olduğunu təsdiq edə bilən inandırıcı dəlil və sübutlara istinad etmir. Bu qayda bütün hallarda doğrudur. Allahdan başqa kiməsə ibadət etmənin lehinə sübutlar yoxdur və ola da bilməz. Əksinə, istənilən inandırıcı dəlillər uydurulmuş ilahlara ibadətin əbəsliyini və yanlışlığını təsdiq edir. Əgər insan bu dəlillərdən üz döndərirsə, onda o, zalımlıq edir və inadkarlıq göstərir. O, öz Rəbbinin hüzurunda durduqda öz əməllərinə görə əvəzini alacaqdır. Onda aydın olacaq ki, onun uğurlu qismətdə payı yoxdur, çünki o, kafirdir. Kafirlər isə heç vaxt uğur qazanmaya­caqlar, çünki kafirlik müvəffəqiyyətə doğru yolda keçilməz maneədir.
                    ﯿ 

(23. 118) “De: “Ey Rəbbim, bağışla və rəhm et, axı Sən – rəhmlilərin ən Xeyirlisisən!”

Ey Muhəmməd! Öz Rəbbinə ixlasla müraciət edib de: “Ey Rəbbim! Bizi bağışla ki, hər hansı xoşagəlməzliklərdən xilas ola bilək və bizə rəhm et ki, Sənin mərhəmətin sayəsində hər nemətə nail ola bilək. Sən – rəhm edənlərin ən Xeyirlisisən. Əgər hər hansı bir məxluq Sənin quluna mərhəmət göstərərsə də, o, Səninlə heç vəchlə müqayisə edilə bilməz. Həqiqətən, Sənin Öz qullarına bəslədiyin qayğı, ananın öz övladına göstərdiyi qayğıdan daha böyükdür. Sən onlara onların özlərindən də çox mərhəmət göstərirsən”.



[1] Quranın oxucularının nəzərini cəlb edən və “Bismilləhirrahmənirrahim” kimi ən çox oxunan “Bismillah” ifadəsidir.  Deyə bilərik ki, dünyanın ən çox təkrarlanan söz birləşməsi olan “Mərhəmətli və Rəhmli Allahın adı ilə” söz tərkibini ifadə edən Bismillahdır. Bismillah Quranın hər surəsinin əvvəlində verilmiş və 114 dəfə, yəni  19x6=114 dəfə təkrarlanmışdır. Lakin 9-cu Tövbə surəsi istisnadır. Tövbə surəsinin əvvəlində “Bismillah” ifadəsi və onun şifrəli kodunun izahı haqqında məlumata tərcüməçinin bu cildə yazdığı “Ön sözü”nə bax. F.S.
[2] Bu söz köləliyin yol verildiyi qədim dövrlərlə bağlıdır və müasir Azərbaycan dilində o, ancaq keçmiş zamanlara məxsus hadisə və proseslərin təsvirində və həmçinin məcazi mənalarda istifadə edilir və kölə qadın deməkdir (daha geniş məlumat ədəbiyyatşünaslarımız tərəfindən verilə bilər). F.S.
[3] Bu davranış haqqı köləliyin mövcud olduğu dövrlərə aiddir. F.S.
[4] Fövqəluca Allahın bu hökmü Quranda bir sıra digər ayələrlə də təsdiq edilir (Səcdə, 32/7; Rum, 30/20 və Furqan, 25/54). Quran insanın yaradılışında istifadə edilən xammalın torpaq və sudan ibarət olduğunu bildirir. Bəzən bu maddələr ayrı-ayrılıqda vurğulayırsa, bəzən də insanın gildən yaradıldığını yazır və izah edir. İnsanın torpaqdan yaradılması ilə əlaqədar bir çox spekulyativ nəzəriyyələr irəli sürülmüşdür. Biologiya və kimya elmlərinin son əsrlərdə inkişafı ilə əlaqədar həm torpağın, həm də insanın ibarət olduğu maddələrin elmi təhlilləri göstərmuşdir ki, onların hər ikisinin tərkibi kimyəvi ünsürlər baxımından eynidir. Fövqəluca Allahın yaradılış adlandırlan bu möhtəşəm incə sənəti cansız, şüursuz atomları müəyyən bir tərzdə birləşdirib insanı xəlq etmişdir. İnsanın ibarət olduğu maddələr Nyu York birjasında ən az dəyərə malik olan əmtəədir. Bu əsas maddələrin dünya bazarında qiyməti çox aşağıdır. Lakin bu ucuz maddələrdən yaradılan insan möcüzəsi, kimyəvi elementlərin dəyərini deyil, insanı xəlq edən Yaradanın qüdrətinin misilsizliyini ehtiva etdirir. Məhz buna görə tərif və həmd təkcə insanı yaradan Fövqəluca Allaha məxsusdur. Fatihə surəsinin 2-ci ayəsində buyurulduğu kimi: “Həmd aləmlərin Rəbbi Allaha məxsusdur”. (İqtibaslar “Quran heç tükənməyən möcüzə” əsərindən götürülmüşdür). Tərc. F.S.
[5] Burada dölün ən ilkinc mərhələdə qadının uşaqlığından “yapışıb” sallanması nəzərdə tutulur.  Bu ifadə ərəb sözü olan “ələq”-in tərcüməsidir. Türkiyə Respublikasının “Quran tədqiqatları Elmi-Tədqiqat Mərkəzinin” mütəxəssisləri bu sözün “qan laxtası” mənasını deyil, “asılmış, bir yerdən yapışmış bir şey” mənaları verdiyini müəyyənləşdirmişlər və ayənin məhz bu ifadələrlə tərcüməsinin düzgün olduğunu müdafiə edirlər. Peyğəmbərimizin (s.ə.s.) yaşadığı dönəmdə embriologiyanın və onun terminologiyasının mövcud olmadığı bir halda rüşeym üçün xüsusi bir kəlmənin tətbiq edilməsi kimi həyata keçirilmiş müasir tərcümə yetərincə yerinə düşmür. Quran nazil edildikdən yüz illər keçdikdən sonra belə ana bətnində “asılıb qaldığımız” bir mərhələ keçirdiyimizi bilmədiyimiz üçün “ələq” kəlməsini öz əsas mənasından başqa anlamda verməyə çalışılmışdır. Lakin sonradan təşəkkül tapmış embriologiya elmi, həqiqətən də, “ələqə” sözünün təməl mənasının ifadə etdiyi kimi bir mərhələni analarımızın bətnində keçirdiyimizi açıq-aşkar bəyan etmişdir. Bax: “Quran heç tükənməyən möcüzə”, səh. 186-187. Bu fakt da, Quranın Fövqəluca və Müdrik Allah tərəfindən vəhy edilməsinə digər bir inandırıcı sübutdur. Tədqiqatçılar şərh edilən bu ayədə daha ecazkar bir açıqlama veriblər. Quranın bu ayəsində (və həm də Mömin surəsinin 67-ci ayəsində) insanın inkişafındakı mərhələlər öz əksini tapmışdır. İnsanın doğulana qədər keçdiyi mərhələlər beləcə altı maddə (söz) ilə göstərilir. Bu sözlər Quranda: 1) Torpaq (turab) sözü – 17 dəfə; 2) nütfə - 12 dəfə; 3) yapışıb sallanan (ələq) – 6 dəfə; 4) çeynənmiş ət (mudğa) – 3 dəfə; 5) sümüklər (izamə) – 15 dəfə; 6) ət (ləhm) – 12 dəfə təkrarlanmışdır. İnsanın doğulmasınadək keçdiyi bu mərhələlər 65 dəfə təkrarlanmışdır. “İnsan”  sözü özü də eynilə 65 dəfə təkrarlanmışdır. Nə deyirsiniz? Bu, eyni say təsadüfən ola bilərmi? Bəli, bu, Fövqəluca Allahın Qüdrətinin və Misilsiz Müdrikliyinin nişanəsi və Quranın Onun tərəfindən göndərilməsinin dəlilləri sırasında olan möcüzələrdəndir. (Mənbə: “Quran heç tükənməyən möcüzə”, 346). Tərc. F.S. 
[6] Möhtərəm İslam alimi Əbdürrəhman əs-Sədinin (Allah ona rəhmət etsin!) qeyd etdiyi kimi, zeytun ağacına Fövqəluca Allah Quranında xüsusi diqqət yetirmiş və onun son dərəcə dəyərli özəllikləri barədə dəfələrlə xəbər vermişdir (bax:  “Ən-Nəhl, 16/11: “Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”.
     Qədim dövrlərdə zeytun yağı zəruri ehtiyac əmtəəsi olan ticarət mallarından biri idi və hətta “maye qızıl” adı altında pul-mübadilə vasitəsi rolunu oynayırdı. Əbu Əli İbn Sina zeytunu dava-dərmana bərabər hesab edirdi, çünki o, nadir keyfiyyətləri ilə sağlamlığın təbii məhsulu olmaq şərti ilə dərmanların sağlamlaşdırıcı xassələrini və bir çox xəstəliklərin qarşısını alma vasitə­lərinin özəlliklərini özündə birləşdirirdi. Zeytunun tərkibində “E” vitamininin və antioksidant­ların olması sayəsində hələ qədimdən onun hüceyrələrin təravətini itirməsinin qarşısını alması qeyd olunmuşdu. Statistika müəyyən etmişdir ki, ənənəvi olaraq zeytundan geniş istifadə edən ölkələrdə xərçəng, kardioloji, mədə-bağırsaq xəstəliklərinin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı, insanların yaş həddi isə yüksəkdir. Zeytun həmçinin “A”, “D” və “E” vitaminləri, antioksidantlar və s. ibarət vitamin məcmusuna malikdir. Onun komponentləri qan damarlarını tıxanmadan qoruyur, aterosklerozun, miokard infarktının qarşısını alır və hüceyrələrin qocalma­sına mane olur. Zeytun yağı tərkibi öz tərkibi etibarilə ana südündə olan yağlara yaxındır. Bütün bu və saysız-hesabsız digər füsunkar müalicəvi xüsusiyyətlərə malik olan zeytunun müəllifin şərh etdiyi ayədə Allah tərəfindən xatırlanması Fövqəluca Allahın insanlara bəxş etdiyi bu ecazkar nemətini onların yadına bir daha salması ilə əlaqələndirilə bilər. Həmd olsun Allah biz insanlara belə mərhəmət bəslədiyinə görə!   F.S.
[7] Əsasən, indiki Suriya Ərəb Respublikasının ərazisində qədim şəhər adıdır. F.S.
[8] Vəhyin mahiyyətindən göründüyü kimi, gəminin layihəsi və tutumu Fövqəluca Allahın bilavasitə rəhbərliyi, əbədi mühəndislik elmi və hər şeyi öncədən bilən zəkası əsasında tərtib və inşa edilmişdi. (Əsəri Azərbaycan dilinə çevirən tərcüməçinin qeydi.). F.S. 
[9] Bu ifadə onu göstərir ki, şərhin müəllifi (Allah ona rəhmət etsin!) bununla gəmidə xilas edilənlərin, əsasən Allahın elçisi Nuhun (ə) ailəsi, ailə üzvləri olduğuna işarə edir və bəşəriyyətin sonrakı nəslinin də məhz onun (ə) belindən gəldiyini bildirir. F.S.
[10] Burada Fövqəluca Allahın varlığına və Vahid Yaradan olduğuna iman gətirmək nəzərdə tutulur. F.S.
[11] Yəni Firona və əyanlarına. F.S.
[12] Bizans imperatoru – Flavius Heraklius Augustus, (b.e. 610—641 illəri). F.S.
[13] Yəni, bu məziyyətlər möminlərin sırf öz şəxsi səylərinin nəticəsi kimi başa düşülməməlidir. Allah onların saleh əməl sahibi olmasını da qədərlərində müəyyənləşdirmişdir. Lakin bu, müsəlmanın mahiyyətinə varası sahə deyil. Allahın qullarının əsas vəzifəsi Onun hökmlərini qüsursuz yerinə yetirməyə imkanı daxilində səy göstərməsi və can atmasındadır. F.S.
[14] “Quran” nəzərdə tutulur. F.S.
[15] O dünyaya. F.S.
[16] “Kəəbə” nəzərdə tutulur. F.S.
[17] Yəni, Quran oxunarkən qulaq asmayın, səs-küy salıb aranı qarışdırın ki, onu başqaları da dinləyə bilməsin. F.S. 
[18] Onlar üçün nəzərdə tutulan. F.S.
[19] Müfəssirlərin dediyinə görə, burada “doğru yola qayıtmaq” nəzərdə tutulur. F.S.
[20] Bu, kafirlərin düşündükləridir. F.S.
[21] Bu ayənin “yeddi göy” ifadəsi ilə əlaqədar müsəlman alimləri Quranın elmi möcüzələrini tədqiq edərkən müəyyənləşdirmişlər ki, “yeddi göy” ifadəsi Kitabda yeddi dəfə yeddi surədə (Bəqərə, 29; İsra, 44;  Müminun, 86; Fussilət, 12; Talaq, 12; Mülk,3 və Nuh, 15-ci ayələrdə) keçməkdədir. (Bax: KHM, səh. 307). Tərc. F.S.
[22] Ayədə: bir daha “günah işlətməyə qayıtmaq” nəzərdə tutulur. F.S.
[23] Bu iki ayədə (112 və 113) Fövqəluca Allahın sualına kafirlərin yer üzündə yaşamaları haqqında verdikləri cavab onu göstərir ki, Qiyamət günü dirildikdən sonra insanlar, diri ikən, bu dünyada çox az yaşadıqlarını zənn edəcəklər. Əslində zamanın nisbiliyi ilə bağlı Eynşteyn nəzəriyyəsi kəşf edildikdən sonra məlum oldu ki, Quranda məhz bu zaman nisbiliyi nəzərdə tutulurmuş. Zamanın nisbiliyi aydınlaşdıqdan sonra, Quranın bu izahı və ölülərin qəbirdə Qiyamətə qədər nə edəcəkləri sualının cavabı da aydınlaşır. Ölmüş insan maddi dünyadakı zaman ölçüsü ilə bağlı olmadığı üçün, ondan sonra keçən minlərcə il onun üçün bir gün və ya ondan da az kimi olacaqdır. Quranın Yunus surəsinin 45-ci ayəsində də oxşar hal vardır. Beləliklə, zamanın nisbiliyi nəzəriyyəsinin kəşf edilməsi Quranın bir sıra izahlarının daha yaxşı başa düşülməsinə aydınlıq gətirmişdir (Bax: “KHM”, səh. 77-78). Tərc. F.S.

Комментариев нет:

Отправить комментарий